§ 2. FƏHLƏ SĠNFĠNĠN FORMALAġMASI
XIX yüzilliyin ikinci yarısında sənaye kapitalizminin inkişafı, burjuaziyanın
əmələ gəlməsi ilə eyni zamanda fəhlə sinfinin formalaşması prosesi gedirdi. Bu proses
o dövr Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında ən mühüm
hadisələrindən biri idi və onun bütün sonrakı tarixi üçün mühüm əhəmiyyət kəsb
edirdi. Ümumi və Rusiya üçün səciyyəvi olan qanunauyğunluqlarla, ümumiyyətlə,
fəhlə sinfinin əmələ gəlməsi xüsusiyyətləri ilə yanaşı, Şimali Azərbaycan fəhlə
sinfinin formalaşması prosesinə bu diyardakı sosial-iqtisadi münasibətlər, əhalinin
sosial və milli tərkibinin özünəməxsus xüsusiyyəti, çarizmin müstəmləkə siyasəti ilə
bağlı olan yerli cəhətlər də öz təsirini göstərmişdir.
XIX yüzilliyin ikinci yarısının ilk onilliklərində Şimali Azərbaycanda
fəhlə kadrlarının əmələ gəlməsi prosesi hələ çox ləng gedirdi. Bu proses kapitalist
xarakterli sadə kooperasiya müəssisələrində, manufakturalarda, təbii sərvətlərin
mənimsənilməsi ilə məşğul olan mədənlərdə, ilk fabrik və zavodlarda başlamışdı.
Lakin fəhlələrin sayı çox az idi. Neft və duz mədənlərində, balıq vətəgələrində
mövcud olan iltizam sistemi, bir sıra kəndlərin sakinlərinin məcburi əməyindən
istifadə edilməsi fəhlələrin artımını ləngidirdi.
50-60-cı illərin əvvəllərində Balaxanı kəndi rayonunda işlər, məsələn,
neftin çıxarılması, əsasən yerli kəndlilərin məcburi əməyi ilə yerinə yetirilsə də,
quyuların təmizlənməsi və təmirində, çıxarılmış neftin şəhər anbarlarına
daşınmasında fəhlələrin muzdlu əməyindən də istifadə olunurdu.
1864-cü ildə neft çıxarılmasında kəndlilərin məcburi əməyinin ləğvindən
sonra fəhlələrin muzdla tutulması sisteminə keçid ölkə təsərrüfatının bu
perspektivli sahəsində fəhlələrin sayının artmasına təkan verdi. Lakin 70-ci illərin
başlanğıcınadək fəhlələrin sayı çox ləng artırdı. 1873-cü ildə, yəni artıq iltizam
sisteminin ləğvindən sonra fəhlələrin sayı 700 nəfərdən çox idi [19]. Beləliklə,
fəhlələrin sayının artmasının sürətlənməsi özünü göstərməyə başlayırdı.
Bakının neftayırma zavodlarında 70-ci illərin əvvəllərinə yaxın 328 daimi
və onlarla müvəqqəti fəhlə, 1883-cü ildə isə 607 fəhlə çalışırdı [20]. 70-ci illərin
əvvəllərində Bakının digər müəssisələrində 1000 nəfərdən bir qədər çox və
donanmada isə 2000 nəfərədək fəhlə işləyirdi [21].
Fəhlə kadrları Bakı və Yelizavetpol quberniyalarının qəzalarında da
formalaşırdı. 70-ci illərin əvvəllərində Gədəbəy mis mədəni və misəritmə
zavodunda təxminən 1,8 min nəfərdən çox, Nuxa, Şuşa və bəzi digər qəzaların
ipəksarıma müəssisələrində təxminən 2 min nəfər, balıq vətəgələrində 1,5 min
nəfərədək, kənd təsərrüfatı xammalı emal edən müəssisələrdə isə bir neçə min
nəfər fəhlə çalışırdı.
Şimali Azərbaycanın sənaye və nəqliyyatındakı kapitalist müəssisələrində
çalışan fəhlələrin ümumi sayı o dövrdə 10-11 min nəfərə çatırdı. Lakin onların
yarısından çoxu sənayedəki mövsümi işi kənd təsərrüfatı əməyi ilə əlaqələndirirdi.
Buna görə də daimi fəhlələrin, yəni başlıca məşğuliyyəti sənaye və nəqliyyatdakı iş
olan fəhlələrin sayı təxminən 4-5 min nəfər idi.
70-ci illərdən etibarən Şimali Azərbaycanda fəhlələrin sürətlə təşəkkül
tapması dövrü başladı. Bu, sənaye kapitalizminin sürətli inkişafı ilə bağlı idi. Belə
inkişafın ardınca labüd olaraq, o dövrün ictimai istehsal münasibətlərinin on kəskin
surətdə dağılması prosesi başlayırdı. Şimali Azərbaycan fəhlələrinin, xüsusən də
neftçi fəhlələrin artım sürəti kəskin surətdə yüksəlirdi.
İnkişaf edən sənaye və nəqliyyatın fəhlə qüvvəsinə böyük ehtiyacı vardı.
Bu tələbat kəsbkar kəndlilərin, var-yoxdan çıxmış sənətkarların, habelə fəhlələrin
ailə üzvlərinin sənaye və nəqliyyata cəlb olunması hesabına ödənilirdi.
Şimali Azərbaycan fəhlə kadrlarının formalaşmasının ən mühüm sosial
mənbəyi kəndlilər idi. Hələ XIX yüzilliyin 50-60-cı illərində faydalı qazıntılar
çıxarılan yerlərin yaxınlığında, sənaye müəssisələri meydana çıxan şəhərlərin
ətrafında yerləşən kəndlərin əhalisi sənaye istehsalına cəlb olunurdu. Lakin o
dövrdə kəndlilərin feodal asılılığından azad olması prosesi zəif gedirdi,
Azərbaycan kəndindən sənayeyə gələn kəsbkarların sayı isə az idi. Çünki sənaye,
hələlik zəif inkişafı üzündən, çoxlu işçi qüvvəsi tələb etmirdi. İslahatdan sonrakı
dövrdə kəsbkarların kənddən sənaye müəssisələri və nəqliyyata axını qüvvətləndi.
Şimali Azərbaycanda xırda kənd istehsalçısının istehsal alət və
vasitələrindən ayrı düşməsi prosesinin səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, bu
proses kənddə kapitalist münasibətlərinin inkişafının güclü feodalizm qalıqları ilə
çulğalaşdığı bir şəraitdə gedirdi. Azərbaycan kəndindən sakinlərin kəsbkarlığa
getməsi həm kəndlilərin kapitalistcəsinə təbəqələşməsinin, həm də onların feodal
və yarımfeodal əsasda kütləvi surətdə müflisləşməsi və var-yoxdan çıxmasının
nəticələrindən törəyirdi [22].
Azərbaycan kəndi qazanc axtaran on minlərlə azad oldən istifadə edə
bilmirdi. Kəndlilərə müstəsna şəkildə dərin təsir göstərmiş qeyri-əkinçilik
kəsbkarlığının rolu belə şəraitdə xüsusən artırdı. Pauperləşmiş kəndli axınının
mühüm hissəsi şəhərlərə yönələrək fəhlələrin sıralarını doldururdu. Azərbaycan
kəndindən olan kəsbkarların əksəriyyəti uzun müddət ərzində öz pay torpaqlarını
qoruyub saxlayırdı. Rusiyada olduğu kimi, Cənubi Qafqazda da pay torpaqlı
muzdlu fəhlələr sayca sənaye fəhlələri sıralarının dolmasının başlıca mənbəyini
təşkil edirdi.
Rusiya quberniyalarından və digər rayonlardan Şimali Azərbaycanın
sənayesinə gələn kəsbkarların da əksəriyyəti kəndlilərdən ibarət idi.
Kəsbkarların çoxu sənaye müəssisələrində bir müddət işlədikdən sonra
vətənə qayıdır, lakin digər hissəsi isə burada qalaraq mədən və zavodlarda kök
salırdı.
Fəhlə kadrlarının digər formalaşma mənbəyini sənətkarlar və kustarlar
təşkil edirdi. Onların çoxu yerli kustar sənətlərin sənaye tərəfindən sıxışdırılıb
aradan çıxarılması ilə əlaqədar olaraq müflisləşir və sənaye istehsalına cəlb
olunurdular. Lakin bunların sayı o qədər də çox deyildi. Çünki göstərilən proses o
qədər də sürətlə getmirdi; özü də XIX yüzilliyin sonunda Şimali Azərbaycanın bir
sıra ənənəvi sənətkarlıq sahələrinin məhsullarına tələbat kənd əhalisi arasında da
artırdı.
Şimali Azərbaycan fəhlə kadrlarının formalaşmasının ən mühüm
xüsusiyyətlərindən biri onun sıralarına fəhlələrin və yarımproletar ünsürlərin axını
idi. Sonunculara, hələ islahata qədərki dövrdə sənaye istehsalına cəlb olunmuş
kəndlərin bir çox sakinləri və qismən də Abşeron kəndlərinin nəsilbənəsil neft
mədənləri ilə bağlı olan əhalisi aid idi.
Şimali Azərbaycan fəhlə sinfinin sıralarının genişlənməsi fəhlələrin öz
sosial mühitlərində baş verən artımın hesabına da gedirdi, yəni fəhlə ailələrində
fəhləliklə məşğul olan ailə üzvlərinin sayı get-gedə artır, qadınlar və uşaqlar da
istehsala cəlb olunurdular.
Sənayeni, nəqliyyatı və xidmət sahələrini fəhlə qüvvəsi ilə təmin edən
rayonlardan fəhlələrin sayına görə Cənubi Qafqaz mühüm yer tuturdu. 1897-ci il
əhali sayımının məlumatlarına görə, Bakı və Yelizavetpol quberniyalarındakı
fəhlələrin 66,1 faizini Cənubi Qafqazdan çıxanlar təşkil edirdilər. Bunlar əsasən elə
Bakı və Yelizavetpol quberniyalarının özündən çıxan və fəhlələrin ümumi sayının
63,4 faizini təşkil edənlərdən ibarət idi [23]. İrəvan quberniyasından çıxanlar
fəhlələrin 1,2 faizini, Tiflis və Kutaisi quberniyalarından çıxanlar isə 1,5 faizini
təşkil edirdilər [24].
Dağıstandan da minlərlə kəsbkar qazanc dalınca Şimali Azərbaycanın
sənaye müəssisələrinə axışırdı. 1897-ci ildə onlar Bakı və Yelizavetpol
quberniyalarındakı fəhlələrin 5 faizini təşkil edirdilər [25].
Bir tərəfdən, sənaye və nəqliyyatın işçi qüvvəsinə kəskin ehtiyacı, digər
tərəfdən isə kəndlilərin kütləvi surətdə müflisləşməsi və Rusiyanın bir sıra
quberniyalarında böyük əmək ordusu ehtiyatı mövcud olduğu şəraitdə, on minlərlə
kəndli oradan qazanc dalınca Şimali Azərbaycana, xüsusən də Bakı sənaye
rayonuna yola düşürdülər.
Fəhlə kadrlarının formalaşmasının xüsusiyyətlərindən biri onun sıralarının
Cənubi Azərbaycan kəndlilərinin nümayəndələri hesabına artması idi. Hakim
təbəqə tərəfindən zəhmətkeşlərin amansız istismarı, on minlərlə kəndlinin var-
yoxdan çıxması, sənayesi yenicə formalaşmağa başlayan İranın şəhərlərində iş
tapmaq imkanının olmaması onları kütləvi şəkildə Cənubi Qafqaza, xüsusən də
Şimali Azərbaycana kəsbkarlığa getməyə məcbur edirdi.
1897-ci ildə Bakı və Yelizavetpol quberniyaları fəhlələrinin tərkibində
Cənubi Azərbaycandan olanlar 12,1 faizi təşkil edirdilər [26]. Şimali Azərbaycan,
Rusiya, Gürcüstan, Ermənistan, Dağıstan və xüsusən də Cənubi Azərbaycandan
olan minlərlə kəsbkar bir neçə il Bakı və Yelizavetpol quberniyalarının fabrik və
zavodlarında, nəqliyyatında və digər sənaye sahələrində işlədikdən sonra burada
məskən salır, fəhlə kadrlarına çevrilirdilər. Bu da Şimali Azərbaycan fəhlələrinin
formalaşması prosesinə çoxmillətlilik xarakter verirdi.
Neft və digər sənaye sahələrinin, nəqliyyatın coşqun inkişafı, işçi qüvvəsi
verən çoxsaylı mənbələrin mövcudluğu Şimali Azərbaycan fəhlələri sayının surətli
artımına şərait yaradırdı.
1897-ci il əhali sayımının məlumatlarına görə, Bakı və Yelizavetpol
quberniyalarında fəhlələrin sayı (kənd təsərrüfatı fəhlələri istisna edilməklə) 78
min nəfərə bərabər idi [27]. Bakı quberniyasında 55 minə yaxın, Yelizavetpol
quberniyasında isə 23 min fəhlə çalışırdı. Lakin bu məlumatlar natamam olub,
müvəqqəti fəhlələrin çoxunu, dənizçi fəhlələri və b. əhatə etmirdi.
Şimali Azərbaycan fəhlə kadrlarının formalaşmasının xüsusiyyətlərindən
biri bu prosesin genişlənməsinin yüksək sürətli getməsi idi. Bakı fəhlələrinin sayı
xüsusən sürətlə artırdı. 1887-1897-ci illərdə fəhlə kadrları sayının artım sürətinə
görə neft sənayesi Rusiyanın dağ-mədən sənayesi sahələri içərisində birinci yeri
tuturdu [28].
XIX yüzilliyin sonunda (1900-cü ildə) Şimali Azərbaycan fəhlələrinin
sayı (kənd təsərrüfatı fəhlələri istisna edilməklə) 100-110 min nəfərə bərabər idi. O
cümlədən hasilat və emal sənayesində tikinti və nəqliyyatda 80-90 min nəfər fəhlə
çalışırdı. Ticarətdə və digər xidmət sahələrində, sənətkarlıqda muzdlu fəhlələrin,
habelə qulluqçuların sayı 20 min nəfərə çatırdı [29].
XIX yüzilliyin sonuna yaxın Şimali Azərbaycanda (İrəvan bölgəsi
çıxılmaqla) fəhlə və qulluqçuların ümumi sayı təxminən 162 min nəfərə (62 min
nəfəri Bakıda və 97,2 min nəfəri qəzalarda) çatırdı ki, bu da əhalinin ümumi
sayının 8,4 faizini təşkil edirdi. Şimali Azərbaycanda fəhlə kadrları qeyri-bərabər
şəkildə yerləşirdi. Yüzilliyin sonuna yaxın 60-65 min nəfər neft sənayesi və bir sıra
digər iqtisadiyyat sahəsi fəhləsini birləşdirən Bakı sənaye rayonu ən iri sənaye və
fəhlə mərkəzi idi[30]. Bakı fəhlələri Şimali Azərbaycan fəhlələrinin əsas qüvvəsini
və aparıcı dəstəsini təşkil edirdi. Şimali Azərbaycanda 2 min nəfər fəhlənin
çalışdığı Gədəbəy mis filizi və misəritmə sənayesi rayonu, müvafiq surətdə 3 minə
qədər və 1 min nəfərədək fəhləni cəmləşdirən Nuxa və Şuşa ipək emalı sənayesi
rayonları, 11,5 min nəfərdən çox fəhlənin çalışdığı balıq vətəgələri də seçilirdilər.
Fəhlə kadrları dəmir yolunda (XIX yüzilliyin sonuna yaxın Şimali Azərbaycanın
hüdudlarında 5-6 min nəfər dəmiryolçu fəhlə vardı), Azərbaycanın bir sıra
qəzalarının kənd təsərrüfatı xammalının emalı və s. müəssisələrində də
formalaşırdı.
Fəhlələrin müxtəlif dəstələrinin xüsusi çəkisi eyni deyildi. Fəhlə
kadrlarının tərkibinə iri hasilat və emal sənayesi müəssisələrinin fəhlələri ilə
yanaşı, xırda sənaye, sənətkarlıq və ticarət müəssisələri işçiləri və yelkənli
donanma matrosları da daxil idilər. Xırda istehsalat fəhlələrinin xüsusi çəkisi xeyli
yüksək idi, Qafqaz diyarı sənayesinin 1900-cü ildə keçirilmiş yoxlanış
məlumatlarına görə, hər birində 15 nəfərədək işçi çalışan xırda müəssisələrdəki
fəhlələr Bakı və Yelizavetpol quberniyaları emal sənayesi fəhlələrinin 35,5 faizini
təşkil edirdi [31].
Fəhlə kadrlarının xüsusiyyətlərindən biri sənaye, nəqliyyat və tikinti
fəhlələri içərisində qadınların xüsusi çəkisinin aşağı olması idi. Qadın əməyindən
ipək emalı sənayesində və xüsusən də xidmət sahəsində nisbətən daha geniş
istifadə olunurdu.
1897-ci il sayımının məlumatlarına görə, Bakı və Yelizavetpol
quberniyaları fəhlələri (qulluqçular da daxil olmaqla, ancaq kənd təsərrüfatı
fəhlələri istisna edilməklə) içərisində qadınlar cəmisi 8,7 faiz təşkil edirdilər,
halbuki Rusiya imperiyası üzrə bu göstərici orta hesabla 32 faizə bərabər idi [32].
Şimali Azərbaycan fəhlələri içərisində uşaqların xüsusi çəkisi isə imperiya
üzrə olan orta göstəricidən yüksək idi. Tam olmayan məlumatlara görə, 1897-ci
ildə Bakı və Yelizavetpol quberniyalarında 15 yaşınadək uşaqlar fəhlələrin 6,5
faizini təşkil edirdi [33].
Əsrin sonuna yaxın Şimali Azərbaycan fəhlələri içərisində ən yüksək
əmək qabiliyyətli 20-39 yaşlı fəhlələr kateqoriyası üstünlük təşkil edirdi. Bu da,
hər şeydən əvvəl, neft və digər sənaye sahələrində ağır fiziki əməkdən geniş
istifadə olunması ilə əlaqədar idi. Neft mədənləri, filiz yataqları, zavodlar və
fabriklərin fəhlələri ağır istismara məruz qalaraq, tezliklə əlillərə çevrilir, bu da, öz
növbəsində, onların müəssisələrdən azad edilməsinə gətirib çıxarırdı. Bir çox fəhlə
tez-tez baş verən bədbəxt hadisələrin qurbanı olurdu. Bu cür şəraitdə Şimali
Azərbaycanda 40 yaşından yuxarı olan fəhlələrin xüsusi çəkisi orta hesabla Rusiya
üzrə olan göstəricilərdən aşağı idi.
Şimali Azərbaycan fəhlə sinfinin ən mühüm xüsusiyyətlərindən biri də
onun çoxmillətli tərkibi idi. Sənaye istehsalının müxtəlif sahələrində
azərbaycanlılar, ruslar, ermənilər, gürcülər, dağıstanlılar, ukraynalılar, Rusiyada
yaşayan digər millət və xalqların nümayəndələri çalışırdılar. 1900-cü ildə
sənayenin aparıcı sahəsində - neft sənayesində azərbaycanlı fəhlələrin xüsusi çəkisi
33,8 faiz (o cümlədən 15,8 faizi Şimali və 18 faizi Cənubi Azərbaycandan), rus
fəhlələrin 19,5 faiz erməni fəhlələrin 25,3 faiz dağıstanlı fəhlələrin 13,5 faiz və
qeyri fəhlələrin 7,9 faiz təşkil edirdi [34].
Azərbaycanlı fəhlələr Şimali Azərbaycanın digər istehsalat sahələrindən
mis istehsalında, ipək sənayesində, bitki və heyvan məhsulları emalında, qara və
günəmuzd fəhlələr içərisində sayca üstünlük təşkil edirdilər. Nəqliyyat və
yükdaşıma sahəsində, habelə balıq vətəgələrində fəhlələrin çox hissəsi
azərbaycanlıların payına düşürdü.
Şimali Azərbaycanda fəhlələrin xeyli hissəsini rus fəhlələri təşkil edirdi.
1900-cü ildə neft emalı və mexaniki emalatxanalarda onların xüsusi çəkisi xüsusən
böyük idi. Kükürd turşusu və soda zavodlarında da fəhlələrin əksəriyyəti ruslar idi.
XIX əsrin axırlarında Azərbaycan qəzalarında (Bakı istisna olmaqla)
fəhlələrin 65,7 faizini azərbaycanlılar, 14,4 faizini ermənilər, 5,4 faizini ruslar və
14,5 faizini başqa millət və xalqların nümayəndələri təşkil edirdilər [35].
Bu dövrdə Şimali Azərbaycan fəhlələri içərisində Rusiyanın 40-a yaxın
millət və xalqının nümayəndələri vardı.
Fəhlələrin
peşə
tərkibi
iqtisadiyyatın
istehsalat
strukturunun
xüsusiyyətlərini əks etdirərək, ucuz, ixtisassız əməyin xüsusən geniş yayılması ilə
fərqlənirdi. Eyni zamanda ixtisaslı fəhlələrin xüsusi çəkisi (xüsusən də orta ixtisaslı
fəhlələr içərisində) tədricən artırdı.
Digər fəhlələrin peşə tərkibi onların milli mənsubiyyəti ilə bağlı idi,
yüksək və orta ixtisas tələb edən peşələrdə yerli fəhlələrin sayı çox deyildi. Bu,
imperiyanın müstəmləkə ucqarında yaşayan xalqların nümayəndələrindən olan
fəhlələrin öz ixtisaslarını yüksəltməsini xeyli çətinləşdirən müstəmləkəçi
mütləqiyyət siyasətinin nəticəsi idi.
Yüksək ixtisaslı fəhlələrin bir hissəsi (qazma ustaları, maşinistlər və
onların köməkçiləri, qismən də tornaçılar, tökməçilər, dəmirçilər və b.) fəhlələrin
əsas kütlələrinə nisbətən xeyli yüksək əmək-haqqı alsalar da, Şimali Azərbaycanda
―fəhlə aristokratiyası‖ sosial təbəqə kimi yaranmadı.
İmperiya üzrə orta göstəricilərə nisbətən fəhlələrin aşağı savad
göstəriciləri də çarizmin müstəmləkə siyasəti ilə bilavasitə bağlı idi. 1897-ci il
sayımının məlumatına görə, savadlılar Rusiya fəhlələri içərisində 52,2 faiz, Bakı və
Yelizavetpol quberniyalarında isə, hətta qara və müvəqqəti fəhlələr, balıqçılıq və
kənd təsərrüfatı fəhlələri, qulluqçular nəzərə alınmaqla, 24,7 faiz təşkil edirdi [36].
Bu, əsasən, Şimali Azərbaycan kəndləri və Dağıstan aullarının, demək olar ki,
başdan-başa savadsız kəsbkarlarının kütləvi axını ilə izah olunur.
Fəhlələr və onların uşaqları üçün təhsil, xüsusən də orta təhsil, demək olar
ki, əlçatmaz idi. Müstəqil savadlanmaqla məşğul olan fəhlələr böyük çətinliklərlə
rastlaşmalı olurdular. Sənaye rayonlarında fəhlələr üçün əlçatan olan kitabxanalar
və digər mədəni-maarif müəssisələri, demək olar ki, yox idi. ―Xalq mütaliələri‖
adlanan tədbirlər hakimiyyət orqanları tərəfindən ciddi məhdudiyyətlərlə müşayiət
edilirdi. Polisin ayıq nəzarəti altında olan bazar günü və axşam fəhlə kurslarının
sayı da xeyli az idi.
Sənaye və kapital təmərküzləşməsinin güclənməsi, kapitalizmin inhisarçı
inkişaf mərhələsinə keçməsi ilə əlaqədar XIX yüzilliyin sonuncu onilliyində iri
kapitalist müəssisələrində fəhlələrin də
təmərküzləşməsi prosesi gedirdi.
1900-cü ildə keçirilmiş yoxlamaların məlumatlarına görə, Bakı və
Yelizavetpol quberniyalarının emal sənayesində fəhlələrin 32,7 faizi o dövr üçün
iri sayılan, hər birinin 100-dən artıq fəhləsi olan nıüəssisələrdə, 11,5 faizi 50-dən
100-dək fəhləsi olan müəssisələrdə, 20,3 faizi 16-50 fəhləsi olan müəssisələrdə və
35,5 faizi fəhlələrinin sayı 15 nəfərədək olan müəssisələrdə çalışırdı [36]. Bakı
quberniyasında fəhlələrin təmərküzləşmə göstəriciləri nisbətən daha yüksək idi.
Burada qeydə alınmış fəhlələrin 4% faizi fəhlələrinin sayı 100 nəfərdən artıq olan
müəssisələrdə çalışırdı.
1897-ci ildə sənayenin aparıcı sahəsində - neft hasilatı sənayesində neftçi
fəhlələrin 78,6 faizi hər birində 100 nəfərdən artıq fəhləsi olan firmalarda çalışırdı.
Bakı rayonu neft sənaye firmalarının 6,7 faizinin payına fəhlələrin 49,4 faizi
düşürdü. Təmərküzləşmə səviyyəsinə görə, Bakı neftçıxarma sənayesi Rusiyada ilk
yerlərdən birini tuturdu.
1878-1901-ci illərdə Bakı metal emalı sənayesində orta hesabla bir
müəssisəyə düşən fəhlələrin sayı, demək olar ki, 15 dəfə artmış və təxminən 108
nəfərə çatmışdı [37].
Bəzi digər sənaye sahələrində olduğu kimi, neft sənayesində də
müxtəlifprofilli müəssisələr çox hallarda eyni firma və ya kompaniyaların əlində
cəmləşərək, əslində şöbə və ya sex vəziyyətinə düşürdü. Eyni zamanda eyni firma
və ya kompaniyanın fəhlələri onlann bəzən bir-birindən uzaqda yerləşən müxtəlif
müəssisələrində çalışırdı. Zaman keçdikcə belə firmaların müxtəlif müəssisələrində
çalışan, vəziyyətlərin eyni xüsusiyyətləri, eyni bir sahibkara qarşı mübarizənin
mənafeyi ilə birləşdirilən fəhlələri bir-biri ilə əlaqə yaradır, birgə çıxışlar təşkil
edir və i.a. Bununla belə eyni firmanın müxtəlif mədən, zavod və emalatxanaları
fəhlələrinin pərakəndəliyi fəhlə kütlələrinin sahibkarlara və çar hökumətinə qarşı
mübarizə üçün birləşməsi yolunda maneələr yaradırdı.
Fəhlələrin bu cür qeyri-mütəşəkkilliyi dəniz donanmasında özünü daha
qabarıq göstərirdi. Burada eyni firmanın müxtəlif gəmilərindəki matroslar bir-biri
ilə, demək olar ki, təmasa girmir və bunlar arasında əlaqələrin yaradılması böyük
səylər tələb edirdi.
Yelizavetpol quberniyasında mis-filiz və misəritmə, habelə ipək sənayesi
fəhlələrin yüksək təmərküzləşmə səviyyəsi ilə fərqlənirdi.
Eyni zamanda Şimali Azərbaycanda elə sənaye sahələri (şərabçılıq,
araqçəkmə, pambıqtəmizləmə və b.) vardı ki, onlarda fəhlələrin təmərküzləşmə
göstəriciləri çox aşağı səviyyədə idi. Ticarət sahəsinin fəhlələri və təbii ki, qulluqçular
arasında pərakəndəlik və qeyri-mütəşəkkillik hökm sürürdü.
Buna baxmayaraq, fəhlə kütlələrinin iri müəssisələrdə cəmləşməsi Şimali
Azərbaycan fəhlələrin ön cərgəsinin, neft, metal emalı mis, ipək və s. bu kimi sənaye
sahələrində onun qabaqcıl təbəqələrinin formalaşması üçün mütərəqqi əhəmiyyətə
malik idi.
Şimali Azərbaycanda daimi və fəhlə əsilli kadrların yaranması yerli fəhlə
kadrlarının formalaşması prosesində xüsusən mühüm rol oynayırdı. Bakı sənaye
rayonunda kəsbkarların torpaqla, kənd təsərrüfatı ilə əlaqələri Şimali Azərbaycanın digər
rayonlarına nisbətən sürətlə zəifləyirdi. XIX yüzilliyin sonuna yaxın yayda buradan tarla
işlərinə gedən fəhlələrin sayı ilbəil azalırdı.
Ancaq Şimali Azərbaycan fəhlələrinin torpaqla əlaqələrinin zəifləməsi
prosesi bütövlükdə götürüldükdə tədricən gedir, çox vaxt bir neçə fəhlə nəslinin
ömrünü əhatə edirdi. Ölkənin yerli əhalisinin nümayəndələrindən olan fəhlələrin xeyli
hissəsi kəndlərlə sıx surətdə bağlı idi. Çox vaxt kəndlərdə torpaq və təsərrüfatla
birlikdə onların ailələri də qalırdı.
Ağır iş və həyat şəraiti də fəhlələrin kənd təsərrüfatı ilə əlaqələrinin
vəziyyətinə müəyyən təsir göstərirdi. Bu şərait üzündən (habelə kəndlərdə pay
torpaqlarının saxlanılması ilə əlaqədar olaraq) fəhlələrin bir çoxu evlənməmiş qalır və
yaxud da kənd yerlərində qalmış ailələrindən ayrılıqda, şəhərdə tək yaşayırdılar.
80-ci və xüsusən də 90-cı illərdə Şimali Azərbaycanın bir sıra sənaye
sahələrində və nəqliyyatında fəhlə kadrları formalaşırdı. Məsələn, 1899-cu ildə
keçirilmiş yoxlamanın nəticələrinə görə, Bakının Balaxanı-Sabunçu rayonunda qeydə
alınmış 18 min nəfərdən çox fəhlənin 61,2 faizi bir ildən çox, 31 faizi 3 il və daha artıq,
17,4 faizi isə 5 ildən yuxarı mədənlərdə işləyirdi [38]. Bununla yanaşı nəzərə almaq
lazımdır ki, bu fəhlələrin bir hissəsi əvvəllər digər sənaye müəssisələrində çalışmışdılar.
Tökməçilər, yağlayıcılar, dülgərlər, çilingərlər, xarratlar, dartayçılar, dəmirçilər,
açarçılar, maşinistlər və onların köməkçiləri, qazma ustaları və onların köməkçiləri
arasında fəhlə əsilli kadrlarının xüsusi çəkisi nisbətən daha yüksək idi. Cənubi
Qafqaz dəmir yolunda da xeyli fəhlə çalışırdı.
Simali Azərbaycan sənayesi və nəqliyyatına gələn kəsbkar kəndlilərin
fəhləyə çevrilməsinin XIX yüzilliyin 70-80-ci illərindəkinə nisbətən 90-cı illərində
xeyli sürətlə getməsi daimi fəhlə kadrlarının formalaşması üçün mühüm
əhəmiyyətə malik idi.
Əgər Şimali Azərbaycan sənayesi və nəqliyyatının bəzi sahələrində böyük
istehsalat stajına malik fəhlə kadrlarının yaranması prosesi daha yüksək sürətlə
gedirdisə, digər sahələrdə bu proses xeyli ləng gedirdi. Fəhlə axıcılığı da mənfı sosial-
siyasi nəticələrə gətirib çıxarırdı. Bu, xüsusən yeyinti sənayesində, dəniz nəqliyyatında,
ticarətdə, yük daşınmasında və s.-də özünü daha kəskin şəkildə göstərirdi.
Eyni zamanda fəhlə axıcılığı barədə məlumatların təhlili göstərir ki, əksər
hallarda bu axıcılıq fəhlələrin eyni sənaye mərkəzi hüdudları daxilində bir
müəssisədən digərinə keçməsi şəklində təzahür edirdi.
Beləliklə, XIX yüzilliyin 70-90-cı illərində Şimali Azərbaycanda intensiv
surətdə fəhlə sinfinin formalaşması prosesi gedir, alət və vasitələrdən məhrum olan,
əksər hissəsi kənd təsərrüfatı ilə əlaqələrini kəsmiş və ya bu əlaqələri zəiflətmiş, iri
müəssisələrdə cəmlənən, uzun illər boyu sənaye və nəqliyyatda çalışan sənaye fəhlə
kadrları yaranırdı.
Dostları ilə paylaş: |