A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   23   24   25   26   27   28   29   30   31

MOLLA NƏSRƏDDİN   86 

 

Salam Molla Babam! Səni xoş gördük. Sən bizə-bizim 



günlərə xoş gəlmisən, səfa gətirmisən. Özü də əsl məqamında, 

yerində gəlmisən. Yerin yaman görünürdü, inan mənə... 

Səksən il qabaq şəhri Tiflisdə peyda oldun, "Sizi deyib 

gəlmişəm" söylədin. Gülməliyə güldün, ağlamalıya da... güldün. 

Ay keçdi, il dolandı. Yellər əsdi, sellər gəldi, dünya dəyişdi. 

Yeni günləri salamladın, güldüklərinin, lağa qoyduqlarının, 

acı-acı rişxənd elədiklərinin çoxu "çirkə  çıxıb" getdi... Təzə 

həyatı xoş  təbəssümlə qarşıladın. Amma iti gözlərin onu da 

gördü ki, hər  şey yerli-dibindən dəyişibsə  də, gülməli, 

sancmalı, qamçılamalı  mətləblər hələ az deyil... Dediyini 

dedin, damğaladığını damğaladın, nadürüstlər 

nadürüstlüyündən, kəmfürsətlər kəmfürsətliyindən,  yaltaqlar   

yaltağlığından, axmaqlar axmağlığından yorulmadılarsa, sən də 

onları ifşa etməkdən, hamısına öz payını verməkdən 

yorulmadın. Yorulmadın, usanmadın, çəkinmədin, lakin bir 

gün ömür sənə  vəfasız çıxdı. Xoş bir gündə dünyaya qədəm 

basmışdın, bəd bir gündə dünyayla vidalaşdın. Sənsiz keçən 

günlər günlərə calandı, aylar aylara qovuşdu, illər illəri haqladı 

və bu dəm — əsrin qurtara-qurtarında papağımızı qabağımıza 

qoyub fikirləşəndə, götür-qoy eləyəndə, neynim, necə eləyim 

deyəndə, görürük ki, sənsiz işimiz aşmayacaq. Gülmüşük də, 

sevinmişik də, fərəhlənmişik də... Amma bəzən nəyə 

güldüyümüzü 

əməlli başlı başa düşməmişik, nəyə 

sevindiyimizi doğrusu, heç qanmamışıq... 

Sən nəyə gülürdün, möhtərəm babam — şaha, sultana, 

dərvişə-rövzəxana, milyonçuya, qoçuya... Çox əcəb. İndi şükür 

nə  şah var, nə sultan, nə  dərviş-rövzəxan, nə qoçu, nə 

milyonçu... Dayan, dayan... Yəni deyirsən milyonçu yoxdur? 

Əlbəttə yoxdur. Milyonçunun zavodu olar, fabriki olar, 



 521 

mədənləri olar, çoxlu pulu olar... Düzdür, zavodu, fabriki, 

mədəni olan milyonçumuz yoxdur, amma kisə-kisə kağız pulu 

camadana, sandığa yığıb yerin altında basdıranlara, çürüdənlərə 

nə ad qoyaq? Yaxşı milyonçu deməyək, minçi deyək, təzə 

pulnan! Tamah ki eynidir, hərislik ki, haman sayaqdır, iştah ki, 

yenə də diş altındadır (öz dişi yox, qızıl karonka olsun)... 

Qoçu milyonçunun kökü kəsilib, doğrudur, amma orda-

burda yüz-yüz əlli araq vurub, üstündən də (ya altından da) 

nəşə  çəkib bulvarda cövlan eləyən, qıza-gəlinə sataşan 

sataşqanların, cəyillərin, xuliqanların kökü kəsilməyib axı... 

Mehriban Molla babam! Rüşvətə acı-acı gülmüsən, amma 

vallah rüşvət də  hələ meydandan çıxmayıb, intəhası adı 

dəyişilib: indi rüşvət demirlər, hörmət deyirlər. "Nə hörmət 

eləyim səninçün?" — yəni ki, aşna, düzünü de görüm, 

könlündən nə keçir, pul deyirsən pul, daş-qaş deyirsən daş-qaş

dublyonka, nə bilim layka-lama o da göz üstə, maşın, vəzifə —

sən bir him elə, düzələr.  Ən ölüsü bədə-bəddə bir əntiqə 

qonaqlıq... 

Yerlibazlıqdan zənd-zəhlən gedirdi. Elə bilirsən indi 

yoxdur?... Var, əziz babam, elə var, elə var, heç bəlkəm sənin 

ağlıva da bu cürəsi gəlməmişdi... Vətən gözəl  şeydir, 

doğulduğun, dünyaya gəldiyin el-oba da əzizdir, doğmadır, 

amma bu bəyəm o deməkdir ki, sənin rayonunda dünyaya 

gələnlərin hamısı ucdantutma kamal əhlidir. Bütün qeyrilərinin 

də  ən böyük təqsiri və günahı odur ki, sizin rayondan əlli–

altmış kilometr o yanda dünyaya varid olublar... 

Avamın, nadanın  əlindən dad–bidad edirdin, babam, elə 

bilirsən avamın, cahilin, nadanın day izi-tozu qalmayıb... Yox 

babam, yox, vallah yox, billah yox, cağbəcağ sağ-salamatdırlar, 

bili-bitdan kimi, kefləri kök, damaqları çağ — hərəsi də özünə bir 

yaxşı peşə tapıb — başqalarının başına ağıl qoymaq peşəsi... Birisi 

var, adını soruşursan, deyir ki, qoy bir əvvəlcə əlaqədar yoldaşlarla 

razılaşdırım, sonra cavab verim. Başqa birisi var küçədə gedəndə 

divara qısıla-qısıla gedir ki, kölgəsi düşməsin —öz kölgəsindən 


 522 

qorxur... Başqa birisi də var — böyüyü şəhərin bu başında 

asqıranda şəhərin o biri başından zəng vurub afiyət olsun —deyir... 

Biri var təkrarsız pyeslər yazır, bircə dəfə oynanılandan sonra daha 

təkrar ikinci dəfə oynamaq istəmirlər. Biri var tarix yazır, sübut 

eləmək istəyir ki, bu xalq səhvən öz dilində danışır, gərək ta 

qədimlərdən bəri tamam başqa bir dildə danışaydı... Biri də var, 

gah Amerika yazıçısı Ken Boldan, gah çin alimi Ay Haydan, gah 

ingilis diplomatı lord Sətəlcəmdən gah da ayatolla Fisincanidən 

sitatlar gətirir, amma özünün də dediyini bir allah bəndəsi başa 

düşmür... 

Hamısının gözləri yol çəkir, Molla baba, hamısı  sənə 

həsrətdilər, sənin qələminə... Nə olaydı  gələydin, görəydin, 

güləydin, yazaydın... Çap edəydin demirəm, çünki sən 

demişkən "burda mətləb   bir az tuldur"...                                              

Amma qəm yemə, Molla baba, hər halda üzümüz sabahadır, 

qabağadır, işığadır... 

