§ 2. SƏNAYENĠN BAġQA SAHƏLƏRl
Bakıda neftçıxarma sənayesi ilə yanaşı, başqa müxtəlif sənaye sahələri də
yaranmaqda və inkişafda idi.
Neft-kimya sənayesi neft emalı ilə bilavasitə bağlı idi. Bakıda ilk kimya
zavodu 1879-cu ildə S.M.Şibayev tərəfindən təsis edildi [39]. Az sonra, 1883-cü ildə
―Nobel qardaşları‖ şirkətinin, 1885-ci ildə Skvortsovun, 1889-cu ildə isə Tumayev və
Adamovun kimya zavodları tikildi. Əsrin sonunda ―Kianda‖ səhmdar cəmiyyətinə
məxsus daha bir kimya zavodu fəaliyyətə başladı, XIX əsrin sonunda Bakıda başlıca
olaraq kükürd turşusu istehsal edən kimya zavodları fəaliyyət göstərirdi.
Məlum olduğu kimi, neft emalı üçün zəruri olan kükürd turşusu almaqdan
ötrü xammal-kükürd kolçedanı əsasən xaricdən gətirilirdi. 90-cı illərdə neft sənayesi
kapitalistləri vəziyyətdən çıxış yolu tapdılar. 1893-cü ildə ―Nobel qardaşları‖
şirkəti Dağ-mədən departamentinin rəsmi icazəsi ilə ―Simens qardaşları və
kompaniyası‖ şirkəti ilə müqavilə bağladı [40]. Müqavilənin şərtlərinə görə, ―Simens
qardaşları‖ şirkəti Gədəbəy filiz mədənlərində çıxarılan bütün filizi ―Nobel
qardaşları‖ şirkətinə satırdı. Artıq 1893-cü ilin son ayında mis kolçedanı ―Nobel
qardaşları‖nın Qara şəhərdəki kimya zavoduna göndərilirdi. Kolçedanın emalı
prosesində alınan mis yenidən Gədəbəy misəridən zavoduna qaytarılırdı. ―Nobel
qardaşlan‖ şirkəti sonralar Azərbaycanın qərb hissəsində mövcud olan kükürd
kolçedanı mədənlərini öz inhisarına almışdı. Bağlanmış müqavilələrdə göstərilirdi
ki, Simenslər mis və kükürd kolçedanını yalnız ―Nobel qardaşları‖ şirkətinə
satmalıdırlar. Beləliklə, bu müqavilə hələ XIX əsrin son rübündə dağ-mədən
sənayesinin mühüm bir sahəsinin neft sənayesinin inhisar birliklərinə tabeliyinin
başlanğıcı oldu.
Bakıdakı neft-kimya zavodlarında kükürd turşusundan başqa sənaye sodası
da alınırdı [41].
Neft sənayesinin inkişafı, mexaniki istehsala tələbat kəskin surətdə çuqun,
buxar qazanları, dəmir boruları, neft saxlamaq üçün çənlər, qazma dəzgahları və s.
istehsal etmək üçün neft sənayeçilərindən mexaniki emalatxanaların və ya zavodların
tikilməsini tələb edirdi.
―Qafqaz və Merkuri‖ gəmiçilik səhmdar cəmiyyətinə məxsus təmir-
mexaniki emalatxana əsasında 1866-cı ildə ayrıca zavod inşa edildi [42].
İkinci belə bir emalatxana 1875-ci ildə işə salındı. Sonra bu emalatxana
―Nobel qardaşları‖ şirkətinin yenidənqurma işləri əsasında böyük mexaniki zavoda
çevrildi.
XIX əsrin 80-ci illərindən başlayaraq Bakıda metal emalı sənayesi geniş vüsət
aldı. 1885-1890-cı illərdə daha 5 belə zavod tikilib başa çatdırıldı. 1887-ci ildə ―Bakı
doku‖ şirkətinin gəmi təmiri zavodu təsis olundu. 1899-cu ildə isə Ə.Dadaşovun gəmi
təmiri zavodu tikildi. Gəmilərin təmiri ilə ―Kaspi‖ neft sənayesi və ticarəti, ―Əmtəə
anbarlarının şərq cəmiyyəti‖, ―Nadejda‖ və digər səhmdar cəmiyyətlərinin mexaniki
müəssisələri də məşğul olurdular: 90-cı illərin sonunda metal emalı sənayesində 52-yə
qədər mexaniki zavod və emalatxana işləyirdi [43].
Neft sənayesi və onunla bağlı olan bir sıra sənaye sahələrinin coşqun inkişafı
daha güclü enerji mənbəyinin olmasını tələb edirdi. Elektrik sənayesi texnikanın ən
yeni nailiyyətləri üçün, XIX əsrin axırlarında və XX əsrin əvvəllərindəki kapitalizm
üçün ən tipik bir sənaye idi. Təbiidir ki, kapitalizm Bakıda da özünə enerji mənbəyi
yaratmışdı. Artıq 90-cı illərdə neft mədənlərində, zavodlarda, limanda və bəzi
yaşayış binalarında elektrik işığı yanırdı. ―Nobel qardaşları‖ şirkətinin 1897-ci ildə
tikdirdiyi elektrik stansiyasının gücündən müəssisələr də istifadə edirdi. Bundan
əlavə, Bakıda ―Svet‖, ―Abşeron cəmiyyəti‖, habelə bir sıra xırda elektrik stansiyaları
da vardı. Amma bunlar iri sənaye şəhərinin elektrik enerjisinə olan tələbatını ödəmək
iqtidarında deyildilər. Ona görə də ―Simens-Qalske‖ səhmdar cəmiyyəti və neft
sənayeçiləri birlikdə 1899-cu ildə ―Elektriçeskaya sila‖ səhmdar cəmiyyətini təsis
etdilər [44]. Qeyd etmək lazımdır ki, Bakıda olan elektrik stansiyalarının gücündən
başlıca olaraq iri neft sənayesi kompaniyaları istifadə edirdilər.
Dağ-mədən sənayesi. Dağ-mədən sənaye sahələri təkcə Bakıda deyil,
Azərbaycanın qəzalarında da yaranıb inkişaf etməkdə idi. Bunların içərisində
misəritmə sahəsi xüsusi yer tuturdu. Azərbaycanın qərb hissəsində yerləşən dağ-
mədən sənayesi, xüsusilə misəritmə istehsalı təkcə Qafqazda yox, Rusiyada da
mühüm mövqeyə malik idi. ―Simens qardaşları‖ pay şirkətinin zavodu dövrün
texniki tələbinə cavab verən mükəmməl avadanlıqla təchiz edilmişdi. Zavodun
ətrafında çilingər, xarrat və s. emalatxanalar fəaliyyət göstərirdi. Bundan əlavə,
zavodda odadavamlı kərpic istehsalı üçün xüsusi sex vardı. Bu sexdə
Zaqafqaziyada ilk dəfə bu növ kərpicin istehsalına başlanıldı. 90-cı illərdən
başlayaraq sexin istehsal gücü artırılmış kərpic buraxılışı 200 min ədədə
çatdırılmışdı.
Zavodda yanacaq kimi ağac kömüründən istifadə edilirdi. Zavodda mis
istehsalı ildən-ilə artırdı. Əgər 1870-ci ildə 44213 pud mis əldə edilmişdisə, 1877-
ci ildə bu, 52988 puda çatmışdı [45]. 1877-ci ildə Rusiyada istehsal edilmiş 213931
pud misin 25 faizdən çoxunu Gədəbəy zavodu verirdi. 1882-ci il də daxil olmaqla
mis istehsalında artıb-azalmalar müşahidə edilirdi.
―Simens qardaşları‖ şirkəti 1883-cü ildə Gədəbəy zavodundan 12 km aralı
Qalakənd çayı üzərində ikinci bir zavodun inşasını başa çatdırdı. Zavodda filiz
yandırmaq və mis əritmək üçün müxtəlif sobalar qoyulmuşdu. Yanacaq kimi neft
tullantılarından istifadə olunurdu. 1884-cü ildə hər iki zavodu birləşdirən darxətli
dəmir yol çəkilişi başa çatdı. Bu dəmir yolu tək zavodları, filiz mədənlərini deyil,
həm də ağac gətirilməsini asanlaşdırmaq məqsədilə zavoda aid əsas meşə
sahələrini birləşdirdi [46]. Yolun ümumi uzunluğu 29 verst idi.
Qalakənd zavodunda istehsalı artırmaq və elektroliz yolu ilə mis almaq
üçün çayın üzərində ümumi gücü 100 at gücündən çox olan 2 turbin düzəldildi
[47]. Bununla bağlı olaraq elektroliz vannalarının sayı da artırıldı. Əgər əvvəllər
zavodda 36 belə vanna vardısa, 1894-cü ildə onların sayı 102-dən çox olmuşdu
[48].
―Simens qardaşları‖ şirkəti elektroliz yolu ilə təmiz mis almaqdan başqa,
həm də tərkibində qızıl və gümüş olan mis çöküntüsü də alırdılar. Həmin çöküntü
xüsusi icazə ilə təkrar emal üçün Almaniyaya göndərilirdi. 1897-ci ildə
Almaniyaya 67 pud və 1900-cü il-də isə 85 pud [49] çöküntü aparılmışdı. Maraqlı
cəhət orasıdır ki, Qalakənd misəritmə zavodu Rusiya üzrə təmiz mis alan ilk zavod
idi. Belə zavodlar Rusiyanın özündə yalnız XX əsrin əvvəllərində meydana
gəlmişdi [50].
Zavodların yanacaqla təchizinin vəziyyəti sahibkarları təmin etmirdi.
Bakıdan gündə alınan 5 sistern yanacaq dəmir yolu xəttindən zavoda kimi xüsusi
dəmir çəlləklərdə daşınırdı. Ona görə də darxətli dəmir yolunu Qalakənd çayının
Şamxorçaya töküldüyü yerədək uzatmaq fikri ortaya çıxdı. Nəhayət, 1889-cu ildə
Dəllər stansiyasından Çardaxlı kəndinə qədər 21 verst uzunluğunda neft kəməri
çəkildi, 1894-cü ildə kəmər Gədəbəyədək uzadıldı. Beləliklə, kəmərin uzunluğu 42
verstə çatdırıldı. Bu ildən etibarən mazutla bərabər daş kömürdən də istifadəyə
başlanıldı [51].
Beləliklə, yuxarıda göstərilən tikinti işlərinin həyata keçirilməsi
nəticəsində hər iki zavodun istehsal gücü daha da artdı. Məsələn, 1884-cü ildə filiz
mədənlərindən 1655511 pud filiz çıxarılmışdısa, 1897-ci ildə bu, 4452850 pud
olmuşdu. 1884-cü ildə hər iki zavodda 80290 pud mis emal edilmişdisə, 1897-ci
ildə bu miqdar 137344 puda çatmışdı [52]. 1900-cü ildə mis əridilməsi 80-ci illərin
əvvəllərinə nisbətən 3 dəfə artmış, yəni 147716 pud olmuşdu. Təxminən 18 il
ərzində şirkət 7 milyon manata qədər xalis gəlir götürmüşdü. 1900-cü ildə
Rusiyada istehsal edilən bütün misin 34,6 faizini və Zaqafqaziyada alınan misin isə
68,5 faizini Azərbaycan verirdi [53].
Gədəbəy zavodunda məişətdə işlədiləcək qab-qacaq istehsal edən xüsusi
sex vardı.
Azərbaycanda mədən sənayesi sahələrindən biri - zəy istehsalı 70-ci
illərdə çox cüzi miqdarda artmışdı. 1875-ci ildə zavodda cəmi 8 min pud zəy
istehsal edilmişdi [54]. 80-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda zəy
istehsalı daha da tənəzzül etdi.
Azərbaycanda kobalt istehsalı 1870-ci ilədək zəif inkişaf etmişdi. 80-90-cı
illərdə isə kobalt filizi hasilatında xeyli canlanma əmələ gəldi. Azərbaycanda ilkin
saflaşdırmadan sonra filiz xarici ölkələrə göndərilirdi. Həmin dövrdə Almaniya,
İsveç, Norveç, Macarıstan, Amerikaya ixrac edilən filizin miqdarı artmışdı. 1893-
cü ildə həmin ölkələrə 70 min pud filiz göndərilmişdi [55]. Tərkibində 10 faiz
kobalt olan filizin pudu 70 manata satılırdı. Zavod 80-90-cı illərdə əsil kapitalist
müəssisəsinə çevrilmişdi [56].
Tikinti materialı sənayesi. Əsrin son rübündə ölkənin ümumi iqtisadi
inkişafı ilə əlaqədar tikinti materialları sənayesi sahələri də yaranırdı. Onların
içərisində iri daş karxanaları və kərpic istehsalı xüsusi yer tuturdu. 80-90-cı illərdə
Bakı və Yelizavetpol quberniyalarında 200-dən çox kərpic istehsal edən müəssisə
vardı [57]. Əlbəttə, bunların çoxu xırda müəssisələrdən ibarət idi. İstehsalat
əməliyyatlarında buxar gücündən istifadə edilən ―Atlas‖ şirkətinin müəssisələrində
ildə 2 milyondan çox, Keşlədə ―O.K.Levin L.F.Kiander i K°‖ şirkətinə məxsus
zavodda isə orta hesabla 2 milyon ədədə qədər kərpic istehsal edilirdi. Bunlardan
başqa, Bakıda ―Nargin‖, ―Vostok‖ firmaları, habelə R.K.Rəcəbov, Sabunçuda
Əmiraslanov, Rzayev və Balaxanıda Q.T.İbrahimova məxsus iri zavodlar işləyirdi [58].
Bu zavodların illik istehsal məbləği milyon manatdan çox idi.
Buxar
mühərrikləri
tətbiq olunan kərpic zavodları Yelizavetpol
quberniyasında da vardı. Quberniyadakı 100-dən çox kərpic istehsal edən
müəssisənin böyük əksəriyyəti xırda idi.
Abşeron ərazisində onlarla karxanada tikinti üçün daş kəsilirdi. 80-90-cı
illərdə kəsilən daşların orta illik sayı 680 mindən çox olurdu. Azərbaycanda əhəng
istehsalı geniş yayılmışdı. Yelizavetpol quberniyasında zəngin mədənlərdən hərtərəfli
istifadə məqsədilə 1899-cu ildə ―Tovuz‖ tikinti materialları və sement istehsalı
səhmdar cəmiyyəti təsis olundu [59].
Göründüyü kimi, tikinti materialları sənayesində də iri müəssisələrlə yanaşı,
kapitalizmin yüksək mərhələsinə xas olan şirkətlər və səhmdar cəmiyyətlərinin sayı
getdikcə artırdı.
1890-cı ildə dağ mühəndisi Y.İ.Yeger Naftalanda hasil edilən neftin emalı
üçün dəyəri 200 min manata qədər olan bir zavod tikdirdi. 1893-cü ildə ona məxsus
neft quyuları 8 min pud neft vermişdi [60]. Zavodda neft emalı ilə yanaşı, xüsusi
sexdə dərmanlar da hazırlanırdı. ―Kojelan‖ adlı sürtkü dərmanı Avropa ölkələrində
pudu 20-25 manata satılırdı. 1894-cü ildə Y.İ.Yeger öz şəriki ilə ―Naftalan‖ neft
sənayesi və ticarəti şirkətini təsis etdi [61]. Əsas kapital 60 min manat idi. Sonra bu
məbləğ 0,4 milyona çatdırılmışdı. 160 desyatindən çox xəzinə və sahibkar torpağı
şirkətin icarəsində idi. Sonrakı illərdə Naftalanda neft çıxarılan torpaqların sahəsi 15
dəfədən çox genişləndirilmişdi.
Yüngül sənaye. Yüngül sənaye başlıca olaraq, ölkənin şimal-qərb, qərb-
cənub-qərb, eləcə də Kürboyu rayonlarında daha çox yayılmışdı. Bu sahədə ipək
emalı sənayesi mühüm yer tuturdu. İpək emalı Nuxa-Zaqatala, Qarabağ-Naxçıvan
zonalarının ictimai-iqtisadi həyatında mühüm rol oynayırdı. Kapitalist istehsalı ipək
sənayesində daha erkən inkişafa başlamışdı
70-ci illərin ikinci yarısından ipək sənayesində bərpa və inkisaf dövrü
başlandı. Əvvəllərdə olduğu kimi, ipək sənayesinin mərkəzi olan Nuxa şəhəri yenə
də istehsalda həlledici rol oynayırdı. 80-ci illərdə Nuxa qəzasında müəssisələrin
sayı sürətlə artırdı. Xam ipəyə olan böyük tələbat istehsalın miqyasını
genişləndirmişdi. Qəzada 500-dən çox iri və kiçik müəssisə işləyirdi. 80-ci illərdə
fabrik tipli müəssisələrin sayı xeyli artdı. Bütün müəssisələrin ümumi istehsal
məbləği 3 mln manatdan çox idi. Nuxa qəzasında fərdi müəssisələrlə yanaşı,
kapitalist mülkiyyətinin nisbətən inkişaf etmiş forması, xüsusilə ticarət evləri
meydana gəldi. Ticarət evləri və iri fabriklər əsasən azərbaycanlı sahibkarlara məxsus
idi.
80-90-cı illərdən Şuşa və Qaryagin qəzalarının ipək emalı müəssisələrində
2164 sapsarıyan dəzgah və başqa texniki avadanlıq vardı. Ümumi istehsal məbləği 1
mln. manata qədər idi. Bəhs edilən illərdə Naxçıvan və Ordubaddakı müəssisələrdəki
dəzgahların sayı təxminən 600, məhsulun ümumi dəyəri isə 0,5 mln. manata qədər idi.
Naxçıvan qəzasında istehsalda maşın tətbiq edən müəssisələr də azərbaycanlı
sahibkarların əlində cəmləşmişdi.
XIX əsrin son rübündən başlayaraq Azərbaycanın ipək sənayesində maşın
tətbiqi xırda müəssisələrin ixtisarına səbəb olmuşdu. 1873-cü ildə Azərbaycanda
ipək istehsal edən müəssisələrin sayı 800-dən çox idisə, 1900-cü ildə onlar 463-ə
enmiş, yəni 2 dəfə azalmışdı. Həmin müəssisələrin 60-da buxar mühərrikləri tətbiq
edilirdi. Bu fabriklərdə 2300-dək barama açılan tiyan və 2000-ə yaxın dəzgah vardı
[62]. Sənaye kapitalizminin yüksək inkişaf mərhələsində olan bu müəssisələr tək
maşınların deyil, fəhlələrin də böyük əksəriyyətini özlərində cəmləşdirmişdi.
Ümumi məhsulun üçdə iki hissəsindən çoxunu verən həmin fabriklərdə bütün
fəhlələrin 59,5 %-ni özlərində cəmləşdirmişdi [63].
İpək emalı Quba, Şəki, Göyçay və digər qəzalarda da mövcud idi. Lakin
buradakı ipək istehsalı müəssisələri demək olar ki, xırda əmtəə istehsalı mərhələsindən
yuxarı qalxa bilməmişdi.
Azərbaycanda yalnız xam ipək istehsal edilmirdi. İpəkdən həmçinin
müxtəlif növ parçalar toxunurdu. İpək parça toxuyan xırda müəssisələr əsasən Şamaxı
şəhərində və onun ətraf kəndlərində, çox cüzi miqdarda isə Nuxada, Gəncədə, Şuşada
və Ordubadda yerləşirdi. Rusiyadan idxal edilən nisbətən ucuz fabrik məmulatı
Azərbaycanda balıq ovu, bir qayda olaraq, iltizama verilirdi. Buna
baxmayaraq, 70-ci illərdən başlayaraq, balıq sənayesinə kapital qoyuluşu xeyli artdı.
1880-ci ildə balıq sənayesində iltizam ləğv edildi. Balıq vətəgələri açıq
müzaidə yolu ilə icarəyə verilirdi. Bu tədbir balıq ovunun artmasına səbəb oldu. 1880-
1882-ci illərdə 736,1 min pud balıq tutulmuşdusa, 1898-1900-cü illərdə artım 3
dəfədən çox olmuş, yəni 2418,7 min puda çatmışdı. Bankə, Bojepromısel və başqa
yaşayış məntəqələri balıq sənayesi mərkəzlərinə çevrilməkdə idi. Bunlardan əlavə
Züdostov Kultuq və s. fəhlə qəsəbələri salınmışdı.
90-cı illərin əvvəllərində Samurdan cənuba sənaye əhəmiyyətli ilk siyənək
balığı vətəgəsi meydana gəldi. Əsrin sonunda bu kimi vətəgələrin sayı 7-8-ə çatmışdı
[68]. 1900-cü ildə Bakı-Port-Petrovski dəmir yolunun çəkilməsi Xəzərin Azərbaycan
sahillərində dəniz balıq vətəgələrinin sayının görünməmiş dərəcədə artmasına səbəb
oldu.
Cənubi Qafqazın şərab istehsalında Azərbaycan böyük rol oynayırdı. 70-ci
illərdən həm Bakı, həm də Yelizavetpol quberniyasında artıq bir sıra qəzaların
iqtisadi həyatında şərab, araq, konyak və s. istehsalı mühüm rola malik idi. Bakı
quberniyasının Şamaxı, Göyçay qəzalarında iri üzümçülük təsərrüfatları vardı. 80-ci
illərdən digər qəzalarda da üzümçülük sahələri xeyli artmışdı. Şərab istehsalının çoxu
məhz Şamaxı, Göyçay qəzalarının payına düşürdü. Yelizavetpol quberniyasında
Yelizavetpol, Şuşa, qismən Qazax qəzaları şərab istehsalında birinci yerdə gedirdi.
1870-ci ildə Yelizavetpol qəzasında şərab istehsalı ilə məşğul olan nisbətən
iri kapitalist müəssisələri meydana gəlir. Bunlardan ―X.Forer və oğulları‖, 80-ci
illərdə birinci firma – ―Hummel qardaşları‖ firmaları təşkil edildi. 1892-ci ildə
birinci firma ―Forer qardaşları‖ adlandırıldı. Firmaların istehsal etdikləri əla
keyfiyyətli şərab Rusiyanın bir sıra şəhərlərinə və xarici ölkələrə ixrac edilirdi.
Şərabçılıqda ―Cabbarov, Ağrıyev, Sesiyev qardaşları‖nın firmaları, ―N.L.Şustov və
oğulları‖ Səhmdar Cəmiyyəti böyük şərab zavodlarına malik idilər. Şərab
istehsalının mənfəətini görən neft sənayesi sahibkarlarının bir hissəsi Bakı
quberniyasında özlərinə iri təsərrüfatlar yaratmışdılar.
1873-cü ildə şəraba aksiz vergisi qoyulması istehsalın həcminə təsir
göstərməyə bilməzdi. Buna baxmayaraq, 1879-cu ildə Bakı quberniyasında 107-yə
qədər şərab istehsalı müəssisəsi vardı. Yelizavetpol quberniyasında onların sayı daha
çox idi. 90-cı illərdə şərab istehsal edən zavodların sayı bir neçə dəfə artmışdı.
Şərab istehsalı Naxçıvan qəzasında getdikcə artırdı. 90-cı illərdə qəzada ildə
orta hesabla 150-200 min vedrə şərab istehsal edildi.
Azərbaycanda araq istehsalı da mühüm yer tuturdu. İri araq zavodları Şuşa,
Yelizavetpol, Göyçay qəzalarında yerləşirdi. Şuşa qəzasının Muradbəyli kəndində ilk
dəfə tikilmiş belə zavoda 1892-ci ildə Ağdamın yaxınlığında yerləşən Şelli və
Bəyəhmədli kəndlərində inşa edilmiş daha 2 yeni araq zavodu əlavə olundu. 1892-ci
ildə ―Forer qardaşları‖ firmasına məxsus zavodda gündə 100 vedrə konyak istehsal
olunurdu. 1894-cü ildə belə bir zavod Ağdamda, 1898-ci ildə Kürdəmirdə, 1900-cü
ildə isə Göyçayda təsis edildi. Əsrin sonunda konyak zavodlarının sayı 10-a
çatmışdı. Kürdəmir və Göyçaydakı konyak zavodları məşhur ―N.L.Şustov və
oğulları‖ Səhmdar Cəmiyyətinə və ―Sesiyev və K°‖ ticarət evinə məxsus idi.
Kürdəmir şərab və konyak istehsalında Göyçay qəzasında birinci yeri tuturdu. XIX
əsrin sonunda Azərbaycanın şərab, araq və konyak istehsalında yüzlərlə xırda əmtəə
istehsalı müəssisələrinin olması istehsalın kapitalist xarakterini dəyişmirdi. Çünki iri
kapitalist müəssisələri istehsalda hakim rol oynayırdılar.
Yeyinti sənayesində, dəyirmanlar öz əhəmiyyətinə görə birinci yerdə
gedirdi. XIX əsrin son rübündə un üyüdülməsi daha geniş şəkil almışdı. Ölkənin bir
sıra yerlərində dəyirmanlarda maşınlardan istifadə edilirdi. Əhalinin una olan tələbini
ibtidai su dəyirmanlar ödəyə bilmirdi. Unüyütmə istehsalında fabrik-zavod tipli
müəssisələrin sayı artmışdı. Buxarla işləyən dəyirmanların böyük əksəriyyəti Bakıda
yerləşirdi. Əhalisi sürətlə artan Bakı şəhəri böyük istehsal gücünə malik olan belə
müəssisələrin olmasını tələb edirdi. 70-ci illərdən şəhərdə tikilmiş dəyirmanlar
nisbətən kiçik idilər. 80-90-cı illərdə isə iri dəyirmanlar xeyli çoxalmışdı. 1883-cü
ildə Bakıda 12, 1889-cu ildə isə 14 buxarla işləyən dəyirman vardı. 1900-cü ildə bu
dəyirmanlardan 10-nun istehsal etdiyi məhsulun dəyəri 600 min manatdan çox
olmuşdu. 90-cı illərdə müəssisələrin iriləşməsi onların sayca azalmasına səbəb oldu.
Buxarla işləyən quberniyanın başqa yerlərində nisbətən az idi. Cavad
qəzasında 1889-cu ildə 2 və 1900-cü ildə 11 belə dəyirman olmuşdu [69]. 1900-cü
ildə yalnız Bakı quberniyasında buxarla işləyən 40-dan çox unüyüdən müəssisə
işləyirdi.
İri unüyüdən müəssisələr Yelizavetpol quberniyasında azlıq təşkil edirdi.
Onlardan 2-si Yelizavetpol şəhərində, biri isə Yelenondorfda yerləşirdi. Naxçıvan
və Ordubadda dəyirmanların sayı 90-cı illərdə 20-dən çox idi. Amma onlardan cüzi
bir hissəsində buxar gücündən istifadə edilirdi.
90-cı illərdə Bakıda iri çəltiktəmizləyən fabriklər təsis edilmişdi. 1890-cı
ildə 3 belə müəssisə vardısa, 1900-cü ildə onların sayı 7-yə çatmış, istehsal edilən
məhsulun dəyəri 300 min manatdan 2 3 mln manata qalxmışdı [70].
Azərbaycanda tütün fabrikləri əsasən 80-ci illərdən yaranmağa
başlanmışdı. Ən iri tütün fabrikləri Bakıda idi. 1881-ci ildə 88 min manatlıq məhsul
verən 4 fabrik olmuşdusa, 1898-ci ildə onların sayı 2-yə enmiş, lakin məhsul
istehsalı 15 dəfədən çox artaraq 1 2 mln manata çatmışdı.
1876-cı ildə Nuxada təsis edilmiş ilk tütün fabriki Məşədi Həsən Dadaşova
məxsus olmuşdur. 1885-ci ildə fabriklərin sayı 2, 1898-ci ildə isə 3 olmuşdur. Nuxada
qalan 2 fabrik Novruzov və Zülfüqarov tərəfindən tikilmişdi. İstehsalın ümumi
məbləği bu müddətdə 3.700 manatdan 96 min manata çatmışdı.
XIX əsrin son rübündə Şamaxıda 3, Yelizavetpolda isə 1 tənbəki fabriki
işləyirdi. Şamaxıdakı fabriklər ildə orta hesabla 12 min manatlıqdan çox məhsul
istehsal edirdi. Yelizavetpoldakı fabrikin istehsal məbləği 1889-cu ildə 14,8 min
manat olmuşdu.
Azərbaycanda geniş yayılmış yeyinti sənayesi sahələrindən biri olan daş və
şor duz istehsalı hələ qədimdən mövcud idi.
Bakı quberniyasında əvvəldə olduğu kimi, şor duz alınan ən böyük göllər
Masazır, Zığ, Qala, Kürdəxanı gölləri idi. Cavad qəzasında da belə göllər vardı. Şuşa
qəzasının Ağcabədi kəndi yaxınlığında yalnız bir göl yerləşirdi [71]. Duz gölləri gah
xəzinənin, gah da ayrı-ayrı şəxslərin - icarədarların ixtiyarında olurdu. Belə bir
vəziyyət 1875-ci ilədək davam etdi. 1875-ci ildə hazırlanan və 1876-cı ildən tətbiq
edilməyə başlanan ―Əsasnamə‖yə görə, iri duz gölləri iltizam yolu ilə icarəyə verildi.
İcarə duz istehsalının artmasına nisbətən müsbət təsir göstərdi. 1879-cu ildə Bakı
quberniyasında 618.371 pud şor duz əldə edilmişdi [72]. 90-cı illərdə yeni iltizam
nəticəsində duz istehsalı 887,5 min puda çatmışdı.
Zəngin daş duz mədənlərinin istismarı islahatdan sonrakı dövrdə bir qədər
genişlənmişdi. Duz istehsalının inkişafına buxov olan aksiz vergisinin 1881-ci ildə
ləğv edilməsi nəticəsində 80-90-cı illərdə duz hasilatında qismən təbəddülat oldu.
Duz istehsalında müşahidə edilən tərəddüdə baxmayaraq, 70-ci illərdən başlayaraq,
Azərbaycanda duz hasilatı və emalı kapitalist əsasları üzərində qurulmuşdu.
Yeyinti sənayesi sahələrindən biri də biyan kökü emalı idi. Azərbaycanda
biyan kökünün emalı XIX əsrin ortalarına aiddir. 60-cı illərin əvvəllərində şamaxılı
Qədirov və Hacı Əbdürrəhman qardaşları Əlvənd kəndində xırda bir müəssisə
tikdirdilər. Lakin sonra texnologiyanın yaxşı bilinməməsi üzündən biyan kökünün
emalı dayandırıldı. 70-ci illərdə Yelizavetpolda ilk biyan kökü emalı zavodu tosis
edildi. Zavodun illik dövriyyəsi 20 min manatdan çox idi. Nəhayət, 1886-cı ildə
Ləkidə Qizi qardaşları və Xrussakinin iri bir zavodu inşa edildi. Zavodda ildə 0,5 mln
pud biyan kökü emal edilirdi. Zavodun illik dövriyyəsi 1887-ci ildə 100 min manat
olmuşdusa, 1899-cu ildə artım 2 dəfəyə yaxın idi.
1899-cu ildə ingilis təbəəsi A.Urkqardtın Ucarda, 1890-cı ildə onun
həmvətəni İ.Blissin Yelizavetpolda, 1893-cü ildə yenə onun Kürdəmirdə daha bir
zavodu tikilib başa çatdırıldı. Təkcə 1891-ci ildə 3 zavodda 3324 min pud biyan kökü
emal edilmişdi [73]. Alınan məhsul başlıca olaraq xaricə - İngiltərə və Amerikaya
göndərilirdi. 1890-1895-ci illərdə Batum və qismən Poti vasitəsilə xaricə 5,2 mln. pud
quru biyan kökü göndərilmişdi. Sonrakı dövrlərdə biyan kökü əsasən Azərbaycanda
emal edilir, xaricə isə şirəsi göndərilirdi.
Beləliklə, çarizmin milli - müstəmləkə və müstəmləkəçi iqtisadi
siyasətindən doğan maneələrə baxmayaraq, ölkənin sənaye həyatında kapitalist
münasibətlərinin inkişafı bir sıra sahələrdə artıq özünün yeni mərhələsinə qədəm
qoymuşdu.
Dostları ilə paylaş: |