***
İyirmimərtəbəli bina şəhərin lap kənarında idi. Daha
doğrusu, burada şəhər qurtarır və çöl-biyaban başlanırdı. Bu
bina bomboş çöllə dəniz sahilinin arasında, qəribə bir tənhalıq
içində ucalırdı. Ətrafında bir neçə təpəcik vardı və bu
təpəciklərin üstündə iki-üçmərtəbəli evlər tikilmişdi, amma
iyirmimərtəbəli göydələnlə müqayisədə onlar balaca daxmalara
bənzəyirdi.
Taksi sürücüsü bu ünvana aparmağa heç cür razılaşmırdı.
Cürbəcür bəhanələr gətirirdi:
–Parka gedirəm... Növbəm qurtarıb... Yolumun səmti deyil.
Uzaqdır... —və s. Axırda belə bir şey də dedi: —
556
Ümumiyyətlə o tərəflər...
Tələbə başa düşmədi:
–Nədir ki, o tərəflər?
Sürücü dilini sürüdü:
–Yox, yəni deyirəm... —Sonra qəfildən razılaşdı: — Yaxşı,
gedək.
Yol boyu heç birisi — nə sürücü, nə tələbə kəlmə
kəsmədilər.
Sürücü:
–Bu da sənin binan, — dedi.
Onlar təzə, görünür, lap bu yaxınlarda istismara verilmiş
binanın yanına çatmışdılar. Sürücü düz çörək dükanının
qarşısında saxladı.
Tələbə haqqını verib çıxdı. Sürücü, tələbənin zənnincə
həddən ziyadə tələsikliklə maşını döndərdi və uzaqlaşıb gözdən
itdi. Ətrafda ins-cins yox idi. Qu desən qulaq tutulardı. Amma
səkinin yanında xeyli maşın dayanmışdı, hamısı da örtük
altında idi. Çörək dükanı bağlı idi. Qarının bura gəlib
çıxacağına tələbənin gümanı azdı: qoca, xəstə arvadın belə
böyük bir məsafəni qət edib bura gələcəyinə inanmaq çətindi
və ümumiyyətlə, bütün bu işlərdən tələbənin heç gözü su
içmirdi. Amma bina, doğrudan-doğruya vardı, özü də məhz
iyirmimərtəbəli idi. Tələbə mərtəbələri bir-bir sayıb
axırıncısına çatmışdı ki, qarının səsini eşitdi:
–Axı biz düz altıya danışmışdıq.
Qarı hardan peyda oldu? Tələbə nə ayaq səsi eşitmişdi, nə
maşın səsi, burada düşəndə qarıdan əsər–əlamət yox idi. Amma
hər halda indi arvad buradaydı, düz çörək dükanının qabağında
dayanmışdı. Bayaqkı qara paltarda, çiynində də yun şal.
Tələbə:
–Bağışlayın, — dedi. — Təqsir taksilərdədir. Nədənsə
heç biri bura gəlmək istəmir. Odur ki, mən beş dəqiqə
gecikdim.
Qarı cavab vermədi, üzünü binaya tərəf çevirib dedi:
557
–Gedək.
Binanın giriş qapısına tərəf addımladı. Tələbə onun ardınca
düşdü. Binanın içinə girdilər. Qarı liftin düyməsini basdı. Lift,
görünür, çox uzaqlardan, daha doğrusu, çox hündürlərdən
enirdi və çox ağır-ağır gəlirdi.
Nəhayət gəlib çıxdı, dayandı, qapıları taybatay açıldı. Onlar
kabinəyə daxil oldular. Kabinə tələbəyə qeyri-adi göründü.
Nəyə görə? Qarı 20-ci mərtəbənin düyməsini basdı. Lift aramla
yuxarı dırmanmağa başladı, haradasa yolun ortasında tələbə
yenidən bu kabinədəki qəribəliyi duydu, amma bu qəribəliyin
məhz nədən ibarət olduğunu yenə də təyin edə bilmədi. O, qarı
haqqında düşünməyə başladı və öz-özünə fikirləşdi: görəsən,
bu arvad ömründə heç bir dəfə gülümsünüb? Bu nə boş sözdür.
Əlbəttə ki, gülümsünüb. İndi isə, aydın məsələdir, dərd-qəm
basıb onu, zarafat deyil, dağ boyda oğlunu itirib, belə itkidən
sonra nə gülüş-filan? Amma iş ondadır ki, qarının sifət cizgiləri
onun ümumən gülüşə qabil olmasına şübhə oyadırdı. Heç bir
vaxtda, heç bir şəraitdə, heç bir vəchlə belə sifətin
təbəssümünü təsəvvür eləmək olmurdu! Bir an, bircə an
tələbəyə elə gəldi ki, o kabinənin qəribəliyinin məhz nədən
ibarət olduğunu tapıb və həmin andaca bu ixtira şüurdan silinib
getdi; bu barədə ətraflı düşünməyə macal tapmadı: lift bərk
silkələnərək dayandı, qapısı açıldı və onlar çıxdılar, 20-ci
mərtəbədə idilər.
Pilləkən meydançasında yeganə bir qapı vardı və bu qapıda
mənzilin nömrəsi yazılmışdı. Bir də lövhəciyin şüşəsi qalmışdı,
amma şüşənin altındakı lövhə bomboş idi — familiyasız, adsız.
Qapı möhkəm dəmirdən idi və çox təzə görünürdü. Qarı,
qapıya yanaşdı, zəngi basdı. "Arvadın başı xarabdı, — deyə
tələbə düşündu. —Yəqin oğlunun dərdindən başına hava gəlib.
Yoxsa boş mənzilə zəng niyə çalır? Ya bəlkə mənzil boş deyil,
orada kimsə var?"
Qarı, sanki onun fikirlərini oxuyubmuş kimi. — Həmişə
mənzilə girməzdin qabaq zəngi basın, — dedi, — əgər mənzilə
558
qaz dolubsa zəngin qığılcımından mənzil partlaya bilər.
–Bəs...
Yenə də onun deyilməmiş sözlərinə cavab olaraq qarı:
–Özün partlamaqdansa mənzil partlasa yaxşıdır, — dedi və
açarla qapını açıb içəri girdi. —Gəlin.
Bu yeni evlərdəki ən adi mənzillərdən biri idi və qarının
otağından fərqli olaraq çox səliqə-sahmanlıydı. Hər bir
rahatlığı da vardı: tərtəmiz mətbəx, dümağ kafelli hamam.
Otağın özü də çox təmiz, geniş, işıqlı idi. Olduğundan da geniş
görünürdü; əvvəla şey-şüy az idi — taxt, stol, kitab şkafı, iki
stul, vəssalam. İkincisi də dənizə açılan iri bir pəncərəsi vardı.
Pəncərədən bir axar-baxarlı mənzərə açılırdı —iki göz istəyirdi
tamaşasına. Tələbə kitab şkafının şüşəsi, dəhlizdəki güzgü və
divardakı saatı örtüklənmiş görəndə təəccüblənmədi.
Divarlarda çoxlu fotoşəkil vardı. Bu həmin o qarının
otağındakı adamların şəkilləri idimi? Ya yox? Tələbə bunu
dəqiq müəyyənləşdirə bilməzdi. Görünür, oradakı şəkilləri
xeyli vaxt seyr etmişdisə də əməlli-başlı hafizəsində saxlaya
bilməmişdi. Amma bir şeyi bilirdi ki, bu şəkillər daha
cavandırlar, əks olunmuş adamların sinlərinə görə deyil,
onların çəkilmə vaxtlarına görə təzə idilər, adamlar da yaxın
vaxtların dəbləriylə geyinmişdilər. Bütün bu şəkillər də hamısı
eyni biçimdə, eyni boyda idilər və burada da yalnız bircə şəkil
— ortadan asılmış gənc, güləşsifətli oğlanın əksi o birilərindən
iri idi. Oğlan köynəkdə idi, köynəyinin yaxası açıq idi. Bu
həmin o oğlan idimi, qarının evindəki şəkil və bu foto eyni
adamın təsviri idimi? Qarının vəfat etmiş (vəfat etmişmi?) oğlu
(oğlumu?) və bu şəkildəki şəxs eyni adam idimi? Bir yandan
eyni adam idi — çatmaqaş, oxşar sifət cizgiləri, o biri yandan
— yox. Qarının evindəki şəkil daha sinli adamın şəkliydi. Bığı
vardı. Həm də bu iki şəkildəki ifadələr bam-başqa idi.
Orada gərgin, özünü qısmış, hətta elə bil nədənsə qorxmuş,
nigaran bir adamın sifəti. Burada isə yalnız ifadə yox, xasiyyət
də sanki başqa idi —açıqürəkli, deyən-gülən, mehriban,
559
yapışıqlı bir şəxs... Bəlkə də bu eyni bir adamın müxtəlif
yaşlarda, müxtəlif şəraitlərdə, müxtəlif ovqatlarda çəkilmiş
fotoları idi.
Qarının səsi tələbəni fikirlərindən ayırdı:
–Necədir, bəyənirsiniz otağı?
O dərhal:
–Əlbəttə, —dedi və fikrən elandakı məlumatları burda
gördükləri ilə müqayisə etdi. Hər şey elanda təsvir
olunduğundan da üstün idi —otağa söz ola bilməz, rahatlıqları
da —əla. Lift, telefon... Telefon demişkən hanı telefon?
Tələbə:
–Bəs telefon? — deyə xəbər aldı.
Qarı stolun altından stulu çəkdi, stulun üstündə telefon
cihazı vardı, amma məftili kəsilmişdi.
Qarı:
–O, telefonu təhvil vermişdi, — dedi. — Axı indi onun
telefon nəyinə lazımdır? Amma cihaz bizimdir, əgər sizə
telefon vacibdirsə, dalınca düşün, nömrəni sizə qaytarsınlar.
Tələbə: "Telefon nəyimə gərəkdir, — deyə düşündü. –
Onsuz, da bu şəhərdə bir tanışım–dostum yoxdur.
–Yox, — dedi. — Telefonsuz da keçinərəm. Elanda
göstərilmişdi, mən də onun üçün soruşdum. Hə, bəs eyvan?
Qarı quru bir tərzdə:
–Eyvan yoxdur, — dedi və sağ divara tərəf çevrildi. Tələbə
onun baxışını izlədi və yalnız indi sağ divardakı qapıya diqqət
elədi. Qapı iki kobud taxta parçasıyla mismarlanmışdı. Tələbə
qapıya tərəf bir addım atdı, daha doğrusu, yarım addım atmaq
istədi, amma qarı çevik bir hərəkətlə onun qabağını kəsdi.
Qətiyyətlə:
–Yox, — dedi, — əgər siz bu mənzili kirayə götürürsünüzsə
ikicə şərtim var. Hökmən bu şərtlərə əməl etməlisiniz. Birincisi
heç vaxt bu qapıya yaxınlaşmayın. Ona dəyməyin, açmağa
cəhd etməyin. İkincisi də hamamda işığı gecələr yanılı qoyun.
O işıq dənizdən görünür.
560
Tələbə heç bir şey başa düşməsə də başını razılıq əlaməti
olaraq yellədi:
–Bəs pul? —deyə soruşdu. —Haçan versəm yaxşıdır?
Qarı:
–Elə indi, —dedi. —Deməli, mənzili kirayə götürürsünüz?
Tələbə:
–Bəli, — dedi və dəhlizə keçdi, orada balaca çamadanını
qoymuşdu, açdı, pul götürdü, otağa qayıtdı. Bütün bu işlər, iki
dəqiqə çəkdi.
Qarı pulları aldı, tələsik saydı:
–Bir aydan sonra gələn müddətin pulunu gətirərsiniz, —
dedi. — Sağ olun. –O, mənzilin açarlarını tələbəyə uzatdı. –
Mətbəxdə qab-qacaq var, istifadə edə bilərsiniz. Həmçinin
yorğan–döşəkdən, ağdan, balış üzündən. Onlar da taxtın
içindədirlər.
Tələbə qarını liftəcən ötürdü və mənzilə qayıtdı. İçəri
girərkən ona elə gəldi ki, otaqda nə isə dəyişilmişdir, amma nə?