Gün-gündən duman, çən çəkilib gedir, ayıq yaşamağa, oyaq 

yaşamağa öyrəşirik.  İçkinin tüstüsü, tərifli sözlərin, yağlı 

tostların xumarı  bala-bala uçub qeyb olur,  ayıq başla,   

yaşamağa, həyatımıza acıq gözlə baxmağa alışırıq... Sənin 

təmiz gözlərinlə Molla babam! Nə yaxşı  ki, səksən  yaşın   

məhz elə bax bu ilə, bu günlərə düşdü. O günlərə ki, düzə düz, 

əyriyə  əyri deyirik düzə  əyri,  əyriyə düz yox... Gülürsən, 

babam, deyəsən sözlərimə tamam inanmırsan... Necə dedin? 

"Hələ baxaq, gözləyək, görək axırı necə olur?". Nə deyirəm, 

babam, baxaq, görək, amma  gözləməyək... Bu yolda iş 

gərəkdir, qurmalını qurmalıyıq, vurmalını  vurmalıyıq,  

gülməliyə gülməliyik... Qolumuzu çırmalayıb işə girişməsək, 

doğrudan da heç nə  dəyişməyəcək — köhnə hamam, köhnə 

tas... Hər  şey olmasa da, çox şey bizdən asılıdır, bizim 

özümüzdən... Amma sən də kölgəni üstümüzdən  əskik eləmə, 

Molla baba, səndən hələ çox öyrənməliyik. Büdrəsək, 

qolumuzdan yapış, çəkilsək ürək-dirək ver, mürgü döysək, 

dümsüklə, oyat bizi... Qoyma haqq sözü gizlədib nahaq söz 


 523 

danışaq, halala haram qataq, iş vaxtı yataq, tərif içində bataq və 

nəhayət mənanın daşını ataq, elə qafiyəni qafiyəyə  çataq... 

Yubileyinə xoş  gəlmisən — səksən yaşlı Molla Nəsrəddin 

— həmişə cavan babam. 


 524 

 

 



YAXŞI PADŞAHIN NAĞILI 

 

Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə  rəvayət 



edir ki, əyyami–qədimdə ya Çində, ya Maçində bir yaxşı 

padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, 

hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən 

ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların 

vurdurarmış, nə  də asarmış. Padşahın yaşı ötmüşdü, amma 

ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi. 

Elə buna görə  də padşahın çarpayısı birəylə dolu idi və 

padşah yazıq gecələr yata bilmirdi. Gecənin bir yarısı, 

görürsən, dururdu, çırağı yandırırdı, bir-bir birələri tuturdu, 

amma öldürmürdü. Onları arvadının çarpayısına atırdı. Padşah 

arvadıyçün  əldən-ayaqdan gedirdi. Lap "getmə gözümdən, 

gedərəm özümdən" idi. Birələri də arvadının çarpayısına onu 

incitmək, ona əziyyət vermək üçün atmırdı. Yox, padşah bilirdi 

ki, birələrin arvadına heç bir ziyanı  dəyməyəcək. Arvadı, 

maşallah, elə  bərk yatırdı ki, istəyirsən üstünə bir qoşun birə, 

taxtabiti burax, vecinə deyildi. Arvad elə  bərk yatırdı  və  həm 

də elə  bərk xoruldayırdı ki, büllur —dəmir-beton sarayın 

sütunları tir-tir titrəyirdi. 

Padşah qaragün birtəhər canını birələrdən qurtarıb 

mürgüləyən kimi gözünün çimirini almamış təzədən dik atılırdı 

— onu arvadının xorultusu oyadırdı. Sübh tezdən arvad 

yuxudan dururdu — aya deyirdi sən çıxma, mən çıxım, günə 

deyirdi sən çıxma, mən çıxım. Amma padşah səhər, xorultu 

kəsiləndən sonra da yata bilmirdi —axı  işi-gücü vardı. Bir 

məmləkətin ki, padşahı səhər yatıb yuxuya qala, o məmləkətin 

işləri nə sayaq olar? 

Padşah belə bədbəxt padşah idi. 

Sözün düzü, padşahın öz padşahlığı üçün də çox gözü 

atmırdı. Padşah olmaqdan lap bezmişdi. Ondan olsaydı çoxdan 


 525 

taxt-tacdan  əl çəkərdi. Amma əl çəkmirdi. Çünki əl çəksəydi 

taxta vəziri çıxacaqdı.  İşdi  şayət vəzir  şah olsaydı, o, nəinki 

məmləkətdəki bütün birələri, taxtabitiləri, milçəkləri və 

qarğaları  qırıb öldürəcəkdi. Vəzir həm də o biri vəzirləri, 

vəkilləri, kim bilir bəlkə elə padşahın özünü də  cənnətə vasil 

edəcəkdi. 

Odur ki, padşah taxtı-tacdan  əl çəkmirdi. Nə  qədər yatmaq 

tamarzısı olsa da, həmişəlik yuxuya qərq olmaq istəmirdi. 

Padşah həm adil padşah idi, həm bədbəxt padşah idi, həm də 

çox ağıllı, tədbirli padşah idi. Hamıdan, hamıdan ağıllı. 

Hamıdan, hamıdan tədbirli. 

Deməli yaxşı padşah adil idi, bədbəxt idi və  ağıllı, tədbirli 

idi. Amma padşah həm də yaman yalqız, təpə–tənha padşah idi. 

O səbəbdən ki, məmləkətdə hərənin bir babı, bir curu, bir dostu 

var idi. 

Padşahın səkkiz aşpazı, səkkiz faytonçusu, səkkiz dəlləyi, 

səkkiz vəzir-vəkili, bir qoşun qaraulçusu və bir qoşun saray 

şairi vardı. Bir aşbazın o birindən zənd-zəhləsi gedirdi, çünki 

biri deyirdi ki, bu dünya bir puçdur, o biri deyirdi, xeyr, əsla 

belə deyil. Faytonçular elə hey bir-birinin ənginə qoyurdular. 

Sözləri çəp gəlirdi. Biri deyirdi həyatın mənası var, o biri 

deyirdi, dünyasında ola bilməz, yoxdur ki, yoxdur. Şairin biri o 

birindən danos yazırdı ki, bəs flankəsin işlətdiyi qafiyələr əzəl-

axır məmləkətimizi bərbad edib xaraba qoyacaq. Qaraulçuların 

bir-birini görməyə  gözləri yox idi. Vəzirlər, vəkillər bir-birinin 

ətini yeməyə  hazırdılar. Amma buna baxmayaraq, onların heç 

biri tək, yalqız deyildi. Hərə öz həmpeşələrinin, işdaşlarının 

arasında  idi. Bircə padşah tək idi. Padşahların həmpeşələri 

olmur. 


Padşahların həmpeşələri də olmur, arzuları da. Faytonçular 

şair olmaq istəyirdi,  şairlər dəllək, dəlləklər vəkil, vəkillər 

vəzir, vəzirlər padşah. Yeni padşah olmağın hamı tamarzısıydı. 

Hamı, bircə padşahdan savayı. Padşah onsuz da padşah idi və 

odur ki, heç bir şey arzulamırdı. 


