BİR STƏKAN SU
Bir gün kəndə şəhərdən böyüklər gəlmişdi. Camaatı yığıb
bir yaxşı iclas elədilər. Pambıqçı danışdı. Çoban danışdı.
Meşəbəyi danışdı. Mexanizator danışdı. Zootexnik danışdı.
Şəhərdən gələnlərdən biri dedi ki, bəs heç gözümə cuvarların
nümayəndəsi dəymir. Yəni bu boyda kəndin bir qabaqcıl cuvarı
yoxdur. Əl-ayağa düşdülər, dedilər necə yoxdur, heç elə iş
olar? Əlbəttə var, harda olsa bu saat tapıb gətirərik. Getdilər
suyu qurumuş dəyirmanın yanına, gördülər su çıxmaz arxın
cuvarı Cəfər saman altdan su buraxır. Gətirdilər Cuvar Cəfəri
birbaş iclasa. Böyüklər — Ay sağ ol, Cuvar yoldaş —dedilər,
hamı danışdı, dur sən də bir-iki kəlmə de!
Cuvar Cəfəri itələdilər kürsüyə sarı. Cuvar Cəfər lap özünü
itirmişdi. Nə desin, nədən danışsın. Kişi elə karıxdı, elə çaşdı
ki, vurdu kürsünün qırağındakı stəkanı saldı yerə, stəkan sındı,
su dağıldı.
Cuvar Cəfər lap özünü itirib dili dolaşa-dolaşa:
–Eybi yoxdur, — dedi, — su aydınlıqdır.
Bunu deyib düşdü aşağı, getdi oturdu bir bucaqda.
İclasın axırında şəhərdən gələn böyüklərdən biri yaxşı bir
nitq söylədi. Dedi ki, mən bir şeyi sizə xatırlatmaq istəyirəm.
Suvarma işlərinə xüsusi diqqət yetirmək lazımdır. Qabaqcıl
cuvarların təcrübəsini dərindən öyrənmək lazımdır. Burada
məndən əvvəl çıxış edən kəndinizin fəxri, adı dillərdə əzbər
məşhur Cuvar Cəfər yaxşı bir söz dedi. Dedi ki, su aydınlıqdır.
Mən bu sözə yüz faiz şərikəm, suyun qədrini bilin. Cuvar
Cəfərin qədrini bilin. Su bizim gələcək qələbələrimizin
rəhnidir. Su aydınlıqdır. Su aydınlıq gecələrin ulduzudur.
Cuvar Cəfərin ulduzu belə parladı. Göndərdilər Cuvar
Cəfəri Özbəkistana təcrübə mübadiləsinə. Bəstəkar Nadir
488
Nikbin şair Bəkir Bədbinin sözlərinə bir mahnı yazdı, müğənni
Süsən Sünbül oxudu, aləmə yaydı.
Hər axşam, hər səhər
Yüz dəfə, yüz səfər
Arxlara su verib
Qazandın min zəfər.
Tarlanı, bostanı
Tez suvar, Cəfər,
Mən səni sevirəm
Ay Cuvar Cəfər.
Balam, ay Cuvar Cəfər
Gülum, ay Cuvar Cəfər.
Canım, ay Cuvar Cəfər.
Belə ay Cuvar Cəfər.
Bir gün Cuvar Cəfəri çağırdılar şəhərə. Samur-Dəvəçi
Kanalının 22 illiyi münasibətilə böyük məclis çağrılmışdı.
Qəflətən sədr elan etdi ki, söz Cuvar Cəfərə verilir. Cuvar
Cəfər lap mat-məəttəl qaldı. Nə bileydi ki, danışacaq. Amma
daha geç idi. Hamı onu gözləyirdi, Cuvar Cəfər qalxdı kürsüyə,
bir az ora-bura döyükdü, gözü sataşdı kürsünün qırağındakı su
stəkanına, boğazını arıtladı və dedi.
–Bax, məsələn, götürək bu su stəkanını. Yaxşı deyiblər ki,
su girdi qaba oldu içməli. İndi bax, məsələn, mən bu
stəkandakı suyu götürüb içə bilərəm. Amma, məsələn, bu su
burda üç gün qalsa, içə bilmərəm. Niyə? Çünki su bir yerdə
qalanda iyiyər. Elə ona görə də kanal çəkirlər ki, su bir yerdə
qalmasın, daima axsın, çuxuru tapsın, yaşasın bu kanalı çəkən
əməkçi yoldaşlar!
Cuvar Cəfərə xeyli əl çaldılar.
Elə oradan çıxarıb basdılar onu qara "Volqa"ya, apardılar
mitinqə. Mitinq köhnə hamamlara təzə tas qoyulması
489
münasibətilə çağırılmışdı. Cuvar Cəfəri maşından çıxarıb bir
baş kürsüyə itələdilər.
Cuvar Cəfər:
–Götürək məsələn bu bir stəkan suyu, — dedi, —
Niqalayski vremədə xozeynlər bu suyun üstündə zəhmətkeşləri
çox incidiblər. Onları suya aparıb susuz kətiriblər. Doğrudur,
bəzi vaxt gözdən pərdə asmaq üçün hamam-zad da tikiblər.
Amma hamam suyuyla çamaatı dost tuta bilməyiblər. Eh!
Danışmaqla qurtarmaq olmur. Çox söz hamamda yada düşər.
Mən bu şanlı gündə köhnə hamamlara təzə taslar qoyulması
münasibətilə sizin hamınızı təbrik edirəm.
Mitinqdən sonra Cuvar Cəfərdən xahiş etdilər ki, televizorla
çıxış etsin. Cuvar Cəfər:
–Elərəm, — dedi, — amma bircə şərtlə, qabağıma bir stəkan
su qoyun.
Bir saatdan sonra Cuvar Cəfər:
–Hörmətli televiziya tamaşaçıları, — dedi, — götürək,
məsələn, bu bir stəkan suyu.
Bundan sonra bir həftə Cuvar Cəfər müxtəlif iclaslarda çıxış
elədi.
Pioner balalarla görüşdə dedi ki, əziz balalar, unutmayın ki,
yol böyüyündür, su kiçiyin. Baytarların müşavirəsində su
görəndə susamaqdan, at görəndə axsamaqdan danışdı.
Astronomların elmi konfransında suyun duru, ayın arı olması
haqda mülahizələr irəli sürdü. Tərcümə problemlərinin
müzakirəsində müəlliflərin yadına saldı ki, su gərək quyunun
dibindən çıxsın, quyuya su tökməklə sulu olmaz. Qəzet
müxbirilə müsahibə zamanı, müsbət qəhrəman və müsbət ideal
haqqında öz fikrini belə ifadə etdi: suyun lal axanı, adamın
yerə baxanı.
Bir gün lap böyük iclas çağırdılar və sözü Cuvar Cəfərə
verdilər. Cuvar Cəfərin daha kürsü görəndə karıxan vaxtı
çoxdan keçmişdi. Qazı-qazı kürsüyə tərəf addımladı, qalxdı, bir
müddət təmkinlə salonu süzdü, boğazını arıtladı və dedi:
490
–Məsələn, götürək bu bir stəkan... — birdən Cuvar Cəfərin
boğazı qurudu, rəngi sapsarı saraldı; xüsusi hörmət əlaməti
olaraq Cuvar Cəfərçün bu səfər stəkanına su yox, pürrəng çay
tökmüşdülər. Cuvar Cəfər dili dolaşa-dolaşa:
–Su... çay... göl... dəniz... batdım... — deyə adda-budda
kəkələdi.
Çoxdan bəri ona həsəd aparan Çayçı Cəmil 13-cü sırada
oturub rəqibinin çətinə düşdüyünü ləzzətlə seyr edirdi. Axırda
özünü saxlaya bilməyib yerindən qışqırdı:
–Hə, nə oldu, aşna? Çayda balıq yan gedər?
O gündən Cuvar Cəfərin ulduzu batdı, Çayçı Cəmilin
ulduzu parladı.
Pinti Səfər
Həfçi Məlik
Xoca Zığzığ
491
MARAQLI TƏDQİQAT
Gənc tədqiqatçı Səf Səfəyev neçə ildir ki, "Bir naməlum şair
haqda" adlı maraqlı mövzu üzərində çiddi tədqiqat işi aparır.
Bu günlərdə o dissertasiyasını tamamlamışdır. Aşağıda həmin
dissertasiyadan bir parçanı hörmətli oxucularımıza təqdim
edirik:
"Tədqiqatımızın əsas mövzusuna keçməzdən əvvəl mən
faydalı məsləhətləri, qayğıkeş münasibəti, dərin zəkası, həssas
qəlbi, həlim xasiyyəti, mehriban davranışı, xoş niyyəti, iti
qələmiylə mənə yaxından kömək etmiş hörmətli və məşhur
alimlərimizdən A.-ya, B.-yə, V.-yə, Q.-yə, D.-yə... (Cəmisi
otuz iki hərf — Redaksiyadan) öz səmimi və dərin
təşəkkürümü bildirmək istəyirəm.
Habelə bu işin yazılmasında yaxından iştirak etmiş şəxslərə
— Mövzunu tapan Tələt Tələtova, mənbələri araşdıran Müdhət
Müdhətova, mənbələri müəyyənləşdirən Əhəd Əhədova,
dəqiqləşdirən Əsəd Əsədova, əlyazmaları oxuyan Qüdrət
Qüdrətova, əlyazmaları tərcümə edən Hidayət Hidayətova,
sözləri, adları və istilahları izah edən Fikrət Fikrətova, bu
vasitəylə əldə alınan materialı sistemləşdirən Əhməd
Əhmədova, ümumiləşdirən Məmməd Məmmədova,
yekunlaşdıran Nemət Nemətova, dissertasiyanı karandaşla
yazan Şövkət Şövkətovaya, mürəkkəb qələmlə yazan İzzət
İzzətovaya, makinada yazan İsmət İsmətovaya və nəhayət.
cildləyən Karapet Aristakesova öz dərin minnətdarlığımı
bildirirəm.
Mənim elmi əsərim naməlum əsrdə naməlum bir şəhərdə
yaşayan naməlum bir şairə həsr olunmuşdur. Bəzi fərziyyələrə
görə bu şairin adı təxminən Çinar olmuşdur. Biz onu şərti
olaraq Çinar Girdimani-Beyləqani adlandırırıq. Çünki heç bir
şübhə ola bilməz ki, əgər o, Girdimanda dünyaya gəlmişsə, tam
492
bir hüquqla Girdimani, Beyləqanda doğulmuşsa eyni haqla
Beyləqani təxəllüsünü daşıya bilərdi. Çox təəssüf ki, uzun
illərin araşdırmaları sayəsində Çinar Girdimani-Beyləqaninin
şəxsiyyəti və tərcümeyi-halı haqqında heç bir məlumata rast
gəlmədik. Ancaq tam bir cəsarətlə deyə bilərik ki, o, öz
dövrünün gözüaçıq, savadlı, ensiklopedik biliklərə malik olan,
daima istismar edilən xalqın tərəfini saxlayan məğrur və
məşhur bir sənətkarı olmuşdur. Təəssüf ki, əlimizdə olan bir
neçə şerin Çinar Girdimani-Beyləqaniyə aid olub-olmadığını
qəti təsdiq etməyə əsaslı dəlillərimiz yoxdur. Ancaq heç bir
şübhə ola bilməz ki, böyük humanist və realist sənətkar kimi
Çinar Girdimani-Beyləqani ölməz şer bülbülləri sırasında
əbədi, möhtəşəm və özünəməxsus bir yer tutur. Bəzi alimlər
göstərirlər ki, "Gülün qədrini bül-bül bilər" aforizmini
ədəbiyyat tariximizdə ilk dəfə məhz Çinar Girdimani-
Beyləqani işlətmişdir. Bəzi tədqiqatçılar daha irəli gedərək,
hətta "Gül solanda, bülbül ağlar" aforizmini də ona isnad
edirlər. Biz bu sahədə daha cəsarətli bir addım ataraq, indiyə
qədər müəllifi məlum olmayan bir ifadəni də məhz Çinar
Girdimani-Beyləqani qələminin məhsulu saymaq istəyirik.
Həmin ifadə belədir: "Gül-güllükdə bitər". Bizcə, bu ifadəni
birinci dəfə Çinar Girdimani-Beyləqani işlətmişdir.
Bu müddəanı irəli sürdükdə nəyə əsaslanırıq: a) Bu ifadənin
müəllifi məlum deyil. Çinar Beyləqani-Girdimaninin bu ifadəni
yaradıb-yaratmadığı da məlum deyil. Deməli tam bir qətiyyətlə
demək olar ki, bu ifadənin Çinar Girdimani–Beyləqani
tərəfindən yaradılmadığını söyləməyə heç bir əsasımız yoxdur
və beləliklə bu ifadəni ona aid etməyimizə də heç kəsin etirazı
ola bilməz. b) Çinar Girdimani-Beyləqaninin əsərlərində
dəfələrlə "gül" "güllük", "bitər" sözlərinə və defisə rast gəlirik.
Deməli bu obrazlar, bu dil, ifadə tərzi, təhkiyə onunçün
səciyyəvidir. v) Bu fikirdəki dahiyanə sadəlik, dərin hikmət,
müşahidə və ümumiləşdirmə qüdrəti məhz püxtələşmiş bir
sənətkarın, dünyanın hər üzünü görmüş, geniş həyat
493
müşahidəsinə malik olan bir dühanın qələmindən xəbər verir.
Çinar Girdimani-Beyləqaninin neçə il ömür sürdüyü bizə
məlum deyil. Deməli güman etmək olar ki, onun uzun,
keşməkeşli və zəngin bir həyatı olmuşdur və qoca yaşlarında
həyatın hər üzünü görmüş sənətkar müdrik bir kəlam söyləyirsə
burada təəccüb doğuracaq bir şey yoxdur.
Aşağıda Çinar Girdimani-Beyləqaninin əruz vəzni ilə
yazılmış və hələ tapılmamış "Divani-Çinarından" bir qəzəli
oxucularımıza təqdim edirik.
DİVANİ-ÇİNAR
Necə ah eyləməyim gözləri qara getdi,
Dərdimə, möhnətimə dəvayi-çarə getdi.
Ol boyu sərv-rəvan, gözləri cənnət qapısı
Bizi cənnətdən edib qoydu avara getdi.
Dili-suzanımızı vədə ilə aldadıb
Yenə bu dərdi bizə bəxş edib hara getdi.
Canı qurban edəriz püstə dəhanına onun
Neylə küsdürdük onu, neylədik yara getdi.
Niyə zülm etdi bizə cövrü-cəfanı kəsdi
Dərd–möhnət işinə verdi bir ara getdi.
Ol mah üzlü gözəlin dişləri dürdanə–sədəf
Özü xoş oldu qami verdi Çinara getdi.
Qeyd: Bu qəzəlin "Divani-Çinardan götürüldüyünü,
"Divani-Çinarın" məhz Çinar Girdimani-Beyləqaniyə mənsub
olduğunu, habelə belə bir divanın mövcud olub-olmadığını
təsdiq edəcək faktlar, təəssüf ki, hələ əlimizdə yoxdur. Bəzi
fərziyyələrə görə Çinar Girdimani-Beyləqani qoşma da
yazmışdır. Aşağıdakı qoşma, təxminən onunku ola bilərdi.
494
QOŞMA
Başına döndüyüm gül üzlü dilbər
Yanağın üstündə xal gərək olsun
Buxaq ağ yaxşıdır, zülflərin siyah
Ləblərin yaqutu al gərək olsun.
Gəl çapaq atları Murov dağında
Çomərdlik vaxtında, iyid çağında
Toy-düyün günündə yar qabağında
Parça, ipək, atlaz, şal gərək olsun.
Yüz namərd yığılıb çıxsalar üzə
Biz laçın nəsliyik, sar neylər bizə
Yarın mehman olub gələndə sizə
Süfrədə yağ, pendir, bal gərək olsun.
Əcəldən istəməm möhlət ya aman
Yaxşıya yaxşıyam, yamana yaman.
Çinarın qoşması oxunan zaman
Şairlərin dili lal gərək olsun.
Qeyd: Göründüyü kimi xalq ədəbiyyatında qidalanan şair,
qoşma janrını yeni boyalarla rövnəqləndirmiş, yeni ifadə
vasitələri, təşbihlər, qafiyələrlə zənginləşdirmiş, yeni poetik
incilərlə parlada bilmiş, şer gülüstanımıza öz ətri, öz rayihəsi
olan tər çiçəklər ərmağan etmişdir.
Çinar Girdimani-Beyləqaninin əlimizdə olmayan maraqlı
şerlərindən biri də "S. hərfi" adlı şerdir. Bu şer sərbəst vəzndə
yazılmışdır. Həmin fakt bir daha sübut edir ki, sərbəst vəznin
yenilik olduğunu iddia edənlər yanılırlar, bu forma
ədəbiyyatımızda hələ çox qədimdən məlum idi. Çinar
Girdimani–Beyləqani hələ neçə yüz, bəlkə də neçə min il
bundan qabaq sərbəst vəzndə şer yazaraq nəinki müasir
ədəbiyyatın, hətta müasir texnikanın da bir çox nailiyyətlərini
495
uzaqgörənliklə qabaqcadan görə bilmişdir. Fikrimizin həqiqət
olduğuna inanmaq üçün şerdəki "telefon" sözünə diqqət eləmək
kifayətdir.
S. HƏRFİ
Qulaqımda telefonun dəstəyi
Titrəyib əsən
bir səs
səsləyir
səni
Qəsdən
pəsdən
Bəs sən?
Qulağımda telefonun dəstəyi
Qulağım səsdədir
Qulağım xəstədir
səsdən.
Bəs
yoxmu
bir kəs
kəssin
əzsin
bu səsin
səsini
səsləyəndə
səni
sənsizləşərək
…Səs.
Yenə səs:
—Siz?
—Sus.
—ssssssss.
Qeyd: Göründüyü kimi Çinar Girdimani-Beyləqani zəngin
və çoxcəhətli bir istedada malik olan sənətkar imiş. Bəzi
496
alimlərin fikrincə, Çinar Girdimani-Beyləqani adlı bir adam
ümumiyyətlə yerli-dibli olmayıb. Biz hələlik bu barədə nə "hə",
nə də "yox" deməkdən qəti boyun qaçırırıq. Çünki namizədlik
dissertasiyamızda bu məsələni həll etməyi qarşımıza məqsəd
qoymamışıq. Namizədlik dissertasiyasını müdafiə etdikdən
sonra, müəllif tədqiqatını davam etdirmək, doktorluq
dissertasiyası yazmaq və Çinar Girdimani-Beyləqaninin
mövcud olub-olmaması məsələsini ətraflı işıqlandırmaq
fikrindədir.
SON SÖZ. Müəllif Çinar Girdimani-Beyləqaninin qəzəllərini
yazan qəzəlxan Cümşüd Cümşüdova, qoşmanı qoşmuş aşıq
Mürşüd Mürşüdova, "S. hərfi" şerini işləmiş kibernetik maşın
"S. S.-Səksən Səkkizə" səmimi qəlbdən təşəkkürünü bildirir".
497
KƏLAM QONAĞLIĞI
Şanlı məktub!
Əzizim Baldadaş!
Bazar ertəsi, yerin məlim, zavmaq Baloğlan, bizi fisincan
plova çağırmışdı. Sağlığına yedik içdik, day kef boğazdan.
Araq vurdu bazarkom Atobbanın başına, dedi, bəs siz öləsiz,
bütün bu əhli-məclis kamal-ədəblə dəvət olunur sabah bizim
xanə–xaraba, kababa...
Xas günü Atobbagildə, yerin məlim, iç-bağırsağı, lüləni,
tikəni, ciyəri, böyrəyi, təzəcə qurtarıb keçmişdik ağ ətə ki,
tovaroved Xosməmməd dedi, sabah gərək bizə buyurasız
düşbərə qutaba. Çərşənbə axşamı yerin məlim, düşbərə qutabı
bədənə vurub bəh-bəh deyəndə, zavsklad Ənnağı qalxdı ki, bəs
sabah mənim qonağımsız, Səlyandan yaxşı balıq göndəriblər.
Cümə axşamı, yerin məlim, balığın axırına çıxırdıq ki, elə bu
dəm zavsex Nağdalı dedi: sabah bozbaşa bizə təşrif gətirməsəz
ta qiyamətəcən sizdən inciyərəm. Cümə günü, yerin məlim
Nağdalıgildə bozbaş qonaqlığı çox çəkdi. Tamadanın sağlığına
badə qaldırıb məclisi xətm eləyirdik ki, Baksovetin saatı 6-nı
vurdu, baza müdiri Burcəli dedi, bu saat burdan birbaş gedirik
bizə xaş, baş-ayaq, dırnaq, kəllə–paça, xolodes yeməyə. Əsil
məqamıdır. Yerin məlim, şənbə günü Burcəligilə getdik xaşa,
həftəni vurduq başa. Qaldı bir bazar, bir də müəllim Əhməd
Nəzər. Əhməd Nəzəri tanıyırsan da, müəllim babadır. Amma
gördü ki, qeyrət vaxtıdır, boğazını arıtlayıb: sabah inşallah bizə
qonaqsız —dedi, —sizi dəvət edirəm kələm qonaqlığına.
–Kələm qonaqlığı? O nə deyən şeydir?
–Kələm qonaqlığı — yəni pervi kələm borşu — po
yevropeyski, vtoroe kələm dolması — nasyonalnı, treti də
tutma kələm —internasyonalnı.
–A, dinmə, bu nədisə ayrı aləmdi! —dedik.
498
Uzun sözün qısası yığışıb səhər gəldik Nəzər müəllimgilə.
Nəzər müəllim:
–Ay sizi xoş gəlmisiz, –dedi, — səfa gətirmisiz. Qonaq
gəlməyən evə həkim gələr.
Burcəli töyşüyə-töyşüyə:
–Əmbə pilləkənlərin yaman hündürdür, —dedi, —
adamın lap kələyi kəsilir.
Nəzər:
–Eh, ay dost, —dedi, —biz çıxan zirvələrin yanında bu
pilləkən nədir ki...
Bəli, buyurduq içəri.
Nağdalı:
–Otağın nə dardır, ay Nəzər, —dedi.
Nəzər:
–Otağın darlığına nə baxırsan, — dedi, — adamın gərək
qəlbi gen olsun.
Əyləşdik. Yemək-içməyə keçməzdən qabaq bir
məşğuliyyət axtardıq.
Atobba:
–Ay Nəzər —dedi — nərdin var?
Nəzər:
–Nərdim yoxdur, dərdim var, — dedi.
Xosməmməd:
–Dərd düşməninin olsun, —dedi.
Nəzər:
–Düşmən ocaq başındadır, —dedi.
Mat–məəttəl bir–birimizə baxdıq, da kəlmə kəsmədik. Elə
bu vaxt Ənnağı durdu ki, bəs məni bağışlayın, gərək
ayaqyoluna gedəm və sonra Nəzərdən soruşdu:
–Ha tərəfə gedim, ay Nəzər?
Nəzər:
–Ha tərəfə gedirsən, get, – dedi, — təki məqsədin aydın
olsun.
Xosməmməd:
499
–Qaranlıqdır, ay Nəzər, — dedi, — işığı yandırsana.
Nəzər:
–İnsanın zəkası işıq saçmalıdır, — dedi, — elektrikdən bir
şey çıxmaz.
Bəli qaranlıqda bir az da oturduq, lap darıxdıq.
Nağdalı:
–Ay Nəzər, — dedi, — Zəhmət olmasa bir stəkan su gətir,
lap ürəyim yandı.
Nəzər:
–Ürək yanğısını suyla keçirmək olmaz, —dedi.
Bir az gözlədik, gördük balam, kələm qonaqlığından nəinki
xəbər-ətər, heç qoxu-ətir də gəlmir.
Burcəli:
–A kişilər, bu kələm nə oldu, — deyə soruşdu, — acından
qırıldıq ki...
Nəzər:
–İnsanın ruhu tox olsun, qarnı ac olsa da eyb etməz
deyəndə, barmağımızı dişlədik, məsələni başa düşdük.
Başa düşdük ki, Nəzər müəllim, sən demə bizi kələm
qonaqlığına yox, kəlam qonaqlığına dəvət eləyibmiş. Yerin
məlim.
Kiçiyin
Müfəttiş Miriş
500
BİZİM MÜSAHİBƏ
Bu günlərdə müxbirimiz Çığır Bağırov planetimizin ən qoca
sakini 299 yaşlı Kələmulla kişiylə görüşüb müsahibə
aparmışdır. Aşağıda müxbirin suallarını və Kələmullanın
cavablarını veririk.
Sual: Hörmətli Kələmulla, bu il siz 262 yaşından 299 yaşına
qədəm qoymusunuz. Üç il bundan qabaq sizin 250 illiyinizi
təntənəylə qeyd etdik. Bu barədə oxucularımıza nə deyə
bilərsiniz. Daha doğrusu, 299 illik həyatınızda ən əlamətdar
hadisələr hansılar olmuşdur.
Cavab: Nə deyim, a bala, hər halda 60 ilim lap yaxşı
yadımdadır. Ondan qalanı yaxşı yadımda deyil, o vaxt uşaq
idim, nə yadımda qalacaq?
Sual: Oxucularımız çox maraqlanırlar ki, siz Vaqiflə və
Vidadiylə görüşmüsünüzmü?
Cavab: Bəli, əlbəttə, ayıb sözdür ki, ikisini də lap yaxşı
tanıyırdım. Rəhmətliklər bərk dost idilər, həmişə qoşa
gəzərdilər. İndiki kimi yadımdadır, rəhmətlik Vaqif həmişə
rəhmətlik Vidadiyə deyərdi ki, ey Vidadi, sən bir bu gərdişi-
dövrani gəc rəftara bax e, Vidadi də cavab verərdi ki, Vaqif,
sən yaxşı bilərsən, görən bu durnalar nə məkandan gəlirlər?
Sual: Mirzə Fətəlini necə, görmüsünüzmü?
Cavab: Bəs necə? Mirzə Fətəlini lap yaxşı tanıyırdım. Bir
dəfə parapetin tinində rast gəldim, dedi, heç bilmirəm Hacı
Qaranı yazım yazmayım. Dedim yaz, babalı mənim boynuma.
Sual: Yəqin Sabiri də tanımısınız.
Cavab: Necə ki? Sabir həmişə məni görəndə deyərdi: nə
xəbər var, məşədi?
Deyərdim: sağlığın, deyərdi: az çox da yenə? Rəhmətliyin
yaman Mayakovskidən xoşu gələrdi. Deyərdi o kişinin mənə
böyük təsiri olub.
501
Sual: Oxucularımıza bir qədər də özünüz haqqında məlumat
verin.
Cavab: Nə deyim, a bala, ağır günlər olub, getsin gəlməsin.
Mənim atam kankan idi. Onun-bunun qapısında işləyərdi. Ona-
buna quyu qazardı. Anam həmişə ona deyərdi ki, a kişi, özgəyə
quyu qazan özü düşər. Qazan demişkən, qəşəng bir əhvalat
düşdü yadıma: bir kərə atam evə tez gəldi, qoltuğunda da iri bir
qazan, dedi arvad plovdur, qoy dəmə, mən də bu saat gəlirəm.
Amma mən gəlincə çəkmə. Hə, çəkmə demişkən, söz-sözü
çəkər, bir qəşəng əhvalat da düşdü yadıma: bir gün atam mənə
təzə çəkmə almışdı. İndiki kimi yadımdadır, çəkməni verdi
mənə, bir təpik də vurdu. Dedi, bala, çəkmənin şirnisi təpik
olar, papağınkı qapaz. İnşallah sabah sənə papaq alacam. Hə,
qapaz demişkən...
Sual: Hörmətli Kələmulla…
Cavab: Dayan, sözümü kəsmə. Kəsmə demişkən bir gözəl-
göyçək, mamlı-matan, naz atan, qəmzə satan, canan vardı,
ondan yaman kəsirdim. Səndən nə gizlədim, almaq istəyirdim
onu. Atam dedi ki, alma. Hə, alma demişkən, alma ye, bala,
utanma, gör nə şirin almadır.
(Müsahibənin ardını gələcək nömrələrimizdə oxuyun).
|