***
Başqa şəhərdə ezamiyyətdə olarkən, mehmanxanaya yer
almağa gəlmisiniz. Xoş gəlib, səfa gətirmisiz, amma ehtiyatlı
olmağınız məsləhətdir, vizit vərəqini allah eləməmiş bir az gec
322
çıxarsanız, general ədasıyla (azı polkovnik təşəxxüsüylə)
qapının ağzını kəsdirib dayanmış şveysar sizə elə pis-pis baxar
ki, lap özünüzün də özünüzdən zəhləsi gedər; işdir vizit
vərəqini itirmiş olsaz və başqa müvafiq sənəd tapa bilməsəz, o
nəinki sizinlə heç kəlmə də kəsməz, bəlkə, hələ qolunuzdan
tutub mitilinizi çölə atar. Əhsən, afərin, belə qapıçıya.
Mehmanxanalar və mehmanxana tipli göydələnlər üçün təsdiq
edilmiş qayda və təlimatların keşiyində necə də vüqarla, ayıq-
sayıq dayanıb! Bəs onda nə üçün tunc heykəl kimi əzəmətlə
dayanıb durmuş bu general ədalı qapıçının ovcuna, yaxud
cibinə bir üçlük, lap elə əzik bir təklik basanda, onun bayaqkı
məğrur yenilməzliyindən əsər-əlamət qalmır? O nəinki
çamadanınızı, hətta sizin özünüzü də əl üstə alıb aparmağa
hazırdır... Bayaq qarışqaya baxan kimi sənə baxan bu "məğrur"
insan indi qarşında elə canfəşanlıq edir ki, adamı xəcalət təri
bürüyür. O nəinki dilənçi payını özünə ar bilmir, əksinə, bu
payı umur, bu paya ümid eləyir...
Doğrudur, tapşırılmış sahəyə nəzarət eləmək onun borcudur,
amma ədəbsizlik, heyvərəlik hesabına yox. Ədəbsizliyi isə
ondan irəli gəlir ki, özündə ləyaqət olmadığından sizin də
ləyaqətinizi alçatmağa ehtiyac duyur. Mən təkcə
mehmanxanaya gələnlərə ayıq-sayıq göz qoyan tələbkar
şveysara deyil, əzik-üzük manatdan hiddətlə üz döndərən
(beləsini hələ görməmişəm) şveysara da hörmətlə baxardım...
Mehmanxana qapıçısı bir yana, pulumuzun artığını vüqarla geri
qaytaran ofisianta çoxmu rast gəlmişik?..
…Gündüzlər müştərisi olmayan boş restoran.
Ezamiyyətdəsən, restorana da eyş-işrət üçün yox, adi bir nahar
eləməyə gəlmisən. Salonda qırx boş yer, üç müştəri (sən
dördüncüsən) və cavan, sağlam, bəy balası kimi geyimli-
kecimli on iki ofisiant var. Hamısı da bir yerə yığışıb sənə
məlum olmayan, amma görünür çox vacib və təxirəsalınmaz
mövzuda şirin-şirin söhbət edirlər. Bu boy-buxunlu
"pəhləvanların" səndən yan ötən, laqeyd, saymazyana
323
baxışlarını tutmağa çalışaraq, vaxtın belə qıt olduğu bir dövrdə
itirdiyin dəqiqələrə, saatlara heyfsilənirsən... Bir xeyli ümid və
yalvarışla baxandan, him-cimlə, başınla, əlinlə çağırdıqdan
sonra boynu bantlı "pəhləvanlardan" biri, deyəsən, rəhmə gəlib,
tənbəl-tənbəl sənə ancaq ona görə yaxınlaşır ki, bu stola xidmət
göstərilmədiyini bildirsin. Nə üçün xidmət göstərilmir? Niyə
məhz bu stola? Məlum deyil. Bilmək olmur ki, bu stol
qabaqcadan sifariş vermiş müştərilər üçün saxlanılıb (sifarişi
kim verib, və vaxt verib, necə verib, hansı müddətə verib?),
yainki minalanıb bu stol - arxasında oturmaq qorxuludur.
Başlayırsan ürəyində özünü danlamağa: salonda qırx boş stol
olduğu halda, məhz bu stolun arxasında oturmaq hardan ağlına
gəldi? Ancaq əminəm ki, harda otursaydım da dəxli yoxdu,
məhz həmin stola xidmət göstərilmədiyi məlum olacaqdı.
Burada əsas məsələ, mənim xidmət göstərilən stolu
"hesablayıb" tapmaq bacarığımda deyil, ofisiantın öz mənini
sübut və təsdiq etmək istəyindədir. Əsas məsələ ondadır ki, sən
adi bir həqiqəti dərk edəsən; həyatının müəyyən və çox qısa bir
məqamında ofisiant sənə xidmət göstərməyə məcbur olsa da,
elə bu fürsətdəncə istifadə eləyib, taleyin bu haqsızlığının (o
heç şübhəsiz ki, özünü səndən layiqli, lakin bəxtsiz hesab
eləyir) əvəzini çıxmağa çalışacaq. Burada hakimi-mütləq odur
və bunu sənə sübut etmək üçün yüz üsulu var. Məsələn, səni
bəyənib seçdiyin yerdən qaldırıb başqa yerdə əyləşdirər. Qırx
boş stol ola-ola, bir dəstə adamın yeyib-içdiyi, şənləndiyi
stolun arxasında oturda bilər. Özü də dəxli yoxdu ki,
tanımadığın bu adamların məclisində çağırılmamış qonaqsan,
bəlkə onlar heç səninlə bir yerdə oturmaq istəmirlər, onların
söhbətinə mane olursan, öz yersiz gəlişinlə keflərinə soğan
doğrayırsan. Nəhayət, bəlkə, heç sənin özün başqaları ilə bir
yerdə çörək yemək istəmirsən. Bəlkə yemək yeyəndə ağzını
marçıldadırsan... Yaxud onlar marçıldadırlar... Bir sözlə, ayrıca
stolun arxasında oturmaq istəyirsən. Bir halda ki, salonda bu
qədər boş yer var. Nə üçün də bu kiçicik istəyin yerinə
324
yetməsin?! Buna sənin haqqın var. Ancaq tələsmə. Buna
haqqın olduğunu hələ sübut eləməlisən. Yaxşı, deyək ki,
əlləşib-vuruşub sübut elədin və böyük güzəşt göstərib səni
yerindən tərpətmədilər, başqa stol arxasında oturtmadılar. Nə
dəxli, sənə dərs vermək üçün ofisiantın sərəncamında hələ çox
üsullar var. O, "bu dəqiqə", "bu dəqiqə" deyib səni neçə saat
gözlədər və sonra da bildirər ki, sanitar saatının vaxtı yetişdi,
daha restoran bağlanır. "Yaddaşım yaxşıdır, yaxud qələmim
yoxdur" deyə sifarişinizi qeyd eləməz, sonra da qovurma
əvəzinə toyuq kotleti gətirib gələr və inandırmağa başlayar ki,
sən məhz bu yeməyi sifariş vermişdin və ümumiyyətlə, bu
sənin ən xoşladığın xörəkdir. Bir sözlə, adamın kefinə soğan
doğramağın yolları çoxdur. Hər şey ofisiantın fantaziyası və
ruhi vəziyyətindən asılıdır. Səninsə cansıxıcı mübahisəyə
girişməyə, hansısa qanunlara istinadən haqqını tələb eləməyə,
uzun-uzadı münasibətləri aydınlaşdırmağa nə vaxtın, nə
həvəsin var, onsuz da bütün günü əsəb içindəsən. Bir də ki, sən
bura höcət etməyə, əsəblərini korlamağa yox, qarnını
doydurmağa gəlmisən, ən başlıcası isə istəmirsən ki, bu cür
vecsiz və xırda işdən ötrü ləyaqətini alçaldasan.
Kobud ofisiantın bütün günahlarından yenə də keçərdim,
mən ona yalnız bir şeyi — zəhrimara dönmüş yeməkdən sonra
məndən çay pulu alarkən, əsl aktyor kimi göz qabağındaca
necə dəyişildiyini (Stanislavski sistemiylə) bağışlaya bilmirəm.
Onun dəyişmə qabiliyyətinin dərəcəsi aldığı artıq pulun
miqdarından asılıdır. Gözlərinə inana bilmirsən. Yox, bu, artıq
həmin o adam deyil! İnsan bir dəqiqənin içində bu cür dəyişə
bilməz! İndi qarşında büsbütün başqa ofisiant dayanıb —
qulluqdar və tərbiyəli, mülayim və nəzakətli, qılıqlı və
hörmətcil; sən haqq-hesabı ödəyib ayağa qalxanda, cəld stulu
kənara çəkir, sənə yol verir, pencəyinin tozunu çırpır.
Bu adamda ləyaqətdən əsər-əlamət yoxdur, di gəl, "Jiquli"si
var, bizim verdiyimiz artıq pulların hesabına aldığı par-par
parıldayan maşını restoranın qabağında onu gözləyir. İstər-
325
istəməz düşünürsən: ayrılarkən, pul bahasına ofisiantdan xoş
bir təbəssüm qoparıb, onun ədəbsiz davranışını unutmağa
çalışmaqla biz də öz ləyaqətimizi alçatmırıqmı?
Gəlin, addımbaşı belə günahlarla üzləşdiyimiz torpaqdan
yenə də ayrılaq — sözün həqiqi mənasında göylərə qalxaq;
nəhəng və rahat hava gəmisinə minək.
Bir dəfə mən xarici səfərdən qayıdarkən, təyyarə ilə birinci
dərəcəli salonda uçmalı oldum. Salonda normal temperatur olsa
da, mənə gah qalın yun şal gətirirdilər ki, üşüməyim, gah
sərinləşdirici içki təklif edirdilər ki, susuz qalmayım. Yar-
yaraşıqlı stüardessalar diqqətcil və qayğıkeşdilər, yemək-
içməyimin, mütaliəmin qayğısına qalır, nazımı çəkirdilər.
İki gündən sonra mən "dərəcəsiz" adi təyyarədə daxili reyslə
doğma şəhərimizə uçmalıydım; uçuşa, bir saatdan çox qalmış
aeroporta gəldim. Onlarca başqa reys kimi bizim reys də qeyri-
müəyyən müddətə təxirə salındı. Əslində, qeyri-müəyyən vaxta
qədər yox, hələlik çəmi ikicə saatlığa. Bəla burasındaydı ki,
reysimiz altı, on saat təxirə salınsaydı, vaxtımı ölçüb-biçər,
ondan səmərəli istifadə edə bilərdik.
Amma iki saatlıq qısa vaxt səni müəyyən bir nöqtəyə -
çamadanı qoyduğun yerə bağlayırdı, uçuş təxirə salındığından
baqajı qeydiyyatdan keçirmirdilər, saxlama kamerasında isə
yer yox idi.
İki saatdan sonra bayaqkı soyuq və laqeyd səslə elan edildi
ki, bizim reyslə əlaqədar əlavə məlumat iki saatdan sonra
olacaq. Məlumat bürosuna yaxınlaşmaq qeyri-mümkündü. Bu
səadətə nail olanlarsa elə qısa cavab alırdılar ki, teleqraf
üslubuyla məşhur olan Heminqueyin özü də bu yığcamlığa
həsəd apara bilərdi: "Xeyr, bilmirəm. Elanı gözləyin".
Əlac nəydi, gözləyirdik. Səbirlə, itaətlə, səssiz-səmirsiz,
ümidsiz halda gözləyirik. İki saatdan bir yenə vəd verib
bildirirdilər, bəs, iki saatdan sonra uçuşun vaxtı haqqında əlavə
məlumat olacaq. Düz on altı saat çamadanımın böyründəcə
ayaq üstə durmalı oldum, bir yana tərpənməyə imkan yoxdu.
326
Təxirə salınmış reyslərin çoxluğundan saxlama kamerası
bağlıydı. Bufet piştaxtasına yalnız süvari həmləsiylə yol açmaq
mümkün idi. Bütün stullar, kreslolar, divanlar, bir sözlə,
oturulası, uzanılası, söykəniləsi bütün yerlər çoxdan, özü də
deyəsən, əbədilik zəbt olunmuşdu. Qadınlar, uşaqlar qəzet sərib
pilləkənlərdə uzanmışdılar...
Məni incidən fiziki yorğunluq, aclıq, susuzluq deyildi. Məni
ağrıdan alçalmağım idi, təyyarə limanının sərnişin xidməti
işçilərinin qadın və kişilərin, qoca və uşaqların, sağlam və
xəstələrin, güclü və zəiflərin bu dözülməz vəziyyətinə qarşı
cinayətkar biganəliyi, laqeydliyi idi. Onlar üçün əzab-əziyyət
içində saatlarla təyyarəni gözləyən bu adamlar ayrı-ayrı
vətəndaş və şəxsiyyətlər deyil, bir itaətkar sərnişin kütləsiydi.
Xalqımız ağrılı-acılı illərin bütün çətinliklərinə mətanətlə
sinə gərdi. Evakuasiya - bumbuz, basırıq vaqonlar, küləklərin
döydüyü sonu görünməyən gözləmələr... Amma onda
müharibəydi... Rahatlıq yada düşmürdü...
İndi dünyanın bu düz vaxtında, heyrətamiz texniki tərəqqi,
komfort və servisin təntənəsi dövründə müasir təyyarə limanı
öz sərnişinlərini kifayət dərəcədə çay, kofe, çörək, kreslo, ana
və uşaq otağı, saxlama kamerası, uçuş haqqında dəqiq
məlumatla təmin etmək iqtidarında deyil... Mən yerimdən
tərpənmədən on altı saat nədir, lap bütün günü və gecəni ayaq
üstə qalaram, təki haçan uçacağımızın dəqiq vaxtını deyin, hər
iki saatdan bir yalan vədlə məni tovlamayın. Axı siz özünüz
yaxşı bilirsiniz ki, uçuş iki saatlığa yox, daha uzun müddətə
təxirə salınıb. Bunu gizlətməyin, açıq deyin. Səbəbini izah
edin... İnandırıram ki, bu halda əsəbilik, narazılıq, qanqaraçılıq
yarıba-yarı azalardı... Qəzet sərib quru yerdə, pillələrdə
uzanmış uşaqlı qadından üzr istəyin.
Xoş bir sözləmi, musiqiyləmi, nəyləsə, adamların könlünü
alın, qoy bilsinlər ki, mənən də olsa, onlara hörmət edir,
onlarla hesablaşır, onların qayğısına qalırlar...
İndi isə belə çıxırdı ki, bu rüsvayçılıq — hər iki saatdan bir
327
üç-dörd kəlməylə baş aldatmaq normal haldır, guya elə belə də
olmalıdır. Üzr istəmək nədir... "Üzr istəməyə, musiqi çaldırıb
camaatı əyləndirməyə vaxt hanı, biz burda işlə məşğuluq" -
yəqin ki, onların cavabı belə olardı. Adamlara insani
münasibəti intelligent ədası, sentimentallıq və iradəsizlik hesab
edən "sərt iş adamları" indi burada təyyarə limanında hansı işlə
məşğul olduqlarını və bu fəaliyyətin hansı nəticələrə gətirib
çıxardığını əyani şəkildə nümayiş etdirirdilər!
Reysimiz elan olunanda bir həngamə başladı ki, gəl görəsən.
"Titanik"in sərnişinləri qayıqlara cuman kimi, biz də
təyyarənin trapına tərəf yüyürdük Sankyulotlar Bastilyaya
hücuma keçən kimi, biz də son gücümüzü toplayıb səmaya
həmlə elədik. Təyyarədə güc-bəla yerimizi tutduq və bu
xoşbəxtlik məqamından stüardessa diktor avazı ilə bildirdi ki,
heyət dincəlməyə gedib, təyyarə ancaq səhər (gecəyarısı idi)
havaya qalxacaq. Sonra da əlavə elədi ki (elandan məqsəd də
elə bu idi), bütün sərnişinlər uçuşa qədər daha doğrusu, səhərə
kimi təyyarəni tərk eləməlidirlər. Bu artıq biz sərnişinlərin
ləyaqətini tapdalamaq deyil, sağlam düşüncəyə meydan
oxumaq idi. Buna görə qərara aldıq ki, sankyulotlar barrikada
qurub mudafiə olunduqları kimi biz də kresloları səngərə
çevirək, min əziyyətlə əldə etdiyimiz "ərazidən" bir addım da
geri çəkilməyək. Stüardessa hansısa qanuna istinadən bizi
milislə hədələdi. Demə, qədəmləri mübarək bu qanun
sərnişinlərə məcburi gözləmə vaxtı təyyarədə, rahat kreslolarda
keçirməyi qəti qadağan etsə də onların saatlarla ayaq üstə
qalmasına məşəqqət çəkə-çəkə gözləməsinə əsla etiraz eləmir...
Bir uşaq... vay-şivən saldı. Ana: — zəhmət olmasa, uşağa su
verin, - deyə stüardessadan xahiş elədi:
Stüardessa laqeydcəsinə.
—Uçuşa və təyyarə lazımi yüksəkliyə qalxana qədər su
butulkasını açmaq qadağandır, - dedi və sonra çox dəyərli bir
məsləhət verdi. — Səhərə kimi dözün.
Uşaq daha möhkəm fəryad qopardı.
328
Mən özümün eynən bu cür "aeroflot" təyyarəsindəki "birinci
dərəcəli" yerimi, sərinləşdirici içkiləri, yun şalı, jurnal-
qəzetləri, xüsusi təlim görmüş stüardessaların nəzakətli
davranışını xatırladım.... Onu da xatırladım ki, bizim
ölkəmizdə "siniflər" bölgüsü ancaq təyyarələrdə qalıb,
yaşadığımız cəmiyyətdə hamı bərabərdir və bütün idarələr,
təşkilatlar, nazirliklər, komitələr, ittifaqlar, agentliklər və s., o
cümlədən, bizim bu şanlı "Aeroflot" hansı dərəcə ilə hara,
haradan uçmasından, getməsindən, üzməsindən asılı olmayaraq
hər bir sovet vətəndaşının ləyaqət və şərəfinə ciddi hörmət
etməlidir...
Axı, hər şey nəticə etibarı ilə insan şəxsiyyəti, onun özünə
hörməti, şəxsi ləyaqət hissiylə bağlıdır. Məhz, öz peşəsinə
hörmətdən gələn ləyaqət hissi namuslu fəhləyə zay məhsul
buraxmağa, bənnaya əyri-üyrü ev tikməyə, cərraha xəstəsinə
başdansovdu tikiş vurmağa, kolxoz sədrinə "pripiska" ilə
məşğul olmağa, şairə isə açıq-aşkar "xaltura" yazmağa imkan
verməz. Hər bir adam, ilk növbədə, şəxsiyyət yalnız bundan
sonra bu və ya digər peşənin nümayəndəsi olduğu kimi, onun
məninin əsası da insan ləyaqətidir, insan heysiyyətidir.
İnsanlarda ləyaqət hissinin korşalması bütövlükdə
cəmiyyətə çox ciddi mənəvi ziyan vura bilər. Xidmət
sahəsində, nəqliyyatda, məişətdə insan ləyaqəti faktoruna
etinasızlıq yalnız zora tapınan, məzlum, gözüqıpıq,
heysiyyətdən məhrum insan tipinin yaranmasına gətirib çıxara
bilər...
...Həmin gecə təyyarədə uşağa su verdilər. Yorğun, tabsız-
taqətsiz, amma insan ləyaqətini itirməmiş sərnişinlər bildirdilər
ki, əgər stüardessa bu dəqiqə uşağa su verməsə, onun
familiyasını göstərməklə lazımi yerə kollektiv şikayət məktubu
yazacaqlar. Hədə-qorxu öz təsirini göstərdi, uşağa su verdilər.
Uşaq doyunca su içib sakitləşdi. Bizimsə bundan artıq tələblər
sürməyə cəsarətimiz çatmadı. Yəqin sərnişinlərdən hər biri
ürəyində fikirləşirdi: "Səhərə kimi birtəhər dözərik,
329
susuzluqdan ölməyəcəyik ki..." Giley-güzarsız dözməyin özü
də bir ləyaqətdir.
Səhər tezdən əməlli-başlı dincəlmiş, yuxusunu almış (bunu
kinayəsiz yazıram: öz mürəkkəb işini dəqiq yerinə yetirmək
üçün ekipajın yaxşı dincəlməsi vacib şərtdir) ekipaj təyyarəni
göylərin ənginliyinə qaldırdı. Lakin bundan əvvəl, ekipaj
üzvlərinin ardınca təyyarəyə öndəki trapla üzləri tərtəmiz
qırxılmış üç sərnişin də qalxdı. Birinci salonun birinci
cərgəsində əyləşdilər. Onlardan biri tanışım çıxdı.
O vaxtlar böyük vəzifə sahibi idi. Məni görüb təəçcübləndi:
—Sən də bu reyslə uçursan? Bəs hardaydın ki, səni
görmədim?
Mən son gün ərzində başıma gələnləri qısaca ona danışdım.
Vəzifəli tanışım səmim-qəlbdən dilxor oldu:
—Heyf, heyf ki, sənin burda olduğunu əvvəlcədən
bilməmişəm, Vaxtımızı çox şən keçirdik. Maraqlı televiziya
verilişinə baxdıq, şam elədik, şəhərə getdik, sonra da birbaşa
uçuşa gəldik, az qala yatıb qalmışdıq... Heyf ki, heyf ki, sənin
burda olduğunu bilməmişəm...
Yaradıcılığı bütün dövrlər üçün müasir və aktual olan
C.Məmmədquluzadənin bir felyetonu yadıma düşdü: 1923-cü
ildə yazdığı felyetonda o, günlərin bir günü dəmiryol
kassasında uzun bir növbə görməsindən söhbət açır. Camaat
bilet növbəsində durubmuş. Başqa bir açıq kassa da varmış və
bu "bilet sandığının" qabağında heç kəs yoxmuş. Qocaman
yazıçını başa salırlar ki, ikinci kassa məsul işçilər üçündür.
C.Məmmədquluzadə fikirli-fikirli deyir: "Bəs ən yaxşısı bu
deyilmi ki, bir ayrıca, məsul işçilər üçün məxsusi dəmir yolu
çəkələr ki, "qeyri-məsul" bəndələrə də dəmir yolu ilə gedib-
gəlmək qismət olsun? Məgər onları cənab allah yaratmayıb?".
Mən çox şadam ki, əzab içində gözlədiyim vaxt tanışımla
rastlaşmamışam və o məni özüylə televizor, kondisioner,
yumşaq kreslolar və uçuş haqqında dəqiq məlumat olan yerə
aparmayıb...
330
Heç getməzdim də… Belə bir vəziyyətdə olsa-olsa, ancaq
bununla fəxr edə bilərəm…
331
MƏN, SƏN, O VƏ TELEFON
Telefon nömrələri
Oxşamaz bir–birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir–birinə
birində özün susarsan,
birində telefon.
Vaqif Səmədoğlu
Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki...
Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri
unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın
maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan
məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri.
Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş
rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə
idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə
ətri.
Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil
royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə
qoyurdum, elə bil tabutun qapağını örtürəm.
İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün
yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir. Barmağımın
altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim
üçün keçilməz bir məsafədir – kilometrdir, millər, parseqlər.
Mən bu məsafənin beşdə dördünü keçə bilərəm – dörd rəqəmi
yığa bilərəm, amma heç vədə son rəqəmi – beşincini
yığmayacağam. Sənin nömrən bağlı qapıdır – açarını
itirmişəm.
332
Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və
deyirdim: əzizim, əlin niyə belə soyuqdur?
Səni görməyə də bilərdim, amma məsafədən belə
duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə
onu duyduqları kimi.
İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.
Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə.
Amma bir də telefon.
Hər şey Rasimin toyundan başlandı.
Firuz tostunu davam etdirirdi:
–Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı:
onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi
bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar
saldı – bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var –
oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü.
– Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən
zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu
səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı
olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi
bu badələri mən axırıncı igidin saqlığına – bizim canımız-
ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-
sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.
Hamı mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi
arasından tanış üzləri görürdüm – dostlarımın üzlərini. Üzlərdə
sevincli, bir qədər də təəccüblü ifadə vardı.
Qonaqlar dağılışanda biz hamımız – Firuz, Kamal, Murad
arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış
şəhərin gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun
arvadı mənim qoluma girdi:
–Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?
–Uzaq gələcəkdə.
–Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O,
şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. – Elə bilirsən ki, ailə
həyatı cəhənnəmdir.
333
Firuz:
–Özünə layiq qız tapa bilmir, – dedi.
–Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız
tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?
–Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat,
bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.
–Kamal:
–Gözümün işığı, – dedi, – gecənin bu vaxtında sənə hardan
qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu
vaxtında küçələri gəzən qızı almazsan yəqin.
–Bəli, – dedim, – tamamilə doğru buyurursunuz. Odur ki, bu
söhbəti xətm edək.
–Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq.
Budur, bax, avtomat da var.
–Gözəl fikirdir, – dedim, – amma iki qəpikliyim yoxdur.
Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.
–Nömrəni deyin.
Firuz:
–Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn... –
birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya
getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan
mənim xirtdəyimdən.
–Qorxaq, – dedim, – məsələ də bundadır. Evlənmək ciddi
işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən
deyəsən.
–Mənim bir təklifim var, – deyə Firuzun arvadı sözə qarışdı.
Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət
götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir
rəqəm desin.
Firuz:
–Əla, – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. –
İki. Mən iki çəkdim. Firuzun arvadı:
–Doqquz, – dedi.
Kamal:
334
–Sıfır, – dedi və arvadına baxdı, – sən de.
–Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.
Murad:
–Beş, – dedi.
Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən
artıq kəsik siqnallar eşidilirdi.
–Nişanlım yatıb, — dedim. Hamı gülüşdü. Mən dəstəyi
asdım.
Yolumuza davam etdik, yavaş–yavaş dağılışdıq, hərə öz
evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.
Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı
dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng buylara
baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü.
Gecə saat iki idi. Mən yaxındakı avtomat budkasına girdim,
yarığa iki qəpiklik saldım və nömrəni yığdım.
Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də
deyildi, belə – azacıq yorğun, azacıq da təəccüblü.
–Bəli.
–Salam.
–Salam. Kimdir?
–Mənəm. Gəlin tanış olaq.
Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya
da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən
asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.
–Axı tanışlıq üçün vaxt bir az gecdir.
–Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir
yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum
idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
–Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli
deyilsiniz?
–Yox. Bəs siz ərdəsiniz?
O güldü.
–Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək
istəyirsiniz?
335
–Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon
xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır.
Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
–Bəs mənim nömrəmi hardan tapdınız?
–Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.
–Əcəbdir.
–Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss
eləyirəm.
–Olur, eybi yoxdur.
–Sizinlə görüşə bilərik?
–Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq. İndi
gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün
dərdi-qəminiz uçub gedəcək. Görərsiz.
–Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq
istəyirəm sizinlə.
–Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də
görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.
–Doğrudan?
–Doğrudan. Gecəniz xeyrə qalsın.
–Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.
Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə
addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm.
Mənim də kimimsə var.
Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz
əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə
gündən sonra iş planının müzakirəsində laboratoriya
müdirimizlə möhkəm toqquşdum. O həm də mənim elmi
rəhbərim idi.
Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla
bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu,
deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər
haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif
formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi
inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun.
336
Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür
məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu
məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin
kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona
görə də...
–Ona görə də, – dedim, – sənin bu siyasətçiliyin lap məni
boğaza yığıb.
–Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz.
Gedək bizə çay içməyə...
Firuzun arvadı:
—Bilirsən, – deyirdi, – heç birimiz onu öyrətməmişik.
Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna,
atta.
O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o
biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.
—Doğrudan, — dedi, — qəribədir. Bilirsən mən təzə bir
nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar.
Böyüklər yox, məhz uşaqlar. Biz — böyüklər də onların düzəltdiyi
sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin
bala görmüsən, kimin belə oğlu var, hə?..
Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim.
İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda
idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci – yadıma sala bilmirdim
ki, bilmirdim.
–Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?
–Hansı axşam? Nə rəqəm?
İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə,
məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma
ağıl qoydular. Amma hamısı bir yana – qapıdan çıxanda
Səmayə dedi:
–Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun
nömrəsidir.
–Allo. Salam. Mənəm.
337
–Salam. Kimdir?
–Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim.
Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
–Onda səsiniz başqa idi, – dedi və istehzayla əlavə etdi, – ya
bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin
başqa dostu təklikdən şikayət edir. Məşğulətçin telefon
macəralarına qurşanmısız.
O, sərt və kəskin danışmağı bacarırdı.
–And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi
idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?
–Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır,
bağışlayın, – o, arxayınlıqla güldü. – Deməli, bu gün ayıqsınız.
–Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda
yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam.
İldə-ayda bir dəfə içirəm.
–Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman
darıxırdım. Radiom xarab olub.
–Siz həmişə belə gec yatırsınız?
–Hə, mən gecə yarısına qədər radioya qulaq asıram. Amma
bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.
Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
–Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir
bu geçə vaxtı piano çalan?
–Aa, – o güldü. – Bizdə deyil, qonşudadır. Bir zəhlətökən
qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu
qammalar məni lap cəzana yetirib. Radiom işləyəndə heç
olmasa eşitmirəm onun çalmasını.
–Radioyla nəyə qulaq asırsınız ki?
–Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var
– elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını
görürdüm – burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların
üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da
anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur.
Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri
338
başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də
şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın
lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də
eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim
otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar,
təyyarələr...
–Təyyarələr niyə?
–Qulaq asın, – dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də
qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim.
Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi?
Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?
–Radioyla təyyarələr qohumdurlar, eləmi? – deyə qəfilcə
soruşdu.
–Hardan qohumdurlar ki?
–Səmadan, – dedi və yenə susdu. İndi dəstəkdən təyyarə
uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar
eşidilirdi.
–Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz
də mənə bir şey danışın.
Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç
niyə mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa
başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-
gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin
sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən
və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan
şeylərdən. Niyə mən bunları məhz ona danışırdım? Özüm də
bilmirəm. Amma özümü saxlaya da bilmirdim.
Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi
asdım.
Evimə
tərəf addımlaya-addımlaya düşünürdüm.
Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da
tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq
olar. Mən onun haqqında nə bilirdim? heç nə. Bircə onu
bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə
339
pianoda qamma çalır.
Bu hekayənin iştirakçılarından biri – telefondur. Mən
telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar
mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə
və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin
otağında – masanın üstündə qara bir telefon aparatı var. Hər
dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik
məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu
çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun
otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər
hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina –
telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng
eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın
qaçıb...
Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz,
bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi
ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz
və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin,
təşəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilirlər, amma sən
heç kəsə zəng vura bilmirsən. Bu tipli telefonların müqabilində
telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz
telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə
cavab verə bilmirlər. Zəng elə ağzına gələni de, lap söy, kim
səni tapacaq? Telefon avtomatlar – cəzasızlığın,
məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü
bombardmançı
təyyarənin silahsız gəmi üzərindəki
üstünlüyünə oxşayırdı.
Bilsəniz evimdə telefon olmamasına nə
qədər
hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi
xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik
toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik
alırdım.
Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng
eləyirdim. Bu, vərdiş və adət halını almışdı. Bu söhbətlərə
340
alışmışdım – onun bir az yorğun, bir az istehzalı, bir az kədərli
səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun
güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.
Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox
az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki,
gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq
heç nə bilmirdim.
Bir dəfə soruşdum:
–Neçə yaşındasınız?
–Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, – dedi və
mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də
bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə
vəziyyətindən. Mən də inad edib soruşmurdum. O özü də bu
barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi
doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm. Bircə
adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad
demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı
Mədinə deyildi, başqa idi.
–Axı biz haçan görüşəcəyik?
–Neylirsiz görüşməyi? – dedi. – Bəyəm belə pisdi? Sizi
bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur.
Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən
saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram,
üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm,
o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib,
heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?!
Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər.
Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər,
bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq.
İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın.
O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?
–Yox. Ərizə vermişəm, gedirəm ordan.
–Hara?
–Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?
341
O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.
Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin – Rasimlə
Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın
arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların
iştirakıyla çox yaraşıqlı düzəltmişdilər. Mən hamıdan gec
gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi,
işığı adama daha xoş gəlirdi.
Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya,
hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il
tarixi il olacaq – Seymur evlənəcək. Biz bir qədəh də içdik və
Firuz məni kənara çəkdi. O, axşamdan içmişdi, lap dəm idi və
qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi.
Özü də ancaq mənə deyirdi.
–İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd,
prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq
gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrət
edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan – o par–
par parıldayan təzə mebelini göstərdi, – ya da Səmayənin
şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt
vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki,
vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən.
Amma… – o, pauza verdi, – amma gərək adamın ağlı başında
olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var
gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək
qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda
işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən.
–Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq—hesab
çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə
idmandan baş çıxara bilmirəm.
O, əlini yellədi:
–Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?
–Qəzetdə, – dedim. – Dünəndən əmrim verilib.
–Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin.
342
O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu.
Bizim radionun son mahnılarından biri idi. Birdən mənim
yadıma qammalar, sonra isə radio düşdü.
–Tost demək istəyirəm, – dedim.
Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-
zad deyən deyiləm.
–Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır.
Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir?
Məsələn, növbətçilər, yol baxıcıları.
–Kim, kim? – deyə ordan-burdan səsləndilər.
–Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların
cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı,
qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.
Rasim:
–Dinməyin, deyəsən aşnamız dəmdir, – Hamı bərkdən
gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu:
–Dayanın, dayanın, – dedi. – Deyəsən xətrinə dəydi. Xahiş
edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının
sağlığına, eləmi Seymur?
Hamı qədəhləri qaldırdı.
–Yox, — dedim, — mən yol baxıcılarının sağlığına demək
istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın
sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən
inciməyin.
–Pah atonnan. Yaxşı, de gəlsin...
–Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına
içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün
radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı
qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin
qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu
dünyayla birlikdə o necə təkdir...
Mən bir qurtuma qədəhi başıma çəkdim.
Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey
demədi. Bir azdan sonra isə başqa şeylərdən danışmağa
343
başladılar.
Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə
başladım. Dəstək susurdu. "Bu da sənin yol gözətçin – deyə
düşündüm. – Nahaq sən onun dərdini çəkirsən. O da yəqin
hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?"
Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva
vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə
zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim,
yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı
vaxtla yeni il idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla.
Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng
eləyəndə cavab çıxdı.
–Sizi Atlantik yeni iliylə təbrik edirəm, – dedim. Yəqii ki,
nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.
–Sizsiz? İndicə girmişəm qapıdan.
–Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.
–Rəfiqəmgildəydim.
–Dəxli yoxdur, – dedim, – yeni ildə mən sizə vacib bir şey
demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.
–Belə de. — O güldü. — Əcəb şad xəbərdir. Yeni il pis
başlamır.
–Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm hansı
sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm.
Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir–birimizi
görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz
yaşaya bilmərəm.
–Daha doğrusu, mənim telefonumsuz, – dedi. – Bilirəm, bu
sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.
İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət
etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində
oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi – həyatın
xromotik qamması – ağ və qara pərdələrin – gündüzlərin və
gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin
ardıcıllığı...
344
–Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz,
görüşməyək. Bu məhəbbətin ən gözəl formasıdır, bir-birimizə
telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.
–Birtərəfli əlaqədir, – dedi, – o, mənada ki, mənə zəng edə
bilirsiz, amma mən sizə yox.
–Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin
bu saatca gəlim ora.
–Xahiş edirəm sizdən, — dedi və səsində ağrı duydum. —
Xahiş edirəm bu sevinci məndən almayın. Belə təklifi mənə
çoxları edir. Siz də etsəz, sizinlə də salam-kəlamım kəsiləcək, –
susdu, sonra əlavə etdi, – amma sizə mən çox isnişmişəm. Siz
ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın,
məhrəm bilirəm.
Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir
materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim.
Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında
böyük bir siyahı asılmışdı – işçilərin familiyaları və telefon
nömrələri. Mən gözucu bu siyahıya nəzər saldım və birdən
diksindim – elə bil tanımadığım adamlar içində tanış bir sifət
görmüşdüm.
–Vəlizadə kimdir? – deyə xəbər aldım.
–Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?
Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı
pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri – tuk-tuk-tuk,
– pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin
nömrəsi otuz beşdir.
Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə
rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o,
makinasında mənim verdiyim böyük materialı yazarkən heç
ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni,
bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha
doğrusu, necə deyim, mən – mənəm.
Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq
345
istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən
zəng vururdum və telefon susurdu. "Zərər yoxdur, həmişəki
vaxt zəng edərəm, qoy sürpriz olsun".
Gecə ona zəng vurdum.
–Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.
–Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı,
onlarda işləyirdim.
Gülüşümü güclə boğaraq:
–Nə işdi ki? – deyə soruşdum.
–Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.
–Təzə müdir?
–Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.
–Yox əşi, – mən yenə də gülməkdən özümü güclə
saxlayırdım. — Hə, necədir təzə şöbə müdiriniz?
–Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür.
Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...
Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma
gəlmirdi.
–Niyə xoşunuza gəlməyib ki?
–Əşi, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də
yaxşı adamdır. Hər halda özünü belə tox tutur. Hündür, göyçək
oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən...
Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə
danışır: sabaha çap eləyin.
İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı.
Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı
onsuz da bilirdim.
–Bəs sizin işiniz nə oldu? – deyə soruşdu. – Təzə işə
düzəldiniz?
Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun
başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı
və belə cavab verdim:
–Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.
Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni
346
dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa
sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, amma xüsusi bir
şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona
gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik
idi bu. Bütün bunlar dünən idi.
Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara
baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun mənə
yad olan zahiri görünüşüylə bu qədər yaxın, doğma məhrəm
səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng,
uyğunluq axtarırdım.
Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox
maraqlanırdım görüm o bu dəyişikliyi duyurmu?
Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.
–Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən
demə belə mehriban, belə həssas adammış ki...
–İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.
–Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim.
Bu gün baxdım – "görəsən haçan baxıb ki, mən sezməmişəm",
– deyə düşündüm. – Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.
–Qısqanıram sizi ha, – dedim.
Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da
bilirdim. O isə hər şeydən bixəbər idi.
Artıq mən heç bir şey edə bilməzdim. Hadisələr mənim
nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın
məktub kimi.
Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini,
ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam
olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz
psixologiyası.
İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada
pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə
mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı,
üzümün hər ifadəsini təhlil edirdi. Çox vaxt söhbəti mən özüm
salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz
347
açmağıma heç ehtiyac qalmır. O özü həvvəslə Seymur
müəllimdən danışır. Rüstəmlə uzun–uzadı telefon söhbətləri
zamanı danışır. Amma Seymurla heç vaxt Rüstəm barəsində
danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç
kəsin təsəvvürü yox idi. Mən bilmirdim sevinim buna, ya
kədərlənim. Bəzən mənə elə gəlirdi ki, onun bu barədə heç
kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir.
Bəzən də əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən
titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq
istəmir. Qəribə şey idi – elə bil duyğularım qatmaqarışıq
düşmüşdü. Təsəvvür edin, Seymur kimi mən onu telefon
həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə məni –
Rüstəmi onun Seymur haqqında uzun–uzadı söhbətləri
əsəbiləşdirirdi.
Bir dəfə ona:
—Gəlin, — dedim, — bir-birimizə "sən" deyək. Axı çoxdan
tanışıq.
–Yaxşı, gəl, – deyə telefondan cavab eşitdim.
–Sağ ol, gecən xeyrə qalsın, – dedim və uşaq kimi sevindim
ki, indi Mədinə mənimlə "sən" deyə, onunla isə "SizU deyə
danışır.
Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün
ikinci "Məni" haqqında özgə bir şəxs kimi düşünürəm.
–Mənə elə gəlir ki, sən bir balaca ondan kəsirsən?
–Nə bilirsən? – deyə işvəylə cavab verdi, – bəlkə o məndən
bir balaca kəsir.
Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim.
İşdə isə o gün həvəslə mırt vururduq. İdarənin köhnə
işçilərindən biri mənə yanaşdı:
–Əbəs yerə özünü yorma, – dedi və gülümsündü, — hələ
heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.
Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim
dedi:
348
–Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa
bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.
Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.
O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki,
Mədinə makinada nə isə yazır. Onun uzun nazik barmaqları
vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda
çalır.
Gecə ona zəng elədim.
–Salam.
–Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün
niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə
ötürdü.
–Necə? – deyə mən təəccüblə soruşdum və təəccübümün
səmimiyyətinə inana bilərsiniz.
–Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki
mərifətli adamdır.
"Daha doğrusu, mərifətsiz, gicin biridir" — deyə düşündüm.
Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə
gəlmədi ki, ötürüm".
Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki,
onu ötürmək istəsəm, TyoxU deməz, hətta bəlkə ona xoş gələr.
Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni –
Rüstəmi hirsləndirmək üçün deyirdi. – Deməli, o mənə –
telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə
biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi? Gümanlar,
fərziyyələr içində çaşıb qalmışdım. Amma bircə şeyi dəqiq
dərk etmişdim və odur ki, gələn səfər o işdən gec çıxanda nə
etmək lazım olduğunu bilirdim.
Biz gediş-gəlişi azalmış, adamları seyrəlmiş küçələrlə
keçirdik və mən ondan soruşdum:
–Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?
–Evdə otururam, – dedi.
–Elə tək-tənha oturursunuz evdə?
–Bəli, nədir ki?.. Oxuyuram, radioya qulaq asıram.
349
Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı?
Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona
minnətdar idim.
–Bu da mənim pəncərəm, – deyə üçüncü mərtəbəni göstərdi.
–Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.
–Yox, — dedi.
Amma mən geri çəkilmək istəmirdim,
–Bəlkə məni evinizə dəvət edəsiz?
–Məmnuniyyətlə. Amma indi gecdir, – o, saatına baxdı və
mən hiss elədim ki, əsəbiləşir.
–Gecdir? Siz belə tezdən yatırsınız?
–Yox, amma... – o, narahat idi, söz tapa bilmirdi.
–Yaxşı, indi ki, mənə bir stəkan çay vermək istəmirsiniz,
gəlin bir az da gəzişək, hava alaq.
O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına
hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon
söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili,
radionu, yumşaq kürsünü görmək istəyirdim. Bəlkə də o gün
məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim.
Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik
mənə uzatdı.
–Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz
xeyrə qalsın.
Gülümsündü, cəld çevrilib qaçdı.
Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi
başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez
saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu.
Mənim zəngimə.
Bir neçə gündən sonra bizim məsul katib istehsalat
müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu
birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim
yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ
heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.
350
Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla
ona görə ki, tamamilə haqlı deyildim, ikincisi ona görə ki,
Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu
işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə
məsul katibin otağına getdim, üzrxahlıq elədim.
Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.
—Bilirsən, Rüstəm, – onun səsində bir canlanma, həvəs
vardı, – bizim Seymur bilirsən neçə mərd adamdır. Bu gün mən
olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul
katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı
deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi
onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın
içində kişini biabır eləyəsən.
—Bilirəm, – dedim, – bu tipdə adamları mən yaxşı
tanıyıram. İclaslarda alovlu nitqlər deyirlər, adamların içində
basıb – kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər.
Yəqin sənin Seymurun da iclasdan çıxıb gedib o kişinin yanına,
şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.
O, kədərli səslə:
—Axı belə niyə danışırsan? — dedi. — Niyə sən onu
sevmirsən?
—Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
–Çox gözəl. Hamımız bir-birimizi sevək də.
—Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən
görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.
—Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.
—Niyə də getməyəsən?
O güldü. Görünür bu fikir ona xoş idi.
—Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.
—Axı biz səninlə danışmışdıq.
–Sən mənim haqqımda ona bir şey demisən?
–Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir
kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, – o bir an
susdu, söz axtardı, – müqəddəs bir şeydir.
351
Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı
pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna
görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə
qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı. Deyirdi ki,
bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot
idi, mən adicə sərnişin. Sonra mən stüardessa işləməyə
başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan –
Moskvaya, Moskvadan – Bakıya uçurduq və təyyarədə xəlvət
guşə tapıb öpüşürdük. Sonra boynuma uşaq düşdü,
məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.
Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma
bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir.
Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə —
yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı
məsafə.
Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su
atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava
laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar.
Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.
Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir
qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki,
o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən
rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:
—Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə
qəbiristanlığa gedir, mən də göyə baxıram.
Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma
gedir, elə belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə
tamaşa edir. Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu
yadigarı da qalmadı.
Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını
sildim, sonra dəli kimi onu öpməyə başladım.
O:
— Yox, yox, yox, lazım deyil, — deyirdi və mən hiss
edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.
352
Mən onu ötürdüm və dərhal zəng elədim.
Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün
romantiklərə – havada, yerdə, dənizdə həlak olmuş bütün
biçarələrə yazığım gəldi.
—Bilirsən, — dedim. – İndi işdə də onunla "sən" deyə
danışırdıq, – dünən biz ayrılan kimi sənə zəng elədim,
telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın
belə?
Mən heç gözləməzdim. Onun rəngi qaçdı, sifəti gərginləşdi.
Amma tez özünü ələ aldı və dedi:
—Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...
—Dünən səni yuxumda görmüşəm.
—Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda
neçə görmək olar?
—Səsini görmüşdüm yuxuda. Bir də "Nerinqa" radionu.
—"Nerinqa"nı yenə təsəvvür edə bilərəm, amma səsimi
necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən
necəyəm? Heç məni təsəvvür edə bilirsənmi?
—Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı —mən onun
əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.
—Afərin sənə, —dedi. — Lap düz təsəvvür edirsən. İndi
mən hər gecə sənin yuxuna girəcəyəm.
—Yəqin sən tək mənim yuxuma girmirsən...
—Yenə başladın?
—Yox, bilirsən, deyirlər Məhin Banu hər gecə yüz kişinin
yuxusuna girirmiş. Sənin tirajın neçədir?
—Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən
mənim gözümün işığısan.
—Hədsiz dərəcədə minnətdaram.
—Bura bax, gözümün işığı, bir məsələni səninlə
məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən
çıxma, hay-küy salma, telefonu da atma.
353
Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü
təəccüblənirdim ki, niyə bu barədə danışmır.
—Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.
—Yaxşı, ürəyimi çəkmə.
—Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki,
ona ərə gedim. Ürəyin getmədi ki?
—Yox, —dedim. — Nə cavab verdin ona?
—Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək
istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz
adamımsan.
"Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi
sən ən yaxşı dost, ən yaxın adam olursan".
—Lazım deyil — dedim və ən qəribəsi bu idi ki, mən
səmimi deyirdim. — Heç kəsə getmə. Ya da mənə gəl. Mən
səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.
O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.
—Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.
—Mən? Nə bilirsən, sən ki, məni görməmisən.
—Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən,
xasiyyətindən, mənlə əlaqəndən. Yalvarıram sənə, həmişə belə
qal, böyüməyə tələsmə.
—Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm.
—Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır.
Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə
həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar
duyurdum.
—Lazım deyil, Mədinə, — deyirdim. — Bəs mən nə
edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.
—Fikirləşib bir şey taparıq. Axı telefon əlaqəsi xəyanət
deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən
özüm sənə zəng eləyəcəm.
Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün
olmayacaq.
—Məni başa düş, — deyirdi, səsi ciddi və kədərli idi, —bax,
354
— siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz.
Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək
olduğunu heç vaxt başa düşə bilməzsiniz. Elə təklik ki, onu
yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə
gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu
edəcəm. İstəyirsən yox deyim.
Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə
uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç
bir vaxt bizim heç birimiz — nə mən — Rüstəm, nə də mən —
Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik.
O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən
dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını
tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı.
Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış "Açar
qonşudadır" sözlərini oxudum. Not kağızını görən kimi
qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam.
Çönüb qarşıdakı qapını döydüm.
"Nerinqa" radiosu, yumşaq kürsü, torşer — hər şey eynilə
mən təsəvvür elədiyim kimiydi.
—Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, — dedi. —
Sən qulaq as, mən də çay qoyum.
Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss
edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır. Divar
dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o
mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa
başladı. Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən
sonra mən də bu uğultunu — təyyarə uğultusunu eşidəcəyəm.
Amma heç bir təyyarə — filan yox idi. Birdən başa düşdüm ki,
Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu
vaxtlar o zəng edərdi.
O, — yəni mən.
Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng
eləməyəcək, amma bir an mən də şübhələndim, mən də
gözlədim və mən də möcüzə arzuladım-istədim, telefon
355
səslənsin.
Telefon susmuşdu.
1967
|