Dünya sənin səsinlə danışanda sən kim olduğunu
bilməlisən.
Britt Edval
Qəzetçilərə nəzərən radio – televiziya jurnalistləri öz
materiallarının son versiyaları üzərində daha çox hakimiyyətə
malikdirlər. Qəzetin redaktoru və ya məsul katibi bir və ya bir neçə
abzası atmaqla, sərlövhəni dəyişməklə, öz mülahizəsinə uyğun
şəkillər seçməklə bəzən jurnalistin məqaləsini tanınmaz hala sala
bilər. Radio və televiziyada isə reportyorun efirdə səslənən nitqini
dəyişdərmək mümkün deyil. Mətnin dinləyicilər və tamaşaçılar
tərəfindən qavranılması və başa düşülməsi materialın necə təqdim
olunmasından çox asılıdır. Elektron vasitələrində yaxşı effekt
alınmasında səs mühüm rol oynayır. Səs və intonasiyanın köməyi
ilə reportyor öz hisslərini verə bilir, öz mətninidə ən vacib olan şeyi
nəzərə çarpdıra bilir. Radioda səs qrafikadır.
Nitq və səs televiziyada da çox vacibdir. Səslənmənin özü,
əlbəttə, məşq etməkdən və səsi cilalamaqdan asılıdır, ancaq
reportyorun özünə inamı və peşəkar hazırlıq səviyyəsi heç də az
əhəmiyyətli amillər deyildir. Bunu etiraf etmək nə qədər ağır olsa
da, efirdə işə başlamaq həmişə çətindir. Gözəl, ürəyəyatan səs heç
də müvəffəqiyyətin rəhni deyildir. Yeni başlayan jurnalisti
səsindəki qorxudan və tonundakı inamsızlıqdan tanımaq
mümkündür. Ancaq bu yolu keçməyin labüdlüyü barədə özünə
hesabat verənlər əzablı prob və səhvlər dövrünü qısalda bilərlər.
Reportyor efirdə işləyəndə özünə sadiq olmalıdır, radio və
televiziya jurnalistikasının ulduzlarını
təqlid etməməyə
çalışmamalıdır. Öz işini də mürəkkəbləşdirmək lazım deyil.
Praktikada hər şey daha asandır - mikrofon qarşısında çıxış edən
119
retortyor özündən nə qədər əmindirsə, efirdə bir o qədər yaxşı
danışır. Qəribədir ki, dünyanın müxtəlif radiostansiyalarının
xəbərlər blokuna qulaq asanda, biz dili bilmədən də aparıcılardan
hansının səsinin təbii olduğunu yanılmadan təyin edə bilirik. Bir
qayda olaraq, xəbərlərin oxunuş stili haqqında hər dinləyicinin
özünün müəyyən təsəvvürü var. Buna görə də biz informasiya
materialının ənənəvi təqdimat üsulu ilə fərdi iş stili arasında
müvazinətə riayət etməli oluruq. Bəlkə də nə vaxtsa qoyulmuş
qaydaları pozmağın vaxtı gəlib çatmışdır? Son illərdə İsveç
radiolarında yalnız dialektlə deyil, ləhcə ilə danışan reportyorları da
eşitmək mümkündür, ancaq dinləyicilərin buna münasibəti
birmənalı deyil.
Radioda, yaxud televiziyada işləməyə hazırlaşan adamlar
öz səsinə hakim olmağı bacarmalıdırlar. Bu məharəti yalnız
dərsliklər vasitəsilə qazanmaq mümkün deyil. Səs reportyorun
alətidir, onun cilalanması üçün ciddi şəkildə işləmək və səsin bütün
imkanlarından istifadə etmək lazımdır. Elə buna görə də başlanğıc
mərhələsində peşəkarların köməyi yalnız vacib deyil, həm də
zəruridir.
EFİRDƏ XƏBƏRLƏR
İsveçdə radio və televiziya reportyorlarının əksəriyyəti
keçmiş qəzetçilərdir. Radio və televiziya üçün süjet hazırlamaq heç
də qəzet üçün informasiya materialı yazmaq deyil, axı auditoriya
efir xəbərlərini oxumur, dinləyir.
İsveç Radiosunun «Exo» xəbərlər redaksiyasının keçmiş
məsul katibi Hakan Hansson öz mühazirələrində «mikrofon
paradoksu» ifadəsini işlədir. «Təəccüb qalmalı şeydir: radio və
televiziyada işləyənlər istisna olmaqla istənilən adam radio və
televiziyada çıxış edə bilər. Onlar gərək əvvəlcə nə deyəcəklərini
kağıza yazsınlar, sonra çıxıb yazılanı oxusunlar».*
Mətbuat üçün yazılan və ucadan oxunan xəbər dinləyiciyə
anlaşılmaz sicilləmə təsiri bağışlayır. Qəzet məqaləsi daha
yığcamdır, faktlarla və göstəricilərlə zəngindir, amma efir üçün
120
nəzərdə tutulan mətn daha az informasiya yükü daşıyır ki,
dinləyicinin mətni qavramağa və süjetin məzmununu həzm etməyə
imkanı olsun.
MƏTN / SSENARİ
Qısa informasiya xəbərlərinə – teleqramlara mətni tam
yazmaq lazımdır. Əgər siz öz çıxışınızın ümumi tezislərini kağıza
yazsanız və onu sözbəsöz oxumadan danışsanız, uzun süjet efirdə
daha yaxşı səslənər.
Öz mətninizi kağıza yazarkən pauzanı göstərən işarədən
istifadə edin. Cümlədəki VACİB və ƏSAS sözləri böyük hərflərlə
qeyd edin, yaxud sözün altından xətt çəkin. Bu, cümlədəki
vurğuları qoymağı, mətni mikrofon qarşısında oxuyarkən düzgün
intonasiya axtarışını asanlaşdırır. Simvol və təsvirləri söz şəklində
açmaq daha yaxşıdır. Mətni oxuyarkən #, $, %, @, / kimi işarələr
sizi çaşdıra bilər. Mətni yazarkən «və i.a.», «və b.k.», «və b.b.»
kimi ixtisarlardan da qaçmaq lazımdır.
Mətndə başqa ixtisardandan da istifadə etməməyə çalışın.
Məsələn, AİŞ, BVF, AES, AYİB, AİB, İİB və s. Əgər bu mümkün
deyilsə, onların açmasını verin. Unutmayın ki,
-------
*Hansson Hokan. Ar radionyneter skriftliga eller muntliga? Spakvard nr 2/1996
radioda AİB-lə AYİB arasındakı fərqi tutmaq praktiki olaraq
mümkün deyil.
Rəqəmləri, xüsusilə böyük kəmiyyətləri bildirən rəqəmləri
sözlə yazanda daha asan oxumaq olur. «Seçkilərdə qələbə çalmaq
üçün onun cəmisi min yüz otuz iki səsi çatmadı» əvəzinə «onun
cəmisi 1 132 səsi çatmadı» yazmaq olmaz. Manuskriptdə «11.30»
əvəzinə «on ikinin yarısı» yazmaq daha yaxşıdır. Radio süjetin
mətnində astronomik rəqəmlərdən əsla
istifadə etməyin. Bunsuz ötüşmək mümkün deyilsə, onları
yuvarlaqlaşdırmağa çalışın. «Sosial ehtiyaclar üçün büdcədə 580
milyon 700 min manat ayrılması nəzərdə tutulur» yerinə «təqribən
121
altı yüz milyon manat» desəniz, dinləyici onu daha asan qavrayar
və yadında saxlayar.
Faizləri və faiz stavkalarını bir-birinə qarışdırmayın. İctimai
rəy sorğusunun nəticələrində göstərilsə ki, sosial-demokratlar
partiyasına rəğbət 33 faizdən 29 faizə düşmüşdür, bu o deməkdir
ki, partiya 4 faiz deyil, 4 faiz stavkası itirmişdir. Eləcə də sorğu
göstərə bilər ki, sol partiyaya bu gün bir il bundan əvvəlki kimi
seçicilərin 4 faizi deyil, 8 faizi səs verməyə hazırdır. Deməli,
partiyaya rəğbət 4 faiz deyil, 100 faiz artmışdır. Bu cür səhvlərə biz
təsəvvür etdiyimizdən də tez-tez yol verilir. Xüsusilə işə yeni
başlayan reportyorlar tərəfindən.
Televiziya süjetinin ssenarisini yazmaq əslində çətindir. O
yalnız reportyorun mətnini deyil, eləcə də videosıranın təsvirini
əhatə edir. Bu gün fərdi kompüterlər üçün ssenari və montaj
vərəqinin tərtibi prosedurasını asanlaşdıran və yüngülləşdirən
müxtəlif proqramlar mövcuddur.
EFİRDƏ DANIŞMAQ
Mikrofon və ya kamera qarşısında danışan reportyor özünə
sadiq olmalıdır. Öz süjetlərinizdə
və verilişlərinizdə
yeknəsəqlikdən qaçın, materiallar üzərində işləyərkən öz
«mən»inizi biruzə verin. Dinləyici, yaxud tamaşaçı üçün öz
mətnini kağızdan sözbəsöz oxumağa deyil, danışmağa çalışmaq
lazımdır. İmprovizə bacarığı radio reportyorları üçün xüsusilə
vacibdir. Mətnlə işin ən yaxşı üsulu mətni lentə yazmazdan əvvəl
onu bir neçə dəfə ucadan oxumaqdır. Bu, sözlərin semantikasını və
ümumən süjetin məzmununu daha yaxşı qavramağa kömək edir.
Artıq sözləri pozun. Vaxtı qeyd etməyi unutmayın, çünki proqram
redaktorunu hər süjetin xronometrajı maraqlandırır.
Radio və televiziya reportyorlarının dili öz əlvanlığı ilə
fərqlənməlidir. İstənilən təkrar dinləyicini və tamaşaçını
əsəbiləşdirir. Sinonimlər lüğətini əlinizin altında saxlamağa adət
edin. Mətnə əlvanlıq gətirmək məharətinə yiyələnin.
122
Yazılışdan əvvəl söz və ifadələrin düzgünlüyünü yoxlayın.
Mürəkkəb anlayışlar və qeyri-dəqiq təsvirlər mətnin məzmununu
anlamağı çətinləşdirir. Cümlələrdə söz sırası birbaşa olmalıdır,
inversiyalardan istifadə etmək, yaxud mətni mürəkkəb və
mürəkkəb tabeli konstruksiyalarla yükləmək olmaz. Cümlələr sadə
və aydın məntiqi əlaqələrlə qurulmalıdır.
Əgər oxucu nəyisə buraxsa, yaxud hansısa ibarənin
mahiyyətini tam başa düşməsə, əvvələ qayıdıb yuxarıdakı cümləni,
yaxud abzası yenidən oxuya bilər. Tamaşaçının və dinləyicinin belə
imkanı yoxdur, buna görə də cümlələr sadə və aydın olmalı, mətni
yanlış qavramağa səbəb olmamalıdır. Vacib fakt və göstəriciləri bir
neçə dəfə təkrar etmək olar, ancaq vəzifə və titulları göstərərkən
lakonik olmaq lazımdır. Əlbəttə, belə hallarda şifahi nitqin
aydınlığı ilə informasiyanın dolğunluğu arasında bəzi ziddiyyətlər
yaranır. Bunula birlikdə, informasiya süjetinin kontekstində «Lund
şəhərindəki filan universitetin tibb fakültəsinin dekanı, filan
xəstəxananın baş həkimi, immunologiya professoru, filan sahə üzrə
mütəxəssis…» əvəzinə «tibb professoru» demək kifayətdir. Çətin
ki, bütün bu titullar dinləyicinin yadında qalsın. Heç vaxt süjetə
adamlara tanış olmayan adı çəkməklə başlamayın. Bu çox vaxt
dinləyicilərin diqqətinin haçalayır.
Radio reportyoru bədahətən danışmağı öyrənməli, hadisəni,
yaxud məkanı sinədən təsvir etməyi bacarmalıdır. İdman şərhçiləri
bu məharətə yüksək dərəcədə sahib olurlar. Çox tez-tez olmasa da,
istənilən reportyor bəzən hazırlıqsız danışmaq məcburiyyətində
qalır. Özünüz üçün ən adi, gündəlik məşğələləri, məsələn,
metroya, mağazaya, diskotekaya getməyi və s. təsvir etməklə buna
vərdiş etmək o qədər də çətin deyil. İmprovizə məharəti isə ciddi
hazırlıq tələb edir.
TABU
Dilinizi dəbdə olan kəlmələrdən, boş ifadələrdən və parazit
sözlərdən təmizləməyə çalışın. Nədənsə, belə sözlər radio və
televiziya jurnalistlərinin dilində kök atmaq təmayülü göstərir.
123
«Yəni», «əşşi», «əh» - bu kimi alaq sözlərə misal ola bilər. Vaxtı
göstərməklə başlayan süjetlər dinləyiciləri darıxdırır: «Bu hadisə
gündüz saat 2-də baş verdi…» «Hücuma keçmək», «Haray
salmaq», «Əsasını qoymaq», «Aysberqin görünən hissəsi», «Siz
zəmanət verə bilərsinizmi ki…» kimi ştamplardan da qaçmağa
çalışın.
Taksi sürücüləri söyüşcül olurlar, bürokratlar isə dəftərxana
dilində danışırlar. Reportyor müvəqqəti içində olduğu dil mühitinə
uyğunlaşmaq meylinə düşməməlidir. Təəssüf ki, müsahibimiz çox
vaxt bizi öz danışıq manerasının təsirinə salır. Vəzifəli şəxslə
söhbət edəndə reportyor birdən bəlağətli ibarələr və ştamplar
işlədir, gənc texnokratla müsahibə zamanı isə başqalarına məlum
olmayan jarqona və peşəkar ifadələrə keçir. Jurnalist kiminlə
söhbət etməyindən asılı olmayaraq, özünə sadiq qalmalıdır.
Təbliğat xarakteri daşıyan qiymətverici ifadələri də ehtiyatla
işlədin. Siz onlardan istifadə etməklə başqasına damğa vurmuş
olursunuz. Jurnalist işlətdiyi sözlərin mənası və qiymətvericilik
xarakteristikası barədə özünə hesabat verməlidir. «Azadlıq uğrunda
mübariz». «partizan» və «terrorçu» tamamilə müxtəlif çalarlar
daşıyırlar. Orta və kiçik müəssisələrin rəqabət qabiliyyətinin
məhdudlaşdırılmasını, beynəlxalq sindikatların və kartellərin
yaradılmasını iri sahibkarlar qəşəng bir ifadə ilə «sinergizm»
adlandırırlar. İşsiz və işdən qovulmuş adamlar barədə bəziləri nəyə
görəsə «müvəqqəti olaraq işdən azad edilmiş şəxslər» ifadəsini
işlədirlər.
Paxlalı bitkilər yetişdirməyin yeni metodu barədə debatlar
qiymətverici sözlərdən istifadənin ictimai rəyə necə təsir
göstərdiyinə maraqlı misal ola bilər. Genetik dəyişikliklərin köməyi
ilə bitkilər pestisidlərin bəzi növlərinə qarşı dayanıqlılıq qazanırlar.
Bu metodun əleyhdarları öz çıxışlarında «gen manipulyasiyası» və
«genetik cəhətdən manipulə edilmiş ərzaq məhsulları» terminlərini
işlədirlər. Bu ifadələr naşı adamda kin yaradır, yeni texnologiya
onlara sirli və qorxunc bir şey kimi görünür. Yeyinti sənayesinin
nümayəndələri isə paxlalı bitkilərin «genetik dəyişikliyi və
modifikasiyası» barədə danışırlar. Yeni texnologiyanın tərəfdarları
124
«genetik baxımdan yaxşılaşdırılmış məhsullar» ifadəsini işlədirlər.
Beləliklə, sözlərin seçimi özündə bu və ya digər təzahürün
qiymətini əhatə edir. Jurnalist öz mətnində neytarl ifadələrdən
istifadə etməklə bu məsələdə tərəflərdən heç birinin mövqeyini
müdafiə etmədiyini göstərməlidir.
Mətndən bütün artıq sözləri və lüzumsuz cümlələri pozun:
« …kadrda kral XY1 Karl Qustavdan solda kraliça Silviyanı
görürük». Tamaşaçı üçün kadrda kimin görünməsi barədə
informasiya tamamilə lüzumsuzdur, çünki bu, aşkar faktdır.
«Üzdəniraq» ifadəsi mənim şəxsi antipatiyamın obyektidir.
Dinləyiciyə, yaxud tamaşaçıya mürəkkəb təzahürün, yaxud
terminin mənasını izah edə bilməyən jurnalist bu iki kəlməni hazır
saxlayır. «Konvergensiyanın üzdəniraq tənqidçiləri» - bu ifadə
arxasında konvergensiyanın nə demək olduğunu aydınlaşdırmaq
və bunu öz auditoriyasına izah etmək zəhmətinə qatlaşmaq
istəməyən tənbəl reportyor gizlənir. Bu, həqiqətən də pis
jurnalistikaya nümunədir. Yaxud, daha doğrusu, üzdəniraq
jurnalistikanın nümunəsidir!
ANONS NƏ ÜÇÜN LAZIMDIR?
Anons (yaxud lid) və tuşlama – qəzet sərlövhəsinə və vrezə
ekvivalentdir. Anons xəbərlərin təfsilatını göstərmədən onları
ümumi səpkidə təsvir edir ki, dinləyicidə proqramın süjetlərinə
maraq oyatsın.
Xəbərlər proqramında anons vaxtı, deyək ki, tanış olmayan
qadının – Nobel mükafatı laureatının şəkli göstərilir və kadrlar
aşağıdakı mətnlə müşayiət edilir:
O BU GÜN NOBEL MÜKAFATI LAUREATI OLDU. BİR AZ SONRA
PROQRAMIMIZDA MÜƏLLİFİN ÖZ İFASINDA ŞERLƏRİ.
Bu mətni eşidən tamaşaçı belə qənaətə gəlir ki, geniş kütləyə
tanış olmayan şairə bu gün ədəbiyyat səhəsində Nobel mükafatı
laureatı adına layiq görülmüşdür və bir az sonra o, xəbərlər
125
proqramında öz şerlərini oxuyacaq. Bu qadın kimdir, hansı
ölkədəndir, hansı dildə danışır? Bunlar hələlik tamaşaçı üçün sirr
olaraq qalır. Radio və televiziyada xəbərin anons mətni bir növ
tələyə oxşayır, tamaşaçıda və dinləyicidə qəzet sərlövhələrinin
oxucuda yaratdığından dəfələrlə artıq intizar oyadır.
Yaxşı tuşlama yaratmaq asan məsələ deyil. O, xəbəri
anonsdan fərqli olaraq daha geniş təsvir etməli, həm də bu zaman
bütün detalları açmamalıdır ki, xəbərlər proqramına qulaq asan və
ya baxan adamda süjetə maraq sönməsin. Tuşlamanın məqsədi
yalnız xəbəri təqdim etmək deyil, həm də zərurət olduqda hadisənin
tarixçəsini təsvir etməkdir ki, bunun sayəsində auditoriyaya süjetin
məzmununu başa düşməkdə kömək etsin.
KEÇİD MƏHARƏTİ
Tuşlamadan süjetə, yaxud jurnalistin mətnindən müsahibəyə
keçid süjetin özündə birləşməlidir. Bağlamalar rahat olmalıdır, ən
kiçik qeyri-dəqiqlik, nahamarlıq, yaxud hoppanma tamaşaçı və
dinləyici tərəfindən sezilir. Əgər tuşlama «müxbirimiz xəbər verir»
sözləri ilə bitirsə, onda efirdə reportyorun səsi eşidilməlidir.
TUŞLAMA
Müxbirimiz Tokiodan xəbər verir
SÜJET
Dinləyici təəccüblə görür ki, ilk sözləri heç də «Exo»
proqramının müxbiri deyil, yaponca danışan adam deyir. Publika
heyrətə düşür: bu kimdir görəsən? Deyilənlərin tərcüməsi
başlayanda, artıq gecdir. Radio öz dinləyicisini itirdi, o, başqa
düşüncələrə qərq oldu və çətin ki tərcümənin məzmununu qavrayır.
126
Süjeti tuşlamada istifadə olunmuş formuldan başlamaq olmaz.
Təkrarlar həmişə darıxdırıcı və əsəbiləşdirici olur. Bəzən süjettdə
tuşlamadan bircə söz və ya əsas kəlməni təkrar etmək kifayətdir ki,
tamaşaçı və ya dinləyici bütün verilişi darıxdırıcı və bezikdirici
hesab etsin.
İmkan daxilində anons və tuşlama mətnini reportyor özü
təklif etməlidir. Bu, qeyri-dəqiqlikdən və materialın təqdimatında
mübaliğədən qaçmağın üsullarından biridir. Ancaq verilişin
süjetləri arasında keçidlər və birləşmələr üçün və tuşlamaların son
mətni üçün proqramın aparıcısı, yaxud da studiyanın jurnalisti
məsuliyyət daşıyır. Xəbərlər buraxılışı aparıcısının iş vaxtının
böyük hissəsi süjetlərə baxmağa və qulaq asmağa, tuşlama
mətnlərini işləməyə gedir ki, onlar anlaşıqlı olsunlar, xəbərləri
dəqiq təmsil etsinlər və süjetə rahat keçidi təmin etsinlər. Xəbərlər
buraxılışının dili eyni stildə qalmalıdır. Aparıcı hər bir jurnalistin
materialının təqdimatında süjetin ruhunu saxlamağa çalışmalı,
tamaşaçı və ya dinləyicidə süjet haqqında təsəvvür yaratmalı,
eyni zamanda tuşlamanı faktlarla və informasiya ilə çox da
yükləməməlidir. Tuşlama süjetin yenidən nəqli olmamalıdır, bir
növ tələ yemi olmalıdır. Biz bu tələ yemi ilə öz auditoriyamızın
diqqətini tutmaq istəyirik.
Əgər süjet müsahibə ilə başlayırsa radio proqramının aparıcı
redaktoru həm də danışanı təqdim etməyi unutmamalıdır.
Televiziyada buna ehtiyac yoxdur, çünki burada reportyoru və
müsahibə verəni daha çox titrlərin köməyi ilə təqdim edirlər. Buna
görə də televiziya xəbərlər proqramının aparıcısı mətnlərin
tuşlamasını tərtib etmək işində daha sərbəst və imkanlı olur.
Xəbərlər proqramında hər süjetin sonunda videomontaj
rejissorunun və operatorun adı olan titrlər verilir. Buna «kredit»
deyilir. Süjeti hazırlayan reportyorun adı bir qayda olaraq
reportajın əvvəlində göstərilir. Qəzetdə reportyorun adı, bəzən
şəkli və iş telefonu olan mətn «byline» (baylayn) adlanır. Radio
verilişlərində süjet başa çatarkən proqramın aparıcısı jurnalistin və
səslənən müsahibənin iştirakçılarının adlarını sadalayır. Televiziya
və radio proqramı aparıcısının süjetdən sonrakı yekun mətni qısa
127
xülasə şəklində ola bilər və ya gələcəyə yönəldilmiş ola bilər.
Məsələn, «Hökumət bu məsələ barədə qəti qərarı ən tezi iki ay
sonra qəbul edəcək». «Məhkəmə öz hökmünü iki həftə sonra
çıxaracaq. Vəkil NN ilə müxbirimiz MM söhbət etdi».
ZAMANI UZLAŞDIRILMALI
Süjetlərlə işləyən proqram aparıcıları və reportyorlar felin
zaman formalarını seçmək işində ardıcıl olmalıdırlar. Unutmayın
ki, indiki zaman forması tamaşaçıya və dinləyiciyə hadisə yerində
iştirak hissi verir, süjetə aktuallıq qazandırır.
-Sosial təminat naziri belə hesab edir ki…
-Şəfqət bacıları tətil vasitəsilə ona çalışırlar ki…
Ancaq bəzi hallarda tuşlamada keçmiş zamandan, onun
ardınca gələn süjetdə isə indiki zamandan istifadə etmək hamar
keçidə kömək edir.
TUŞLAMA (baş vermiş hərəkəti göstərir)
-Bu gün 10 min şəfqət bacısı tətilə başladı. Bu, ölkədəki bir
çox xəstəxananın bağlanmasına səbəb oldu.
SÜJET (hazırda davam edən hadisənin sonrakı inkişafını
göstərir)
-Şəfqət bacıları tətil vasitəsilə öz əmək haqlarının artırılaraq ən
azı … səviyyəyə qaldırılmasına çalışırlar…
Felin keçmiz və indiki zaman formalarının bir-birini əvəz
etməsi təhkiyəyə dinamika qazandırır. Tətil səhər tezdən başlamış,
xəbərlər proqramı efirə çıxan ana qədər başa çatmamışdır.
128
EKRAN DİLİ
Yuxarıda deyilənlərin hamısı həm televiziyaya, həm də
radioya aiddir. Lakin unutmaq olmaz ki, bu iki elektron vasitəsinin
dilində mühüm fərqlər də vardır.
Teleekranın dili daha yığcam və konsentrikdir. Telesüjetin
ssenarisi ilə işləyəndə biz tez-tez artıq şeyləri pozuruq, bir də
oxuyur, bir də pozuruq, bir də, bir də… Ta o vaxta qədər ki,
mətndə ən vacib və ən lazımlı cövhər qalır. Videosıra
informasiyanın vacib daşıyıcısıdır. Çox vaxt reportyorun şəhər və
ya müəssisənin adını çəkməsinə ehtiyac qalmır, yaşayış
məntəqəsinin adı olan yol işarəsini, yaxud zavod, fabrik
binasındakı lövhəni göstərmək kifayət edir. Televiziyada istifadə
olunan kadrların dili, qrafik təsvirlər, simvollar və digər priyomlar
şifahi təsviri uğurla əvəz edir.
Televiziya reportajının ssenarisini böyük dəqiqliklə yazmaq
lazımdır, çünki kadrdan sonrakı mətn ekrana gələnlə üst-üstə
düşməlidir. 13 saniyəlik videosıra üçün improvizə olunmuş
repotyor (spiker) mətni uğursuzluğa düçardır. Mətnlə videosıranın
həmahəng olması üçün ən yaxşı üsul montaj vaxtı öz mətnini
yazmaqdır (əlbəttə, əgər buna imkan varsa). Bir neçə probdan sonra
bu, mətnlə videosıranın harmoniyasına imkan verir. Televiziya
reportyoru öz mətnini təbii və səbəst şəkildə təqdim etməlidir.
Proqram aparıcısı öz mətnini bir qayda olaraq ekranın
linzasından azca aşağıda yerləşən telesuflyor-ekrandan oxuyur.
Ancaq bəzi aparıcılar mətnin yeknəsəq oxunuşu effektindən
qaçmaq naminə ara-sıra özlərinin qeydlər və işarələr olan
kağızlarına da baxırlar.
Bəzən mürəkkəb və dolaşıq təzahürlər haqqında birbaşa efirdə
danışmaq daha yaxşı olur. Bunu şərh formasında eləmək daha
asandır. Reportyor proqramın aparıcısı ilə birlikdə studiyada olur
və birbaşa efirdə bu və ya digər hadisəni, yaxud qərarı izah edir.
Əlbəttə, bu, ciddi hazırlıq tələb edir. Efirə qədər aparıcı və şərhçi
hər sualı və cavabı əsaslı şəkildə müzakirə edirlər. Ancaq studiyada
şərhçi sərbəst danışmağı bacarmalı, öz cavablarını kağızdan
129
oxumamalıdır. Əslində daha yaxşı olar ki, o, mətn-filan yazmasın,
çıxışının əsas tezislərini qeyd eləsə və arada bir öz «şparqalkasına»
baxsa kifayətdir. Bu halda öz mətnini suflyordan oxuyana nəzərən
şərhçinin sözlərinə inam daha çox olacaq.
KOSTYUMÇUNUN MƏSLƏHƏTLƏRİ
Telereportyor kimi telejurnalist də daim səsinin cilalanması
və xəbəri təqdimetmə bacarığının təkmilləşdirilməsi ilə məşğul
olmalıdır. Bundan başqa, o, ekranda necə göründüyü barədə də
fikirləşməlidir. Uğursuz geyim tamaşaçının diqqətini o qədər
məşğul edə bilər ki, reportyorun nə danışdığı onun heç vecinə də
olmaz.
Müxbirin paları və xarici görkəmi publikanın fikrini
dağıtmamalı və onu əsəbiləşdirməməlidir. Dünyanın bir çox
telestansiyalarında kostyumçu, yaxud dizayner ştatı var. Onun
vəzifəsi diktorlara kömək etmək və ekrana çıxmaq üçün
jurnalistlərə müvafiq paltar seçməkdir. Aşağıda
İsveç
Televiziyasının kostyumçusunun məsləhətləri verilir.
Dostları ilə paylaş: |