§ 4. KƏNDLĠLƏRĠN ÇARĠZMƏ VƏ MÜLKƏDAR
BƏYLƏRƏ QARġI MÜBARĠZƏSĠ
1870-ci il ―Əsasnamə‖sinin tətbiq edildiyi vaxtdan Azərbaycan
kəndlilərinin mübarizəsi getdikcə kəskinləşdi. Hərçənd ki, Cənubi Qafqazın ali çar
hakimiyyəti orqanlarının nümayəndələri bunu açıq etiraf etmək istəmirdilər.
İmperiyanın digər yerlərində olduğu kimi Şimali Azərbaycanda da kəndlilər
islahatın ―eybəcər bürokratik‖ xarakterinə qarşı mübarizə aparırdılar. Məsələn,
islahat elan olunduqdan sonra Göyçay qəzasında münsif ―Əsasnamə‖nin ―kənd
sakinlərinin tabe olmalı olduqları‖ maddələrini izah edəndə, kəndlilər buna tabe
olmayacaqlarını bildirmişdilər.
70-90-cı illərdə Azərbaycan kəndlilərinin mülkədar, bəylər və mütləqiyyət
əsarətinə qarşı mübarizəsi qüvvətləndi. Vergilərin ödənilməsi və mükəlləfiyyətlərin
yerinə yetirilməsindən boyun qaçırılması, mülkədar torpaqlarının tutulması,
olanların malikanələrinin darmadağın edilməsi, bəy və qolçomaqların öldürülməsi
o dövrdə kəndlilərin sinfi mübarizəsinin əsas formaları idi. Bu mübarizənin əsasını
torpaq məsələsi təşkil edirdi.
70-90-cı illərdə Azərbaycan kəndlilərinin narazılığı bəzi yerlərdə bəylər
və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə silahlı toqquşmalara keçən açıq
çıxışlar formasını aldı.Yelizavetpol, Qazax, Naxçıvan və başqa qəzalarının bir çox
kəndlərində bu cür çıxışlar baş vermişdi.
70-ci illərin sonunda Qazax qəzası Quşçu kəndinin kəndliləri mülkədarın -
İsgəndərbəyovların zülmünə qarşı çıxış etdilər. Onların mübarizəsinə Mehbalı
Məmmədhəsən oğlu, Məşədi Usub Mürşüd oğlu, Kərbəlayı Kərimşah Qulu oğlu və
b. başçılıq edirdi. Bəylər köməyə göndərilmiş kazak dəstəsinin köməyi ilə silah
gücünə üsyanı boğdular, üsyanın rəhbərləri həbs olundu.
Kəndli mübarizəsinin ən kəskin forması qaçaq hərəkatı idi. Hakimiyyət
orqanlarının təqibindən gizlənən adamları xalq arasında qaçaq adlandırırdılar.
Əksər hallarda onlar torpaq sahibləri olan bəylərə, kənd varlılarına və yerli
hakimiyyət orqanlarına qarşı çıxış edirdilər.
Ağır ehtiyac, kəskin torpaq və su çatışmazlığı, kənd varlıları və kəndin
vəzifəli şəxslərinin özbaşınalığı Azərbaycan kəndində qaçaq hərəkatını doğuran
əsas səbəblər idi.
Qaçaq hərəkatı bir və ya bir neçə qəzanın ərazisi ilə məhdudlaşmamışdı.
Qaçaqlar Şimali Azərbaycanın ən müxtəlif rayonlarında əməliyyatlar aparırdılar.
Beləliklə, qaçaq hərəkatı ümumiyyətlə, bütün Şimali Azərbaycan üçün səciyyəvi
hal idi.
80-ci illərdə Qaçaqlardan Tanrıverdi Allahqulu oğlu və Əli Xıdır oğlu çox
məşhur idi. Onların dəstələri Qazax, Yelizavetpol, Şuşa, Cavad, Şamaxı və
Zəngəzur qəzalarında fəaliyyət göstərirdi [45].
80-ci illərdə və sonralar Gəncə rayonunda fəaliyyət göstərmiş Qaçaq Dəli
Əli böyük şöhrət qazanmışdı. Lakin qaçaq hərəkatının ən geniş yayıldığı rayon
Quba qəzası idi. 80-ci illərdə qəzada 17-dək qaçaq dəstəsi fəaliyyət göstərirdi. O
zamankı məşhur Quba qaçaqlarından Məşədi Məcidin, Şeyxzadə Bədəlin adlarını
çəkmək olar [46].
XIX yüzilliyin son rübündə qaçaqlardan Gəncə rayonunda Qənbər,
Qarabağda Süleyman və Murtuza, Zaqatala dairəsində Yusif, Nuxa qəzasında
Kərim Əfəndi oğlu, Qutqaşendə, xüsusən də Şimali Azərbaycanın qərb
rayonlarında Qaçaq Kərəm və b. məşhur idilər.
―Narodnaya volya‖ jurnalının 1885-ci il tarixli oktyabr sayında bəy və
məmurların qaçaqlar qarşısında dəhşətli qorxusu haqqında yazılmışdır: ―Məşhur
Kərəm bütün Cənubi Qafqazın qəniminə çevrilmişdir‖.
Qaçaq dəstələri bəylərin malikanələrinə hücumlar edir, onların əmlakını,
mal-qarasını və pullarını əllərindən alırdılar. Qaçaqlar ələ keçirdiklərinin xeyli
hissəsini yoxsul kəndlilərə paylayırdılar.
Qaçaq hərəkatının sosial xarakter daşımasını, kəndlilərin əsarət və
istismara qarşı fəal etirazının bu hərəkatda ifadəsini tapdığını sübut edən ən
inandırıcı dəlillərdən biri qaçaqların ümumxalq yardımına arxalanması idi. Çar
hakimiyyət orqanlarının özü belə bunu etiraf etməyə məcbur olurdu. Çoxsaylı
rəsmi sənədlərdə qaçaqların xalqın ən geniş yardımına arxalandıqları qeyd edilir.
Yelizavetpol qubernatoru Cənubi Qafqaz diyarı baş rəisinin adına 1885-ci
il 25 iyul tarixli hesabatında qaçaqlarla mübarizə üçün görülmüş tədbirlər
barəsində məlumat verərək, bədbin halda etiraf edirdi ki, ... ―nə qədər onlar, demək
olar ki, bütün müsəlman əhalisinin himayədarlığından istifadə edirlər, görülmüş
tədbirlərin tam müvəffəqiyyətinə ümid bəsləmək qeyri-mümkündür‖ [47].
Şimali Azərbaycanın bütün quberniyalarında qaçaqların gizlədilməsi
fövqəladə dərəcədə geniş yayılmışdı. Polis ―quldurların (qaçaqların - Red.) hansı
kəndlərdə gizləndiklərini bilir, əl-ayaqdan düşür, lakin gizlədilməyə əməli yardım
göstərən bütün əhli polisə qarşı olduğundan, onları tapa bilmir‖ [48].
Qeyd etmək lazımdır ki, çox vaxt qaçaq dəstələrində zülmkarlara qarşı təkcə
azərbaycanlılar deyil, başqa millətdən olanlar da çıxış edirdilər.
Mütləq qüvvə üstünlüyünün çar hakimiyyəti tərəfində olması və böyük
dəstələrin hakimiyyət orqanlarının təqibindən yaxa qurtarmasının çətinliyi üzündən
qaçaqlar partizan mübarizəsi taktikasını tətbiq edirdilər: onlar sayı 10 nəfərdən ibarət
olan xırda dəstələr halında fəaliyyət göstərirdi. Lakin bəzən onlar daha böyük dəstələr
şəklində də birləşirdilər. Qaçaqlar qəflətən basqınlar edir, gözlənilmədən meydana
atılır və o sürətlə də, aradan çıxırdılar. Qaçaqlar adətən at üstündə hərəkət edir, bəzən
gün ərzində böyük məsafələri qət edirdilər. Qaçaqlar üçün fövqəladə igidlik və hünər
səciyyəvi idi. Onlar hər addımda özlərini izləyən ölümün gözünə dik və cəsarətlə
baxırdılar.
XIX yüzillikdə qaçaq hərəkatı tarixinin ən şanlı səhifələri Azərbaycan
xalqının əfsanəvi qəhrəmanı Qaçaq Nəbi tərəfindən yazılmışdır. Belə hesab edirlər
ki, o, 1854-cü ildə Zəngəzur qəzasının Mollu kəndində anadan olmuşdur. Onun atası
yoxsul kəndli olan Əli özünün böyük ailəsini çətinliklə dolandırırdı. Nəbi hələ uşaq
ikən həmkəndlisinə - qolçomaq Kərbəlayı Cəfərə çobanlığa verilmiş, ağır istismar və
hədsiz özbaşınalığın bütün dəhşətlərini öz üzərində hiss etmişdi. O, artıq gənc
yaşlarından kəndin yoxsul adamlarının qanını zəli kimi soranların hamısına nifrət
edirdi. 1875-ci ildə o, aşağımolluların torpaqlarını ələ keçirmiş yerli torpaq sahibkarı
Məmməd bəyi ağır yaralamışdı, həmin vaxtdan Nəbi hökumətdən gizlənməli olmuş və
qaçağa çevrilmişdi. Nəbi 20 il ərzində əldə silah kəndlilərin mənafeyini qoruyaraq,
yerli istismarçıları və çar müstəmləkəçilərini dəhşətə salmışdı.
Naxçıvan qəzasının Zeyvə kəndində ən məhsuldar torpaqlardan kənd varlıları
və torpaq sahibkarlarının özləri istifadə edirdilər. Bu, kəndlilərin vəziyyətinə ağır təsir
göstərir, onlan ağır ehtiyaca möhtac edirdi. Kəskin aztorpaqlılıq üstündə varlı və
yoxsul kənd sakinləri arasında hər il toqquşmalar baş verirdi. Kəndlilər çarın
özünədək bütün idarələrə şikayətlə müraciət edirdilər. Kəndlilərin inadlı mübarizəsi
hakimiyyət orqanlarını Tiflisdən bu kəndə məmurlar göndərməyə məcbur etdi.
Kəndlilər bunu Nəbiyə çatdırdılar. Nəbi yolda məmurların qabağını kəsərək, onlara
divan tutacağı ilə hədələdi. Bu məsələnin taleyini həll etdi. Bərk qorxuya düşmüş
məmurlar mübahisəni şikayətçilərin xeyrinə həll etdilər.
Nəbinin dəstəsi harada olursa olsun, kəndlilər onların ağır vəziyyətlərində
nəinki at, ərzaq verir, həm də qaçaqların mübarizəsində bilavasitə iştirak etməklə
düşməni əzməkdə onlara kömək edirdilər.
Qaçaq Nəbinin arvadı, xalq arasında igidlikdə ad qazanan Həcər onun sadiq
silahdaşı idi.
İran və yerli feodallara qarşı mübarizədə Cənubi Azərbaycan kəndlilərinə
kömək üçün Nəbinin dəstəsi tez-tez Arazın o tayına keçirdi. Cənubi Azərbaycan
xanları Nəbiyə nifrət edərək, hər vasitə ilə onu məhv etməyə çalışırdılar.
Nəbi öz qəhrəman mübarizəsi ilə xalq qəhrəmanı və zəhmətkeş
mənafelərinin müdafiəçisi şöhrətini qazandı. Azərbaycan kəndliləri öz qəhrəmanları
ilə fəxr edirdilər. Onların çoxu çətin anlarda kömək üçün Nəbiyə müraciət edir, çar
məmurlarını onun adı ilə hədələyirdilər.
Kəndlilərin çıxışı təkcə yerli çar hakimiyyət orqanlarını deyil, həm də
imperiyanın ali məmurlarını narahat edirdi. İstismarçılara qarşı vuruşan Nəbi və digər
igidlərin geniş xalq kütlələri içərisində müdafiə edilməsi onlan xüsusən təşvişə
salırdı.
1894-cü il iyunun 20-də Gürcüvan kəndində Nəbinin qardaşı Mehdi
hökumət casuslarının qurbanı oldu. Bundan üç gün sonra Nəbi həmin kəndin
mülkədarı və tacirlərinə divan tutdu. Sonra o, Həcəri Çiçəkli kəndində qoyaraq,
Arazın o tayına keçdi. Hökumət casusları dərhal bunu Zəngəzur və Naxçıvan qəza
rəislərinə çatdırdılar. Onlar Çiçəkliyə hücum təşkil edib Həcəri tutdular və Gorus
qalasına saldılar. 1895-ci il oktyabrın 28-də Nəbi öz dəstəsi ilə Gorusu mühasirəyə
aldı və qala rəisi Səlim bəydən Həcərin buraxılmasını tələb etdi. Tələb yerinə yetirildi.
Çar hakimiyyəti orqanları Nəbini öldürən və ya onun öldürülməsində
fərqlənən adamlara çoxlu pul, qiymətli hədiyyələr, vəzifə və medalla
mükafatlandırmağı vəd etmişdi.
1895-ci ilin sentyabrında Naxçıvan qəza rəisi Urmiya şəhərində yaşayan,
orada ticarətlə məşğul olan Ordubad taciri hacı Fərəc oğluna Nəbinin İranda
öldürülməsini təşkil etməyi tapşırdı. Nəbinin qətli üçün tacirə qızıl medal və 1000
man. xərclik vəd edildi o qaçaqlardan Şahhüseyn və Kərbəlayı İmamı satın almağa nail
oldu. Onlar bir həftə ərzində Nəbini öldürməyə boyun oldular. 1896-cı il martın 12-də
onlar İranın Larni kəndində Nəbiyə hücum edərək onu öldürdülər [49]. Nəbinin
dəstəsi hamı tərəfindən tanınmış başçının ölümündən sonra dağıldı. Nəbinin ölümü
kəndlilərin qəzəbinə səbəb oldu. Onlar sevimli xalq qəhrəmanının xatirəsini həmişəlik
əziz tutaraq, haqqında ürəkdən gələn nəğmələr qoşdular. Sonralar bu nəğmələr
"Qaçaq Nəbi" xalq dastanının əsasını təşkil etdi.
Qaçaq hərəkatı müstəmləkəçiləri ciddi surətdə narahat edir, onu yatırmaq
üçün çarizm ən amansız tədbirləri görürdü [50]. Hakimiyyət orqanları zemstvo
mühafizə dəstələrini, ovçu komandalarını və hərbi hissələri qaçaqlara qarşı göndərirdi.
Hökumət orqanlarının əlinə düşən qaçaqlar hərbi səhra məhkəmələrində mühakimə
edilir, qaçaqlara yardım göndərənlərə qarşı amansız tədbirlər görülürdü. Cəza
tədbirləri həm ayrı-ayrı şəxslərə, həm də bütöv kənd cəmiyyətlərinə qarşı tətbiq
edilirdi. Sonunculara qarşı tətbiq edilən cəza tədbirlərinin məqsədi sərt iqtisadi təzyiq
yolu ilə kəndliləri qaçaqlara yardımı dayandırmağa məcbur etməkdən ibarət idi. Bu
tədbirlərdən ən ağırı ekzekusiya (bədən cəzası) idi: qaçaqlarla əlaqədar olan kəndlərdə
hərbi, adətən kazak komandası yerləşdirilir və bu komandanı sakinlər öz hesablarına
saxlamalı idilər. Məsələn, 1896-cı ildə Göyçay qəzasının Qarabucaq kəndi ekzekusiyaya
məruz qaldı, 25 nəfər kazak da bir aylığa burada yerləşdirildi [51].
Ekzekusiyalar hərbi komandalar tərəfindən kəndlilər üzərində kobud
özbaşınalıq, ələsalınma və birbaşa zorakarlıqla müşayiət olunurdu. Çar hökuməti
qacaqlara yardım göstərmiş kəndlərin bütünlüklə sürgün edilməsi kimi amansız cəza
tədbirlərini tətbiq etməkdən çəkinmirdi. Hökumət orqanları sürgün edilmiş
kəndlilərin yerində rus köçkünlərini yerləşdirir, onlardan özünün müstəmləkə
siyasətini həyata keçirmək aləti kimi, qismən də qaçaqlara qarşı mübarizədə istifadə
etməyə can atırdı. Yalnız altı il (1889-1894) ərzində Quba qəzasında beş kəndin
sakinləri bütünlüklə sürgün edilmiş, onların yerində köçkün rus kəndləri
yaradılmışdı,
Kəndlilərin sosial və müstəmləkə zülmünə qarşı etirazının digər, müxtəlif
hakimiyyət orqanlarına, vəzifəli şəxslərə sözün əsl mənasında, ərizə yağışı
yağdırırdılar.
Kəndli etirazının bu, ən az fəal formasının geniş yayılması Şimali
Azərbaycan kəndlilərinin əsrlər boyu despotik rejimdə (əvvəl xan, sonra isə
mütləqiyyət rejimi) yaşaması ilə şərtlənirdi. Ağır əsarət isə ―nəsildən-nəslə‖ keçən
itaət vərdişi doğururdu. Hakimiyyət orqanları ilə açıq toqquşmadan çəkinən kəndlilər
şikayətlərə geniş şəkildə əl atırdılar. Qanun şikayətləri qadağan etmirdi. Hakimiyyət
orqanlarından himayədarlıq axtaran kəndlilərin əsassız ümidləri şikayətlərin, bəzən
məqsədlərinə çatması da, bu etiraz formasının geniş yayılmasına təkan verirdi.
Kəndli şikayətlərinin ən çox hissəsi kəndlilərin torpaq sahibliyi və torpaqdan
istifadə məsələləri ilə əlaqədar idi. Kəndlilər torpaq təminatlarının yaxşılaşdırılması
tələbi ilə müxtəlif idarə və vəzifəli şəxsləri sanki aramsız ―atəşə‖ tuturdular. Lakin kiçik
istisnalar edilməklə, aztorpaqlılıq barəsindəki kəndli şikayətləri nəticəsiz qalırdı.
Xəzinə torpaqlarının kütləvi şəkildə bəylər tərəfindən tutulması ilə əlaqədar
olaraq dövlət kəndlilərindən çoxlu şikayətlər gəlirdi [52]. Əksər hallarda pay
torpaqlarının zorla tutulması barəsindəki kəndli şikayətləri müsbət nəticə vermirdi
[53]. Kəndli şikayətlərinin ancaq kiçik bir hissəsi onların xeyrinə həll edilirdi.
Kənddə kapitalist münasibətlərinin inkişafı və kəndlilərin təbəqələşməsi ilə
əlaqədar zəhmətkeş kəndlilərin istismarçı qolçomaqlara qarşı mübarizəsi meydana
çıxdı və genişlənməyə başladı. Kəndlilər öz pay torpaqlarının qolçomaqlar tərəfindən
tutulması cəhdlərinə qarşı fəal mübarizə aparırdılar. Onlar varlıların vaxtaşırı torpaq
bölgülərini ləğv etmək yolu ilə əvvəllər ələ keçirilmiş pay torpaqlarını əldə saxlamaq
cəhdlərinə inadlı müqavimət göstərirdilər. Kəndlilər kəndin varlı təbəqəsinin
zorakılığına qarşı mübarizə apararaq, pay torpaqlarının vaxtaşırı olaraq yenidən
bölüşdürülməsini tələb edirdilər.
1895-ci ildə Bakı qəzası Saray kəndinin 34 torpaqsız kəndlisi Cənubi
Qafqaz diyarının baş rəisinə şikayətlə müraciət edib tələb edirdilər ki, ya onlar
mükəlləfiyyətləri daşımaqdan azad edilsinlər, ya da pay torpaqları bərabər bölünsün.
Kəndli həyatının ən vacib məsələlərindən biri vergi əsarətini
yüngülləşdirmək uğrunda mübarizə idi. Kəndlilər öz şikayətlərində həddən artıq ağır
vergi və mükəlləfiyyətləri azaltmağı, onları özlərinin iqtisadi imkanları ilə
uyğunlaşdırmağı, ödənilməmiş vergiləri bağışlamağı və s. inadla tələb edirdilər. Bir
qayda olaraq, çar hakimiyyət orqanları bu məsələlərdə kəndlilərin ağır vəziyyəti ilə
hesablaşmır və ancaq xəzinənin mənafeyi qayğısına qalırdı. Kəndli şikayətlərinin
əksəriyyətinin taleyi göstərir ki, ancaq çox nadir hallarda çar hakimiyyət orqanları vergi
yükünü azaltmağa, ödənilməmiş vergiləri ləğv etməyə razılıq verirdilər.
Buna görə də bəzi kəndlilər bütöv kənd cəmiyyətləri halında vergiləri
ödəməkdən boyun qaçırırdılar. Bəzən də məsələ kəndlilərin nifrət etdikləri vergi
yığanlara qarşı zorakılığa qədər gedib çıxırdı. Hətta kəndlilərin mükəlləfiyyətləri
yerinə yetirmək iqtidarında olmayan borclular sırasına düşdükləri hallarda belə, çar
hakimiyyət orqanları onların vergi yükünü yüngülləşdirməkdən boyun qaçırırdı [54].
Buna görə də kəndlilər tez-tez mükəlləfiyyətləri yerinə yetirməkdən boyun
qaçırırdılar.
Kəndli ərizələrinin böyük hissəsini yerli hakimiyyət orqanlarında çalışan
vəzifəli şəxslərin özbaşınalığı və sui-istifadələrinə (bunlar çarizmin Rusiya
imperiyasında yaratdığı zorakılıq rejiminin qanunauyğun nəticələri idi) qarşı
şikayətlər təşkil edirdi.
Kəndli hərəkatı formalarından biri meşələrin qırılması idi. Məlum olduğu kimi,
kəndlilərin meşə ilə təmin olunma səviyyəsi onların maddi təminatı vəziyyətini
müəyyənləşdirən mühüm amillərdən biri idi.
XIX yüzilliyin 50-ci illərinədək Şimali Azərbaycanın dövlət kəndliləri
meşələrdən sərbəst və təmənnasız istifadə edirdilər. Sonralar hakimiyyət orqanları
kəndlilərin meşədən istifadə hüquqlarına qarşı hücuma başladı. Bunun da nəticəsində
80-ci ilin ortalarında, yüksək vəzifəli bir çar məmurunun etiraf etdiyi kimi, ―meşələrdən
sərbəst istifadə etməkdən əhaliyə ancaq xoş xatirələr qalmışdı‖ [55].
Meşələrin qırılması üstündə 1899-cu ildə Nuxa qəzasının Sabatlı kəndində
ciddi həyəcanlar baş verdi. Qətiyyən meşələri olmayan sabatlılar ağac materiallarını ya
satın alır, ya da onu gizlicə Zaqatala dairəsinin qonşuluğunda yerləşən xəzinə
meşələrindən qırırdılar. 1899-cu il mayın 15-də berdankalarla silahlanmış bir qrup
sabatlı arabalarda meşəyə gəlib ağac kəsməyə başladı. Meşə gözətçilərı onları görüb
yaxınlaşmağa başlayanda, kəndlilər meşəni qırmaqda davam edə-edə atəş açdılar.
Gözətçilərin özbaşına meşə qırılması barəsində göndərdikləri xəbərdən sonra atlı-
silahlı dəstələr və zemstvo mühafizəçiləri tezliklə bu meşəyə gəldilər. Sabatlılar onları
da tüfəng atəşi ilə qarşıladılar.
Mayın 20-nə keçən gecə qəza rəisi başda olmaqla 500 nəfərə qədər silahlı
kazak və zemstvo mühafizəçisi Sabatlıya gəldi. Kəndlilərə divan tutulması başladı. 125
kəndli zorla bir yerə toplanıldı və meşədə olmuş süvarilər baş verən həyəcanın
təşəbbüskarlarını tanıdılar. 18 nəfər həbs edildi və Zaqatala həbsxanasına atıldı.
Kənddə zülmə qarşı mübarizə formalarından biri mülkədar və qolçomaq
evlərinin və mülklərinin yandırılması idi. Bu yanğınlar qolçomaq istismarı, zorakılığı və
özbaşınalığı müqabilində kəndli intiqamının bir növ ifadəsi idi.
Bəy və vəzifəli şəxslərin, xüsusən də kətxudaların mülklərinin dövlət və
xüsusən də sahibkar kəndliləri tərəfindən yandırılması hallarına da təsadüf olunurdu.
Belə hadisələr Cavanşir qəzasının Marağal, Lənkəran qəzasının Qızılağac kəndlərində
və b. yerlərdə baş vermişdi. Mülkədar malikanələrinin yandırılması halları Göyçay
qəzasında geniş miqyas almışdı. Qəsdən yandırılma halları ən çox məhz torpaq
məsələsinin xüsusən kəskin xarakter aldığı yerlərdə, o cümlədən Nuxa, Yelizavetpol,
Şuşa, Cavanşir qəzalarında baş verirdi.
O dövr Azərbaycan kəndində bəy torpaqlarının kəndlilər tərəfindən tutulması
hallarına rast gəlinirdi. Məsələn, 1888-ci ildə Yelizavetpol qəzasındakı Qarabulaq
kəndinin sakinləri Şabanəli Şəfibəyovun torpaqlarını tutmuşdular [56]. Lakin bəy
torpaqlarının tutulması kütləvi xarakter daşımır, ən çoxu təsadüfı hadisələr kimi baş
verirdi.
Kəndlilərin göstərdikləri cəsarət və igidliyə baxmayaraq, onların kortəbii,
qeyri-mütəşəkkil xarakter daşıyan çıxışları məğlubiyyətə uğrayırdı. Kəndli hərəkatının
təbiəti elə idi ki, çıxışlar əksər hallarda məhdud xarakter daşıyır, kəndlilər öz
mübarizələrinin əsas məqsəd və vəzifələrini başa düşmürdülər.
VII FƏSĠL
ƏHALĠNĠN TƏRKĠBĠNDƏ
SOSĠAL DƏYĠġĠKLĠKLƏR
§ 1. ġĠMALĠ AZƏRBAYCANDA
BURJUAZĠYANIN TƏġƏKKÜLÜ
XIX yüzilliyin II yarısında Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında
baş verən dəyişikliklər burada burjua cəmiyyəti təbəqələrinin formalaşmasına
zəmin yaradırdı.
Şimali Azərbaycanı imperiyanın mərkəzi rayonlarının sənayesi üçün satış
bazarı və xammal mənbəyi kimi qiymətləndirən çarizmin müstəmləkə siyasətinə,
ilkin kapital yığımı mənbələrinin məhdudluğuna, XIX əsrin II yarısında
Azərbaycan kəndində feodal qalıqlarının qalmasına baxmayaraq, diyarda
burjuaziyanın təşəkkülü prosesi gedirdi. Özlərinin bütün məhdudluğuna
baxmayaraq, XIX yüzilliyin 70-ci illərində keçirilmiş burjua islahatları bu prosesə
müsbət təsir göstərirdi. Şimali Azərbaycanda sənaye və ticarət burjuaziyasının
formalaşması prosesi, həmçinin əsrin sonunda kredit bank sisteminin meydana
çıxması və inkişaf edərək iqtisadi həyatda birinci dərəcəli əhəmiyyət kəsb etməsi
ilə daha da sürətləndi.
Yüzilliyin son rübündə Şimali Azərbaycan sənayesinə əvvəlcə həm rus,
80-ci illərdən isə həm də xarici kapital axınının güclənməsi müəyyən dərəcədə
Azərbaycan burjuaziyasının çoxmillətliyini şərtləndirirdi. Onun tərkibinə milli
burjuaziya ilə yanaşı, erməni və rus burjuaziyasının nümayəndələri, digər
millətlərdən olan kapitalistlər daxil idilər.
Şimali Azərbaycanda neft sənayeçiləri, işbazları, fabrik sahibləri və
zavodçulardan, gəmi sahibləri və gəlirli ev sahiblərindən, habelə varlı tacirlərdən
ibarət olan iri burjuaziyanın tərkibi ilbəil genişlənirdi. Orta burjuaziya-orta həcmli
sənaye, ticarət, nəqliyyat və s. müəssisələrin sahibkarları iqtisadi və siyasi baxımdan iri
burjuaziyaya qoşulurdular.
Rusiyanın digər bölgələrinin burjuaziyası kimi, Şimali Azərbaycan
burjuaziyası da siyasi mənafelərin ümumiliyi baxımından vahidlik təşkil edirdi. Bu
məsələdə də o, Bakı, Gədəbəy və başqa yerlərdə kapitalist müəssisələrinə sahib olan
rus və xarici sənayeçilər və bankirlərlə qovuşurdu.
Şimali Azərbaycanın xırda burjuaziyası çoxsaylı idi. Onun tərkibində xırda
sənətkar - kustar müəssisələrinin sahibləri, kiçik tacirlər və binəkdarlar, xidmət
sahəsindəki xırda müəssisələrin sahibkarları və b. daxil idi. Öz sosial təbiətinə görə,
ümumiyyətlə, xırda burjua olan kəndlilərə gəldikdə isə, islahatdan sonrakı bütün Rusiyada
olduğu kimi, burada da onlar parçalanır, bir qütbə varlı kəndlilər, qolçomaqlar, digərinə isə
muzdla işləyən kəndlilər, yoxsullar cəmləşirdi.
Sənaye istehsalının müxtəlif sahələri və müxtəlif inkişaf mərhələlərində
burjuaziyanın milli qruplarının nisbəti eyni deyildi. Daim dəyişən bu nisbət müstəmləkə
iqtisadiyyatının inkişafına xas olan meylləri əks etdirirdi. Bu da burjuaziyanın əsas
formalaşma mərkəzinə çevrilmiş neft Bakısında daha açıq şəkildə özünü göstərirdi.
Bütövlükdə isə Şimali Azərbaycan sənayesinin aparıcı sahəsində-neft
sənayesində Azərbaycan milli burjuaziyasının iqtisadi mövqeləri güclü deyildi. Hələ
1872-ci ildə, iltizam sisteminin ləğv edildiyi ilk vaxtlarda, neftli sahələrin 13 sahibkarı
içərisində Azərbaycan kapitalı ancaq 2 kapitalistlə təmsil olunmuşdu [1].
70-ci illərin sonu - 80-ci illərin əvvəllərində Azərbaycan kapitalı neftayırma
sahəsində xeyli geniş şəkildə təmsil olunmuşdu. 1883-cü ildə Bakının 100 ağ neft
zavodçusundan 40 nəfərdən çoxu azərbaycanlılar (H.Z.Tağıyev, N.Mehdiyev,
A.M.Nuriyev, Q.S.Sadıqov, M.S. Səlimxanov və b.) idi [2].
90-cı illərin əvvəllərinə yaxın neft sənayesindəki milli kapital qruplarının
nisbətində mühüm dəyişikliklər baş verdi. İstehsal və mübadilə üsullarının kapitalizm
dövründə təzahür edən beynəlmiləlləşmə meyli digər aparıcı sənaye sahələrində
olduğu kimi, neft sənayesində də müxtəlif milli kapital qruplarının qovuşmasına gətirib
çıxarırdı.
Neft hasilatı və emalının, neft məhsulları daşınması və ticarətinin xeyli
hissəsini əsası Rusiyada külli miqdarda kapital qazanmış İsveç mənşəli kapitalistlər
tərəfindən 1879-cu ildə qoyulmuş, ölkədə ilk inhisara çevrilmiş ―Nobel
qardaşları‖nın neft istehsalı şirkəti öz əlində cəmləşdirmişdi. 1891-ci ildə ―Nobel
qardaşları‖ şirkətinə məxsus olan mədənlərdə Bakıda çıxarılan bütün neftin 13,2
faizi hasil edilirdi.
Neftayırma sənayesində o zamankı əsas məhsulun - ağ neftin
istehsalındakı xüsusi çəki baxımından 22,8 faizi Azərbaycan kapitalının payına
düşürdü. ―Nobel qardaşları‖ şirkəti də daxil olmaqla ağ neftin 34,5 faizi rus
kapitalistlərinin müəssisələri tərəfindən istehsal olunmuşdu.
Azərbaycan kapitalı başlıca olaraq bir neçə on min puddan 10 mln
pudadək neft istehsal edən orta və xırda müəssisələrlə təmsil olunmuşdu [3].
Neft sənayeçiləri M.Nağıyev və Ş.Əsədullayevə mənsub olan neftçıxarma
firmalarının müəssisələrində 1 mln-dan 10 mln pudadək neft hasil olunurdu. 10
mln puddan çox neft çıxaran müəssisələr qrupunda isə Azərbaycan kapitalı,
ümumiyyətlə, təmsil olunmamışdı [4]. Neft müəssisələrinə malik digər
azərbaycanlı kapitalistlər arasında M.Manafov və b. da var idi. M.Muxtarov podrat
qazması üzrə iri firmanın sahibi idi.
Neft sənayesində rus kapitalını V.A.Kokorev, S.M.Şibayev, P.İ.Tubonin,
A.M.Benkendorf və b., erməni kapitalını isə A.İ.Mantaşev, Mirzəyev qardaşları
təmsil edirdilər.
XX yüzilliyin əvvəlinə yaxın neftayırma sənayesində də burjuaziyanın
milli qruplarının mövqeləri dəyişikliklərə uğradı. Bu sahədə rus kapitalının xüsusi
çəkisi bir qədər artdı. Eyni zamanda neftayırmada erməni və Azərbaycan kapitalına
məxsus firmaların xüsusi çəkisi xeyli azaldı [5]. Bu, hər şeydən əvvəl, 1901-1903-
cü illər iqtisadi böhranının, yerli müəssisələrin rəqabətə dözümsüzlüyünün, onların
kiçikliyinin və kifayət qədər mütəşəkkil olmamasının nəticəsi idi.
Neftayırma və onunla əlaqədar olan kimya istehsalı sahəsində Azərbaycan
kapitalı Ş.Əsədullayev, M.Nağıyev, İ.Hacınski, M.Ə.Səlimxanov və başqalarının
müəssisələri ilə təmsil olunmuşdu.
Neft hasilatı və emalı sahələrində istehsalın intensiv surətdə gedən
təmərküzləşməsi prosesi, neft inhisarlarının meydana çıxması, bu, ən mühüm
sənaye sahəsində onların hökmranlığının bərqərar olması əsrin sonuna yaxın neft
maqnatlarının iqtisadi və siyasi mövqelərinin güclənməsinə gətirib çıxardı. Onlar iri
sənaye kapitalının digər nümayəndələri ilə birlikdə burjuaziyanın yuxarı təbəqəsinə
çevrildilər.
Bakı rayonunda cəmlənmiş metal emalı müəssisələri sahiblərinin də tərkibi
çoxmillətli idi. Azərbaycan kapitalı sənaye istehsalının bu mühüm sahəsində kifayət
qədər geniş surətdə təmsil olunmuşdu. Əsrin sonunda M.Muxtarovun, demək olar ki, 950
fəhləsi, Cavanşirov qardaşlarının 300 fəhləsi olan zavodları, A.A.Dadaşovun 100 fəhləsi
olan tərsanə emalatxanaları və b. iri metal emalı müəssisələri sırasında idi [61].
Metal emalında rus kapitalı S.M.Şibayev, S.M.Rısev və F.A.Lyapinin
müəssisələri, ―Qafqaz və Merkuri‖ gəmiçilik cəmiyyətinin emalatxanaları, xarici kapital
isə Levenson, A.F.Berinq, K.F.Eyzenşmidt və b. müəssisələri ilə təmsil olunmuşdu.
―Nobel qardaşları‖ şirkətinə iri mexaniki emalatxanalar məxsus idi. Alman
kapitalına məxsus olan və elektrik enerjisi sahəsində aparıcı mövqe tutan
―Elektriçeskaya sila‖ cəmiyyətinin səhmlərinin xeyli hissəsi H.Z.Tağıyevin əlində
idi.
Azərbaycan kapitalı yüngül, yeyinti və bəzi digər sənaye sahələrində geniş
təmsil olunmuşdu. Məsələn, ipək sənayesinin inkişafı, başlıca olaraq, Azərbaycan milli
kapitalı ilə bağlı idi [7]. XX yüzilliyin əvvəllərində ipəkçilik sənayesinin ən mühüm
rayonunda - Nuxada müəssisələrin
2
/
3
hissəsi azərbaycanlı kapitalistlərə məxsus idi.
Burada 140 nəfərdən çox fəhləsi olan ən iri fabrikin sahibi Ağa Musa Məmmədov,
Mehdi Hacı Abdul oğlu, Hacı Süleyman Hüseyn oğlu, Əbdülkərim Hacı Kərim oğlu,
Salam Lətif oğlu və b. Nuxa və Nuxa qəzalarındakı ipəksarıma və ipəkburma
müəssisələrinin sahibkarları sırasında idilər.
XIX yüzilliyin sonunda Şimali Azərbaycanda inkişaf edən pambıqçılığın
əsasında yeni sənaye sahəsi - pambıqtəmizləmə müəssisələri meydana çıxdı. Bu
kapitalist müəssisələrinin xeyli hissəsi Azərbaycan kapitalistlərinə məxsus idi. 1900-
cü ildə tikilən və H.Z.Tağıyevə məxsus olan Bakı pambıq emalı fabriki Azərbaycanda
ilk pambıqtəmizləmə müəssisəsi idi [8].
Unüyütmə və çəltiktəmizləmə istehsalı əsasən rus və Azərbaycan kapitalının
əlində idi.
Tənbəki fabrikləri də yerli kapitalın nümayəndələrinə - azərbaycanlı
kapitalistlərdən M.Q.Dadaşov, Novruzov, Həsənov Abdullayev, A.Sultanov və b. rus
kapitalisti Pivovarova məxsus idi
1847-ci ildən 1881-ci ilədək olan dövrdə balıq sənayesində möhtəşəm
dərəcədə qazanc götürmüş 6 nəfər yerli sahibkar növbə ilə ağalıq etmişdi [9]. Bunların
içərisində sonralar Bakı rayonunda iri neft sənayeçilərinə çevrilmiş Mirzəyev və
Mantaşev seçilirdi [10]. XIX yüzilliyin sonuna yaxın bu sahəni idarə edən 10-12 ən iri
sahibkarın içərisində azərbaycanlılar cəmisi 4 nəfər (H.Z.Tağıyev, Sultanov, Əhməd
Mustafa oğlu, Ağa Mustafa oğlu) idi [11].
Azərbaycan kapitalı şərabçılıq və araqçəkmə sənayesində təmsil
olunmamışdı. Burada yerli alman kolonistləri (Forer qardaşları, Hummel) və erməni
kapitalistlərinin nümayəndələri ağalıq edirdilər.
Azərbaycan burjuaziyası Xəzər gəmi sahibləri içərisində mühüm yer tuturdu.
Azərbaycanlı kapitalistlər - Hüseynovlar, Dadaşovlar, M.S.Manafov, H.Z.Tağıyev,
Q.K.Aşurov, Rəsulovlar onların ən iriləri sırasında idilər. Ötən yüzilliyin sonunda
bütün Xəzər ticarət donanmasındakı gəmilərin 44,4 faizi və bütün donanmanın
yükgötürmə imkanlarının 42,1 faizi onlara məxsus idi [12].
Milli kapital Bakı, Şamaxı, Gəncə, Nuxa, Şuşa, Naxçıvan və b. şəhərlərdə
ticarət burjuaziyasının əllərində cəmləşmişdi.
1897-ci ildə iki quberniyanın 20 min tacirindən 12,9 min nəfəri Bakı və 7,1
min nəfəri Yelizavetpol quberniyasında idi [13]. 14,2 min nəfər şəhər tacirindən 7,3
min nəfəri təkcə Bakının payına düşürdü [14]. Bu, ticarət burjuaziyasının əsas
kütləsinin Bakıda cəmləşdiyini göstərir.
Azərbaycan kapitalının nümayəndələri, demək olar ki, bütün taxıl, baqqaliyyə
malları, yun, dəri məmulatları, meyvə və topdansatış ticarətini öz əllərində
cəmləşdirmişdilər. Neft və neft məhsulları, metal və metal məmulatları, meşə
materialları və s. ticarətində xarici və rus ticarət kapitallarının mövqeləri daha geniş
idi.
XIX yüzilliyin son rübündə Şimali Azərbaycanda ilk kredit bank
müəssisələri meydana çıxmağa başladı. 1874-cü ildə açılmış ilk kredit müəssisəsinin -
Bakı qarşılıqlı kredit cəmiyyətinin təsisçiləri Azərbaycan və erməni şəhər
burjuaziyasının orta kapitalist təbəqələri idi [15].
XIX yüzilliyin sonuna yaxın Bakıda artıq əsasən Rusiyanın səhmdar
kommersiya banklarının şöbələrindən ibarət olan 15 bank müəssisəsi və A.Ələsgərov.
Q.Arafelov, T.Haşımov, B.Söydiyev və H.Z.Tağıyevə məxsus olan 5 bank kontoru
vardı [16]. Gəncə, Şuşa, Nuxa, Gədəbəy və digər yerlərin sənayeçiləri, tacirləri və
kənd burjuaziyası dövlət bankının Tiflis şöbəsindən və Tiflis şəhərinin digər kredit
müəssisələrindən kredit götürürdülər [17].
Kredit bank müəssisələrinin mövcudluğu burjuaziyanın təbəqələşməsinə,
onun yuxarı təbəqəsinin zənginləşməsinə və qüvvətlənməsinə şərait yaradırdı.
Kapitalist münasibətlərinin kənddə inkişafı ilə əlaqədar kənd burjuaziyası da
formalaşırdı. Kənddə güclənməkdə olan sosial təbəqələşmə prosesi kəndlilərin
ümumi kütləsi içərisindən cüzi azlığın - xırda kənd burjuaziyasını təmsil edən və
iqtisadi cəhətdən qüvvətlənmiş kənd varlılarının və qolçomaqların ayrılmasına gətirib
çıxardı [18].
Ən yaxşı kəndli pay torpaqları, on və yüz minlərlə desyatin icarə olunmuş və
satın alınmış torpaq sahələri, ictimai sudan istifadə hüququ, böyük miqdarda iş
heyvanı və məhsuldar mal-qara, təkmilləşdirilmiş kənd təsərrüfatı alətləri kənd
varlılarının və qolçomaqların əllərində cəmləşdirilmişdi. Qolçomaq təsərrüfatlarının
müxtəlif istehsal proseslərində muzdlu əməkdən getdikcə geniş istifadə olunurdu.
Beləliklə, XIX yüzilliyin II yarısında Şimali Azərbaycanda burjua
cəmiyyətinin əsas ictimai-sosial qüvvəsi olan çoxmillətli burjuaziya formalaşırdı.
Dostları ilə paylaş: |