A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 

*** 

–Təbrik edirik, təbrik edirik. 

Eldar və Tahir Rənagilin dəhlizində dayanmışdılar. 

Eldar cibindən balaca radiocihazı çıxardı, Rənaya verdi.  

–Bu da sənin hədiyyən, – bir qədər pərt görünürdü. 


 256 

Tahir: 


–Düyməsini bas, – dedi. 

Eldar tərs-tərs ona baxdı. Rəna radiocihazın düyməsini 

basdı. "Qaragilə" mahnısının son pərdələri mənzilə yayıldı. 

Rənanın gözləri sevinclə parladı:– Yaxşı burda niyə 

dayanmışıq. İçəri gəlin. 

Otağa keçdilər. 

 

*** 

İnsan həyatının müxtəlif məqsədləri ola bilər, Azadlıq, 

istiqlaliyyət, ədalət – bütün bunlar şübhəsiz çox yüksək qayələrdir. 

Lakin insanların bir çoxu belə ulu məqsədlərlə yaşamır. 

Çox sadə, kiçik, adi məqsədlərlə yaşayanlar da var. Amma 

hər halda böyük, ya kiçik – məqsəd olmalıdır. Məqsədsiz, 

qayəsiz yaşamaq mümkün deyil. 

Kazım intihar etmədi, yaşadı. Çünki indi onun da həyatında 

məqsəd vardı. Bəlkə bu çox da yüksək məqsəd deyil. Amma 

hər halda bu yaşamaqçün bir səbəb idi. 

İndi Kazım işləmək, gecə-gündüz tər töküb işləmək, bir 

qədər pul yığmaq və bu pula bir radiocihaz almaq məqsədiylə 

yaşayırdı. 

24 aprel, 1962 

 

 


 257 

GECƏNİN SƏHƏRİ 

 

37-ci il gecəsi.  



Bakının sakit küçələrindən biri. 

Küçənin ağzında iki böyük ev qarşı-qarşıya durub – ütü 

kimi ağır iki ev. 

Evlərdən o tərəfə balaca bir bağ var. 

Torpaq suyu hopduran kimi küçə  də gündüz səslərini – 

danışıq, addım, təkər səslərini elə bil canına çəkib udub. 

Bağ boşalıb, gülüşsüzləşib: skamyanın zolaqları yazı – 

ləkəsiz mil-mil dəftər vərəqlərinə oxşayır. 

Tək bircə skamyada – üstünə qırıq qanad kimi ağac budağı 

sallanmış skamyada – iki nəfər bir-birinə  qısılıb; oğlan qızın 

saçını sığallayır, 

Bağ, küçə, evlər qaranlığa qərq olub. Yalnız sağ  əldəki 

dördmərtəbənin bir pəncərəsindən gecəyə zəif işıq süzülür. 

Hamı yatıb. Amma hamı səksəkəli yatıb. 

Gecə  təxminən saat iki radələrində küçənin səssizliyi 

xırçıltıyla iki bölündü – dördmərtəbəli binanın qabağında 

maşın dayandı. 

Yeyin gələn və qəfil dayanan maşından paslı tormoz səsi ev 

sakinlərinin yuxularını sanki bıçaqla kəsib atdı. 

Heç kəs yatağından durmadı. Heç kəs eyvana çıxmadı. Heç 

kəs pəncərəyə yanaşmadı. 

Çarpayılarında uzanmış adamlar qulaqlarını bir nöqtəyə 

zillədilər. 

Dördmərtəbəli evin birinci mərtəbəsində bir nömrəli 

mənzildə sinli ər-arvad yaşayırdı. 

Bəşir kişi domkom idi. 

Arvadının adı Züleyxa idi. 

Züleyxa yuxuda kəndlərini görürdü. Komalarının 

bacasından ağappaq tüstü qalxırdı. Kimsə  bərkdən çığırdı: ay 

qız Züleyxa, apar bu qab-qacağı pak elə, gətir, harda qaldın, ay 

qız? Züleyxa yaxınlaşıb çağıranı tanıdı – anası idi. 


 258 

Domkom Bəşir yuxuda çay içirdi. Pürrəng çay armudu 

stəkanda ləzzətlə buğlanırdı. 

Maşın dayanışı ikisini də birdən oyatdı. Dinləməyə 

başladılar: maşının qapıları açıldı. 

Züleyxa pıçıltıyla: 

–Allah, sən özün xətadan saxla, – dedi. İndicə gördüyü 

yuxunu yada salmaq və yozmaq istədi: Su – aydınlıqdı, anası... 

Maşının qapısı çırpıldı. 

Züleyxa: 

–Allah, sən özün xətadan saxla, – dedi. 

Addım səsləri eşidildi. Addım səslərinə görə  Bəşir 

gələnlərin neçə  iəfər olduğunu təyin etməyə çalışırdı: üç, ya 

dörd. 


Binanın giriş qapısı açıldı. 

Addımlar lap yaxında eşidilirdi – Bəşirgilin qapısının 

ağzında. 

"Görəsən bu gecə kim getdi?" – Bəşir bu barədə düşünürdü. 

Addım səsləri onların qapısından ötdü. 

Bəşirin qapısıyla üzbəüz iki nömrəli mənzildə qoca dul bir 

arvad – Zəhra qarı yaşayırdı. Onun iki otağı vardı. Kişisi 

rəhmətə gedəndən bəri otaqlarının birini kirayə vermişdi. 

Zəhra xalanın qulağı bir az ağır eşidirdi, özü də bərk yatırdı. 

Qulağının dibində top da atsaydılar oyanmazdı.  İndi də 

oyanmadı. 

Kirayənişini Səkinə adlı makinaçı idi. Səkinə otuz iki yaşlı, 

mülayim xasiyyətli, sifəti çirkin, başıaşağı bir qız idi. 

Maşın qapıda dayanan kimi o dərhal oyandı. Nigarançılıqla 

dinləməyə başladı. Addım səsləri onların mənzilinə yanaşdığı 

müddətdə  Səkinənin başından  əlli iki min fikir keçdi. Fikirlər 

onun beynində civə kimi xırda-xırda bölünüb dığırlanır, yenə 

qayıdıb toplanır, yenə parçalanır, yenə birləşirdi... Yaxşı, bircə 

hərfin üstündə ola bilməz, Əhmədovdan başqa heç kəs bilmir, 

Əhmədov heç belə  şey edər? Yox-yox, düzdü söz mühüm 

sözdü, gərək elə-belə sözdə çaşaydım, andıra qalmış "z" hərfi 


 259 

gərək elə "p" hərfinin yanında olaydı. Yox, inanmıram, 

Əhmədov elə  şey etməz. Amma adamdı bilmək olmaz, bəlkə 

öz canının qorxusundan... yox, qorxaq adam deyil, yaxşı, axı 

kabinetdə ikimiz idik. Kim bilə bilərdi, bəlkə  məndən ürküb. 

Mən də  gərək elə–belə sözdə  səhv eləyəydim, yəni kimin 

ağlına gələ bilərdi ki bir hərflə belə  məna dəyişər indi necə 

isbat eləyəsən ki qəsdən yox, təsadüfən belə  çıxıb, axı niyə 

qəsdən eləyim. Balaca adamam kimlə  nə  işim var, yüz varaq 

şey yazıram bir hərf, əşi yox Əhmədov kişi adamdır məni tez-

tez danlasa da elə namərdlik eləməz, yox, yox, ola bilməz 

inanmıram, amma nə deyəsən yox axı... 

Səkinə başının altından özü tikdiyi naxışlı dəsmalını çıxarıb 

alnından soyuq təri sildi, addım səsləri pilləkənlərdən eşidilirdi. 

İkinci mərtəbədə üç nömrəli mənzil Surxayın mənzili idi. 

Surxay subay bir memar idi. Küçəyə süzülən işıq onun 

pəncərəsindən süzülürdü. Surxay işləyirdi. O, yeni məktəb 

binası layihəsini qurtarıb sabah təhvil verməli idi. Odur ki, 

bütün gecəni işləyirdi. 

Surxayın başı layihəyə elə qarışmışdı ki, heç nədən xəbəri 

yoxdu. O nə qapılarında dayanan maşının tormoz xırçıltısını, 

nə  də addım səslərini eşitmişdi.  İndi addımlar lap onun 

qapısının ağzında səslənəndə  də  eşitmədi, addım səsləri ötüb 

keçdi. Dörd nömrəli mənzilə tərəf yönəldi. 

Dörd nömrəli mənzildə yaşayan Qurban kişi köhnə firqəçi 

idi. 


Son üç ay ərzində  hər gecə Qurban kişi çarpayının yanına 

iki dəst təmiz alt paltarı, diş tozu, dişsilən və üç parça sabun 

qoyurdu – hələ lap cavanlıqdan dostları ona vasvası deyirdilər. 

Maşın dayanan kimi Qurban kişi gözlərini açdı. O hələ 

yuxulamamışdı. Axır vaxtlar pis yatırdı. Amma sakit və toxtaq idi. 

Addım səsləri pillə-pillə qalxanda Qurban kişi: deməli, 37-ci 

il aprelin 14-ü, – deyə düşündü. 

İnsan ömrünün bir neçə  ən vacib günü olur – yaddaşında 

həkk olunan günlər, doğulduğu gün, ilk sevgi günü, ata-analıq 


 260 

günü, əzizinin matəm günü, böyük ümidinin doğulduğu gün – 

yaddaşında həkk olunan günlər, bir də bir gün – yaddaşda həkk 

olunmayan, yaddaşın sönən günü – ölüm günü – insan 

ömrünün ən vacib günləri. 

Addım səsləri Qurban kişinin qapısına tərəf yaxınlaşdı. 

Qurban kişi: "14" aprel deyə bu rəqəmi təkrar edir və 

nədənsə ömrünün ən vacib günlərini yaddaşında canlandırırdı. 

7 dekabr. 1903-cü il. İlk gizli tələbə  yığıncağı. 18 avqust. 

1904-cü il. İlk tələbə nümayişi. 

28 aprel. 1920-ci il. Bakı. İnqilab səhəri. 

22 fevral.10 sentyabr. 8 iyul. 

çar sürgünləri,  

inqilab illəri  

vətəndaş müharibəsi. 

5 oktyabr. Filankəslə son ciddi toqquşma. 

Bu gündən bəri keçən yeddi ay ərzində Qurban kişi 

ömrünün bir vacib gününü, daha doğrusu, bir vacib gecəsini də 

gözləmişdi. Hər gecə gözləmişdi. Bu gecəni gözləmişdi. 

"Deməli 14 aprel gecəsi". 

İndi artıq Qurban kişi bu tarix haqqında yox, başqa bir tarix 

haqqında düşünürdü. O bilirdi ki, bu gecə ömrünün vacib 

tarixlərindən biri olsa da, son vacib tarix deyil. O bilirdi ki, 

ömrünün bir vacib günü – bir vacib səhəri də var. Doğruya, 

ədalətə açılan səhər. Bu səhər haçan açılacaq? Hansı gün? 

Hansı ay? Hansı il? 

Addım səsləri Qurban kişinin qapısına dirəndi. 

Qurban kişi qapıya durmaq üçün çarpayısında dirəkləndi, 

ayağını sallayıb qaranlıqda gecə  məstini axtardı. Yalın ayaq 

döşəməyə toxunub üşüdü,  əsasıyla yol axtaran kor kimi 

qaranlıqda vurnuxub məsti tapdı. 

Qurban kişi sağ ayağını  məstə keçirdi, sol ayağını 

keçirmədi, hərəkətsizləşib qaldı, pillə-pillə uzaqlaşan addım 

səslərinə təəccüblə qulaq verdi. 

Üçüncü mərtəbədə iki mənzil vardı. 


 261 

Beş nömrəli mənzil iki həftə bundan qabaq boşalmışdı. Orda 

Fərəc adlı bir bəstəkar yaşayırdı. Hələ  mənzilə heç kəs 

köçməmişdi. 

Altı nömrəli mənzildə isə Cavanşir adlı bir nəfər, onun 

arvadı Tavus və altı yaşlı qızı Rəna yaşayırdı. 

Maşın döngəni burulan kimi Tavusun belində  gəzən  əl – 

Cavanşirin sağ  əli – hərəkətsizləşib dondu. Bir az sonra 

Cavanşir arvadından aralanıb dik atıldı. Tavus da gərginləşib 

susdu. Dinləməyə başladılar.  

Balaca Rəna mışıl-mışıl yatırdı: yuxusunda böyük, işıqlı, 

mavi rəngli pəncərə görürdü – pərdəsiz bir pəncərə. Kimsə ona 

say öyrədirdi: bir, iki, üç, dörd, beş. 

Bir, iki, üç, dörd, beş. Bir, iki, üç, dörd, beş. 

Maşın dayanıb addım səsləri binada eşidilən kimi Cavanşir 

Tavusa yalnız bircə kəlmə söz dedi: 

–Qurban. 

Yəqin bunu deməyə onun əsası vardı.  İki həftə bundan 

qabaq beləcə maşın səsi gələndə  də Cavanşir arvadına bircə 

kəlmə söz demişdi: 

–Fərəc. 

Mətləbdən təzə agah olanda Tavus bir müddət qaş-qabağını 

salladı. Cavanşir "Sən arvadsan, – dedi. – kişi işinə qarışma". 

İki gündən sonra Tavusun qaş-qabağı açıldı. "Mənim nə işimə, 

– deyə fikirləşdi. – Kişidi, özü bilər". Həm də bu müəyyən 

dərəcədə arxayınçılıq demək idi. Onlar barışan gecə Cavanşir 

arvadının boynunu öpə-öpə  pıçıldayırdı: "Mən heç nə 

uydurmuram, artırmıram, soruşanda bax, bu iki qulağımla 

eşitdiyimi deyirəm". 

Addım səsləri Qurbanın qapısından ötüb pilləkənləri 

qarmaqlayanda yataq ər-arvadı dalamağa başladı? Cavanşir 

əlini çarpayının yanından asdığı pencəyinin cibinə atdı, titrəyən 

barmaqlarıyla damağına papiros apardı. Yandırmadı, quruyub 

qaldı, dinlədi, pusdu, diqqətlə, diqqətlə dinlədi. 

"Bəlkə  səhv salıblar, – deyə düşündü, – yaxşı, bilmirlər 


 262 

məgər ki, bu mərtəbədə yalnız iki mənzil var. Beşinci boşdu, 

altı da ki, mənimkidi...".  

–Bura bax, Tavus, sən artıq-əskik danışıb eləməmisən ki... 

–Nə deyirsən, ay Cavanşir. 

–Axı  sənin o podruqaların ağızlarını allah yoluna qoyub 

axvayı danışmağa pərgardılar. 

–Ay Cavanşir, iki ay bundan qabaq səninlə danışdıq 

qurtardıq. Ondan sonra heç biri buraya ayaq basmayıb, mən də 

ki, onların üzünü görməmişəm. Özün ki, məndən yaxşı bilirsən 

bütün tanışlarla, qohumlarla salam-kəlamı kəsmişik. Heç kəslə 

durub-oturmuruq.  

Addım səsləri beşinçi mənzilin qabağından ötdü. 

–Ay Cavanşir, – Tavusun səsi  əsirdi. Bilmirdi desin, 

deməsin. Axır qərara gəldi, hər halda Cavanşir bilsə yaxşıdır, – 

Bilirsən, Rəna köpəyin qızı yenə o havanı oxuyurdu. 

–Nə? – Cavanşir yerindən dik atıldı. 

Sonsuz, dul bəstəkar Fərəc nədənsə bütün mehrini balaca 

Rənaya salmışdı. Təzə yazdığı  məzəli uşaq mahnılarını ona 

öyrədirdi. 

Srağagün Cavanşir qəzetlərə baxıb dünyanın işlərindən 

xəbərdar olurdu, birdən ilan çalmış kimi sıçradı: dünyanın 

işlərindən bixəbər olan Rəna balaca gəlinciyini yatızdırır, layla 

çalır, xalq düşməni Fərəcin yazdığı mahnını zümzümə edirdi. 

Cavanşir özünü elə itirdi ki, qızına, ya arvadına bir şey izah 

etməmişdən qabaq o biri otağa atılıb Rənaya, bir–iki şapalaq 

çəkdi, handan-hana sakitləşəndən sonra Tavusa dedi ki, bir də 

küçüyünün dilindən belə şey eşitsəm özündən küs. 

Addım səsləri Cavanşirin qapısına yapışdı. 

Tavus nəfəsi kəsilə-kəsilə: 

–Dünən gördüm yenə oxuyur, – dedi. – Yapışdım 

qulağından, deyir, ana, mən yadımdan çıxarmışdım, indi 

oxuyuram görüm hamısı yadımdan çıxıb, yoxsa yox. 

Bu sözləri deyib Tavus əcaib bir iş etdi – gülümsündü.  

Bu il, bu gecə, bu dəm bu mənzildə gülüş Cavanşirə ən ağır 


 263 

xəyanət idi. O, Tavusun qolundan tutub: 

–Sus görüm, – dedi və söydü. 

Addım səsləri onların qapısından qopub aralandı. Cavanşir 

əsəbi hərəkətlə papirosunu odladı. 

–Ay-hay, kül ağlıma, – dedi və güldü. – Tamam yadımdan 

çıxıb. Axı yuxarıda bir mərtəbə də var. 

–Dördüncü mərtəbədə, – deyə Tavus ağlamsındı. Söyüşü 

hələ də onun qulağını yandırırdı. 

"Dördüncü mərtəbə!" – deyə Cavanşir düşündü. Dördüncü 

mərtəbə? Kim ola? Kapitan? Neftçi?". 

Dördüncü mərtəbədə iki mənzil vardı. 

Yeddi nömrəli mənzildə Salayev yaşayırdı. O, Həştərxana 

gedib-gələn gəminin kapitanı idi. Həftədə üç gün evdə olurdu. 

Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə – dörd gün dənizdə. 

"Bu gün cümədir – deyə Cavanşir fikirləşdi. – Deməli neftçi 

Zeynallı?  İşə bax. Kim deyərdi. Forsu adamı  yıxırdı. Axır 

vaxtlar heç salam–zad da almırdı". 

Cavanşir qulağını şəkləyib dinləməyə başladı. 

Addım səsləri yeddi nömrəli mənzilin qabağından ötüb 

səkkiz nömrəli mənzilin qarşısında susdu. 

Sonra səkkiz nömrəli mənzilin qapısı döyüldü. Bərkdən 

döyüldü. Bütün ev eşitdi. 

Altı nömrəli mənzildə Cavanşir düşünürdü: deməli belə. 

Vətəndaş Murad Zeynallı. Forsuva ki! Üç böyük işıqlı otaq da 

boşaldı. Görəsən kim köçəcək. Amma heç Zeynallının 

bozburutundan deyərdin ki, işləri yaşdı?". 

5 nömrəli mənzildə... 5 nömrəli mənzilin qapısı 

möhürlənmişdi. 

4 nömrəli mənzildə Qurban kişi var–gəl edir, düşünür, 

düşünürdü. "Bəlkə, birtəhər eləyib Moskvaya gedim, məktubu 

şəxsən özüm aparım. Görək...". 

3 nömrəli mənzildə Surxay işləyirdi. 

2 nömrəli mənzildə  Səkinə için-için ağlayırdı. Zəhra qarı 

yatmışdı. Yuxu görmürdü. 


 264 

1 nömrəli mənzildə domkom Bəşir arvadına öyüd-nəsihət 

verirdi: 

–Arvad, boş-boş danışma, – deyirdi. – Təqsirsiz heç kəsi 

aparmazlar. Görəsən nə  qələt elayib. – Sonra o, dərindən ah 

çəkib  əlavə etdi: – Eh! Süleymana qalmayan dünya, kimə 

qalacaqsan? 

Dördüncü mərtəbədə 8 nömrəli mənzilin qapısı açıldı, içəri 

girdilər. Bir qədər sonra addım səsləri eşidildi. 

Addım səsləri mərtəbə-mərtəbə endi. Binanın çöl qapısı 

açıldı, bağlandı. Maşın işə salındı. Maşın hərəkətə gəldi. Maşın 

səsi uzaqlaşıb itdi. 

Küçənin sükutu sanki səsləri   canına   çəkib hopdurdu. 

Qaranlığa qərq olmuş binada yalnız bircə  pəncərədən 

gecəyə işıq süzülürdü. 

Bağda – üstünə  qırıq qanad kimi ağac budağı  əyilmiş 

skamyada – oğlan qızın dodaqlarından öpürdü. 

Səhər tezdən domkom Bəşir  fırça və  rəng dolu vedrə 

götürüb dəhlizə çıxdı. 

Dəhlizdə qara bir lövhə üstündə ağ hərflərlə ev sakinlərinin 

ad-familləri yazılmışdı. Yalnız 5 nömrəsinin qarşısındakı famil 

qaralanıb oxunulmaz olmuşdu. Domkom Bəşir onu iki həftə 

bundan qabaq qaralamışdı. 

Bu səhər də domkom Bəşir qara vedrəsini və  fırçasını 

götürüb dəhlizə çıxdı. 

Saat yeddi idi. 

İşə  tələsən ev sakinləri Səkinə, Cavanşir, Tavus dəhlizdə 

rastlaşdılar. Bir an ayaq saxlayıb domkom Bəşirə baxdılar. 

Səkinə üşüdü, örpəyini boynuna bir də doladı. 

Bəşir kişi fırçanı qaldırıb "Zeynallı" familinə yaxınlaşdırdı. 

Birdən... 

Cavanşir və Tavus diksindilər. 

Səkinə örpəyinin saçaqlarından yapışdı. 

Domkom Bəşir durduğu yerdə mat-məəttəl donub qaldı. 

Dəhlizin çöl qapısından boz sement döşəməyə  çəpəki işıq 


 265 

düşürdü. Qapının açıq qanadından küçənin bir hissəsi, 

qarşıdakı evin pəncərəsi, pəncərənin məhəccərinə düzülmüş 

yaşıl səmənilər görünürdü. 

Ancaq dəhlizdəkiləri mat-məəttəl qoyan başqa şey idi. 

Qapıda 8 nömrəli mənzilin sakini neftçi Murad Zeynallı 

dayanmışdı. 

Murad domkom Bəşirə, lövhəyə, fırçaya, vedrəyə baxdı  və 

dərhal hər şeyi başa düşdü, ancaq qapıdan çəkilmədi. 

Cavanşir: 

–Bəs... siz... dünən gecə... maşın... – deyə dolaşıq kəkələdi. 

Bəşirin arvadı Züleyxa da qapıya çıxdı. O da təəccüblə 

Murada və dəhlizdəkilərə baxdı. 

Yuxarı mərtəbədən pillələri tez-tez düşən bir adamın addım 

səsləri eşidildi. Surxayın qoltuğundakı layihə kağızları boru 

şəklində burulmuşdu, 

Murad güləndə  ağzı qulaqlarının dibinə gedirdi, dümağ 

sağlam dişləri görünürdü. Murad: 

–Bədniyyət olmayın, – dedi. – Təcili yardım maşını idi. 

Fəridəni doğum evinə apardıq. Bu gecə oğlum oldu. 

Tavus  əlini alnına  çırpdı, – aaa, vaxsey, – dedi..– Tamam 

yadımdan çıxıb. Fəridə axı qarnı burnunda gəzirdi.  

Züleyxa: 

–Doğrudan a, heç ağlımıza gəlməyib, – dedi. – Allah 

saxlasın. Boya-başa çatsın. Atasıyla, anasıyla. 

Cavanşir nədənsə saraldı. Tələsik papiros çıxardı. 

Səkinə nədənsə qızardı. Başını aşağı saldı. 

Taqqıltı eşidildi, fırça domkom Bəşirin əlindən sürüşüb yerə 

düşdü. 

Surxay: 


–Gözün aydın, təbrik edirik, – dedi və tələsik çıxıb getdi.  

 

*** 

Bu gecə dünyaya gələn uşaq mən idim. 



 

 266 

*** 

Hər ildə müxtəlif günlər olur, sevincli, kədərli günlər.  

İş günləri, bayram günləri, matəm günləri. 

Amma elə illər var ki, insanların hafizəsinə birrənglə  həkk 

olunur. 

Bizim nəsil anketlərimizdə doğum ilimizi 1937-ci il yazırıq. 

Biz böyüyəndə bildik ki, bu qara il olub, xalq yaddaşında 

qorxu, nigarançılıq ili kimi qalıb. 

Amma bizimçün bu il ömrümüzün ən vacib ilidir. 

Günəşi, ağacları, dünyanı ilk dəfə gördüyümüz il. 

 

1964


 267 

 

 

GECƏ YARISINDA   HADİSƏ 



(Sənədli hekayə) 

 

Bir  mart axşamı benzin kalonkasına yan almış TMoskviçU 



412 markalı, AVA 31-75 nömrəli maşının sürücüsünə Dövlət 

Avtomobil Müfəttişliyinin işçisi yaxınlaşdı  və  sənədləri tələb 

etdi. Maşının sürücüsü (və    sahibi)    Azərbaycan Dəniz Neft 

Tikinti montaj trestinin beş nömrəli kontorunun altıncı dərəcəli 

elektrik montyoru Mazan Əliyev idi. DAM-ın işçisi sənədləri 

gözdən keçirib Mazan Əliyevə qaytardı. 

–Yaxşı  deyil, Əliyev, – dedi, – mənim sizə hörmətim var, 

müharibə  əlilisiniz. Ancaq bu cür təkərlərlə maşın sürmək 

olmaz. Bunlar ki, lap "dazdırlar". Məgər bilmirsiniz bu 

təhlükəli işdir? 

M.Əliyev izah etməyə başladı. Dedi ki, bu yolla işə gedir və 

evə qayıdır.  İşi ilə evi tamam ayrı  səmtdədirlər. 8–ci 

kilometrdə yaşayır.  İşi isə  şəhərdən 40 kilometr aralıdır. 

Bundan başqa təxminən ayda bir dəfə  Lənkəranda yaşayan 

oğluna baş  çəkir. Odur ki, təkərlər də köhnəlib. Mazan 

təkərlərin şinlərini çoxdan dəyişərdi və hətta bunun üçün gərək 

olan məbləği də toplayıb. Amma indi tərs kimi satışda 

"Moskviç"  şinləri yoxdur. M.Əliyev  ətraflı, yerli yataqlı 

danışırdı. O, ümumiyyətlə hər bir şey haqqında müfəssəl, əsaslı 

danışmağı sevirdi və DAM-ın işçisi əlini papağına aparıb dedi: 

–Bu səfərlik ancaq xəbərdarlıq edirəm, amma bilin ha, gələn 

səfər cəzalandıracağam. 

Mazan Əliyev təşəkkür etdi və maşını işə saldı. Maşını əllə 

idarə etmək üçün əlavə sükanlar var idi, çünki Mazan 

müharibədə sol qıçını itirmişdi. Üçüncü dərəcəli müharibə əlili 

kimi Mazan bu maşını 1971-ci ildə Azərbaycan  İctimai 

Təminat Nazirliyi xətti ilə almışdı. 

Mazan Həmid oğlu Əliyev 1923-cü ildə Masallı rayonunda  



 268 

doğulmuş, 1941-ci ilin avqustunda ordu  sıralarına çağırılmış 

və 1946-cı ildə ordudan tərxis olunmuşdu. Topçu serjant kimi o 

bütün müharibəni keçmiş  və onuncu qırıcı  əleyhtank polkun 

tərkibində Almaniyaya çatmışdı. Üç dəfə yaralanıb. Birinci 

dəfə sol qolundan, ikinci dəfə qarnından. 1945-ci il martın 18-

də sol qıçından aldığı üçüncü yara hamısından ağır oldu; bu 

yaranın nəticəsində dizdən aşağı qıçını kəsməli oldular. Döyüş 

təltifatları var. 

Müharibədən sonra neft mədənlərində  işləyə–işləyə 

Azərbaycan Sənaye  İnstitutunun energetika fakültəsini 

bitirmişdir. 1946-cı ildə ilk övladı – oğlu Qurbanəli anadan 

oldu. 1971-ci ildə doğulan qızı Jalə Mazangilin 11-ci uşağı idi. 

Lənkəranda musiqi müəllimi işləyən oğlu Qurbanəlidən başqa 

M.Əliyevin bütün ailəsi 8-ci kilometr qəsəbəsində üç otaqlı 

mənzildə yaşayır. Böyük övladları ali təhsil alıblar. 

Övladlarından üçü işləyir, qalanları (lap körpələrindən başqa) 

oxuyurlar. Mazanın arvadı, qəhrəman ana Dünyaxanım da 

işləyir. 

Yuxarıda dediyimiz kimi Mazan Əliyev trestdə  işləyir. Bir 

həftə  dənizdə olur, bir həftə evdə. Donluğu ayda iki yüz 

manatdır, əlavə 35 manat təqaüd alır. 

Mazan  Əliyev orta boyludur, arıqdır, çəlimsizdir. 

Xasiyyətcə xoşsifətdir, kara gələndir, bir qədər utancaqdır. 

Zəhmət sevəndir, məqsədinə çatandır, alın təri ilə qazandığının 

qədrini biləndir, həyatda bəxtinə düşən sınaqlar ona çox şey 

öyrədib; ən çox da mərhəmətli olmağı. 

Bir mart günü gecə yarısı başına qəribə, hətta möcüzəli işlər 

gələn bu adam haqqında  ən qısa məlumat belədir. Bizim 

hekayətimiz də məhz bu gecə yarısında – 1974-cü il martın 25–

də baş verən hadisələr haqqındadır. 

Bu hadisələrin iştirakçısı olan üç nəfər haqqında. Bir neçə 

saat haqqında ki, həmin saatlarda insan həyatının və ölümünün, 

cinayətin və  cəzanın, amansızlığın və iradənin, mərdliyin və 

qorxaqlığın bir çox əsaslı problemləri sıxılıb-sıxılıb üzə çıxıb. 


 269 

Sıra ilə başlayaq. 

25 mart 19–30.                                              

Gündüz Mazan Əliyev eşidib ki, Hüsü Hacıyev küçəsində 

Təzə univermaqda Erevan şinləri satılır. O, işdən qayıdıb bir 

qədər dincəldi və saat 19-30-da şin dalınca getməyi qərara aldı. 

Bu məqsədlə pul da toplamışdı – beş yüz manat. Üç yüz manatı 

Lənkərandan oğlu göndərmişdi.  İki yüzünü isə Mazan Əliyev 

özü yığmışdı. Pullar arvadında idi. Mazan ondan istədi və 

arvadı ona 480 manat verdi. 20 manatı isə  hər ehtimala qarşı 

gələn maaşa qədər saxladı. Beləliklə Mazan Əliyev cibində 480 

manat pul saat 19-40-da "Moskviç"inə minib 8–ci kilometr 

qəsəbəsindən yola düşdü. 

Təqribən saat 8 radələrində o Təzə univermağa çatdı  və 

maşını Nizami küçəsində, səkinin qırağında saxlayıb özü 

mağazaya girdi. Cavan satıcı dedi ki, şin yoxdu, dünən vardı 

qurtarıb. Bəlkə bazada bir şey qalıb, bilmirəm. Müdir yoxdur. 

Qoy Mazan Əliyev sabah gəlsin, onunla danışsın. Bu söhbəti 

hekayətimizin dikər iştirakçıları  eşidiblər-eşitməyiblər, məlum 

deyil. Hər halda Mazan Əliyev univermaqdan qanı qara çıxdı 

və "Moskviç"inə minib maşını Nizami küçəsi ilə başıyuxarı 

sürdü. Univermaqdan bir az yuxarı Poluxin küçəsinin tinində 

iki oğlan dayanmışdı. Onlardan biri əlini qaldırdı  və Mazan 

saxladı. 

Oğlanlardan biri (boyca o daha uca idi) olardı təxminən 22-

23 yaşında, o biri təxminən 16-17 yaşında. Oğlanlar dedilər ki, 

Şəki rayonundandırlar. Bakıya oxumağa gəliblər, otaq tutublar 

amma kirayəni vaxtında ödəyə bilmədiklərinə görə otaq sahibi 

bu axşam onları qovub. İndi yatmağa yerləri və pulları yoxdur. 

Ona görə çox xahiş edirlər ki, onları Kürdəmirə çatdırsın. 

Yaşca böyük olan oğlanın bacısı Kürdəmirdə yaşayır. Bacısı 

onlara borc verər və onlar elə bu axşam, daha doğrusu gecə 

yarısınacan geri qayıdarlar. 

Mazan  Əliyev xasiyyətcə kara gələn adamdı. On bir uşaq 

atası olduğuna görə onda cavanlara xüsusi bir diqqət, qayğı 


 270 

hissi də vardı. Dedi ki, oğlanların halına yanır və  həvəslə 

onlara kömək göstərərdi, amma iş ondadır ki, maşının təkərləri 

tamam "dazdırlar" və belə təkərlərlə bu cür uzun yola çıxmağa 

qorxur. Böyük oğlan elə bil bu sözə bənddi. 

–Bu lap əla oldu, – dedi, – yeznəmin qəttəzə  şinləri var, 

dördünü öz qiymətinə sizə verər. 

Mazan Əliyev buna şirnikdi və razılaşdı. Böyük oğlan arxa 

tərəfdə əyləşdi, kiçik – qabaqda, sürücünün yanında. 

"Moskviç" yerindən tərpənməmişdən   əvvəl arxada oturan 

oğlan dedi: 

–Ancaq bircə  dəqiqəliyə bu küçədəki evə  dəyməliyəm, 

şeylərimi götürməliyəm. O evi göstərdi və Mazan Əliyev 

maşını geri döndərib Poluxin küçəsindəki 20 nömrəli evə tərəf 

sürdü. Maşını saxlayan kimi böyük oğlan cəld çıxdı  və evin 

qarşısından içəri girdi. Kiçik oğlan maşında qaldı. Hava 

qaranlıq olsa da Mazan maşının güzgüsündə oğlanın alnındakı 

çapığa diqqət yetirdi. İstədi soruşsun, sonra fikirləşdi: bəlkə bu 

çapıq elə bir hadisə ilə bağlı idi ki, oğlan heç onu yada salmaq 

istəmir. 

Və  təbii nəzakəti, qanacağına görə Mazan heç bir sual 

vermədi. Ancaq oğlan özü sualı–suala calayırdı. O, əllə idarə 

etmək üçün əlavə sükanlarla maraqlanırdı. Və Mazan da hər 

şeyi ona ətraflı başa salırdı. Oğlan dedi ki, o da maşın sürə 

bilir. Mazan: – Çox gözəl, – dedi. – Geri qayıdanda yorulsam, 

sükanın arxasına sən keçərsən. Bu əlavə sükanları öyrənmək 

çətin iş deyil, mənim sürməyimə diqqət elə  və  hər  şey sənə 

aydın olacaq. 

Evin alaqapısından böyük oğlan göründü. Əlində kiçik 

çamadan vardı. Qolunun üstünə açıq rəngli plaş salmışdı, 

boynuna şərf sarımışdı. Mazan maşından düşdü ki, yük yerini 

açsın, ancaq oğlan çamadanı ora  qoymaq istəmədi. Dedi ki, 

içində  sınan  şey var, yanıma qoysam yaxşıdır. Mazan keçib 

maşına oturanda ona elə  gəldi ki, alaqapının qaranlığından 

onlara kimsə baxır. Ancaq baxan adamın kölgəsi içəri çəkilib 


 271 

qeyb oldu. 

Təxminən saat 20-40-da onlar Azərneft meydanına çatdılar. 

Mazan dedi ki, gərək evə  zəng vurum, arvadıma deyim, 

nigaran qalmasınlar.  İki qəpikliyi yox idi. Oğlanlardan istədi. 

Onlarda da olmadı. Xırdalamaq istədi, amma ətrafdakı bütün 

köşklər, mağazalar bağlı idi. 

Böyük oğlan: 

–Əşşi gecə yarısına qədər qayıdacayıq da, – dedi və Mazan 

Əliyev evə telefon etmək cəhdindən vaz keçdi. Oğlanlar yaman 

deyib güləndilər. Özlərindən, dərslərindən danışırdılar. Böyüyü 

dedi ki, adım Adildir. Politexnik institutunun hazırlıq kursunda 

oxuyuram, kiçik oğlan:  

–Mənim də adım Aydındır. Mən də Xalq Təsərrüfatı 

İnstitutunun hazırlıq   kursunda oxuyuram,– dedi. 

Mazan: 


–İşə baxa, – dedi, – mənim də ortancıl oğlumun adı 

Aydındır. Bir qızım da elə həmin Xalq Təsərrüfatı İnstitutunda 

oxuyur. 

Aydın bu sözə maraq göstərdi və Mazan qızını təsvir edəndə 

oğlan dedi ki, institutdan belə bir qızı tanıyır, yəqin elə həmin o 

qızdır. 


Söhbət uşaqlardan düşdü. Mazan dedi ki, 11 uşağı var. 

Ailənin istəklisi  kiçik qızı Jalənin  şeytan dillərindən danışdı. 

Uşaqların musiqiyə olan həvəsindən söz açdı. Dedi ki, böyük 

oğlu Qurbanəli Lənkəranda musiqi dərsi deyir. Kiçik oğlu – 

sənin adaşın – Aydın isə yaxşı kamança çalır. Onun barəsində 

hətta qəzetdə yazıblar, televizorda da çıxış edib. Mazan özü də 

hərdən-birdən tar çalmağı  sevir. Yaxşı sədəfli tarı var. Mazan 

davadan danışdı. Neçə-neçə başqası kimi nə qədər iztirab, ağrı 

çəkməsindən danışdı. TDavanın lap axırına yaxın, 45-in 

axırında üçüncü dəfə yaralandım. Yaralı halda mühasirəyə 

düşdüm. Üç gün meyitlərin içində qaldım. Almanlar məni də 

ölü bildilərU. Bizimkilər bu ərazini alandan sonra Mazan 

Əliyevə tibbi yardım göstərildi, qıçını  kəsməli oldular. 


 272 

Oğlanları Mazanın   halına  yanırdılar.   Kiçiyi dedi: 

–Ay dayı, sənin başın nələr çəkib.  

Mazan: 


–Bəli, – dedi – biz çəkənləri siz çəkəsi olmayasınız. Siz xoşbəxt 

nəsilsiniz. Oxuyursunuz, təhsil alırsınız gələcəyiniz var. 

Onlar "bəli-bəli" deyirdilər və  əlavə edirdilər ki, doğrudur, 

bəzən onlar da çətinliyə düşür; pulları, yatmağa yerləri olmur, 

ancaq bu çətinliklər müharibə illərinin  əziyyəti müqabilində 

nədir ki? 

Trest olan rayondan keçərkən öz iş yerini göstərdi. O, Neft 

daşlarındakı  işindən, dəli Xəzərin qoynunda estakadalar 

ucaltıqları  çətin vaxtdan danışırdı. Deyirdi ki, dəniz qazma 

işinin məhşur pionerləri ilə, unudulmaz Kaveroçkinin 

briqadasında, adı dillər  əzbəri Qurban Abbasovla bir buruqda 

işləyib. Mazan o zamanlar gəmilərin estakadaya nə çətinliklərlə 

yan almasından, titrəyib  əsən taxtaların üstü ilə  dəmir adaya 

keçmələrindən, sürüşüb dənizə yıxılma təhlükəsindən və hətta 

bir dəfə özünün az qala dənizə düşməsindən danışırdı. Böyük 

oğlan diqqətlə qulaq asırdı. O, Şəki rayonunda doğulmuş bir 

neçə görkəmli neftçinin adını  çəkdi. Dedi ki, bizim 

qohumlarımızdır. Kiçiyi susmuşdu. Ancaq o da diqqətlə  və 

nəzakətlə qulaq asırdı. 

Oğlanlar ümumiyyətlə çox nəzakətli idilər. Papiros 

yandırmamışdan  əvvəl izin istəyirdilər. Papiroslarını maşının 

alışqanından odlayırdılar.  Əvvəlcə qabaqda oturmuş  oğlan 

yandırırdı, sonra da alışqanı geri ötürürdü. 

Böyük oğlan meyxana deməyə, kiçiyi isə  çırtıq çalmağa 

başladı. Mazan bir qədər təəccübləndi. Axı institut tələbələri 

hara, meyxana demək hara? 

–Eh, ay dayı mühazirələrdən, seminarlardan başımız çatlayır 

– deyə böyük oğlan cavab verdi. – Bir az şənlənmək də 

lazımdır da... 

Təqribən saat 11-15-də onlar Qazıməmmədliyə çatdılar. Və 

Mazan maşını yeməkxananın qabağında əylədi.  


 273 

–Uşaqlar, – dedi, – yəqin acmısınız. Bəlkə bir toqqanın 

altını bərkidək. 

Kiçik oğlan: 

–Bizim pulumuz yoxdur – dedi. 

–Canınız sağ olsun, mən qonaq edərəm.  

Oğlanlar razı olmadılar. Böyüyü: 

–Bacımgilə çataq, orda bir şey yeyərik – dedi. Kiçiyi isə 

Mazana təklif elədi ki, Qazıməmmədlidən bir qədər aralı 

benzin kolonundan maşının bakını doldursun. 15 dəqiqədən 

sonra onlar benzin kolonuna çatdılar. Və Mazan bakı 

doldurmaq üçün maşından çıxdı. Cibindən talonları 

çıxardarkən pulları da çıxartdı. Bu, şinlərin məbləği idi. 

Oğlanlar maşında oturub nə barədəsə  xısın–xısın 

danışırdılar. 

Mazan sükan arxasına keçdi və onlar yola çıxdılar. 

Kürdəmirə 30 kilometr olardı. Vaxt gecə yarısına  yaxınlaşırdı. 

Onların yolu gecə qaranlığına qərq olmuş balaca təpələrin 

yanından, adamsız bir çöllü–biyabandan keçirdi. Mazan qol 

saatına baxdı. On ikiyə on dəqiqə qalmışdı.  İki kilometr də 

keçdilər. Böyük oğlan kiçiyinə: 

–Siqaret ver, – dedi. 

"Bu saat alışqanı basacaq" – deyə Mazan düşündü və bu 

Mazanın aydın  şüurla düşündüyü son fikir idi. Kiçik oğlan 

siqareti arxaya uzatdı  və elə  həmin andaca Mazan boynunun 

sağ tərəfində bərk ağrı duydu. Elə bil boynuna mismar batdı. 

Bir an sonra ondan da bərk ağrını bir qədər aşağıdan hiss 

etdi. Mazan ayağını qazdan çəkdi, sükanı buraxdı. Kiçik oğlan 

ruldan yapışdı və Mazan yeni bir nöqtədən ağrıdı. O artıq dərk 

edirdi ki, zərbələri vuran arxadakı  oğlan idi. Sivrilib çıxmaq, 

kənara atılmaq istədi, ancaq indi kiçik oğlan bərk–bərk onun 

əllərini tutmuşdu. 

Mazan hələ: 

–Uşaqlar, nə edirsiniz – deyə bildi. Onun beynində vəziyyət 

yavaş–yavaş durulurdu və eyni zamanda dözülməz ağrı 


 274 

şüurunu dumanlandırırdı. –Axı  mənim balalarım var, 11 

uşağım var. 

Kiçik   oğlan   nalayiq   sözlərlə   onun uşaqlarını söydü.  

Mazan: 

–Götürün hər şeyi, maşını,   pulu,   öldürməyin – deyə bildi, 



ancaq bıçaq   zərbələri   bir–birini   təqib edirdi. Mazan sol 

əlini boynunun üstünə qoydu. Və fin bıçağı iki yerdən onun 

əlini deşdi. 

"Bıçaq ADR-da düzəldilib. Bıçağın tiyəsi poladdandır. 

Uzunluğu 11 sm, eni 2,07 sm, qalınlığı 0,2 mm–dir. Tiyənin 

əks tərəfində uzunluğu 7,05 sm üçbucaqlı  şəklində mişarvarı 

sahə var. Bıçağın dəstəyi, cüyür ayağından düzəldilib. Üstü sarı 

tüklə örtülüb. Dəstəyin ucunda qara rəngli iti dırnaq var. 

Həmin bıçaq deşici, kəsici, soyuq silahdır. Fəal hücum və 

müdafiə üçündür". (Məhkəmə ekspertizasının çıxardığı 

nəticədən). 

Böyük oğlan həmin bu bıçaqla Mazana 11 zərbə vurdu. 

Mazan yıxıldı. Kiçik oğlan dirsəyi ilə Mazanın qarnını basıb 

üstündən aşdı. Bu da dəhşətli ağrı oldu, çünki Mazanın 

qarnında müharibə yaralarının izləri dururdu. 

Böyük oğlan: 

–Cibindən pulları çıxart – dedi. 

Kiçik oğlan Mazanın cibinə kirdi. Benzin talonları ilə 

birlikdə orada olan 480 manat pulu çıxartdı. Və saymadan 

geriyə uzatdı. Sonra öz şəxsi təşəbbüsü ilə Mazanın saatını da 

dartıb qolundan çıxartdı. 

Əgər Mazan siqnal quruluşunu işə sala bilsəydi maşın 

akkumulyatoru yatana qədər siqnal verəcəkdi. Ancaq Mazan 

bunu edə bilmədi. Kiçik oğlan motoru işə saldı. Və Mazanın 

öyrətdiyi tərzdə  əl sükanlarından istifadə edərək maşını irəli 

sürdü. Böyük oğlan bıçağın 12-ci zərbəsini Mazanın gicgahına 

vurdu. Bıçaq gicgahdan girib, ağız boşluğundan keçdi. Dilini 

parçaladı. Dişlərinin arasından keçdi. Və onun ucu Mazanın 

boğazından, hulqumunun yanından çıxdı. 


 275 

Böyük oğlan dartıb bıçağı  çıxartmaq istədi, bacarmadı. 

Bıçaq çox bərk pərçim olunmuşdu; onun mişarvarı tiyəsi 

Mazanın dişlərinə möhkəmcə ilişmişdi. 

Şoseyə baxa-baxa kiçik oğlan: 

–Bəlkə ölməyib – dedi. 

Böyük oğlan qürurla: 

–Elə vurmamışam ki, sağ qalsın – deyə cavab verdi. 

–Deyəsən gözlərini açdı. Gözlərini çıxart – bunu kiçiyi dedi. 

–Bıçağı    dartıb   çıxara  bilmirəm, – böyüyü  belə çavab 

verdi. 

–Yaxşı indi bunu neyləyək? 



–Şirvan kanalına atarıq. 

–Uzaqdır? 

–60 kilometr olar. 

–Yox, uzaqdır.  İtə qurda rast gələrik. Gəl elə burda ataq. 

Mazanın bədəni maşının sağ qapısına söykənmişdi. Böyük 

oğlan onun saçlarından yapışıb qaldırdı. O biri əli ilə qapını 

açanda Mazan Əliyev iti sürətlə gedən maşından şoseyə düşdü. 

"Moskviç" sürətlə uzaqlaşdı. 

 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin