§ 1. TORPAQ SAHĠBLĠYĠ, TORPAQDAN VƏ SUDAN
ĠSTĠFADƏ, ÇARĠZMĠN KÖÇÜRMƏ SĠYASƏTĠ
Torpaq sahibliyi və torpaqdan istifadə. XIX yüzilliyin birinci yarısında
olduğu kimi Şimali Azərbaycanın torpaq fondu yenə də dövlətin mülkiyyəti olan xəzinə
torpaqlarından və xüsusi mülkiyyət kimi yerli bəylərin - mülkədarların ixtiyarlarında
olan xüsusi sahibkar torpaqlarından ibarət idi. Az da olsa ayrı-ayrı kəndlilər tərəfindən
xüsusi mülkiyyət kimi satın alınmış torpaqlar və dini idarələrə məxsus olan vəqf
torpaqları da var idi.
Xəzinə torpaqları 6,7 mln desyatinə bərabər olub, Şimali Azərbaycanın bütün
torpaq fondunun 83%-ni təşkil edir, xəzinə isə ən iri torpaq sahibi kimi çıxış edirdi.
Xəzinə torpaqlarının təxminən 4,5 mln desyatini bilavasitə xəzinənin
ixtiyarında olub otlaqlardan, örüşlərdən, cüzi əkin sahələrindən, neft verən torpaqlardan,
müxtəlif faydalı qazıntı mədənlərindən və nəhayət, yararsız torpaqlardan ibarət idi. Bütün
xəzinə torpaqlarının 2,2 mln desyatini isə pay torpaqları kimi dövlət-xəzinə kəndlilərinin
istifadəsində idi.
Xəzinəyə məxsus olan meşələrin sahəsi 900 min desyatinə çatırdı. Dövlət
kəndliləri xəzinənin meşə torpaqlarını sərbəst surətdə əkin sahələrinə çevirir, təsərrüfat
ehtiyacları üçün meşələrdən ağac qırırdılar. XIX yüzilliyin 60-cı illərinin əvvəllərində
xəzinə meşələrinin mühafizəsi haqqında qaydaların tətbiq edilməsindən və
meşəbəyiliklərin yaradılmasından etibarən isə meşə sahələrinin əkin üçün təmizlənməsi
və xəzinə meşələrinin qırılması qadağan olundu
Xəzinə torpaqlarının təxminən 2 mln desyatinini otlaqlar və örüşlər
tuturdu. Otlaq və örüş sahələri xəzinə tərəfindən hər desyatinə görə müəyyən haqq
müqabilində kəndlilərə icarəyə verilirdi. Xəzinə kəndliləri pay torpağı kimi yox,
bilavasitə öz ixtiyarlarında olan, sahəsi cəmisi 71 min desyatinə çatan əkin, bostan
və bağ torpaqlarına malik idilər. Otlaqlar kimi onlar da xəzinə tərəfindən kəndlilərə
icarəyə verilirdi. Sahəsi 5 min desyatindən çox olan müzayiqə yolu ilə neft
sənayeçilərinə icarəyə verilmiş, bir hissəsi istifadədə olan neftli torpaqlar xəzinə
üçün xüsusən qiymətli idi [1]
Xüsusi sahibkar torpaqlarının sahəsi 1,3 mln desyatinə çatıb Şimali
Azərbaycanın bütün torpaq fondunun təxminən 16%-ni əhatə edirdi. Xüsusi torpaq
sahibliyi 1846-cı il reskriptinə görə bəylərin, ağaların və məliklərin xüsusi
mülkiyyəti kimi tanınmış şəxsi torpaqları əhatə edirdi.
İri torpaq sahibləri içərisində 100 nəfərdən artıq adamın hər biri 1000
desyatindən çox torpağa malik idi. Bunlardan Məlikbəylərova 21500,
Zülqədərovlara 37500, Şirvanskilərə 60000, Adıgözəlovlara 44500, Talışxanovlara
64000, Qarabağ xanlarının törəmələrinə 124 min desyatin torpaq məxsus idi [12].
İri torpaq sahiblərinin bir hissəsi özlərinin şəxsi təsərrüfatına malik
deyildilər və onların əksəriyyəti ata-baba malikanələrini tərk edib şəhərlərə
köçürdü. Burada onlar pay torpaqlarına görə xüsusi sahibkar kəndlilərindən
malcəhət şəklində alınan vəsait və malikanələrini girov qoymaq hesabına
yaşayırdılar. Azərbaycan bəylərinin digər hissəsi əmtəə istehsalının geniş inkişafı
ilə əlaqədar olaraq öz təsərrüfatını yaratdı və kənd kapitalistlərinə çevrildi.
Bəylərlə yanaşı, xüsusi torpaq mülkiyyətçiləri içərisində kəndlilər də var
idi. 1886-cı il ərəfəsində kəndlilərin mülkiyyətində həyətyanı bağ, bostan, əkin vo
örüş sahələrindən ibarət təxminən cəmisi 16-18 min desyatin torpaq var idi [3].
Şimali Azərbaycanın vəqf torpaqları kiçik torpaq mülkiyyətinə malik
olub, burada torpaq sahibkarları - feodal kimi çıxış edən üç dini müəssisəyə
nıəxsus idi: erməni-qriqorian kilsəsi, müsəlman məscidi və pravoslav kilsəsi [4].
Sayı 988916 nəfərə çatan dövlət kəndliləri bütün kənd əhalisinin 60%-ni,
yəni maddi nemətlər istehsalçılarının böyük əksəriyyətini təşkil etsələr də, bütün
xəzinə torpaqlarının cəmisi 39% pay torpağı kimi onların istifadəsində idi. Torpaq
kəndli həyətləri arasında qeyri-bərabər bölüşdürülmüşdü. XIX yüzilliyin 80-ci
illərin ortalarında hər birinə cəmisi 2 desyatinədək pay torpağı düşən kəndlilərin
sayı 394 min nəfərdən çox olub, bütün dövlət kəndlilərinin 50-ni təşkil edirdi. Bu,
Rusiyanın mərkəzi quberniyalarındakına nisbətən 2-3 dəfə az idi.
Kəndlilərin istifadəsindəki əkin torpaqlarının sahəsi daha az idi. Bütün
dövlət kəndlilərinin yarısının istifadəsində cəmisi 269 min əkin torpağı var idi.
Orta hesabla hər bir nəfərə düşən əkin torpaqlarının sahəsi isə çox cüzi idi:
Naxçıvan qəzasında 0,33 dcsyatin Cəbrayıl qəzasında 0,38 desyatin Cavad
qəzasında 0,44 desyatin Lənkəran qəzasında 0,71 desyatin və s. 1,15 min nəfər ən
yoxsul kəndlinin hər birinə düşən əkin sahəsi isə həddən artıq kiçik olub, 0,015
desyatindən 0,49 desyatinədək tərəddüd edirdi.
Hər birinə 2 desyatindən 5 desyatinədək pay torpağı düşənlər kəndlilərin
orta qrupunu təşkil edirdilər. Onların sayı 325 min nəfərə çatırdı.
Bütün pay əkin torpaqlarının yarısından çoxu (474 min des.) və ya 53%-i
bütün orta qrup kəndlilərinin 41%-nin əlində cəmlənmişdi. Burada adambaşına
düşən pay əkin torpaqlarının sahəsi 1 -22 desyatin arasında tərəddüd edirdi.
Əkin torpaqlarından başqa, ortababların istifadəsində 20 min des. bağ və
521 min desyatin örüş-otlaq sahəsi vardı.
Kəndlilərin adambaşına 5 des.-dən çox pay torpağı düşən varlı yuxarı
təbəqəsi sayca kiçik bir qrupu təşkil edirdi. Sayı təxminən 67,5 min nəfərə çatan bu
təbəqə bütün dövlət kəndlilərinin 9%-nə bərabər idi. 523 min desyatin torpaq və ya
dövlət kəndlilərinin ümumi pay torpağı fondunun 25,8%-i varh kəndlilərin
təxminən 11 min təsərrüfatının istifadəsində idi.
Şimali Azərbaycanda sahibkar kəndlilərinin sayı 425 min nəfərdən çox
idi. Onlarınh əsas hissəsi Yelizavetpol quberniyasında yaşayırdı. Bu kəndlilərin
pay torpaqlarınm sahəsi 489267 desyatinə bərabər idi. Bu sahənin 310 min
desyatini əkin, 130 min desyatini otlaq və örüş, 50 min desyatini isə bar və yararsız
torpaqlar idi.
Bütün sahibkar kəndliləri 91,5% və yaxud 389711 nəfərinin hər hirinə 2
desyatindən az pay torpağı düşürdü. Adambaşına düşən pay torpağını sahəsi 0,69
desyatindən 0,8 desyatinədək tərəddüd edirdi
Adambaşına 2 des-dən 5 des.-dək pay torpağı düşən orta qrupun sayı 30 min
nəfərə (bütün sahibkar kəndlilərin 7%) bərabər idi.
Sahibkar kəndlilər içərisində varlı kəndlilərin xüsusi çəkisi çox az idi: onlar
5.811 nəfər olub, bütün sahibkar kəndlilərin 5%-ni təşkil edirdilər. Say azlığına
baxmayaraq, onlar bütün əkin sahələrinin 5 və ümumpay torpaqlarının 11 %-ni öz
əllərində cəmləşdirmişdilər. Varlı kəndlilər içərisində adambaşına düşən pay torpağının
sahəsi 5,6-10 des. arasında tərəddüd edirdi. Burada isə əkin sahəsinin xüsusi çəkisi
böyük idi.
Ümumiyyətlə, islahatdan sonrakı dövrdə Şimali Azərbaycan kəndliləri üçün
aztorpaqlılıq səciyyəvi hal idi. Kəndlilərin demək olar ki, 65%-nin hər bir nəfərinə orta
hesabla 0,63 des. əkin torpağı düşürdü. Bu qrup öz təsərrüfatını atan, pay torpağını icarəyə
verən, əmək alətlərindən məhrum olub kəsbkarlığa gedən kəndlilərin ən böyük hissəsini
təşkil edirdi.
Kəndlilərin bir hissəsi torpağa kəskin ehtiyac hiss edərək, onu ağır şərtlərlə
xəzinədən və bəylərdən icarəyə götürməyə məcbur idi. XIX yüzilliyin 90-cı illərində
kəndlilər Bakı quberniyasında xəzinədən 550 min des. Yelizavetpol quberniyasında isə
xəzinə və bəylərdən 600 min des.-dən çox torpaq icarəyə götürmüşdülər. İcarəyə
götürülmüş torpaqların çox hissəsini otlaq və örüşlər təşkil edirdi.
Xəzinə kəndlilərinin istifadəsində olan dövlət torpaqları, alman kolonistləri və rus
köçkünlərinin məskunlaşdırılmasına aid olan kiçik istisnalar nəzərə alınmaqla, heç vaxt
torpaq münasibətlərinin nizamlayacaq heç bir qanunvericilik aktının predmeti olmamışdı.
Bundan əlavə, Şimali Azərbaycanda kəndlilərin torpaqla təmin olunması və onların pay
torpaqlarının normalaşdırılması üzrə heç bir addım atılmamışdı.
Pay torpağı sahələrinin ölçüləri və sərhədləri barəsində heç bir məlumatın
olmaması, başlıcası isə təkcə ayrı-ayrı mülklər deyil, həm də ayrı-ayrı kəndlər arasında
dəqiq sərhədlərin yoxluğu ən böyük bəla idi. Dəqiq sərhədlərin-mərzləmənin yoxluğu
qonşu kəndlər arasında və onların içərisində ziddiyyətlər yaradırdı. Bir tərəfdən, öz pay
torpaqlarının dəqiq sərhədlərini bilməmək, digər tərəfdən isə bu torpaqları
genişləndirmək və yeni torpaq sahəsi ələ keçirmək cəhdləri qanh toqquşmalara gətirib
çıxarırdı.
Dövlət kəndlilərinin istifadəsində olan xəzinə torpaqları kənd cəmiyyətləri
adlanan kəndlərin ümumi istifadəsində idi. Təsadüfi deyildir ki, bölgü zamanı dövlət
vergiləri ayrı-ayrı kəndli həyətləri arasında deyil, kənd cəmiyyətləri arasında bölünürdü.
Digər tərəfdən, vergiləri kənd cəmiyyətləri arasında bölüşdürmək üçün onların
istifadəsində olan torpaqların sahəsini müəyyənləşdirmək, yəni mərzləmə aparmaq
lazım idi.
―Cənubi Qafqaz diyarının mərzlənməsi haqqında Əsasnamə‖ 1861-ci il
iyunun 29-da təsdiq olundu. Bu Əsasnaməyə görə, ―həm kənd cəmiyyətlərinin ixtiyarında
olan, həm də onların bilavasitə ixtiyarrıda olan dövlət torpaqlarının sərhədlərinin
ayrılması qaydaları müəyyənləşdirilmişdi
‖
[5].
Daha sonra bu Əsasnamədə hər bir kənd cəmiyyətinin həqiqi istifadəsində
olan torpaqların mərzlənməsi qaydası göstərilir, habelə mübahisələrin həlli qaydası
müəyyənləşdirilirdi. Göstərilən Əsasnamə ilə yanaşı, Cənubi Qafqazdakı bütün xəzinə
torpaqlarının sahəsini və sərhədlərini mümkün qədər dolğunluqla müəyyənləşdirmək
nəzərdə tutulurdu.
Lakin ayrı-ayrı kənd cəmiyyətlərinə öz kəndlərinə məxsus olan torpaqları
mərzləmək hüququ verən bu ―Əsasnamə‖nin dərc olunmasına baxmayaraq, torpaqların
mərzlənməsi - hər bir kənd cəmiyyətinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə,
demək olar ki, heç bir iş aparılmırdı.
1887-ci il iyunun 2-də Cənubi Qafqazın mərzlənməsi haqqında yeni qanun
verildi. Lakin 1887-ci il qanunu mərzləmənin gedişini sürətləndirmədi, əksinə onu
ləngitdi. Bu qanun Cənubi Qafqaz dövlət kəndlilərinin torpaq quruculuğu məsələsinin
tezliklə həllinə nəinki kömək göstərmədi, əksinə sonuncu vəzifənin yerinə yetirilməsini
qeyri-müəyyən müddətə arxa plana itələdi [6].
Mövcud ənənələrə görə, dövlət kəndliləri torpaqdan icmalıqla istifadə
edirdilər və hər dörd ildən bir vaxtaşırı bölgüsü həyata keçirilməli idi. Lakin vaxtaşırı
bölgülər, demək olar ki, aparılmır, aparıldıqda isə bu bölgünün zəif cəhəti də aşkara
çıxırdı, yəni onlar kəndin pay torpağında qüvvətli adda-buddalıq yaradırdı. İş burasında
idi ki, torpaqların yeni bölgüsü zamanı hər bir kəs əvvəlcə istifadə etdiyi əkinlərin sahibi
olaraq qalırdı. Çoxtorpaqlı həyətdən torpağın bir hissəsi aztorpaqlı həyətə verilmək
üçün kəsib götürülürdü. Əlavə torpaq alan kəndli bu torpaqları kiçik-kiçik sahələr
halında, bir-birindən və əsas pay torpağından xeyli aralı şəkildə alırdı. Bu cür
səpələnmiş torpaqlardan istifadə çox əlverişsiz idi və elə olurdu ki, istifadə etməyin
qeyri-mümkünlüyü üzündən yeni torpaq alanlar onlardan imtina edirdilər.
Yeni torpaq bölgülərinin keçirilməməsi üzündən kəndli pay torpaqları
icma torpaqlarından həyət-malikanə torpaqlarına çevrilir, dövlət kəndliləri yuxarı
təbəqələrinin ictimai torpaqlarını qəti surətdə bölüşdürmək cəhdi güclənirdi.
Suvarılan torpaqların qəti bölgüsünə hələ XIX yüzilliyin 80-ci illərində başlamaq
niyyətində olan Baş Göynük kəndi (Nuxa qəzası) bu baxımdan nümunə ola bi-lər.
Bu bölgüyə başlıca olaraq varlı kəndlilər can atırdılar. Çünki onlar torpaqlardan
həyətlərlə istifadə şəraitində verdikləri borcu sanballı girovlarla təmin etmək və
müflisləşmiş kəndlilərin torpaqlarını su qiymətinə almaq imkanı əldə edirdilər.
Qeyd etmək lazımdır ki, qəti bölgüdən sonra birdəfəlik olaraq bu və ya
digər kəndlinin daimi istifadəsinə keçmiş torpaqlar bəzi rəsmi sənədlərdə sahə-
həyətyanı torpaqlar sayılmır və icma mülkü adlandırılırdı. Lakin bu da torpaq
sahələrini ələ keçirmiş adamlara özlərini bu torpaqların tamhüquqlu sahibi
saymağa mane olmurdu.
Qəti bölgülərdən sonra yaranan həyət-malikanə torpaqlarından başqa
sahə-həyətyanı torpaqlar da var idi. Kəndlilərin xeyli maddi və pul vəsaiti sərf
etdikləri torpaq sahələri sahə-həyətyanı torpaqlar sayılırdı. Bu torpaqlar dövlət
kəndlilərinin nəsli istifadəsində qalırdı. Müəyyən bir torpaq sahəsinin onu birinci
olaraq əkinə yararlı hala salmış adamın nəsli istifadəsinə verilməsi kimi cəmiyyətdə
mövcud olan qayda Şimali Azərbaycanın dövlət kəndində sahə-həyətyanı
torpaqlarının meydana çıxmasının digər səbəbi idi. Dövlət torpaqlarının sadəcə
çəpərlənməsi və onların intensiv surətdə becərilməsi yolu ilə sahə-həyətyanı
torpaqlarının yaranması kifayət qədər geniş yayılmışdı. Həyətyanı torpaq sahibliyi
də bu yolla yaranırdı: kəndlilər meşələri təmizləyir, onu əkinlərə və bağlara
çevirirdilər. Onlar hesab edirdilər ki, torpağı meşədən təmizləmək üçün sərf
etdikləri zəhmət onlara bu torpaq sahəsindən təkbaşına istifadə etmək hüququ
verir.
Dövlət kəndliləri həyətyanı, biçin və bağ torpaqlarından istifadə hüququnu
öz xüsusi mülkiyyətləri kimi satırdılar, özü də alıcı vergi və rüsumları ödəmək üzrə
satıcının bütün təhəddüdlərini öz üzərinə götürürdü. Lakin əkin torpaqlarından
istifadə hüququnun da satılması halları baş verirdi. Belə torpaqların alğı-satqısı əsasən
eyni bir icmanın üzvləri arasında baş verir və buna görə də satılan torpaqlar bu icmanın
tərkibindən kənara çıxmırdı. Lakin torpaqlardan istifadə hüququnun digər kəndlərin
sakinlərinə və hətta şəhərlilərə satılması halları da var idi. ―Rayonda kəndlilərin ictimai
torpaq münasibətləri torpaq barəsində ancaq xüsusi mülkiyyətçilər arasında baş verə
biləcək alğı-satqının tamamilə sərbəst surətdə həyata keçirilməsinə yol verir. Torpaqların
girov qoyulması və alınıb-satılması burada (Lənkəran qəzasında) geniş yayılmışdır‖ [7].
Torpaqların əsas alıcıları varlı kəndlilər və bəylər idi [8].
Torpaqların satışı, yazılı müqavilələrsiz, torpağın faktiki olaraq başqasına
verilməsi yolu ilə həyata keçirilirdi. Lakin bəzən alıcıda qəbalə şəklində adicə
imzalanmış kağız qalırdı ki, burada da hansısa kəndlinin hansısa kəndliyə nə qədər
torpağı hansı qiymətə satdığı qeyd olunurdu. Adətən torpaqdan istifadə və torpaq
sahibliyi hüququ bir parça kağızdakı bu cür qəbzlərlə satılırdı.
XIX yüzilliyin sonunda Bakı qəzasında xüsusən çox torpaq satılmışdı. 1897-
1899-cu illər ərzində Bakı qəzasının kəndlərində 1000-dən artıq torpaq sahəsinin alğı-
satqısı olmuşdur [9]. Dövlət kəndliləri təkcə öz həyətyanı torpaqlarını deyil, hətta əkin
torpaqlarını da satır və girov qoyurdular. Kəndlilər öz torpaqlarını satmaqdan başqa, onu
müəyyən haqq müqabilində icarəyə də verirdilər.
XIX yüzilliyin 40-cı illərindən dövlət torpağından istifadə müqabilində
kəndlilərdən pulla haqq almırdı. Hələ feodal rentası şəklində olan bu haqq tədricən
dövlət vergisi formasını aldı. Kəndlilər torpaqlardan istifadəyə görə icarədarlar kimi icarə
haqqı ödəyirdilər. Rəsmi çar sənədlərində dövlət torpaqlarından istifadə edən kəndlilərin
təsərrüfatları xüsusi təsərrüfatlar sırasına şamil edilirdi [10].
Xüsusi sahibkar kəndinə gəldikdə isə pay torpaqları kəndlilərin ixtiyarına
verilmişdi. Hərçənd ki, onlar əvvəlki kimi torpaq sahibkarı olan bəydən iqtisadi
asılılıqda qalaraq, onların xeyrinə mükəlləfiyyətlər yerinə yetirməli idilər.
Həm dövlət, həm də sahibkar kəndində icarə geniş yayılmışdı. Torpağı bəylər,
varlı kəndlilər və öz pay torpaqlarını becərmək imkanı olmayan kəndlilər icarəyə
verirdilər.
İcarə adətən qısamüddətli olurdu, lakin uzunmüddətli icarə də mövcud idi.
Qısamüddətli icarə müqaviləsi 1-3, uzunmüddətli isə 2-30 ilə və daha uzun müddətə
bağlanılırdı. Şimali Azərbaycan rayonlarında ən çox yayılmış uzunmüddətli icarə
müqavilələri təxminən 7-12 illə məhdudlaşırdı. İcarənin ən geniş yayılmış forması bir
neçə növdə təmsil olunmuş natural (məhsul) icarə idi. Bu növlərdən birincisi və ən
geniş yayılanı pay icarəsi, paydarlıq idi. Bu icarə zamanı kəndli mülkədardan icarə
olunmuş torpağı öz alət və iş heyvanları ilə becərir və məhsulun bir hissəsini
mülkədara verirdi. İcarənin digər forması pul icarəsi idi. Məhsulun bölünmədiyi
torpaq sahibinin əvvəlcədən müəyyən edilmiş məlum haqqı pulla aldığı torpaq
icarəsi halları pulla torpaq icarəsinə keçid idi. Kəndlilərin əksər kütləsi ona görə pulla
icarəyə can atmırdı ki, nəğd pul tapmaq onlar üçün çətin idi, özü də icarədar kəndli
bu pulu əksər hallarda əvvəlcədən - məhsul yığımınadək ödəməli idi.
Pulla icarə başlıca olaraq kəndin həmişə nəğd pula malik olan və torpağı
nisbətən uzun müddətə icarəyə götürən varlı təbəqələr içərisində yayılmışdı. Pulla
icarə şəraitində natural münasibətlər tədricən bəy və icarədar kəndlilər arasında pul
münasibətləri formasını alırdı. Belə şəraitdə icarədarların varlı hissəsi aztorpaqlı
kəndlilərin hesabına öz icarə sahələrini genişləndirir və beləliklə də, muzdlu
fəhlələrin - torpaqsız və aztorpaqlı kəndlilərin əməyini istismar edən kapitalist
icarədarlar meydana çıxırdılar.
Su sahibliyi və sudan istifadə. Bu dövrdə Şimali Azərbaycan 3 milyon
desyatin əkin üçün əlverişli torpağın 2 milyon desyatindən çoxunun suya ehtiyacı olan
bir ölkə idi. Kür və Araz çayları vadilərində süni suvarmasız becərmək qeyri-mümkün
idi. Cənubi Qafqazm şərqində, aran yerlərində əhalinin rifahı torpağın böyüklüyündən
deyil, suvarma suyunun qədərindən asılı idi [11].
Şimali Azərbaycan suvarma üçün zəngin su ehtiyatına malikdi; su ehtiyatının
çox hissəsini çaylar, bulaqlar, qara su, təbii nohur və s. təşkil edir. Bütün Şərqdə olduğu
kimi, Şimali Azərbaycanda da başlıca suvarma mənbəyi çaylardan ibarətdir. Bu dövrdə
Cənubi Qafqazda 181 çayın [12] 131-i [13] Şimali Azərbaycan ərazisində axırdı. Kür və
Araz su ehtiyatına görə Şimali Azərbaycanın ən iri çayları idi. Şimali Azərbaycanda
suvarma əsas etibarilə arxlar vasitəsilə təşkil edilirdi. 1880-1890-cı illərdə Şimali
Azərbaycanda arxların sayı 1000-ə çatırdı. Bu arxların böyük əksəriyyəti Yelizavetpol
quberniyasında idi. Kəndlilər suvarma vasitəsi kimi kəhriz və su anbarlarından da
islifadə edirdilər. 1884-cü ildə Yelizavetpol, Şuşa, Naxçıvan, Qazax qəzalarında 497
kəhriz qeydə alınmışdı [14].
Quraqlıq zamanı susuz qalan arxları su ilə təmin etmək üçün güclü yağış,
yaxud çayların suyu çox olan vaxtda suları, ehtiyat mənbəyi kimi, saxlamaqdan ötrü
su anbarları tikilirdi. Şimali Azərbaycanda belə anbarların sayı 158-ə çatırdı [15].
Şimali Azərbaycanda bütün suvarılan əkinlərin sahəsi 582,856 desyatinə
çatırdı [16]. Bu, suvarma vasitəsilə əkilməyə yararlı olan bütün torpaqların cəmi
dörddə birindən bir qədər çoxunu təşkil edirdi.
Suvarma vasitələrinin çox hissəsi xüsusi sahibkarların əlində toplanmışdı.
Muğanda Şirvan xanlarına mənsub olan, Araz çayından başlanğıc götürən Qızılarx və
Xakiarx kimi iri suvarma sistemləri ilə yüz min desyatindən çox torpaq suvarılırdı.
Sudan istifadə xalq adəti ilə nizama salımrdı. Bu adətdən istifadə etməkdə dövlət və
sahibkar kəndliləri eyni hüquqa malik idilər. Xalq adəti təbii axar sulan əhalinin ümumi
əmlakı hesab edirdi [17].
Təbii sulardan bərabər istifadə hüququ bütün Şərqdə olduğu kimi, Şimali
Azərbaycanda da sahil hüququnun olmaması ilə əlaqədar idi. Yəni çayın sahilinə yaxın
olan kənd cəmiyyətləri və xüsusi sahibkarlar torpaqlarını suvarmaq üçün çayın sahilindən
xeyli uzaq olanlarla eyni dərəcədə sudan istifadə etmək hüququna malik idilər [18].
Təbii suların əksinə olaraq arx, kəhriz, su anbarı, su quyusu və s. ilə yer
üzərinə çıxarılan sular həmin suvarma vasitəsinin inşasında iştirak edən torpaq
sahiblərinin və kənd cəmiyyətlərinin xüsusi mülkiyyəti hesab olunurdu. Adətə görə,
ayrı-ayrı şəxslər və kənd cəmiyyətləri tərəfindən çəkilən arxın suyundan heç bir yad
şəxsin və kənd cəmiyyətinin istifadə etməyə ixtiyarı yox idi. Arxın çəkilməsində
iştirak edən kənd cəmiyyətinin üzvləri sərf olunan əməyə və vəsaitin qədərinə görə
sudan istifadə etmək hüququ alırdılar. Çayda, arxda axan suyun qabağını kəsib, özünə
çoxlu su payı götürmək və s. ciddi surətdə qadağan edilirdi [19].
Şimali Azərbaycan kəndində suvarma suyunun növbə ilə bölüşdürülməsi bir
neçə mərhələdən ibarət idi. İlk mərhələdə suvarma suyu kənd cəmiyyətləri arasında,
sonra hər cəmiyyətə daxil olan kəndlər arasında, nəhayət, son mərhələdə isə hər
kəndin payına düşən suvarma suyu əvvəlcə həyət qrupları, sonra isə hər qrupun
daxilində olan həyətlər arasında bölüşdürülürdü. Həyətlər suvarma suyunu
bölüşdürmək üçün öz aralarında qruplar təşkil edirdilər. Şimali Azərbaycan
kəndində bu qrupların dağ, təsnək, kəşkəl, göz. dəngə və s. növü məlum idi [20].
―Dəngə‖ suvarma qrupu Bakı, ―göz‖ qrupu Yelizavetpol, ―dağ‖ qrupu isə Naxçıvan
qəzasında yayılmışdı. Suvarma suyu çox yerdə həyətlərin sayına görə bölünürdü.
Lakin təbəqələşmənin qüvvətlənməsi ilə əlaqədar hər həyətin əkin sahəsinin
bərabər olmaması, suvarma suyuna tələbatın artması vəs. suvarma suyunun
həyətlərin sayına görə bölüşdürülməsində böyük çətinlik törədirdi. Buna görə də
təbəqələşmə nəticəsində qüvvətli. torpağı nisbətən çox olan kəndlərin əhalisi suyun
həyətlərin sayına görə deyil, torpağın sahəsinə görə bölüşdürülməsini tələb edirdi.
Qəzaların çoxunda suvarma suyu qeyri-bərabər bölüşdürülürdü. Lənkəran
qəzasında çəltik təsərrüfatının geniş yayılması sudan istifadə qaydasını başqa
qəzalara nisbətən daha da mürəkkəbləşdirmişdi; çəltik plantasiyalarının
genişlənməsi ilə suya tələbatın anması nəticəsində burada həmçinin başqa
qəzalarda suvarma suyu nəinki qeyri-bərabər bölüşdürülürdü, su payının
oğurlanması, zəbt edilməsi, su üstündə dava-dalaş düşməsi və s. adi hal olmuşdu
[21].
Suvarma suyunun düzgün bölüşdürülməməsi, su üzərində hüququ və sudan
istifadə qaydalarını rəsmiləşdirən heç bir qanunun olmaması, bunların hələ də xalq
adət-ənənələrinə əsaslanması suvarma təsərrüfatında böyük qarmaqarışıqlıq və
hərc-mərclik yaratmışdı.
Suvarma suyunun bölüşdürülməsini təşkil edən inzibati şəxslər - mirab və
cuvarlar da varlı kəndlilərin mənafeyini müdafiə edirdilər. Mahallarda bütün bu
işlər suvarma təsərrüfatına rəhbərlik mirabların əllərində mərkəzləşmişdi. Onun
başlıca vəzifəsi baş arxlar vasitəsilə suyun kənd cəmiyyətləri, onların tərkibinə
daxil olan kəndlər arasında bölüşdürülməsinə nəzarət etməkdən, sudan istifadə
növbəsini nizama salmaqdan və cuvarların işinə nəzarətdən və s. ibarət idi. Cuvarlar
isə arxların texniki vəziyyətinə, bir arxdan istifadə edən bir və ya bir neçə kəndin
sudan istifadə qaydasına, həmin kənddə həyətlərin arasında suyun bölüşdürülməsinə
nəzarət edirdilər.
1890-cı il dekabrın 3-də Cənubi Qafqazda torpaqların suvarılması işində
hüquqi əsaslar və qayda-qanun yaratmaq məqsədilə ―Sudan istifadə haqqında
Əsasnamə‖ qəbul edildi. Bu, Cənubi Qafqazda su sahibliyi və sudan istifadənin
hüququ əsaslarını, suvarma işlərinə nəzarət edən idarələrin quruluşunu, bu idarələrin
vəzifəli şəxslərinin hüquqlarını, görüləcək işləri müəyyən etdi.
―Əsasnamə‖ su üzərində xüsusi mülkiyyətin ləğv olunmasını elan etdisə də,
o, əslində iri mülk sahiblərinin mənafeyinə toxunmadan sudan istifadədə mövcud olan
əvvəlki qaydanı saxladı. Suvarma üzrə yeni inzibati bölgü yaratdı, bütün suvarma
təsərrüfatına rəhbərlik edən Qafqaz su müfəttişi və hər su sahəsinin idarəçisi sayılan su
mühəndisi vəzifələrini təsis etdi. Yenə də hər üç ildən bir seçilən mirab sudan istifadə
işində həlledici rola malik idi. Hər il seçilən cuvarlar yenə də mirablara tabe edilirdilər.
―Əsasnamə‖ sudan istifadə qaydalarında dəyişiklik yaratmasa da, onları
rəsmiləşdirməkdə mühüm iş gördü. Ayrı-ayrı yerlərdə mövcud olan müxtəlif sudan
istifadə qaydalarını eyniləşdirdi və rəsmiləşdirdi, bütün Şimali Azərbaycan kəndi üçün
eyni sudan istifadə qaydaları müəyyən etdi. Lakin ―Əsasnamə‖də irəli sürülən
müddəalar əsasən kağız üzərində qaldı, yenə də suvarma suyunun bölüşdürülməsində
növbə qaydasının pozulması, hərc-mərclik, özbaşınalıq halları hələ də qalmaqda idi.
Çarizmin köçürmə siyasəti. Çarizmin köçürmə siyasəti onun aqrar
siyasətinin həlqələrindən biri idi.
Şimali Azərbaycanda çar müstəmləkəçiləri qəsbkar aqrar siyasəti həyata
keçirir, bunun da nəticəsində yerli əhali irsi torpaqlarından qovulur, aztorpaqlılıqdan
kəskin əziyyət çəkirdi. Tarixi qaynaqlar sübut edir ki, çar mütləqiyyətinin Azərbaycandakı
ağalığının bütün tarixi həm də yerli, vilayət, milli torpaqların tamamilə qarət edilməsi
tarixindən ibarətdir.
Çar Rusiyası Azərbaycandakı ağalığının ilk günlərindən burada özünə xristian
dayağı yaratmağa, müxtəlif xristian kütlələrini Azərbaycan torpaqlarında yerləşdirməyə
can atırdı.
XIX əsrdə Şimali Azərbaycan ərazisinə ilk xristian köçkün almanlar olmuşlar.
Onlar 1818-ci ildə Qafqaz Baş Komandanlığının təhriki və köməyi ilə Yelenendorf və
Annefeld koloniyalarının əsasını qoymuş və tezliklə rus təbəəliyini qəbul etmişlər [22].
Çar hökuməti alman kolonistlərinə ən yaxşı yerlərdə 13 min desyatin pay torpaqlan ayırdı və
yeni yerdə təsərrüfat yaratmaq üçün maddi yardım göstərdi. Köçkünlərin iqtisadi
vəziyyətlərinin yaxşılaşması Azərbaycan kəndlilərinin öz torpaqlarından sıxışdırılması
hesabına baş verirdi.
Şimali Azərbaycan ərazisində rusların məskunlaşmasının əsas 1830-cu
illərdə, xidmət müddətləri başa çatdıqdan sonra əvvəlki yaşayış yerlərinə qayıtmaq
istəməyən, tərxis olunan əsgərlərin ailələrindən ibarət ilk rus yaşayış məntəqələrinin
yarandığı dövrdə qoyulmuşdur. İlk belə yaşayış məntəqəsi Bakı quberniyasının Quba
qəzasındakı Qusar kəndi olmuşdu. Şirvan alayının tərxis olunmus əsgərləri və onların
ailələri onun ilk sakinləri oldular [23]. Sonralar tərxis olunmuş əsgərlərin digər
yaşayış məntəqələri də Şamaxı qəzasında Dmitrovka və Altıağac, Şuşa qəzasında
Xankəndi və Lənkəran qəzasında Pravoslavnoye meydana çıxdı [24].
Lakin bütün Cənubi Qafqazda olduğu kimi, Şimali Azərbaycan ərazisində də
rus yaşayış məskənlərinin əsas hissəsini 1830-cu illərin əvvəllərində verilmiş xüsusi
sərəncama əsasən Rusiyanın daxili quberniyalarından köçürülmə siyasətinə məruz
qalanlar təşkil edirdi.
Otuzuncu və qırxıncı illər ərzində rus təriqətçilərinin güclü köçürülməsi
həyata keçirilirdi. Rusların məskunlaşdığı əsas rayonlar Şamaxı, Lənkəran,
Yelizavetpol və Qazax qəzaları idi. Köçürmənin başlanmasından sonrakı ilk onillik
ərzində Şamaxı qəzasında 8 - Cabanı, İvanovka, Qaraməryəm, Gülüllü, Mərəzə,
Maryevka, Hilmilli, Çuxuryurd; Lənkəran qəzasında 6 - Andreyevka, Astraxanka,
Nikolayevka, Novoqolovka, Prişib, Privolnoye; Qazax qəzasında 3 - Qolovino, Yeni
Dilican, Mixaylovka vo Yelizavetpol qəzasında 2 - Borisı və Slavyanka kimi rus
kəndləri yarandı. Köçkünlər əsasən Tavriya, Stavropol, Tambov, Voronej, Saratov,
Orenburq, Bessarabiya və hətta Yenisey quberniyalarından idilər.
XIX
yüzilliyin
50-70-ci illərində Rusiyanın bilavasitə daxili
quberniyalarından Şimali Azərbaycana köçürmə dayandırıldı. Bu otuz il ərzində yeni
rus məskənləri yalnız Şuşa qəzasında (Ballıqaya kəndi), Yelizavetpol qəzasında
(Mixaylovka kəndləri) və Quba qəzasında (həmçinin Mixaylovka kəndi) meydana
gəldi.
XIX yüzilliyin son 20 ilində Muğanda rus köçkünlərinin daha üç yaşayış
məntəqəsi yarandı. 1887-ci ildə gələcəkdə Cavad şəhəri yaratmaq üçün nəzərdə tutulan
yerdə Petropavlovskoye, 1898-ci ildə isə Yeni Araz rayonunda Novo-Nikolayevka
(Para-Nuru), Novo-Aleksandrovka (Bayramqulu) və Kaqerman kəndlərinin əsası
qoyuldu [25].
Bu dövrün səciyyəvi xüsusiyyəti Şimali Azərbaycan və Cənubi Qafqaz
ərazisində rusların daha çox yerləşdirilməsi idi. Nəinki ayrı-ayrı ailələr, hətta bütöv
kəndlər ilk yaşayış yerlərini tərk edir, məskunlaşmamış yeni məntəqələrdə və yaxud
artıq ruslar tərəfindən məskunlaşmış yerlərdə məskən salırdılar.
50-70-ci illərdə daxili yerdəyişmə hesabına Şimali Azərbaycanda yeni rus
yaşayış məntəqələri - Yelizavetpol qəzasında Novo-Saratovka, Cavad qəzasında Novo-
İvanovka, Lənkəran qəzasında Veb və Naxçıvan qəzasında Kormalinovka (Biçənok)
meydana gəldi.
Hələ 1846-cı ildə yeni yaşayış məntəqələrini təşkil etmək üçün yaradılmış
komissiya həm artıq məskunlaşmış, həm də gələn köçkünlərin daha yaxşı
yerləşdirilməsi sistemini işləyib hazırlamalı idi. Lakin 80-cı illərə qədər rus yaşayış
məntəqələrinin sakinləri ilə yerli icmalar və yaxud sahibkarlar arasında torpaq
sahələrinin yeni məntəqələrə verilməsi üstündə mübahisələr baş verirdi.
1900-cü ilə yaxın Şimali Azərbaycan ərazisində 41 rus kəndi yaranmışdı.
Onlardan 25-i Bakı quberniyasında, 15-i Yelizavetpol quberniyasında, 1-i isə
Naxçıvan qəzasında idi. Rus kəndlilərinin sayı Şamaxı, Lənkəran və Yelizavetpol
qəzalarında daha çox idi. Onların hər birində 8 kənd, Cavad qəzasında 4 kənd,
Göyçay və Qazax qəzalarının hərəsində 3, Quba qəzasında 2, Cəbrayıl, Cavanşir,
Zəngəzur, Şuşa və Naxçıvan qəzalarının hər birində isə 1 kənd var idi.
1885-ci ildə Şimali Azərbaycandakı 38 rus kəndində 4633 ailə yaşayırdı.
Onlardan da 3232-si Bakı quberniyasında, 1380-i Yelizavetpol quberniyasında və 21-
i Naxçıvan qəzasında idi. 1885-ci ildə Şimali Azərbaycanın rus əhalisinin ümumi sayı
26285 nəfərə çatırdı.
Şimali Azərbaycanda rus köçkünlərinin torpaqla təminatı köçürülmə işindəki
plansızlıq şəraitində lap əvvəldən qeyri-bərabər idi. Məsələn, bütün rus köçkünlərinin
ixtiyarında 44795 desyatin əkinə yararlı və yararsız torpaq olan Yelizavetpol
quberniyasında hər bir həyətə düşən torpağın sahəsi orta hesabla 36 desyatin idi.
Lakin müxtəlif kəndlərdə bu, 19 desyatinlə 76 desyatin arasında tərəddüd edirdi. Bakı
quberniyasında rus köçkünlərinin ixtiyarında olan bütün torpaq payının miqdarı 76870
desyatin idi. Orta hesabla isə hər həyətə 23 desyatin düşürdü. Rus köçkünlərinin
torpaqla ən yaxşı təmin edilmiş kənd icmalarında hər ailəyə orta hesabla 52 desyatin
düşürdü, bu isə torpaqla ən yaxşı təmin olunmuş yerli varlı kəndlinin torpaq payından
xeyli çox idi [26].
Rus köçkünlərinin Şimali Azərbaycanda torpaqla belə təminatı çarizmin
müstəmləkəçilik siyasətini əyani şəkildə ifadə edirdi.
Torpağın kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün hazırlanmasında rus
köçkünləri yerli əhaliyə nisbətən əsasən daha təkmil alətlərdən istifadə edirdilər.
Onlar torpağı Rusiyadan gətirilmiş və yaxud özlərinin hazırladıqları kotanlarla
şumlayırdılar. Cənubi Qafqaz dəmiryolu xəttinin istifadəyə verilməsi ilə rus
kəndliləri Şimali Azərbaycanda birincilər sırasında təkmil kənd təsərrüfatı alətləri əldə
etməyə və onlardan öz təsərrüfatlarında müvəffəqiyyətlə istifadə etməyə başladılar.
Dostları ilə paylaş: |