AZƏrbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix21.04.2017
ölçüsü4,04 Mb.
#15202
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
§ 5. ĠNCƏSƏNƏT, TEATR, MEMARLIQ 

 

XIX əsrin ikinci yarısında kapitalist istehsal üsulunun təşəkkülü şəraitində 



təsviri  sənət  inkişaf  etməkdə  davam  edirdi  və  bu,  milli  mədəniyyətin  ümumi 

yüksəlişi  ilə  bağlı  idi.  O,  yeni  formalarda  inkişaf  edir,  öz  tətbiqini  divar 

nəqşlərində,  kitab  ülüstrasiyalarında,  təsviri  sənət  əsərlərində,  xalçaçılıqda,  daş 

üzərində  oymalarda,  insan.  heyvan  və  məişət  əşyalarının  təsviri  olan  qəbir 

daşlarında tapırdı. 

XIX  yüzillik  təsviri  sənətdə  orta  əsr  miniatür  sənətinin  bəzi  ənənələrinin 

saxlanılmasına  və  rəssamların  yaradıcılıq  marağı  diapazonunun  hələlik  məhdud 

olmasına  baxmayaraq,  o,  realist  incəsənətin  müəyyən  təsirini  öz  üzərində  hiss 

edərək, yeni mütərəqqi inkişaf yoluna qədəm basırdı. Təsviri sənətdə Azərbaycan 

incəsənəti üçün yeni olan sahə  - dəzgah rəngkarlığı meydana çıxırdı. Azərbaycan 

təsviri sənətinin rus və Zaqafqaziya  xalqlarının incəsənəti ilə qarşılıqlı yaradıcılıq 

əlaqələri  xeyli  genişlənmişdi.  Gözəl  təbiət,  təbii  zənginliklər,  xalqın  həyat  və 

məişəti, Azərbaycanın maddi mədəniyyət abidələri dəfələrlə görkəmli rus ustaları - 

rəngkarları  V.Vereşşagin,  A.Boqolyubov, F.Rubo, V.Moşkov, N.Yaroşenko və  b. 

əsərlərinin mövzusu olmuşdur. 


Yeni  realist  meyillər  yaranmaqda  olan  portret  janrında  aydın  müşahidə 

edilirdi. Bu sahənin aparıcı sənətkarı Mirzə Qədim İrəvanı idi. Naxışçı rəssam və 

rəngkar olan bu adam öz yaradıcılığında miniatür sənətin ənənələri ilə sıx bağlı idi. 

О həm də tikmə və  naxışlar üçün trafaret şəkillər, gül damətlərinin təsvirlərindən 

ibarət lak rəngkarlığının gözəl nümunələrini, miniatür portretlər və s. yaradırdı. 

İrəvani  1850-ci  illərdə  İrəvan  xan  sarayındakı  güzgülü  salonun  divar 

naxışlarının vurulmasında iştirak edərək, dörd iri portret çəkir. Azərbaycan rəssamlığında 

həm orta əsr miniatüründən, həm də xalq ustalarının şəkillərindən fərqlənən dəzgah 

portretlərini  də  birinci  olaraq о  yaratmışdı.  İrəvaninin  portretlərində  konkret  adamların 

obrazları canlandırılırdı. Rəssam onların portret oxşarlığını, fərdi cizgilərini verməyə 

can atırdı. 

İrəvaninin  əsərlərində  bəzi  yeni  motivlər  aşkara  çıxır,  ümumi  dəsti-xəttin 

dekorativliyi formanın həcm-plastik modelləşdirilməsi ilə bacarıqla uzlaşdırılır. Məsələn, 

"Cavan adam", "Oturmuş  qadın"  portretləri, "Abbas  Mirzə", "Şah  Tələt"  və  b. portret 

rəsmləri  kimi,  rəssamın  obrazı  realist  şəkildə  təsvir  etmək,  onun  fərdi  cizgilərini  və 

bəzən  də  psixoloji  ifadəliyini  vermək  cəhdlərini  səciyyələndirən  əsərləri  belə  sənət 

əsərləridir. 

XIX  yüzilliyin  digər  rəssamının  -  Mir  Mövsüm  Nəvvabın  (1833-1918) 

əsərləri sadəliyi, lakin gerçəkliyin realist dərkinin nisbətən zərif cizgilərlə ifadəsi ilə 

fərqlənir.  O,  zəmanəsinin  geniş  təhsil  görmüş,  hərtərəfli  istedadlı  şəxsiyyəti  idi.  O, 

xəttat, nəqqaşçı-rəssam kimi öz əsərlərinin üzünü köçürür, bunlara illüstrasiyalar çəkir 

və onların bədii cəhətdən tərtibini verirdi. Nəvvab bir rəngkar və rəsmçi kimi miniatür 

sənətinin  köhnə  ehkamlarını  rəhbər  tuturdu.  Bu,  onun  dinamik  süjetlərlə  zəngin  olan 

"Bəhrül  xəzan"  ("Qemlər  dənizi")  adlı  kitabına  çəkdiyi  miniatür  və  illüstrasiyalarda 

xüsusən nəzərə çarpır. 

Görünür  ki,  portret  janrı  Nəvvabı  az  maraqlandırırdı.  Bu  janrda  onun  bizə 

gəlib  çatmış  yeganə  əsəri  -  "Teymurun  portreti"  realist  ifadəlilik  cizgiləri  ilə 

fərqlənmir. Lakin Nəvvabın bilavasitə öz təəssüratının təsiri altında çəkilmiş daha uğurlu 

işləri  rəssamın  müşahidə  qabiliyyətinə  və  peşə  ustalığına  dəlalət  edir.  Onun  "Quş", 

"Güllər"  və  s. dəzgah  əsərləri rəsmlərin  incəliyi,  formaların plastikliyi  və  təsvirlərin 

dolğunluğu  ilə  fərqlənir.  1880-ci  illərdə  rəssamın  öz  evinin  interyerində  yerinə 

yetirdiyi divar rəsmləri də təsvirlərin həqiqiliyi və icranın ustalığı ilə səciyyələnir. 

Məşhur  Azərbaycan  şairəsi  Xurşid-banu  Natəvanın  rəsmlərində  də  realizm 

əlamətləri  müşahidə  olunur.  O,  əla  bədii  tikmə  ustası,  xəttat  və  rəssam  idi.  Onun 

şeirlərinin əlyazmalarından ibarət albomunda 80-ə yaxın rəsm saxlanılmışdır. Onlardan 

bəziləri ("Bülbül və qızıl gül", "Şam və pərvanə") şairənin lirik şeirlərinə çəkilmiş 

illüstrasiyalardır. Onun "Şəhərin görünüşü

,,

, "Dəniz peyzajı" kimi kiçik rəsmləri öz 



üslubuna  görə  qeyri-adi  və  orijinaldır.  Bu  peyzajlarda  konkret  yerin  dəqiq  əksi 

onların bədii təsviri ilə əlaqələndirilir. 

Natəvanın  əri  Xasay  Usmiyev  şairənin  hazırladığı  bədii  tikməli  tütün 

kisəsini  1858-ci  ildə  Bakıda  olarkən  məşhur  fransız  yazıçısı  Aleksandr  Dümaya 



bağışlamışdı. A.Düma şairənin əl işindən vəcdə gələrək demişdi ki, bu onun üçün 

"ən gözəl hədiyyədir" [22]. 

XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycanın  kitab  ustaları  bir  sıra 

illüstrasiyalı  əlyazmaları  hazırlamışlar.  Naməlum  rəssamın  "Kəlilə  və  Dimnə"nin 

əlyazmasına,  habelə  şamaxılı  rəssam  Nəcəfqulu  Məşədi  oğlunun  1877-ci  ildə 

"Yusif və Züleyxa" əsərinə çəkdiyi illüstrasiyalar və b. diqqəti cəlb edir. 

Bu  dövrün  Azərbaycan  təsviri  sənət  və  rəssamlıq  sənəti  ustalarının 

əksəriyyəti  xalq  içərisindən  çıxmış  və  onların  ən  yaxşı  əsərləri  də  məhz  xalqın 

mənəvi  və  estetik  tələbatına  cavab  verən  sənət  nümunələri  olmuşdu.  Azərbaycan 

dekorativ,  tətbiqi  və  təsviri  sənətinin  ən  qiymətli  incilərini  məhz  xalq  ustaları 

yaradırdılar.  Azərbaycanın  xalq  ustaları  və  rəssamları  XVIII  yüzilliyin  divarüstü 

rəsm  sənətinin  ənənələrini  davam  etdirərək,  Şəki,  Şuşa,  Quba,  Lahıc  və 

Ordubadda,  habelə  digər  şəhərlərdə  formaca  maraqlı  və  məzmunca  orijinal  saray 

tikililərinin,  evlərin  interyerini  bəzəyən  bir  sıra  naxışlı  və  süjetli  kompozisiyalar 

yaratmışdılar. 

Şoki  Xan  sarayının  qismən  yenidən  işlənmiş  naxışlan,  məşhur  usta 



Qəmbər  Qarabağlı  və  onun  şagirdləri  tərəfindən  Şuşada  Mehmandarovlar  və 

Rüstəmovların  yaşayış  evlərinə  vurulmuş  naxışlar  о  dövrün  divarüstü  naxış 

sənətinin  ən  mühüm  abidələrindən  idi.  Əksər  hallarda  müxtəlif  heyvan,  quş  və 

əfsanəvi  canlıların  təsvirlərini  özündə  birləşdirən  mürəkkəb  ornamental 

kompozisiyalar  Usta  Qəmbərin  naxışlarında  üstün  mövqe  tuturdu.  Daha  uğurlu 

alınmış "Maral və nar ağacı" pannosunda təsvirin müstəvilik dekorativ üslubu bəzi 

gerçəkliyə bənzərlik cizgiləri ilə uzlaşdırılır. 

Yaşayış  evlərinin  interyerində  dekorativ  süjetli  naxışların  belə 

uzlaşdırılması Azərbaycanın digər şəhərlərində də tətbiq olunurdu. 

XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycanın  divarüstü  naxış  sənətinin 

inkişafında  şamaxılı  ustalar  Mirzə  Cəfər,  Əliqulu  və  Qurbanəli,  Usta  Qəmbərin 

şagirdləri - Şəki Xan sarayının, habelə Azərbaycanın bir sıra şəhərlərində  yaşayış 

evləri  və  ictimai  tikililərin  interyerini  bəzəmiş  Səfər  və  Şükür  müəyyən  rol 

oynamışdılar. 

Adları  çəkilən  rəssam  və  xalq  ustalarının  yaradıcılığı  mənəvi 

mədəniyyətin  digər  sahələrində  olduğu  kimi,  Azərbaycan  incəsənətində  də 

özünəməxsus realist meyillərin aşkara çıxdığına dəlalət edir. 

Bütün  bunlar  XX  əsrin  əvvəllərində  Azərbaycanda  realist  sənətin  yeni 

dəzgah formalarının meydana çıxıb inkişaf etməsi üçün əlverişli zəmin hazırladı. 

Milli  teatrın  əsasının  qoyulması  XIX  yüzilliyin  ikinci  yarısında 

Azərbaycanın mənəvi həyatında mühüm hadisə oldu. 1873-cü il martın 10-da (23-

də) Bakıda M.F.Axundovun "Lənkəran xanın vəziri" pyesinin tamaşası göstərildi. 

Bunun  təşəbbüskarları  realnı  məktəbin  müəllimi  H.Məlikov-Zərdabi  və  onun 

şagirdi  Nəcəf  bəy  Vəzirov  idi.  Rolları  həmin  məktəbin  şagirdləri  ifa  edirdilər. 

Tamaşa  "Kaspi" qəzetində  qeyd edildiyi kimi,  "gənc  aktyorlar heyətinin oyununa 


tamaşaçıların  rəğbətinə  görə"  qarşıya  qoyulmuş  xeyriyyəçilik  məqsədinə  çatıb, 

şəhərin həyatında böyük canlanma yaratdı. Həmin il aprelin 17-də isə ikinci tamaşa 

- M.F.Axundovun "Hacı Qara" komediyası oynanıldı. 

Bunlar müsəlman şərqində ilk teatr tamaşaları idi. 

Tamaşalar barədə xəbərlər tezliklə Bakının  hüdudlarından kənara çıxaraq 

böyük maraq oyatdı. Şuşa, Şamaxı, Quba, Nuxa və Naxçıvanda həvəskarlar realnı 

məktəbin  şagirdlərinin  başladıqları  işi  davam  etdirərək,  teatr  işinin  yayılmasına 

təkan verdilər. 

70-ci  illərin  tamaşaları  teatr  hərəkatının  coğrafiyasını  genişləndirərək, 

müxtəlif şəhərlərin ictimai həyatında canlanmaya səbəb oldu. 

Ətrafında  yeni-yeni  qüvvələrin  cəmləşdiyi  Bakı  teatr  həvəskarları  qrupu 

1883-cü  ildə  peşəkar  qrupa  çevrildi,  həmin  ildə  görkəmli  mesenat  H.Z.Tağıyev 

teatr binası tikdirdi.  Qısa  müddət  ərzində  Bakıda  bir sıra  istedadlı teatr xadimləri 

yetişdi.  Onlarm  arasında  Cahangir  Zeynalov,  Həbib  bəy  Mahmudov,  Nəcəfqulu 

Vəliyev və b. seçilirdi. 

Bakı  qrupunun  ilk  tamaşaları  və  onun  fəaliyyətinin  canlanması  sonralar 

bütün  Azərbaycanda  teatr  sənətinin  inkişafına  güclü  təkan  verdi.  Qubada  (1875), 

Nuxada  (1879),  Şuşada  (1882),  Naxçıvanda  (1883),  İrəvanda  (1886),  Gəncədə 

(1899) və digər şəhərlərdə teatr tamaşalarının qoyulması təşkil edildi. Nuxada teatr 

tamaşası R.Əfəndiyevin təşəbbüsü ilə həyata keçirilmişdi. 

1882-ci  ildən  etibarən  Şuşa  yeni  teatr  mərkəzinə  çevrilir.  Tərəqqipərvər 

müəllimlər  yay  tətili  zamanı  burada,  Xandəmirov  teatrının  binasında 

M.F.Axundovun  komediyalarını  tamaşaya  qoymuşdular,  Şuşalı  həvəskarlardan 

bəziləri,  о  cümlədən  iki  komediya  müəllifi  və  "Otello"nun  ilk  tərcüməçisi 

H.Vəzirov, 

sonralar  müəllimlər  B.Bədəlbəyov,  Səfərli  bəy  Vəlibəyov, 

Ə.Haqverdiyev,  məşhur  xanəndə  Cabbar  Qaryağdı  oğlu,  F.Köçərli  və  b.  bir 

müddətdən sonra Bakı qrupunun tərkibinə daxil oldular. 

1883-cü  ildə  Naxçıvanda  dram  cəmiyyəti  təşkil  olundu.  E.Sultanov  onun 

işində  fəal  iştirak  edirdi.  Cəmiyyət  M.F.Axundovun  "Müsyö  Jordan  və  dərviş 

Məstəli şah" pyesini tamaşaya qoydu. 

Naxçıvan  truppası  1885-1886-cı  illərdə  yerli  müəllimlərin  yazdıqları 

vodevilləri,  məsələn,  ―Kəl  döyüşü‖nü,  "Üsuli  cədid"i,  1887-ci  ildə  isə 

E.Sultanovun 

"Teatr 

qadını" 


pyesini 

tamaşaya 

qoydu. 

M.T.Sidqi, 



C.Məmmədquluzadə,  Ələkbər  Molla  Bayəli  oğlu,  U.Ə.Şərifov  və  b.  Naxçıvan 

truppasının fəal üzvləri idilər. 

Azərbaycanda rus teatr truppaları da tamaşalar göstərirdi. Bakıda, Tağıyev 

teatrının  binasında  tez-tez  rus  teatrının  qastrolları  keçirilirdi.  Müxtəlif  truppalar 

şəhərə dəvət edilirdi. 80-ci illərin sonunda Bakının teatr həyatı geniş vüsət alır. 90-

cı  illərdə  Bakıda  Vasilyev-Vyatskinin  yerli  dram-opera  truppası,  habelə 

Suxodolskinin Ukrayna truppası, gürcü və erməni truppaları fəaliyyətə başlayır. 


Azərbaycan  teatrı  ağır  şəraitdə  fəaliyyət  göstərirdi:  nə  iri  teatr 

kollektivləri,  nə  rejissorlar,  nə  binalar  və  zəruri  dekorasiyalar,  nə  də  butafor 

əşyaları var idi. 

Teatr zəruri olan hər şeyi həvəskar aktyorların vəsaiti hesabına əldə edirdi. 

Qadınları truppaya cəlb etmək mümkün deyildi, ona görə də qadın rollarını kişilər 

oynamalı olurdu. 

Teatr  sənətinin  təşkilatçıları  və  həvəskarları  bütün  maneə  və  çətinlikləri 

dəf edərək, bu sənətin daha da inkişaf etdirilməsinə səy göstərirdilər. 

90-cı  illərdə  teatrın  repertuarı  əsasən  N.Vəzirov,  N.Nərimanov, 

Ə.Haqverdiyev və b. əsərlərindən ibarət idi. 

Azərbaycan  teatrı  artıq  90-cı  illərdə  mühüm  müvəffəqiyyətlər  qazanaraq 

öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu illərdə teatr Azərbaycan, Avropa 

və  rus  ədəbiyyatının  klassik  əsərlərinin  tamaşaya  qoyulmasını  təşkil  edirdi.  İlk 

dövrlərdə yerli rus-teatr məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov tərəfindən 

qoyulan  ev  tamaşaları  geniş  yayılmışdı.  C.Zeynalovun  da  ev  teatrında  tamaşalar 

göstərilirdi.  Sonralar  teatr  sənətinin  görkəmli  nümayəndələri  kimi  püxtələşən 

həvəskarlar  məhz  bu  teatrın  səhnəsində  çıxış  edirdilər.  Teatr  işinin  yüksəlişi 

H.Mahmudbəyov  truppası  tərəfindən  dram  əsərlərinin  müntəzəm  tamaşaya 

qoyulmasına  təkan  verdi.  1895-ci  il  yanvarın  15-də  Tağıyev  teatrının  səhnəsində 

qoyulan  tamaşalar  Azərbaycan  dilində  səslənir.  N.Nərimanovun  "Nadanlıq" 

əsərinin tamaşası gedir. Baş rolun (İmran) ifaçısı N.Nərimanova saat bağışlamışdı. 

Bu  tamaşaya  münasibəti  ilə  "Artist"  jurnalı  yazırdı:  "Bakıda,  yerli  müsəlman 

əhalisi arasında görünməmiş canlanma müşahidə olunurdu" [23]. 

1896-cı  ildə  truppa  milli  və  rus  dramaturgiyasından  iki  tamaşa  göstərir. 

Bunlar  N.Nərimanov  tərəfindən  tərcümə  edilmiş  Qoqolun  "Müfəttiş"  və 

N.Nərimanovun  "Dilin  bəlası,  yaxud  qoçu  Şamdan  bəy"  əsərləri  idi.  Sonuncu 

tamaşada  Cahangir  Zeynalovun  öhdəsinə  çox  böyük  məsuliyyət  düşmüşdü. 

N.Nərimanovun dediyinə görə, "Bugünkü teatrdan biz iki  xcyir görürük: birincisi 

biz indiki həyatımızın nöqsanlarını göstəririk, ikincisi isə teatrdan gələn gəlir bu il 

müsəlman uşaqları üçün məktəblərin tikilməsinə sərf ediləcək" [24]. 

Zeynalov  Mahmudbəyovun  truppasında  çıxış  etməklə  bərabər,  öz  evində 

də  tamaşalar  göstərməkdə  davam  edirdi.  Bu  tamaşaların  birində  (1897-ci  ildə) 

Mixaylov  məktəbinin  şagirdləri  Hüseyn  Xələfov  və  Mirmahmud  Kazımovski  ilk 

dəfə səhnəyə çıxmışdılar. Onların hər ikisi məktəbi bitirdikdən sonra aktyor olmuş 

və  növbə  ilə  Mahmudbəyov  truppasında,  habelə  H.Məlikov-Zərdabinin  1897-ci 

ildə  təşkil  etdiyi  yeni  teatr  truppasında  işləmişdilər.  Sonuncu  truppa  1898-ci  ilin 

aprelində  özünün  ilk  tamaşasını  -  İsgəndər  Məlikovun  "Yaxşılığa  pislik  elədilər" 

pyesini  göstərir.  1898-ci  ilin  noyabrında  Zərdabi  truppası  ikinci  əsəri,  1893-cü 

ildən  qadağan  altında  olan  "Hacı  Qara"nı  göstərir.  Komediya  müvəffəqiyyət 

qazanmış və şəhərin teatr həyatında mühüm hadisə olmuşdu. 



Mahmudbəyovun  truppasında  "Yağışdan  çıxdıq,  yağmura  düşdük",  "Ev 

tərbiyəsindən  bir  səhnə"  (1898-ci  il,  7  dekabr),  Ə.Haqverdiyevin  "Dağılan  tifaq" 

(1899-cu  il,  7  fevral)  əsərləri  gedirdi.  Sonuncu  tamaşada  Nəcəf  bəy  rolunda 

Azərbaycan  səhnəsində  bu  obrazın  birinci  təfsirçisi  olmuş  N.Nərimanov 

müvəffəqiyyətlə çıxış edirdi [25]. 

Bakılılar  C.Zeynalovun  "Müsyö  Jordan"da  (1899-cu  il  martın  3-də) 

nümayiş  etdirdiyi  yüksək  ustalığa  heyran  olmuşdular.  Məlikovun  truppası 

H.Vəzirovun  "Evlənmək  su  içmək  deyil"  (1899-cu  il  martın  12-də)  pyesini 

göstərmişdi. 

Zaman  keçdikcə  milli  teatrın  fəaliyyəti,  onun  köhnə  dünyaya,  həyatın 

müxtəlif eybəcərliklərinə qarşı, xalq həyatının yeniləşdirilməsi uğrunda mübarizəsi 

getdikcə  daha  çox  ictimai  əhəmiyyət  kəsb  edirdi.  Azərbaycan  teatrı  istismarçı 

sinifləri  ifşa  edərək,  adamlara  həyatını  eybəcərliklərini  açıb  göstərir,  onlarda 

geriliyə,  fanatizmə,  mövhumata  qarşı  nifrət  hissi  tərbiyə  edir,  sosial  tərəqqi, 

mədəniyyət  və  maarif  uğrunda  mübarizəyə  çağırırdı.  Azərbaycan  teatr  sənətinin 

tərəqqipərvər  xadimləri  mütərəqqi  milli  dramaturgiyaya,  habelə  dünya 

ədəbiyyatının  yaxşı  əsərlərinə  üz  tutaraq,  repertuarın  ciddi  surətdə  seçilib 

yeniləşməsinə, repertuardan məzmunsuz əsərlərin çıxarılmasına can atırdılar. 

H.Mahmudbəyovun  truppasına  daxil  olmuş,  onun  rejissoru  və  ideya 

rəhbəri  olan  Ə.Haqverdiyev  Azərbaycan  teatrının  inkişafında  mühüm  rol  oynadı. 

O,  teatrın  ideya-bədii  səviyyəsini  əhəmiyyətli  dərəcədə  yüksəltməyə  müvəffəq 

oldu. Bunlara baxmayaraq, sabit teatr kollektivinin təşkilinə tələbat hiss olunurdu. 

N.Vəzirov,  H.Mahmudbəyov,  Ə.Haqverdiyev,  C.Zeynalov  və  H.Məlikov-

Zərdabinin teatr işinə hədsiz sədaqəti və bu sahədə qaynar fəaliyyəti bu məsələnin 

həllində müsbət rol oynadı. 

Dram artistlərinin Ə.Haqverdiyev tərəfindən başçılıq edilən ilk daimi teatr 

truppası  milli  və  dünya  ədəbiyyatının  materialları  əsasında  monumental 

tamaşaların hazırlanması sahəsində fəaliyyətə başladı. Azərbaycan pyeslərinin rus 

teatrının, digər xalqların və ölkələrin teatr səhnələrində tamaşaya qoyulması üçün 

ilk  cəhdlər  göstərilirdi.  Məlumdur  ki,  M.F.Axundovun  komediyaları  Azərbaycan 

dilində tamaşaya qoyulandan 20 il əvvəl rus səhnəsində göstərilmişdi. 

M.F.Axundovun  A.Sereteli  tərəfindən  tərcümə  edilib  1897-ci  ildə  gürcü 

səhnəsində  tamaşaya  qoyulmuş  "Lənkəran  xanının  vəziri"  komediyası  Gürcüstan 

ictimaiyyəti  içərisində  geniş  əks-səda  doğurmuşdu.  Azərbaycan  milli 

dramaturgiyasının  əsərləri  tədricən  İrana,  Türkiyəyə  və  Şərqin  digər  ölkələrinə 

yayılırdı. 

XIX  yüzilliyin  ikinci  yarısı  Azərbaycan  musiqi  sənətinin  daha  da  inkişaf 

etməsi  ilə  əlamətdar  olmuşdur.  Musiqi  sənətinin  inkişafı  iki  istiqamətdə  gedirdi. 

Bir  tərəfdən  o,  aşıq,  xanəndə  və  sazəndə  ansambllarının  yaradıcılığı  ilə  təmsil 

olunan  çoxəsrlik  şifahi  xalq  ədəbiyyatı  ənənələri  hesabına  zənginləşir  və  inkişaf 

edir,  digər  tərəfdən  isə  Avropa  və  rus  mədəniyyətinin  təsiri  altında  yeni  forma 


Azərbaycan  musiqi  sənətinə  daxil  olur  və  tədricən  möhkəmlənirdi.  Azərbaycan 

sənətkarları musiqinin yeni növlərini dərindən mənimsəyir, dünya musiqi sənətinin 

əsərləri ilə tanış olurdular. 

Xalq yaradıcılığı ilə təmsil olunan Azərbaycan musiqisi xalqın düşüncə və 

istəyini,  milli  xarakterinin  ən  yaxşı  cizgilərini  təcəssüm  etdirərək,  onun  hiss, 

həyəcan və iradəsini ifadə edirdi. Bu musiqi janrları müxtəlifliyi ilə fərqlənirdi. 

Azərbaycan musiqi folklorunun aparıcı janrları xalq mahnıları və rəqsləri 

idi.  Xalq  həyatını  hərtərəfli  əks  etdirən  mahnı  yaradıcılığı  xüsusən  zəngin  idi.  О 

özündə qədim, müxtəlif əkinçilik proseslərinə uyğun əmək mahnılarını, əkin-biçin, 

düyü  alağı,  çoban  və  s.  mahnılarını,  tarixi  -  "Qaçaq  Nəbi",  "Piyada  Koroğlu", 

"Gedən  gəlmədi"  mahnılarını,  zarafat,  yumor,  satira  və  oyun  mahnılarını,  toy, 

mərasim mahnılarını, yas bayatı və ağılarını, habelə laylaları birləşdirirdi. 

Azərbaycan  mahnı  yaradıcılığının  bütün  janr  müxtəlifliyinə  baxmayaraq, 

onda lirik məhəbbət mahnıları üstünlük təşkil edirdi. Bizim dövrümüzə qədər gəlib 

çatmış mahnılardan "Qalanın dibində", "Bu gələn yara bənzər", "Ay bəri bax, bəri 

bax", "Ay Laçın" və s. göstərmək olar. Azərbaycan xalq mahnı sənətinin bu inciləri 

özünün incəliyi və musiqi düzümünün gözəlliyi ilə seçilir. 

Azərbaycanın  xalq  məişətində  geniş  yayılmış  rəqs  sənəti  də  milli 

özünəməxsusluğu ilə fərqlənirdi. Bu sənət asta lirik ("Turacı", "Uzundərə" və s.) və 

şux  canlı  ("Tərəkəmə"  və  s.)  qadın,  təntənəli-əzəmətli  (qocaların  oynadıqları 

müdriklik rəqsi "Mirzəyi" və s.), odlu-alovlu şıdırğı ("Qaytağı", "Əsgərani" və s.) 

kişi  rəqsləri  ilə  təmsil  olunmuşdu,  "Yallı",  "Cəngi"  kimi  kollektiv  rəqslər  xalq 

arasında çox məşhur idi. 

Xalqın  həyatı  ilə  sıx  bağlı  olan  musiqili-poetik  aşıq  yaradıcılığı  Şifahi 

ənənəvi  peşəkar  xalq  sənətinin  digər  qolu  idi.  Peşəkar  yaradıcı  aşıq  özündə  eyni 

zamanda  şairi,  hekayətçini  və  musiqiçini  təcəssüm  etdirirdi.  Aşıq  yaradıcılığının 

mövzuları  öz  müxtəlifliyi  ilə  fərqlənirdi.  Buraya  həm  xalq  qəhrəmanları  Koroğlu, 

Qaçaq  Nəbi  mübariz  Babək  və  b.  həyat  və  igidliyi  haqqında  epik-qəhrəmanlıq 

hekayətləri (dastanlar),  həm  Aşıq  Qərib,  Leyli  və  Məcnun,  Əsli  və  Kərəm  haqqında 

lirik-əfsanəvi  musiqili  poemalar,  həm  də  lirik  məhəbbət,  qəhrəmanlıq,  yumoristik 

mahnılar,  "Ustadnamə

,

'  adlanan  nəsihət  mahnıları  və  bir  çox  başqaları  daxil  idi.  İki, 



bəzən isə hətta üç aşığın yaratdığı və birgə ifa etdiyi mahnı-dialoqlar-deyişmələr aşıq 

yaradıcılığının maraqlı səhifələrindən birini təşkil edirdi. 

Aşıqlardan  Abbasqulu,  Nəcəfqulu,  Molla  Cuma,  Aşıq  Ələsgər  və  bir  çox 

başqaları  Azərbaycanda  və  onun  hüdudlarından  kənarda  böyük  şöhrət  qazanmışlar. 

Hələ  orta  əsrlərdə  meydana  çıxmış,  XIX  yüzilliyin  ikinci  yarısında  ən  yüksək 

çiçəklənmə  dövrünə  qədəm  qoymuş  muğamat  Azərbaycan  xalq  musiqisinin  ən 

mürəkkəb  forması  idi.  Xanəndələr,  xalq  musiqiçilərinin  nümayəndələri  muğamatın, 

xalq  yaradıcılığının  bu  parlaq  və  özünəməxsus  sahəsinin  daşıyıcıları  və  qismən  də 

yaradıcıları  idilər.  Xanəndənin  ifası  kiçik  instrumental  ansambl  -  sazəndələr  dəstəsi 

tərəfindən müşayiət olunurdu. Bu ansambla tar, kamança, dəf, bəzən də qoşa nağara 



daxil  idi.  Ansambl  toylarda,  el  şənliklərində,  xüsusən  evlərdəki  çıxışları  zamanı 

muğamları - vokal instrumental pyesləri ifa edirdilər. Muğamların çoxsaylı variantları 

mövcud  idi.  Xanəndə  ansamblları  əvvəlcə  şəhərlərdə,  sonra  isə  kəndlərdə  geniş 

şöhrət qazanırdı. 

Azərbaycan musiqisi həm də alətlərin zənginliyi ilə seçilirdi.  Bu musiqidə 

tar və kamançada muğamların ifa edilməsi geniş yayılmışdı. Sadıq (Sadıqcan) Əsəd 

oğlu  (1846-1902),  Xarrat  Qulu  (1823-1883),  Hacı  Hüsü,  Məşədi  İsi,  Keçəçi 

Məhəmməd,  Ələsgər  Abdullayev,  Cabbar  Qaryağdıoğlu,  Əli  Palaz  oğlu,  Məcid 

Behbudov  və  b.  təkcə  Qafqazda  deyil,  həm  də  onun  hüdudlanndan  kənarda  mahir 

çalğıçılar,  yüksək  istcdadlı  xanəndələr  kimi  məşhur  olmuşlar,  Bakı,  Şamaxı,  Quba, 

Naxçıvan,  Gəncə  və  digər  Azərbaycan  şəhərləri  istedadlı  musiqiçiləri  ilə  ad 

qazanmışdı. Lakin xalq müğənniləri və çalğıçılarının əsil məskəni Qarabağ, xüsusən 

də əsrin sonunda musiqi həyatının bulaq kimi çağladığı Şuşa şəhəri idi. Burada şifahi 

musiqi yaradıcılığının klassik ənənələrinin zənginləşdirilməsində mühüm rol oynamış 

azərbaycanlı muğamatçıların - xanəndələrin, tarzənlərin və kamançaçıların bütöv bir 

məktəbi  formalaşmışdır.  Xalq  müğənniləri  və  çalğıçıları  eyni  zamanda  musiqi 

alətlərini  təkmilləşdirir, yenilərini yaradırdılar. XIX əsrdə görkəmli Azərbaycan  tarzəni 

Sadıq  Əsəd  oğlu  tarı  təkmilləşdirərək  onu  virtuoz  musiqi  alətləri  səviyyəsinə 

qaldırmışdır.  O,  eyni  simlər  əlavə  etməklə  tarı  tam  səsə,  zəngin  tembr  imkanlarına 

malik,  solo  ifası  üçün  çox  əlverişli  olan  musiqi  alətinə  çcvirdi.  Onun  tətbiq  etdiyi 

yeniliklər Azərbaycanın çalğı alətləri təcrübəsinə möhkəm surətdə daxil oldu. 

İlk  musiqi  məktəbləri  Azərbaycan  musiqi  mədəniyyətinin  inkişafında, 

ifaçıların  yetişməsində  böyük  rol  oynadı.  Onlardan  biri  xanəndələr  Xarrat  Qulu  və 

İbrahim  tərəfindən  Şuşada  yaradılmışdı.  Bu  məktəb,  başlıca  olaraq,  mərsiyəxanlar 

hazırlamasına  baxmayaraq,  klassik  musiqi  ənənələrini  inkişaf  etdirirdi.  80-cı  illərdə 

Şuşada daha bir musiqi məktəbi - Kor Xəlifənin məktəbi mövcud idi. Burada uşaqlar 

tar-kaman çalmağı və muğamatı öyrənirdi. Bu məktəb eyni zamanda xeyli miqdarda 

ifaçı yetirmişdi. 

Bu dövrdə musiqi nəzəriyyəsi və tarixi üzrə əsərlərin yaradılmasına cəhdlər 

göstərilirdi. Həvəskar musiqiçi A.Əliverdibəyov uzun illər boyu topladığı materiallar 

əsasında  1896-cı  ildə  "Rəsmli  musiqi  tarixi"  adlı  Azərbaycan  musiqi  tarixini  yazdı. 

Şair,  rəssam  və  musiqiçi  M.Nəvvab  da  musiqi  üzrə  tədqiqatlarla  məşğul  olurdu.  O, 

"Musiqi elmində rəqəmlərin aydınlaşdırılması" ("Dər elmi musiqi vizuh ülərqam") 

adlı  kitab  yazmış  və  kitabda  muğamlarının  yaranma  və  ifaetmə  qanunlarını  izah 

etmişdi. 

Xalq  musiqi  ənənələrinin  yayılması  və  zənginləşməsi  ilə  yanaşı,  musiqi 

həyatında musiqi mədəniyyətinin yeni formaları müşahidə olunurdu. Bu zaman geniş 

əhali  kütlələrinin  Avropa  incəsənətinə  cəlb  olunmasında  böyük  rol  oynayan  bağ 

musiqisi şəhərliləri kütləvi musiqi əyləncəsinə cəlb edirdi. Skripkaçılar Q.Venyavski 

və  A.Brodeki,  müğənni  A.Menşikov  kimi  ustaların  konsertləri  şəhərin  musiqi 

həyatında mühüm hadisə olub, uzun müddət dinləyicilərin yadında qalmışdı. 


Bakı  ziyalılarının  musiqi  əyləncəsinin  əsas  forması  evlərdə  təşkil  olunan 

musiqi  axşamları  çərçivəsindən  kənara  çıxmış  həvəskar  musiqi  idi.  Musiqi 

həvəskarları  yerli  musiqiçilərin,  hərbi  kapelmeysterlərin,  musiqi  müəllimlərinin 

iştirakı ilə kütləvi konsertlər (çox vaxt xeyriyyəçilik məqsədi ilə) təşkil edirdilər. 

Dəmiryolu xəttinin açılması ilə Bakıya rus və Avropa musiqiçiləri gəlməyə 

başladı. Onların ustalığı və geniş repertuarları Bakı tamaşaçılarında mənəvi zövqün 

inkişafına və şəhərin musiqi həyatının canlanmasına müsbət təsir göstərirdi. 80-90-cı 

illərdə görkəmli rus və Avropa musiqiçiləri tez-tez Bakıda çıxış edirdilər. 

Bakılıların  eşitdiyi  ilk  opera  A.Verstovkinin  1889-cu  ilin  mayında 

D.Aqryonov-Slavyanskinin  kapellasının  konsert  ifasında  təqdim  etdiyi  "Askoldun 

məzarı"  operası  olmuşdur.  Həmin  il  dekabrın  5-də  qastrola  gəlmiş  Tiflis  opera 

truppasının  ifasında  Bakıda  ilk  peşəkar  opera  tamaşası  göstərildi.  Açılışda 

A.Darqomıjskinin "Su pərisi" tamaşaya qoyulmuşdu. Tamaşanın dirijoru  S.Barini idi. 

Truppada İ.Tartakov, V.Zarudnaya, T.Lyubatoviç kimi məşhur müğənnilər oxuyurdu. 

90-cı  illərdə  bakılılar  balet  janrı  ilə  tanış  oldular,  1894-cü  il  mayın  16-da 

Peterburq  truppasının  ifasında  Bakıda  ilk  peşəkar  balet  tamaşası  göstərildi.  Açılışında 

A.Adanın  "Dəniz  qulduru"  baletinin  tamaşası  göstərilmişdi.  Rus  baletinin  L.Keyten, 

Çernyavskaya, Tixomirov, Stepanov kimi ustaları bu truppanın tərkibində çıxış edirdi. 

Mayın  16-dan  20-dək  göstərilən  beş  tamaşanın  arasında  A.Adamn  "Jizel"  və 

L.Delibanın "Koppeliya" baletləri də vardı. 

80-90-cı  illərdə  həm  peşəkar,  həm  də  həvəskar  yerli  musiqiçilər  öz 

fəaliyyətlərini  xeyli  genişləndirirdilər.  Məhsuldar  pedaqoji  işlə  məşğul  olan, 

konsertlərdə  və  musiqi  dərnəklərinin  təşkilində  iştirak  edən  bir  sıra  istedadlı 

musiqiçilər səhnəyə qədəm qoydular. 

90-cı illərdə Bakıda uşaqlara musiqi öyrədən xeyli müəllim işləyirdi. Lakin 

belə xüsusi dərslər gənclərin musiqi təhsilinə artan tələbatını ödəyə bilmirdi. Xüsusi 

məktəblərin açılmasının zəruriliyi haqqında danışıqlar gedirdi. 1895-1896-cı illərdə 

pianoçu A.İ.Yermolayeva özünün xüsusi musiqi məktəbinin əsasını qoydu. Bu, Bakıda 

ilk  Avropa  tipli  musiqi  təhsili  müəssisəsi  idi.  Şəhərin  ən  yaxşı  musiqi  qüvvələri 

məktəbə  yığışır,  burada  xeyriyyəçilik  məqsədilə  konsertlər  verilirdi.  P.F.Yuon 

tərəfindən  təşkil  edilmiş  simli  kvartet  1896-cı  ildən  kamera  musiqisi  məclislərini 

keçirirdi. 

Milli musiqi kadrlarının hazırlanmasında Qori Müəllimlər Seminariyası böyük 

rol oynadı. Onun məzunları eyni zamanda musiqiçilik fəaliyyəti ilə məşğul olur, musiqi 

təhsilinin ibtidai formaları şəbəkəsini genişləndirirdilər. 

Bakı  musiqiçiləri  öz  qüvvələrini  birləşdirmək  üçün  1895-ci  ildə  teatr  və 

musiqi şöbələri, həvəskar orkestr yaratdılar. Bu orkestr F.Parizekin başçılığı altında 

1897-ci ildə Bakıda ilk simfonik konsert mövsümünü açdı. 

Musiqi  həyatının  inkişafı  tədricən  demokratik,  maarifçi  xarakter  almağa 

başlayır:  əhalinin  geniş  təbəqələri,  mədəni-maarif  müəssisələri  bu  həyata 

qoşulurdular. Müxtəlif həvəskar xor kollektivi yaradıldı. 1834-cü ildə dəmiryol işçiləri 


özlərinin  dram  sənəti  və  musiqi  həvəskarları  cəmiyyətini  və  15  nəfərlik  orkestr 

yaratdılar.  1896-cı  ildə  "Nobel  qardaşları"  şirkətinin  işçiləri  orkestri  olan  musiqi 

dərnəyinin  əsasını  qoydular.  Orkestr  fəhlələr  üçün  pulsuz  konsertlər  verirdi.  Eyni 

zamanda A.A.Lampenin rəhbərlik etdiyi 50 nəfərlik xalq xoru təşkil olunmuşdu. 

Rus  və  Avropa  musiqi  mədəniyyətləri  ilə  ünsiyyətdə  Azərbaycan  musiqi 

sənəti yeni məcra ilə inkişaf etməyə başladı, musiqinin yeni formalan meydana çıxdı. 

Kütləvi  konsertlər  yeni  şəraitdə  -  konsert  salonlarında,  teatr  binalarında, 

təntənəli gecələrdə, ballarda, bağ gəzintilərində keçirilməyə başladı. Məsələn, 1892-

ci ildə sazəndələr orkestri Bakıda,  ictimai məclisin binasında özünün ilk konsertini 

vermiş,  1899-cu  ildə  isə  elə  bu  binada  məşhur  Azərbaycan  müğənnisi  Cabbar 

Qaryağdı geniş dinləyici kütləsi qarşısında çıxış etmişdi. 

Paralel olaraq Azərbaycan xalq musiqisinin nümunələri də Avropa alətlərində ifa 

olunmağa  başladı.  Tiflisli  pianoçu  Q.Korqanov  özünün  "Bayatı"  fortepiano 

fantaziyasını Bakıda böyük müvəffəqiyyətlə ifa etmişdir. Azərbaycan xalq mahnı və 

muğamlarının konsert işləmələri Bakıda bəstəkar və pianoçu N.F.Tiqranovun ifasında 

səslənmişdi  (1895-ci  və  1899-cu  illərdə).  İctimai  məclisin  binasında,  Tağıyev 

teatrında qarışıq Azərbaycan, gürcü, erməni konsert axşamları təşkil olunurdu. 

Peterburq,  Tiflis  və  İrəvanda  Azərbaycan  musiqi  konsertləri  keçirilməyə 

başlandı. Məşhur Azərbaycan xanəndəsi Səttar sazəndələr ansamblının müşayiəti ilə 

ilk  dəfə  (1853-cü  və  1860-cı  illərdə)  Tiflis  opera  teatrında  konsert  proqramı  ilə  çıxış 

etmişdi. 1895-ci ildə azərbaycanlı tələbələr Peterburqda ilk Azərbaycan gecəsi təşkil 

etdilər. Axşamda Avropa orkestri Azərbaycan melodiya və rəqslərini ifa etmiş, habelə 

Firdovsinin  "Rüstəm  və  Zöhrab"  poemasından  və  "Aşıq  Qərib"  dastanından  canlı 

musiqi  parçaları  səsləndirilmişdir.  Bu  tamaşa  Azərbaycanın  "canlı  musiqili 

lövhələrinin"  səhnədə  ifa  edilməsi  sahəsində  ilk  addım  idi.  Sonralar  belə  səhnələr 

xalq musiqisinin görkəmli nümayəndələrinin repertuarına daxil oldu. 

Beləliklə,  XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycan  musiqisində  müasir 

musiqi  peşəkarlığının  ilkin  şərtləri  yaranırdı.  Bu  peşəkarlıq  milli  ənənələrin  musiqi 

həyatının,  musiqi  ifaçılığının  Azəbaycan  üçün  yeni  formaları  ilə  uzlaşdırılmasına 

əsaslanırdı. XX əsri əvvəlində Azərbaycanda musiqinin çiçəklənməsinin kökləri məhz 

bu dövrdən başlanır. 

XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycan  memarlığının  inkişafı  bir  tərəfdən, 

coşqun  surətdə  genişlənərək  qısa  müddətdə  Rusiyanın  ən  iri  sənaye  mərkəzlərindən 

birinə  çevrilmiş  Bakıda  şəhərsalma  özünəməxsusluğu  ilə,  digər  tərəfdən  isə  qalan 

əyalət şəhərlərinin əvvəlki dövrdə nisbətən çox az fərqlənən ləng inkişafının davam 

etməsi ilə səciyyələnirdi. 

Bir  sıra  şəhərlərdə  "nizami"  planlaşdırmaya  və  onların  abadlığının 

yaxşılaşdırılmasına səy edilməsi müşahidə olunurdu. 

Nəzərdən  keçirilən  dövrdə  Azərbaycanda  şəhərsalma  və  memarlığın 

inkişafının  başlıca  xüsusiyyətlərindən  biri  tikintidə  plan-kompozisiya  və  bədii 

memarlıq  elementlərindən  istifadə  olunması  idi.  Bu,  binaların  fasadlarının  xüsusi 


bəzəyində, eyvanlar, parad kirişləri, ikiqat pilləkənlər və s. quruluşunda da nəzərə çarpır. 

Bakının tikintiləri kapitalist şəhərinə məxsus olan bütün ziddiyyətləri güzgü kimi əks 

etdirərək, güclü təzadlarla fərqlənirdi. XIX əsrin son rübündə ncft sənayesinin coşqun 

inkişafı  əhalinin  görünməmiş  axınına  və  onun  yerləşdirilməsində  xeyli  çətinliklərə 

səbəb  oldu.  Bununla  əlaqədar  tədricən  şəhərin  ətrafında,  köhnə  Bakının 

hüdudlarından  kənarda  neftçi  fəhlələr  üçün  qəsəbələr  salınmağa  başlandı.  Kapitalist 

Bakısının  şəhər  tikintiləri  "Forştad

,,

ın  ərazisində  aparılır,  Bakı  amfiteatrının  bütün 



terrasları boyu genişlənir, İçərişəhərin minarələri fonunda iki, üçmərtəbəli, yastı damlı 

daş evlərdən ibarət məhəllələr meydana çıxırdı. 

Abşeron  yarımadasının  şimal  sahilləri  (xüsusən  də  Mərdəkan  və  Buzovna 

kəndləri) çoxdan bəri özünün əlverişli təbii iqlim şəraiti ilə məşhur idi və buna görə 

də  artıq  XIX  yüzilliyin  sonunda  Abşeronda  kurort  zonasına  çevrilmiş  Mərdəkan 

kəndində qısa müddət ərzində çoxlu villalar və yaylaq evləri inşa edilməyə başladı. 

Əgər  şəhərdə  layihələndirilmiş  bina  adətən  məhəllə  və  küçələrin  sıx 

tikintiləri 

içərisində 

yerləşdirilirdisə, 

Abşeron 

genişliklərində 

villaların 

layihələndirilməsi zamanı memar öz yaradıcılığının bədii  cəhətini açıb  göstərə bilirdi. 

Bu  baxımdan  neft  sənayeçisi  Muxtarovun  villası  (indi  Azərbaycan  MEA  Dendroloji 

parkı), XIX yüzilliyin 90-cı illərinin əvvəllərində Mərdəkanda tikilmiş ilk villalardan 

biri kimi səciyyəvidir. 

Muxtarovun  villası  Bakı  varlılarınm  şəhərkənarı  villalarının  tikintisinin 

başlanğıcını qoydu. 

1897-1901-ci  illərdə  Muxtarovun  villası  ilə  yanaşı,  Əsədullayevin  villası 

tikildi. Ərazisinin genişliyinə görə (15 ha) bu villa Nobelin (10 ha), Muxtarovun (8 ha) 

villalarından və bir çox başqalarından üstün idi. Təbii şərait memarlara о zamankı park 

arxitekturasının  funksional  məsələlərinin  müxtəlif  həll  üsullarını  diktə  edirdi. 

Planlaşdırma strukturu iki əsas binaya (bir üzü parka, digər üzü isə dənizə baxan iki və 

üçmərtəbəli iki binaya) tabe edilmişdi. 

Gözəl  parkı,  hovuzu  və  xiyabanları  olan  geniş  villa  ərazisinin  memarlıq-

plan strukturu Abşeronun ənənəvi yaylaq evlərindən maraqlı surətdə istifadə olunmuş 

bədii düşüncəyə müvafiq surətdə yaradılmışdı. 

Bakının  bütün  istiqamətlərdə  inkişafının  başlanğıcı  rolunu  oynamış  qala 

divarları  arxasındakı  qədim  şəhər  -  Bakı  yaylasının  cənub-şərqində,  demək  olar  ki, 

mərkəzi mövqe tutan İçərişəhər idi. Ondan şimala, şimal-qərbə və şimal-şərqə doğru 

amfiteatr  şəklində  Bayır  (yəni  xarici)  şəhəri  formalaşmağa  başladı.  Bayır  şəhəri 

Yuxan  Dağlı, Çəmbərəkənd və s. kiçik qəsəbələrdən ibarət idi. Qala divarları önündə 

bir-birinə  qısılmış  xırda  daxmaların  yerində  kapitalist  Bakısının  intensiv  tikinti 

meydanına  çevrilmiş  Bakı  for-ştadında  gözəl  müasir  binalardan  ibarət  yeni 

məhəllələr formalaşırdı. 

Bakı şəhərtikmə tarixində XIX yüzilliyin ikinci yarısı görkəmli Azərbaycan 

memarı,  Bakı  forştadının  fəal şəkildə  yenidən  qurulması  və  yeni  kapitalist  şəhərinin 



formalaşması dövründə böyük rol oynamış Qasım bəy Hacıbababəyovun (1811-1877) 

yaradıcılıq fəalliyyəti ilə eyni vaxta düşmüşdü. 

Q.Hacıbababəyov  İçərişəhərdən  kənardakı  tikintinin  əsas  həlqələrindən 

birini təşkil edən Parapet adlı mərkəzi meydanın tikintisini həyata keçirdi. Memarın 

iri tikintilərindən biri də böyük karvansara (indiki "Araz" kinoteatrı) idi. Bu binanı о 

özü 1863-cü ildə layihələndirmiş,    qrafika  işlərini  isə    onun  köməkçisi,    sonradan 

Bakının  ən  görkəmli  memarlarından  biri  olmuş  Məşədi  Mirzə  Qafar  İsmayılov 

görmüşdü. İsmayılov 30 il ərzində, başlıca olaraq, Bakıda binaların layihələndirilməsi 

və tikintisi ilə məşğul olaraq böyük memarlıq irsi qoyub getmişdir. 

90-cı  illərin  əvvəllərində  inzibati-ictimai  binaların  ucaldılması  üçün  nəzərdə 

tutulmuş  Nikolayev  (indiki  İstiqlaliyyət)  küçəsindəki  tikintilərin  layihəsi  hazırlandı. 

1898-ci  ildə  görkəmli  memar  İ.V.Toslavskinin  layihəsi  üzrə  H.Z.Tağıyevin  xüsusi 

müsəlman  qız  məktəbinin  inşasına  başlandı.  Həmin  memarın  layihələndirdiyi  Tağıyev 

sarayının  ucaldılması  üzrə  işlərin  əsas  hissəsi  görülüb  qurtarırdı  (1893-1902). 

H.Z.Tağıyevin  vəsaiti  ilə  hələ  1883-cü  ildə  tikilmiş  teatra  onun  adını  daşıyan  da 

əlavə olundu (1898). 

80-90-cı  və  1900-cü  illərin  tikililəri  içərisində  müqəddəs  bina  və 

məktəblərin,  dövlət  bankının,  Rusiya  Texniki  Cəmiyyəti  Bakı  şöbəsinin,  dəmiryol 

vağzalının  binaları  xüsusi  yer  tutur.  Onların  inşasına  D.  D.  Buynov,  İ.V.Qoslavski, 

K.B.Skureviç və başqa memarlar rəhbərlik etmişlər. 

Bunların içərisində Deburun evi (indi R.Mustafayev adına İncəsənət Muzeyi) 

nəzəri xüsusilə cəlb edirdi. Yüzilliyin sonunda şəhərdə mənzil tikintisi geniş miqyas 

aldı. Bakılı sahibkarlar bir-birlərilə bəhsə girərək özləri üçün dəbdəbəsi və memarlıq 

bər-bəzəyinin  zənginliyi  ilə  fərqlənən  binalar  tikdirirdilər.  Bakı  daşyonma 

mütəxəssisləri  olan  el  sənətkarlarının  yüksək  ustalığı  məhz  belə  binaların  inşasında 

istifadə olunurdu. 

Şəhərin  yeni  hissəsindəki  binaların  memarlığında  milli  və  romantik  üslub 

bir-birilə uzlaşdınldı. 

Şəhər  kənarında  və  neft  mədənlərinin  yaxınlığındakı  fəhlə  rayonlarında 

monumental binalar az idi, belə ki, burada başlıca olaraq, yöndəmsiz fəhlə kazarmaları 

tikilirdi.  Yaşayış  obyektlərinin  ən  səciyyəvi  tipi  fəhlələrin  məskən  saldıqları,  bir-

birindən fərqlənməyən binnərtəbəli daxmalardan ibarət idi. 

Bakının yüksək memarlıq məziyyəti ilə fərqlənən əsaslı binalarının çoxu öz 

cazibədarlığına  görə  Bakı  daşının  əla  dekorativ  imkanlarına  və  bu  daşın  yerli  ustalar 

tərəfindən məharətlə işlənilməsinə  borcludur. Binaların mürəkkəb hissələri, relyefli 

daş  işləmələrdən  ibarət  bütöv fraqmentlər  Hənifə,  Hacı  Abbas,  Hacı  Xeyrulla  və  b. 

Gözəl  ustalar  tərəfindən  heyrətamiz  sənətkarlıqla  yerinə  yetirilirdi.  Daş  işləmə 

sənətinin Abşeron və köhnə Bakının abidələrində canlandırılmış çoxəsrlik ənənələri 

şəhərin tikintisində özünü bütün qüvvəsilə təzahür etdirirdi. 

Azərbaycanda  dəyişilmiş  sosial-iqtisadi  şərait  nisbətən  daha  kütləvi  olan 

mənzil  tikintisində  yeni  əlamətlərin  meydana  çıxmasına  səbəb  oldu.  Köhnə  tipli 


mənzillər  öz  yerini  tədricən  daha  müasir  və  abad  yaşayış  binalarına  verirdi.  Kənd 

rayonlarında,  xüsusən  də  ölkənin  qəza  mərkəzlərində  tikilmiş  şəhər  və  yarımşəhər 

tipli  yaşayış  binaları  özünün  keçmiş  qapalılığını  getdikcə  daha  çox  itirdi.  Əsas  fasadı 

indi küçəyə doğru yönələn  yaşayış binalarının daxili planlaşdırılması da dəyişmişdi. 

Fasadlarda böyük  pəncərələr, geniş  küçə  eyvanları  və  ifadəli  bəzək  ünsürləri  geniş 

tətbiq  olunurdu.  Mənzil tikintisindəki bütün bu yeniliklər Gəncə, Nuxa, Quba, Şuşa, 

Ordubad  və  digər  Azərbaycan  şəhərlərinin  inşa  işlərində  geniş  surətdə  öz  əksini 

tapırdı. 

Azərbaycan qəzalarındakı ənənəvi şəhərsalma prinsipləri yerli təbii-coğrafi 

xüsusiyyətlər,  istehsalat,  təsərrüfat,  iqlim  şəraiti  ilə  qırılmaz  surətdə  bağlı  idi. 

Məsələn,  Azərbaycanın  demək  olar  ki,  bütün  dağ  və  dağətəyi  yerlərində  yaşayış 

evləri xüsusən yığcam şəkildə tikilirdi. Yaşayış evlərinin aşağı mərtəbələri təsərrüfat 

ehtiyacları  üçün  istifadə  olunurdu.  Evlər  dekorativ  elementlərlə  bəzədilirdi.  Ordubad 

rayonunda  yaşayış  evləri  işıqlandırmanın  orijinallığı  və  kompozisiyalı  strukturla 

fərqlənirdi. Onların səkkizguşəli vesti-bülləri, fasadlarda isə ifadəli portalları var idi. 

Yaşayış evlərinin  yuxan  qatlarında "balaxana"  adlanan qonaq otaqları  düzəldilirdi. 

Yay  zamanı  yaşayış  evlərinin  sərin  və  sakinlər  üçün  rahat  olmasına  xüsusi  diqqət 

yetirilirdi. Tez-tez baş verən güclü zəlzələlərlə əlaqədar olaraq Şamaxı rayonunda, bir 

qayda olaraq, birmərtəbəli, dağıntıya daha dözümlü olan binalar tikilirdi. 

İnzibati,  dini  binaların,  habelə  varlı  adamlar  üçün  tikilən  xüsusi  yaşayış 

binalarının  memarlığında  rus  klassisizminə  xas  olan  kompozisiya  üsulları  və 

motivlərinin tətbiqi kifayət qədər geniş  yayılmışdı. Lakin bu yeni üslub və formalar 

yerli  mənzil  tikintisi  təcrübəsilə,  xalq  ustaları  tərəfindən  orijinal  surətdə,  yenidən 

işlənərək milli memarlığın sabit ənənələri ilə üzvi surətdə qovuşurdu. 

Tikinti  texnikasında  da  dəyişikliklər  müşahidə  olunurdu,  hər  yerdə  yeni 

tikinti  materiallarının  -  dam  dəmirinin,  kənardan  gətirilənlən  meşə  materiallarının, 

şüşənin və s. meydana çıxması nəzərə

 

çarpırdı. Bu da dövrün tələblərinə cavab verən 



mütərəqqi  mühəndis  konstruksiyalarının,  yeni  tikinti  üsul  və  metodlarının  meydana 

çıxmasını  şərtləndirirdi.  Köhnə,  kvadrat  formalı  bişmiş  kərpic,  demək  olar  ki,  hər 

yerdə daha  əlverişli olan düzbucaqlı  kərpic  tərəfindən  sıxışdırılıb  aradan çıxarılırdı, 

mənzili pis qızdıran və çoxlu yanacaq işlədən qədim buxarılar şəhər evlərində Avropa 

tipli  qənaətli  sobalarla  əvəz  olunurdu  və  s.  Kənardan  xeyli  meşə  materiallarının 

gətirilməsi ilə əlaqədar olaraq, Bakı və Abşerondakı mənzil tikintisində əvvəllər tətbiq 

edilən  daş  qübbəvari  konstruksiyalardan  gətirilmə  ağac  materiallarından  qurulan 

yüngül damlara keçilirdi. 

Rus  və  xarici  səyyahların,  alimlərin  diqqətini  cəlb  edən  qədim  memarlıq 

abidələrinə  maraq  get-gedə  artırdı.  Əlüstü  yazılmış  səyyah  qeydləri  öz  yerini 

mütəxəssislərin sanballı təsvirlərinə verirdi. Bu baxımdan məşhur rus alimləri B.Dorn, 

N.Xanıkov,  T.Berezin  və  b.  əsərləri,  memarlıq  akademiki  D.Qrimi  tərəfindən  tərtib 

edilmiş  memarlıq  ölçüləri,  görkəmli  rus  rəssamları  Q.Qaqarin  və  xüsusən  də 


V.Vereşşaginin  Azərbaycanın  bir  sıra  qiymətli  arxitektura  qurğuları  əks  olunmuş 

rəsmləri xüsusən əhəmiyyətlidir. 

Memarlıq abidələrinin bərpası üzrə də xeyli iş görülürdü. Hələ 50-ci illərdə 

Şəki  Xan  sarayında  bu  cür  işlər  başa  çatdırılmışdı;  60-70-ci  illərdə  Bakının  qala 

divarları rayonunda  bərpa  işləri  aparılmış,  lakin  bu  zaman  şəhərin  bir  sıra  memarlıq 

abidələrinin  dağıdılmasına  da  yol  verilmişdir.  Məsələn,  1865-ci  ildə  sahil  boyunca 

qala divarlarının bir hissəsinin dağıdılması hesabına bulvar salınmağa başlanmış, bu 

divarların daşlarından isə şəhərdə binalar tikilməsində istifadə edilmişdir. 

80-ci  illərdə  Bakı  qalasının  ikinci  divarı  da  dağıdılmağa  başlandı.  Onun 

yerində Nikolayev küçəsində yeni əsaslı binalar ucaldıldı. 1896-cı ildə qalanın ikinci 

darvazası  tikildi.  Onun  inşaatçısı  Kərbəlayı  Məmmədhəsən  Hacı  Mahmud  oğlu 

olmuşdur. О zaman Azərbaycanın başqa yerlərində əsasən inzibati və  dini məqsədli 

binalar  tikilirdi.  Məsələn,  keçmiş  Qarabağ  xan  nəsli  nümayəndələrindən  biri  olan 

Gövhər ağanın sifarişi ilə 1883-cü ildə Şuşada Azərbaycan memarı Kərbəlayı Seyfxan 

tərəfindən  məscid  tikilmişdi.  1888-ci  ildə  isə  Məşədi  İbrahim  oğlu  Xızıda  yeni 

məscid inşa etmişdi. 

 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin