Oxu
üçün
ədəbiyyat
:
Broughton Irv: The Art of Interviewing for Television, Radio and Film.
Tab Books Inj., 1981
96
HADİSƏLƏRİN İNKİŞAFINA
MANE OLMAMALI!
Televiziya
və radio təsviri xarakterli kütləvi informasiya
vasitələridir. Hadisələri lentə çəkərək biz onlar haqqında
auditoriyamıza kadrların və səslərin köməyi ilə məlumat verə
bilirik. Tamaşaçılar və dinləyicilər hadisələrin şahidinə çevrilir,
oxucular isə bir qayda olaraq hadisələrdən gec xəbər tuturlar.
Bu
fəsil hadisə yerindən reportaj aparan televiziya
jurnalistinin işinin texnikasına həsr edilmişdir. Bu günkü radio
reportyoru həm texnik, həm də səs rejissoru sənətini özündə
birləşdirir ki, bu da ondan çəkiliş aparmağı və montaj bacarmağı
tələb edir. İşdə televiziya jurnalistinə operator və videomontaj
rejissoru kömək edir, bununla birlikdə bu peşələrin incəlikləri
barədə onun özünün də təsəvvürü olması vacibdir. Radio və
televiziya üçün ümumi cəhət odur ki, ən yaxşı süjet o zaman
yaranır ki, hadisə reportyorun gözü önündə cərəyan etsin. Bəzən
hadisə çox gözlənilməz xarakter alır, jurnalist isə buna mane
olmadan hadisənin inkişafını seyr edir.
Asan yollar axtarmayın! Radiojurnalist yağışda və soyuqda isti və
rahat redaksiyanı tərk edərək tapşırığa getməlidir, əks halda onun
fəaliyyəti studiya materiallarının çəkilişinə və telefonla müsahibə
götürməyə çevrilər. Televiziya reportyoru yalnız arxiv çəkilişləri
üçün mətn yazmaqla öz həyatını bayağılaşdırmamalıdır. Bizim
vəzifəmiz hadisə baş verən yerdə olmaqdır!
TELEREPORTAJ
Telejurnalist bir qayda olaraq radiojurnalistə nəzərən
redaksiyanı daha tez-tez tərk etməli olur. Televiziya vizual
vasitədir, jurnalistə hadisə yerindən kadrlar, imkan daxilində yaxşı
97
kadrlar lazımdır. Bu, televiziya redaksiyalarında xəbərlərin
seçilməsi funksiyasına öz təsirini göstərir. Mühüm xəbəri müşayiət
edən uğursuz və cansıxıcı kadrlar ona gətirib çıxara bilər ki,
nəticədə əhmiyyəti daha az, lakin illüstrasiyası daha yaxşı xəbər
onu sıxışdırar.
Hadisənin mərkəzində operativ çəkiliş aparmaq imkanı
televiziyanı informasiya ötürən misilsiz vasitəyə çevirir. Baş verən
reallığı göstərən autentik kadrlar tamaşaçının yaddaşına həkk
olunur, hadisənin inkişafını izləməyə və onu qavramağa kömək
edir. Məhz buna can atmaq lazımdır. Televiziya xəbərləri mətnlə
deyil, kadrların dili ilə, illüstrasiyalı videosıra ilə verən vasitə
olmalıdır.
Televiziyanın xəbərlər redaksiyasında iş jurnalistlərdən
qrup halında çalışmaq bacarığı tələb edir. Radioreportyor çox
zaman təklikdə işləyir, o, jurnalist, səs operatoru və montajçı
vəzifəsini yerinə yetirir. Müasir texnika çəkiliş və səsyazma
prosesini xeyli asanlaşdırsa da, televiziya reportyoru hələ də
təkbaşına işləyə bilmir. Yaxın gələcəyin telejurnalistini bu gün
artıq videojurnalist adlandırırlar. Səsin və təsvirin yazılışı, montaj
və jurnalistin adi işi onun vəzifəsinə daxildir.
Bir çox ölkələrdə, o cümlədən İsveçdə çəkiliş qrupu cəmisi
iki nəfərdən – reportyordan və operatordan ibarətdir. Onlar imkan
daxilində həmahəng işləməyə məcburdurlar. Həm jurnalist, həm də
operator onlara verilmiş tapşırıq haqqında dəqiq təsəvvürə malik
olmalıdırlar: süjetin məqsədi nədir və onlar nəyə nail olmalıdırlar.
Onlar tamaşaçının mühakiməsinə
çıxarılacaq materialın
həmmüəllifidirlər. Buna görə də işdə qarşılıqlı anlaşma olmalıdır.
Reportyor qarşıdakı süjet barədə düşüncələrini operatorla bölüşür,
süjeti necə təsəvvür etdiyini ona bildirir. Opreator təşəbbüs
göstərərək həmkarına materialın illüstrasiyası üçün nəyi və necə
çəkməyin mümkün olduğunu təklif edir. Bir qayda olaraq çəkilişdə
ən yaxşı nəticələrə yalnız o operator nail olur ki, süjetin predmeti
və ideyası ilə reportyorun özü qədər yaxşı tanış olsun. Öz
növbəsində jurnalist də operatorun işinin metodları haqqında
təsəvvürə malik olmalıdır.
98
Reportyor,
operator
və videomontaj rejissoru çəkilmiş
materialın işlənməsi zamanı sıx əlaqədə olmalıdırlar. Onlar yalnız
bunun sayəsində öz auditoriyalarına nə isə mühüm və maraqlı bir
şey təqdim edə bilərlər. Ancaq stress vəziyyətində, avadanlığın və
işçi heyətinin kəskin çatışmazlığı şəraitində biz çox vaxt ən sadə,
rasional, bəzən də bayağı həll yolu ilə kifayətlənirik.
Çəkiliş qrupu üçün ən ağır işlərdən biri əvvəlcədən necə
inkişaf edəcəyi bilinməyən hadisə yerindən material çəkməkdir.
Reportyor və operator birlikdə elə simvollar tapmalıdırlar ki, onlar
süjetin predmetini təcəssüm və əks etdirə bilsin. Belə hallarda
reportyor operatorun köməkçisi, əlavə iki gözü olmalıdır.
HADİSƏNİN İNKİŞAFINI QEYDƏ ALMALI!
Görəsən, adamın otağa girməsini televizorla göstərməkdən
asan bir şey varmı? Əslində, bir operatorun ekranda vur-tut on
saniyə yer tutan bu səhnəni təkbaşına və bir dəfəyə çəkməsi
praktiki olaraq mümkün deyil. Operator hərəkəti müxtəlif
rakurslarda, müxtəlif nöqtələrdən çəkməli olur.
Müsahibə obyketi kameraya tərəf hərəkət edir.
Bağlı qapının iri – orta planı.
Müsahibə obyekti koridor tərəfdən əlini qapının dəstəyinə
uzuadır.
İri planda qapının dəstəyi.
Müsahibə obyekti kamera ilə üz-üzə dayanmışdır, çəkiliş
otağın içindən aparılır.
Müsahibə obyekti kresloda oturmuş halda.
Operator on parçaya bölünüb eyni anda müxtəlif iri planları
çəkərək hər yerdə ola bilməz. Bu işin öhdəsindən eyni zamanda
işləyən iki, yaxud üç operator gələ bilər. Bir operatorun bu işə gücü
o şərtlə çata bilər ki, hadisənin ardıcıllığı bir qədər dəyişdirilsin.
Eyni hərəkət bir neçə dəfə təkrar olunmalıdır ki, operator onu lentə
çəksin, daha doğrusu, bir neçə dubl aparsın. Təəssüf ki, bu heç də
99
həmişə mümkün olmur, çünki proses bizim çəkdiyimiz adamların
müəyyən köməyini tələb edir.
Əvvəlcə müsahibə obyekti (MO) koridordan keçməlidir,
qapıya çatmalı və əlini dəstəyə uzatmalıdır ki, operator onu ümumi
planda çəkə bilsin. Bundan sonra müsahibə obyekti divara qədər
gəzintisini bir neçə dəfə təkrar etməlidir ki, onu iri planda çəkmək
mümkün olsun. Qapı azı dörd dəfə açılmalıdır ki, iki plan ala bilək
– koridor tərəfdən iri və orta plan, otağın içində inkişaf edən
hadisənin daha iki planı. Sonra müsahibə obyekti qapıdan kresloya
doğru bir neçə dəfə hərəkət etməlidir ki, operator onun yer
dəyişməsini kabinetin müxtəlif nöqtələrindən çəkməyə imkan
tapsın. Bunlar ona görə edilir ki, reportyorun müsahibə aldığı
adamı tamaşaçılara təqdim etmək üçün giriş kadrları əldə edilsin.
GƏZGİNİN LƏNƏTİ
Yuxarıda göstərilən priyom televiziya süjetini başlamaq
üçün çox çeynənmiş üsuldur. Jurnalist ona əməl etməyə heç də
borclu deyil. Əlbəttə, giriş kadrları zəruridir, ancaq kim deyə bilər
ki, onlar bizim gətirdiyimiz nümunədəki kimi bariz olmalıdır? Bir
sıra redaksiyalarda bu gün hamılıqla qəbul edilmiş iş metodunun
yeniləşdirilməsi imkanları barədə mübahisələr səngimək bilmir.
Bizə tərəf gələn adamı göstərən kardlar sırasına Norveç jurnalistləri
«gaing» deyirlər. Bu sözü «gəzgin» kimi tərcümə etmək
mümkündür. Televiziya dramaturgiyasının bu priyomunu
«gəzginin lənəti» adlandıran tənqidçilər hardasa haqlıdırlar.
Koridorla gedən adamın səhnələri reportyorun və operatorun
səyləri ilə həyata keçirilən tamaşadan başqa bir şey deyil.
Mizansəhnələr çəkiliş qrupu ilə müsahibə verən arasında bir
qədər qeyri-təbii münasibətlər yaradır. Reportyor və operator
amansız tənqidçilərdən rejissora çevrilirlər. Onlar zavallı alimə və
ya nazirə yavaş-yavaş, yaxud sürətlə yeriməsi, kameraya, yoxsa
kənara baxması, qapını nə təhər açması, masa arxasında necə
oturması barədə göstərişlər verirlər.
100
Koridorla
işləyən kameraya doğru getmək, qapını açmaq,
kabinetə daxil olmaq, masanın arxasında əyləşmək, həm də bu
zaman təbii və rahat görünmək ilk baxışda olduğundan xeyli
çətindir. Bir çox çəkilişləri təkrar etmək yalnız ona görə lazım
gəlmir ki, operator müxtəlif irilik planları çəkə bilsin, həm də ona
görə lazım gəlir ki, müsahibə obyekti kifayət qədər təbii hərəkət
edə bilmir, yerişi rəvan olmur, ona verilən göstərişləri unudur.
Nazir, alim, yaxud müəssisə rəhbəri məsul şəxslərdən həvəskar
artistə, reportyor isə Nuh əyyamı dövrünün rejissoruna çevrilirlər:
«Bircə dəfə də! Cənab nazir, bir az daha yavaş yeriyə
bilməzsinizmi? Kameraya baxmağa çalışa bilərsinizmi?»
Gerçək şəraitdə spontan iş etika və peşəkarlıq baxımından
daha münasibdir. Müsahibə qəhrəmanının adi həyatında normal
olan şeyləri çəkməyə çalışın. Çətin ki, nazir, yaxud professor işdə
boş koridorda var-gəl etsinlər.
Yəqin ki, professor gün ərzində dərs deyir, kompüterdə
çalışır, sorğu ədəbiyyatı oxuyur, qeydlər edir və yaxud
hesablamalar aparır. Nazir isə məruzə edir, seçicilərlə görüşür,
müxtəlif iclaslarda iştirak edir. Müsahibə qəhrəmanının istənilən
spontan və təbii hərəkəti qurama süjetlərdən daha yaxşıdır. Bir
qayda olaraq operator üçün hadisənin inkişafını və çəkiliş
obyektinin hərəkətlərini reportaj kamerası ilə lentə almaq ştativli
kamera ilə işləməkdən daha asandır.
ƏHATƏ
Hətta ən kiçik inofrmasiya süjetində də başlanğıc və sonluq
vardır. Reportyor və operator çəkiliş vaxtı əllərində olan və ya
çəkilməsi vacib olan giriş və nəticə kadrları barədə
fikirləşməlidirlər. Unutmaq olmaz ki, reportyor «lid» zamanı süjeti
müşayiət edən və proqramın zastavkası ilə uzlaşan kadrlara da
malik olmalıdır. İsveçin SVT1 televiziyasının «Aktuelt» xəbərlər
proqramı zastavka olaraq proqramın loqotipindən istifadə edir.
Loqotip ekranda sol tərəfdən peyda olur ki, bu da çəkiliş və giriş
videosırasının kompanovkası üçün müəyyən əhəmiyyət daşıyır.
101
Müsahibə aparmaq üçün yer axtararkən çalışın ki, şərait
imkan daxilində təbii, həm də maraqlı olsun. Videosıra yalnız əlavə
informasiya mənbəyi deyil, həm də müsahibənin məzmununun
emosional dərki olmalıdır. Müsahibə verənin kürəyi tərəfdə arxa
planda yerləşən şeylər çox zaman simvolik məna daşıya bilər.
Atom elektrik stansiyasının direktoru ilə onun kabinetində çəkilmiş
söhbətə, fonda isə tezliklə bağlanacaq reaktora baxmaq tamaşaçı
üçün maraqlı ola bilər. Yeni dəmir yolu xətti çəkmək üçün şəhərin
tarixi hissəsini sökmək barədə qərar qəbul etmiş yol idarəsinin rəisi
ilə dəmir yoluna mənzərə açılan yerdə söhbət etmək daha yaxşıdır.
Müsahibənin keçirildiyi yer həm reportyorun, həm də onun
müsahibinin əhval-ruhiyyəsinə təsir göstərir.
Müsahibə ətrafında şərait, həm də onun keçirildiyi yer qədər
arxa plan da önəmlidir. Əgər dünya şöhrətli cərrah əməliyyat
zalında müsahibəyə razılıq vermişsə, onu ağ xəstəxana divarı
fonunda çəkməyin mənası yoxdur. Onu əməliyyat zalının fonunda
çəkmək daha yaxşı olar (bir şərtlə ki, həmin anda əməliyyat
aparılmasın, əks təqdirdə, bu, kadrların hannibalizminin tipik
nümunəsi olar).
Kompozisiya
baxımından müsahibə verənin arxasında tünd,
yaxud açıq ləkə olması tələb edilir ki, təsvir ekranda yastı
görünməsin. Sifət ön tərəfdən düşən şüa ilə işıqlandırılmalıdır.
İşıqlandırmanın minimal səviyyəsini istənilən vaxt azı bir neçə
dəqiqəliyə tapmaq mümkündür. Bəzən kameranın kiçik lampası,
yaxud yaxın ətrafda əks olunan işıq tamamilə kifayət edir. Kadr
ortadan bir qədər iri ola bilər. Çiyin, yaxud sinə kadrın aşağı kənarı
üçün yaxşı sərhəddir. Yaxşı olar ki, tamaşaçı müsahibə verənin hər
iki qulağını görsün. Operator və reportyor imkan daxilində bir-
birinə yaxın dayanmalıdırlar ki, müsahibin sifəti kadrda olsun və o,
suallara cavab verərkən reportyora baxsın.
Söhbət zamanı arxa fon imkan daxilində görünməlidir.
Tarlada fermerlə müsahibə çəkəndə diqqət edin ki, müsahibə
obyektinin arxasında işləyən traktorçu, yaxud yaxında otlayan inək
görünmə sahəsində olsun. Eyni zamanda arxa fon tamaşaçının
diqqətini dağıtmamalıdır. Əgər sizin müsahibiniz kürəyi gül
102
dibçəyinə tərəf durursa, çalışın bu, kadrda elə görünməsin ki, guya
məsul işçinin, yaxud məşhur alimin başında kaktus bitir. Arxadakı
tablonun çərçivəsi isə onun başını çərçivəyə almış kimi
görünməməlidir.
Kadrın kompozisiyası dəqiq olmalıdır. Qeyri-mürəkkəb
kompozisiya sahəsi olan sadə kadrları başa düşmək və dərk etmək
asandır. Ön plan kadrın dərinliyinə nail olmaq baxımından
vacibdir. Əks təqdirdə, videosıranın yastı görünməsi riski artar.
Çarpaz işıq təsvirə həcm, çiçəklərə rəngarənglik qazandırır.
YERLƏŞMƏ
Müsahibə iştirakçılarının ən sadə şəkildə yerləşməsi bu
qayda üzrədir: müsahibə obyekti reportyorun qarşısında dayanır,
reportyorun arxasında isə (bir qədər sağda, yaxud solda) operator
durur. Operator müsahibə verənin təsvirini iki plan arasında
dəyişdirir, yəni ara-sıra kamera ilə ona yaxınlaşır və uzaqlaşır. Bir
plan – geniş iri-orta (kəmər): müsahibə obyektinin təxminən
qarnından yuxarısı çəkilmişdir. Bəzən ön planda reportyorun
boynunu da göstərmək olar. İsveç jurnalistləri bu priyoma «ənsəyə
atəş» deyirlər. Müsahibə verənin sifətinin iri planı (çiyindən
başlayaraq yuxarı hissəsinin) ikinci standart həlldir. Danışan
adamın başı üstündə bir qədər boşluq - «hava» qoyun, profildən
çəkilən şəxs üçün isə sağdan və ya soldan daha çox hava buraxın.
Unutmayın ki, kadrların məkanı (çəkiliş obyektinin nəzərləri
tuşlanan sol və ya sağ tərəf) onun arxasında qalan məkana nəzərən
daha geniş olmalıdır. Əsasən qabaq tərəfdən çəpinə çəkmək
yaxşıdır. Çəkiliş planları müxtəlif olmalıdır ki, montajçı onları
birbaşa, ard-arda, sərt keçidlərə yol vermədən (buna peşəkar dildə
«hoppanma», «səksənmə» deyirlər) montaj etməyə imkan tapsın.
Müsahibə zamanı və ondan sonra operator bir neçə keçid
çəkməlidir.
103
Kadrda iki nəfər (həm reportyor, həm də müsahibə
obyekti) ekranda söhbət əsnasında görünürlər.
a) Reportyor sual verir, müsahib qulaq asır. Operator
jurnalistin kürəyindən çəkir, kadrda onun yanağı, bəlkə də sual
verən anda əlinin, yaxud çiyninin hərəkəti görünür. Dodaqların
tərpənişi hiss olunmur, reportyorun hansı sualı verməsindən asılı
olmayaraq bu kadrlardan vstavka kimi istifadə etməyə imkan
yaradır.
b) Respondent danışır, reportyor dinləyir. Çəkiliş arxa
tərəfdən, müsahibin böyründən, onun dodaqlarının hərəkəti
görünməyəcək məsafədən aparılır.
İri planda dinləyici
a)
Müsahibə obyekti
Reportyor sual verir, operator müsahibə obyektini iri planda
çəkməyə davam edir, obyekt ona verilən sualı dinləyir.
b)
Reportyor
Reportyor
müsahibinin
cavabına qulaq asır. Belə hallarda
etika baxımından bir neçə variant çəkmək yaxşı olar, çünki
reportyorun üzündəki təbəssüm və ya başını təqdirlə tərpətməsi
tamaşaçıda belə bir təəssürat oyada bilər ki, guya reportyor onun
sözlərinə rəğbət bəsləyir. Reportyorun üzündəki qəzəbli ifadə isə
eşitdiklərinə qarşı onun mənfi münasibəti kimi başa düşülə bilər.
Başqa sözlə, jurnalistin üzünün ifadəsi müsahibənin məzmununa
redaksiyanın üstüörtülü şərhi kimi dərk edilə bilər. Öz sualının
cavabını dinləyən jurnalistin üzünün ifadəsini göstərən kadrlar
imkan daxilində neytral olmalıdır.
Ekranda jurnalist müsahibə obyekti boyda (ölçüdə)
görünməlidir. Əks təqdirdə, kadrlar qəribə və qeyri-təbii
görünəcək. Zərurət olduqda reportyor ümumi planda elə
çəkilməlidir ki, ekran daha çox onun müsahibinə «məxsus» olsun.
Çünki müsahibənin əsas adamı məhz odur.
Dinləyən reportyoru göstərən kadrlar müsahibə obyektinin
otağı tərk etməsindən sonra da çəkilə bilər. Ancaq bu, jurnalistdən
müəyyən artistlik istedadı tələb edir, çünki o, təbii görünməli,
104
qarşısında adam varmış kimi danışmalı, müsahibinin bir az əvvəl
durduğu nöqtəyə baxmalıdır. Əgər operator qabaqcadan belə bir
çəkilişlə işləyəcəyini bilirsə, o zaman müsahibə əsnasında
müsahibə verənin çiyninin hündürlüyünə göz qoymalıdır ki, sonra
tuşlama bucağını və kameranın yerləşdirilmə səviyyəsini asanlıqla
tapa bilsin.
Reportyor bu kadrlardan keçid məqsədilə istifadə edə
bilmək üçün sualları kameraya da təkrar edə bilər. Kameraya
oxunmuş suallar montajı xeyli asanlaşdırır və müsahibənin iki
kamera ilə aparıldığı təəssüratını oyadır. Reportyor əvvəlcə verdiyi
sualları sözbəsöz təkrar etməlidir ki, söhbətin məzmunu təhrif
olunmasın. Belə hallarda sığortalayıcı metodlardan birini işə
salmaq mümkündür: sualların çəkilişi zamanı müsahibə
obyektindən otaqda olmasını xahiş etmək olar ki, reportyor
sualların ilkin mətnindən çox uzaqlaşsa, o öz iradlarını bildirsin.
Əks təqdirdə, sualları müsahib getdikdən sonra da yazmaq
olar, ancaq yuxarıda xatırlatdığımız kimi, bu, operatordan müəyyən
teatr vərdişləri və baxışı bir nöqtədə toplamaq bacarığı tələb edir.
Bu metodun üstünlüyü ondadır ki, reportyorun tələsməsinə ehtiyac
yoxdur. Lazım olsa, o öz suallarını lentdən dəfələrlə dinləyə bilər,
hətta onları dəqiqliklə yenidən sözbəsöz yaza bilər.
İki kamera vasitəsilə yazılan uzun müsahibələr İsveç
telejurnalisti üçün ən azı cah-cəlaldır. Belə olduqda bu və ya digər
dərəcədə uydurma keçidlərə ehtiyac qalmır. Suallar və onların
cavabları dərhal yazılır, kamera müsahibin təbii və öz-özünə
yaranan reaksiyasını tuta bilir. İki kamera ilə çəkilmiş müsahibəni
montaj etmək çox asandır, bir şərtlə ki, hər iki operator öz
kameralarını sinxronizə etmiş olsunlar. Onlar vahid çəkiliş planı
barədə əvvəlcədən sözləşməlidirlər ki, kadrda sifətin böyüklüyü,
yaxud iki adamın kadrdakı təsviri kameranın birində digərində
olduğundan çox da fərqlənməsin.
Çəkilişin plan iriliyini seçərkən operator proqramın qrafik
profilini də nəzərə almalıdır. Hər bir redaksiyada çəkilişin
özünəməxsus yazılmamış qanunları var. Məsələn, müsahibə
verənin sifətinin iri planda nə qədər gösətriləcəyi barədə. Onu da
105
unutmaq olmaz ki, adamın adını və vəzifisini göstərən titrlər üçün
də filan qədər boş yer qoymaq lazımdır. Bəzi redaksiyalar titrlər
üçün ekranın yuxarı sol küncünü, bəziləri isə kadrın aşağı hissəsini
seçirlər. İsveçdə xarici dillərdən müsahibənin tərcüməsi subtitrlərin
köməyi ilə həyata keçirilir ki, bu da müəyyən kadr kompozisiyası
tələb edir.
KAMERANIN RAKURSU
Çəkiliş vaxtı kameranın hansı yüksəklikdə yerləşməsi
təsvirin auditoriya tərəfindən necə qəbul edilməsinə mühüm təsir
göstərir. Aşağı rakurslardan çəkilmiş adam ekranda cüssəli,
zabitəli, hətta heybətli görünür. Yuxarıdan çəkilmiş adam isə
tamaşaçılara cılız və zavallı adamcığaz təsiri bağışlayır. Kino və
televiziyanın dili bizim tamaşaçılarda belə bir alışqanlıq yaradıb:
kadrda soldan sağa doğru hərəkət edəni sanki külək qovur, sovurur,
sağdan sola gedən isə öz yolunda maneələrə rast gələn adam kimi
qəbul olunur.
180 DƏRƏCƏLİ OX, YAXUD TƏMAS OXU
Televiziya çəkilişinin əsas qanunlarından biri 180 dərəcəli
ox qaydasını qorumaqdır. Bu, xəyali bir xətt olub müsahibə
verəndən, yaxud çəkiliş obyektindən kameranın fokusuna qədər
uzanır. Çəkiliş aparan operator çəkiliş boyu bu xəttin bir tərəfində
olmalıdır. Bu xətti kəsib keçmək çəkiliş obyektinin hərəkətinin,
yaxud nəzərlərinin istiqamətini pozur.
İstənilən adam, yaxud əşya şərti xəttin bir tərəfində öndən,
yaxud arxadan çəkilə bilər. Operator xəttin bir üzündən o biri
üzünə keçdikdə çəkiliş obyektinin hərəkət istiqaməti də dəyişəcək.
180 dərəcəli oxun müxtəlif tərəflərindən çəkilən nümayiş bir-
birinin üzərinə doğru hərəkət edən iki düşmən qrup kimi
görünəcək.
Reportyorun
və müsahibə verənin gözlərinin təması
müsahibənin yalnız psixoloji aspekti üçün deyil, onun ekranda necə
106
görünməsi baxımından da əhmiyyət kəsb edir. Keçidlər zamanı
sualları dinləyən reportyorun nəzərləri başqa tərəfə deyil, məhz
müsahibin üzünə dikilməlidir.
Əgər operator çəkilişi reportyorun arxasından aparırsa, onda
respondentin nəzərləri kadrda sola yönələcək. Operator reportyoru
çəkməyə başlayanda şərti təmas xəttini keçməməlidir. O, müsahibə
verəndən sol tərəfdə dayanmalıdır.
Pinq-ponq oyununun çəkilişi hərəkət istiqaməti üçün təmas
xəttinə riayət edilməsinin nə qədər vacib olduğunu göstərən klassik
nümunədir. Əgər operator şərti xətti keçsə və oyunçuları xəttin
sağından və solundan çəksə, ekranda elə görünəcək ki, guya
oyunçular topu ancaq bir istiqamətə vururlar.
ÇIXIŞLARIN ÇƏKİLİŞİ
Məruzə və çıxışların çəkilişində də eyni prinsip tətbiq
olunur. Şərti xətt çıxışçıdan kameraya doğru uzanır. Çəkiliş
məkanın yalnız yarısından aparıla bilər. Məruzəçi publikaya,
publika isə ona baxmalıdır. Əgər operator şərti xətti keçsə, elə
görünər ki, guya publika və natiq müxtəlif yönlərə baxırlar. Bir-
birinin ardınca gələn publika kadrları 180 dərəcəli oxun müxtəlif
tərəflərindən çəkilə bilər və bu, videosıraya əlvanlıq verər. İndiki
halda isə söhbət publikaya nəzərən natiqin çəkilişi zamanı riayət
olunmalı qaydalardan gedir.
Çıxışların çəkilişi reportyordan operatorla sıx əməkdaşlıq
etməsini tələb edir. Kamera o vaxt işə salınmalı və natiqə
tuşlanmalıdır ki, o nə isə mühüm bir məsələ haqqında danışmağa
başlasın. Əgər onun çıxışının mətni əvvəlcədən zaldakılara
paylanmışsa, bu, işi xeyli asanlaşdırar. Digər hallarda operator
daim hazır vəziyyətdə dayanaraq reportyorun işarəsini
gözləməlidir.
Hətta qısa informasiya süjeti üçün də natiqin tribunadan iri
planı ilə kifayətlənmək olmaz. Zalın panoram görünüşləri, öndən
və arxadan natiqin ümumi görünüşü çəkilməlidir. Çıxışçı tribunada
müxtəlif rakurslarda çəkilməlidir, yandan, yaxud elə məsafədən
107
bir neçə kadr çəkilməlidir ki, məruzəçinin dodaqlarının tərpənişi
görünməsin, ancaq onun nəsə dediyi anlaşılsın. Belə kadrlardan
kəskin montaj keçidlərindən qaçmağa kömək edən əlavələr kimi
istifadə oluna bilər.
Ən çox yayılmış keçid növləri bunlardır: iri planda natiqin
əli, natiqin əlyazması, zaldakı publika. Auditoriya diqqətlə
dinləyən, sakit, yaxud çılğınlıqla alqış tutan (əgər həmin zalda alqış
ümumən mümkündürsə) momentlərdə çəkilməlidir. Bu kadrlar
hamısı lazımdır, çünki natiqin nitqi alqışlarla çəkiləndə ekranda
müvafiq kadrlar görünməlidir.
Mətbuat konfranslarında alqış nadir şeydir. Operator sual
verən, qulaq asan, sualları cib dəftərçəsinə qeyd edən jurnalistləri
çəkir. Fotoqraflar və operatorlar dəstəsini də çəkmək mümkündür.
Düzdür, bunlar ən bayağı keçidlərdir, lakin qaça-qaçda montaj
olunan informasiya süjetlərində onlardan istifadə etmək çox
təbiidir.
Çıxışlar və ya mətbuat konfransları zamanı öz qeyd
dəftərçənizdə vacib fikirləri qeyd etməklə özünüzə böyük yaxşılıq
etmiş olursunuz. Bu qeydlər sayəsində materialın montajı prosesini
xeyli asanlaşdırmaq və sürətləndirmək mümkündür, o şərtlə ki,
operator çəkilişdən əvvəl real zaman kodunu qursun və saatını
sizinki ilə yoxlasın. Bu üsul montaj vaxtı sizi maraqlandıran yeri
lentdə dərhal tapmağa imkan verər.
Radioreportyorlar müasir rəqəmli DAT maqnitofonlarından
daha çox istifadə edirlər. Bu cihazlar cari zamanı avtomatik şəkildə
qeyd edirlər, bu da lentdə çıxışın bu və ya digər hissəsini axtarmağı
asanlaşdırır. Başqa maqnitofonlarda isə rəqəm işarəsini əllə
qoymaq mümkündür. Lent üzərində sonrakı iş zamanı o işarəni
tapmaq çox asan olur.
STENDUP
Norveçlilərin «fösinq», isveçlilərin «stoup» dedikləri şeyə
ingilisdilli jurnalistlər «stendup» (stəndap) deyirlər. Bu üç sözün
mənası eynidir: hadisə yerindən reportaj. Haradasa arxa planda
108
müharibə gedir, tamaşaçıların qarşısındakı reportyor isə bu qaynar
nöqtədə, yaxud hadisə yerində nələr baş verdiyi barədə danışır.
Qumbaralar
partlayan,
atışma gedən müharibə zonasında
çəkiliş aparmaq təhlükəlidir, ona görə də reportyor ekranı öz bədəni
ilə doldurmalıdır.
Xəbəri kadrlar vasitəsilə göstərən telesüjetəlrin ən yaxşı
telesüjetlər olduğunu inkar etmək mümkün deyil. Lakin bir çox
hallarda stendup mühüm funksiya daşıyır və ən yaxşı çıxış yoludur.
Söhbət o hallardan gedir ki:
* Reportyorun dediklərini əks etdirən videosıra yoxdur.
*
Materialın bir hissəsindən digər hissəsinə dəqiq və sərrast
keçid etmək vacibdir.
*Reportyoru qeyri-adi şəraitə «daxil etmək» lazımdır. Bu
halda çəkiliş elə yerlərdə aparılmalıdır ki, onlar reportyorun
dediklərinə əlavə informasiya mənbəyi təşkil edə bilsinlər. Fon çox
mühüm rol oynayır və müxbir baş verənlərin tərkib hissəsinə
çevrilməlidir. Tanış olmayan şəhərin konturları, yol-nəqliyyat
hadisəsinin izləri, qaçqınlar üçün çadır şəhərciyi, bombardmandan
zərər görmüş kənd… Kərpic divardan başqa hər şey fon rolunu
oynaya bilər.
*Reportyor təhlil aparmağa, baş verənlərin əsil mahiyyətini
açmağa çalışır. Bu halda o, tamaşaçılara birbaşa ekrandan müraciət
edərək onları öz sözlərinə inandırmağa nail olur.
*Reportyor özü hansısa hadisənin iştirakçısı olmuş, nə
üçünsə həyəcan keçirmişdir, şəraiti, ab-havanı, mücərrəd hissləri
təsvir etməyə çalışır.
*Nəyi isə nümayiş etdirir: «Qalıqlarını uzun müddətdən bəri
tapmaq mümkün olmayan filan təyyarənin qara qutusu bu anda
əlimdədir…»
Kadrların kompozisiyası baxımından çəkiliş zamanı saysız-
hesabsız imkanlar var. Reportyor ayaq üstə, oturaraq, hətta uzanmış
halda reportaj apara bilər. Onu hərəkət halında da çəkmək
mümkündür. O, qəfildən kadrda peyda ola bilər, arabir də görünə
109
bilər, yaxud panoramlaşdırmanın köməyi ilə də daxil ola bilər.
Arxa planda qeyri-adi şəraiti göstərən kameranın reportyordan
uzaqlaşması tamaşası üçün bir növ sürpriz ola bilər.
Birbaşa kameraya danışan reportyor özü üçün elə bir nöqtə
tapmalıdır ki, tamaşaçı ilə təmas üçün orada nəzərlərini toplaya
bilsin. Belə bir nöqtənin tapılması üçün bir neçə üsul var.
RADİOREPORTAJ
Əgər telejurnalist stendup zamanı baş verənləri öz bədəni ilə
örtürsə, radioreportyor hadisə yerindən veriliş aparmaqla özünün
oradakı iştirakını qəbul etdirir. Radiojurnalistikada bu metod
stendup deyil, canlı reportaj, yaxud birbaşa reportaj adlanır.
Praktikada bu o deməkdir ki, reportyor hadisəni, şəraiti, öz
hisslərini və yaxınlığındakı adamların emosiyalarını bədahətən
təsvir edir. O, yanğın və ya bədbəxt hadisə barədə birbaşa
mikrofona danışır, auditoriya arxa fonda başqa səslərin
yüksəldiyini, qışqırıq, hay-küy, yaxud təcili yardım maşınlarının
fitini eşidir. Canlı reportaj dinləyiciyə baş verən hadisənin şahidi
olmaq imkanı verən üsuldur. Radioreportyor sözlə vizual obraz
yaradır. Buna görə də çox vaxt radionu da informasiya ötürən
təsviri vasitələrə aid edirlər. Mikrofon mahiyyət etibarilə elə
kamera deməkdir. Səsin və səs effektlərinin köməyi ilə biz
dinləyicilər üçün mənzərə yaradır, onlarda bu və ya digər hadisə
barəsində obrazlı təsəvvür yaranmasına kömək edirik.
Hadisə yerindəki televiziya çəkiliş qrupunun əksər iş
metodları radiojurnalist tərəfindən də təbiq oluna bilər.
Radioreportyorun hadisə haqqında sinədən döşədiyi maraqlı söhbət
kameranın yoxluğunu əvəz edə bilər. Əlbəttə, ətrafda baş verənlər
barədə öz dinləyicilərinə hazırlıqsız-filansız məlumat vermək
məcburiyyətində qalan reportyor yaxşı müşahidə qabiliyyətinə,
təhkiyəçilik istedadına, hadisəyə nüfuz etmək bacarığına malik
olmalıdır.
110
RADİOPROSESLƏR
Radio informasiya verən misilsiz vasitədir. Qəbul edilmiş
qayda və qanunlar bəzi hallarda bu veriliş vasitəsinə maksimal
zəmin yaradır.
Dünyanın bir çox ölkələrində məhkəmə prosesində
jurnalistlərə kameradan istifadə etmək qadağan olunur, fotoqraflara
şəkil çəkməyə icazə verilmir, qəzetçilər isə öz dəftərçələrindəki
qeydlərlə kifayətlənməli olurlar. Ancaq belə proseslərdən səsli
veriliş aparmağa icazə verilir. Heç şübhəsiz, belə hallarda
radioreportyor üstün vəziyyətdə olur.
Hadisələrin inkişafını, ehtirasların coşmasını və məhkəmə
zalındakı şəraiti olduğu kimi vermək qəzetçilər üçün çox çətin olur.
Prokurorun suallarının sərtliyi, məhkumun səsindəki inamsızlıq və
tərəddüd, şahidlərin cavablarındakı lənglik, vəkilin müdafiə
nitqinin bəlağəti hətta peşəkar ədib üçün təsviri çətin olan işdir.
Radioreportyorun isə mikrofonu qurması və maqnitofonun
düyməsini basması kifayətdir.
İsveç Radiosu Ulof Palmenin* qətli üzrə prosesi demək olar
ki, bütünlüklə translyasiya etmişdi. Dinləyicilərə məhkəmə zalında
baş verənləri izləmək və hadisələri qiymətləndirmək kimi unikal
şans verilmişdi.
Bu məhkəmə işinə maraq olduqca böyük idi. Səhih
informasiyaya nail olmaq imkanı bu hay-küylü işin ətrafında şayiə
və dedi-qoduların yaranmasının qarşısını almışdı.
İsveç ədalət məhkəməsinin təməl prinsipi odur ki, məhkəmə
prosesləri ictimaiyyət üçün açıqdır. Praktikada bu o deməkdir ki,
məhkəmə iclası zamanı danışılan hər şeyi lentə yazmaq olar. Sonra
həmin səs yazısından praktiki olaraq qeyri-məhdud şəkildə istifadə
etmək mümkündür. Qanunvericiliyin müddəaları kifayət qədər
dəqiqdir və bununla belə müxtəlif şərhlərə imkan verir. Məsələn,
əgər səs yazmaq praktiki mülahizələrə görə məhkəmənin normal
işinə mane olursa (deyək ki, zalda naqillərin çoxluğu, aparatların
səsi və s.), sədr zalda səs yazmağı qadağan etmək hüququna
malikdir. Əgər
111
-------
*Ulof Palme 1969-76-cı və 1982-86-cı illərdə İsveçin baş naziri olmuşdur. 28 fevral 1986-
cı ildə Stokholmda qətlə yetirilmişdir. Qatil olduğundan şübhələnilən şəxsi Palmenin arvadı tanısa
da, o, uzun sürən məhkəmə prosesindən sonra dəlillərin azlığı üzündən azad edilmişdir. Qatilin PKK-
çı olduğu barədə sonralar xeyli dəlil meydana çıxmışdır. Qətl bu günədək açılmamış qalır (tərc.).
prosesin iştirakçılarından biri səsinin yazılmasını arzu etməsə, onda
da səs yazmaq qadağan edilə bilər.
Ulof Palmenin qətli üzrə işdə birinci instansiya məhkəməsi
və ali məhkəmə səs yazmaq məsələsinə fərqli şəkildə yanaşırdılar.
Hər iki məhkəmə qəbul etdiyi qərara görə tənqidə məruz qaldı.
Ümumiyyətlə, məhkəmə zalından birbaşa translyasiya barədə
məsələ İsveç qanunvericiliyində öz əksini tapmamışdır.
Radiojurnalistin məhkəmə zalından reportaj aparması ilə
bağlı iş barədə ümumiləşdirmə aparmaq çətindir, çünki müxtəlif
ölkələrdəki qaydalar bir-birindən kəskin şəkildə fərqələnə bilər. Bir
çox ölkələrədə, o cümlədən Baltik ölkələrində və Rusiyada
məhkəmənin icazəsi olduqda qanunvericilik formal olaraq səs
yazmağa şərait yaradır. Ancaq təcrübə gösətrir ki, bu dövlətlərin
məhkəmələri çox vaxt juranlistlərin xahişini rədd edir və buna
müxtəlif bəhanələr gətirir.
İsveç radioreportyoru üçün məhkəmə prosesinin açıqlığı
prinsipi, habelə müxtəlif hüquqi əsasnamələr və onların müxtəlif
şərhinin mümkünlüyü işin vacib amilidir və bu amil ona məhkəmə
zalında baş verənləri lentə yazmağa imkan verir. İsveçdə
məhkəmənin özünün həyata keçirdiyi səs yazma da hər kəsə
açıqdır. Lakin ondan istifadə qaydaları heç də birmənalı deyil.
Buna görə də reportyor hər konkret halda işə başlamazdan əvvəl
mövcud məhdudiyyətlər barədə məlumat almaq üçün məhkəmə
işçilərinə müraciət edir. Bəzən hüquqşünasla məsləhətləşmək də
lazım gəlir.
«NATURAL» MÜSAHİBƏ
Müsahibəni studiyada deyil, sizin müsahibiniz üçün doğma
olan yerdə aparmaq daha yaxşıdır. Doğma divarlar arasında o,
112
jurnalistin, yaxud telereportyorun və operatorun əhatəsində
sıxılmır, özünü daha sərbəst, daha inamlı hiss edir. Üstəlik,
yerlərdə yazılan müsahibə daha təbii olur – arxa planda qağayıların
çığırtısı, inəklərin böyürtüsü, saatların tıqqıltısı, yaxud insanların
səs-küyü müəyyən atmosfer əmələ gətirir.
Dinləyici üçün bu səslər baş verən hadisənin reallığının
təsdiqinə çevrilir, təxəyyülləri canlandrır. Lakin təbii ki, fon sələri
söhbətlərin qavranılmasına mane olmamalı, auditoriyanın diqqətini
yayındırmamalıdır. Uşağın ucadan ağlaması, yaxud tük ürpərdən
cırıltı fonundakı söhbət dinləyicini əsəbiləşdirir, onu tamamilə
başqa düşüncələrə sövq edir – görəsən, orada nə baş verir, uşaq nə
üçün ağlayır, bu nə cırıltıdır?
«Sənədli» səs-küyə aludə olarkən unutmayın ki, sonra lenti
montaj etmək lazım gələcək. Əlbəttə, qədim divar saatının tıqqıltısı
rahat ev atmosferi yaradır. Ancaq montaj zamanı bəzi parçaları
kəsib atmaq məcburiyyəti doğanda, bu tıqqıltı xarab olmuş saatın
qeyri-ahəngdar səsini xatırladır. Musiqi fonunda müsahibə səmərəli
üsuldur, lakin bu cür çəkiliş praktiki olaraq mümkün deyil. Buna
görə də çox zaman söhbət üçün daha sakit məkan tapmaq yaxşı
olar.
Müsahibəni aldıqdan sonra ətraf mühitin səsini yazmaq
vacibdir. Praktiki olaraq bir dəqiqə bunun üçün kifayətdir.
Sənədli səs-küy, yaxud səs effektləri sizin müsahibinizin
(müsahiblərinizin) səsi olmadan müsahibə yerində hökm sürən
atmosferin yazılmasıdır. Səs-küyün lentə köçürülməsi sonrakı
montaj prosesini, süjetin mikşlənməsini asanlaşdırır. Belə fonun
köməyi ilə kələ-kötürləri hamarlamaq, uğursuz montaj olunmuş,
yaxud qırıq-qırıq yazılmış hissələri düzəltmək mümkündür. Belə
səslər eyni zamanda jurnalist mətninə keçidi hamarlaşdırır, yaxud
müsahibə zamanı nələr baş verdiyi barədə reportyorun hesabatı
üçün fon olaraq istifadə edilir. Fon yazılışından uzun studiya
müsahibələrində istifadə etmək əsasən uğursuzluğa məhkumdur.
Çünki o zaman respondentin səsi qeyri-təbii çıxacaq, söhbətin
altına salınmış fon isə dinləyici tərfindən xüsusi effekt kimi qəbul
ediləcək.
113
Səs televiziyada çox mühümdür. Çünki o, tamaşaçının
ekranda gördüklərini emosional şəkildə qavramasını gücləndirir.
Televiziya süjetlərində sənədli səs-küy diqqəti daha az dağıdır,
çünki tamaşaçı bir qayda olaraq səsin mənbəyini görür.
XƏBƏRİN REKONSTRUKSİYASI
Jurnalistikada rekonstruksiya metodu, yəni hansısa
hadisənin reportyorun və yaxud artistlərin qüvvəsi ilə yenidən
canlandırılması metodu barədə jurnalistlər arasında davam edən
diskussiya səngimək bilmir. Bu üsuldan nə vaxt və hansı ölçüdə
istifadə edilməsi məqsədə uyğundur? Cinayət, yaxud bədbəxt
hadisə haqqında əhvalatı tamaşa kadrları vasitəsilə göstərmək
ümumiyyətlə lazımdırmı?
Bu metoddan bir çox ölkələrin, o cümlədən İsveçin
kommersiya telekanallarında geniş istifadə olunur. İsveç
Televiziyası isə rekonstruksiya metoduna çox nadir hallarda
müraciət edir.
Bank qarət edilmişdir, polis cinayətkarları axtarır. Qarət
anında çəkiliş qrupu orada olmamışdır və ola da bilməzdi.
Redaksiyanın əməkdaşları və artistlər polislərin və şahidlərin
sözləri əsasında qoyulmuş dramı kamera qarşısında addım-addım
oynayırlar. Televiziya ekranında bu səhnə təsirli və həyəcanlı
şəkildə görünür, ancaq bu, nə qədər doğrudur?
Öz proqramlarına tamaşaçıların inamını qorumaqda
maraqlı olan redaksiyalar bu cür rekonstruksiyalardan imtina
etməlidirlər. İnformasiya süjetini müşayiət edən kadrlar həqiqi
olmalıdır. İnformasiya proqramlarının redaksiyaları xəbərlərdə
tamaşa kadrlarından istifadəni məhdudlaşdıran dəqiq qaydalar
işləyib hazırlamalıdırlar. Mətbu kütləvi informasiya vasitələrində
saxta, yaxud təhrif olunmuş fotoşəkillərdən istifadəni qadağan
edən belə qaydalar mövcuddur. Müasir rəqəmli texnika fotoqrafiya
təsvirləri ilə olduğu qədər videokadrlarla da uğurlu manipulyasiya
aparmağa imkan verir. Ən yeni texnika bizə həqiqətin
114
saxtalaşdırılması və təhrifi üçün nə qədər çox imkanlar verirsə, biz
də onlardan bir o qədər qətiyyətlə imtina etməliyik.
Reportyor nə vaxtsa baş vermiş hadisəni yenidən
canlandırmağa deyil, real hadisələri əks etdirməyə və lentə almağa
çalışmalıdır. Bununla da o öz təsəvvürlərini tamaşaçılara həqiqət
kimi qələmə verməkdən qaçmış olar.
QƏZET SƏHİFƏLƏRİNİN MAKETİ
Fərqi yoxdur, məqalə nə qədər yaxşı yazılsa da, necə
maraqlı mövzuya toxunsa da, qəzetdə dəqiq və düşünülmüş
vyorstka, başlıq və sərlövhə yoxsa, şəkillər, illüstrasiyalar və onlara
mətnlər olmasa, materiallar diqqəti cəlb etməyəcək və oxunmamış
qalacaq.
Qəzeti açan oxucu xaotik və gəlişigözəl biçimdə
yerləşdirilmiş materal və şəkillərlə qarşılaşanda, diqqətəlayiq heç
nə olmayan səhifəni görəndə qəzeti bir kənara tullayır. Oxucu
qəzetdə onu maraqlandıran şeyi tez və problemsiz tapmaq imkanına
sahib olmalıdır. Maket bu prosesdə ona kömək etməli, materiallar
və təsvirlər bolluğunda bir növ naviqator rolunu oynamalıdır.
Qəzet səhifəsinin maketi üç məqsəd güdməlidir:
*Oxucunun diqqətini cəlb etmək.
*Nəşrə özünəməxsus orijinal qrafik profil vermək.
*Qəzetin məzmununa istiqamətlənmək işində oxucuya
kömək etmək və xəbərlərin əhəmiyyətlilik dərəcəsini ayırd
etmək.
Qəzet səhifəsinin bütün elementləri qəzeti daha oxunaqlı
etmək üçün məntiqi şəkildə birləşdirilməlidir.
Nəşrlərin və oxucu vərdişlərinin öyrənilməsi və müxtəlif
tədqiqatların nəticələri göstərir ki, qəzeti oxumağa davam etmək
işində maketin aşağıdakı elementləri mühüm rol oynayır:
*sərlövhə
*şəkil
115
*şəkilaltı
*inqress / vrez
*sərlövhəaltı mətnlər
Məqalələr oxucunun diqqətini yalnız o zaman cəlb edir
ki, yuxarıda sadalanan elementlər həm ayrıca səhifənin, həm də
bütövlükdə nömrənin dizaynında iştirak etmiş olsun.
ADDIM ARDINCA ADDIM
Gözə ilk dəyən şey sərlövhədir. Bu, oxucuya verilən ən
parlaq siqnaldır, onun diqqətini cəlb edən şeydir. Sərlövhəni
oxuyan kimi biz dərhal mətni müşayiət edən şəkilə diqqət yetiririk.
Sərlövhə ilə şəkil arasındakı əlaqə məhz buna görə vacibdir.
Adamları təsvir edən şəkillər oxucu üçün cansız əşyaların, yaxud
təbiətin təsvirlərindən daha maraqlıdır. Fotoşəkildəki insan gözləri
bir növ təsvirin mərkəzi rolunu oynayır.
Sərlövhə mətnlə şəkil arasındakı əlaqəni təmin edir.
Məsələn, «Öz komandasını xilas etdi» sərlövhəsinin altında futbol
üzrə yığma komandanın qapıçısının şəklini yerləşdirmək olar,
matç qəhrəmanının portretinin altındakı mətn isə informasiyanı
doldurar.
Sərlövhə və şəkildən sonra oxucunun nəzəri məqalənin
«vrez» adlanan girişinə dikilir. Bir qayda olaraq vrezin mətni yağlı
şriftlərlə yığılır. Vrez oxucunu qısa və yığcam şəkildə məqalənin
məzmunu ilə tanış edir. Bu, televiziya və radiodakı tuşlamanın
qəzet ekvivalentidir. Giriş oxucuda materiala maraq oyatmalı, onu
bütünlüklə oxumağa sövq etməlidir.
Hazırladığınız maketə baxmaqla siz səhifənin çapa hazır
olub-olmadığını kifayət qədər sürətlə yoxlaya bilərsiniz. Aşağıdakı
silsiləni izləməyə çalışın: sərlövhə – şəkil – şəkilaltı – vrez – mətn.
Bütün elementlər yerli-yerindədirmi? Səhifə cəlbedici
görünürmü? Özünüz nəyə isə diqqət yetirmək, səhifədə verilmiş
məqalələri oxumaq istərdinizmi?
116
Səhifənin maketi məqalənin mətnini, sərlövhəni və
şəkli əhatə edən düzbucaqlı bloklar halında tutulmalıdır. Dizaynı
bu prinsipə uyğun olan səhifəni oxumaq asandır.
İsveçin səhər qəzetlərində «sol yuxarı guşə» prinsipi
tətbiq edilir. Nömrənin ən əsas xəbəri bu küncdə verilir. Burada
həlledici rolu sərlövhə oynayır. İnformasiya materialı sol yuxarı
küncdən nə qədər sağa doğru yerləşirsə, oxucunun diqqətini bir o
qədər az cəlb edir. Bu öz əksini həm də sərlövhə şriftlərinin
ölçüsündə tapır. Bu prinsip bütün dövri nəşrlərdə tətbiq oluna bilər.
Uzun və yarımsərlövhələrə bölünməmiş mətnlər çox vaxt
oxucuda mənfi reaksiya doğurur. Bir qayda olaraq, mətn nə qədər
uzundursa, adamların onu oxumaq həvəsi də bir o qədər azdır.
Buna görə də məqaləni, məsələn, əsas mətnə və faktlar sütununa
bölmək olar. Əgər məqalənin içində müsahibədən istifadə olunursa,
onu ayrıca yerləşdirmək lazımdır. Yarımsərlövhələrdən, yağlı
şriftlərlə, çərçivə və xətkeşlərlə ayrılmış mənalı sitatlardan istifadə
etmək mətni bölməyin səmərəli üsuludur.
QİYMƏTLƏNDİRMƏ
Vyorstka təkcə qəzet dizaynının elementi deyil. Mətnlərin
redaktə edilməsində və maketləşdirilməsində materialın redaksiya
tərəfindən necə qiymətləndirilməsi də öz əksini tapır. Bir qayda
olaraq maketlə və səhifənin vyorstkası ilə məşğul olan əməkdaşlar
xəbərlər şöbəsinin müdiri ilə və ya gecə redaktoru ilə (növbətçi ilə)
birlikdə daxil olan materialları qiymətləndirməlidirlər. Bundan
sonra onlar müstəqil şəkildə materialların səhifədə yerləşdirilməsi
və oxucuya hansı qrafik biçimdə təqdim olunması barədə qəti qərar
qəbul edirlər.
Əgər səhifədə reklam anonsu yerləşdiriləcəksə, onu necə
və harada vermək barədə fikirləşin. Oxucu səhifəni bir bütöv kimi
qəbul edir. Anonsun mətni bölməməsi vacibdir, çünki bu, xəbərin
qavranılmasına mane ola bilər. Reklam elanları olan səhifənin ən
yaxşı dizayn variantı redaksiya materiallarını yuxarı sol küncdə və
117
ondan aşağıda, elan və reklamları isə aşağı sağ küncdə
yerləşdirməkdir.
Məqaləni müşayiət edən fotoşəkilləri içində rəsm və şəkillər
olan reklamla yanaşı vermək olmaz. Belə bir blok oxucuya
qavranılması çətin yeknəsəq kütlə təsiri bağışlayar. Bu kütlədə
nəyin jurnalist materialı, nəyin elan olduğunu seçmək onun üçün
çətin olacaq.
İsveçin səhər qəzetləri redaksiya materialları ilə reklam
arasında qəti sərhəd xətləri çəkirlər. Elanların qrafikası, maketi və
dizaynı oxucuya dəqiq siqnal verməlidir ki, bunlar məqalə deyil,
haqqı ödənilmiş anonsdur. Bu da qəzetə imkan verir ki, oxucu
harada reklamın, harada isə xəbərlərin və reportajların olduğunu
başa düşsün və qəzetə olan marağını itirməsin.
Məhəlli «Barometr» qəzetinin ilk səhifəsi məntiqi və düşünülmüş
vyorstkaya nümunədir. O, rahatca görünür və asanca oxunur. Birinci səhifəni
çox vaxt nömrənin ən vacib xəbərlərinin vitrini adlandırırlar.
118
7. DİL MƏDƏNİYYƏTİNİ QORUMALI!
Dostları ilə paylaş: |