Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti


  TURKIY XALQLAR ADABIYOTI: ADABIY TA’SIR VA



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə47/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   43   44   45   46   47   48   49   50   ...   431
Anjuman Boku (6)

 


100 
TURKIY XALQLAR ADABIYOTI: ADABIY TA’SIR VA 
TIPOLOGIYA
 
 
ASRNİNG OVOZİ VA ADABİY YANGİLANİSH BOSKİCHLARİ 
ƏSRİN SƏSİ VƏ ƏDƏBİ ZİRVƏSİ 
(Ədəbi-nəzəri və müqayisəli-tipoloji paralellər)
Yashar KOSIM,
filologiya fanlari doktori,
Ozarboycan Milliy Bilimlar 
Akademiyasi Nizomiy Ganjaviy 
nomidagi Adabiyot İnstitutining 
bosh ilmiy xodimi 
yashargasimov@mail.ru
  
(Azərbaycan)

 
Poeziyada 60-cı illərin əvvəllərindən başlanan yüksəlişin o dövrün özündə də 
nəzəri-estetik fikrin və ədəbi tənqidin diqqətini cəlb etməsi problemin aktuallığını 
vurğulayır. Böyük özbək nasiri və hekayənəvisi Abdulla Qəhhar o illərdə ədəbi 
gəncliyin ilkin uğurlarını nəzərdə tutaraq uzaqgörənliklə söyləmişdi: “Özbək ədə-
biyyatı gələcəkdə böyük ədəbiyyat olacaq”. Bədii təfəkkürdə baş verən köklü 
dəyişikliklərin, möhtəşəm yenilənmənin mahiyyət və miqyaslarını ustad sənətkar 
aydın surətdə təsəvvür etmişdi. Çox keçmədən boy göstərən və milyonların qəlbini 
fəth edən milli oyanış ruhlu və intibah nəfəsli ədəbiyyat həmin öncəgörmənin 
təsdiqi idi.
 
Görkəmli özbək ədəbiyyatşünası və tənqidçisi, professor A.Şərəfəddinov isə 
“60-cı illər ədəbiyyatımız tarixinə, ümumən, bədii yaradıcılıq və xüsusən, 
poeziyanın çiçəklənməsi dövrü kimi daxil olacaq” [1, 3], – deyə söylədiyi fikirləri 
də o dövrdəki bədii prosesin cəmi bir neçə illik təcrübəsinə, yeni nəsil 
nümayəndələrinin ilkin ədəbi əsərlərinə güvənərək bildirmişdi. Ədəbi həyatdakı 
sonrakı ciddi keyfiyyət dəyişiklikləri, ədəbiyyatda baş verən sanballı və əsaslı 
yeniliklər böyük tənqidçinin real həyatdan qaynaqlanan mülahizələrini doğrultdu. 
 
Görkəmli tənqidçi və şerişünas alim İ.Qafurovun aşağıdakı fikirlərinin də, 60-
cı illərdə söyləndiyini nəzərə alsaq, nə qədər mühüm estetik dəyər daşıdığını 
təsəvvür etmək mümkündür: “Mən hazırkı gənclər şeiriyyətinin əbədiyyətə üz 
tutmasından qürur duyuram. Bu poeziyanın mahiyyətində heç zaman sönməyəcək 
bir işığın və hərarətin gələcəyinə böyük ümidlərlə baxıram. Bu istedad alovu və 
hərarəti Erkin Vahidov, Abdulla Aripov, Camal Kamal, Rauf Pərfi, Gülçöhrə 
Nurullayeva, Məhəmməd Əli, Aman Mətcan, Çolpan Erqaş, Həlimə Xudayberdiy-
eva və başqa gənc şairlərin və şairələrin şeirlərində görünür. Onların ilk topluları 
poeziya aləminə həqiqi poetik duyğu və yeni şairanə obraz sahibləri gəlmələrindən 
xəbər verir”. [2, 19].
 


101 
Özbək və Azərbaycan altmışıncıları 50-ci illərin sonu və 60-cı illərin 
əvvəllərində poeziya səmasında dan ulduzu kimi parladılar. Bu pleyada ötən yüz 
ilin ən məşhur və mübariz ədəbi nəsillərindən biridir. Onları uzaq və yaxın ədəbi 
nəsillər içində yalnız otuzuncularla müqayisə etmək olar. Amma bu müqayisə də 
mükəmməl deyil. Məsələ bundadır ki, ədəbiyyatşünaslıqda “otuzuncular” termini qəti 
şəkildə formalaşmadı və sabiq sovet ədəbi məkanında geniş yayılmağa imkan 
tapmadı. Ona görə də işlək, funksional estetik istilaha çevrilmədi. “Altmışıncılar” 
termini isə artıq çoxdan elmi ədəbiyyatlarda geniş yayılıb, nəzəri təcrübədə qəbul 
edilib. Bu iki poetik mərhələ arasında tipoloji təmas nöqtələri də, əks cəhətlər də 
xeylidir. Onları yaxınlaşdıran baş tipoloji əlamət - hər iki nəslin bədii təfəkkür 
aləminə onu dəyişdirmək və yeniləşdirmək əzmi ilə gəlməsindədir. Bu missiyanı necə 
yerinə yetirmək məsələsində isə onlar bir-birindən kəskin surətdə ayrılırdılar. Daha 
doğrusu, bu iki nəslin estetik məqsədləri tamamilə bir-birinin əksi idi. İkinci tərəfdən 
isə qarşılarına qoyduqları möhtəşəm və ümummilli mənəvi-mədəni yenidən qurmanı 
hansı ictimai-siyasi şəraitdə və mühitdə həyata keçirmək nöqteyi nəzərindən də onları 
kökündən fərqləndirən xüsusiyyətlər meydana çıxırdı. Otuzuncular və altmışıncıları 
ən çox yaxınlaşdıran onlardakı inkarçı və üsyankar bir əhvali-ruhiyyə idi. Birincilər 
özlərindən əvvəlki min illik klassik mədəni təcrübəni, ikincilər isə son 40-50 ildə 
sovet sisteminin təsiri və təhriki ilə yaranmış ədəbiyyatı inkar edirdilər. Otuzuncular 
klassik mədəniyyəti qəbul etmir, tam yeni bir bədii sistem yaratmaq məqsədini 
qarşıya qoymuşdular. Altmışınıclar isə klassik ədəbi irsə qayıtmaq, milli ədəbi 
ənənəni diriltmək və dirçəltmək istəyirdilər. Amma bu ideya-estetik məqsəd 
altmışıncıları bir özünəməxsus və yenilikçi poetik nəsil kimi səciyyələndirməyə 
qətiyyən maneəçilik törətmir. Prof. A.Şərəfiddinov məsələnin bu cəhətinə nəzər-
diqqəti yönəldərək, 70-ci illərdə A.Aripov lirikasını misal gətirərək yazırdı: “Onun 
istedadının özünəməxsusluğu nədədir? Onun poeziyası hansı keyfiyyətlərinə görə 
oxucunun diqqət və məhəbbətini qazanıb?” kimi köklü sualları qoyur və onlara 
cavab axtarırdı. “Qəlb hərarəti” adlı məqaləsində alim şair yaradıcılığının mühüm 
xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmişdi: “Öncə bunu qeyd etməliyəm ki, 
A.Aripov özbək şeirində kəskin çevriliş yaratmayıb. O şeir düzülüşünü islah 
etməyib, əksinə, onun bütün şeirləri ənənəvi vəznlərdə doğulub. O poetik 
təfəkkürün yeni qanunauyğunluqlarını da kəşf etməyib. O da başqa onlarla, 
yüzlərlə şairlər yazdığı nəsnələr haqqında – Vətən, məhəbbət, əmək, qurub 
yaratmaq və insan haqqında yazmaqdadır. Lakin buna baxmayaraq, onun lirikası 
hazırkı özbək poeziyasında yeni bir səhifəni təşkil edir, çünki o öz mahiyyətinə 
görə novator lirikadır. Burada heç bir ziddiyyət yoxdur, zira ədəbiyyatdakı həqiqi 
novatorluq heç vaxt özündən əvvəlki ədəbi təcrübəni yerli-dibli inkar etməyi şərt 
kimi qarşıya qoymur. Bunun kimi, əsl novatorluq heç də mahir qafiyəbazlıqdan və 
ya poetik ritmikadakı, şeir quruluşundakı yenilikbazlıdan və modabazlıqdan da 
ibarət olmur.” [1, 23]. Görkəmli alimin irəli sürdüyü məsələlər və qoyduğu suallar 
üzərində düşünərkən, altmışıncıların ən böyük yeniliklərindən biri − özlərindən 
əvvəlki, yəni 20-50-ci illərin ideoloji şeir təcrübəsini inkar etməkdən ibarət olduğu 
aydınlaşır.
 


102 
Məhz bu nöqteyi-nəzərdən, yəni qarşılarına qoyduqları estetik məqsədlərin və 
seçdikləri, üstünlük verdikləri bədii inikas və ifadə vasitələrinin fərqliliyinə görə bu 
iki poetik nəslin milli bədii təfəkkür tarixindəki mövqeyini modernizm və anti-
modernizm müstəvisində səciyyələndirmək mümkündür. Belə ki, otuzuncular – 
modernist, altmışıncılar isə anti-modernist idilər. Amma bu iki nəslin təkcə qarşılarına 
qoyduğu məqsədləri deyil, eyni zamanda, fəaliyyət göstərdikləri mühitlər də bir-
birinə bənzəmirdi. Otuzuncular sovet sosialist sisteminin – yeni yaranmış proletar 
diktaturasının təhriki və dəstəyi ilə fəaliyyət meydanına atılmışdılar. Altmışıncılar isə, 
təbii ki, belə bir qayğı və dəstəkdən məhrum idilər. Çünki onların bədii idealının 
cövhərini və nüvəsini sovet sisteminin inkarı və nəyin bahasına olur-olsun, milli 
istiqlalı yaxınlaşdırmaq təşkil edirdi. 
 
Özbək və Azərbaycan altmışıncılarını bütöv poetik pleyada kimi formalaşdıran 
və səciyyələndirən bir sıra amillərə, estetik əlamətlərə toxunmağı vacib sayırıq. Nəslin 
yalnız sırf poetik zərurət və gedişatdan deyil, öz təbii tarixi-bioqrafik həyat yolundan 
doğan özünəməxsus xüsusiyyətləri onların ilk əsərlərindən və bədii toplularından 
başlayaraq diqqəti çəkirdi. Həqiqətən, yeni petik nəslin spesifik bədii aləmini 
şərtləndirən və ilk baxışda adi görünən, amma mahiyyətə təsir göstərən xüsusiyyətləri 
diqqətdən yayındırmaq olmaz; poetik təfəkkürdə 60-cı illərdə yaranmış böyük 
yüksəlişin doğuluşu və taleyi bilavasitə həmin dövrdə şeir aləminə gəlmiş gənc qələm 
sahiblərinin başlanğıc yaradıcılıq addımları, ilk ədəbi topluları ilə qırılmaz surətdə 
bağlı idi. Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca, Vaqif Səmədoğlu, 
Hüseyn Kürdoğlu, Fikrət Sadıq, Ələkbər Salahzadə, Nəriman Həsənzadə və Erkin 
Vahidov, Abdulla Aripov, Rauf Pərfi, Çolpan Erqaş, Aman Mətcan, Məhəmməd Əli, 
Camal Kamal, Maarif Cəlil və başqa istedadlı şairlərin mənsub olduğu nəsil şeiriyyət 
aləminə yalnız gəncliyə xas olan bir şiddət, yeni poetik baxış və yeni nəfəs ilə daxil 
oldular. Nəslin öz sözünə və taleyinə ürəkdən inamı onların birinci poetik toplularının 
adında da maraqlı bir tərzdə öz əksini tapmışdı; Məmməd Arazın “Sevgi nəğməsi” 
(1959), “Üç oğul anası” (1961), “Araz axır” (1964), “Anamdan yadigar nəğmələr” 
(1965), “Ömür karvanı” (1967), Xəlil Rzanın “Bahar gəlir” (1957), “Sevən gözlər” 
(1959), “Məhəbbət dastanı” (1961), “Mənim günəşim” (1963), “Qollarını geniş aç” 
(1965), “Yeni zirvələr” (1970), Fikrət Qocanın “Qağayı” (1963), “Hamıya 
borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadığım gecələrdə” (1970), 
“Gül ömrü” (1971) toplularını və özbək ədəbi gəncliyinin həmin dövrdə ədəbi 
ictimaiyyətin yaddaşında dərin izlər salmış məşhur kitablarının adlarını qeyd etmək 
kifayətdir; Erkin Vahidovun “Dan nəfəsi” (1959), “Gənclik divanı” (1966), Abdulla 
Aripovun “Balaca ulduz” (1965), “Gözlərim yolunda” (1967), Rauf Pərfinin “Karvan 
yolu” (1968), “Əks səda” (1970), “Təsvir” (1973), “Xatirə” (1975), “Gözlər” (1978), 
Çolpan Erqaşın “Dan ulduzu” (1965), Aman Mətcanın “Açıq pəncərələr” (1967) ... 
kitabları ədəbi ictimaiyyətin nəzər-diqqətini təsadüfən özünə cəlb etməmişdi. O 
dövrün yaddaşlarda qalmış məşhur şeir kitablarının tam olmayan siyahısına və 
mənalı, vədedici sərlövhələrinə fikir verərkən, onlarda gənc şairlərin coşğun poetik 
əhvali-ruhiyyəsi və özlərinə olan güclü inamı, aydın estetik niyyət və məqsədləri 
qabarıq tərzdə əks etdiyini müşahidə edirik.
 


103 
Bənzərsiz ictimai-siyasi epoxa və təkrarsız keçid dövrü yeni nəslin lirikasında 
özünəməxsus obrazlar şəklində əbədiləşirdi. Dəyişən ictimai gerçəkliklə təmas və 
ünsiyyət yeni şairlərə tamamilə təzə estetik münasibət və inikas formalarını 
şəkilləndirmək imkanı verirdi. Cəmiyyət həyatını və ümumən, ictimai varlıqda baş 
verən təbəddülatları o dövrdə geniş yayılmış və hökmran mövqe tutmuş “optimist 
inikas üsulu”ndan imtina edərək, tam yeni inikas formasına – gerçəkliyi “tragik-
dramatik inikas vasitələri” [4, 335] ilə (Eduardas Mejelaytis) əks etdirməyə keçilməsi 
də məhz yeni ədəbi qüvvələrə məxsus tarixi bir xidmət idi. Altmışıncıların 
yaradıcılığında ilk dəfə meydana çıxan möhtəşəm estetik yeniliklərin – yeni lirik 
konflikt və təzadlar, orijinal estetik effekt yaradan tragik lirizm, təzə və təravətli 
poetik təsvir vasitələri, yeni obraz və obrazlar sisteminin, bənzərsiz deyimlər və 
ifadələr, semantik-leksik kombinasiyalar və söz birləşmələrinin, bir çox başqa poetik 
kəşf və tapıntıların əsasında məhz bu – gənc yazarların köhnə estetik inikas sistemini 
dağıdaraq yeni estetik inikas tərzinə keçidləri dururdu. İkinci dünya savaşından sonra 
Avropa poeziyasında və prozasında kök atmağa başlayan “insana inam faciəsi” və 
“tragik optimizm” [5, 170] (Alber Kamyu) kimi əsrin poetik dəst-xəttini 
müəyyənləşdirən fəlsəfi-psixoloji-estetik tendensiyalar İttifaq ədəbiyyatlarına məhz 
altmışıncıların ədəbi cəsarəti sayəsində gəlib çatmışdı. Gerçəkliyi faciəvi surətlərlə, 
tragik tərzdə əks etdirmək meylləri və təcrübəsinin inkar olunduğu mühitdə həyatın 
əks üzünü təsvir edib göstərmək ehtirası gənc qələm sahiblərində qarşısıalınmaz bir 
mənəvi ehtiyaca çevrilmişdi. 
 
AMEA-nın müxbir üzvü, prof. Y.Qarayev hələ 70-80-ci illərdə özü də mənsub 
olduğu ədəbi nəslin estetik yenilik və uğurlarını ümumiləşdirməyə çalışırdı: “Siqlətli 
ideya ilə, fikir vüsəti və miqyası ilə yanaşı, bu şeirlər bədii forma mədəniyyətinin 
yüksəkliyi və zənginliyi ilə seçilir. Bizim müasir şeirimizdə yeni poetik lüğət, bədii 
sintaksis, vəzn və ritm müərəkkəbliyi, sənətkarlıqda poetik novatorluğun əlamətləri 
öz yaxşı ifadəsini bir də məhz bu şeirlərdə tapıb. Müasir əlvan polifonik vəzn, 
müxtəlif ritmik vahidlər və formalar, söz materialının məharətlə seçilməsi, orijinal 
qafiyə, bənzətmə və ifadə sistemi – bütün bunlar Əlinin üslubunda sözün enerjisini
onun bədii zərbə qüvvəsini, təsir və sirayət gücünü artırır, kəskinləşdirir. Burada 
“vəznsiz şeir” bəlkə də var, lakin vəznsiz, musiqisiz misra yoxdur. Yüksək dərcədə 
yığcamlıq, təbiilik və səmimiyyət, poetik nitqin canlılığı, vüsəti və çevik, dinamik bir 
düşüncə tərzi onun sərbəst şeir ədasını fərqləndirir”. [6, 106]. Özbək və Azərbaycan 
altmışıncılarına məxsus olan poetik ifadə və deyimlər, leksik-semantik vahidlər 
dövrün və nəslin bədii üslubu haqqında, estetik düşüncə tərzinin fərdiliyi barəsində
bitkin təsəvvür vermək gücündədir: “Necə şaddır gözümdəki yaş”, “Məyus sevinc”, 
”Arzu ləpədöyəni”, “Arzu qızmarı”, “Sevgi alatoranı”, “Sözün yamacı”, “Çovğunlar
rəqsində itmiş bir adam”, “Bir axşam taksidən düşüb payıza”, , “Əsrlərin üzərilə
ehtiyatla yeriyirik”, “Dinib-danışmır ki, gözəllik hürkər, külək də, yarpaq da, çaşar 
sözünü”, “Bir azdan ay batdı, gecə də yatdı”, “Kədərimi bir daş kimi Qoymuşam 
ayağımın altına qalmışam boylana-boylana”, “Faraş ölümlərlə qarşılaşmayaq”, 
“Nakam sevgilərin uçan evini”, “Arabir batmağa da yelkənim səni istər”, “Qayğılar 
qəlbminin poçtalyonudur”, “Gəlin, bir də öpüm sizi, Həyatımın əvvəllindən 
Sonunacan səpim sizi”, “Sanıram çiynimdən ömürlük mənim, Əzab mələkləri 


104 
düşməyəcəklər”, “Poeziya, poeziya! Ürəyin yarpaq dilisən”, “İti bazarında atından 
baha, Mən belə dünyanın nəyindən küsüm?!”, “Şairlər Vətənin ən çox ərköyün, Ən 
çox da döyülən övladlarıdır”, “Dünyanın qulağı eşidir ağır”, “Yenə tufan qopar, yenə 
qar yağar, Fikrin buz şaxəli budaqlarına”, “Nə qədər yaxşılar gəlir dünyaya, Yenə 
yaxşıların yeri boş qalır...”, “Ana itirmişəm ana yaşında”, “Həqiqət geyimli” yalan 
deyiləm”, “Hələ bir insan ömrü, Şair ömrü deyildir”, “Nəğməsi olmayan, şeiri 
olmayan, Bir xalqın tarixi yazıla bilməz”, “Kədər yurdsuz-yuvasız, otaqsız qalsın”, 
“Könlünü atmış sulara əbədi lövbər kimi”, “Saçlarında günlərin ayaq tozları qalmış”, 
“Göz yaşımda islanar bayatılar, ağılar”, “Böyük əqidəsindən bir misralıq enməsin”, 
“Yuxumu evdən qovub şeirim keçib yerinə”, “Dağların atlı belindən endi”, “Bir 
gözündə sevinc, bir gözündə qəm”, “Dodaqda təbəssüm, gözlərimdə yaş”, “Dərinliyə 
dalır kədərli könül”, “Şadlıq, səni deyib qəmə batıram”, “Asiman bu gecə qapqara qar 
yağır”, “Kübar zirvələrdə buzlayan bahar”, “Gözlərimdə dəyirmi sevgi, Kipriyimdə 
duru həyacan”, “Yollar əskərləri geyinib gedir, Yollar əskərləri soyunub gəlir”, 
“Cəsarət ürəyin istedadıdır”, “Bahar günlərində payız havası” və s. kimi onlarla, 
yüzlərlə misallar gətirmək olar. 
 
Özbək və Azərbaycan altmışıncılarının pleyada kimi bütövlüyünü və birliyini 
şərtləndirən ilk növbədə onların öz yaradıcılığı və poetik bioqrafiyaları idi. Bu 
özünəməxsus taleyə malik gəncliyin ədəbi arzu və idealları, doğma dərd və 
problemləri, sıx-sıx müraciət etdikləri sevimli mövzu və obrazları, həll etməyə can 
atdıqları aktual lirik konfliktlər, bədii sözə və ümumən, sənətə münasibətləri, ilkin 
estetik qənaət və xülasələri bir-biri ilə yaxından səsləşir, həmahənglik təşkil edirdi. 
Eyni zamanda, onların poetik yollarında və bioqrafiyalarındakı bənzərliklər də, oxşar 
eniş-yoxuşlar, imkan və imkansızlıqlar, maneə və mübarizələrin təbiəti, anatomiyası 
sanki əkizlər kimi bir-birinə bənzəyir, bir-birini tamamlayırdı. Bütün altmışıncılar 
milli və beynəlmiləl klassik irsə dərin hörmətlə yanaşırdılar. Onların ilk lirikasında 
Dədə Qorqud, Nizami, Nəvai, Füzuli, Şekspir, Höte, Bayron, Puşkin, Lermontov, 
Şevçenko və başqa ümumbəşəri şöhrət qazanmış dahilərə ithaf olunmuş əsərlər 
xüsusi cazibədarlığı ilə seçilir. Şərq və Qərb klassiklərinin ən gözəl əsərlərini ilhamla 
öz ana dillərinə çevirirdilər. Dahi rus şairi Puşkin gənc altmışıncıların sevimli ədəbi 
ünvanlarından və obrazlarından biri idi. Onların Puşkindən tərcümələri mühüm bədii-
estetik əhəmiyyəti ilə yanaşı, həm də bütün zamanların əbədi gənc dahisi ilə sənət 
yarışması təsiri bağışlayırdı. Yalnız rus və ümumən, slavyandilli şeiriyyətdə deyil, 
Azərbaycan və özbək poeziyasında da Puşkinin taleyinə, əsərlərinə və qəhrəmanlarına 
onlarla şeirlər həsr olunmuşdu, “Puşkin”, “Puşkinə”, “Puşkinin heykəli önündə”, 
“Puşkini düşünərkən”, “Puşkinə xitab” və s. kimi onlarla şeirlər yazılmışdı. Puşkin 
bütün altmışıncılar üçün ideal obraz idi.
 
70-ci illərdən etibarən bədii yaradıcılıq qarşısına qoyulan müxtəlif şərtlər və 
bəhanələr, ciddi maneələr onun estetik təbiətinə təsirsiz ötüşmədi. Poeziyada sətiraltı 
mənaya, çoxqatlı istiarələrə, mürəkkəb və mənadar rəmzlərə müraciət intensivləşdi. 
Altmışıncıların yaradıcılığında özünəməxsus rəmzi obrazların, ümumən, poetik rəmzi 
təfəkkürün aparıcı möqeyə çıxması mövcud ictimai-siyasi təzyiq və təsirlərin bədii 
fikir aləmindəki əks-sədası idi. Əsl sənətkar sərt və amansız ictimai gerçəkliklə barışa 
bilmir. O öz daxilində və ruhi aləmində yalnız söz adamlarına xas olan incə bir 


105 
həssaslıqla ətrafdakı aləmin namütənisibliyini, dünyanın nizamız və intizamsız
düzümünü göstərməyə ehtiyac hiss edir. Həqiqi poeziya bu əsas vəzifəsini müxtəlif 
yollar və üsullar vasitəsilə, o cümlədən, öz qayə və idealının daşıyıcısı – rəmzi olan 
obrazlar, yəni ideal-obrazlar və ya rəmz-obrazların həyat tərzini, taleyi və qismətini 
bədii şəkildə canlandırmaqla yerinə yetirir. Gənc şairlər gerçəklikdən aldıqları və 
seçdikləri konkret, təsirili ziddiyyətləri ümumiləşmiş poetik təzadlara çevirir, bununla 
həyatın təbii və mürəkkəb obrazını yaratmağa nail olurdular. Bu tipli şeirlərdə bir-
birinə əks olan tərəflərin – müsbət və mənfi qütblərin daxili münasibətinə xüsusi 
vurğu verilirdi. Yeni poeziya həyati ziddiyyətləri ümumiləşdirilmiş adlarla 
adlandırmaq və rəmzləşdirmək vasitəsilə poetik məna və ifadə dairəsini 
genişləndirməyə nail olurdu. Abdulla Aripovun 60-cı illərin lap əvvəllərində işıq üzü 
görmüş “Yosun”, “Bulaq”, “Bulud”, “İşıldayır balaca ulduz”, “Qartal”, “Kəndirbaz”, 
“Dəmir adam”, “Naməlum adam”, “Cənnət” və s. kimi bir sıra rəmzi mündəricəyə 
malik şeirləri və həmin addakı məşhur rəmzi obrazları məhz bu tərzdə meydana 
gəlmişdi. Azərbaycan altmışıncılarından, xüsusən, Ə.Kərimin “Tənək”, “Maska”, 
“Göydəmir at”, “Metronun yaylı qapıları”, “Azad adam”, “Günəbaxan” və başqa 
şeirlərində də simvolik inikas tərzinin təzahürləri ilə qarşılaşırıq.
 
Pleyadanın fərdiyyətini və muxtariyyətini onların son taleyi də 
müəyyənləşdirməkdədir. Sovet epoxası altmışıncılara öz tükənməz bədii enerjilərini 
axıra qədər xərcləməyə imkan vermədi. Qəribədir, sovet rejiminə qarşı möhtəşəm 
mübarizə dalğalarında söz sənəti meydanına atılan altmışıncıların bədii yüksəlişi də 
imperiyanın çökməsi ilə sona yetir. Bu da ədəbiyyat tarixində özünəməxsus 
hadisələrdən biri kimi tarixdə qalıb. Ədəbiyyat pərvanə kimi özü sevdiyi alovun 
qurbanı oldu. Tarixlərin sınağından çıxmış məşhur deyim “Ədəbiyyat qadağalar 
zamanında çiçəklənir, azadlıqda isə ölür” (J.P.Sartr) hikməti də sanki altmışıncılar 
üçün söylənmişdir. Bax elə bu məyus və məhzun son da altmışıncıların ən sonuncu və 
unudulmaz tipoloji əlamətlərindən biri kimi tarixə dönüb. 
 
Akademik Y.Borev altmışıncıların XX yüzilin bədii təfəkkür tarixindəki ədəbi 
xidmətlərini və mövqeyini səciyyələndirərək: “Mənim nəslim XX yüzilin ən böyük 
nəsillərindəndir, bəlkə də bütün çatışmazlıqları və yüksək cəhətləri ilə birlikdə 
Sovet sivilizasiyası və mədəniyyəti adlanan böyük təcrübənin ən yaxşı 
bəhrələrindən və nəticələrindən biridir” [8, 227], deyəndə haqlı idi. Müasir 
ədəbiyyatımızın klassiki Anar da altmışıncıların ədəbi-tarixi missiyasını və rolunu 
yüksək qiymətləndirir: “Kim nə deyir-desin, 60-cı illərdə cəmiyyətin ovqatını, ab-
havasını dəyişməkdə, insanların şüurlarının durulaşmasında, onları daha azad 
düşünməyə sövq etməkdə, beləliklə də, zəmanəni xeyli qabaqlamaqda 
“altmışıncılar”ədəbi nəslinin müstəsna rolu danılmazdır”. [9].
 
Anar altmışıncılar haqqındakı sonuncu və ən yaxşı məqalələrindən birində ötən 
yüzilin bu böyük ədəbi hərəkatı ilə bağlı düşüncə və duyğularını ümumiləşdirərək, öz 
nəsli və nəsildaşları ilə bağlı dərin insani-emosional kədərini obrazlı şəkildə ifadə 
edib: “Bulat Akudcava, Vladimir Sokolov, Andrey Voznesenski, Bella Axmadulina, 
Rimma Kazakova, Robert Rojdestvenski, Vasiliy Aksyonov, Vladimir Vısotski, İosif 
Brodski – altmışıncıları şöhrətləndirən sənətkarlar... Zamanın amansız hökmü 
hamısını bir-bir dənlədi, ruzgar bir-birinin ardınca hamısını apardı... Bu dəstədən 


106 
qalan son mogikan Yevgeni Yevtuşenkodur. Altmışıncılar nəslinə qarşı çağdaş 
nankorluğun hələ ki, diri qalmış son şahidi də odur. Bir vaxtlar onu evdən çıxanda 
görmək üçün növbəyə düzülən insanların yerini tutmuş yeni nəslin, onu bəlkə heç 
tanımamasını duyub görən də Yevgeni Yevtuşenkodur, sönmüş ocağın külüylə 
oynayan da odur. Amansız zamanın daha bir qurbanı. Bütün yaşdaşlarını, dostlarını, 
həmkarlarını, vaxtilə aşiq olduğu, ən incə şeirlərini həsr etdiyi şairə qadını axirət 
dünyasına yola salan, ölkə qürbətinə deyil, zaman qürbətinə düşmüş Yevgeni 
Yevtuşenko...” [9].
 
60-cı illərdə hər bir çıxışının və şeirinin imperiyanın ucqarlarında belə əks-səda 
verdiyi məşhur sənətkarlar sakit və hay-küysüz ölümlə öz milli ölklələrində 
əbədiyyətə qovuşdular. Milli istiqlal üçün olmazın əzablar görmüş, saysız iztirablar 
çəkmiş mərd və cəsarətli, zamanın ən məşhur şəxsiyyətləri sayılan şairlər tarixin adi 
bir günündə adi bəndələr kimi öz mühitlərini tərk etdilər. Bu da çox qəribədir; 
altmışıncıların hər bir əsərindən coşan, onların poetik nərələrindən lərzəyə gələn sabiq 
imperiya sərhədlərinə o üsyankar gəncliyin ölüm xəbərləri yetişmədi. Bu qeyri-adi 
şairlərin ədəbiyyata fövqəladə gəlişləri və son dərəcə adi gedişləri də zamanın, 
dünyanın daha bir təzadı olmaqla bərabər, həm də ötən yüzilin ən böyük poetik 
nəsillərindən birinin ümumi, müştərək xüsusiyyətidir.

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin