§ 3. AZƏRBAYCAN MĠLLƏTĠNĠN TƏġƏKKÜLÜ
XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanda kapitalizmin inkişafı,
iqtisadi və mədəni mərkəzlərin yüksəlişi, ümumi bazarın yaranması, cəmiyyətin
strukturunun dəyişməsi, milli burjuaziyasının və fəhlə sinfinin formalaşması - bütün
bu proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu.
Digər millətlər kimi, insanların sabit, tarixi birliyi kimi formalaşmış
Azərbaycan milləti də feodal pərakəndəliyinin ləğv edilməsi prosesində, iqtisadi
birliklə dil, ərazi, mədəniyyət, şüur və psixoloji birliyin qovuşması əsasında meydana
gəlir və inkişaf edirdi.
İqtisadi əlaqələrin möhkəmlənməsinin vacib şərti Azərbaycan millətinin ərazi
birliyi idi. Uzun əsrlər boyu Azərbaycan xalqı şimalda Böyük Qafqaz dağlarından,
cənubda Xəzər dənizindən, qərbdən Ermənistan və Gürcüstana qədər olan ərazidə
məskunlaşmışdır. Yadelli işğalçılara qarşı uzunmüddətli mübarizənin gedişində
Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı.
Bununla belə, Azərbaycan ərazisi iki dövlət - Rusiya və İran arasında
bölüşdürüldüyündən, Azərbaycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə
gedirdi.
Şimali Azərbaycanın Rusiya tərəfindən istilası ilə ölkədəki feodal ara
müharibələrinə son qoyulsa da, ərazi bütövlüyünə, yalnız azərbaycanlıların müxtəlif
dövlət birliklərinin tərkibində olması deyil, həm də Şimali Azərbaycanın Rusiya
imperiyasının daxilində müstəqil birləşdirici təsərrüfat - inzibati və siyasi vahid kimi
mövcud olmaması mane olurdu.
XIX yüzilliyin ikinci yarısı Şimali Azərbaycanda həm sənətkarlıq və sənaye,
həm də kənd təsərrüfatı sahələrində natural istehsalın ictimai istehsala çevrildiyi bir
dövr idi. Kapitalizmin inkişafı nəticəsində Şimali Azərbaycan iqtisadiyyatının dünya
bazarına cəlb edilməsi onun iqtisadi birliyinin təşəkkülünü şərtləndirirdi.
Bu cəhətdən Bakı çox böyük əhəmiyyət kəsb edirdi. Neft və onunla bağlı
digər sənaye və ticarət sahələrinin yüksəlişi, mədəniyyətin inkişafı şəhərin görkəmini
və orada yaşayan əhalinin tərkibini dəyişdirdi. Bakı çox böyük kapitalist şəhəri,
Azərbaycan millətinin təşəkkülünün başlıca mərkəzi oldu.
Dəmir yollarının çəkilişi, dəniz nəqliyyatının inkişafı, rabitə yollarının
yaxşılaşdırılması və s. feodal münasibətlərinin dağılmasına, kənd təsərrüfatı sahələrinin
ixtisaslaşmasına, bazar üçün istehsalın genişlənməsinə yardım göstərdi ki, bu da əmtəə
istehsalının və kapitalist münasibətlərinin inkişafını sürətləndirdi [39].
Bu dövrdə iri kapital sahibləri olan azərbaycanlılar bir sıra ən mühüm
təsərrüfat sahələrinin inkişafında müəyyənedici rol oynayırdılar. Xəzər dənizi
nəqliyyatında, ipək və tütün sənayesində, müxtəlif liflərin emalında, çəltiktəmizləmə,
kərpic, mexaniki istehsalda və s. sahələrdə milli kapitalın xüsusi çəkisi yüksək idi.
Bundan başqa, Azərbaycan kapitalistləri torpaq sahələri əldə etməyə, yaşayış binaları
tikintisinə xeyli vəsait sərf edirdilər.
Formalaşmaqda olan Azərbaycan millətinin aparıcı qüvvəsinin əsasını
Bakıda və Şimali Azərbaycanın digər şəhərlərində olan sənaye iri sənətkar
müəssisələrinin, gəmilərin sahibləri, iri ev sahibləri, tacirlər ziyalılar və b. təşkil
edirdi.
Məlum olduğu kimi, Şimali Azərbaycan aqrar ölkə idi və onun əhalisinin
böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olurdu. Buna görə də azərbaycanlıların
burjua milləti kimi təşəkkülü heç də yalnız yeni cəmiyyətin əsas siniflərinin -
Azərbaycan burjuaziyası və fəhlələrinin başlıca mənbəyi olan Bakı ilə və həmçinin
burjua cəmiyyətinin təbəqələrinin formalaşdığı qəzalardakı sənaye mərkəzləri ilə
deyil, həm də yeni, intişar edən kənd təsərrüfatı istehsalı ilə də bağlı idi.
XIX yüzilliyin ikinci yarısında kənd təsərrüfatı istehsalının inkişafındakı
istiqamətlərin özündə burjua cəmiyyətlərinə xas olan meyillər üzə çıxır, təsərrüfatın
kapitalizmə qədərki formalarının kapitalist formasına keçməsi baş verir, doğulmaqda
olan kənd burjuaziyası nümayəndələrinin fəaliyyəti genişlənirdi. Bu dövrdə Şimali
Azərbaycanın iqtisadiyyatı üçün belə bir hal xarakterik idi ki, onun kənd təsərrüfatının
əsas sahələri - pambıqçılıq, ipəkçilik, tütünçülük bütövlükdə, taxılçılıq, bağçılıq,
heyvandarlıq (nisbətən) az dərəcədə kapitalist istehsalı dövriyyəsinə cəlb olunmuşdu.
Bu sahələrin məhsullarının getdikcə qüvvətlənməkdə olan kapitalist-əmtəə xarakteri
geniş yayılmış amilə çevrilirdi.
Əmtəə-kapitalist istehsalının, ticarət əkinçiliyinin inkişafı feodal
münasibətlərini zəiflədir və qəzalar arasında sıx iqtisadi əlaqələrin yaranmasına, kənd
təsərrüfatında kapitalizmin inkişafına şərait yaradırdı. Bu inkişaf kəndlilərin
təbəqələşməsi ilə müşayiət olunur, kəndlilərin əsrlik ətalətini dağıdır, kəndlilikdən
çıxma ilə müşayiət edilir, kəndli kütlələrini hərəkətə gətirirdi. Yeni təbəqələrin əsas
hissəsinin - qolçomaqlar, xırda burjua, sələmçi-möhtəkirlər, kənd dükançıları, öz
təsərrüfatlarını kapitalist qaydaları əsasında quran bəylər təşkil edən kənd
burjuaziyası və istehsal vasitələrindən məhrum olmuş, bununla əlaqədar qazanc
dalınca getməyə və yaxud muzdla öz həmkəndliləri olan varlılara işləməyə məcbur
olan muzdurlar, kənd fəhlələrinin yaranması baş verirdi ki, bu da əkinçilik
kapitalizminin göstəricisi idi. Azlıq təşkil edən varlıların təsərrüfatının inkişafı,
minlərlə kəndlinin müflisləşməsi və muzdurların sırasına keçməsi - Azərbaycan
kəndinin kapitalist təkamülünün mahiyyəti belə idi.
Beləliklə, XIX yüzilliyin sonunda əmtəə-pul münasibətlərini intensiv
inkişafı nəticəsində Azərbaycan kəndində qapalılığın köhnə dayaqları dağılır,
daxili əlaqələr yaranır və möhkəmlənir, kənddə keyfiyyətcə yeni təbəqələr - kənd
burjuaziyası və fəhlələri meydana gəlirdi. Kəndin bütün ölkə ilə daimi iqtisadi
əlaqələrə cəlb edilməsi Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter
kəsb etməsini göstərirdi.
Azərbaycan millətinin təşəkkülü milləti xarakterizə edən bütün
əlamətlərin inkişafında və möhkəmlənməsində ifadə olunurdu. Azərbaycan dili
insanların ünsiyyət vasitəsi kimi, ümummilli dil idi. Yadelli işğalçılara qarşı
çoxəsrlik mübarizəyə, assimilyasiya siyasətinə baxmayaraq, Azərbaycan xalqı öz
dilini qoruyub saxlaya bildi. Bu dildə onun Nəsimi, Xətayi, Füzuli, Vaqif və b.
dünya ədəbiyyatına şah əsərlər bəxş etmişlər.
Feodal qapalılığının aradan qalxması, iqtisadi və mədəni mərkəzlərin
yaranması, əhalinin sosial-iqtisadi fəallığının artması, ölkənin ayrı-ayrı rayonları
arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafı
üçün şərait yaradırdı. Azərbaycan dilində ilk qəzet olan ―Əkinçi‖nin nəşri,
mətbuatın, kitab nəşrinin daha da inkişafı, Azərbaycan ədəbiyyatının M.F.Axundov
kimi nəhənglərinin pyeslərində əks olunan ədəbiyyatda demokratik cərəyanın
formalaşması kimi amillər ədəbi dillə xalq danışıq dilinin yaxınlaşmasına yardım
etmiş və Azərbaycan millətinin təşəkkülünün ilk mərhələsində milli dilin inkişafına
təkan vermişlər.
Azərbaycan dilinin lüğət tərkibi getdikcə zənginləşir və bu dil
ədəbiyyatda, elmdə, məişətdə və təsərrüfat həyatında ümummilli və vahid dil
olurdu. Dildə bu təkamülün əsası iqtisadi birlik, milli bazarın tələbatı əsasında
insanların birliyinin möhkəmlənməsi idi. Millətin mühüm əlaməti milli
mədəniyyətin, şüur və psixologiyanın spesifik, özünəməxsus ümummilliyi idi.
Milli mədəniyyətin özünəməxsusluğu Azərbaycan xalqının vərdişlərində,
ənənələrində, məişətində əks olunurdu. Xalqdan miras qalmış keyfiyyətlər
ümummilli xarakter daşıyırdı. Azərbaycan millətinə xalqdan irsi olaraq
əməksevərlik, azadlıqsevərlik, mərdlik keçmişdi. Azərbaycanlıların milli
xarakterində qonaqpərvərlik, böyüklərə hörmət, xeyirxahlıq, yoldaşlığa və dostluğa
sədaqət özünü aydın göstərirdi.
Azərbaycan
ədəbiyyatının
M.F.Axundov,
C.Məmmədquluzadə,
Ə.Haqverdiyev. N.Vəzirov, H.Zərdabi, N.Nərimanov və b. bu kimi bir çox
görkəmli nümayəndəsi mədəniyyəti yeni ideya məzmunu ilə zənginləşdirir,
demokratik istiqaməti inkişaf etdirirdilər. Onların ədəbi və elmi publisistik
fəaliyyəti, Azərbaycan teatrının və mədəni-maarif müəssisələrinin yaranması,
maarifdə, incəsənətdə, musiqidə, xalq yaradıcılığında yeni əlamətlərin meydana
gəlməsi, digər xalqların mədəniyyətinə geniş maraq Azərbaycan xalqının
oyanmaqda olan milli şüurunu səciyyələndirən əlamətlər idi.
Burjuaziyanın bir çox liberal baxışlı nümayəndələri də Azərbaycan xalqını
maarifə və elmə çağırırdılar. Bakıda çıxan ―Kaspi‖ qəzetinin ətrafında Əhməd bəy
Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi maarifpərvər -
liberal burjua xadimləri toplaşmışdılar.
Məlumdur ki, Rusiyada çar hökuməti tərəfindən ―Azərbaycan‖ və
―azərbaycanlı‖ terminlərinin işlədilməsi vətəndaşlıq hüququ qazanmamışdır.
Azərbaycanlıları müsəlman, türk, tatar adlandırırdılar. Lakin Azərbaycan ideyası
Azərbaycan ziyalıları tərəfindən yaşadılırdı.
İlk dəfə M.F.Axundovun işlətdiyi ―millət‖ anlayışının ədəbiyyatda və
mətbuatda meydana çıxması XIX yüzilliyin ikinci yarısına aiddir. XIX yüzilliyin
80-cı illərində nəşr olunan və öz səhifələrində Azərbaycan milliyyəti ideyasını
geniş təbliğ edən ―Kəşkül‖ qəzeti isə ilk dəfə ―Azərbaycan milləti‖ anlayışını
işlətdi [40].
1891-ci ildə ―Kaspi‖ qəzetində Məhəmməd ağa Şaxtaxtlı ―Zaqafqaziya
müsəlmanlarını necə adlandırmalı‖ məqaləsində bu türkdilli millətin azərbaycanlı
olduğunu bildirmişdir [41].
1892-ci ildə Kamal Ünsizadə xalqımızda milli şüuru oyatmaq məqsədi ilə
―Azərbaycan‖ adlı qəzet çıxarmağa təşəbbüs göstərmiş, ancaq çar hökuməti buna
icazə verməmişdi [42].
Bütün bunlar maarifçi ziyalılarımızın azərbaycanlılıq ideyasını yaşatdığını
aydın göstərir. XX əsrin əvvəllərində bu ideyanı siyasi doktrina şəklində həyata və
siyasi səhnəyə M.Ə.Rəsulzadə də çıxartmışdır.
Beləliklə,
XIX
yüzilliyin
ikinci
yarısında
intensiv
şəkildə
azərbaycanlıların millət kimi formalaşması prosesi gedirdi. Bütün başqa millətlər
kimi, təşəkkül tapmaqda olan Azərbaycan milləti bütün sinifləri, sosial qruplar və
zümrələr birləşdirilirdi.
Azərbaycan millətinin təşəkkülü prosesinin intişarını Şimali Azərbaycanın
müstəmləkə vəziyyəti məhdudlaşdırırdı. Qəzalarda bəziləri kapitalist inkişafı
axınına cəlb etdiyi halda, digərlərində, ucqarlarda yerləşən qəzalarda
kapitalizməqədərki münasibətlər hələ də qalırdı. Rusiyanı xalqlar həbsxanasına
çevirən, qeyri-rus xalqlarına qarşı amansız istismar siyasəti yeridən çarizm
ucqarlarda, o cümlədən Şimali Azərbaycanda feodal münasibətlərini qoruyub
saxlamağa çalışır, ərazidə sənaye və mədəni mərkəzlərin yaranmasına,
ümumiyyətlə təhsilin, xüsusən ana dilində yayılmasını ləngidirdi ki, bu da Şimali
Azərbaycanda məhsuldar qüvvələrin, daxili iqtisadi, siyasi və mədəni əlaqələrin
geniş inkişafına mane olurdu.
VIII FƏSİL
SOSĠAL-SĠYASĠ VƏZĠYYƏT,
FƏHLƏ HƏRƏKATININ BAġLANMASI
§ 1. FƏHLƏLƏRĠN VƏZĠYYƏTĠ
Çar Rusiyasında, xüsusilə onun müstəmləkə ucqarlarında fəhlələrin
vəziyyəti hədsiz dərəcədə ağır idi. Bakının və Azərbaycan qəzalarının sənaye
müəssisələrində xüsusilə uzunmüddətli iş günü mövcud idi. XIX yüzilliyin 70-ci
illərində Bakının neft mədənlərində iş günü 14 saata qədər uzanırdı [1]. Nəticədə
nəinki başqa ehtiyaclar, heç istirahət üçün də lazımi vaxt qalmırdı [2].
Bakının digər sənaye müəssisələrində və dəmir yolunda isə iş günü, əlavə
işlər də nəzərə alınmaqla 12 və daha artıq saatı təşkil edirdi [3]. Bir çox mexaniki
emalatxanalarda iş günü 14 saata çatırdı [4]. Nuxa və Şuşa qəzalarının ipəksarıma
fabriklərində gün çıxandan gün batana qədər işləyirdilər.
Çar hökuməti tərəfindən 1897-ci il iyunun 2-də Peterburq fəhlələrinin
təzyiqi ilə qəbul edilmiş ―Fabrik-zavod sənayesi müəssisələrində iş gününün
uzunluğu və bölüşdürülməsi haqqında‖ qanunla iş günü 11,5 saat
müəyyənləşdirilmişdi. Lakin ölkənin digər əyalətlərində olduğu kimi,
Azərbaycanın sənaye və nəqliyyat müəssisələrinin sahibləri daha uzun iş gününü
saxlamaq üçün müxtəlif vasitələrə əl atırdılar [5]. Azərbaycandakı müəssisələrin
əksəriyyətində bu qanun nəşr olunduqdan sonra da fəhlələr 12 saat və daha çox
çalışırdılar [6].
Azərbaycan fəhlələrinin əmək şəraiti də dözülməz idi. XIX yüzilliyin
sonlarında iki dəfə Bakıda olmuş A.M.Qorki yazırdı: ―Neft mədənləri mənim
xatirimdə dəhşətli cəhənnəmin məharətlə çəkilmiş mənzərəsi kimi qalmışdı‖.
Neft hasilatında ən ağır peşələrdən biri dartaycıların əməyi idi. Onlar
bütün gün ərzində uzun iri konusvari metal qabı (ona jelonka deyirdilər) quyuya
buraxmalı, onun qalxmasını izləməli, çıxarılmış nefti boşaltmalı idilər. Dartaycılar
bir dəqiqə də olsun öz işlərindən ayrıla bilməzdilər. Hədsiz dərəcədə ağır və
yeknəsəq işin nəticəsində onlar tezliklə əlilə çevrilirdilər. Açarçıların, həmçinin
qara fəhlələrin işi də çox ağır idi.
Neftayırma və kimya müəssisələrində olan iş şəraiti fəhlələrin sağlamlığı
üçün xüsusilə ziyanlı idi.
Tütünçü fəhlələr havasız kiçik binalarda işləyirdilər. Burada atmosferin
havası gözləri və ciyərləri yandıran ağır tütün tozu ilə hopmuş olurdu.
Azərbaycanın sənaye müəssisələrində və nəqliyyatda əmək mühafizəsi,
demək olar ki, yox dərəcəsində idi, bədbəxt hadisələr isə kütləvi hal almışdı. 1899-
1900-cü illərdə Bakının neft mədənlərində 2047 bədbəxt hadisə baş vermişdi ki, bu
zaman 20098 fəhlə xəsarət almış, 107 nəfər isə ölmüşdü [7]. Balaxanı
xəstəxanasının məlumatına görə, yalnız 1894-cü ilin ortalarından 1896-cı ilin
ortalarınadək fəhlələr arasında 4460 şikəstolma halı qeydə alınmışdı [8]. Neft
sənayesində ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı Rusiyanın mədən-zavod
sənayesindən orta hesabla 2,3 dəfə yüksək idi.
Yüksək gəlir əldə edən neft sənayeçiləri - kapitalistlər əməyin
mühafizəsinə və yanğın əleyhinə tədbirlərə vəsait sərf etməkdən boyun qaçırırdılar.
Hətta yüzilliyin sonunda Bakının mədən-zavod rayonlarında yanğınsöndürən
dəstələr yox idi.
Hədsiz dərəcədə ağır əmək və həyat şəraiti, tibbi-sanitariya yardımının
kifayət qədər olmaması və yaxud tam yoxluğu fəhlələr arasında peşə xəstəliklərinin
(yatalaq, vərəm və s.) yayılmasına səbəb olurdu.
Bütün bunların nəticəsində Azərbaycan fəhlələri arasında ölüm halları çox
yüksək idi. On minlərlə fəhlə vaxtından əvvəl həyatdan köçür və yaxud əlilə
çevrilirdi.
Azərbaycan fəhlələri özlərinin ağır əməyi müqabilində cüzi əmək haqqı
alırdılar. Aşağı ixtisaslı fəhlələrin əməyinə xüsusilə az qiymət verilirdi. Aylıq əmək
haqqı alan ixtisaslı fəhlələrdən fərqli olaraq, mövsümi və qara fəhlələrə gündəlik
haqq verilirdi.
1893-cü ildə neft mədənlərinin ixtisassız fəhlələri il ərzində orta hesabla
226 manat, ayda 20 manat qazandıqları halda, ixtisaslı fəhlələr müvafiq olaraq 556
manat, yaxud ayda 50 manat qazanırdılar [9]. ―Lakin belə əmək haqqını neftçi
fəhlələrin ancaq təxminən 20 faizi alırdı. Emal sənayesi müəssisələrində əmək
haqqı daha aşağı səviyyədə idi. Məsələn, ipəksarıma sahəsində fəhlələr gündə 40-
75 qəp. qazanırdılar [10]. Bakı quberniyasındakı kərpic zavodlarında işləyən
fəhlələrin orta gündəlik əmək haqqı 40 qəp. təşkil edirdi [11]. Bakı vətəgələrində
fəhlələr ayda 6-7 man. və bir qədər çörək və ət alırdılar. Ovlanmış balıqla və ondan
hazırlanmış ərzaqla qidalanmaq yüksək cərimə edilmək hədəsi ilə qadağan edilirdi
[12].
Azərbaycan fəhlələrinin əmək haqlarının ödənilməsində qeyri-bərabər
müstəmləkə prinsipi hökm sürürdü. Əmək haqqı çox vaxt milli mənsubiyyətlə
bağlı olurdu. Belə ki, azərbaycanlı fəhlələr (xüsusilə Cənubi Azərbaycandan
olanlar) eyni işə görə başqa millətlərə nisbətən az əmək haqqı alırdılar. Bu, çox
vaxt kapitalistlər tərəfindən fəhlələr arasında milli təfriqə salmaq məqsədilə
edilirdi. Qadın və uşaqların əmək haqqı xüsusilə aşağı idi. Onlar kişilərlə eyni
dərəcədə işləmələrinə baxmayaraq, 20-50 faiz az əmək haqqı alırdılar. İpəksarıma
fabriklərində uşaqlar üzücü əmək günü müqabilində 7-9 qəp. əldə edirdilər.
Fəhlələrin əmək haqqını hər vasitə ilə kəsməyə çalışan kapitalistlər cərimə
sistemini geniş tətbiq edirdilər. Rusiya fəhlələrinin 1886-cı ildə qazandıqları qanun
Azərbaycan müəssisələrinin bir hissəsində yalnız 1899-cu ildə həyata kcçirilməyə
başlandı [13]. Lakin bundan sonra da Azərbaycanın bir çox müəssisələrində ―cəza
cədvəlləri‖ işə gəlməməyə və yaxud gecikməyə, iş vaxtı danışmağa, lazımsız
olaraq bir yerdən başqa yerə getməyə, avaraçılıq və materialları korlamağa görə
fəhlələri cərimə etməyi nəzərdə tuturdu. Sonuncu hallarda kapitalistlər cərimə ilə
yanaşı, fəhlələri vurulmuş ziyanı ödəməyə də məcbur edirdilər [14]. Bir çox
müəssisə sahibləri çar qanunlarının hətta çox məhdud olan tələblərindən yan
keçərək, cərimə pullarını gizlədir və mənimsəyir, fəhlələrə haqq-hesab kitabçaları
verməkdən boyun qaçırırdılar [15].
Azərbaycan fəhlələrinin mənzil şəraiti də hədsiz dərəcədə ağır idi. Bakının
mədən-zavod rayonları ərazisində, balıq vətəgələrində, Gədəbəy misəritmə
zavodunda və bir çox başqa müəssisələrdə fəhlələrin mənzilləri kazarmalardan,
ailəli fəhlələrin bir hissəsinin kirayə etdiyi daxmalardan, bəzən isə sadəcə olaraq
yerüstü damlardan ibarət idi. Neftçi fəhlələrin mənzil şəraiti xüsusilə daha pis idi.
Onların çoxunun, yaşadığı kazarmaları xarakterizə edən M.Qorki yazırd: ―Buruqların
xaosu arasında tarixəqədərki insanların mənzillərinə çox oxşayan, yonulmamış
sarımtıl və boz daşlardan tələsik tikilmis alçaq fəhlə kazarmaları yerə yapışmışdı‖ [16].
Kazarmaların əksəriyyətində pəncərə yox idi.
Kiçik neftçıxarma şirkətləri və qazma üzrə podratçı fəhlələrin mənzil şəraiti
xüsusilə ağır idi. Hətta kazarmalardan istifadə etmək imkanından məhrum olan bu
fəhlələrin əksəriyyəti buruqlarda ocaqxanalarda məskən salmağa, özlərinə yer damı
qazmağa, yayda isə yerdə yatmağa məcbur idilər [17].
Dözülməz mənzil şəraiti fəhlələrin sağlamlığına ağır təsir göstərirdi.
Darısqallıq və natəmizliyin nəticəsi olan kütləvi xəstəliklər minlərlə fəhlənin həyatını
məhv edirdi. H.Zərdabinin yazdığı kimi, ―fəhlə mənzilləri... o dərəcədə yararsızdır ki,
onları ölüm mənbəyi adlandırmaq olar... Bu mənzillərdə hər min nəfərə ildə 100
ölüm hadisəsi düşür‖ [18].
Fəhlələrin əmək haqqının xeyli hissəsini mənzil xərcləri təşkil edirdi. Mənzil
kirayəsi Bakıda xüsusilə yüksək idi. O, ölkənin digər sənaye mərkəzlərində bu
sahədəki vəziyyəti xeyli ötüb keçirdi. 90-cı illərin ortalarında Bakı fəhlələri ən
rahatsız və acınacaqlı vəziyyətdə olan otağa belə öz orta əmək haqqının 20 faizini
verməyə məcbur idilər. Əmək haqqına əlavə verilən ―mənzil pulları‖nı fəhlələrin çox
az hissəsi alırdı. Fəhlələr əksər hallarda yemək hazırlamaq üçün istifadə etdikləri neft
və mazuta, mənzillərin qızdırılmasına və suya görə də haqq ödəməyə məcbur idilər.
Bir çox illər ərzində neft sənayeçiləri fəhlə qəsəbələrinin tikilməsi haqqında
məsələni müzakirə etməkdən belə imtina edirdilər. Yalnız 1897-ci ildə vəba
epidemiyası ilə əlaqədar onlar çar hökuməti qarşısında fəhlə qəsəbələrinin tikilməsi
üçün torpaq sahələri ayırmaq haqqında məsələ qaldırdılar. Lakin bu məsələ həll
edilmədi.
Cüzi əmək haqqı, ağır, mənzil şəraiti fəhlələrin məişətini dözülməz edirdi.
Onlardan bir çoxu, xüsusilə ailəlilər yarımcan həyata məhkum edilmişdilər. Çar
hökumət nümayəndələrinin etiraf etdiklərinə görə, neftayırma zavodlarının ailəli
fəhlələri ―çox çətinliklə dolanırdılar, qara fəhlələr isə bir çox zəruri şeylərdən özlərini
məhrumetməyə məcbur olurdular‖ [19] Fəhlələrin məruz qaldıqları amansız istismar
onların siyasi hüquqsuzluğu, çarizmin və sahibkarların zülmü, müəssisələrdə hökm
sürən polis rejimi ilə çulğalaşırdı, Azərbaycanda fəhlələrin siyasi hüquqsuzluğu,
çarizmin müstəmləkə siyasəti ilə daha da dərinləşirdi.
Hətta çar qanunlarının tələblərini pozan kapitalistlər tez-tez fəhlələri
vaxtından əvvəl işdən azad edir, müvəqqəti fəhlələri daimi işlə təmin etməkdən imtina
edirdilər. Cənubi Qafqaz dəmir yolunun müdiriyyəti fəhlələri işdən çıxarmağı
asanlaşdırmaq üçün işə daxil olarkən iki ərizə verməyi tələb edirdi. Onlardan birində
―əgər mən depoda artıq olaramsa, məni işdən xəbərdarlıqsız azad etmənizi xahiş
edirəm. Buna görə mənim tərəfimdən etiraz olmayacaq‖ sözləri, digərində isə ―cənab
rəis, xidməti davam etdirmək istəmədiyimdən məni azad etmənizi xahiş edirəm‖
sözləri yazılırdı [20].
Fəhlələrin ―dikbaşlığa‖, ―tabe olmamağa‖, ―təbliğata‖ və s. görə işdən
çıxarılması adi hal olmuşdu. Polis tərəfindən inqilabi fəaliyyətə görə günahlandırılan
fəhlələr amansız təqib edilir və dərhal işdən qovulurdular.
Fəhlələri itaətdə saxlamaq üçün sahibkarların bəziləri silahlı dəstələr
(qoçular və s.) yaradırdılar. Çar hakimiyyət orqanları əmək və kapital arasındakı bütün
münaqişələrdə sahibkarların tərəfini saxlayırdı. Fəhlələrin istismara qarşı və öz insani
hüquqları uğrundakı çıxışlarına qarşı mübarizədə çarizm polis təqiblərindən istiadə
edirdi. Xəfiyyələrin saxlanılmasına külli miqdarda vəsait xərclənirdi. 1899-cu ildə II
Nikolay sənaye rayonlarında polis nəzarətini gücləndirmək barədə sərəncam verdi.
Belə rayonlarda polis ştatları artırılırdı. ―Müəssisələrdə qayda-qanunu qorumaq‖,
―fəhlələri qiyamlardan çəkindirmək‖ və s. polisin vəzifələrinə daxil idi [21].
Hələ 90-cı illərin əvvəllərində çar hökuməti şəhərin mədən rayonlarında
fəhlələrə nəzarət etmək vəzifəsi həvalə edilmiş Sabunçu polismeysterliyini yaratdı.
Bu rayonda polisin saxlanılmasına sərf olunan xərcləri neft sənayeçiləri qurultayı
şurası öz üzərinə götürdü [22].
1899-cu ildə Bakı quberniyasında yaradılmış fabrik müfəttişliyi də əsasən
kapitalistlərin tərəfində çıxış edirdi. Əmək qanunlarınm ayrı-ayrı bəndlərinin
pozulmasına görə sahibkarlara yalnız təsadüfi iradlar göstərməklə kifayətlənən
müfəttişlik fəhlələrin fəallığını məhdudlaşdırmağa, onların çıxışlarına yol
verməməyə, münaqişələrin sülh yolu ilə həll olunmasına çalışırdı.
Çar hökuməti orqanları, fabrik müfəttişliyi və mədən nəzarəti azərbaycanlı
fəhlələrlə xüsusilə qəddar rəftar edirdilər. Onlann şikayət və xahişləri adətən rədd
olunurdu. Ucqarlarda milli kadrlara belə münasibət mütləqiyyətin müstəmləkə
siyasətinin nəticəsi idi
Fəhlələr şəhər özünüidarə orqanlarına seçkilərdə iştirak etmək hüququndan
məhrum idilər. Azərbaycanın Bakı və digər dumalarına seçilənlərin arasında fəhlələr
yox idi.
Rusiyanın hər yerində olduğu kimi, Azərbaycanda da çar hökuməti fəhlə
təşkilatlarını və çıxışlarını amansız şəkildə təqib edirdi. Mövcud mürtəce qanunçuluqla
kifayətlənməyən çar hökuməti Bakı fəhlələrinə qarşı polis və jandarmların terror aktı
ilə fərqlənən əlahiddə tədbirlərdən geniş istifadə edirdi. Bir çox qabaqcıl fəhlələr
―qayda-qanunu qorumaq‖ adı ilə, daha doğrusu, adi hüquq normaları gözlənilmədən
həbs edilirdi.
§ 2. FƏHLƏ HƏRƏKATININ ĠLK ADDIMLARI
Ağır həyat və əmək şəraiti, siyasi hüquqsuzluq fəhlələri ədalətsizliyə,
dözülməz istismara qarşı mübarizəyə qaldırırdı.
Şimali Azərbaycanda fəhlələrin ilk çıxışı 1872-ci ilin mayında Gədəbəydə
Simens şirkətinin mədənlərində və misəritmə zavodunda baş vermişdi [23]. Tətil edən
fəhlələr əmək haqqının artırılmasını, mənzil şəraitinin yaxşılaşdırılmasının və s. tələb
edirdilər. Lakin onlar öz tələblərinin yerinə yetirilməsinə nail ola bilmədilər [24].
1878-ci ildə Nuxa ipəksarıma fabriki fəhlələrinin tətilləri də ilkin çıxışlara
aiddir [25].
Bakı neflt sənayesində ilk tətilçilər Abşeronda neft kəməri çəkilənədək hasil
edilmiş nefti mədənlərdən neftayırma zavodlarına və anbarlara daşıyan arabaçı fəhlələr
olmuşlar. 1878-1879-cu illərdə neft sənayesində 3 minə yaxın arabaçı işləyirdi [26]. 80-ci
illərdə və 90-cı illərin əvvəllərində arabaçılar kapitalistlər tərəfindən əməkhaqlarını
azaltmaq cəhdlərinə qarşı bir neçə dəfə kortəbii tətil etmişdilər.
Bakıda digər sənaye müəssisələri və dəmiryolu tikintisində çalışanların ayrı-
ayrı tətilləri və kortəbii çıxışları baş verirdi. Məsələn, 1880-ci il ərzində tütün fabriki
fəhlələri dəfələrlə işi dayandırmışdılar. 1881 -ci il fevralın sonlarında Cənubi Qafqaz
dəmir yolu tikintisinin 8-ci sahəsində (―Qurd qapıları‖ yaxınlığında) işləyən fəhlələr
arasında həyəcanlar baş verdi [27]. Elə həmin ilin yazında Bakının bütün tütün
fabriklərini əhatə edən daha bir tətil olmuşdu. Fəhlələr günəmuzd əmək haqqının
artırılması və axtarışların dayandırılması tələblərini irəli sürmüşdülər. Tətil bir neçə
həftə davam etdi. Lakin fabrik sahibləri kütləvi surətdə işdən qovulmaq qorxusu ilə
fəhlələrin əzmini qıra bildilər [28].
1881-ci ilin aprelində Bakıda geniş həyəcanlar baş verdi. Bu, həyəcanlarda
neft daşımağın mütərəqqi üsullarının tətbiqi ilə öz əmək haqlarının xeyli hissəsini
itirən çəlləkçi fəhlələr xüsusilə fəal iştirak edirdilər. Həyəcanlar aprelin 14-də 75-ə
qədər fəhləni həbs edən polisin cəza tədbirlərinə cavab olaraq başlandı. Qəzəblənmiş
fəhlələr yoldaşlarını xilas və müdafiə etmək üçün ayağa qalxdılar. Onlar polis idarəsini
mühasirəyə alıb həbs olunanların azad edilməsini tələb etdilər. ―Nedelya‖ qəzeti bu
münasibətlə yazırdı: ―Bir andaca pəncərə və qapılar yerindən çıxarıldı. Xalq isə elə
hey axışırdı. Şəhəri gurultu, inilti bürümüşdü‖ [29]. Yalnız axşama yaxın kazaklar və
soldatlar tüfəng və şallaqların köməyi ilə fəhlələri dağıda bildilər.
Həyəcanlar səhərisi gün də davam etdi. Fəhlələrin polis və soldatlarla
toqquşması baş verdi. Bu çıxışların kortəbii və qeyri-mütəşəkkil olmasına baxmayaraq,
onun iştirakçılarının inadkarlığı və qətiyyəti hakim dairələrdə çaşqınlıq yaratdı. Yalnız
aprelin 18-də şəhərə ordu hissələri yeridilməklə iğtişaşlara son qoyuldu. 1882-ci il
sentyabrın 16-da ―Nobel qardaşları‖ şirkətinin Qara şəhərdəki neftayırma zavodunda
fəhlələrin tətili baş verdi. Şirkətin idarə binasına tərəf hərəkət edən fəhlələr ayyarım
ərzində müdiriyyət tərəfindən gecikdirilən əməkhaqqının təcili olaraq verilməsini
tələb etdilər. Tələb yerinə yetirildi və fəhlələr işə başladılar.
1883-cü ilin fevralında Bakıda Cənubi Qafqaz dəmir yolunun Bakı sahəsinin
tikintisindən, həmçinin mədən və zavodlardan qovularaq ağır vəziyyətə düşmüş
fəhlələrin kortəbii həyəcanları başlandı. ―Polisi vur‖ sədaları altında dəyənəklərlə
silahlanmış nəhəng fəhlə kütləsi, başda polismeyster və pristav olmaqla, polislərin və
kazakların üzərinə hücum etdi. Fəhlələrə qarşı qoşun yeridildi, həyəcanın 70 fəal
iştirakçısı həbs edildi [30].
1883-cü ilin yaz və payızında Bakının ayrı-ayrı müəssisələrində tətillər baş
verdi.
Nuxanın ipəksarıma fabriklərinin fəhlələri amansız istismara qarşı mübarizə
üçün öz qüvvələrini birləşdirməyə cəhd göstərirdi. 80-ci illərin sonu - 90-cı illərin
əvvəllərində Nuxa ipəksarıyanları öz mənafelərini qorumaq üçün həmkarlar təşkilatına
bənzər bir təşkilat yaratmağa səy göstərirdilər [31].
1891-ci ilin başlanğıcında Bakıda yeni kütləvi həyəcanlar baş verdi. Bu
həyəcanlarda böhranla əlaqədar neft mədənlərində və zavodlarda ixtisara düşmüş fəhlələr,
naviqasiyanın bağlanması ilə işdən azad edilmiş gəmi təmirçiləri, həmçinin aclıq
bürümüş Volqaboyu quberniyalarından Bakıya gələn fəhlələrin böyük bir hissəsi iştirak
edirdi. İşsizlərin beşminlik kütləsi öz qəzəbini onlan işsizliyə və ac-yalavac yaşamağa
məhkum etmiş mövcud qaydaların təcəssümü hesab etdikləri polisin üzərinə yönəltdi
[32]. Hiddətlənmiş kütlə polis idarəsini mühasirəyə alaraq polisləri və binanı daş-qalaq
etdi. Qoşunun müdaxiləsinə baxmayaraq, fəhlələr dağılışmadılar. Günün sonuna yaxın
onlar birja meydanında toplaşdılar. Polis və qoşun dəstələri kütləni ancaq axşam dağıda
bildi. Həyəcanların başçıları hesab olunan 60-a qədər fəhlə həbsə alındı. Fəhlələr və
polis nəfərləri arasında yaralananlar var idi [33].
Lakin fəhlələrin qəzəb və narazılığı tezliklə yenidən üzə çıxdı. Dekabrın 24 və
26-da Keşlədə fəhlələr polis idarəsini mühasirəyə alaraq onu daşa basdılar və polisləri
döydülər. Fəhlələri ancaq kazakların köməyilə dağıtmaq mümkün oldu.
80-ci illərdə və 90-cı illərin əvvəllərində baş verən çıxışlar kortəbii və qeyri-
mütəşəkkil idi, fəhlələr hələ öz sinfi mənafeyini dərk etmirdilər. Bununla belə, həmin
çıxışlar fəhlələr üçün böyük ibrət məktəbi oldu.
Sonrakı illərdə fəhlələrin tətil mübarizəsi artmaqda davam edirdi. Belə ki,
1892-1894-cü illərdə neft mədənlərində, emal sənayesində, ticarət donanmasında bir sıra
tətillər qeydə alınmışdı. Onların içərisində diqqəti daha çox cəlb edən Mirzəbekyants
qardaşlarının tütün fabriki fəhlələrinin 1892-ci ilin yazında başlanmış tətili idi. Tətilçilər
məvacibin verilməsini və bir qədər əvvəl işdən azad edilmiş fəhlələrin öz yerlərinə
qaytarılmasım tələb edirdilər. Sahibkarlar tətili yatırmaq üçün polisin köməyinə əl atdılar.
Bir neçə fəhlə həbs edildi. Bununla belə 13 gün davam edən tətil fəhlələrin qələbəsi ilə
qurtardı [34].
Bu fabrikdə daha bir tətil 1895-ci ilin avqustunda baş verdi. İş yerini əvvəlcə
vəziyyətləri daha ağır olan yeniyetmə müştükçülər tərk etdilər. Tezliklə digər sexlərin
fəhlələri də onlara qoşuldular. Müdriyyətin nə dilə tutması, nə də hədə-qorxusu fəhlələrə
təsir etmədi. Sahibkarların tətilçiləri ştreykbrexerlərin köməyi ilə cilovlamaq cəhdi də
müvəffəqiyət qazanmadı. Sahibkarlar ancaq 6 gündən sonra – avqustun 17-də tətili
dayandıra bildilər.
Beləliklə, neftçilər, filizçıxaranlar, misəridənlər, ipəksarıyanlar, tütünçülər,
dənizçilər, iqtisadiyyatın digər sahələrinin fəhlələri bir-birinin ardınca fəhlə hərəkatına
qoşulurdular. İlk tətillərin kortəbiiliyinə və qeyri-mütəşəkkiliyinə baxmayaraq, onlar
Azərbaycan fəhlələrinin sinfi mənlik şüurunun oyanmasında az rol oynamadı. Tətillərdə
adətən müxtəlif millətlərin nümayəndələri – azərbaycanlılar, ruslar, gürcülər, ermənilər
dağıstanlılar, Volqaboyu tatarları və başqaları iştirak edirdilər.
IX FƏSIL
MƏDƏNĠYYƏT
Dostları ilə paylaş: |