 526 

Hamı bir-birindən material verirdi, öz həmpeşələrindən 

padşaha qiybət qırırdılar. Amma padşah heç kəsə heç kəsdən 

material, danos verə bilməzdi, heç kəsdən heç kəsə şikayətlənə 

bilməzdi. Heç kəslə qiybət qıra bilmirdi. Ürəyini bircə  

arvadına aça bilirdi, amma arvadı da onu atdı. Baş  vəzirə 

qoşulub qaçdı, bilmirəm Yaponiyaya, ya da həbəşlər ölkəsinə. 

Bəlkə də Kanar adalarına. 

Günlərin bir günü baş  vəzir papağını qoyub qabağına 

fikirləşdi, xeyli fikir edib anladı, qandı ki, padşah heç bir vaxt 

ölüb-eləyən deyil və deməli bu gərək taxt-tacdan gözünü 

çəksin. Baş  vəzir isə yaman padşah olmaq istəyirdi. Padşah 

olmaqdan da artıq padşahın arvadına gözü düşmüşdü. 

Padşahın arvadı bir gözəl idi, bir gözəl idi, dilnən–söznən 

deyib qurtarmaq olmaz. Dünyayi aləmdə tayı–bərabəri yox idi: 

incəmiyan, nazikbədən, büllurbuxaq, almayanaq, gəl məni gör, 

dərdimdən öl. Ağzına qoşa badam sığmaz. Mərmər sinəsində 

naz-nazı ipək paltarın altından bir cüt şamama baş qaldırıb 

"mənəm–mənəm" deyir. Yanaqlar — yaqutun qıraqları kimi, 

elə bil qar üstünə qan damıb, qaşlar — qurulu yay, kirpiklər 

yaydan çıxmış ox kimi elə uzundu ki, tamam gözünün üstünü 

tutub, saçlar şəvə kimi. Beli elə nazik idi ki, gilas yesə deyərdin 

boyludur. Boğazı elə zərif idi, su içsə görünərdi, yeriyəndə yerə 

naz eləyir. Padşah da onu yaman istəyirdi. Yaman da qısqanc 

idi padşah. Lap arvadını xoruzdan gizlədəndi. Qoymazdı 

arvadının üstünə bir erkək milçək qonsun. 

Bəli, baş  vəzir, nə  fənd işlətdisə, fürsət tapdı, padşahın 

arvadıynan xəlvəti görüşdü. Nə dedi ona, nə boyun oldu, nə 

vədlər verdi, deyə bilmərəm,  əl-qərəz, günlərin bir günü 

qoşulub qaçdılar. Bilmirəm Məqribə ya Məşriqə. 

Baş vəzir, daha doğrusu təzə padşah vədinə xilaf çıxmadı —

arvadının xorultusunu maqnitofona yazdı  və bu xorultunu 

məmləkətinin himni elan etdi. 

Hər gecə  təzə  məmləkətin radiosu xorultu-himni verirdi və 

təzə padşah ləzzətlə qulaq asırdı. Axı o cavan arvadını yaman 


 527 

sevirdi. Sevəndə isə xorultunu da musiqi kimi dinləyirsən. 

Bunlar burda sevişmədə olsun, sizə kimdən deyim, qoca 

padşahdan. 

Qoca padşaha arvadının vəfasızlığı  və baş  vəzirin xəyanəti 

yaman yer eləmişdi. O öz rəiyyətinə yad radionu dinləməyi 

qadağan etmişdi. Amma gecələr xəlvətdə bütün əhali sabiq 

padşah arvadının xorultusuna qulaq asırdı. Bəziləri ona görə 

qulaq asırdılar ki, maraqlıydı: axı heç kim padşah arvadının 

xorultusunu bundan əqdəm eşitməmişdi. Başqaları acıqcan 

qulaq asırdılar: əcəb oldu bizim maymaq padşaha, yaxşı elədi 

arvad, onu qoyub qaçdı. Bəziləri də ürək ağrısıyla dinləyirdilər: 

axı necə oldu ki, bizim müdrik padşahımız bu cür arvadı əldən 

verdi, bu cür məlahətli xorultunu himn eləmək ağlına gəlmədi. 

Amma yad radionu hamıdan gizlicə padşah özü də tuturdu. 

Müəyyən saatlarda padşah kirimişçə aradan çıxırdı. 

Tranzistorunu götürüb sarayın məlum yerinə girirdi. O, radionu 

qurur, illərlə dinlədiyi və əbədi itirdiyi xorultunu sanki yenidən 

eşidir və uzaq gənclik günlərinin xatirələrinə dalırdı. Keçib 

gedənləri bir-bir yadına salırdı —arvadıyla rəqs meydançasında 

ilk tanışlığını, ulduzlu may gecəsində onu tramvaya ötürməsi, 

sevgilisinin saçlarının və  ağacların o axşamkı qoxusu və ilk 

öpüş-büllur sarayın qaranlıq dəhlizindəki ilk öpüşləri... hər şey, 

hər  şey bir-bir gəlib dururdu padşahın gözləri qabağında. 

Padşahın gözləri yaşarırdı. Axı padşah yaman yuxaürək padşah 

idi. 


Xorultu kəsilir və gecə düşürdü. Qoca, yalqız padşahın 

yalqız yatağındakı yalqız uzun gecəsi. Yataqda artıq arvadı yox 

idi, birələr, taxtabitilər də harasa qeyb olmuşdu. Amma onsuz 

da indi padşah yata bilmirdi. Bütün gecəni gözünü də 

qırpmırdı. Yuxusuzluq bəlasına düçar olmuşdu. Qış düşəndə 

padşahın halı lap pis oldu. Uzun qış gecələri uzandıqca 

uzanırdı. Yuxusuz padşah gözlərini dama zilləyirdi — naxışlı 

dam göylər qədər uzaq idi. Padşah çarpayısında uzanıb 

düşünürdü. Yaman düşünən padşah idi. O düşünürdü: nə 


 528 

olardı, heç olmasa bircə saat yataydım, yuxumda da arvadım 

vəfasızı görəydim. Nə gözəl olardı, o vəfasız gələrdi yuxuma, 

yanıma, bu sarayıma, ölkəmə. Heç kəs də bilməzdi, heç kəsin 

də ağlına gəlməzdi, heç nə də lazım olmazdı — nə danışıq, nə 

barışıq, nə söhbət, nə qeybət... 

Amma birdən padşahın ağlına gəldi ki, yaxşı, axı sabiq 

arvadı başqa birisinin də yuxusuna girə bilər. Padşah bir az da 

fikirləşdi və lap dəli oldu: birdən doğrudan arvadı kiminsə 

yuxusuna girir, bax elə bu saat rəiyyətlərindən biri onu yuxuda 

görür. Bəlkə lap elə  təzə baş  vəzirim görür onu. Padşahı od 

götürdü. O, yerindən sıçradı. Adil, rəhmdil və sakit padşah lap 

özündən çıxmışdı. Belə xəyanəti o heç kəsə bağışlaya bilməzdi 

— nə arvadına, nə birinci vəzirinə, nə axırıncı faytonçuya. 

Padşah dərhal tədbir tökdü. O yaman tez-tədbir padşah idi: 

bütün rəiyyət — baş  vəzirdən aşpaza qədər hər səhər yazılı 

surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim 

etməlidir. 

Bu gündən etibarən padşahın işi-peşəsi yuxuların 

məzmununu oxumaq idi. Çoxusunun məzmunu qatmaqarışıq, 

dolaşıq və  səfeh idi. Tezliklə bu padşahın pisini vurdu. O 

qərara gəldi ki, bu axının qabağını alsın. Padşah yuxuları 

ixtisara salmaq haqqında fərman verdi. Ancaq bazar günləri 

yuxu görməyə icazə verilirdi. Bəzi imtiyazlı  şəxslərin — 

vəzirlərin, vəkillərin — həftədə  əlavə yarım yuxu görməyə 

icazələri vardı — cümə günləri. 

Padşah razıydı ki, heç kim, heç vaxt onun qanunlarını 

pozmur. Hamı ancaq icazəli günlərdə yuxu görür və gördükləri 

haqqında müfəssəl məlumat verirdi. Amma ortalığa təzə bir 

məsələ  çıxdı. Yuxular az olsa da, hər halda yenə  də biməna, 

biməzmun və  səfeh idilər. Bu yuxuların məmləkətə heç bir 

xeyri yox idi. Padşah çox fikirləşib axırı tapdı. O, bir komissiya 

düzəltdi. Həmin komissiya yuxuları  təyin və  tənzim etməli, 

yoxlamalı, onlara icazə verməli və nəzarət eləməliydi —heç bir 

dolaşıqlıq, qatma-qarışıqlıq, məntiqsizlik olmamalıdır. O yana, 


 529 

bu yana yozulan şeylər görməməli, qara basmaq filan —

qadağandır! Yuxular sağlam ruhlu, aydın və açıq olmalıdır. 

Yuxuların həftəlik icmalını oxuyanda padşahın üzü gülürdü. 

Axı hamı eyni şeyi görürdü, amma hərə öz üslubunda, 

ruhunda: biri padşahı uca dağın başında, biri güllü-çiçəkli 

bağda, biri ağ atın belində görürdü. Belə yuxuları padşah çox 

bəyənirdi — o yeknəsəklikdə müxtəlifliyi, müxtəliflikdə 

yeknəsəqliyi xoşlayırdı. Padşah öz-özünə düşünürdü: "nə 

qəribə yuxulardır. Mən — at belində! Axı  mən ömrümdə at 

minməmişəm. Görəsən at belində necə görünürəm? Kaş özümü 

bircə dəfə yuxuda görəydim". 

Ancaq görə bilmirdi. Çünki yata bilmirdi. Yuxusuz gecələri 

uzandıqca uzanırdı. Bir gecə — ilin ən uzun gecəsi — 

arvadının hörükləri kimi uzun və qara Şəbi-yeldada — 

padşahın qəlbi kədər və yalqızlıq qəmiylə lim-həlim doldu. 

Qəlbi daşa dönmədi, yox, amansızlaşmadı. Özünün özünə 

yazığı gəldi. 

Düşündü ki, bax indi bütün rəiyyətim arxayın-arxayın və 

xoşbəxt–xoşbəxt yatır (yuxu görmürlər — çərşənbədir!) Amma 

mən gözümün çimirini ala bilmirəm. Rəiyyət bəxtiyardır və 

rahatdır, çünki padşahları  mənəm —adiləm və müdrikəm. 

Padşah bir az da düşündü və ağlına çox sadə, çox dərin bir fikir 

gəldi: "yaxşı, niyə  gərək hamının qeydinə qalasan, hamını 

xoşbəxt eləyəsən, bir halda ki, özün xoşbəxt deyilsən. Niyə 

hamının kefi kök olmalıdır, səninki pis". 

Padşah bu fikrin dərinliyindən cuşa gəldi və cuşa gəlib 

ardını düşünməyə başladı. "Çox əcəb,  əgər mənim arvadım, 

ailəm, həmpeşəm, dostum, curum yoxdursa, heç olmasa 

ortağım olmalıdır — yuxusuzluq şəriklərim. Kimsə 

yuxusuzluğu mənimlə bölüşməlidir, bu işdə  mənimlə  əlbir 

olmalıdır. Kimsə yox, hamı! Səhərə yaxın qərar hazır idi: 

məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar 

banlayanda padşah bu qanunu imzaladı  və ilk dəfə sakit və 

bərk yatdı. 


 530 

Sabahısı fərman camaata çatdırıldı: 1. Məmləkətdə heç kəs 

yatmamalıdır. 2. Məmləkətdə hamı xoşbəxt olmalıdır. 

Bütün məmləkət bu fərmanı sevinc və şadlıqla qarşıladı —

axı bu padşahın müdrikliyinin və camaat haqqında qayğısının 

yeni təzahürü idi. 

Padşahın qəlbi də camaatın sədaqətindən, səmimi 

sevgisindən isinir, fərəhlə dolurdu. Bax bu saat, bu gecə vaxtı, 

padşah yuxlaya bilmir, bütün məmləkət də yatmır. Doğrudur, 

hərə öz evindədir, padşah isə  əvvəlki kimi sarayında təkdir. 

Amma o bütün varlığıyla min cüt qapanmamış, qırpılmayan 

gözün mehriban baxışlarını duyur. Padşahın heç ağlına da 

gəlmirdi ki, təbəələrinin yatıb yatmadığını yoxlasın. Onun 

şübhədən, yalandan zəhləsi gedirdi. Padşah hamıya inanan 

padşah idi. 

–Təbəələrim xoşbəxtdirmi? — deyə padşah keçmiş ikinci 

vəzirdən xəbər alırdı. Baş  vəzir qaçandan sonra ikinci vəzir 

onun yerini tutmuşdu. 

–Əlbəttə, padşah sağ olsun, sizin təbəələriniz yer üzündə ən 

xoşbəxt adamlardır. 

–Onlar yaxşı, mehriban dolanırmı? — deyə padşah soruşurdu. 

–Əlbəttə, padşah sağ olsun. Hər dəqiqə qucaqlaşıb 

öpüşürlər. 

–Bu ağ yalandır —deyə keçmiş üçüncü, indiki ikinci vəzir 

qəflətən sözə qarışdı. 

Hamı mat–məəttəl donub qaldı. 

İkinci vəzir: 

–Padşah sağ olsun — dedi — sizi daim aldadırlar. 

Təbəələriniz heç də öpüşüb qucaqlaşmırlar. Onlar səhərdən 

axşamacan qızğın mübahisə edirlər. 

–Mübahisə edirlər? —deyə padşah təəccübləndi —nə barədə 

mübahisə edirlər? 

–Onlar bəhsə-bəhs edirlər. Hər biri deyir ki, dünyada ən 

xoşbəxt adam mənəm. 

–Hə, belə de —padşah rahat nəfəs aldı. —Onda eybi 


 531 

yoxdur, bu sağlam mübahisədir. 

Padşah fikrə getdi və öz-özünə qərara gəldi ki, ikinci vəziri 

prinsipial və doğrucu adam kimi birinci vəzirin yerinə, birinci 

vəziri isə ikincinin yerinə tə'yin eləsin. 

Amma birdən üçüncü vəzir söz aldı. 

–Padşah sağ olsun — dedi — məndən böyük vəzirlər, ikisi 

də haqlıdır. Amma bir şeyi deməyi unutdular. Təbəələriniz 

qucaqlaşıb öpüşürlər də, qızğın mübahisələr də edirlər. Ancaq 

ən çox bir-birlərini əzişdirirlər. 

–Əzişdirirlər? —padşah üz-gözünü turşutdu — aman allah, 

bu nə vəhşilikdir. Axı niyə bir-birlərini əzişdirirlər. 

–Bu səhər iki novcavan lap az qala bir–birlərini 

öldürmüşdülər — deyə üçüncü vəzir xoş, həlim səslə sözünə 

davam etdi — biri deyirdi ki, hamıdan çox padşahımızı  mən 

istəyirəm, o birisi deyirdi ki, dünyasında ola bilməz, məndən 

çox onu istəyən yoxdur. 

Padşah qızardı  və utancaq-utancaq gülümsündü. Üçüncü 

vəzir baş  vəzir, baş  vəzir üçüncü vəzir oldu. İkinci elə 

ikinciliyində qaldı. 

Gecə padşah düşünürdü: "Görünür mən çox yaxşı padşaham 

ki, camaat məni bu qədər istəyir, bir–birlərini əzişdirirlər hətta. 

Bu fikirlərdən padşahın camaata lap südü daşdı. "Neyləyim 

ki, camaatımı bir az da artıq xoşbəxt eləyim" — deyə düşündü. 

Yuxusuz gecələrində elə hey bu barədə düşünürdü. 

Düşünürdü, tapa bilmirdi, darıxırdı. Nəhayət bir gecə  ağlına 

gözəl bir fikir gəldi: "Yaxşı, balam, vəzir demir ki, yuxular 

qadağan olunandan bəri, camaat xeyli xoşbəxtləşib? Deməli 

camaatı daha da xoşbəxt eləməkçün yenə bir şeyi qadağan 

eləmək gərəkdir"... 

Səhər padşah vəzir-vəkili məşvərətə çağırdı. 

–Məsələ belədir —deyə onları  işdən agah elədi və sözünü 

belə tamamladı: — fikir məndən, qadağanları tapmaq sizdən. 

Nəyi qadağan edək ki, camaatın kefi bir az da durulsun. 

Vəzirlərdən biri əlifbadan "S" hərfinin çıxarılmasını və "S" 


 532 

hərfi olan bütün sözlərin qadağan olunmasını təklif etdi. Onun 

dili şirin idi. "S" yerinə "C" deyirdi. 

O biri vəzir təklif etdi ki, qadınlar saçlarını dibindən 

vurdursunlar; qızlara, qadınlara saç saxlamaq qadağan olunsun. 

Onun arvadı daz keçəl idi. 

Vəzirlərdən biri də dedi ki, hər yanı, hər şeyi mixəyi rəngə 

boyayaq. O, daltonik idi, rəngləri ayıra bilmirdi. 

Nəhayət vəzirlərdən biri də, nədənsə  təklif elədi ki, sual 

işarəsi və sual cümlələri qadağan olunsun. 

Bütün təkliflər qəbul olundu. Padşah dedi: 

—Amma unutmayın ha... Fərmanda xüsusi qeyd edilməlidir 

ki, hamı xoşbəxt olmalıdır. 

Bir neçə gündən sonra padşah: —təzə qanunlarımız yaxşı 

icra olunur? —deyə xəbər almaq istədi, ancaq yadına düşdü  ki, 

sual qadağan olunub və cümləsini təsdiq  şəklində dedi. Sonra 

əlavə etdi —heç bir çətinlik–flan da yoxdur. 

 Baş vəzir: 

—Yoxdur —dedi. Padşah: 

—Amma mən özüm bəzi çətinliyə düşürəm — dedi. — Padşah 

hamıdan qabaq özü öz qanunlarına riayət etməlidir. Doğrudur, 

mən  nə qadınam, nə də rəssam, odur ki, o maddələr heç vecimə 

deyil... Amma... hərfi, bilirsiz də hansı hərfi deyirəm... Bu maddə 

yaman cəncəl imiş. Mən heç bilməzdim ki, bizim yəcuc-məcuc 

dilində  həmin hərf olan bu qədər söz varmış. Amma bundan da 

cəncəlli sual maddəsidir. Mənim iki qaraulçum var. Həmişə vaxtı 

onlardan xəbər alardım.  İndi qalmışam belə, xəbər ala bilmirəm. 

Qaraulçulardan biri arifdir. Vaxtı bilmək istəyəndə ona deyirəm: 

indi saat on ikidir. — Xeyr, padşah sağ olsun —deyir, yeddinin 

yarısıdır. Amma ikinci qaraulçu qanmazın biridir. Həm qorxaqdır, 

həm də yaltaq. Hansı saatı desəm: bəli, bəli, padşah sağ olsun, düz 

buyurursunuz —deyir. Onun növbəsi olanda vaxtı bilə bilmirəm. 

Padşahla vəzir qərara gəldilər ki, bundan sonra sual 

qadağası, istisna olaraq onların ikisinə aid deyil. Bu gecə 

vəzirlə söhbətdən sonra padşah yenə yata bilmirdi. O 


 533 

düşünürdü. Düşünürdü ki, dünya çox gidi dünyadır. Onun 

fərmanları gör nə qədər adamı xoşbəxt edib, padşahın özüyçün 

isə bu qadağalar əziyyətdir, çətinlikdir. Bütün qadağaları yadda 

saxlamaq yaman dərddir. İllah da padşahın özüyçün. 

Padşah burda qalsın, sizə kimdən deyim, baş vəzirdən. 

Günlərin bir günündə baş  vəzir padşahın yanına iri bir 

müçrü gətirdi. Mücrü dolu material idi. Baş  vəzir o biri 

vəzirlərin qanunu pozmalarına aid sənədlər gətirmişdi. Padşah 

dəhşətə  gəldi — burda nələr yox idi?! Maqnitofon lentinə 

vəzirlərdən birinin səsi yazılmışdı — gecə vaxtı arvadıyla 

söhbətdə o yasaq hərfli sözlər deyirdi. Mixəyi deyil, yaşıl 

yarpaqlı budaq — bu budaq vəzirlərin birinin həyətlərindəki 

ağacın budağıdır. Fotolardan biri başqa bir vəzirin uzun 

hörüklü qızının şəkli idi. Və nəhayət, xüsusi gizli cihazla ikinci 

vəzirin sayıqlamaları yazılmışdı — aydın məsələ idi ki, 

sayıqlayırdısa, deməli yatıbmış, hətta yuxu da görürmüş, 

yaramaz, özü də haçan — şənbə günü. 

Padşahın dili-dodağı  əsirdi. O çox kövrək və  dəymədüşər 

padşah idi. 

—Neyləyək bunlara, bu qanunu pozanlara? — deyə padşah 

həyəcanla soruşdu. 

Baş  vəzir xoş  və mehriban səslə: — Padşah sağ olsun — 

dedi — hələlik, əvvəl–əvvəl tutaq basaq. Dalısına baxarıq. 

—Hara basaq? 

—Məhbəsə — deyə vəzir həlim və yavaş səslə cavab verdi. 

Padşah: 

–Axı bizim məmləkətdə məhbəs yoxdur — dedi. Vəzir daha 

da incə və yumşaq səslə: 

–Yoxdur, tikərik —dedi. 

Padşah fikrə getdi, sonra dedi: 

–Onda  ən yaxşı memarlara tapşırın. Müasir üslubda, 

yaraşıqlı, sadə və dəbdəbəli olsun. 

Vəzir: 


–Ən yaxşı layihə üçün müsabiqə elan edirik —dedi. 

 534 

Padşah: 


–Bina  əzəmətli, təntənəli və möhkəm tikilməlidir — dedi. 

—Biz gələcəyi də nəzərdə tutmalıyıq. Yalnız indiki nəsillərçün 

deyil, gələcək nəsillərçün də tikməliyik. 

105 layihədən biri bəyənildi. Qısa müddətdə möhtəşəm və 

geniş bir imarət ucaldıldı.  İmarət nə imarət, ayağı  dəryadan, 

başı göydə buluddan nəm çəkir, bir kərpici qızıl, bir kərpici 

gümüşdən, adam baxanda gözü qamaşır. Məhbəs elə yaraşıqlı 

idi ki, adamlar qəsdən qanunu pozurdular — təki ora düşsünlər. 

Tezliklə  məhbəs zığ verincə doldu və heç bir cinayətlə ora 

düşmək mümkün olmadı. Tək–tük zirəklər rüşvətlə, tanışlıqla 

bir-iki gecəliyə 98-99-cu mərtəbələrdəki kameralara düşə 

bilirdilər. 

1000-ci məhbus-baş vəzirin gözəl və gənc bibisi qızı—Miss 

Məhbəs e'lan edildi. Padşah şəxsən onu öpdü və biləyinə zərli 

qolbaq-buxov taxdı. 

Baş  vəzir özü də  Məhbəsdə özüyçün yeddi kameralıq bir 

mənzil qapışdırmışdı. Pəncərəsindən gözəl mənzərə açılırdı: 

dəniz görünürdü. Bilmirəm hansı dəniz — ya Qırmızı dəniz, ya 

Sarı dəniz... 

Sözün doğrusu, padşahın özünün də bu məhbəsdə gözü 

vardı. Bir ara istəyirdi ora köçsün. Sonra fikirləşdi ki, qonşu 

məmləkətlərdə bu hərəkəti düzgün qiymətləndirməzlər. 

Padşah yata bilmirdi ki, bilmirdi. Yaman ürəyi darıxırdı. 

Heç aram tapa bilmirdi. İcazə verilməli nə vardısa icazə 

verilmişdi, qadağan olunmalı  nə vardısa qadağan olunmuşdu. 

Padşaha bircə düşünmək qalırdı. O da elə hey fikir çəkirdi. 

Yenə  dərin düşüncələrə dalmışdı ki, nagahan başına iki fikir 

gəldi. Həm də bu iki fikir bir-biriylə həmqafiyə idi. Padşah lap 

mat-məəttəl qaldı, bir az da düşündü və bu iki qafiyə fikrə 

üçüncü bir qafiyə fikir də tapdı. Belə olan surətdə qərara gəldi 

ki, bütün fikirlərini qafiyələsin. Padşah bu işə elə uydu ki, 

uzun-uzadı bir şe'r yazdı.  Şe'ri bitirəndə isə  əvvəlki fikirlərini 

unutdu və başa düşdü ki, fikir əsas deyil, əsas qafiyə və şe'rdir. 


 535 

Əslinə baxanda şe'r yazmaq dünyada ən vacib işdir, padşahlıq, 

taxt-tac-flan isə bir qoz. Bu fikrə gəlib padşah düz beş yüz əlli 

beş  şer yazdı.  İndi padşah qəti yəqin eləmişdi ki, bu dünyaya 

padşahlıq etməkçün yox, şe'r yazmaqçün gəlib. İstədi səhər bu 

barədə bütün məmləkətə car çəksin. Ancaq o başdannan belə 

bir fikrə  gəldi ki, car çəkmək-flan lazım deyil, bu barədə 

hamıya, illah da baş vəzirə demək də vacib deyil, lazım deyil 

və  hətta təhlükəlidir. Padşah belə  qərara gəldi ki, mənim 

padşahlığım gərək  şairliyimə mane olmasın,  şairliyim də 

padşahlığıma. O çox ayıq padşah idi. 

Amma hər bir şairin də, hər bir padşah kimi gərək camaatı, 

kütləsi olsun. Padşah  şerlərini saray şairlərinə oxumaq 

istəmirdi. Onlara inanmırdı. Bir dəfə tək səbr gətirmişdi, saray 

şairləri bir ağızdan demişdilər ki, xeyrədir. Axşam isə arvadı 

vəzirə qoşulub qaçmışdı. Bundan sonra padşah saray şairlərinə 

inamını itirmişdi. 

Padşah vəziri hüzuruna çağırıb: 

–Yanıma bir şair gətir — dedi. 

Vəzir: 


–Hansı kameradan? —deyə xəbər aldı. 

Padşah: 


–Hüzuruma əsl şair gətir —dedi. 

Vəzir: 


–Padşah sağ olsun — dedi — bir nəfər əsl var, amma o da dağa-

daşa düşüb. Bilmirəm indi hansı meşədə, hansı səhradadır. 

Padşah: 

–Yerin altında da olsa, üstündə də, tapın gətirin — dedi. 

Soraqlaşıb  şairi tapdılar, gətirdilər.  Şair  şümal boylu, enli 

kürək, məğrur bir gənc idi. Bığ yeri bənövşə kimi yenicə baş 

qaldırıb. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif-Kənan 

onun əlinə su tökə bilməzdi. Üzünə baxan deyirdi bir də baxım. 

Padşah ona yer göstərdi, sonra öz şe'rlərini oxumağa başladı. 

Oxudu qurtardı. 

–Necədir? — deyə xəbər aldı. 


 536 

Şair: 


–Nə necədir? — deyə soruşdu. Onun qanun–qadağalardan, 

olar-olmazlardan xəbəri yox idi. Bilmirdi ki, sual vermək 

qadağan olunub. 

Padşah: 


–Şerlər — dedi. 

–Hansı şerlər? 

–İndicə sizə oxuduqlarım. 

–Məgər bunlar şer idi — deyə  şair üçüncü dəfə qanunu 

pozdu. 

Padşah boğuq səslə: 



–Bəli —dedi. 

–Axı bunlar şer deyil. 

–Niyə? 

–Çünki şer tamam başqa şeydir.  



Padşah: 

–Deməli şerlərim xoşunuza gəlmədi? — dedi.  

Şair: 

–Hansı şerlər? —dedi. 



Padşah qəmli—qəmli vəzirinə baxdı, həlim səslə: 

–Bu adam dörd dəfə qanunu pozdu —dedi və lap yavaşdan 

əlavə etdi: — işinə baxın. 

Vəzir şairə: 

–Siz həbs edilirsiniz — dedi. 

Şair qanun–qadağalardan bixəbər olduğuyçün elə güman 

etdi ki, guya onu şahın yazılarını  bəyənmədiyinə görə  həbs 

edirlər. 

Vəzir: 

–Padşah sağ olsun —dedi —məhbəsdə boş yer qalmayıb. 



İzn verin müvəqqəti olaraq bunu tövləyə salaq. 

Padşah dodağını büzdü: 

–Xırda-xuruş  məsələlərçün mənim vaxtımı alma. Bu adam 

qanunu pozub. O dustağa salınmalıdır. Harda, nə cür, nə 

müddətə — bütün bunların nə əhəmiyyəti var? 


 537 

Gecə isə padşah yenidən şer yazırdı. O yazır, yazır, elə hey 

yazırdı, amma heç kəsə oxumurdu. Düz bir il durmadan yazdı. 

Seçilmiş  əsərlərinin yüz cildi tamam oldu. Düz bir il tamam 

olanda padşah vəzirini çağırdı. 

–Şairi hüzuruma gətir —dedi. 

Bir qədərdən sonra padşahın hüzuruna saçı  ağarmış, beli 

bükülmüş, dişləri tökülmüş bir qocanı gətirdilər. Bu haman şair 

idi. 

Padşah mehribanlıqla: 



–Yaman dəyişmisən — dedi — dünyasında tanımazdım. 

Yəqin çox işləyirsən. Bizim bu andıra qalmış peşəmiz adamı 

tez qocaldır — o yorğun-arğın bir ədayla əlavə etdi — mən də 

bu ili çox işləmişəm. Xeyli yazıb-yaratmışam. "Mənim sözüm" 

adlı kitab yazmışam. Bir qulaq ver. 

Padşah düz beş saat yarım yazdıqlarını oxudu. Şair susub 

durmuşdu. 

Padşah oxuyub qurtardı, məlul–məlul şairə baxdı: 

—Fikrini söylə, çəkinmə —dedi. 

Şair: 


—Əmr eləyin məni təzədən tövləyə salsınlar —dedi. 

—Axı, niyə, niyə, niyə, nə üçün — həyəcandan padşahın 

dili–dodağı təpirdi — niyə görə mənim şerlərimi bəyənmirsən? 

—O doğrudan yanıb-yaxılırdı. 

Şair: 

—İnciməyin —dedi —hər kəs padşah ola bilmir, hər kəs də 



şair ola bilməz.  

Padşah inadla: 

—Yox, ola bilər —dedi. O həm də çox tərs, höcət padşah idi 

—Mən sənə isbat edəcəm ki, hamı  şair ola bilər, hamı, hamı, 

hamı. Yoxsa elə bilirsən sən göydən zənbillə  tək düşmüsən. 

Səndən başqa bu cahanda şair yoxdur. Şairlik çox çətin işdir? 

İndi hamı şair olar, onda görərsən. 

Səhərisi kün fərman çıxdı. Məmləkətin bütün əhalisi  şe'r 

yazmalıydı. Yazmaqdan başqa hamı bir-biriylə  şerlə 


 538 

danışmalıydı. Hər  şey qafiyələnmişdi — dövlət qanunları, 

restoran menyüləri, qatarların gəlib-getmə cədvəli. Əgər qafiyə 

düz gəlməsə qanun maddəsi ya cədvəl dəyişdirilirdi. Xırda-

para müvəqqəti çətinliklər meydana çıxırdı. Bir yerdə yanğın 

olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma 

ünvanının qafiyəsini tapanacan bina yanıb qurtarmışdı. 

Padşah şairə: 

—İndi sən azadsan — dedi. — Get adamların içinə, həyata 

yaxın ol, görəcəksən ki, neçə yanılırsanmış. Hamı  şer yaza 

bilər, hamı şer yazmalıdır və hamı şer yazacaq. 

Biçarə  şair küçəyə  çıxdı.  Əvvəlcə gün işığından gözləri 

qaraldı. Susuzluqdan dodaqları çadar-çadar olmuşdu. Su istədi, 

amma nəsrlə istədiyindən ona su verən olmadı. Özünə  çəkmə 

almaq istəyirdi, yeyib qarnını doydurmaq, bir yer tapıb  

gecələmək istəyirdi. Amma elə nəsrnən danışırdı. Tərsliyindən 

yox. Bacarmadığından. O şer yazmağı bacarırdı, amma şerlə 

danışmağı bacarmırdı. 

Şairə ya heç cavab vermirdilər, ya da şe'rlə cavab verirdilər. 

Şair gün ərzində o qədər qafiyə  eşitdi ki, axşam gedib özünü 

qayadan atdı. 

Xəbər padşaha çatdı. 

Baş vəzir şerlə: 

—Şair özünü qayadan atdı –dedi —öldü. 

Padşah qəzəblə: 

—O ölə bilməz —dedi. 

Yeri gələndə o qəzəblənməyi də bacarırdı.  

Vəzir: 


—Siz həmişəki kimi haqlısınız —dedi —o ölə bilməz. 

—Madam ki, ölə bilməz, deməli ölməyib, sağdır. 

—Düz buyurursunuz, ölməyib, sağdır. 

—Madam ki, sağdır, gərək ona hörmət edək.  Şairlər 

ölkəsində  hər  şair ehtirama layiqdir. Şairə yaxşı bir heykəl 

qoymaq lazımdır. Ona gözəl bir mənzil — sərdaba tikmək 

lazımdır, xüsusi maşın katafalk təhkim etmək lazımdır, 


 539 

qəzetlərdə  şəkillərini çap etmək lazımdır. Hamı bilməlidir ki, 

şair sağdır. Bir də ki... padşah fikrə getdi, tutuldu, bir müddət 

susdu, sonra kədərlə əlavə etdi: — bu ölüm çox mənasız işdir. 

Belə xoşbəxt bir diyarda ölmək olar? Belə yerdə ölmək, illah 

da intihar etmək, nanəciblikdir. Mən təbəələrimə ölməyi qəti 

qadağan edirəm. 

Padşah bu sözləri amiranə bir tərzdə dedi və içində sevindi 

—qadağan eləməli təzə bir şey tapmışdı. 

Günlərin bir günündə padşah vəzirə müraciət etdi: 

–Vəzir, indi mən ölümü də qadağan eləyəndən sonra 

təbəələrim yə'qin daha lap xoşbəxtdirlər.  

Vəzir: 

–Bəs necə ki, şah sağ olsun —dedi — bizim keçmiş 



padşahlar, sizin atanız, babanız və ulu babanız da az-çox 

qadağan etmişdilər, amma sizə çatan olmaz. 

Padşah fikirli–fikirli: 

–Bəli —dedi —Atam allahı qadağan elədi, mən heç 

bilmirəm o nə deyən  şeydir, amma uşaqlıqda anam hərdənbir 

onun adını çəkərdi. Babam güzgü deyilən bir şey varmış, onu 

qadağan edib. Mən heç bilmirəm o nə deyən sözdür. Axı bu 

qadağadan neçə il sonra dünyaya gəlmişəm. 

Vəzir: 

—Güzgü! —dedi —mən heç belə sözü yerli-dibli 



eşitməmişəm. 

Padşah dedi: 

–Az–maz yadıma gəlir ki, uşaqlıqda nənəm danışardı. Bu 

güzgü kim imişsə, babama həmişə deyərmiş ki, sən çirkinsən, 

eybəcərsən. Babam da onu məhv eləyib, bütün nəslini qırıb 

məmləkətdən yox edib. 

Vəzir: 

–Padşah sağ olsun — dedi — bütün bu qadağalar bizi 



xoşbəxt elədi. Amma, bilmirəm deyim–deməyim, heç dilim də 

gəlmir, mənim də sizdən bir böyük xahişim var. Şəxsi xahişim. 

Padşah: 


 540 

–Sən yaxşı  vəzirsən —dedi —Səndən razıyam. De gəlsin. 

Nə istəsən edərəm. 

Vəzir: 


–Qadağan edin —dedi. 

Şah: 


—Qadağan ediləsi bir şey qalıbsa, edərəm —dedi. 

Vəzir: 


–Qalıb, qalıb — dedi —elə bir şey qalıb ki, sizin sadiq 

təbəələrinizi tamam xoşbəxt olmağa qoymur. 

–Denən görüm o nədir. Qadağan edək. 

Vəzir pıçıltıyla: 

–Eşq-məhəbbət —dedi. 

Padşah: 


—Eşq-məhəbbət — deyə  təkrar etdi və onun ürəyi sancdı, 

keçmiş arvadı yadına düşdü. 

—Bəli, məhəbbət, sevgi. Nə  qədər ki, sevgi qadağan 

olmayıb, adamlar aşiq olacaqlar, həsrət çəkəcəklər, 

qısqanacaqlar, ağrıyacaqlar, təklikdən bağırları çatlayacaq. 

Vəzir arif adam idi, elə sözlər seçirdi ki, padşahın ürəyinə 

tikan kimi batırdı, qəlbinin yaralarına duz basırdı. 

–Oğlum — padşah ilk dəfə idi ki, vəzirinə belə müraciət 

edirdi — sən belə yaraşıqlısan, cavansan, gözəlsən. Sən 

məhəbbətin ancaq xoş üzünü görmüsən, sən nə bilirsən 

qısqanclıq, intizar, iztirab, təklik nədir? 

–Padşah sağ olsun, mən bütün bu hissləri axır üç saat 

ərzində keçirmişəm. 

—Üç saat! Qəribədir! Arvadın gözəldir, cavandır, səni sevir, 

sənə sadiqdir. 

—Şah sağ olsun, mən də elə bilirdim. Ancaq dörd saat 

bundan qabaq arvadım şəhər kənarına gəzintiyə çıxmışdı. Orda 

sizin babanızın — güzgünü qadağan edən padşahın qəsrinin 

xərabələri var. Arvadım bu xərabələrə baxmağa getmişdi. O 

xarabalıqlardan nə isə balaca bir şüşə  qırığı tapıb gətirib evə. 

Mən indi bildim ki, bu tilsimli şüşə imiş. Arvadım dönüb olub 


 541 

ayrı adam. 

—Necə ayrı adam? 

–Bəli.  İş orasındadır ki, mənim bir baldızım vardı, 

arvadımın ekiz bacısı. Neçə il bundan qabaq öldü — vəzir 

tələsik  əlavə etdi — o vaxt hələ ölməmək haqqında qanun 

çıxmamışdı. 

Padşah: 


–Yaxşı, sonra — dedi. 

–Arvadım həmin şüşədən gətirib hər dəqiqə bu şüşəyə baxır, 

öz-özünə gülür, danışır:  əziz bacım, gözümün ağı-qarası — 

deyir, axır ki, səni gördüm. Elə bil mənə dünyanı bağışladın. 

Bu sehirli şüşədən görürəm ki, sağ–salamatsan, maşallah, 

gülürsən, danışırsan. 

Padşah: 

–Yox əşi, — dedi. 

–Bəli,  şah sağ olsun. Əvvəlcə  mən elə bildim başına hava 

gəlib. Amma sonra şüşəni gizlədib hamama getdi, mən də 

əlüstü şüşəni götürüb baxdım. Baxdım nə gördüm! 

–Nə gördün? —deyə padşah maraqla soruşdu. 

–Şah sağ olsun, bu doğrudan da sehirli şüşə imiş. Amma 

arvadım məni aldadıbmış. Ömrümüzdə birinci dəfə idi mənə 

yalan satırdı.  Şüşədə bacısı-zad yox imiş. Bacısıynan-zadnan 

danışmırmış.  Şüşəyə baxıb mən cavan və gözəl bir oğlanı  —

xoşbəxt rəqibi gördüm. Qan vurdu başıma, o saat gördüm ki, o 

da hirsləndi, qaşlarımı çatdım, o da çatdı  və başa düşdüm ki, 

mən nə  qədər ona nifrət edirəmsə, o da mənə o qədər kin 

bəsləyir. Arvadım da bu adamla danışır, sözləşirmiş, bu 

novcavan da şüşədən ona him-cim eləyirmiş. Mənim bağrım 

çatlayır,  əlahəzrət, qısqanclıqdan boğuluram. Siz məni 

qaldırdınız, üçüncü vəzir idim, birinci oldum, bütün rəqiblərimi 

və düşmənlərimi yerlə yeksan edib xoşbəxtliyə çatdırdım. 

Baxtlarını açıb qapılarını bağlatdım, amma bu adamı  mən 

tanımıram, heç vədə onu görməmişəm. Bilmirəm arvadım 

onunla harda tapışıb. Mənim ürəyim partlayır. Bütün hökmüm, 


 542 

qüdrətim acizdir. Yalvarıram,  əlahəzrət, məhəbbəti qadağan 

edin ki, daha o vəfasızı sevməyim, sakit olum. Yenə xoşbəxt 

olum. 


Padşah: 

—Əzizim —dedi — heç kefini pozma, o bizim əlimizdə 

nədir ki, bu saatca qadağan edərik. Amma mən də  sənin o 

rəqibini görmək istəyərdim. Görüm, o vəfasız sənin kimi iyid, 

gözəl, çavan oğlanı kimə dəyişib. Bəlkə mən tanıdım onu. Əgər 

mənim təbəələrimdən olsa, vay onun halına, hanı o şüşə, ver 

görüm. 

Vəzir: 


—Budur —dedi, cibindən balaca bir şüşə parçası  çıxardıb 

padşaha uzatdı. 

Padşah aldı, baxdı, baxdı, sonra bərkdən qəhqəhə  çəkib 

güldü. 


–Baş  vəzir olsan da, axmağın birisənmiş —dedi —Belə 

çirkin, eybəcər bir qoca kaftardan ötrü qanını qaraldırsan. 

Padşah çox ağıllı  və  təcrübəli padşah idi, adamın sifətinə 

baxıb bütün varlığını  təyin edə bilərdi.  İndi də  şüşəyə baxıb 

deyirdi: 

–Əşi, bunun küt sifətini görmürsən, görmürsən ki, axmağın, 

rəzilin biridir, bütün dünyaya nifrət edir. Özünü xeyirxah 

göstərir, amma hamıya kin bəsləyir. Kin bəsləyir, ona görə ki, 

bədbəxtdir. Bədbəxtdir, ona görə  də hamını  bədbəxt etmək 

istəyir, əşi bunun hay-hayı gedib, vay-vayı qalıb. Bu gün sabah 

gorbagor olacaq. Belə bir gorbagorun üstündə qanını 

qaraltmağa dəyərmi?! 

Doğrudan da padşah düz deyir: qanını qaraltmağa dəyərmi? 

8 aprel, 1970 

 


 543 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin