AZƏrbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu


§ 5. KƏND TƏSƏRRÜFATINDA KAPĠTALĠST



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix21.04.2017
ölçüsü4,04 Mb.
#15202
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
§ 5. KƏND TƏSƏRRÜFATINDA KAPĠTALĠST 

ĠSTEHSAL ÜSULUNUN MEYDANA GƏLMƏSĠ 

 

70-ci  illərdə  və  80-ci  illərin  əvvəllərində  Şimali  Azərbaycanda  taxılçılıq 



daha da inkişaf etdi. Təkcə Bakı və Yelizavetpol quberniyalarında, habelə Zaqatala 

dairəsi  və  Naxçıvanda  1870-1874-cü  illərdə  orta  hesabla  ildə  30  mln  pud,  1896-

1899-cu illərdə isə artıq 70 mln puddan çox (70-ci illərin məhsulu ilə müqayisədə 

iki dəfə çox) dənli bitki məhsulu yığılmışdı. 1896-cı il Şimali Azərbaycanda dənli 

bitkilər  məhsulu  üzrə  rekord  ili  idi.  Həmin  ildə  71543784  pud  taxıl  yığılmışdı. 

1900-cü  ildə  isə  bu  göstərici,  demək  olar  ki,  iki  dəfə  azalmış  və  35732688  puda 

bərabər  olmuşdur.  Bu,  başqa  səbəblərlə  yanaşı,  həm  də  dənli  bitkiləri  sıxışdıran 

pambıqçılığı inkişafı ilə bağlı idi [123]. 

Nəqliyyatın,  o  cümlədən  də  dəmiryolu  və  dəniz  nəqliyyatının  inkişafi 

taxılçılıqda əmtəəlik məhsul istehsalının artımına güclü təkan verdi. Mövcud rəsmi 

məlumatlara  görə,  1886-cı  ildə  Bakı  quberniyasından  3  mln  puda  yaxın  (bundan 

2160 min pudu buğda idi) taxıl aparılmışdı. Azərbaycan nəinki özünü öz taxılı ilə 

təmin  edir,  həm  də  ölkədən  kənara  göndərmək  üçün  artıq  taxıla  malik  olurdu. 

Kənara göndərilən taxılın miqdarı məhsuldan asılı olaraq tarəddüd edirdi. Məsələn, 

1893-cü  ildo  Yelizavetpol  quberniyasında  toxum  fondu  və  yerli  əhalinin 

ehtiyaclarını ödəmək üçün zəruri olan taxılı çıxmaqla, 8 mln puddan çox müxtəlif 

taxıl ehtiyatı qalmış və bu da yerindəcə satılmağa və quberniyanın hüdudlarından 

kənara göndərilməyə sərf olunmuşdu [124]. 

Taxılın  artığı,  başlıca  olaraq,  Şimali  Azərbaycanın  şəhərlərində,  hətta 

kənd  yerlərində  satılmaqla  yanaşı,  bir  hissəsi,  xüsusən  də  düyü  Batum  və  Poti 



vasitəsilə  xarici  bazarlara,  o  cümlədən  İtaliya,  Yunanıstan,  Fransa,  Türkiyə, 

Belçika, Hollandiya, Almaniya və Avstraliyaya da aparılırdı. 

Batum  və  Poti  vasitəsilə  Cənubi  Qafqazdan  taxıl  ixracında  birinci  yeri 

Şimali  Azərbaycan  tuturdu.  Məsələn,  1887-ci  ildə  Batum  və  Poti  limanlarından 

aparılmış 3088202 pud buğdadan 2402913 pudu Azərbaycanın payına düşürdü. Bu 

da  aparılmış  bütün  buğdanın  80  faizini  təşkil  edirdi.  Cənubi  Qafqaz  diyarından 

taxılın  başlıca  olaraq  Yelizavetpol  və  Bakı  quberniyalarından  aparıldığını  qeyd 

edən  bir  nəfər  müsafir  də  buna  şəhadət  verir:  ―Taxılın  ən  yaxşı  növləri  Cənubi 

Qafqaz  dəmiryolunun  Ucar,  Müsüslü  və  Hacıqabul  stansiyalarından  gətirilirdi‖ 

[125]. 


Düyü  də  xeyli  miqdarda  ixrac  olunurdu.  1888-ci  ildə  Yevlax  və  Ləki 

dəmir yolu stansiyalarından 194 min pud düyü göndərilmişdi. Bundan başqa düyü 

Lənkəran  qəzasından  Rusiyaya  əvvəlki  kimi  dənizlə  daşınırdı.  Məsələn,  1892-ci 

ildə Lənkərandan Həştərxana 35 min pud, 1893-cü ildə isə (mart ayından sentyabr 

ayınadək) 30 min pud düyü gətirilmişdi. 

Yüzilliyin  sonuncu  on  illiyində  şəhərlərin  inkişafı,  şəhər  əhalisinin  və 

ümumiyyətlə bütün Şimali Azərbaycan əhalisinin artması nə əlaqədar olaraq, taxıl 

ölkənin  özündə  satılır  və  ixrac  zərurəti  aradan  qalxırdı.  Bu  baxımdan  Rusiyaya 

aparılması ilbəil artan düyü istisna təşkil edirdi. 

Əkinçiliklə yanaşı, Şimali Azərbaycanda maldarlıq da öz inkişafını davam 

etdirirdi.  1887-1891  -ci  illərdə  Azərbaycanın  iki  quberniyasında  mal-qaranın  sayı 

2,7  mln  başdan  çox,  1897-1898-ci  illərdə  təxminən  3  mln  başa,  Zaqatala  və 

Naxçıvan  qəzası  da  nəzərə  alınmaqla  3,2-3,4  mln  başa  bərabər  idi.  Maldarlıqda 

aparıcı  yeri  Yelizavetpol  quberniyası  tuturdu.  Şimali  Azərbaycanda  mal-qaranın 

əksəriyyətini qoyunlar təşkil edirdi. Məsələn, 1897-ci ildə 3066006 baş malqaradan 

1846251 başı, yəni təxminən 60 faizi qoyun idi [126]. 

Heyvandarlar  köçmə  maldarlığı  ilə  məşğul  olurdular.  Çünki  Şimali 

Azərbaycanın iqlim və coğrafi şəraiti maldarları mal-qaranı başlıcası isə qoyunları 

yayda yaylaqda, qışda isə qışlaqda saxlamağa məcbur edirdi. Maldarlığın əmtəəliyi 

ləng  artırdı.  Bu  baxımdan  yunun  emalı  istisna  təşkil  edirdi.  Bununla  yanaşı, 

aşılanmamış  dəri,  yun,  habelə  diri  heyvan  və  digər  maldarlıq  məhsulları  da 

yerlərdə,  yerli  bazarlarda  geniş  surətdə  alınıb-satılır  və  Bakı  şəhərinə  daşınırdı. 

1899-cu  ilin  məlumatlarına  görə,  hər  gün  Yelizavetpol  quberniyasında  3255  min 

manatlıq, Zaqatala dairəsində isə 360 min manatlıq iri mal-qara satılırdı. 

1871-ci  ildə  xaricə  979  min  manatlıq  yun  aparılmışdı  [127].  Maldarlıq 

məhsulları,  xüsusən  də  yun  Rusiyaya  və  qismən  də  xaricə  aparılırdı.  Şimali 

Azərbaycandan yun aparılması 90-cı illərdə xüsusən artmışdı. 1891-ci ildə 1,5 mln 

manatlıq 250 min pud yun aparılmışdı [128]. Yunun yola salındığı başlıca məntəqə 

Bakı  idi.  Yun  buradan  Rusiyaya,  Batum  vasitəsilə  isə  xaricə  göndərilirdi. 

Azərbaycan yunu Batumdan İngiltərəyə, Fransa və Amerikaya ixrac edilirdi. Baha 

xalça istehsalı ilə məşğul olan Amerika sahibkarları xalça toxumaq üçün müstəsna 


olaraq,  İran  və  Cənubi  Qafqaz,  o  cümlədən  Azərbaycan  yunundan  istifadə 

edirdilər. 

Yüzilliyin  80-ci  illərinin  ikinci  yarısında  Şimali  Azərbaycanda 

pambıqçılığın  yüksəlişi  dövrü  başlayır.  Kənd  təsərrüfatının  əmtəəlik  sahəsi  kimi 

pambıqçılığın  inkişafı,  şübhəsiz  ki,  rus  pambıq-parça  sənayesinin  yerli  xammala 

olan ehtiyacından irəli gəlmişdi. 1888-ci ildə çar hökuməti xaricdən Rusiyaya idxal 

olunan pambığın üzərinə gömrük vergisi qoydu. Bununla əlaqədar olaraq xaricdən 

gətirilən  pambıq  get-gedə  bahalaşırdı,  sürətlə  inkişaf  etməkdə  olan  toxuculuq 

sənayesini həmin xammalla təmin etmək artıq qeyri-mümkün idi. Bu vəziyyət rus 

sənayeçilərini  ölkə  daxilində  xammal  axtarmağa  məcbur  etdi.  Bu  da  imperiyanın 

pambıqçılığın  inkişafı  mümkün  olan  rayonlarının  iqtisadiyyatına  təsir  etməyə 

bilməzdi. 

1887-ci  ildə  Lodzdakı  Poznanski  firmasının  müdiri  Ramendik  Tiflis 

karvansaralarının birində Ərəş və Göyçay qəzalarından gətirilmiş pambıq taylarını 

görür.  Qiymətli  xammalla  maraqlanan  Ramendik  torpaq  sahibkarı  Hacıyevlə 

birlikdə Ağdaşa getmiş, Ərəş və Göyçay qəzalarını gəzmiş və belə bir qəti nəticəyə 

gəlmişdi ki, bu qiymətli bitkinin burada yetişdirilməsi tamamilə mümkündür [129]. 

O, kəndlilərlə sazişə girməyə başlayır, onlara təmənnasız surətdə çiyid paylayır və 

hətta onların bu işlə  məşğul olmağa başlaması üçün beh də verirdi. Artıq 1888-ci 

ildə qeyd edilən iki qəzanın kəndliləri geniş surətdə pambıqçılıqla məşğul olmağa 

başlamış və yaxşı məhsul da yetişdirmişdilər. 

Poznanski  firmasının  ardınca  1889-cu  ildə  Ağdaşa  digər  iri  firmanın 

―A.N.Korzinkin  və  K°‖nın  Böyük  Yaroslavl  manufakturasının  nümayəndələri 

gəldilər. Sonuncular da öz növbələrində çiyid paylamağa  və pambıq satın almağa 

başladılar [130]. Ərəş qəzasının pambıqçıları 1888-1889-cu il  mövsümündə  3100 

pud,  1892-1893-cü  ildə  isə  artıq  28  min  pud  pambıq  satmışdılar.  1897-ci  ildə 

Yelizavetpol quberniyasında 6944 desyatin pambıq əkilmiş və 152766 pud məhsul 

götürülmüşdü. Göstərilən məhsulun 95,5 min pudu Ərəş qəzasının payına düşürdü. 

Qalanı  isə  Cavanşir,  Şuşa,  Zəngəzur  və  Yelizavetpol  qəzalarında  yetişdirilmişdi 

[131]. 


Bakı quberniyasına gəldikdə isə burada pambıq ancaq Göyçay və qismən 

də  Cavad  qəzalarında  yetişdirilirdi,  onun  məhsulu  isə  çox  deyildi.  1897-ci  ildə 

Naxçıvan  qəzasında  50  min  pud  pambıq  yığılmışdı.  Şimali  Azərbaycanda 

pambığın  Amerika,  Daşkənd  və  Qaraqoza  kimi  növləri  əkilirdi.  Pambıqçılıqla 

məşğul  olmaq  iqtisadi  cəhətdən  əlverişli  idi.  Pambığın  1  desyatini  dənli  bitkilər 

üçün istifadə edilən 1 desyatin torpağa nisbətən təxminən 3 dəfə çox gəlir gətirirdi 

[132]. 

Pambıqçılığın  tərəqqisində  marağı  olan  çar  hakimiyyəti  orqanları  bu 



sahənin inkişafına kömək göstərirdilər. Əkinçilik nazirliyi nümunəvi tarlalar salır, 

bu  tarlalarda  pambığın  əkilməsi  və  becərilməsinin,  onun  yığımı  və 

təmizlənməsinin,  habelə  pambıq  və  çiyidin  növlərə  ayrılmasının  təkmilləşmiş 


üsullarını tətbiq edirdi. İlk nümunəvi tarla 1895-ci ildə Ərəş qəzasında salınmışdı. 

1896-, ildə belə tarlalar Ağdaşda və Cavanşir qəzasının Qaziyan kəndində də təşəkkül 

tapdı. 

Suvarma  qurğulan  şəbəkəsinin  genişləndirilməsi  üzrə  bəzi  işlər,  Kür  üzərində 



su nasoslarının qurulması da pambıqçılığın inkişafında müsbət əhəmiyyətə malik idi. 

Bütün  pambıq  məhsulu  Rusiya  quberniyalarına  göndərilir,  onun  ancaq  cüzi  hissəsi 

yerlərdə emal olunurdu. 

70-ci  illərin  sonu,  80-ci  illərin  əvvəllərində  tütünçülükdə  də  yüksəliş  baş 

verdi. 1877-ci ildə xaricdən idxal olunan tütünün hər puduna gömrük rüsumunun qızıl 

pulla  14  manatadək  artırılması  tütünçülüyün  inkişafına  əsaslı  təsir  göstərirdi. 

Tütünçülükdə  aparıcı  yeri  Quba  və  Nuxa  qəzaları,  habelə  Zaqatala  dairəsi  tuturdu. 

Nuxa  və  Quba  rütünü  aşağı  növlü,  Zaqatala  tütünü  isə  əla  növlü  hesab  edilirdi. 

Tütünün  az  bir  hissəsi  ölkənin  hüdudlarından  kənara  -Gürcüstana,  Rusiyaya,  hətta 

xaricə (başlıca olaraq Zaqatala tütünü) aparılırdı [133]. 

Keçmişdə  olduğu  kimi,  Abşeronda  yenə  də  zəfəran  yetişdirilirdi.  1885-

1886-cı  illərdə  Şimali  Azərbaycan  zəfərançıları  196  pud  35  funt  zəfəran  əldə 

etmişdilər.  Zəfərançılığın  əsas  rayonlarında  -  Maştağa  və  Bilgəh  kəndlərində  bu 

məhsulun topdan və pərakəndə satışı ilə məşğul olan tacirlər fəaliyyət göstərirdilər. 

Onlar zəfəranı İrana və Türkiyəyə aparırdılar. 

80-ci  illərin  ikinci  yarısında  qısa  müddət  ərzində  biyankökü  çıxarılması  da 

xeyli inkişaf etdi. Bu kökdən hazırlanan cövhər lakritsa texniki və müalicə məqsədləri 

üçün  istifadə  olunurdu.  Şimali  Azorbaycanda  fəaliyyət  göstərən  3  zavod  gətirilən 

kökün hər pudunu 20 qəpik hesabı ilə qəpik-quruşa alır, qurudur, presləyir və xaricə, 

başlıca  olaraq,  Amerikaya  göndərirdi.  Zavod  sahibləri  müxtəlif  yerlərdə  satınalma 

məntəqələri  yaradır, öz aralarında  amansız  rəqabət  apararaq, biyan  kökü  alanda,  onu 

çıxaranları amansızcasına soyurdular. Hər il Şimali Azərbaycanda 100 min pudlarla 

biyan  kökü  toplanırdı.  Məsələn,  Yelizavetpol  quberniyasında  1889-cu  ildə  1  mln 

pud,  1890-cı  ildə  isə  2260500  pud  biyan  kökü  çıxarılmışdı  [134].  Lakin  1893-cü 

ildən etibarən biyan kökünün toplanması və aparılması xeyli azalır. Bu, həmin bitki ilə 

zəngin  olan  yeni  rayonların  (başlıca  olaraq  Suriyada)  aşkara  çıxarılması  və  biyan 

kökünün  Cənubi  Qafqaz  dəmir  yolu  ilə  daşınmasının  bahalığı  ilə  əlaqədar  idi. 

Nəticədə  biyan  kökü  sənayesində  böhran  başlandı  və      bu  bitkinin  çıxarılması 

tədricən tənəzzülə uğradı. 

Quba,  Nuxa,  Ərəş,  Şamaxı,  Bakı,  Naxçıvan  və  Göyçay  qəzaları,  habelə 

Zaqatala  dairəsi  ən  mühüm  bağçılıq  rayonları  idi.  Şimali  Azərbaycanda  kifayət 

qədər çox meyvə yığılırdı. 70-ci ilin sonu-80-ci iliərin əvvəllərində Nuxa qəzasında 

və Zaqatala dairəsində çox bol yetişən qoz və fındığın məhsulu nəzərə alınmamaqla, 

təkcə  Yelizavetpol  quberniyasında  hər  il  1200  min  puddan  çox  müxtə-lif  meyvə 

yığılırdı.  Bağçılıq  getdikcə  daha  da  çox  əmtəə  istehsalı  xarakteri  alırdı.  Bağçılıq 

məhsulları  təkcə  Şimali  Azərbaycanın  özündə  satılmır,  həm  də  getdikcə  daha  çox 

miqdarda  Cənubi  Qafqazın  digər  rayonlarına  və  Rusiyaya  aparılırdı.  80-ci  illərin 


ortalarında Quba qəzasından dəniz vasitəsi ilə Həştərxana və Nijni Nov-qoroda hər il 

92  min  pudadək  alma  və  armud  qaxı,  30  min  pudadək  qoz  aparılırdı.  Bakı 

quberniyası üzrə bağçılıq məhsullarının ixrac olunmasında əsas yeri Göyçay qəzası 

tuturdu. 1890-1895-ci illər-də Ucar, Müsüslü və Kürdəmir stansiyaları vasitəsilə hər 

il  Göyçay  qəzasının  hüdudlarından  kənara  xeyli  müxtəlif  meyvə  aparılırdı  [135]. 

Zaqatala dairəsi də ixrac olunan bağçılıq məhsullarının həcminə görə seçilirdi. Oradan 

Tiflis və digər şəhərlərə xeyli miqdarda qoz, alma və armud aparılırdı [136]. 

Yelizavetpol  quberniyasından  da  xeyli  meyvə  aparılırdı.  1893-cü  ildə  təkcə 

dəmir yolu ilə quberniyadan 132 min pud meyvə qurusu, 140 min pud qoz, badam və 

püstə  aparılmışdı.  Bostançılıq  məhsulları,  xüsusən  də  qarpız  və  yemiş  ixrac  edilən 

məhsullara  çevrilirdi  [137].  Bağçılığın  inkişafına  və  mütəxəssis  bağbanların 

hazırlığına kömək məqsədilə 1896-cı ildə Mərdəkanda ilk xüsusi bağçılıq  məktəbi 

açıldı.  Bu  məktəb  H.Z.Tağıyev  tərəfindən  təşkil  olunmuşdu.  Elə  həmin  ildə  Qubada 

xəzinənin  vəsaiti  hesabına  ikinci  bağçılıq  məktəbi  açıldı.  Bu  məktəblərin  şagird 

kontingentinin  az  olmasına  və  bağçılığın  inkişafına  zəif  təsir  etməsinə  baxmayaraq, 

onlar bağçılıqda aqrotexniki üsulların yayılmasında mühüm rol oynadı [138]. 



Üzümçülük  də  xeyli  inkişaf  etmişdi.  Şimali  Azərbaycanda  ölkə 

nüdudlarından çox-çox uzaqlarda məşhur olan əla  üzüm növləri  becərilirdi. 1870-

1890-cı illərdə Şimali Azərbaycanda üzümlüklə sahəsi orta hesabla təxminən 15 min 

desyatinə  çatır,  hər  il  4,55  mln  pud  üzüm  yığılırdı.  Şamaxı,  Göyçay,  Bakı, 

Yelizavetpol və  Şuşa  qəzaları ölkənin əsas  üzümçülük rayonları idi.  Yelizavetpol 

qəzasında  üzümçülüyün  inkişafı  sahəsində  Yelenendorf  koloniyası  fərqlənirdi 

Üzüm  məhsulunun  çox  hissəsi  şərab  istehsalına  sərf  olunurdu  Üzüm  məhsulu 

həmçinin yerli bazarlarda satılır, Zaqafqaziyanın iri şəhərlərinə və Rusiyanın daxili 

quberniyalarına aparılırdı [1391. 

60-cı  illərin  sonu-70-ci  illərin  əvvəllərində  ipəkqurdu  xəstəliyinin  aradan 

qaldırılmasından  sonra  Şimali  Azərbaycanda  ipəkçiliyin  inkişafı  davam  etməyə 

başladı.  1880-ci  illərdə  isə  bu  inkişaf  xeyli  sürətləndi.  1881-ci  ildə  Şimali 

Azərbaycanda  50  min  puda  yaxın,  90-cı  illərin  sonunda  isə  180  min  puddan  çox 

barama  yığılmışdı.  Barama  başlıca  olaraq  Yelizavetpol  quberniyasında  bəsləni-

lirdi.  80-ci  illərdə  burada  orta  illik  barama  istehsalı  təxminən  75  min  puda,  90-cı 

illərdə  isə  120  min  puda  bərabər  idi.  Barama  yetişdirilməsinin  geniş  yayılmasına 

belə bir fakt şəhadət edir ki, 80-ci illərin ortalarında ölkənin 800-dən çox kəndində 

ipəkçiliklə  məşğul  olurdular.  Bu  sənət  Şimali  Azərbaycanın  bütün  qəzalarında 

intişar  tapmış,  lakin  Ərəş,  Nuxa,  Cəbrayıl  və  Şuşa  qəzalarında,  habelə  Zaqatala 

dairəsində  daha  geniş  yayılmışdı.  Şimali  Azərbaycan  əhalisinin  ipəkçiliklə  bu 

qədər  intensiv  surətdə  məşğuliyyəti  və  bu  sahənin  yüksəlişinin  davam  etməsi 

əvvəlki tək rus ipək toxuma sənayesinin xam ipəyə tələbatından doğurdu [140]. 

1885-ci  ildə  Qafqaz  Kənd  Təsərrüfatı  Cəmiyyəti  Cənubi  Qafqaz 

ipəkçilərinə  fransız  cinsli  hüceyrəli  barama  toxumu  paylamışdı.  Bundan  sonra 

Qərbi  Avropadan  bu  cür  barama  toxumunun  gətirilməsi  getdikcə  daha  da  artırdı. 


1895-ci  ildə  Cənubi  Qafqaza  383895  manatlıq  232  pud  xarici  barama  toxumu 

gətirilmişdi. Onun bir hissəsi Türküstan üçün nəzərdə tutulmuş, bir hissəsi isə İrana 

aparılmışdı. 1888-ci ildə Tiflisdə ilk Qafqaz ipəkçilik stansiyası açıldı. 2 il sonra 

bu  stansiya  Vartaşen  və  Lənbəranda,  1894-cü  ildə  isə  Qax,  Nuxa,  Ağdam, 

Bərgüşad  və  Hadrutda,  habelə  Ağdam  yaxınlığındakı  Seyidbəyli  kəndində  öz 

şöbələrini  açdı.  Stansiyanın  şöbələri  barama  qurdlarının  yemlənməsi  üsullarını 

nümayiş etdirir, ipəkçilərə məsləhətlər verirdi. Eyni zamanda Zaqatalada nümunəvi 

kümxana, 1893-cü ildə isə iri barama müəssisəsi yaradıldı. 

1885-ci  ildən  etibarən  Qafqaz  tədris  dairəsi  müəllimləri  ipəkçiliyin 

öyrənilməsinə cəlb etməyə başladı, onlar da öz növbələrində məktəb şagirdləri və 

yerli  ipəkçilərə  bu  sənəti  öyrətməli  idilər.  1889-cu  ildə  Ağdam  məktəbinin 

nəzarətçisi  B.D.İbrahimbəyov,  Bərdə  məktəbinin  nəzarətçisi  Həsən  bəy  Bağırov, 

Qutqaşen  məktəbinin  nəzarətçisi  Rəşid  bəy  Əfəndiyev  ipəkçilik  üzrə  nəzəri  və 

praktiki kursları dinləmək üçün Qafqaz ipəkçilik stansiyasına ezam olunmuşdular. 

Müəllimlər  üçün  Yelizavetpol  sənət  məktəbi  nəzdində  ipəkçilik  üzrə,  Qafqaz 

ipəkçilik stansiyasının Vartaşen şöbəsi nəzdində isə mikroskoplar üzrə məşğələlər 

kcçirilirdi.  Bu  yolla  müəllimlər  hazırlandıqdan  sonra  1889-cu  ildə  Yelizavetpol 

quberniyası  məktəblərinin  özündə  ipəkçilik  üzrə  dərslər  başladı.  1891-ci  ildə 

Şimali Azərbaycanın artıq 18 məktəbində belə məşğələlər keçirilirdi. 

Qeyd  edilən  tədbirlərdən  başqa  ipəkçiləri  həvəsləndirmək  məqsədilə 

sərgilər  təşkil  edilirdi.  Belə  sərgilər  1898-ci  ildə  Göyçayda,  1899-cu  ildə  isə 

Nuxada  təşkil  olunmuşdu.  1899-cu  ildə  təcrübə  mübadiləsi  məqsədilə  ipəkçilərin 

müşavirəsi  keçirildi.  Müşavirədə  ipəkçilik  rayonlarının,  o  cümlədən  Nuxa, 

Zaqatala  və  Naxçıvan  nümayəndələri  də  iştirak  edirdilər  [141].  Buxarla  işləyən 

ipəksarıma müəssisələrinin fəaliyyət göstərdiyi rayonlar, yəni Nuxa, Şuşa, Zaqatala 

və  Ordubad  ipəkçilik  məhsullarının  əsas  satış  məntəqələri  idilər.  Barama  Cənubi 

Qafqazın  digər  şəhərlərinə,  Rusiyaya  və  xaricə  də  aparılırdı.  Təkcə  1899-cu  il 

ərzində  Yelizavetpol  quberniyası  və  Zaqatala  dairəsində  barama  satışından  2162 

min manat əldə olunmuşdu [142]. 

Yüzilliyin  70-90-cı  illərində  kənd  təsərrüfatında  geridə  qalmış  texnika 

tətbiq  edilirdi.  Xış  ən  başlıca  əkin  aləti  idi.  Bundan  başqa,  yerlərdə  istehsal 

olunmuş  kotanlar  da  vardı.  Kotanlar  öz  konstruksiyasına  görə  çox  ağır  idi  və 

xüsusən də bərk torpaqlarda 6-9 cüt öküz və camış qoşulmasını tələb edirdi. 

90-cı  illərdən  başlayaraq,  kotanların,  özü  də  təkcə  yerli  deyil,  həm  də 

kənardan  gətirilən  kotanların  sayı  getdikcə daha  çox artırdı. Bu sonuncu kotanlar 

başlıca  olaraq,  rus  köçkünlərinin,  varlı  kəndlilərin  və  bəzi  iri  torpaq  sahiblərinin 

təsərrüfatlarında  işlədilirdi.  1897-ci  ildə  Yelizavetpol  quberniyasında,  Cənubi 

Qafqaz  dəmir  yolunun  keçdiyi  qəzalarda  cəmisi  565  təkmilləşdirilmiş  kotan  var 

idi.  Digər  alətlərdən  quberniyada  bir  neçə  taxıldöyən  və  iki  buxarla  işləyən 

samankəsən  maşın  var  idi.  Elə  həmin  1897-ci  ildə  Bakı  quberniyasında  53 

təkmilləşdirilmiş biçin maşını var idi [143]. 


Kənd  təsərrüfatı  maşınları  və  alətlərinin  yayılmasında  Qafqaz  Kənd 

Təsərrüfatı  Cəmiyyəti  də  müəyyən  rol  oynayırdı.  1385-ci  ildə  cəmiyyət  tərəfindən 

Yelizavetpol  və  Kürdəmirdə  kənd  təsərrüfat,  maşınlarının  iki  sınağı  keçirilmişdi. 

1894-cü  ildə  cəmiyyət  yenidən  daha  4  belə  sınaq  təşkil  etmişdi  [144].  1900-cü  ildə 

Yelizavetpolda kənd təsərrüfatı alətlərinin istehsalı üzrə emalatxanalar açıldı. Şimali 

Azərbaycanda kənd təsərrüfatı maşınları və alətlərinin yayılmasında xüsusi firmalar az 

rol oynamırdı. 90-cı illərdə Bakıda bu firmaların anbarları açılmağa başladı. ―Qustov 

List‖, sonra isə ―Stepun qardaşları‖nın texniki kontorları Bakıda kənd təsərrüfatı alət 

və  maşınları  ilə  ticarət  etməyə  başladı  [145].  Bu  firmalar  Şimali  Azərbaycanın  bəzi 

yerlərində öz məntəqələrinə malik idilər. Kotanlar, habelə digər kənd təsərrüfatı maşın 

və alətləri Bakı, Batum, Poti limanları və dəmir yolu vasitəsilə gətirilirdi. Azərbaycan 

kəndlilərinin əksər kütləsi üçün onlar çox bahalı olduğundan, təsərrüfatlarında yenə də 

xış  və  yerli  kotanlarla  işləyirdilər.  Əkinçilikdə  təkmilləşdirilmiş  maşınların  tətbiqi 

kapitalist  xarakteri  daşıyır.  Çünki  bu,  kapitalist  münasibətlərinin  yaranmasına  və 

onların daha da inkişaf etməsinə gətirib çıxarırdı. 

Yüzilliyin 70-90-cı illərində kənd təsərrüfatı istehsalı sahələrində kapitalist 

münasibətləri  formalaşırdı.  Məlum  olduğu  kimi,  kapitalizmin  inkişafı  məsələsində 

muzdlu əməyin yayılma dərəcəsi daha böyük əhəmiyyətə malikdir. Kapitalizm əmtəə 

istehsalının  elə  bir  inkişaf  mərhələsidir  ki,  bu  mərhələdə  işçi  qüvvəsi  də  əmtəəyə 

çevrilir.  Bu,  ictimai  istehsalın  bütün  sahələrinə  aiddir.  70-90-cı  illərdə  muzdlu  əmək 

kənd təsərrüfatının bütün sahələrində, bəzi sahələrdə çox, bəzilərində isə az dərəcədə 

tətbiq  edilirdi.  Taxılçılıqda  işləyib  ödəmə  sistemi  ilə  qovuşan  muzdlu  əməyin 

tətbiqi  ilbəil  genişlənirdi.  Taxılçılıqda  kişi  əməyinə  nisbətən  az  əmək  haqqı 

ödənilən qadın əməyi də tətbiq olunurdu; əmək haqqı işin xarakterinə görə ödənilirdi. 

Muzdurlar ya iş heyvanları və ya onlarsız işə girirdilər. Bu o deməkdir ki, muzdurların 

sıralarına  həm  tamamilə  torpaqsız  kəndlilər,  həm  də  öz  iş  heyvanı,  deməli,  pay 

torpağı,  lakin  çox  kiçik,  kəndlini  təmin  edə  bilməyən  pay  torpağı  olan  kəndlilər  də 

daxil  idilər.  Belə  pay  torpağı  olan  kəndli  əlavə  qazanc  axtarmağa  məcbur  idi,  yəni 

pay  torpaqlı  muzdlu  fəhlə  idi.  Bu,  muzdla  işçi  tutmağın  qarışıq  xarakterini,  işləyib 

ödəmə  və  kapitalist  sistemlərinin  qarışıq  xarakterini  göstərir.  Kənd  təsərrüfatı  üçün 

muzdlu  fəhlə  qüvvəsinin  əsas  mənbəyi  çox  kasıb,  habelə  cüzi  pay  torpağı  olan 

kəndlilər  idi.  Digər  mənbə  Cənubi  Azərbaycandan,  qismən  də  Dağıstandan  gəlmiş 

kəsbkarlardan ibarət idi. 

Taxılçılıqda  muzdlu  əməyin  tətbiqi  80-ci  illərin  ortalarında,  əmtəə 

istehsalının daha güclü surətdə inkişaf etdiyi dövrdə xüsusilə qüvvətləndi. Bu illərdə 

Azərbaycan kəndində sinfi təbəqələşmə prosesi xüsusən güclənir, bu da icma torpaq 

mülkiyyətinin  kəndin  varlı  təbəqələrinin  əlində  cəmləşməsinə  zəmin  yaradırdı. 

Torpağın  kəndin  varlı  yüksək  təbəqələrinin  əlində  cəmlənməsi  qaçılmaz  surətdə 

muzdlu əməyin tətbiqinə gətirib çıxarırdı. Muzdlu əməyin daha geniş şəkildə istifadə 

olunduğu köçkün təsərrüfatları bu baxımdan daha qabarıq şəkildə fərqlənirdilər. 



Taxılçılıqda muzdlu əməyin tətbiqi ümumi xarakter alsa da, Lənkəran qəzası 

bu  cəhətdən  xüsusilə  fərqlənirdi.  Belə  ki,  çəltikçilikdə  muzdlu  əməyin  tətbiqi  daha 

geniş miqyas almışdı. Burada əkində də, biçində də, döyümdə də muzdlu əməkdən, o 

cümlədən  muzdlu  qadın  əməyindən  də  istifadə  olunurdu.  Lakin  taxılçılıqda  muzdlu 

əməkdən istifadə edilməsi hökmranedici xarakterdə də geniş yayılmadı, çünki Şimali 

Azərbaycan  kəndlilərinin  əsas  kütləsi  öz  torpağını  şəxsi  əməyi  ilə  becərirdi. 

Ümumiyyətlə isə taxılçılıq artıq kapitalist inkişaf yoluna qədəm qoyurdu. 

Muzdlu əməkdən üzümçülükdə, xüsusən məhsul yığımında istifadə olunurdu. 

Burada həmçinin qadın və yeniyetmə əməyi tətbiq edilirdi. Forer qardaşları, Xublarov 

qardaşları  kimi  sahibkarların  təsərrüfatları  isə  büsbütün  muzdlu  əməyə  əsaslanırdı 

[146]. Bəzən üzümçülük rayonlarında sənaye tipli təsərrüfatlar yaradılırdı. 1885-ci ildə 

Yelizavetpol şəhərində, demək olar ki, bütünlüklə ticarət burjuaziyasının nümayəndələrinə 

mənsub olan 1277  üzüm bağı  var idi [147]. 

Kapitalist  münasibətləri  tütünçülükdə  də  aydın  nəzərə  çarpırdı,  daha 

doğrusu,  burada  sırf  kapitalist  təsərrüfatları  mövcud  idi.  Şimali  Azərbaycanın 

ipəkçilik sahəsində bəzi hallarda bir qədər irihəcmli təsərrüfatlara rast gəlinsə də, bu 

istehsal  sahəsi əsasən  xırda kənd təsərrüfatı  xarakteri daşıyırdı. Ona  görə də, əksər 

hallarda  ipəkçiliklə  ailənin  öz  üzvləri  məşğul  olurdular.  Lakin  muzdlu  əməyə 

əsaslanan təsərrüfatlar da var idi. Şimali Azərbaycanda böyük sahəli tut bağlarına malik 

olan iri torpaq sahibkarları var idi. 

Onlardan bəziləri barama qurdlarının bəslənməsi ilə bilavasitə məşğul olmur 

və öz bağlarını, məhsulun müəyyən hissəsi müqabilində, icarəyə verirdilər [148]. 

Kənd təsərrüfatının sürətlə inkişaf edən sahəsi olan pambıqçılığı da ticarət və 

sələm kapitalı bürümüşdü. Ticarət pambıqçılığının

 

meydana çıxdığı zaman alğı-satqı elə 



qurulmuşdu  ki,  məhsulu  satan  hər  bir  kəndlinin  Poznanski  və  Korzinkin  firmalarının 

kontorları  ilə

 

bilavasitə  əlaqəsi  var  idi  [149].  80-ci  illərin  ikinci  yarısından  etibarən 



pambıq bazara  artıq  istehsalçılar  tərəfindən deyil,  möhtəkirlər  tərəfindən  gətirilməyə 

başladı.  Bunların  çoxu  kəndlilərin  pula  ehtiyacı  olduğunu  bilərək,  sakinləri 

pambıqçılıqla  məşğul  olan  kəndləri  gəzməyə  və  gələcək  pambıq  məhsulu  hesabına 

ödənilmək  şərti  ilə  borc  pul  təklif  etməyə  başladılar.  Möhtəkirlər  ―pambığı  Tiflis, 

Şuşa,  Nuxaya  aparmaq,  habelə  Moskvada  baha  qiymətə  satmaq  üçün  alıb 

yığırdılar‖ [150]. 

Bununla  yanaşı,  pambıqçılıqda  muzdlu  əmək  də  geniş  tətbiq  olunurdu. 

Burada xalis kapitalist tipli təsərrüfatlar var idi. Məsələn, Tağıyevin 1896-cı ildə satın 

aldığı  ―Yevlax  mülkü‖ndə  muzdlu  əmək  tətbiq  edilməklə  pambıqçılıqla  məşğul 

olurdular.  1896-cı  ildə  onun  bu  mülkündə  39 daimi  işçi  var  idi  [151  ]. Təsərrüfatçılıqla 

özləri məşğul  olan  bəzi bəylərin  təsərrüfatlarında  da  həmçinin  pambıq  muzdlu əmək 

tətbiq edilməklə becərilirdi. Cavanşir qəzasında Məlik-bəylərbəyov familiyalı birisi 1891-

ci ildə öz mülkündə 80, Bədirbəyov isə 300 desyatin sahədə pambıq səpdirmiş, bütün 

işlər  muzdlu  əməyin  tətbiqilə  görülmüşdü.  Bəzi  bəylər  torpaqlarını  öz  pambıqçılıq 

təsərrüfatlarında  muzdlu  əməkdən  geniş  istifadə  edən  varlı  kəndlilərə  icarəyə 


verirdilər. Pambıq tarlalarında rus köçkünlərinin muzdlu əməyindən xüsusən intensiv 

surətdə istifadə olunurdu. Məsələ burasında idi ki, məhsul yığımı dövründə istər varlı 

kəndli,  istərsə  də  qolçomaq  və  ortabab  olsun,  hər  bir  pambıqçı  yığımı  tez  başa 

çatdırmağa tələsirdi. Çünki məhsul yığımı büsbütün iqlim şəraitindən asılı idi. Ona görə 

də, demək olar ki, pambıqçıların əksə-riyyəti məhsul yığımı dövründə muzdur tutmalı 

olurdu. 


Muzdlu  əməkdən  kənd  təsərrüfatının  digər  sahələrində  də  istifadə  olunurdu. 

Hətta zəfərançılıqda plantasiyaların əkini zamanı muzdlu əmək tətbiq edilirdi. Burada, 

başlıca  olaraq,  Cənubi  Azərbaycandan  olan  kəsbkarlar  işləyirdilər.  1897-ci  il  əhali 

sayımının  məlumatlarına  görə,  Şimali  Azərbaycanın  2  quberniyasında  26515  daimi 

kənd təsərrüfatı fəhləsi qeydə alınmışdır. Bu rəqəm xeyli azaldılmışdır. Əslində o, 40-

50 min nəfərə çatırdı. Bütövlükdə götürdükdə isə kənd təsərrüfatı üçün daimi deyil, 

mövsümi,  müvəqqəti  fəhlə  qüvvəsi  səciyyəvi  idi,  onların  sayı  ildə  100  min  nəfərə 

çatırdı [152]. 

XIX  əsrin  son  onilliklərində  kənd  təsərrüfatının  demək  olar  ki,  bütün 

sahələrində  –  bəzilərində  çox,  bəzilərində  isə  az  dərəcədə,  muzdlu  əmək  tətbiq 

olunurdu.  Bundan  əlavə,  kənd  təsərrüfatı  istehsalının  bütün  sahələri  ticarət  və  sələm 

kapitalı ilə bağlı idi. Deməli,  Şimali Azərbaycanın kənd təsərrüfatmda əksər hallarda, 

ilkin formalarda olsa da, kapitalist istehsal üsulu formalaşmışdı. Şimali Azərbaycanın kənd 

təsərrüfatmda  kapitalist  münasibətləri  öz  əksini  feodal  torpaq  mülkiyyətinin 

dağılmasında  tapırdı.  Feodalların  torpaq  üzərində  müstəsna  hüququ  laxladılmış  oldu. 

Xəzinə  və  bəy-mülkədar  kəndliləri  içərisində  artıq  çox  az  miqdarda  olsa  da, 

sahibkarlar var idi. 

Beləliklə, yüzilliyin 70-90-cı illəri, xüsusən də əsrin sonu Şimali Azərbaycanın 

kənd  təsərrüfatında  intensiv  surətdə  feodal  istehsal  münasibətlərinin  dağılması, 

kapitalist istehsal münasibətlərinin intişarı prosesinin başladığı bir dövr idi. 

 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin