***
Bənövşəyiyə çalan ayın aldadıcı ziyası altında bir adam çöl-
biyabanla addımlayırdı. Bütün üzü sarıqlı idi, yalnız iki gözü
üçün dar bir zolaq açıq qalmışdı. Hər iki qolunda saat vardı. O,
qara paltarda idi, ayaqlarında da yumşaq qara şapşaplar var idi.
Paltarının müxtəlif yerləri qara meşin toqqalarla
kəmərlənmişdi. Addımları səssiz idi, yumşaq idi, pişik yerişi
yeriyirdi. Adam böyük yanmış evin xarabalıqlarına doğru
gedirdi. Ay işığında xaraba evin divarları uzun əcaib kölgələr
salırdı. Sütunların da kölgəsi düşürdü. Sütunların tağı uçmuşdu,
bu sütunlar indi yalnız boşluğa dayaq idilər; bir neçə il qabaq
dəhşətli yanğın zamanı bu evin, demək olar ki, bütün sakinləri
tələf olmuşdu. Bəziləri diri–diri mənzillərində yanmış, bəziləri
tüstüdən boğulmuş, bəziləri uçub dağılan divarların arasına
pərçim olub qalmışdı. Onların yalnız bu divarlara yazılmış
səsləri dururdu və aydınlıq gecələrdə bu hıçqırıqlar, iniltilər
bərkdən səslənməyə başlayırdı. Yanmış evin diri qalmış sakini
— üzü sarıqlı adam indi öz sabiq mənzilinə doğru gedirdi —
həmin mənzildə onun bütün ailəsi məhv olmuşdu. O, evə çatdı,
sürahisiz pilləkənlə ikinci mərtəbəyə qalxdı, uçuq pəncərə
məhəccərinə qoyulmuş qırıq məftilli telefona yanaşdı, dəstəyi
qaldırdı, nömrəni çəkdi.
Zəng otaqda çalındı. Tələbə telefon zəngini eşitdi, ayılmağa
çalışdı. Qaranlıq yuxunun zəhmi onu basmışdı, bu qatı, qalın,
qara və ağır yuxu pərdəsini üstündən atıb durmaq, əlini uzadıb
işığı yandırmaq istəyirdi, amma bütün düymələr boş idi, işıq
yanmırdı ki, yanmırdı. Tələbə nəyinsə, anlaşılmaz və müdhiş
574
bir şeyin yaxınlaşdığını duyur, otağın zülmətində kiminsə ya
nəyinsə olduğunu hiss edirdi. Bu kimsə ya nəsə onun başının
üstündə dayanıb dəqiq bir ardıcıllıqla sayırdı: bir, iki, üç, dörd,
beş, altı, yeddi...
O qışqırıb oyandı, silkinib vahiməli yuxudan çıxdı, amma
qorxusu dəf olunmamışdı, əksinə daha da artmışdı, çünki
həqiqətdə də qaranlıq otağında telefon zəngini eşidirdi,
hərəkətlərini əməlli-başlı dərk eləmədən əlini uzatdı,
qaranlıqda telefonu tapdı, dəstəyi qaldırdı. Zəng səsləri dərhal
kəsildi. Telefon dəstəyi də susmuşdu, həm də bu işləyən
telefonun canlı sükutu yox, xətsiz, rabitəsiz telefonun həyat
əlaməti olmayan lallığı idi. Tələbə dəstəyi yerinə qoydu, durub
işığı yandırdı, geyindi. İndicə onu qara basmışdı və yuxuda
gördüyü vahimələrdən yavaş–yavaş özünə gəlirdi.
Əlbəttə, telefon zəngini o yuxuda görmüşdü, amma
oyanandan sonra da bir neçə an bu səsləri eşitdi. Yox, əlbəttə,
ona elə gəlib. Necə deyərlər, şüur ətaləti — yuxudakı
təəssüratın ayıqlıqdakı davamı. Axı xətti qırıq telefon heç çür
zəng çala bilməzdi. Hamısı yorğunluğun, əsəb gərginliyinin,
son ayın həyəcanlarının nəticəsidir. O, ağıllı-başlı dincəlməli,
özünə gəlməlidir. İndi də yatmaq, yatmaq, yatmaq. Elə bil
kimsə ona dedi ki, çön bir fotolara bax. Tələbə çevrilib fotolara
baxdı: heç bir şübhə ola bilməzdi — indi bu fotolarda tamamilə
başqa adamlar idi. Və... o... həmin oğlan... daha doğrusu... bu...
həmin oğlan deyildi... Başqasıydı... həmin o qarının evindəki
adam idi... qalstuku, bığları, pencəyi gen yaxalıqlı.... Dəhşətdən
tamamilə şüuru dumanlanan tələbə fotoya lap yanaşdı və
gözlərini zillədi: "Necə ola bilər? Gör mən nə bərk yatmışam
ki, qarının gəlib şəkli dəyişdirməsini duymamışam. Ya belə
deyilsə, onda deməli mənim ağlım çaşır, başım xarab olur,
onda deməli, onlar məqsədlərinə çatıblar, mən dəli oluram.
Amma məgər adam öz dəli olmağını belə aydın və dəqiq dərk
edə bilərmi?!"
Tələbə şəklə iki addımlıqdan baxdı və şüurunun son aydın
575
anlarında tam bir dəqiqliklə — fotonun yavaş-yavaş
dəyişdiyini gördü — şəkildəki oğlanın sifətində yavaş-yavaş
saqqal çıxır, onun üzünü tük basırdı. Tələbə qəşş etdi. Otaq
qaranlığa qərq oldu. Məlum deyil nə qədər vaxt keçdi, nəhayət,
huşu yavaş-yavaş başına qayıdanda tələbə vəziyyətini təyin
etməyə çalışdı — yuxudurmu, ayıqlıqdırmı? O hələ də
bayılmış haldadır, yoxsa tamamilə ağlını itirmişdir? Yadına
gəlirdi ki, diqqətlə şəklə baxırdı və görmüşdü ki, şəkildəki sifət
tüklənir. Əlbəttə bu yalnız onun gözünə görünə bilərdi. Amma
hər halda tələbə döşəməyə yıxılıb qalmışdı. İndi də elə ordaydı,
fotoların altında, döşəmənin üstünə sərələnmişdi. Otaqda da
nədənsə işıq keçmişdi. Görünür, hardasa kontakt olub. Bundan
əvvəl isə onu qara basırdı. Bəlkə yuxu hələ də davam edir.
Yox, canım, indi o oyaqdır, hər şeyi dəqiq dərk edir və öz
vəziyyətini də aydın duyur. Hamısı o vahiməli yuxunun və
yorğunluğun, əsəb gərginliyinin sayəsindədir. Onun gözünə nə
isə göründü. Özü də cürətsizlik elədi, iradəsini toplaya bilmədi,
ürəyi getdi. İndi də həmin o bayıldığı yerdədir, öz otağındadır,
bu otağı, bu mənzili bu gün kirayə tutub. İndicə duracaq, işığı
yandıracaq. Ancaq bu duyum nədəndir, nədən ona elə gəlir ki,
otaqda kimsə var? Həm də səslər eşidir. Özü də lap yaxınlıqda.
Heç divarın ardında da yox, ondan da yaxında, lap böyründə.
Sanki aralı qapının dalından gəlir bu səslər... Kimsə, yavaşdan
inildəyir. Səslər qatılaşır, üst-üstə qalanır. Kimsə pıçıldayır,
ehtirasla pıçıldayır, pıçıltıyla mübahisə edir... Səslər soldan
eşidilir. Ancaq axı sol tərəfdə heç bir qonşu-filan yoxdur.
Orada yalnız olmayan eyvana, boşluğa açılan, daha doğrusu,
boşluğa qapanmış, mıxlanmış qapı var. Yəni yenədəmi o səmt
hissini itirib, qaranlıqda sağı-solu çaşdırır. Tələbə başını sol
tərəfə — səslər gələn tərəfə çevirdi; — otağının qatı
zülmətində, döşəmə səviyyəsində nazik bir işıq zolağı
görünürdü. — Bu işıq çalın-çarpaz taxtalarla mıxlanmış
qapının altından gəlirdi. Belə işıq boşluqdan, havadan gələ
bilməzdi, qapalı bir yerdən — otaqdan, dəhlizdən gələ bilərdi.
576
Tələbə bu işıq zolağına tərəf süründü və səsləri, xısın-xısın
danışıqları daha aydınca eşitdi. O bir kəlmə sözü də ayıra
bilmirdi, amma danışanların kişi və qadın olduğunu və qızğın
mübahisə etdiklərini müəyyənləşdirirdi. Bir an tələbəyə elə
gəldi ki, onun adını çəkirlər, sonra boğuq gülüş səsləri eşitdi.
Sonra yenə kiminsə küclə sezilən iniltisi, kiminsə hiddətli
pıçıltıları... Kimsə yeknəsəqliklə sayırdı. Bir, iki, üç, dörd...
Sonra kimsə qapını döydü. Bu qapını. Mıxlanmış qapını.
Yalnız ikicə dəfə ehmallıca döydülər, lap yavaşdan. Özü də o
tərəfdən — o tərəfdən ki, orada boşluqdan və iki lazımsız
eyvan dayağından başqa heç nə yox idi. Tələbə qərara gəldi,
ayağa durdu, qaranlıqda həmin qapıya tərəf gəldi və çalın-
çarpaz taxtalardan yapışıb var gücüylə dartdı. Taxtalar qopdu.
Sonra qapının dəstəyindən tutub güclü bir hərəkətlə özünə tərəf
çəkdi, amma qapı çox yüngülcəsinə və yumşaq açıldı. Qapının
o tərəfində dəhliz vardı — eynilə tələbənin mənzilindəki kimi
bir dəhliz. Bu tələbəni heç təəccübləndirmədi də. Addımını atıb
dəhlizə keçdi. Dəhliz ala-qaranlıq idi. İşığı yanmırdı, amma
otağın açıq qapısından bura işıq düşürdü. Otaqda yanan da gur
işıq deyildi, yarımçıq işıq idi — masa lampasından, gecə
çırağından düşən işıq təsiri bağışlayırdı. Tələbə otağın qapısına
yanaşdı və içəri baxdı. Ala-qaranlıq otaq, lap onun öz otağı
kimi idi, amma avadanlığı bir qədər başqa cür düzülmüşdü.
İşıq masa lampasından düşürdü. Bu lampa iri yazı masasını
işıqlandırırdı və həmin masanın arxasında adam oturmuşdu.
Onun əynində eynilə tələbənin geyiminə oxşayan cins şalvar və
göy köynək vardı. Fiqurası da arxadan lap tələbənin kürəyinə
bənzəyirdi, saçları da eyni rəngdə idi. "Bəli, — deyə tələbə
düşündü, — indi mən lap yəqin dəli oluram, öz ikiliyimi, ikinci
"mənimi" görürəm".
Ancaq masa arxasındakı adam başını qaldırdı, çevrilib
təəccüblə tələbəyə baxdı. Bu həmin oğlan idi-qarının oğlu —
əgər doğrudan da fotolardakı adam — həm bığsız, həm bığlı,
həm köynəkli, həm kostyumlu — qarının oğlu idisə, həyatda o
577
bığsız idi, amma çatma qaşları, sifət cizgiləri, baxışı hər iki
fotoyla uyğun gəlirdi və onun canlı üzü bu iki fotonu fərqli
cəhətləri ilə birlikdə vəhdət halında eyniləşdirirdi. "Necə? —
deyə tələbə soruşmaq istədi — siz dirisiniz, ölməmisiniz,
balkondan yıxılmamısınız?" — Amma heç nə soruşmadı. Elə
bil dili tutulmuşdu. Masa arxasındakı adam xoş və mehriban
bir təbəssümlə gülümsündü, ayağa durdu:
–Yəqin siz mənim qonşumsunuz? — dedi. — O, çox həlim
bir tonla danışırdı. —Mıxlanmış qapını açıb gəlmisiniz, necə
deyərlər, qonşuya baş çəkməyə, eləmi? — sonra o daha da
mülayim səslə əlavə etdi: mən şadam ki, siz qərara gəldiz. Axı
təbiətən siz çətin ünsiyyət bağlayırsınız və hamıdan da
şübhələnirsiniz, həmi?
Tələbə:
–Bunu siz hardan bilirsiz? – deyə soruşmaq istədi, amma
yenə bir kəlmə də tələffüz edə bilmədi. Cins şalvarlı oğlan
yenə də gülümsündü:
–Təəccüblənməyin, — dedi, — mənim peşəmdir bu. Mən
psixiatoram və insanların xasiyyətlərini sifətlərindən təyin edə
bilirəm. Hər halda əsas cəhətlərini. Məgər mən düz tapmadım?
Tələbə yenə bir şey demədi, amma razılıq əlaməti olaraq
azacıq başını tərpətdi.
–Bəs anam sizi xəbərdar eləməyibmi ki, bu qapını
açmayasınız? — O bunu tənbeh kimi demədi, sadəcə olaraq
maraq göstərirmiş kimi soruşdu.
–O sizin ananızdır? — deyə tələbə, nəhayət dilləndi.
Soruşmaq istəyirdi: bu sizin otağınızdır?
Psixiator:
–Bəli, — dedi —sizə kirayə verilmiş otaq da mənimkidir.
Anam mənə dedi ki, sizə verib...
–Bəs...
–Bilirəm, yəqin ki, mənə min bir sualınız var. Məsələn, elə
birincisi; niyə mən öz otağımı kirayə verirəm. Və əgər
verirəmsə, niyə bu işlə özüm məşğul olmuram, qoca xəstə
578
arvadı məcbur edirəm. Elədirmi? Sizi bumu maraqlandırır?
Əşi, oturun, oturun, sən allah. Radio sizə mane olmur ki?
–Yox, amma...
–Hər şey çox sadə, həm də çox qəlizdir. İş ondadır ki,
mənim vəziyyətimdə olan adam, siz əlbəttə bilirsiz mən nəyi
nəzərdə tuturam — tələbə heç nəyi bilmirdi, amma psixiator
sözünü elə danışırdı, elə bil tələbə hər şeydən xəbərdar idi —
bəli, mənim vəziyyətimdə olan adamın bu sayaq işlərlə məşğul
olması bir qədər çətindir. Odur ki, anam imdadıma çatdı, elan
verdi və sairə təşkilati məsələlərlə məşğul oldu. Konyak içmək
istəmirsiniz ki?
Şkafdan bahalı konyak və yalnız bir dənə qədəh çıxartdı.
–Mən özüm içən deyiləm, —dedi. —Amma qonaqlarım
üçün həmişə konyak saxlayıram. Bilirsiz də, içməyən adamın
evində həmişə içki tapmaq olar. İçənlər içkini çox saxlamazlar
— o yenə də gülümsündü. —Siz için, bu da şokolad, götürün
məzə eləyin.
Tələbə qədəhi başına çəkdi və şokoladdan bir dişdəm
götürdü. Psixiator:
–Mənim işlərim, ümumiyyətlə çox qəribə oldu, — deyə sözə
başladı. — Sizin indi yaşadığınız otağı mənə veriblər, bax, indi
bizim oturub xoş söhbət elədiyimiz bu otaq isə arvadımındır.
Keçmiş arvadımın —deyə o əlavə etdi və köksünü ötürdü. —
İki qonşu mənzil ər–arvadın bəxtinə çıxıb. Olanda olur da...
Əlbəttə bu mənzilləri alarkən biz hələ evli deyildik. —O, ayağa
qalxdı, pəncərəyə yanaşdı və uzun–uzadı dənizə tərəf baxaraq
fikrə daldı, sonra qayıdıb söhbətinə davam elədi. — Bu, uzun
əhvalatdır, həm də müəyyən mənada romantik bir macəradır.
İstəsəniz danışa bilərəm. Deməli, mənə qabaqcıl bir mütəxəssis
kimi bu mənzili, daha doğrusu o mənzili verdilər. Buna qədər
anamgildə qalırdım, onun evini görmüsünüz, şəraiti sizin üçün
aydındır. İndi təsəvvür eləyin mən orda nələr çəkmişəm. Bu evi
verəndə elə sevindim ki... Hə, yəqin özünüz də bilirsiz, bax,
oturduğumuz həmin bu mənzil sizin kirayə tutduğunuz
579
mənzillə bitişik qonşu olsalar da, eyni binada deyil. Bu mənzil
köhnə binadadır, o binaya bitişik köhnə evdə. Nə isə, arvadım,
keçmiş arvadım, çoxdandır ki, həmin bu köhnə evdə, bu
mənzildə yaşayırdı. Bu iki binanın giriş qapıları ayrı-ayrıdır və
bəlkə biz heç bir vaxt bir-birimizə rast da gəlməyəcəkdik.
Amma doğrudan da qeyri-adi, görünməmiş bir hadisə baş
verdi. Mən bir ara yaman Morze əlifbasıyla maraqlanırdım.
Yaman həvəsimişdim və elə hey divarlara barmağımla Morze
əlifbasının hərflərini döyəcləyirdim. O zaman arvadım bu
mənzildə çarpayısını divara yapışıq qoyardı. Mən də divarın o
biri tayında çarpayımda uzanardım, özümçün asta-asta divarı
döyəcləyərdim, Axı nə biləydim? Bir dəfə də uzanmışam
divara Morze əlifbasıyla hansı şairinsə şerini döyəcləyirəm. Bir
də nə eşitsəm yaxşıdır? Divarın o tərəfindən mənə cavab
verirlər. Morze əlifbasıyla həmin şerin ardını döyəcləyirlər.
Təsəvvür edirsiniz? Az qala, dəli olacaqdım. Sən demə bu
mənzildə yaşayan qız — sonralar biz evləndik — gəmidə radist
işləyirmiş. Bir həftə dənizdə, bir həftə evdə olurmuş.
Təsadüfən evdə olduğu vaxt, çarpayısında dincəldiyi zaman
mənim "şerimi" eşidib və cavab verib. Bütün bunları sonralar,
tanış olandan sonra bildim. Bir-birimizi bəyəndik, sevişdik,
evləndik. Əlbəttə, qapı açıb mənzillərimizi də birləşdirdik. O,
dənizə çıxanda, mən öz mənzilimin hamamında işığı həmişə
yanar qoyardım gecələr. Dənizdən məhz bu pəncərə aydın
görünür. O da gəmidən bu işığı görüb sevinərmiş. —Psixiatr
dərin bir ah çəkdi. — Bu dünyada nə qədər mənasız işlər olur.
Bəzən adam heç bir şey anlaya bilmir — axı niyə, nə səbəbdən,
nəyə görə?
–Nədir ki?..
–Bilirsinizmi, mən tez-tez düşünürəm. Tale niyə bizimlə
belə oyunlar oynayır? Məsələn, mənimki niyə məhz belə
gətirdi, daha doğrusu gətirmədi? Yəni əvvəl gətirdi, sonra isə...
qonşu mənzillər, tənha qadın, tənha kişi, ümumi divar. Morze
əlifbası, tanışlıq, ünsiyyət, sevgi, əlaqə... Elə bil tale bizi
580
birləşdirmək üçün qəsdən qəribə təsadüfləri mirvari kimi sapa
düzmüşdü. Amma axırda, bütün bu qəribə təsadüflərdən daha
bəsit, daha adi şeylər meydana çıxır və tale bizi ayırır.
–Siz boşanmısınız?
–Boşanmaq demək olmazdı buna. Çünki evlənməmişdik,
yəni rəsmən, kəbinlə nigahda deyildik. Ona görə də
boşanmadıq, sadəcə olaraq ayrıldıq. Sizi səbəblərmi
maraqlandırır? İnanırsınız, mən özüm də indiyəcən bilmirəm...
Günlərin bir günü o yox oldu. Vəssalam.
–Necə yəni yox oldu?
–Çox sadə. Harasa itdi...
–Necə yəni harasa?
–Yəqin kiməsə başqasına uydu... Ya buna bənzər bir şey...
Tez–tez onun dalınca gələrdilər, onu bahalı maşınlarda harasa
aparardılar. Hara getdiyini heç vaxt mənə deməzdi. Sonralar
mən onu axtarıb tapmağa cəhd etdim... Amma tezliklə məktub
aldım. Özü də məktubu poçtla göndərməmişdi, zərfin üstündə
nə mənim, nə də onun ünvanı vardı. Görünür kimsə, bəlkə də
elə özü, məktubu gətirib mənim mənzilimin poçt qutusuna atıb.
Məktubu şübhəsiz ki, özü yazmışdı. Xəttini yaxşı tanıyıram
axı... Yazırdı ki, onu axtarmayım, o, tamamilə xoşbəxtdir və
mənzilini də mənim ixtiyarıma buraxır, nə istəsəm edə bilərəm.
Bir müddət, keçəndən sonra mən fikirləşdim ki, təkbaşıma iki
otaq mənim nəyimə gərəkdir. —Mənzillərdən birini kirayə
vermək qərarına gəldim. Özüm bura köçdüm — nə isə bu
mənimçün bir təskinatdır — onun otağı, onun şeylərn, qoxusu
—xatirələrdir başdan–başa, bir də ki, düzünü deyim, mən
hündürlükdən qorxuram. Özüm həkim olsam da, psixiatriyadan
bu hündürlük qorxusu mənə tanış olsa da hər halda özümdə bu
azar — hündürlükdən qorxma azarı var. 20-ci mərtəbədə
həmişə özümü bir az naqolay hiss etmişəm. Amma burda,
üçüncü mərtəbədə elə dinc, elə arxayınam ki...
Tələbə təəccüblə:
–Necə yəni 3-cü mərtəbədə, məgər indi biz 20-ci mərtəbədə
581
deyilik? — deyə xəbər aldı.
Psixiatr gülümsündü:
–Yanılırsınız, — dedi. —İndi biz köhnə evin 3-cü
mərtəbəsindəyik. Bura keçməzdən qabaq siz 20-ci mərtəbədə
idiz. Təzə evin.
–Axı...
–Sizi səviyyələrin fərqi təəccübləndirir. Üçüncü mərtəbə
iyirminciylə necə bitişik ola bilər, həmi? Tavana baxmayın —
psixiatr tələbənin baxışını tutdu — iş mənzillərin
hündürlüyündə deyil. Bunlar hamısı standart evlərdir,
hündürlükləri də eynidir. Ümumiyyətlə, hər şeyləri eynidir.
Bircə o evdə zibil borusu var, bir də suyu, bizim evdəki kimi
gecə saat on ikidə kəsmirlər. Qalan hər şey eyni cürdür. Hə,
sizi başqa şey maraqlandırır. Baxışlarınızdan görürəm ki,
tamam başqa şeylər haqqında düşünürsünüz. Bizim, necə
deyərlər, qonşuluğumuzun səviyyəsi haqqında. Düzmü
tapmışam? Bax, görürsünüz! İş ondadır ki, bu evlər torpağın
müxtəlif səviyyələrində tikilib. Üçmərtəbəli bina təpənin
üstündə tikilib və odur ki, onun üçüncü mərtəbəsi düzəngahda
tikilmiş evin iyirminci mərtəbəsiylə tən gəlir. Bilmirəm diqqət
eləmisinizmi, lift bəzən qalxmır, enir. Bu isə sizin kabinəyə
hansı qapıdan girmənizdən asılıdır. Kabinənin iki qapısı var və
onun quruluşu da çox fəndlidir — kabinə öz məhvəri ətrafında
fırlanır, hər iki evə — həm köhnə binaya, həm də təzəsinə
xidmət edir. Əgər sağdakı qapıdan girsəniz o sizi aşağı
endirəcək və gəlib çıxacaqsınız 20-ci mərtəbəyə. Bu çox adamı
təəccübləndirir və hətta qorxudur. Sizə bir sirr açım — bu
qəribəlikdən ağılları çaşanlar da var. Mən özüm bir neçə
beləsini müalicə etmişəm. Doğrudur, hamını sağaltdım.
Xəstəliyin lap ilkin mərhələsi idi. Təhlükəli bir şey yox idi.
Yenə içmək istəyirsiz?
Tələbə içdi. Psixiatrla o özünü çox sakit və arxayın hiss
edirdi. Bu adamla ünsiyyətdənmi, konyakın təsirindənmi, ya
binanın tapmacalarından birinin aydınlaşmasındanmı, nə isə
582
tələbə duydu ki, bütün bu gün ərzində beynini dumanlandıran
izahsız mətləblər, get-gedə durulur, izah olunur...
Psixiatr qəfildən:
–Siz hələ mənzilinizdə səyahət etməmisiniz ki? — deyə
xəbər aldı.
–Nə mənada?
–Məgər anam sizi xəbərdar eləməyib? Axı o bina
eksperimental tikintidir, cürbəcür fokusları var. Bəzi mənzillər,
o cümlədən həmin o mənim mənzilim də, lift kabinələri kimi
şaquli səmtdə hərəkət edir, yəni qalxıb-enir. Təsəvvür edirsiniz,
çox fikirləşib nə kəşf ediblər? Bütöv bir mənzil — lift. Özü də
qalxıb–düşməsi həmişə sərxoş olan çaş liftyorun kefindən
asılıdır. — Psixiatr susdu, sonra davam etdi. — Odur ki, bir
gün gözlərinizi açıb dənizi olduğundan yuxarı, ya aşağı
görsəniz mat qalmayın, — deməli, liftyor sizi gəzdirib. Anam
da ona görə xəbərdarlıq edirdi. O mənzil qalxanda, biz daha
qonşu olmuruq və o zaman həmin bağlı qapı da mənim
dəhlizimə deyil, boşluğa açılır. Qapının çöl tərəfində iki uzun
dəmir var, fikir verməmisiniz ki? Buferlərdir onlar. —İki evin
arasındakı buferlər. Bəzən mənzil qalxıb-enəndə hərəkətin
yelindən qapı öz-özünə açılır və hətta otaqdan küçəyə bir şey
düşür. Ona görə də bu qapını belə möhkəm mıxlamışıq. İndi siz
açdınız, eyib etməz, amma, ümumiyyətlə, ehtiyatlı olun.
Görürsən, düşəndə düşür də. Fikirli oldun –o, xəfif bir
təbəssümlə qədəhi göstərdi — bir qədər xumar vəziyyətdə
gəldin evə, bilmədin qapını açdın ki, qonşuya gedəsən, bəli,
tolamazlandın ordan birbaş küçəyə, təsəvvür edirsiniz, 20-ci
mərtəbədən aşağı. Adamın sağ tikəsi qulağının dibində qalar.
Anam ona görə sizə tapşırıb. Hamamda işığı saxlamağı necə,
onu sizə demədi ki? Dedi, həmi? Yazıq arvad, elə sentimental
adamdır ki... Hələ də elə bilir ki, arvadım dənizdən bu işığa
baxır. Haçansa qayıdıb gələcək... heç cür unuda bilmir onu...
Mən artıq unuduram yavaş–yavaş, amma anam heç unuda
bilmir... Nə isə... Eh, nə olur–olsun gəlin mən də bir az sizinlə
583
içim, nə isə ürəyim darıxdı. Ümumiyyətlə, mən içən deyiləm.
Nə yaxşı ki, siz gəldiniz. Bilirsiz, iş öz yerində, mən yaman
çox işləyirəm, amma bəzən görürsən adam yalqızlıqdan az
qalır divara dırmaşsın. Mən hətta bəzən ürkürəm, qorxuram
tənhalıqdan... Bircə bu radio, bir də maqnitofon... Mən
müxtəlif adamların səslərini yazmışam — pıçıltılar, gülüş,
inilti, mübahisə, say… əsasən mənim xəstələrimin səsləridir.
Elmi işim üçün lazımdır mənə. Qurub qulaq asıram. Amma,
inanırsız, bəzən iş–filan üçün yox, elə özümçün, öz kefimçün
qururam. Oturub dinləyirəm. Mənə elə gəlir ki, otağım
adamlarla doludur. İndi siz gəlməmişdən bir qədər qabaq da
qurmuşdum.
Tələbə:
–Eşitdim, — dedi, — bu səsləri öz otağımdan eşidirdim.
Psixiatr tələsik:
–Siz allah, bağışlayın, — dedi, — mən bilmirdim ki, beləcə
bərkdən qurmuşam. Ağlıma da gəlməzdi ki, sizə mane ola bilər.
Axı bu evin qaydası var. Gecə elə ki, lampaların rəngi dəyişdi,
göyərdi, deməli, sakitlik vaxtıdır, radionun, televizorun səsini
qısmaq lazımdır ki, qonşulara mane olmasın. Qatarlarda olan kimi
də — gecə işığı — göy işıq. Doğrudur, sonra lampoçka yenə öz
rəngini alır, amma daha səs salmaq olmaz.
–Bəs saat?
–Hansı saat?
Tələbə hiss edirdi ki, şüuru get-gedə vahiməli bilməcələrin
torundan azad olur, açılır və indi o hər şeyi çikinə-bikinəcən
aydınlaşdırmaq, öz-özünə izah etmək istəyirdi. İstəmirdi ki, bir
qaranlıq guşə belə qalsın. Doğrudan da indi o bütün sirlərin
cavabına çataçatda idi. Bir neçə saat bundan qabaqkı müdhiş
məntiqsizlik dumanı get-gedə çəkilirdi.
Psixiatr yenidən soruşdu:
–Saat? Nədir ki?
–Niyə sizin saatınız geriyə işləyir?
Psixiatrın gülümsər baxışları birdən-birə tutuldu. O
584
kədərləndi və bu an anasına oxşadı.
–Mənim qardaşım vardı, — dedi. — Məndən böyük idi, özü
də saatsaz idi. Sabah düz bir ay keçir ölümündən. Bilirsiz, o da
bir növ eksperimentçi idi. — Psixiatr xatirələr aləminə qərq
olmuşdu, dalğın–dalğın danışırdı. — Qardaşımın başına qəribə
bir fikir gəlmişdi: geriyə işləyən saat düzəltmək. İki dənə belə
saat düzəltdi. Biri məndədir, biri anamda. Bu da onun
qəribəliyi idi. Həm də bilirsiz, bu onunçün yalnız texniki
məsələ deyildi. O bu işi necəsə fəlsəfi, metafizik bir mənada
düşünürdü, necə deyərlər vaxtı geriyə axıtmaq istəyirdi. Yəni
elə bu da bir növ qəribəlikdir də... Biz ona gülərdik, amma indi
ölüb gedib və anamla mən onun bu qəribəliyinə hörmət
eləyirik: düzəltdiyi saatları mütəmadiən qururuq və onlar da
işləyir, işləyirlər geriyə. — O güldü.
Tələbənin artıq heç bir təlaşı yox idi. O dərk edirdi: bu gün
rastına nə çıxıbsa — hamısının dəqiq məntiqi, izahı var. Hətta
dəyişən fotoların da bir izahı olmalıydı və yəqin ki, mütləq var
da. Görünür, fotokağızların kimyəvi tərkibində nə isə elə bir
şey vardı ki, onlar gec aşkarlanır, yaxud bir əksin altından
başqası çıxıb onu soldura bilirdi. Hər halda hökmən bunun bir
elmi izahı olmalıydı. Həm də məgər ağappaq fotokağızda
kimyəvi məhlulların təsiri nəticəsində yavaş–yavaş fotoşəkil
aşkarlananda biz bundan qorxuruq, ya buna təəccüblənirik.
Yəqin ki, qafil adamı televiziyada video maqnitofona yazsan,
sonra o evdə oturub özü özünə baxsa, təəccübdən bağrı çatlar.
Belə şey olar, mən burda oturmuşam, eyni zamanda da o
qutunun içindən başımı çıxarıb danışıram, gülürəm. Şübhəsiz,
bu fotolar da hansısa elmi eksperimentin bəhrələridir və burada
qorxmalı, hürkməli bir şey yoxdur.
Tələbə:
–Fotoları da izah edin, — dedi.
–Fotoları, hansı fotoları?
–Mənim otaqımdakı, daha doğrusu, o otağınızda asılmış
fotolar. Onların "sirri" nədir? —Sirr sözünü o yüngülvarı bir
585
istehzayla dedi.
–Sirr? Nə sirdir ki? Bilirsiz, bu fotolardakı adamların
çoxusunu mən heç tanımıram. Onlar mənim arvadımın...
mənim keçmiş arvadımın qohum-əqrəbası, tanışlarıdır.
–Amma orda sizin də şəkliniz var.
–Bəli var. Nə olsun ki? — O bu sözləri bir qədər kəskin dedi,
sonra daha yumşaq bir ədayla soruşdu: — İçmək istəyirsiz?
Tələbə başını tərpətdi. Psixiatr tələbənin qədəhini ləbaləb
doldurdu, öz qədəhinə isə yarıyacan süzdü. İçdilər. Tələbə hiss
etdi ki, bu tapmaca, deyəsən, bir qədər qəliz açılacaq, ya bəlkə
heç psixiatr özü də onun cavabını bilmir. Son qədəh onu daha
qəti bir addıma təhrik etdi və psixiatra diqqətlə baxıb lapdan:
–Məsələ ondadır ki, bu şəkillər dəyişir, — dedi.
Görünür, psixiatra çatmadı. O:
–Necə dəyişir? — deyə xəbər aldı.
–Elə beləcə; məsələn, tutaq ki, mən otaqdan çıxıram,
mətbəxə gedirəm, bir neçə dəqiqədən sonra qayıdıram,
fotolarda isə tamam başqa adamları görürəm. Ya da əgər
əvvəlki adamlardırsa, bir də görürsən onlardan biri eynəyini
çıxarıb ya köynəyini düymələyib. Əgər mətbəxdə bir az da
yubanıramsa bu müddət ərzində fotodakı kişilərdən biri saqqal
buraxır, ya da onun bığı çıxır.
Psixiatr tələbəyə sonsuz bir maraqla baxırdı. Uzun zaman
gözlərini onun gözlərinin düz içinə zillədi, əllərini nəzərdən
keçirdi, sonra isə qayğıkeşliklə:
–Bəlkə daha içməyək? — dedi.
Tələbə bir qədər dili dolaşa–dolaşa:
–Yox, yox, — dedi. — Mən əsla sərxoş-filan deyiləm. Bax,
məsələn, elə sizin öz şəklinizi götürək. Mən mənzilə ilk dəfə
girəndə şəkildə sizin bığınız yox idi, köynəkdə idiniz, köynəyin
də yaxası açıq idi. Sonra isə şəkil dəyişdi — indi pencəkdəsiniz
və bığınız var.
Psixiatır:
–Əşi, qoyun oturmuşuq — dedi, — axı mənim heç bir vaxt
586
bığım olmayıb. Böyük qardaşımın bığı vardı. Anamgildə onun
şəklini gördünüzmü?
–Gen yaxalı pencəkdə?
–Bəli.
–O şəkil indi sizin otağınızda... bizim otağımızdadır. Sizin
şəklinizin yerində.
–Bıy, niyə anam o şəkli gətirib mənim şəklimin yerindan
asıb? Bəlkə qardaşımın şəklinə baxmaq onun üçün ağırdır, ola
bilər... Ona görə də...
–Siz məni düz başa düşmədiniz. Mən onu demək istəmirdim
ki, qardaşınızın şəklini sizin şəklinizin yerindən asıblar. Mən
demək istəyirdim ki, sizin şəkliniz qardaşınızın şəklinə
çevrilib. Əgər bu doğrudan da qardaşınızın şəklidirsə... Çünki
siz çox oxşayırsınız və şəklə baxanda adam düşünə bilər ki, bu
elə sizin özünüzsünüz. Daha doğrusu sizin daha yaşlı sinndə,
indi olduğunuzdan daha yaşlı sinndə şəklinizdir. Bir neçə ildən
sonrakı şəkliniz. Kim bilir bəlkə bir neçə ildən sonra siz də bığ
qoyacaqsınız.
Psixiatr bir söz demədən ehmallıca onun biləyindən tutdu,
nəbzini tapdı, gözlərinin içinə baxaraq saymağa başladı. Tələbə
başa düşdü ki, həkim onun psixik vəziyyətindən şübhələnib.
Onun yerində kim olsaydı şübhələnərdi. Ancaq tələbə bütün
bilməcələrin açılacağına o qədər inanmışdı ki, həkim onun
barəsində nə düşünəcəyini eyninə almadan söhbəti axıra
çatdırmaq istədi.
–İş ondadır ki, mən düz fotonuzun qarşısında dayandım və
gözlərimi şəklə zilləyib baxmağa başladım. Mənim gözlərim
qarşısında — o, sözünə ara verdi, sonra birnəfəsə dedi —
mənim gözlərim qarşısında sifətinizdə tük çıxmağa başladı.
İndi mənim burda olduğum müddətdə yəqin uzun saqqalınız
çıxıb. Əlbəttə qırxdırmamısınızsa.
Psixiatr onun biləyini buraxdı, amma yenə də ayrılmadan
gözlərinin içinə baxırdı, susmuşdu. Sonra durdu, aramla otaqda
var–gəl etdi, kitab şkafına yanaşdı, rəfdən bir kitab götürdü,
587
açdı, nə isə oxudu və kitabı yerinə qoydu. Tələbənin yanına
gəldi, əlini onun çiyninə qoydu, gülümsündü.
–Anam mənə dedi ki, siz çox çətin və gərgin qəbul
imtahanları vermisiniz. Özü də bu cəhənnəm istisində. Heç
ürəyinizə salmayın və təlaş keçirməyin, bunlar hamısı
yorğunluqdandır, stressdir... İnciməzsiniz ki, sizə bir neçə sual
verim. Düzünü deyin, içkiyə aludə deyilsiniz ki? Mən görürəm,
içən adama oxşamırsınız, amma bəlkə haçansa — o susdu,
görünür, vermək istədiyi sualı çətinliklə tələffüz etdi — heç bir
vaxt alkoqolizimdən müalicə olunmamısınız ki?
–Yox, — dedi Tələbə qətiyyətlə.
–Bilirsiz, alkoqolizmin təsiri ilə, yəni davamlı uzun sürən
alkoqolizmin təsiri ilə, bəzən adamın gözünə cürbəcür şeylər
görünür; məsələn, adama elə gəlir ki, şəkillər hərəkət edir,
yaxud divardakı aboy kağızları canlanır. Bizim tibb dilində bu
delirium tremens adlanır. Heç bir vaxt sizdə alkoqolizm
xəstəliyinin əlamətləri olmayıb ki? Bu mənada ki...
–Əşi boşlayın. Mən alkoqolik-zad deyiləm, psix-filan da
deyiləm. Adi normal adamam. Amma bu gün...
–Əlbəttə, əlbəttə, — deyə psixiatr tələsik onun sözünü kəsdi.
— Mənim heç şübhəm də yoxdur ki, siz tamamilə normal,
sağlam adamsınız. Heç bir psixozdan-filandan söz ola bilməz.
Mən görürəm axı... danışığınıza, davranışınıza diqqət edirəm
bayaqdan. Söhbət yalnız yorğunluqdan, gərginliyin və andıra
qalmış istinin təsiriylə müəyyən cüzi şüur əyintilərindən gedə
bilər. Qavramanın bir qədər pozulması, vəssalam. Elektrik
sistemin yada salın, adicə tellərin dolaşığından kontakt əmələ
gəlir, lampalar sıradan çıxır, işıq sönür. Beyində də belə hal
mümkündür. Müxtəlif səbəblərin, əlaqələrin nəticəsində
beyinin müəyyən nöqtələrində, mərkəzlərində kontakt əmələ
gəlir, şüurda işıq sönür, ya zəifləyir. Qorxulu bir şey yoxdur.
Ancaq müəyyənləşdirmək lazımdır. Məsələn, sizdə səs
qallüsinasiyaları olurmu heç?
–Nə?
588
–Eşitmə aldanışları. Bəzən sizə elə gəlirmi ki, küçədə sizi
kimsə çağırır, adınızı çəkir, amma əslində...
Tələbə diksindi:
–Doğrudan bu gün iki dəfə mənə elə gəldi ki, məni
çağırdılar, adımı çəkdilər, amma...
–Heç kəs yox idi, heç kim sizi çağırmırdı, — deyə psixiatr
sevinclə gülümsündü. — Əla, əla. Bəs cürbəcür səslər necə,
qulağınıza gəlirmi? Metallik səslər... Ya elə bil kimsə nəğmə
oxuyur, pıçıltılar eşidirsiniz. İllah da yuxudaykən, yatan zaman
— səslər artır, üst-üstə qalaqlanır, gərginləşir, kimsə elə bil
sizdən danışır, sizi nəsə qınayır, kimsə əksinə sizi müdafiə edir.
Yaxud bir nəfər, sanki başınızın üstündə dayanıb sayır. Elə hey
sayır...
–Bəli. Elə bu gecə, oyanıb durmazdan və sizin yanınıza
gəlməzdən əvvəl yuxuda bu cür səslər eşidirdim, amma axı siz
özünüz dediniz ki, bu səslər həqiqətdə də sizin otağınızdan,
maqnitofondan gəlirmiş. Məgər mənim yuxuda eşitdiyim elə o
səslər deyil?
–Əlbəttə, əlbəttə...
Sükut çökdü. Bir müddətdən sonra psixiatr yenə tələbəyə
müraciət etdi:
–Bəs tanışlıq hissi necə? Məsələn, tutalım, sizə heç tanış
olmayan bir şəraitə düşürsüz, amma elə bil buraya yaxşı
bələdsiz, hər şey sizə tanış gəlir. Belə hallar keçirmisinizmi?
Tələbə bir qədər təəccüblənərək:
–Keçirmişəm, — dedi.
Psixiatr məmnunluqla:
–deia vu — dedi.
–Nə?
–Heç əzizim... Öz-özümə danışıram. Bir sual da verim sizə?
— Elə bil psixiatr tələsirdi, elə bil qorxurdu ki, çoxdan
axtardığı və təsadüfən tapdığı qiymətli bir şeyi əldən buraxa
bilər. —Bəs əksinə necə, məsələn, tutalım nə isə sizə yaxşı
tanışdır, ya məsələn nəyisə bir yerə qoyursuz, amma sonra elə
589
bil bu yaxşı tanış olan şeyi ilk dəfə görürsünüz, yaxud özünüz
qoyduğunuz əşyaya təəccüb edirsiz — bunu mən haçan
qoymuşam bura?
Tələbə:
–Olur bəzən, — dedi. Bayaq hamamdan qayıdarkən
külqabıda gördüyü siqaret yadına düşdü.
Psixiatr qətiyyətlə:
–Jamais vu — dedi —ikinci pozulma.
–Nə dediz?
–Bu mənim dissertasiyamın mövzusudur.
Gerçəksizləşmənin ikinci şəkli.
Psixiatrın gözləri işıldayırdı, o get–gedə daha da qızışırdı.
–İnamsızlıq necə? Heç kəsə, heç nəyə etibar etməmək, hər
şeydən, hamıdan şübhələnmək hissi? Bəzən sizə elə gəlmirmi
ki, kimsə sizə tələ qurur, kimsə sizi təqib edir.
–Bəzən elə düşünürəm.
–Bəli, xalis Kandinski-Klerambo sindrom! — dedi. Psixiatr
—Bəzən oriyentir, səmt hissini itirirsiniz, sağı-solu çaşdırırsız,
eləmi?
–Elədir.
–Psixosensor sapıntı. Siz delirioz vəziyyətə düşmək
ərəfəsindəsiniz.
–Hansı vəziyyətə? — deyə tələbə təlaşla xəbər aldı.
–Heç qorxmayın. İki-üç seans müalicədən sonra hər şey keçib
gedəcək. Yaxşı ki, məhz mənə rast gəlmisiz. Ayrı heç kəsə bir şey
deməyin. Bu mənim mövzumdur. Ancaq gərək mənimlə açıq
danışasız. Heç nəyi məndən gizlətməyəsiniz... Seksual cəhətdən
necə... heç bir sapıntı-filan yoxdur ki sizdə?
Tələbə əvvəl başa düşmədi, sonra anlayıb qıpqırmızı
qızardı, bu fikrin özü belə ona nalayiq göründü və o tələsik:
–Yox, yox, — dedi.
–Çox gözəl. Bəzən siz nə isə kənar bir qüvvənin, tutalım,
kosmik şüaların təsirini hiss edirsiz, guya kimsə kənardan sizə
nə isə təlqin etmək istəyir, deyilmi?
590
–Məncə yox.
–Bəs belə bir hal necə: sizə elə gəlirmi ki, düşüncələriniz,
fikirləriniz özünüzünkü deyil, sanki kiminsə başqasınındır,
amma nə yollasa sizin beyninizə doldurulub. Və ya başqa bir
şey: guya sizin bütün fikirlərinizi kənardan oxuyurlar, bütün
düşüncələrinizi uzaqdan-uzağa bilirlər. Belə bir hiss
keçirməmisiniz ki?
Tələbə boğuq səslə:
–Sizcə mən xəstəyəm? — deyə xəbər aldı.
–Yox canım, yox, əsla. Yorğunluq, gərginlik, stress,
vəssalam. Başqa heç bir şey yoxdur. İki-üç seans, ayrı heç nə
lazım deyil. Elə dərhal başlaya bilərik. Deyir, bu günün işini
sabaha qoyma. Ancaq gərək məni bağışlayasınız. Qısa bir
müddətə sizi tək buraxacam. Mən rejimlə yaşayıram və adətən
bu saatlarda duş qəbul edirəm. Siz oturun, məni gözləyin, xahiş
edirəm. Mən bu saatca duş qəbul edib gəlirəm. Qəzetlərə,
jurnallara baxın, iki-üç dəqiqədən sonra gəlim, söhbətimizi
davam edək.
Psixiatr stolunun siyirtməsindən nə isə götürüb otaqdan
çıxdı. Tələbə hamam tərəfdən su səsi və psixiatrın şən fit
çalmasını eşidirdi.
Tələbə qəribə, haçalanmış bir duyğu keçirirdi, bir yandan
qanı qaralmışdı: görünür, doğrudan da müəyyən psixi xəstəliyə
tutulmuşdu və bu xəstəlik də həkimin ona dediyindən ciddi idi.
Əlbəttə, həkim onu sakit eləməyə çalışırdı, həm də axı həkim
onun keçirdiyi, məhz elə bu gün keçirdiyi qəribə halların
hamısını bilmirdi. Amma digər tərəfdən tələbə bir qədər sakit
olmuşdu hətta... onun dünyada ən çox sevmədiyi şey — qeyri-
müəyyənlik və izahsızlıq idi. İndi hər şey belə dəqiq elmi
anlayışlarla izah olunarkən o bütün maneələri dəf edə bilərdi. O
bu barədə açıq şüurla düşünə bilirdi, deməli, şüurun özü
sağlam idi. O, yarım şüşə konyak içmişdisə də bütün bu işlər
haqqında ayıq beyinlə düşünürdü və eyni zamanda yenə də
fikrinə qara bir şübhə gəlirdi: bəlkə bütün bunlar çox qəliz bir
591
iblis oyunudur və həmin oyunda yalnız qarı deyil, onun bu
həkim oğlu da (doğrudanmı, qarının oğludur bu adam?) iştirak
edir və məqsəd — həqiqətdə də onun şüurunu pozmaqdır.
Onlar bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən və
yollardan istifadə edirlər. Əgər belədirsə, onda...
Xeyli vaxt keçdi. Təlaşlı fikirlərdənmi, içkinin təsirindənmi,
yorğunluq və gərginlikdənmi, ya elə bunların hamısından —
tələbə qəribə bir vəziyyətə —yarıoyaq, yarıyuxulu vəziyyətə
düşdü, xumarlandı, gözü açıq–açıq mürgülədi. Amma sonra
yuxunu gözündən qaçırtdı və ona elə gəldi ki, bir neçə dəqiqə
yox, azı iki saat keçib. Hamamdan psixiatrın şux fitləri və su
şırıltısı eşidilirdi. Tələbə bir az da gözlədi. Yenə də qeyri–
müəyyən, bir gözü ayıq, bir gözü yuxulu halda durub hamamın
qapısına yanaşdı; indi qapı yarıaçıq idi, su şırıltısı kəsilmişdi,
amma psixiatr əvvəlki kimi fit çalırdı. Taləbə yavaşcadan
qapını döydü.
Psixiatr:
–Geyinmişəm, başımı darayıram, — deyə cavab verdi və
yenə fit çaldı.
Tələbə otağa qayıtdı.
Yenə xeyli vaxt keçdi. Hamamdan fit səsləri eşidilirdi.
Tələbə durdu, otaqdan çıxdı; indi hamamın qapısı taybatay açıq
idi. Tələbə içəri baxdı. Hamamın içində, kətilin üstündə balaca
maqnitofon vardı və fit səsləri oradan gəlirdi. Tələbə mat qaldı:
–Hardasız? —deyə əsəbi çığırdı. Mətbəxə cumdu, tualetə
baxdı, otağa qayıtdı, çarpayının altına əyildi, şkafı açdı,
yenidən mətbəxə qaçdı, buz dolabını açdı. Heç harda
psixiatrdan əsər-əlamət yox idi. Tələbə yenidən otağa girdi,
pəncərəyə yanaşdı; pəncərə içəridən möhkəm bağlı idi. Dəhlizə
qayıtdı. Çöl qapısı zəncirlə bağlı idi, onu içəridən açan
olmamışdı. Birdən tələbənin ağlına gəldi. "Bəlkə mənim
otağıma keçib" — deyə düşündü və dəhlizdə otağının qapısına
tərəf baxdı. Bayaq bu qapıdan gəlmişdi və qanını açıq
qoymuşdu. İndi isə qapı möhkəmcə bağlı idi, iki taxtayla çalın–
592
çarpaz mıxlanmışdı. Eynilə onun otağındakı taxtalara
bənzəyən, ya da elə həmin o taxtalarla. Yenə də ələ salındığı
üçün, axmaq yerinə qoyulduğu üçün cin tələbənin başına
vurdu, hiddətlə taxtaları qopartdı, qapını itələdi, açdı və
addımladı. Bir an sonra tələbə yenə də öz bayaqkı otağında
idi... İndi daha onu heç bir şey təəccübləndirə bilməzdi. —Əgər
görsəydi ki, fotoşəkillər bir-biriylə söhbət edir, yaxud güzgü
televiziya ekranı kimi film göstərilir, yaxud duş telefon dəstəyi
kimi danışır — tələbə mat qalmazdı. Ancaq hər şey adi idi.
Hətta onun yatağı da qoyub getdiyi şəkildə əzik-üzük idi.
Hamam və mətbəxdən səs-səmir gəlmirdi. Tələbə yavaşca
hamamın qapısını açdı və diksindi. Psixiatr güzgü qarşısında
saçını darayırdı:
Tələbə:
–Siz bura hardan gəldiniz? —deyə xəbər aldı.
Psixiatr tələbəyə tərəf çevrildi. Əynində gen yaxalı kostyum
vardı, qalstuku vardı, bir də bığları vardı, həm də daha yaşlı
görünürdü.
Psixiatr:
–Salam, — dedi. — Bağışlayın ki, mən... Sizə nə oldu? —
deyə o, təlaşla xəbər aldı. —Elə bil sizi ilan qovub, rəngi-
rufunuz qaçıb...
–Axı sizin... sizin, —deyə tələbə kəkələdi, —bığınız yox idi.
–Bığım yox idi? Haçan? Mən iyirmi ildir ki, bığ saxlayıram.
Bəlkə məni kiminləsə səhv salmısız? Axı biz tanış deyilik.
Bağışlayın, siz yəqin bu evin kirayənişisiniz. Anam mənim bu
otağımı sizə kirayə verib. Mən sizdən çox üzr istəyirəm ki,
rüsxətsiz, həm də gecənin bu vaxtında öz açarımla qapını açıb
mənzilə girmişəm. Doğrudur, mənzil mənimdir, amma axı indi
burada siz yaşayırsınız, deməli, mən də özgəni narahat
etmişəm. Bağışlayın, amma mən elə bilirdim ki, siz hələ
köçməmisiniz, həm də mənzilə girəndə mənə elə gəldi ki, otaq
boşdur, heç kim yoxdur. Üzümü qırxmaq istəyirdim.
Tələbə kinayəylə:
593
–Bəli, —dedi, — mən otaqda yox idim və siz çox gözəl
bilirsiniz ki, mən harada idim.
Psixiatr təəccüblə:
–Necə? Mən? — dedi. — Mən sizi ilk dəfədir görürəm, mən
nə bilim siz hardasınızmış?
–Bura baxın, —qəzəb, acıq tələbəni boğurdu, —hələ biz
baxarıq görək dəli hansımızdır, siz ya mən. Siz çox gözəl
bilirsiniz ki, bir qədər bundan qabaq —bilmirəm neçə saat
bundan qabaq —axı sizin saatlarınız da özünüz kimi dəlidirlər,
bəli, bir müddət bundan qabaq biz oturub söhbət edirdik,
özünüz bilirsiniz ki, nədən söhbət edirdik. Amma siz nahaq elə
bilirsiniz ki, mənim ağlımı çaşdıracaqsınız, məni dəli
edəcəksiniz. Bu saat sizin o yapışdırılmış saxta bığlarınızı
qopararam, bütün bu qriminizi də silərəm, onda bilərsiz —
tələbə əlini psixiatrın bığlarına tərəf uzatdı. Psixiatr diksinib
geri çəkildi.
–Cavan oğlan, sizə nə olub? — dedi və burnunu çəkib, "fu,
siz ki sərxoşsuz" — deyə əlavə etdi. —İçirsiniz öz işinizdir,
amma sərxoş olub sizdən yaşca böyükləri təhqir etmək
yaramaz. Əgər mənim mənzilimi kirayə almısınızsa, o demək
deyil ki, mənə qarşı istədiyiniz kobudluğu etməlisiz. Əlbəttə
mən bilsəydim ki, siz artıq köçmüsüz, gecənin bu vaxtında
bura gəlməzdim. Bu mənim qəbahətimdir. Bəlkə heç siz tək
olmayaydınız... Üzr istəyirəm. Məsələ ondadır ki, mən iki saat
bundan qabaq təyyarəylə gəldim və səhər yenə xaricə uçuram.
Bu vaxtlar bütün bərbərxanalar bağlıdır və dedim gedim, öz
evimdə üzümü qırxım — danışa-danışa o otağa gəldi, tələbə də
onun ardınca — bütün günahım budur, vəssalam, səmimi
surətdə üzr istəyirəm. Əgər bərbərxana açıq olsaydı, onda...
Tələbə hiss edirdi ki, hiddətdən az qala boğulacaq:
–Bura baxın, — dedi — bərbərxana-filanın bura nə dəxli var,
nə tovlayırsınız mənim başımı. Əgər siz psixiatrsınızsa, onda...
–Mən psixiatram? — deyə təəccüblə soruşdu. —Bunu kim
deyib sizə? Mən astrofizikəm, əzizim. İndi də beynəlxalq
594
astrofizika konqresindən gəlirəm. Çox maraqlı bir problemə
həsr olunmuşdu konqres — uzaq dünyalarla əlaqə yaratmaq
məsələsinə.
Tələbə dilini dişinə sıxıb:
–Dolamayın məni, bəsdir, kifayətdir, xəbərdarlıq edirəm
sizə,— dedi. — Deyin görüm bütün bunlar nə deməkdir?
–Bunlar, yəni nələr?
–Bütün bunlar — deyə tələbə təkrar etdi və otağa göz
gəzdirdi — adicə otaq, divar saatı yeddinin yarısını göstərir —
elə doğrudan da bu vaxt olardı, hava yavaş–yavaş açılırdı, stol,
stullar, taxt, fotolar və o cümlədən də psixiatr — astrofizikin
şəkli — kostyumlu, qalstuklu, bığlı, hər şey adi, normal idi.
Tələbə nə cavab verə bnlərdi? Küt-küt:
–Bu sizsiniz? — deyə fotonu göstərdi.
–Mənəm, nədir ki?
–Sizin böyük qardaşınız deyil? Ya nə bilim bəlkə giçik
qardaşınızdır.
–Mənim qardaşım yoxdur. Nə böyüyü, nə kiçiyi. — Yoxdur
və heç bir vaxt da olmayıb.
–Bəs saatsaz?
–Hansı saatsaz? Saatsaz kimdir?
–Saatsaz o kəsdi ki, bir ay bundan qabaq ölüb. O kəsdir ki,
geriyə işləyən saatlar düzəldib. O kəsdir ki, ananız ona matəm
saxlayır və fotosunu o evdən bu evə daşıyır.
–Siz deyəsən sayıqlayırsınız?
–Yox, bilirəm, siz çox istəyirsiz ki, mən sayıqlayım,
istəyirsiz ki, ağlım çaşsın, dəli olum. Amma insaf dinin
yarısıdır, doğrudan da çox mahir fokusçusunuz. Dahi
gözübağlayıcısınız. Bayaq o biri mənzildə siz mənə çox suallar
verdiniz, indi mən də sizə bircə sual vermək istəyirəm. Cəmi-
cümlətanı bircə sual. Qorxmayın, sizdən soruşmayacam ki,
başıma bu oyunları niyə açırsınız. Öz işinizdir. Sizdən ayrı şey
soruşacam — başıma bu oyunları necə açırsınız? Məsələn bax
elə o qapı. O mənzildən bu mənzilə nə yolla keçə bildiniz ki,
595
qapı o biri tərəfdən mıxlanmış idi.
"Psixiatr"– astrofizikin rəngi qaçdı:
–Nə qapı, nə mənzil? Siz nə danışırsız?
–Bax bu qapı —deyə tələbə otaqdakı qapıya tərəf çevrildi və
çılğınlıqla çığırdı:— Aman allah, bu da bir fokus! Yox, siz
doğrudan dahisiniz. Mən indicə bu qapıdan içəri girdim və qapı
da açıq qaldı, amma bir baxın, — o yenə də taxtalarla çalın-
çarpaz mıxlanıb. Daha sözüm yoxdur, gözübağlıcılığınız əladır.
–Bilirsiz nə var? – deyə "psixiatr" – astrofizik təmkinlə
danışmağa başladı. O hələ də sapsarı idi, amma görünür özünü
ələ ala bilmişdi. —Mən bilmirəm ki, siz bütün bu sözlərlə nə
demək istəyirsiz. Bəlkə anam mənim burda olmadığımdan
istifadə edib mənzili ruhi xəstəyə verib. Mən belə düşünmək
istəməzdim, amma hər halda mənə elə gəlir ki, siz nahaq
içirsiniz.
–Yaxşı, — tələbə aldadıcı bir sakitliklə müsahibinə baxdı.
—Görək ruhi xəstə hansımızdır və kim-kimi dəli edəcək. Bu
saat mən sizin gözünüz qarşısında bu qapını açacam.
Psixiatr həyəcanla:
–Yox, yox, —dedi, onun rəngi daha da qaçdı.
–Hə, cadularınızın sirri açılacaq, ondan qorxursunuz? Mən
indicə bu qapını açacam və sizi qonşu mənzilə aparacam. Ora
ki, bayaq orada siz bığsız psixiatr idiniz. Ya bəlkə qardaşınızdır
orda, bilmirəm, hər halda mən sizin hamınızı ifşa edəcəm,
bütün sizin murdar ailənizi! Görüm nə səbəbdən mənim başıma
bu əclaf oyunları açırsınız.
Tələbə elə bil qızdırma içində, adda–budda danışırdı.
"Psixiatr"—astrofizik hirslənməkdən daha artıq
təəccüblənirdi və onun mat qalması, sadəlövh təəccübü tələbəni
daha da özündən çıxarırdı. Tələbə çılğın bir hərəkətlə taxtaları
qopartdı, dartıb qapını açdı və addım atdı. Amma gözləri
qarşısında 20 mərtəbə hündürlüyündəki boşluq girdabını görən
an dəmir barmaqlar onun köynəyinin boynundan yapışdı və
saxladı —bu ev sahibinin barmaqları idi.
596
Psixiatr–astrofizik:
–Dəli olmusuz? — dedi. — Axı buradakı balkon neçə ildir
uçub, odur ki, biz də bu qapını mıxlamışıq. Oturun.
Ev sahibi tələbəni otuzdurdu və hələ də açıq qapıya çəp-çəp
baxaraq otaqdan çıxdı, bir stəkan su gətirdi, tələbəyə uzatdı:
–İçin.
Tələbə içdi və bir qədər sakitləşdi. O özünü əzgin hiss edirdi.
Elə bil hər şeydən bezmişdi, hər şeydən bıqmışdı, hər şeydən
usanmışdı, dünyada hər şeyə qarşı laqeydlik duyurdu.
Ev sahibi:
–Özünüzü pis hiss edirsiz? — deyə xəbər aldı. Tələbə tam
bir biganəliklə:
–Bilmirəm, — dedi.
–Dincəlin. Hər şey keçib gedər. Görünür, içki sizə çox pis
təsir edir. Bir də ki... Mən çox namünasib vaxtda gəldim...
Gərək məni bağışlayasınız... Bilsəydim...
Tələbə:
–Eybi yoxdur, — dedi.
–Mən elə bil lap göydən düşdüm, — ev sahibi elə hey özünə
bəraət qazandırmağa çalışırdı. — Xaricdən bir az qabaq
gəlmişəm və yenə də gedirəm. İndi də başqa ölkəyə, başqa
konqresə. Vaxt məsələsinə həsr olunmuş konqresə. Vaxtın
fəlsəfi və fiziki mahiyyətinə həsr olunmuş konqresə. İcazə
verərsiniz siqaret çəkim?
Tələbə yüngülcə başını tərpətdi, yəni ki, hə, buyurun, sonra
ikinci dəfə başını yellədi, yəni ki, yox: müsahibi ona siqaret
təklif edirdi. Ev sahibi siqaretini alışdırdı və dərin qullab vurdu
— siqaretin xoş, şirintəhər ətri vardı.
–Bilirsiz, — deyə ev sahibi yenidən sözə başladı, —bütün
bu konqreslərin heç bir əhəmiyyəti yoxdur. Bax mən indicə çox
böyük bir konqresdən gəlirəm, bayaq sizə dedim. Uzaq
dünyalarla əlaqə probleminə həsr olunmuşdu konqres. Bütün
ölkələrdən ən məşhur alimlər toplaşmışdı. Məruzələr,
məlumatlar, filmlər, fotolar, lent yazıları, nə bilim daha nələr,
597
nələr. Ancaq mənim fikrimcə, bu problem kökündən yanlış
qoyulur. Sizi yormuram ki! Taksini 7-30-a sifariş eləmişəm,
odur ki, hələ yarım saat da zəhlənizi tökəcəm... Bəli... Məsələ
belədir ki, mənim fikrimcə kosmik əlaqələr probleminə
tamamilə başqa prinsiplərlə yanaşmaq lazımdır. Tutalım, bax, o
konqresdə nədən danışılırdı? Aresiboda nəhəng bir
radioteleskop qurulub. Bu teleskopun vasitəsilə kosmosun
dərinliklərinə məlumat göndərilib. Nə barədə? O barədə ki, biz-
yer adamları onluq say sistemindən istifadə edirik. Beş atomu
ən vacib sayırıq. İki ayağımız, bir başımız var. Yer üzündə
sayımız da dörd milyarda yaxındır. Çox əcəb. Məni bağışlayın,
amma bu üsulla qıza elçi getmək və oğlan haqqında məlumat
vermək olar — peşəsi bu, vəzifəsi bu, pulu-dövləti bu qədər,
qohum-əqrəbası filankəslər və s. və s. Amma kosmik
kontaktları bu üsulla yaratmaq olmaz. Məsələn, Çikaqo
universitetinin professoru Dreyk, Bombey universitetinin
professoru Mukerçi, Yaponiyadan bir professor, adı yadımda
deyil, çıxış etdilər. Onların hamısı neçə illərdir ki, çox qüvvətli
radioteleskoplar və kompüterlər vasitəsilə yaxın qalaktikaları
izləyirlər, radiosiqnalları yazırlar, amma nə nəticə hasil olub?
Hamısı eyni bir nəticə əldə ediblər, yəni heç bir nəticə —
ulduzlar susub. İndi də oturub başlarını sındırırlar: əgər
doğrudan da uzaq ulduzlarda həyat varsa, bəs niyə ordakılar
hay vermirlər?! Əgər bizim radio və telesiqnallarımızı
eşidirlərsə, niyə dəstəyi qaldırıb cavab vermirlər —o
gülümsündü və qırıq məftilli telefon dəstəyini göstərdi. Mən
telefon dəstəyini nəzərdə tuturam —sonra nə isə düşünüb əlavə
etdi — yeri gəlmişkən, bu təşbeh təsadüfi də olsa, çox dəqiqdir.
Biz kosmosla məhz bu cür telefonla, qırıq telli telefonla,
əlaqəsiz telefonla danışmağa cəhd edirik. Təsəvvür eləyin ki,
bəzən nə cür mənasız işlər görülür. Bir neçə il bundan qabaq
amerikalılar kosmosa Rok-n-Roll musiqisinin melodiyalarını
göndərmişlər. İndi də oturub başlarını bulayırlar — niyə bir
cavab çıxmadı. Bəlkə bu musiqini oradakılar bəyənməyib. Elə
598
bil bu radiodinləyicilərin sifarişilə konsert-zaddır.
Məruzəçilərdən biri hətta belə bir fikir atdı ortalığa: deyir,
şübhəsiz, kosmosdan bizə xəbərlər göndərirlər, amma yüz ildə
bir dəfə. Yüz il bundan qabaq, neçə yüz, neçə min il bundan
qabaq yer üzündə radio yox idi ki, ismarışları qəbul edə bilək.
İndi az qalıb, bu səfər kosmosdan bizə radio vasitəsilə papaq
eləyən kimi başa düşəcəyik. Bişmiş toyuğun gülməyi gəlir belə
sözlərə. Əlbəttə, başqa çıxışlar da oldu. Bəziləri deyirdilər,
canım, ola bilsin ki, qallaktik əlaqə sistemi tamamilə başqa
prinsiplər əsasında qurulur. Amma belə deyənlər də axırda
nikbinliklə nəticə çıxarırdılar: heç kefimizi pozmayaq,
ürəyimizə salmayaq, gec–tez biz də bu əlaqə prinsiplərinə
yiyələnəcəyik. Nə deyəsən? Görünür bizim şüurumuz Əlaqənin
tamamilə başqa növünü anlamağa, təkrar edirəm başqa növ
əlaqə prinsiplərini dərk etməyə qadir deyil. Odur ki, oturmuşuq
nəhəng teleskopların yanında və gözləyirik. Cürbəcür siqnallar
gözləyirik. Hələ çox gözləyəcəyik. Çünki bizə elə gəlir ki,
kosmik Əlaqə balıq tutmaq kimi bir şeydir, torunu atıb
oturmusan çay qırağında, gözləyirsən balıq haçan gəlib tora
düşəcək. Yaxşı, deyək ki, mən ifrata varıram, məsələni
tündləşdirirəm: biz universal şifr-siqnallar, anlaşıqlı rəmzlər,
işarələr göndəririk kosmosa. Yaxşı, olsun, amma bütün bu
özfəaliyyət nə deməkdir? Bizə elə gəlir ki, uzaq dünyalarla
Əlaqə yaratmaq — radiohəvəskarlığı kimi bir şeydir, təsədüfən
efirdə başqa bir radiohəvəskarın ultraqısa dalğalarıyla
rastlaşacaqsan. Amma axı, mənim fikrimin məğzi odur ki,
kosmik Əlaqə tamam başqa cür, gözlənilməz və izaholunmaz
bir şəkildə də meydana çıxa bilər. Yəni biz insanların dərk edə
bilməyəcəyimiz bir şəkildə. Bax, oturub gözləyirik, gözləyirik
ki, bizimlə danışsınlar. Amma bəlkə bizimlə çoxdan danışırlar
və ən müasir cihazlar vasitəsilə deyil, başqa üsulla. Bəlkə bax
elə indinin özündə, bu otağın içində danışırlar bizimlə, amma
biz başa düşə, anlaya, dərk edə bilmirik. —O, dərin bir qullab
vurdu, bayaqdan bəri davam edən, uzun, pərakəndə
599
monoloqunda bu ilk fasilə idi. —Axı uzaq dünyaların sakinləri
— yenidən sözə başladı — bizimlə tamam başqa kanallar
vasitəsilə Əlaqə yaratmağa təşəbbüs edə bilərlər. Tamamilə
başqa rabitə formasından istifadə edə bilərlər. Bəlkə bizə
məlum olmayan imkanlara malikdirlər və beynimizə,
şüurumuza, psixikamıza təsir göstərə bilirlər. Onlar hətta bizim
beynimizin imkanlarını —dünyanı məntiqsiz dərk etmək
imkanlarını yoxlaya da bilərlər. Mən çox qəliz danışmıram ki,
fikrim sizə aydındırmı?
Tələbə:
–Təxminən, — dedi.
–Bəli, bu uzaq aləmlər bizə radio, tele və başqa bizim
qavraya biləcəyimiz işarələr vasitəsilə deyil, tamam başqa
üsullarla müraciət edə bilərlər. Yaxud biz və onlar əyani
şəkildə görüşməli olsaq, yəni onlar bizim planetimizə təşrif
gətirməli olsa, bu görüşü biz bu gün, təqribən, necə təsəvvür
edirik? Nədənsə bizə elə gəlir ki, onlar planetimizə iri kosmik
gəmilərdə gələcək, nəhəng kosmodromlara düşəcəklər. Niyə?
Axı kim dedi ki, onlar — uzaq aləmlərin sakinləri, — çox iri,
azmandırlar və ya hətta elə bizim boyda, adamlar boyda
olmalıdırlar. Lap qoy ən iri ulduzlarda yaşasınlar, axı bunun
onların zahiri ölçülərinə, boy-buxunlarına heç bir dəxli yoxdur.
Onlar ən görünməz mikrobdan belə kiçik məxluqlar ola bilər.
Tamamilə cismsiz varlıqlar da ola bilərlər, məsələn, şüa, qaz
şəklində, səs şəklində. Kim deyər ki, məsələn, səs–şüurlu varlıq
ola bilməz. Təsəvvür edirsiz bütün bir ulduzun şüurlu
sakinləri–yalnız səslərdir. Poeziyadır, eləmi? Və əgər bu tipli
kosmik qonaqlar bizim planetə təşrif buyuracaqlarsa, ya hətta
artıq çoxdan buyurmuşlarsa, onların yer üzündəki məskəni,
qəbul meydançası insan beyninin guşələri də ola bilər.
Kişi elə danışırdı elə bil məruzə oxuyurdu, bəlkə bu
doğrudan da onun konqresdə oxuduğu ya oxumadığı məruzə
idi.
–Axı niyə biz razı olmuruq ki, kainatın başqa guşələrində
600
tamamilə ayrı — şüur qanunları mövcuddur — bizim səbəb-
nəticə bağlılığından fərqlənən qanun sistemi. Və onların
bizimlə Əlaqəsi yalnız o zaman mümkün ola bilər ki, onlar
bizim iqtidarımıza — bu qanunları aşıb keçmək iqtidarımıza
inansınlar. Dünyanı dərk etməkdə bu məntiqi səbəb-nəticə
bağlılığını aşa biləcək bir qüdrət varmı insan şüurunda? Onları
məhz bu maraqlandıra bilər. Onlar beynimizin buna hazır olub-
olmamasını yoxlaya, müayinə edə bilərlər. Şüurumuz
Mümkünsüzlüyü qəbul edə bilirmi? Ya bəlkə onlar hələ bizim
beynimizi — hazırlayırlar — başqa bir məntiq sistemini
qavramaq üçün hazırlayırlar. Və onların bizimlə Əlaqə
yaratmaq cəhdləri məhz bu sahədədir: beynimizdəki səbəb-
nəticə bağlılığını qırmaq, ağlımızın quruluşunu dəyişmək. Axı
bizim bütün idrakımız və kosmik əlaqələr yaratmaq
təşəbbüsümüz ancaq və ancaq bu məntiqə, səbəb-nəticə
bağlılığına əsaslanır. Aman allah, biz necə öz-özümüzdən
müştəbehik, necə də qəti hökm veririk. Kainatı ancaq bizim
məntiqimizlə dərk etmək olar!? İki dəfə iki mütləq dörddür!
hər yerdə, hər zaman, kainatın hər guşəsində! Axı bir zamanlar
biz insanlar eyni inadla inanırdıq ki, Yer hərəkətsizdir, Günəş
onun başına dolanır və ayrı cür düşünənləri asıb-kəsir, odda
yandırırdıq. Mən yalnız din fanatiklərini, inkivizisiyanı nəzərdə
tutmuram. Hələm-hələm adamlar deyil, Ptolomey kimi öz
zəmanəsinin ən parlaq zəkası da buna — Yerin mərkəz
olmasına, Günəşin onun başına dolanmasına inanırdı. Biz isə,
öz zəmanəmizin Ptolomeydən qat-qat aşağı olan zəkaları, eyni
bir inadla başqa şeyə inanırıq: Yer kürəsi günəşin başına
dolanır. Buna zərrəcən şübhəmiz yoxdur, necə ki, Ptolomeyin
də öz iddialarına heç bir şəkk-şübhəsi yox idi. Yaxşı, bəs
birdən sabah, bizim təsəvvür belə eləyə bilmədiyimiz tamam
başqa kəşflər və qanunlar əsasında məlum oldu ki, yox, Yer
Günəşin deyil, Günəş Yerin başına fırlanır. Onda necə? Təbii
ki, bunu mən zarafatla deyirəm, amma prinsipin özü ciddidir.
O nəfəsini dərdi və öskürməyə başladı. Eynilə anası kimi
601
öskürürdü, uzun-uzadı quru öskürəklə. Bir az sakit olub stəkanı
götürdü. Mətbəxə keçdi, Bu adamın nədən danışdığını, ona
nəyi isbat eləməyə çalışdığını tələbə ağıllı–başlı anlamırdı heç.
Tələbə indi yalnız bir şey düşünürdü: əgər indi bu adam
mətbəxdən qayıtmasa, bir də heç bir vaxt görünməsə, tamamilə
anlaşılmaz şəkildə mənzildən qeyb olsa və yaxud qayıtsa,
amma, qiyafəsi, sifəti tamam başqa cür olsa — məsələn saçları
çal, yaxud başı daz keçəl, ya elə olduğu kimi qayıtsa, amma
onu, tələbəni tanımasa, özünü tamamilə ayrı bir adam kimi
aparsa — bütün bunların heç biri artıq tələbəni təəccübləndirə
bilməz. Onun indi keçirdiyi yeganə hiss — tam bir düşüncə
biganəliyi idi, heç bir fikir zəhmətinə qatlaşmaq istəmirdi, heç
bir şeyi dərk etməyə, anlamağa, izah etməyə həvəsi
qalmamışdı.
Ev sahibi otağa qayıtdı. Bığları yaş idi. İndicə su içmişdi.
Divar saatına baxıb:
–Daha lap az qalıb — dedi. — İndicə sizi sakit buraxacam,
başınızı ağrıtmayacam. Taksi on dəqiqədən sonra gələcək. Yeri
gəlmişkən, vaxt haqqında. Vaxtı necə təyin etmək olar? Kim
mənə isbat edə bilər ki, vaxt geriyə yox, irəliyə gedir? Vaxtdan
söhbət gedəndə geri nədir, irəli nə? Nə müəyyənləşdirir vaxtı?
Bax, bu cihaz, — o divar satını göstərdi, — bu qurulu
mexanizm? Deyəcəksiz günəş tsikli — gündüz-gecə, yay-qış.
Amma axı günəşlə bağlı bu hesablar yalnız bizim planetlər
sisteminə aiddir. Bu sistem isə kainatda — zərrəcikdir, tozdur.
Bəs günəşin özündə vaxt necə ölçülür?
Tələbə:
–Bilmirəm, — dedi.
–Amma axı vaxtın tamam başqa anlayışı da ola bilər. — O,
sanki artıq tələbəylə yox, özü özüylə danışırdı. — Siz heç
vaxtın nisbiliyi haqqında məişət səpkisində, adi həyat misalları
səpkisində düşünmüsünüzmü? — deyə yenə tələbəyə müraciət
etdi.
–Yox.
602
–Mən isə düşünmüşəm. Təsəvvür edin ki, yatmısız. Bu
zaman qapınız döyülür, yaxud telefon zəng çalır. Yuxuda yox
ha, gerçəklikdə. Gerçəklikdə bunlar — qapı döyülməsi, telefon
zəngi — bir an çəkir. Amma bu bir real anın ərzində yuxuda
siz uzun bir əhvalat görürsüz. Və yuxuda gördüyünüz bu
əhvalatlar mütləq qapı döyülməsi, talefon zəngilə bitir. Deməli,
bu yuxular zənglə, qapı döyülməsi ilə əlaqəlidirlər. Başqa sözlə
desək, yuxunun bu səhnələri, sizin beyninizdə məhz həmin
səslər səslənən zaman doğulur. Amma yuxuda siz bu səslərlə
bağlı hadisənin əvvəlini də görürsünüz, elə bir şey görürsüz ki,
həmin səslərlə sona çatır, bitir. Deməli, bu səslərin səsləndiyi
müddət ərzində gerçəklikdə və yuxuda iki müxtəlif ölçülü
zaman paralel şəkildə mövcuddur, amma onların müddətləri
ayrı-ayrıdır. Fikrim sizə çatır?
Tələbə:
–Çətinliklə, — dedi, — mən çox yorulmuşam.
–Bağışlayın, bağışlayın, mən də sizi lap yorub əldən saldım.
Bilirsiz mən fikirlərimi kiminləsə bölüşmək istəyirdim. Odur
ki... Hə, vaxtdır, mən getməliyəm.
O, ayağa durdu, papağını qoydu, üzərində müxtəlif
şəhərlərin, otellərin damğaları olan dama-dama çamadanını
götürdü və tələbəylə vidalaşıb qapıya tərəf getdi. Qapını açdı,
sonra nədənsə yenidən otağa qayıtdı və dedi:
–Əlaqə problemi, bax bundadır. Biz şüurumuzun dəyişməz
məntiqi qanunlarının pozulmasına razı olacayıqmı? Hadisələrin
səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləcəyikmi?
Tamam başqa bir şüur sisteminin olmasını qəbul edəcəyikmi?
Uzaq dünyalarla Əlaqənin yaranıb-yaranmayacağı məhz
bunlardan asılıdır. Amma əgər bütün Qeyri-adi, Dərc olunmaz.
İzahedilməz, Şüurumuzasığışmaz şeylərə yenə məntiqi rasional
səbəblər axtaracayıqsa, vərdişli analogiyalar arayacayıqsa, bir
şeyi kasıb zehnimizin qısa arşınıyla ölçəcəyiksə, o zaman heç
kəslə heç bir Əlaqə yaratmaq mümkün olmayacaq. — O
gülümsündü, amma bu çox kədərli gülüş idi və sifətinin bu
603
kədərli ifadəsiylə o bir daha anasını xatırlatdı. — İnanın mənim
sözlərimə. Salamat qalın...
Qapını örtüb getdi. Az sonra tələbə aşağı düşən liftin səsini
eşitdi.
Pəncərədən açıq bir səhər üzü görünürdü. Ulduzlar çoxdan
sönmüşdü. Daha doğrusu, dan işığının açıqlığında itib
görünməz olmuşdular.
Tələbənin yorğun şüurunda bir fikir oyandı: o düşündü ki,
əl-aqibət axır ki, zəiflik göstərmədi; hə qarı, nə onun dərin
qırıldadan alim oğulları — ya eyni yeganə oğlu — iki idi onlar,
ya bir nəfər idi — kim bilir? — hər halda bu qəribə ailə — ikisi
olsun, üçü olsun, fərqi yoxdur — hamısı bir yerdə tələbənin
şüurunu poza, başını xarab edə bilmədilər. O, dəli olmadı ki,
olmadı.
Tələbə soyunub yatağına girdi. Yuxuya gedə-gedə
düşünürdü: "Gərək kitabxanadan kosmik əlaqələrə aid
ədəbiyyat alıb oxuyam".
Bakı, avqust, 1976.
604
OXUDUQLARINIZ
R.Ulusel. Azərbaycan mədəniyyətinin Anarı........................3
İlk hekayələr
Yağışlı gecə.........................................................................42
İki dəniz ............................................................................. 48
Taksi və vaxt ......................................................................50
Bayram həsrətində ..............................................................68
Könlümüzün gecəsi.............................................................73
Sabah biz ayıq olacayıq.......................................................81
Hekayə.................................................................................90
Asqılıqda işləyən qadının söhbəti.....................................111
Keçən ilin son gecəsi.........................................................114
Dağınıq vərəqlər................................................................129
İki uşaq hekayəsi
Əlifba.................................................................................140
Sayların sərgüzəşti.............................................................142
Üç sandıq hekayəsi
58-ci ilin üç sandıq hekayəsi.............................................148
Nisbət nəzəriyyəsi.............................................................150
İztirabın vicdanı.................................................................155
Ürəyim ağrıyır...................................................................199
60-cı illərin hekayələri
Dörd cahar.........................................................................211
Dağ dağa rast gəlməz........................................................222
Yağış kəsdi........................................................................228
605
Qaragilə.............................................................................244
O gecənin səhəri................................................................257
Gecə yarısında hadisə........................................................267
Ləyaqət..............................................................................315
Mən, sən, o və telefon.......................................................331
Gürcü familyası.................................................................356
Dantenin yubileyi..............................................................383
Molla Nəsrəddin — 66
Zarafatsız...........................................................................441
—Məlumat
—Gülməşəkər kəndinin sabahı
—Zəncir
—Rəng
—Başımızın ağası
—Əl əli yuyar və yaxud bozbaş dəsgahı
—Bir istəkan su
—Maraqlı tədqiqat
—Kəlam qonaqlığı
—Bizim müsahibə
—Yeni il planları
—Xəbərlər
—Son poçt və yaxud replika
—Biz tənqid edəndən sonra
—Hikmətli sözlər
—Elanlar
—Bildiriş
—Düzəliş
—Marallarım
Molla Nəsrəddin — 86..................................................... 520
Yaxşı padşahın nağılı....................................................... 523
Əlaqə.................................................................................543
606
ANAR. Əsərlər I cild
Bakı, Nurlan, 2003, 578 səh.
Nəşriyyat redaktoru:
MƏLAHƏT QƏMBƏROVA
Bilgisayar tərtibi:
SEVİNC HÜSEYNOVA
Yığıcı:
ARZU MAHMUDOVA,
SEVİNC HÜSEYNOVA
Yığılmağa verilib: 10.07.2003.
Çapa imzalanıb: 05.09.2003.
Həjmi: 36,1ç.v. Format:60x88 1/2
Ofset çap üsulu
Sayı: 500.
Qiyməti müqavilə yolu ilə
Nurlan Nəşriyyat Poliqrafiya Birliyi
Dostları ilə paylaş: |