Tələbə diqqətlə otağa göz gəzdirdi: ona elə gəldi ki, fotolar
azalıb. Bəzilərinin yerində mismarlar görünür. Qarı bunları
haçan çıxartdı? — deyə tələbə düşündü. — Mən dəhlizə
çıxanda? Maşallah, yaman əldən qıvraqdı qarı.
Tələbəni təəccübləndirən o idi ki, fotolar həm azalmışdı,
həmdə elə bil dəyişmişdi. O öz–özünə: "İşə bax, a! — dedi. —
Gör nə tez fotoları dəyişib. Özü də niyə? Mən onsuz da
onlardan heç birini tanımıram. Ümumiyyətlə, deyəsən bu arvad
başdan bir az mayıfdı. Görmürsən nə cür şərtlər qoydu:
"hamamda işığı söndürmə, dənizdən görünür". Dənizin bura nə
dəxli var, sən allah?" Tələbə güldü. Şən və qayğısız bir gülüşlə
güldü. Yalnız bu gün ərzində deyil, bəlkə də bütün bu gərgin
və bürkülü son ay ərzində ilk dəfə belə şən və qayğısız gülürdü.
Axır ki, hər şey onun istəyincə olmuşdu. Əsas da budur.
İnstituta düşdü. Möcüzə deyil, nədir? İkinci möcüzə də — bax,
bu mənzil. Özü də belə ucuz bir qiymətə. Hər rahatlığı, axar-
baxarı, sakitliyi. Özü də qulağı çəkilmiş kimisən, tamamilə tək
561
qala bilərsən, heç kəs sənə mane olmaz, nə bir səs, nə bir səmir.
Oxu, işlə, dincəl, yat... Otur belə, bax dənizə, siqareti yavaş-
yavaş sümür içinə, dincəl. Lənət şeytana, siqareti qurtarıb ki...
Bu qarı fikrini elə dolaşdırdı ki, siqaret almağı unutdu. Eybi
yoxdur, indi düşüb alar. İndi daha öz evi, öz ocağı var, haçan
istəsə gedə, haçan istəsə gələ bilər, heç kəs də onu sorğu-suala
tutmaz. Hardan gəlib, hara gedirsən? Pis olmaz çıxıb bir şəhəri
gəzib dolansa.
–Bu saat çıxarıq havaya — deyə tələbə qərar verdi. —
Siqaret də alarıq. Amma əvvəlcə bir üzümüzü qırxaq, duş
qəbul eləyək, madam ki, belə əntiqə hamamımız var, gərək
ondan bola-bol istifadə edək də. Sonra təzə köynək geyinib
gəzməyə çıxarıq.
O, kolonkanı yandırdı, soyundu və hiss elədi ki, duş
iynələrinin xoş masajı bədəninin bütün gərginliyini,
yorğunluğunu-arğınlığını yuyub aparır və bu günün təlaşları da,
"birdən baş tutmadı" qorxusu da, yavaş–yavaş boyatlaşıb
xatirələrə çevrilir... hər şey nə əntiqə düzəldi. Tələbə üzünü
tərtəmiz qırxdı, qurulandı, dəhlizə keçdi, çamadanı açıb təzə
köynək çıxartdı, geyindi, güzgünün örtüyünü sıyırıb atdı, saçını
daradı və otağa girdi. Pəncərənin rəngi dəyişmişdi.
Axşamlaşırdı və səmanın, dənizin boyaları da tündləşir,
qatılaşırdı. Görunür, bu rəng dəyişikliklərindəndir ki, dənizin
səthi ona bayaqkından daha aşağı göründü. "Mənzərədən
olmaz" —deyə tələbə düşündü və mexaniki bir hərəkətlə əlini
stolun üstündəki külqabıya tərəf uzatdı. Külqabının qırağına
qoyulmuş siqaretdən xəfif tüstü qalxırdı. Tələbə siqareti
dodaqları arasına alıb, içinə sümürdü, dənizin uzaqlarına baxdı
və birdən diksindi. Axı onun siqareti qurtarmışdı. Bu hardan
çıxdı, tələbə bu siqareti haçan yandırdı? Həm də ki, yarısı kül
olub tökülüb, deməli, çoxdan odlanıb. Haçandan? Qarı qoyub
gedə bilməzdi. Çox vaxt keçib. Deməli, o özü, tələbə bu
siqareti haradansa tapıb yandırıb, yana-yana qoyub hamama
gedib... Amma necə olub ki, bütün bunlar büsbütün yadından
562
çıxıb, heç çür yadına sala bilmir. Haçan, neçə? Tələbə öz-
özünə: "Bəli, — dedi, — deyəsən mənim skleroz xəstəliyim
çox erkən başlayıb axı... Mən yandırmamışamsa kim yandırıb
bu siqareti? — Qəribədir". Elə bil o öz-özunü sakit etmək
istəyirdi. Bu heç də onun xoşuna gəlmədi. Ümumiyyətlə
bugünkü mənzil sevdasının bütün məziyyətlərinə baxmayaraq,
nə isə anlaşılmaz bir şey onu narahat edirdi; amma bunun nə
olduğunu heç cür müəyyənləşdirə bilmirdi. Nədənsə bir də
fotoqrafiyaları gözdən keçirdi. "Qəribə sifətlərdir, — deyə
düşündü — neçə dəfə, nə qədər baxırsan bax, heç cür yadda
qalmırlar. Hətta bax bu — guya ki, qarının oğlu adlandırdığı
şəxs — bayaq mənə elə gəldi ki, o şəkildə gülümsünür, amma
indi baxıram, sifətində təbəssümdən əsər-əlamət yoxdur. Daha
dəqiq desək sifəti kədərlidir, narazı bir ifadə var üzündə,
gözləri də eynilə anasının, əlbəttə, əgər qarı bunun doğrudan da
anasıdırsa —gözləri kimidir —qəmli, məşum.
Tələbə divar saatının örtüyünü dartıb saldı. —Altıya iyirmi
beş dəqiqə işləmişdi. "Saatları da xərifləyib, — deyə düşündü.
— Gör, nə yaman geridir. İndi yəqin səkkizin yarısı olar".
Gedib hamamdan qol saatını gətirdi — çiməndə orda çıxarıb
qoymuşdu. —Doğrudan da səkkizə iyirmi beş dəqiqə işləmişdi.
Tələbə fit çala-çala qapını açdı, çıxdı, lifti çağırdı, gələndə
kabinəyə girdi və birinci mərtəbənin düyməsini basdı.
Tələbə binadan çöllüyə çıxdı və bir neçə addım gedəndən
sonra çevrilib evinə baxdı. Qəribədir, sanki bu evdə heç kəs
yaşamırdı, elə bil evi tikib təhvil vermişdilər, amma sakinləri
hələ köçməmişdi. Bütun pəncərələr, eyvanlara açılan qapılar
kip bağlı idi, heç bir yerdə paltar ipi, televiziya antenası, gül
dibçəkləri, pərdələr, işıq, bir sözlə, heç bir yaşayış əlaməti gözə
dəymirdi. Axşam düşürdü. Daha doğrusu, hələ axşam
düşməmişdi, ancaq şər qarışırdı, ala-toranlığın elə bir çağı idi
ki, küçə fənərlərini yandırmaq hələ tezdi, amma bu çıraqlarsız
da ətrafı seçmək çətinləşirdi; qaş qaralırdı. Tələbə bir qədər də
çöllükdə addımladı, ayaq saxladı, geri — binalarına baxdı,
563
mənzilinin pəncərəsini tapıb təyin etmək istədi. Bu müşkül
məsələ deyildi. Soldan son blok, sonuncu mərtəbə — güncdəki
mənzil onunku idi. Budur, bax, — dənizə açılan sarı pərdəli
pəncərə — onun pəncərəsi. Bəs bu biri tərəfdən nədir o — elə
bir divardan iki uzun dirək uzanıb çıxır. Tələbə diqqətlə baxdı
və başa düşdü –görünür, bu iki dirək mövcud olmayan eyvanın
dayaqları imiş və onların arasında görünən qapı da məhz o
çalın-çarpaz taxtalarla mıxlanmış qapıdır. Görəsən nə olub,
eyvanı tikməyi unudublar, ya eyvan uçub tökülüb, elə bircə bu
iki dayağı qalıb? Bəlkə bu uçulub dağılmış eyvanın (əgər o,
həqiqətən də uçulub tökülübsə) — müdhiş və faciəvi bir sirri
var? Tələbə xəyallara qapıldı bəlkə məhz elə qarının oğlu bu
eyvandan yıxılıb həlak olub, axı o, tələbə, həmin qapıya tərəf
yönələrkən qarı qeyri-adi bir çevikliklə onun yolunu kəsdi.
Əlbəttə, bütün bunlar fərziyyələrdən başqa bir şey deyil. Bir də
axı onun nə borcuna? Əsas odur ki, daldalanmağa bir bucağı
var — həm də belə gözəl, rahat mənzil —daha nə lazımdır
ona? Təmiz hamamı, işıqlı otağı, iri pəncərəsi... Budur bax, bu
pəncərə. Amma allah, bu nədir belə? Pəncərə —onun pəncərəsi
birdən–birə işıqlandı. Məhz bu pəncərədə, — onun
pəncərəsində, tək bircə onun pəncərəsində işıq yandı. Kimsə
işıq yandırdı. Deməli, indi orada, onun otağında kimsə vardı.
Tələbənin əti ürpəşdi. Anlaşılmaz bir hiss — şüura tabe
olmayan ibtidai vahimə hissi — tələbəni bir iş etməyə —
qışqırmaqa, qaçmağa, gizlənməyə — hər hansı bir fəal hərəkətə
sövq edirdi, hava qaraldıqca bu hiss daha da güclənir və eyni
zamanda onun əl-qolunu bağlayırdı. Bəzən yuxuda, adamı qara
basanda belə bir hal keçirirsən — qışqırmaq istəyirsən, qışqıra
bilmirsən, qaçmaq istəyirsən, ayaqların qıc olub qalır... Elə bu
an — evin qabağındakı səki gur işığa qərq oldu: gecə çıraqları
yandı və tələbənin başına ən adi və sadə bir izah gəldi: ola
bilsin ki, o, evdəykən bütün rayonun elektrik xətti şəbəkəyə
qoşulmayıbmış, otaq işığının düyməsi açıq imiş və indi bütün
rayonun işıqları yanarkən, təbii ki, onun otağının işıqları da
564
yanır. Hər şey necə də asan və aydın izah olunurdu... Tələbə
arxayın gülümsündü və avtobus dayanacağı olan səmtə tərəf
addımladı. Amma bir neçə addım atandan sonra elə bil kimsə
ona dedi ki, dön bir də binaya bax, daha doğrusu, öz mənzilinə,
mənzilin mövcud olmayan eyvanına və eyvanın yerində
görünən iki dayağa. O çevrilib baxdı və bir anda —bu an da
deyildi, anın yarısı, çərəyi, nə bilim neçədə biri idi — bəli, bu
qısaca müddətdə tələbəyə elə gəldi ki, onun mənzilinin eyvan
boşluğuna çıxan qapısı açıldı və oradan nə isə aşağı atıldı.
Amma bu an o qədər qısaydı, sanki onun heç bir gerçəkliyi yox
idi. Alnını soyuq tər basmış tələbə bundan sonra nə qədər
gözlərini həmin nöqtəyə zillədisə də hər şeyi bayaqkı kimi
gördü —çalın–çarpaz mıxlanmış qapı əvvəlki kimi bağlı idi,
eyvan boşluğunun dayaqları əvvəlki təkin havaya uzanmışdı.
Tələbə qaçmağa başladı, daha doğrusu, elə yeyin-yeyin
addımladı ki, az qala qaçırdı. Bir azdan sonra o azdı. Qaranlıq
bir küçəyə gedib çıxdı, buradakı evlər o qədər bir-birinə
bənzəyirdi ki, tələbə dolaşıb qaldı. "Bu evlər üçmərtəbəlidir, —
deyə tələbə düşündü, — onların arasında mən mütləq öz 20
mərtəbəmi, heç olmasa onun siluetini görməliyəm", həqiqətən
də bir neçə vaxt sonra saat doqquz radələrində o, xeyli gəzib-
dolaşandan sonra kösöv kimi qaralmış göyün fonunda nəhəng
binanın konturlarını sezdi, amma nədənsə ev indi xeyli alçaq
görünürdü; ətrafdakı üçmərtəbəlilərdən hündür olsa da, hər
halda iyirmi mərtəbəyə oxşamırdı.
Tələbə bu binaya sarı getdi. Nədənsə yaxınlaşdıqca
sevinmirdi, nə isə elə bil ürəyinə dammışdı ki, yeni bir
anlaşılmazlıqla rastlaşacaq. Doğrudan da bir azdan sonra o,
tanış çöllüyə çıxdı və mıxlanıb qaldı: qarşısında binanın
siluetini yox, skeletini gördü. — Çoxmərtəbəli bina xarabaya
çevrilmişdi — güman ki, yanmışdı, yarıuçuq divarların
arasında boş pəncərə — qapı deşikləri görünürdü.
Mərtəbələrin, tavansız-döşəməsiz mənzillərin arasında külək
vıyıldayır, birinci mərtəbədə bir neçə sərgərdan it boğuşurdu.
565
Tələbə inana bilmirdi ki, bu həmin o evdir. — Saat yarım
bundan qabaq onun tərk edib getdiyi binadır, amma hər halda
çöl-biyaban, şübhəsiz, həmin çöl biyaban idi. Qəribədir ki,
yanıb uçmuş evin qabağındakı səkiyə heç bir zərər dəyməmişdi
və bu səkinin kənarında xeyli maşın dayanmışdı. Otuz-otuz beş
minik maşını hamısı örtüklərin altında idi və görünür, burada
lap çoxdan dayanmışdı. Mümkünmü bu? Çexol altındakı
maşınlardan biri səssiz-səmirsiz yerindən tərpəndi, dayanmış
maşınların sırasından çıxıb tələbəyə tərəf yönəldi. Elə bil maşın
özü, sürücüsüz, hərəkət edirdi. Axı hansı sürücü örtüklü maşın
idarə edər?.. Maşın tələbəyə yaxınlaşdı və ehmallıca dayandı.
Tələbə gördü ki, doğrudur, maşının çexolu var, amma bu örtük
yalnız onun damına və kapotunun üstünə çəkilib. Sükanın
ardında cavan bir oğlan əyləşmişdi. Oğlan maşının
pənçərəsindən əyilib:
–Bağışlayın, — dedi, — bilmirsiniz burada iyirmimərtəbəli
ev hardadır?
Tələbə boğuq səslə:
–İyirmimərtəbəli? — deyə xəbər aldı.
–Mənə dedilər ki, bu çöldədir, yanmış beşmərtəbəli evin
yanındadır.
Tələbə yanmış binanı göstərərək:
–Bu evi deyirsiz? —deyə soruşdu:
Sürücü sevinclə:
–Özüdür ki var, — dedi; yanmış evi o, yalnız indi gördü —
mənə beləcə də izah etmişdilər. Deməli, həmin bu binanın
solundan burulub dəniz qırağına çıxmaq lazımdır. Əgər siz də o
tərəfə gedirsinizsə əyləşin aparım.
Tələbə maşının qabaq qapısını açdı və özünü itirdi. Burada
da rul vardı — maşının ikinci sükanı. Maşının iki rulu, iki
əyləci, iki eskalatoru, iki konusu vardı. Sürücü tələbənin
şaşqınlığını görüb gülümsündü:
–Təəccüblənirsiniz? — dedi. — Bu, tədris maşınıdır. Mən
özüm maşın sürmə üzrə təlimatçıyam. Sürmək öyrənənlər
566
mənim yerimdə əyləşirlər, maşını idarə edirlər, mən də sizin
yerinizdən onlara nəzarət edirəm. Ona görə də bu maşında hər
şey cütdür. Amma siz narahat olmayın, əyləşin, indi siz
tərəfdəki sükanlar işləmir.
Tələbə oturdu. Sürücü kiçik maqnitofonu işə saldı, xəfif, bir
qədər qəmli musiqi səslənməyə başladı. Yumşaq ressorlar,
paralon örtüklər, sakit musiqi qəribə bir rahatlıq, arxayınlıq
atmosferi yaradırdı. Əgər yaddaşda qala bilsəydi, yəqin ki,
adamlar ana bətnində — insanın ilk kainatında — özlərini belə
dinc, arxayın hiss ediblər.
Maşın yanmış xarabanın solundan buruldu, onlar dəniz
qırağına çıxdılar və tələbə dərhal iyirmimərtəbəni gördü. İndi
bina ala–bəzək elektrik işıqlarına qərq olmuşdu. Rəngbərəng
pərdələr, abajurlar, neon və adi işıqlar evin pəncərələrinə əlvan
bir çıraqbanlıq paylamışdı. Evin eyvanları insanlarla dolu idi,
onlar burda çoxdan məskən salmışdılar. Sakinlər yeyir–içir,
mırt vurur, gülür, eyvandan eyvana danışır, musiqi, radio
dinləyir, televizora baxır, cürbəcür oyunlar oynayırdılar. Ev
normal bir axşam həyatıyla yaşayırdı. Tələbə anladı ki, onlar
evin arxa tərəfindən çıxırlar, indiyəcən o, evi yalnız
avandından görmüşdü, odur ki, o biri səmt — yanmış xarabalıq
tərəf ona bu qədər qeyri-tanış gəlmişdi. Maşın dayandı.
–Çox sağ olun, deyə tələbə səmimi-qəlbdən sürücüyə
təşəkkür elədi. Daxilən o, bayaqkı təlaşı üçün xəcalət çəkirdi,
özünü danlayırdı. "Yekə kişisən, materialist, rasionalistsən,
tələbəsən, bir yandan da belə ibtidai bir qorxu. Ayıb olsun!"
Maşından düşərkən diqqətlə sürücüyə baxdı və tələbəyə elə
gəldi ki, sürücünün sifəti tanışdır. Sürücü də maşından düşdü,
qapısını açarla bağladı. Onlar binaya müxtəlif qapılardan daxil
oldular. Tələbə liftin düyməsini basdı. Lift haradansa çox
yüksək mərtəbədən gəldi, dayandı, qapısı açıldı. Tələbə
kabinənin içinə girdi, qapı bağlandı və işıq söndü. Kabinənin
içində göz-gözü görmürdü, tələbə kibrit çəkdi, odun işığında
iyirmimərtəbənin düyməsini tapdı, basdı və hiss elədi ki, lift
567
yuxarı yox, aşağı hərəkət edir; halbuki onlar birinci mərtəbədə
idilər. Əvvəlcə liftin xarab olması, zirzəmiyə, şaxtanın dibinə
düşməsi fikri tələbəni qorxuzdu, ancaq duyanda ki, lift elə hey
dərinliyə gedir, gedir, bir-iki mərtəbə deyil, azı səkkiz-on, yox
on dörd-on beş, iyirmi mərtəbəyə yer altında qərq olur —
tələbəni vahimə basdı. Yadına düşdü ki, kimdənsə eşitmişdi —
böyük şəhərlərdə bəzən strateji məqsədlərlə böyük binaların
altında yerin dərinliklərinə doğru neçə-neçə mərtəbə tikilir.
Amma indi, liftin görünməz dərin lağımın dibinə doğru bu
dayanmaz hərəkətində, tələbə nə isə bir məzar qoxusu duyurdu.
Belə dərin məzar ola bilməzdi, amma nədənsə tələbə
düşünürdü ki, ömrünün sonudur və qəribə, anlaşılmaz, mənasız
bir aqibətdir bu. Birdən kabinənin içində gur işıq yandı və
tələbə ilk baxışdan liftin ona qəribə görünməsinin səbəbini
anladı —kabinənin içində düz qapının qənşərində güzgü vardı,
amma bu güzgü kabinənin içini əks etdirmirdi. Başqa bir qapını
əks etdirirdi, bu qapıya oxşayan, amma tamamilə özgə bir
qapını. Lift qəfildən dayandı və sol tərəfdəki divarı açıldı —
demə, bu da qapı imiş. Tələbə kor adamlar kimi ayağıyla yeri
asta–asta yoxlaya-yoxlaya kabinədən çıxdı və qarşısında öz
mənzilinin qapısını gördü. 20 mərtəbədəki mənzil qapısını.
Şübhə ola bilməzdi —həmin nömrə, həmin familsiz lövhə,
zəng, kilid yeri. "Görünür bu xəstəlikdir, —deyə tələbə
düşündü, — oriyentir hissinin itməsi. Qaranlıqda səmti dolaşıq
salıram. Yuxarı hərəkət mənə enmək kimi gəlir. Bəzən belə
şeylər olur, adam sağı-solu çaşdırır. Sağ ayağını sol ayağı kimi,
solu sağ kimi duyur. Sabah həkimə getmək lazımdır". O,
qapının zəngini basdı və gülümsündü. "Şükür, mənzil
partlamadı". Açarla qapını açıb içəri girdi. Otaq çıraqban idi.
Dəhlizdə işıq yanmırdı. Çamadanı öz yerində idi. Tələbə otağa
bir az xoflu girdi. Diqqətlə otağa göz gəzdirdi. —Hər şey öz
yerində idi, onun qoyub getdiyi kimi. Axı ayrı cür ola da
bilməzdi: — taxt, şkaf, stol, stullar, qırıq məftilli telefon, divar
saatı, üstündə də örtüyü (məgər o bu örtüyü qoparmamışdı?)
568
Görünür qoparmayıbmış! Külqabı, külqabında da bayaqkı
yeganə siqaretin götüyü (ay səni, yadından çıxdı, siqaret
almadı). Fotolar... bəli fotolar... O, fotoları xüsusi bir diqqətlə
nəzərdən keçirdi; bu diqqət özünə də qəribə gəldi — sanki
fotolarda nə isə dəyişə bilərdi. Təbii ki, onlar əvvəlki kimi idi
— eyni miqdarda — evdən çıxmazdan qabaq tələbə nədənsə
onları saymışdı —səkkiz dənə idi, indi də səkkiz dənədir. Əgər
onun mənzildə olmadığı vaxt qarı gəlibmişsə də —yəqin ki,
onun öz açarı var —fotolara dəyməyib. Yəni bayaq,
doğrudanmı onları dəyişmişdi? Yəqin tələbəyə belə gəlib,
vəssalam. Axı niyə qarı iki daşın arasında fotoları dəyişməli
idi. Budur, bax, bu da oğlunun fotosu —əgər oğludursa! Tələbə
şən fit çala-çala mətbəxə keçdi. Heyf ki, küçədə azdı, başını
itirdi, yeməyə bir şey almağı unutdu. İndi evdə dişə vurmağa
bir şey yoxdur. O acmışdı. Eybi yoxdur, səhərə qədər, birtəhər
dözər. "Gedək yataq, hə, qarının xahişini yerinə yetirək,
hamamda işığı yana-yana qoyaq, madam ki, arvad bu işığı
mayak hesab edir, qoy onun istəyincə olsun". Tələbə hamamda
işığı yandırdı və kranı açdı. Su şux bir şırıltıyla axmağa başladı
və sanki onun axışı da adamın əsəblərini sakitləşdirirdi. Tələbə
yenə də gülümsündü. Sakit, arxayın, rahat bir təbəssümlə,
güzgüyə baxdı və güzgüdəcə öz gözlərinin dəhşətdən
böyüdüyünü gördü. "Düymə!" Bəli, düymə. Bu tələbənin lap
yaxşı yadında idi. Lap dəqiq. And içə bilərdi. Fotoda oğlan
köynəkdə idi və bayaq köynəyinin yaxası bağlı idi — tələbə
bunu tam dəqiq xatırlayırdı. İndi isə — tələbə bunu da
nəzərində aydınca canlandırırdı —oğlanın köynəyi
boğazınacan düymələnmişdi: Bundan qeyri şəkildə bir
dəyişiklik yox idi; eyni sifət, eyni poza, eyni ölçü. Tələbə: "axı
bu necə ola bilər?" — deyə düşündü. Güzgünün qabağında
donub qalmışdı. Vahimə bütün varlığına hakim kəsilmiş, qorxu
—onu müc eləmişdi. Tələbə addım ata bilmirdi, otağa keçib
fotoya bir də baxmağa ürəyi gəlmirdi —ona elə gəlirdi ki, indi
həmin şəkildəki oğlanı bəlkə də qalstuklu görəcək, ya...
569
"deyəsən mənim başıma hava gəlib, dəli olmuşam".
"Bəlkə —ağlına gözlənilməz bir fikir gəldi — kimsə qəsdən
məni dəli eləmək istəyir?" Qəribədir ki, bu fikir onu bir qədər
sakitləşdirdi, arxayınlaşdırdı. Düşmənini təyin edə bilsən,
onunla mübarizə etmək də asan olar. Amma kim idi onun
qəsdinə duran? Kim idi düşməni? Əlbəttə, qarı! Öz
təşəbbüsüylə olmasa da, hər halda bütün bu işlərdə qarının,
şübhəsiz, barmağı var. Bəlkə o, kiminsə mürəkkəb bir planının
icraçısıdır? Amma bu planın özünü kim tökmüşdür, kim burada
hansı məqsədi güdür? Eh, nə biləsən? Bəzən görürsən elə
düşmənlərimiz peyda olur ki, heç yatsaq yuxumuza də
girməzdi. Özü də həmin bu düşmənlərə heç bir vaxt, heç bir
pisliyimiz dəyməyib, amma axı düşmənçilik çox vaxt heç də
şəxsi münasibətlərdən yaranmır. Bax, məsələn o, tələbə, özü də
istəmədən kiməsə pislik edib — instituta daxil olub, kiminsə
yerin tutub. Götürək elə yataqxanadakı otaq qonşularını.
Bayaqkı maşının, iki sükanlı maşının sürücüsü yaman o oğlana,
ilk imtahandan kəsilmiş otaq qonşusuna oxşayırdı —tələbə
yalnız indi bunu dərk etdi — lap elə bil ekiz qardaşdırlar. Bəlkə
heç təsadüfi deyil ki, bayaq həmin qonşusuna elan lövhəsinin
qarşısında rast gəldi. Bəlkə bütün bu hoqqaları da elə o
düşünüb. Elan, qarı, sürücü-təlimatçı qardaş və nəhayət,
fotolar... Amma məgər onlar belə qəliz bir intiqama
qadirdirlər? Əgər bu cür mürəkkəb bir qisas forması kəşf edə
biliblərsə, elə bir bu ixtiraya görə onu instituta qəbul etməyə
dəyərdi. Həm də imtahansız-filansız. Onlar şübhəsiz, bilirdilər
ki, tələbə otaq axtarır. Bu qarını tapmaq, mənzili danışmaq, hər
şeyi belə məharətlə quraşdırmaq... Tələbənin artıq heç bir şəkk-
şübhəsi yox idi ki, bütün bunlar iblisanə bir planın nəticələridir
və o, mənzildə olmayan vaxt lap yəqin ki, qarı gəlib fotoları
dəyişib. Bu fikrə gələndən sonra tələbə otağa daha sakit girdi.
Düzdür, fotolara yanaşanda nə isə yenə bir nigaranlıq hissi
keçirdi, amma bütün iradəsini toplayıb şəkillərə baxdı.
Gözlərini oğlanın əksinə zillədi. Bu nə boş-boş fikirlərdir,
570
ilahi! Hamamda olduğu müddətdə axı şəkildə nə dəyişə
bilərdi? Nə dəyişmişdisə, o evdə olmayan müddətdə dəyişmişdi
— elədir ki, var: oğlanın köynəyi boğazacan düyməli idi.
Tələbə başqa fotolara baxmağa başladı, qarı onlarıdamı
dəyişdirib? Deyəsən yox, amma məgər bu cütlər —nişanlı
oğlanla qız, məgər ayaq üstə durmamışdılar, yox, oturublar,
görünür, elə oturublarmış, tələbənin dəqiq yadında deyil.
"Gərək bütün şəkilləri dəqiq yadımda saxlayım, sonra görsəm
ki, qarı yenə onları mən evdə olmayanda gəlib dəyişdirir onda
yapışım yaxasından — de görüm mən olmayanda niyə otağıma
gəlirsən, fotoları dəyişməyinin mənası nədir? Budur, bax, şəkil
— ata, ana və yəqin ki, qızları. Ər-arvad, arvad, deyəsən,
hamilədir. İki cavan oğlan —oxşayırlar, yəqin qardaşdırlar.
Hərbi paltarlı kişi. Cavan qız — fəvvarənin yanında dayanıb.
Uşaqlar —üç qız, iki oğlan uşağı. Çəlikli qoca. Vəssalam.
Aydındır. Deməli, ata, ana, qız. Bu belə. Ər-arvad. Arvad
hamilədir. Məgər ərin eynəyi vardı? Bu nə axmaq sözdür,
madam ki, eynəklidir, deməli varmış da... İki cavan oğlan
şübhəsiz qardaşdırlar, oxşayırlar. Hərbi paltarlı kişi. Fəvvarə
yanında qız. İlahi, axı onun sumkası vardı. Sumka necə oldu?
Ya yox idi? Görünür, yox imiş, madam ki, yoxdur... Onda qızı
kiminlə çaşdırıram, axı, yadımda qalıb: fəvvarə yanında qız,
əlində sumka. İki qız uşağı, bir oğlan. Bir oğlan. Bir oğlan? Hə,
görünür, oğlan bir imiş. Qoca. Bu qocanın nəyisə var idi, amma
nəyi? Bəlkə mən şəkillərin məzmununu müfəssəl yazım. Yox,
onda adam, doğrudan da dəli olar. Amma mən dəli olmayacam.
Bu qoca kaftarın və bütün məni istəməyənlərin acığına dəli
olmayacam. Saat neçədir görəsən? Qol saatında on birə iyirmi
beş dəqiqə işləmişdi.
Nədənsə tələbə divar saatına yanaşdı və örtüyü çəkdi. Divar
saatında üçə iyirmi beş dəqiqə işləmişdi. Saat işləyirdi, kəfkir
dəqiqliklə gedib-gəlirdi. Tələbə gözlərini uzun əqrəbə zillədi və
ayrılmadan baxdı, baxdı. Saata baxsa da dəqiq nə qədər vaxt
keçdiyini deyə bilməzdi. Amma hər halda bir müddətdən sonra
571
aydınca gördü — uzun əqrəb azacıq geri getmişdi. Tələbə
tələsik hesabladı. Elədir ki var hər iki saat — onun qol saatı da,
divar saatı da — dəqiq işləyirdi, amma divar saatı əks
istiqamətdə hərəkət edirdi. Saat tələsə bilər, geri qala bilər,
dayana bilər. Ancaq əks tərəfə işləyən saatı tələbə ömründə ilk
dəfə görürdü. "Düşmənlərimin fantaziyası pis deyilmiş. Belə
ixtiraçılıqla Nyuton, Eynşteyn olaydılar gərək. Yoxsa bütün
qabiliyyətlərini, bacarıqlarını yazıq bir tələbə babanın qəsdinə
yönəldiblər. Nə var, nə var, onlardan yaxşı hazırlaşıb, imtahanı
onlardan yaxşı verib, instituta düşüb. Gərək dərslərə
hazırlaşmaq yerinə, mən də oturub belə-belə hoqqalar
uyduraydım, onda yaxşı olardı. Görək bu tilsimli otaqda daha
nə oyunlar çıxacaq! "Tilsimli" sözünü o daxili istehzayla
düşündü. Tələbə qəti əmin idi ki, bütün bu fokusları kimsə
qəsdən düzəldib, onun şüurunu dumanlandırmaq istəyir. Hər
halda tələbə özü özünü inandırmaq istəyirdi ki, məhz belədir.
Bu tələbəni bir qədər sakitləşdirirdi. Tam yox, bir qədər. Əgər
getməyə yer olsaydı, bir dəqiqə də bu mənzildə qalmazdı.
Yataqxanaya getmək mümkün idi, hələ adını oranın
dəftərindən pozdurmamışdı. Ancaq düşünəndə ki, məşum liftin
kabinəsinə girməli olacaq, çöllü-biyabana çıxacaq, yanmış
xaraba evin yanından keçəcək və heç bir nəqliyyat tapmayıb
yenə bu otağa qayıtmalı olacaq, tələbənin bu işə bütün həvəsi
qaçırdı. Həm də ürəyinə dammışdı, otaqdan çıxan kimi, qarı
gəlib yenə burada min cür tələ quracaqdı. Şübhəsiz ki, arvad
haradasa buralardadır. Yəqin ki, elə bu binanın içində, bəlkə bir
mərtəbə aşağıdakı mənzildə gizlənib. Bayaq otaqda işığı
yandıran da, eyvan qapısını açıb nə isə tullayan da elə o imiş.
Hətta tələbəyə elə gəlirdi ki, qarı lap yaxındadır, hardasa,
qonşuluqda, bu divar ardındadır. Duyurdu ki, kimsə daima onu
— tələbəni müşahidə edir, hər addımını izləyir. Tələbə öz-
özünə: "Yox, — dedi, — mən burda qalacam və məni heç bir
şey qorxuda bilməz. Qoy lap bütün bu lənətə gəlmiş fotolar
canlansınlar, kağızdan çıxıb otağa düşsünlər". O təsəvvür elədi
572
ki, fotodakı adamlar canlanıb otağa girirlər və bu təsəvvürdən
əsla eymənmədi, əksinə nəşələndi, güldü öz fikrinə. "Öz
aramızdır, mən demə, əməlli-başlı ağciyərəmmiş... Nədən
xoflanıram axı? Saat geri işləyir? Əşi belə çəhənnəmə ki! Mənə
elə gəldi ki, fəvvarə yanındakı qızın sumkası varmış, demə
yoxmuş. Adicə göz aldanışı! Siqaret, filan... Elə şeylər çox
olur. Hardasa oxumuşdum, belə bir sahə var, hətta əşyaların
qəribə davranışlarını öyrənirlər... hə, bir də bu qapı.
Taxtalarla çalın-çarpaz mıxlanmış qapı. Nə olsun? Bunun
qorxunc harasıdır. Nəyi vahiməlidir? Boşla görək, sən canın...
Aman allah, bu nədir belə?
Otağın rəngi dəyişirdi. Tələbə başını qaldırıb tavandakı
yalın lampoçkaya baxdı. Lampoçka yavaş–yavaş adi rəngini
dəyişir, göyərirdi, müalicə vasitəsi kimi istifadə olunan "göy
işığın" rəngini alırdı. Tələbə quruyub qalmış, hərəkətsiz
dayanmışdı. Lampoçkanın rəngi tamam tündləşdi və otaq da
içinə çoxlu marqans zərrəciyi atılmış bir stəkan su kimi get-
gedə qatı bənövşəyi rəngə qərq oldu. Nə qədər vaxt keçdi?
Tələbə heç bir şey haqqında düşünə bilmirdi. Vahimə beynini
çulğamış, şüurunu dumanlandırmışdı. Fikrini büsbütün
əritmişdi sanki...
Sonra lampanın rəngi yenidan dəyişməyə, açılmağa,
durulmağa başladı və bir azdan əvvəlki kimi oldu.
Tələbə öz–özünə:
–Çox gözəl, çox da pakizə, — dedi. — Əgər iradəmi,
mətanətimi sınayırlarsa, mən bu sınaqdan kişi kimi çıxmalıyam.
İndi bütün hoqqalarına məhəl qoymadan sakitcə yıxılıb yatacam.
O, möhkəm addımlarla mətbəxə keçdi, işığı söndürdü,
hamamda işığı yanar qoydu, üzünü yudu, dişlərini təmizlədi,
otağa qayıtdı, fotolara heç gözucu da baxmadı, yorğan-döşəyini
saldı, işığı söndürdü və yatağa girdi. Gözlərini yumdu, amma
uzun müddət yuxulaya bilmədi. Qaranlığın özü onu
qorxutmurdu, o bəzi adamlar kimi, heç də zülmətdən
eymənmirdi. Bütün bugünkü tələlər, hoqqalar haqqında da
573
düşünmürdü. Bircə onu düşünürdü ki, dünyada məntiqi izahı
olmayan heç bir şey yoxdur. Bu fikirdən kosmik sirlər
haqqında düşüncələrə keçdi. Kosmosun açılmamış sirləri
həmişə onu vəcdə gətirirdi. Sonra tələbə gələcək institut həyatı
haqqında xəyallara daldı, yavaş-yavaş xumarlandı və bir azdan
sonra dərin yuxuya getdi.
Dostları ilə paylaş: |