A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

ZƏNCİR 

 

Əvəz  Əvəzov adında bir kişi vardı. Yaxşı  oğlanlardan biri 



idi. Başı aşağı, saçı yuxarı. 

Bir gün Əvəz Əvəzov küçəylə gedirdi, birdən bilmək istədi 

ki, aya görəsən, bu gün hansı il, hansı aydır, hansı gündür və 

saat neçədir, yainki saat neçəyə neçə  dəqiqə  işləyib və yaxud 

qalıb. Durdu, ayaq saxladı, fikrə getdi, xəyala daldı, yadına 

saldı ili, ayı, günü, amma saatı nə qədər elədisə bilə bilmədi. 

Çünki qolunda saatı yox idi. Üç ay bundan qabaq qaranlıq 

bir döngədə beşbarmaq çıxardıb qolundan açmışdılar. 

Əvəz  Əvəzov bilmirdi ki, neyləsin, birdən o səkidə köhnə 

dostu Əli Əliyevi gördü. Yanaşıb Əliyə əl verdi, dedi: 

–Köhnə dostum Əli  Əliyev, nə yaxşı ki, sənə rast gəldim. 

Köhnə dostum, de mənə görüm saat neçədir. Əli: 

—Mehriban dostum Əvəz Əvəzov, — dedi, — nə yaxşı ki, 

sənə rast gəldim. Saatı deməyə deyərəm, ancaq, mehriban 

dostum, sən də  mənə bir kibrit ver, indicə yerin məlum bir 

yaxşı quzu tapmışdıq, apardıq bizə qoyun kəsdi. Gərək mütləq 

dişimi qurtdalayam. 

Əvəz: 


–Canımçün, —dedi, —kibritim yoxdur, amma fikir çəkmə, 

odur bax canbirqəlb qonşum Vəli Vəliyev bu tərəfə gəlir, onda 

olmamış olmaz, bu saat alaram. 

Əvəz  Əvəzov Vəli Vəliyevlə görüşdülər, xoş, beş, on beş. 

Əvəz xahişini dedi. 

Vəli: 


–Baş üstə, gözüm üstə, — dedi, — qonşu qonşuya yaman 

gündə  gərək olar. Bir kibrit nədir ki, sənə  qıymayam. Amma 

qağa, sən də gərək bir papiros verəsən. Papirosum qurtarıb. 

Əvəz: 


–Bilirsən ki, — dedi, — papiros çəkən deyiləm. Amma 

 456 

səninçün bu saat taparam. 

Qaçdı tinə, papiros satan Məmməd Məmmədovun yanına. 

Məmməd Məmmədov: 

–Qurbandır sənə yer üzünün bütün papirosları, —dedi. —

Sən mənim köhnə müştərimsən. Eşitməmisən, müştəri, 

düzəldər bütün işləri. Amma, müştəri, incimə  məndən, 

papirosu sənə bir şərtlə verərəm, sən də  gərək mənə iki 

qəpiklik verəsən. Bir canan var, istəyirəm zəng eləyib axşam–

axşam onunla dilxoşluq eləyim. Zdrasti, pajalısta... ha, ha, ha... 

Əvəz Əvəzov ciblərini ələk-vələk eləyib: 

—Canımçün yoxdur, — dedi. — Amma əmidostumgil bu 

yaxınlarda olur. Bu saat onlardan alıb gətirərəm.  

Qaçdı əmisigilə. Əmioğlusu Əhməd Əhmədov: 

—Əmioğlu, —dedi, — ayıb sözdür, mən bəyəm ölmüşəm 

ki, sən iki qəpikçün dörd mərtəbəni yortub çıxasan. Buyur 

onluq, iyirmilik, əllilik, yüzlük. Əmiyin, yəni mənim papamın 

canı sağ olsun, xərclə ata malı kimi. Amma sənə bir balaca 

işim düşüb. Həyə bilsən? 

Əvəz  Əvəzov maddım–maddım  Əhmədə baxırdı.  Əhməd 

gözünü qıyıb: 

–Hə, tap görüm, tapsan, bax bu yüzlük sənindir.  Əvəz 

gözlərini döyürdü. Əhməd şırtıq çalıb:  

–Mül–mülkü nazad, mül–mülkü, — deyə bir ağız oxudu, 

sonra soruşdu: — Hə, indi bildin? 

Əvəz yenə bilmədi. 

Əhməd: 

–Ey dil bilməz, — dedi, — təzə indiyski kino gedir, 



görmürsən?  Əh, sənin dünyadan xəbərin yoxdur ki… Məsələ 

belədir, əzizim, sənə işim, düşüb. O kinoya bilet tapmaq işi bir 

az çətindir. Mən 17 dəfə görmüşəm, amma yoldaşımla bəhs 

eləmişəm, gərək iyirmi dəfə baxam. Bu gün getmək istəyirəm. 

Kinonun qapıçısı Abbas Abbasov sizin həyətdə olur, gərək 

aparıb məni buraxdırasan içəri. 

Əvəzlə  Əhməd getdilər kinoya tərəf.  Əvəz qapıçı Abbasın 


 457 

qulağına nə isə pıçıldadı. Abbas: 

–Düzəldərik, — dedi, — amma, qaranoy, sən də  gərək 

mənim sözümü yerə salmayasan. Mən sənin  əmioğlunu 

bezplatnı kinoya buraxdıraram, sən də mənim əmoğlumu gərək 

bezplatnı taksiyə şofer düzəldəsən. 

–Necə  yəni bezplatnı taksiyə? Yəni taksiyə sçetçik 

qoymasınlar? 

Abbas qorxan kimi oldu: 

–Tamam bezplatnı demirəm ha! Amma birdən verməsin, 

vamnan versin. Taksiyə düzəltmək üçün gərək bir başa 300 

manat sanayasan Sadıq Sadıqovun ovcuna, onda da bir il səni 

salacaqlar rezervə. Bir ildən sonra təzə maşın almaq üçün gərək 

təzədən iki yüz tərləyəsən. Bizdə o pul hardandır?  İndi 

əmioğlumu bezplatnı götürsün işə, o da üç ilin ərzində 

maaşdan, qazancdan yavaş–yavaş verər qurtarar. Kooperativ ev 

tikdirmirlər, bax elənçiynə? Necədir səninçün? 

—Yaxşıdır. Amma, mən bilmirəm Sadıq Sadıqov kimdir? 

Tanımıram. 

—Bu tindəki taksi parkının müdiridir, sən kulturnu 

adamsan, desən sözündən keçməz. Özün bil e... Mən səni zora 

salmaq istəmirəm. Seans başlayır ha. Sabahdan götürürlər bu 

kinonu. 

Əmioğlusu Əvəzin yanında dayanıb; 

—Mül-mülkü nazad, mül-mülkü — deyə zarıyırdı. 

Əvəz: 


—Yaxşı, burax bu uşağı içəri, — dedi, — görüm 

neyləyirəm. 

Gəldi birbaşa Sadıq Sadıqovun idarəsinə. Sadıq Sadıqovun 

meydan boyda qəbul otağında bir xeyli adam oturub qəbul 

gözləyirdi. Adamların bir qismi həsrətlə qara meşin qapıya 

baxır, başqa bir qismi isə vaxtını boş keçirməmək üçün 

başlarını müxtəlif işlərlə qatırdılar: şahmat oynayan kim, nərd 

atan kim, şəkil çəkən kim, fala baxdıran kim, otağın bir 

güncündə dazbaş bir kişi  şlyapasını  çıxarıb fokus göstərir və 


 458 

gözləyənlərin bir qismini əyləndirirdi.  Əvəz  Əvəzov katibəyə 

yanaşdı, dedi ki, yoldaş Sadıqovla işim var. 

Katibə: 


—Yoldaş Sadıqov bərk məşğuldur, — dedi. Başını 

qaşımağa macalı yoxdur. Mühüm tapşırıq alıb. Qırx gün, qırx 

gecə heç kəsi qəbul etməyəcək. 

Əvəz  Əvəzov məyus–məyus çıxıb getmək istəyirdi ki, 

katibə qəfilcə yerindən sıçradı, Əvəzin başından yapışıb özünə 

tərəf dartdı,  əlini onun saçlarına çəkdi.  Əvəz lap özünü itirdi, 

otaqdakı adamlar da təəccüblə bu səhnəyə baxırdılar. 

Katibə: 


–Mojet bıt, — dedi.  

–Nə? 


–Bu duxunu hardan almısız? Mən "Mojet bıt" ətri üçün sino 

gedirəm. 

Əvəz Əvəzov cibindən bir flakon ətir çıxartdı. 

–Buyurun, —dedi.  

Katibə: 

–Ah, —dedi, —buyurun. 

Əvəzi birbaş Sadıqovun otağına ötürdü. 

Sadıqov ucsuz–bucaqsız kabinetində iri bir masanın 

arxasında oturub dərin fikrə getmişdi. Karandaşının ucunu 

dişləri arasına almış, bir əlini ürəyinin üstünə qoymuş, o biri 

əlinin  şəhadət barmağını gicgahına dirəmişdi. Baxışlarını 

məchul bir nöqtəyə zilləmişdi. Otaqda heç kəs yox idi. 

Əvəz  Əvəzov boğazını arıtladı, bir balaca öskürdü, bir 

kiçicik udqundu, bir xəfifcə asqırdı,  əsnədi, üç-dörd dəfə ah 

çəkdi və  nəhayət pəsdən "Şələbiyyə" mahnısını zümzümə 

etməyə başladı. Sadıqov bütün bunları heç eyninə almırdı. 

Nəhayət Əvəzov yavaşcadan: 

–Salam, — dedi. 

Sadıqov dönüb ona baxdı və dedi: 

–Dağlara getdi.  

Əvəzov: 


 459 

–Aa, — deyə razılaşdı, sonra xəbər aldı: —Kim? 

Sadıqov: 

–Dambadaram, — dedi, — zəhrimar gəlmir. 

–Bəs niyə gəlmir? 

–Mən nə bilim, zibil gəlmir ki, gəlmir. Bambaradam, tfu. 

Əvəz Əvəzov: 

–Çoxdan gedib? — deyə ehmalca soruşdu. 

Sadıq Sadıqov tərs-tərs ona baxdı. Sanki yuxusuz gözlərinə 

qan dolmuşdu. Zəhmli səslə: 

–Kim? —dedi. 

–O da... 

–Kim, o? 

–Dağlara gedən. 

–Hansı dağlara? 

–Nə bilim, özüz dediz ki, dağlara gedib. Hələ gəlməyib. 

Sadıqovu elə bil od götürdü. 

–Yoldaş, siz kimsiniz? Məndən nə istəyirsiniz? Burda nə 

işiniz var? — deyə  ağzı köpüklənə-köpüklənə danışmağa 

başladı. — Kim sizi bura buraxıb. Mənim  şəxsi işimə niyə 

qarışırsınız? Kim sizə haqq verib ki, mənim iş prosesimə 

müdaxilə edəsiniz? 

–Bağışlayın, özüz dediz ki, dağlara getdi, Gəlmədi. Özü də 

mənə dediz, çünki otaqda ayrı heç kəs yoxdu. Mən də 

soruşdum ki kim? 

–Kim! Kim! Qəlbim! Bəli, qəlbim darlara getdi. Zəhrimar 

qafiyəsini tapa bilmirəm. Dambadaram, bambararam, heç biri 

gəlmir. 


Əvəz: 

–Aa, — deyə məsələni başa duşdü, — şer yazırsınız? 

–Yox, bəs oyun oynayıram. Uşaq-zadam səninçün. 

Görürsən qan–tər içindəyəm. Bir həftədir gözümə yuxu 

getməyib. On min misra yazmışam, yağ kimi gedirdi, bircə 

zibilin axırını gətirə bilmirəm. Qəlbim dağlara getdi, qəlbim... 

tfu, hara getdi tapa bilmirəm. 


 460 

Əvəz: 


–Bağlara getdi, —dedi. 

Sadıqov bir an mat–məəttəl quruyub qaldı, sonra ilan çalmış 

kimi yerindən sıçradı, Əvəzin üstünə cumdu, març o üzündən, 

març bu üzündən öpdü: 

–Əşşi, sən fontansanmış ki, — dedi. — Saçlarını 

daramamağından görürəm ki, şairsən, mən səni göydə 

axtarırdım, yerdə əlimə düşmüsən. Deməli deyirsən: 

Qəlbim dağlara getdi. 

Qəlbim bağlara getdi.  

–Can! —deyə tələsik yazdı. Nöqtə qoydu. 

–Vse. —dedi. —Znaçit poemanı yazıb qurtardıq. 

Qalın bir qovluğu Əvəzə uzadıb: 

–Mən ölüm bir qafiyələrinə–zada əl gəzdir. Sinəm doludur, 

amma qafiyə  cəhətdən bir az axsayıram.  Özün  öz  ayağınla 

gəlib çıxmısan. Bir əl gəzdir. 

Əvəz  Əvəzov bir üzr istədi, dedi ki, mən  şair deyiləm, 

amma inişil avtobusda bir şairnən yol getmişəm. Ona verərəm, 

düzəldər, amma sən də  gərək mənim işimi düzəldəsən. Açdı 

məsələni dedi. 

Sadıq Sadıqov fikrə getdi, karandaşı ağzından çıxarıb başını 

qaşıdı. 

–Doğrusu, — dedi, — yaman şeyçün ağız açırsan. Deyir 

bəxşiş var xalvar–xalvar, hesab var dinar-dinar. Burda cibişdan 

məsələsi var. Özün bilirsən də, şer, sənət, yaxşı şeydir, amma 

ac qarına şer yazmaqdan nə çıxsın. Gərək cibin dolu olsun ki, 

təbin də fantan vursun, — sonra bir az fikirləşib əlavə etdi: 

—Yaxşı, sən arif adamsan, mənə bu poema üçün neçə 

verərlər? 

Əvəz nəyisə yadına salıb: 

–300 manat, —dedi. 

Sadıqov: 

–Yaxşı, — dedi, — göndər adamıvı gəlsin yanıma. Katibəyə 

tapşıraram. Desin katibəyə dağlardan gəlmişəm, bağlara 


 461 

gedirəm. Onda buraxar yanıma. 

İri bir qovluğu Əvəzə uzatdı: 

–Bunu da ki, verirəm sənə, əti sənin, sümüyü mənim.   

Əvəz Əvəzov gəldi birbaş Əsgər Əsgərovun üstünə: 

–Əsgər müəllim, — dedi, — bəlkə yadınızda ola, inişil bir 

avtobusda yol getmişdik. Biletinizi də mən aldım. 

Əsgərov  Əvəzin qoltuğundakı qovluğu görəndə sapsarı 

saraldı. 

–Yox... Yox... — deyə  kəkələdi. — Xəstəyəm... vaxtım 

yoxdur... yadımda deyil... başqa  şəhərə köçürəm... Nənəm 

rəhmətə gedib... Arvadım bolnisadadır... dayım damdan 

yıxılıb... sizi tanımıram... 

Əvəz: 


–Necə tanımırsan? —dedi. —Hələ  mənim sklyari balığım 

vardı, xoşunuza gəlmişdi. 

Birdən Əsgərin gözləri işıldadı; 

–Sklyari? 

Əvəz: 

–Bəli, —dedi. 



–Durur o balıq? 

–Yox, öldü. Amma istəsəz, sizinçün düzəldərəm. 

–Yəqin? 

–Yüz faiz! 

Əsgərov dərin bir ah çəkib: 

–Yaxşı, — dedi, — əsərin adı nədir? 

–Mənim deyil, tanışımındır. Xahiş edirəm oxuyasınız. 

–Oxumağına oxumayacağam. Amma balığı tapıb gətirsən, 

rəy yazaram ki, çap eləsinlər. 

Əvəz ordan gəldi bacanağı Namaz Namazovun yanına. 

Namaz Namazov zoomağazada satıcı işləyirdi. 

Namaz: 


–Bildir gedən bildirçin, hanı  sənin bir qıçın,—dedi,—nə 

əcəb, gün hayandan çıxıb, ay hayandan batıb? Sən də bizim 

qapımızı açarmışsan. Mənə görə qulluğun? 


 462 

Əvəz məsələni açdı. Namaz eynəyini taxıb: 

–Əşi, mənim, bax belə bu dörd gözüm üstə, —dedi. —Bu nə 

işdir ki, sən boyda kişi o boyda yolu gəlmisən. Zəng vuraydın 

da. Amma hardan? Mənim də lap ağlım çaşıb. Skleroz-

zəhirmar, yadımdan çıxıb ki, telefonum yoxdur, çəkdirə 

bilməmişəm. Görürsən, hərdən otururuq, arvad deyir, bacımçün 

lap burnumun ucu göynəyir, bir telefonumuz olmadı, zəng 

eləyib deyək bacılı-bacılı, can bacılı. Bura bax, Əvəz, deyirlər 

sənin ATS-də adamın var, bəlkə bu işə bir əncam çəkəsən. 

Canımçün sən boynuma bu boyda xəcalət qoysan, mən də 

qalaram pis vəziyyətdə ki, xəcalətindən necə çıxım? 

Əvəz gəldi birbaş ATS-ə Əkbər Əkbərovun yanına. Neçə il 

bundan qabaq ət oçeredində tanış olmuşdular. 

Əkbər: 

—Yadındadı, —dedi, — yadındadı o günlər? Yaxşı oldu ət 



işi düzəldi, mənə görə qulluğun?  

Əvəz Əvəzov əvvəlcə: 

—Qul sahibi olasan, —dedi, sonra məsələni açdı. 

Əkbər Əkbərov: 

—Yox, — dedi.  — Çox çətin yerdən yapışmısan. 

Düzəlməyəcək. — Bir müddət susdu, durub otaqda var-gəl 

elədi. —Daha sənsən də  Əvəz — dedi. — Səndən keçə 

bilmirəm. Təzə nömrə vermək imkanımız yoxdur. Amma 

pojarnı komandanın nömrəsini alıb verərəm sənin bacanağına. 

01-lə necəsən? Həm qısa, həm rahat. Gülürsən, işin düzəlib. 

Ah, haramzadə, vur bura. Aşna, o gün səni futbolda qarmon 

çalan Qulu Quliyevlə yanaşı görüblər, olmaya dostsuz. 

Əvəz: 

—Yox, yerimiz yan-yana düşmüşdü. Yoxsa heç tanış 



deyilik. 

Əkbər: 


—Əlbəttə, — deyə qaş–qabağını tökdü. — Mənə  gələndə 

tanış olmazsan da. Adama yaxşılıq yoxdu, ədə, mən sənə 

telefon düzəltmək üçün, atama od qoyuram, sən mənim 


 463 

bacanağımın toyuna bir qarmonçunu gətirə bilmirsən? Deməli, 

belə oldu? 

Əvəz  Əvəzov  Əkbər  Əkbərovun yanından çıxıb gəldi 

uşaqlıq dostu Qulam Qulamovgilə: 

—Qulam, — dedi, — ölmüşəm, gərək məni yerdən 

götürəsən. Eşitmişəm, sən bildir qarmonçalan Qulu Quliyevin 

bibisinin dişini çəkmisən, qurban olum sənə, ona deginən, 

Qulunu dilə gətirsin, bir tanış var, onun toyuna getsin. 

Qulam: 


—Əvəz, — dedi, — mən sözü adamın üzünə açıq deyənəm. 

Qulunu toya gətirmək mənimçün su içmək kimi asan işdir. 

Amma sən də  gərək bizim bir işimizi düzəldəsən. O yan, bu 

yan yoxdur. Oğlum bu il necə olsa ali məktəbə girməlidir. 

Bıçaq sümüyə dayanıb. İnişil girəsi idi. 

Əvəz: 


–Canla-başla sənə kömək edərdim, — dedi. — Amma mən 

nə edə bilərəm?  

–Çox  şey.  İmtahanı  Bəşir Bəşirov qəbul edəcək. 

Vələdüzinanın biridir. Üç il yayı özü qalır qəbul 

komissiyasında. Bir il qaldı velosiped aldı, bir il qaldı —maşını 

aldı, bu il də qalıb, deyəsən tramvay almaq istəyir. İndi gərək 

sən bu Bəşiri bişirəsən. 

Əvəz: 


–Axı mənim onunla heç salam-kəlamım yoxdur, — dedi. 

Qulam: 


–Zato o Bəkir Bəkirovun dostudur. — dedi. 

–Nə olsun, mən Bəkir Bəkirovu da tanımıram. 

–Sən bir mənə qulaq as. Bəşir Bəşirov Bəkir Bəkirovun 

dostudur. Bəkir Bəkirov Bəbir Bəbirovla qardaş kimidirlər. 

Bəbir Bəbirov Bədir Bədirovla qonşudurlar. Necədir səninçün? 

–Lap yaxşı, amma... 

–Dayan, darıxma, dalına qulaq as. Bədir Bədirov bu yaxında 

oğlunu evləndirmək üçün Tələt Tələtovgilə elçi gedəcək. Tələt 

Tələtov Qüdrət Qüdrətovun dostudur. Qüdrət Qüdrətov Fikrət 


 464 

Fikrətovla qardaş kimidirlər. Fikrət Fikrətov da Seyid 

Seyidovla bir evdə yaşayır. İndi bildin: Seyid Seyidov. 

–Axı mən Seyid Seyidovu da tanımıram. 

–Neynirsən tanımağı, Seyid Seyidovun bacısı var. Səidə 

Səidova. Səidə  Səidova da Fəridə  Fəridovanın yaxın 

podruqasıdır. Fəridə Fəridova isə... hə, deyim deməyim. Yoxsa 

bunu da tanımayacaqsan?! Fəridə  Fəridova, eşitdiyimə görə 

cavanlıqda sənə bir qəlbdən min qəlbə aşiq olubmuş. Dünən bir 

kitabda oxumuşam ki, məhəbbət ölmür. Bunu oxuyan kimi 

barmağımı dişlədim. Dedim ay dili qafil dinmə, burda iş var. 

Gərək Əvəz Əvəzovun saqqalının altından keçəm. İndi, Əvəz, 

bax da. Taleyimizi sənə tapşırıram. 

Əvəz Fəridə Fəridovanı təqaüdçülərin istirahət evində tapdı. 

Fəridə uzun zaman eynək  şüşələrini sildi, sonra eynəyini 

taxıb diqqətlə Əvəzə baxdı: 

—Adını bir də de —qulaq aparatının ucunu onun ağzına 

tərəf tutdu, nəhayət birdən çəliyinə dirsəklənib ayağa qalxdı. 

—Ah, şənşənmi, əşişim, — dedi, stəkandan dişlərini çıxarıb 

ağzına saldı və ürəyini tutub: 

—Ah, — deyə  qəşş etdi. Sonra özünə  gəldi və başladı, nə 

başladı: 

—Nə üçün belə gec gəldin, mənim göyərçinim. Neçin belə 

gec gəldin. Ayrılıq  şərbətini mənə verəndə saqınmadınmı, 

yavrum, fəqət, bu bir aldanış, bir röya, çəkil gözlərimdən ey 

təkrarsız gəncliyimin mənhus kölgəsi, mən yerləri, göyləri, 

məğrur buludları,  şaqraq  şəlalələri eşqimə  şahid çəkirəm. 

Bəsdir bu röya! Bəsdir bu riya! Bəsdir bu iztirab! Ah! 

Qəlbimin titrək telləri xoş bir müjdənin bahar nəsimilə titrədi, 

çağladı, susdu, söndü. Sınıq rübabımın canalıcı  sədaları  ətraf 

qaranlığında həzin bir kaman kimi inlədi, fəqət  əfsus!  Əfsus! 

Artıq gecdir, zavallı! Unut məni!  Əlvida!  Əlvida müztərib 

cocuq!  Əlvida vəfasız sığırçınım! Son hicran axşamına bir 

dəstə zərif hrizantem belə gətirməyi unutdun, sərsəri! Bumudur 

sənin çılğın eşqin, bumudur sənin insanı  sərməst edən 


 465 

vədələrin?! 

Əvəz başa düşdü ki, xrizantemsiz söhbət açmağın köhnə 

pulnan iki qəpik xeyri yoxdur. Verdi özünü bazara. İlin bu 

vaxtında xrizantem–zad nə gəzir? 

Tində iki cayıl dayanıb papaqlarını basmışdılar gözlərinin 

üstünə.  Əvəz onlar dayanan yerdən gen keçmək istəyirdi, 

olmadı, cayıllardan biri onun yolunu kəsib o birinə müraciətlə: 

—Bu saat bu kulturni yoldaşdan bilib öyrənərik, — dedi, 

sonra Əvəzə tərəf döndü və yoldaşını göstərdi: 

—Mən ölüm, sən deynən, bu Balaqədəşə oxşayır, ya yox? 

Əvəzi soyuq tər basdı. Nə desin? Oxşayır desin, oxşamır 

desin. Cavabı birinin xoşuna gəlsə, hər halda o birinin xoşuna 

gəlməyəcək. Öz–özünə "ölmək–ölməkdir, xırıldamaq na 

deməkdir" qərarına gəldi və ötkəm səslə: 

—Sən öləsən, — dedi, — Elə bil fırt eləyib Balaqədəşin 

burnundan düşüb. 

Elə bunu demişdi ki, bu biri çayıl çibindən bıçağı çıxardı və 

Əvəzin üstünə hücuma keçdi. Birinci cayıl onun qabağını 

kəsdi, dava-mərəkə qopdu və  Əvəz fürsəti fövtə verməyib 

aradan çıxdı. 

Üç tin qaçdı, dördüncü tinin başında dayandı nəfəsini dərsin, 

bir də gördü göbəyindən bir az yuxarı soyuq bir lülə dirəyiblər. 

Tapançanın sahibi: 

–Salaməleyküm, göyçək oğlan, — dedi. — Mənim adım 

Balaqədəşdir, səninki nədir? 

Əvəz  Əvəzov tapbadan dəydi yerə. Ayılanda gördü ki, 

Balaqədəş iri bir mauzerlə bunun üzünü yelləyir. 

Balaqədəş: 

 

–Poyezd gəlib astanada dayandı. 



İçindəki çuşka-muşka oyandı, — 

 

deyə bir ağız meyxana dedi, sonra soruşdu. — Nə oldu, 



oyandın,  əcəb nervnisən. Lap nejni-marojnasan. Mənə bax, 

 466 

belə bir iş var. Maşın almaq istəyirəm. "Volqa". Amma 

gələcəm pulun verməyə, deyəcəklər, sən göy satansan, hardadır 

səndə bu qədər pul. Mənim də belə söhbətlərdən xoşum 

gəlməz. Neçə vaxtdır sənin kimi bir kulturnı axtarırdım, öz 

ayağınla gəlib çıxmısan. Bax "Volqa"nın qiyməti neçədir? Sən 

de. Əlli beş min, ay sağ ol. Sanıyıram ovcuva yüz min. Necədir 

səninçün? Üstündə də bir dəstə xrizantem. Gül sənin, pul sənin, 

ad sənin, maşın mənim. Hə, necədir? 

Əvəzin dili tutulmuşdu, danışa bilmirdi, başıyla işarə elədi 

ki, razıyam. 

Əvəzin qaynı  Bəhram Bəhramov üç il bundan qabaq ev 

almışdı, üç ay bundan qabaq müdafiə eləyib kandidat olmuşdu, 

üç həftə bundan qabaq "Volqa" almışdı, üç gün bundan qabaq 

da adam basmışdı. Düzü heç adam zad da basmamışdı. Amma 

piyan bir kişi gəlib özünü yapışdırmışdı  Bəhramın maşınına, 

özü də maşın duran yerdə. Maşınının içində heç kəs yox imiş. 

Bəhram bu vaxt evində oturub futbola baxırmış. Bəli sərxoş 

kişi yıxılıb "Volqa"nın üstünə, elə bilib pianinadır, deyib gərək 

mən bir "Yabloçka" oynayam. "Volqa"nın maralı ilişib kişinin 

burnuna, qanadıb burnunu. Ayılıb yapışıb Bəhramın 

yaxasından. Deyir mənə flan qədər pul verməsən, mən verəcəm 

səni suda. Kefivə bax. Bəhram soyulub qurtarıb. İstəyir maşını 

sata, bəlkə bu pula kişinin ağzını piyləyə. 

Əvəz gəldi Bəhram Bəhramovun yanına. 

Bəhram: 


–Bu lap mənimçün göydən düşüb, —dedi. —Sataram 

Volqanı yüz min manatı qoyaram cibimə, əlli beşinə təzə maşın 

alaram, qalanını da... toy edərəm, evlənərəm. Bax, Əvəz, gərək 

mənə bir yaxşı  qız tapasan. Evim var. Mebelim var. Pianina, 

xolodelnik, televizor, pılesos, polotyer, hamısını düzəldiblər 

mənimçün.  İndi sən də  gərək mənə bir yaxşı  qız düzəldəsən. 

Lap açığı  sənin  şöbəndə bir mamlı–matan var. Gözüm düşüb 

ona. Maşinistkadır. Rəhimə Rəhimova. 

Əvəz işdən sonra maşinistka Rəhimə Rəhimovanı saxladı ki, 


 467 

getmə, qızım, qal, yazım var, yaz. 

Elə ki, otaqda tək qaldılar, Əvəz səsini yavaşıdıb: 

–Rəhimə, —dedi. —Yazı bəhanə idi. Yazım–zadım yoxdur. 

Səninlə şəxsi söhbətim var, məxfi. Məni düzgün başa düş. 

Rəhimə yerindən sıçradı: 

–Aaaa, ayıb olsun sizə yoldaş Əvəzov, — dedi. — Mən sizi 

bir abırlı kişi bilirdim. Heç utanmırsınız. Mən bir həyalı, 

ismətli, namuslu qızam. Qardaşım bilsə  məni tikə-tikə 

doğrayar.  Əmim oğlu başımı  kəsər, dayım oğlu gözümü 

çıxardar. Ayıb deyil sizinçün. Arvadınızın gözünün içinə necə 

baxacaqsınız. Elə bu gün görmüşəm onu, gəlmişdi sizin 

maaşınızı almağa. 

Əvəz qıpqırmızı qızardı: 

–Ay qız, bir toxta görək, — dedi. — Sənin fikrin hara 

gedib? Məsələ tamam başqa cürdür. — Əl-qərəz məsələni 

Rəhiməyə açdı. 

Rəhimə: 


–A, — deyə fikrə getdi. — Belə de. Neçə otaqdır, deyirsiz? 

Dörd? A beş?! Tək olur da. Atadan-anadan, bacıdan-qardaşdan 

heç kəsi yoxdur ki... Nə? Bacısı var? Hə, sizin arvadınızdır. 

Gediş-gəlişiniz yoxdur da? Aha, deməli, belə, çox yaxşı. 

Namizəddir, doktor? Namizəd? Doktorluğu nə haldadır, teması 

var, yazır, bir ilə müdafiə eləyər? Aha... Yaxşı, nə deyirəm, 

razıyam. Amma üç şərtim var. 

–Yaxşı, de görək şərtlərini. 

–Birinci maddə: kiçik bacım Rəhiləni uşaq bağçasına 

düzəldəcək. Ortancıl bacım Mədinəni musiqi məktəbinə 

düzəldəcək, özü də skripkaya yox a, pianinoya. Kiçik qardaşım 

Rəhimi instituta düzəldəcək. Ortancıl qardaşım Kərimi 

aspiranturaya düzəldəcək. 

–Dayan Kərim, tfu, dayan görüm, ay qız, dedin üç şərt 

keçdin dördə.  

Rəhimə: 


–Halvaymış, — dedi. — Üç şərtim üç maddədən ibarətdir. 

 468 

Mən hələ birinci maddənin a-sını, b-sini, v-sini və d-sini 

deyirəm. Hələ dalı var, q) böyükdən kiçik bacım Səkinəni 

kinoya prob eləyib bəyənməyiblər, gərək bu işi düzəltsin, çünki 

qızın yaman həvəsi var çəkilməyə, e) böyük bacım Əminəni...  

Əvəz cib dəftərinin əlifbasını açıb hərfləri saymağa başladı, 

saçı biz-biz oldu. Rəhimə: 

–j) –dedi, — böyükdən kiçik qardaşım Səlimi Neftyanikə 

sol kənar hücumçusu düzəldəcək. Özü də dublidə yox a, sonra 

mənə kələk kələr, əsas heyətdə. 

Əvəz zəif səslə: 

–Neçə bacı-qardaşsınız? —dedi. 

Rəhimə: 

–Məndən başqa doqquz, — dedi. — Hə, qaldı ikisi. İki əkiz 

qardaşım: Valid və Xalid. Validi gərək dama federasiyasına 

prezident düzəltsin, Xalidi də Dəlixanaya... 

Əvəz: 

–Dəlixanaya — prezident? — dedi.  



–Yox, patsient.    

Əvəz: 


–Yaxşı, — dedi. — Birinci maddə qurtardı? 

Rəhimə: 


–Qurtardı, —dedi. — İkinci maddə odur ki, gərək mənə 

yaxşı bir kvartira düzəltsin, pəncərələri dənizə tərəf. Eyvanı da 

olsun. 

—Kvartira neynirsən, ay qız. Bəhramın gül kimi kvartirası 



var. 

–Ana-atamı, bacım-qardaşımı da Bəhramgilə köçürdəcəm, 

on iki baş külfətik, qalmışıq bir otaqda.  

Əvəz köksünü ötürdü: 

–Keç üçüncü maddəyə. 

–Üçüncü maddə odur ki, ərim özü də, tanış–bilişi də gərək 

mənə Rəhimə yox, Rayeçka desinlər. 

Əvəz sevincək: 

–Bax, bu oldu, əla. — dedi. 


 469 

Üçüncü maddəni elə birinci gün düzəltdi. Birinci maddəni 

yerinə yetirmək bir az uzun çəkdi. Rəhiləni bağçaya düzəltmək 

üçün üç yaponski tranzistor, iki cüt çex ayaqqabısı, bir dəst 

Rumıniya mebeli boyun oldu. Mədinəni musiqi məktəbinə 

düzəltmək üçün qırx adamlıq qonaqlıq verməli oldu. Bağını 

satıb Rəhimi instituta, Kərimi aspiranturaya qəbul elətdirdi. 

Səkinəni kinoya çəkdirmək üçün rejissor haqqında radioda 

yaxşı bir veriliş  təşkil elətdirdi.  Əminənin təyinatını  kənddən 

şəhərə  dəyişdirdi, Səlimi Neftyanikə sol kənar hücumçusu 

düzəltdi. Əvəzində kiməsə tapılmayan bir dərman boyun oldu, 

kiməsə  fəxri ad. Validi şaşki federasiyasının prezidentliyinə 

itələmək üçün bir yaxşı yoldaşla mərc çəkib bir oturuma 25-

pors marojna yeməli oldu. Ən qəliz Xalidi dəlixanaya 

düzəltmək  məsələsi idi. Amma buna da əlac tapıldı. Sən demə 

dəlixana direktorunun müavini filatelist imiş. Quş  şəkli 

çəkilmiş markaları toplayırmış. Bütün quşları  yığıb 

hacıleyləkdən başqa, Əvəz yerin deşiyindən hacıleylək markası 

tapıb Xalidi kamal səliqəylə dəlixanaya saldırdı. 

Qaldı kvartira məsələsi. Bir səhər  Əvəz rayon evlər  şöbəsi 

müdiri Kamal Kamalovun qəbuluna gəldi.  Əvvəlcə  pəncərəyə 

baxdı. Çünki deyirlər ki, Kamal Kamalov adamlardan 

gizlənməkçün işə  pəncərədən gedib-gəlir. Bir yaxşı  kəndir 

nərdivanı da var. Gəldi gördü heç kəs yox, qapı taybatay açıq, 

gözlərinə inanmadı. Dedi yəqin yoldaş burda yoxdu. Keçdi 

katibəsinə salam verdi. Katibə: 

–Ələk-salam —dedi. — Xoş  gəlmisiz. Bizə görə 

qulluğunuz? 

Əvəz dedi ki, yoldaş Kamal Kamalovu görmək istəyirəm. 

Katibə: 


–Buyurun, — dedi, — keçin içəri. 

Əvəz Əvəzov daha böyük təəccüb içində içəri keçdi. Kamal 

Kamalov dərhal masanın arxasından durub Əvəzə tərəf gəldi. 

–Salaməleykum, —dedi. —Xoş gəlmişsiniz, bağışlayın tanış 

deyilik. Tanış olaq. Kamal Kamalov. Çox şadam. 

Əvəz: 


 470 

–Əvəz Əvəzov, — dedi, əl verdi. 

–Mənə görə qulluğunuz.  

–Mənzil üçün gəlmişəm. 

–Əcəb eləmisiz. Neçə otaq lazımdır? 

–Üç-dörd. 

–Üç-dörd, deməli yeddi. Çox gözəl.  Şəhərin hansı 

rayonunda? 

Əvəzə elə gəldi ki, yuxu görür, ya da Kamalov onu dolayır, 

amma fikirləşdi ki, nə olar olar. 

–Mərkəzdə olsa yaxşıdır, — dedi. — Təzə evdə. Dənizə də 

balkonu olsun. Kamal Kamalov: 

–Baş üstə, gözüm üstə, — dedi, — ərizə yazmısız? 

–Xeyr. 


–Oturun yazın. Bu kağız, yox dayanın, bu pis kağızdı, bax 

bunda yazın,  əla yağlı kağızdır.  Bu  da  qələm, bu tərəfi göy 

yazır, bu tərəfi sumağı, bu tərəfi narıncı, heyf səkkiz rəngli 

qələmim evdə qalıb. Hansıynan istəsəz yazın. Yazdız? Lap 

yaxşı, verin dərkənar qoyum. 

Kamalov  Əvəzin  ərizəsini götürdü, yaxşı bir dərkənar 

qoydu, altında da ili, ayı, günü yazdı, saatı yazmaq istədi, qol 

saatına baxdı, gördü yatıb. 

–Bağışlayın, —deyə,  Əvəzə müraciət elədi. —Mənim 

saatım yatıb, saat neçədir? 

Əvəz dedi ki, mənim də saatım yoxdur, amma bu saat 

öyrənərəm. Çıxdı katibədən soruşsun, gördü katibə gedib. 

Yüyürdü dəhlizə, gördü heç kəs qalmayıb, çıxdı küçəyə. 

Birdən o səkidə köhnə dostu Əli Əliyevi gördü. Yanaşıb Əliyə 

əl verdi, dedi: 

–Köhnə dostum Əli  Əliyev, nə yaxşı ki, sənə rast gəldim. 

Köhnə dostum, de mənə görüm saat neçədir? Əli: 

–Mehriban dostum Əvəz  Əvəzov, — dedi, — nə yaxşı ki, 

sənə rast gəldim. Saatı deməyinə deyərəm, ancaq, mehriban 

dostum, sən də mənə bir kibrit ver, indicə... 

 

(ardı var)     



 

Əhməd Biqəm 

 

 471 

 

 



Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin