Xüsusilə vurğulanmalıdır ki, tənəffüsü pozulmuş körpələrin böyük əksəriyyətinin vəziyyəti aparılan effektiv ventilyasiya nəticəsində yaxşılaşır; lakin bir qismində ürəyin masajına və daha az körpədə isə dərmanların
istifadəsinə ehtiyac yaranır. Bu səbəbdən də neonatal oksigenasiya və ventilyasiyanın əsaslarının öyrənilməsi
yenidoğulmuşların həyatlarının xilas edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
REANİMASİYAYA HAZIRLIQ Neonatal reanimasiyanın ən mühüm addımlarından biri ona hazırlıqdır. Çox vaxt prenatal (antenatal) və ya perinatal
anamnezin əldə edilməsi ilə müxtəlif risk faktorlarının müəyyən edilməsi yenidoğulmuşun reanimasiya tədbirlərinə ehtiyac
duyacağını əvvəlcədən təxmin etməyə imkan verir. Reanimasiyaya olan ehtiyacı 100% əminliklə müəyyən etmək mümkün
olmadığından, həmin tədbirləri apara biləcək müvafiq tibb personalı və tələb olunan avadanlıq hər bir doğuş zamanı hazır
vəziyyətdə olmalıdır.
Neonatal reanimasiya üçün tələb olunan tibb personalı Hər bir körpənin doğuşunda mütləq şəkildə neonatal reanimasiya üzrə təlim almış və müvafiq bacarıqlara malik tibb
mütəxəssisi iştirak etməlidir. Hər bir doğuşda mütləq şəkildə bir neonatal reanimasiya üzrə mütəxəssisin iştirakının təmin
edilməsi üçün doğuş keçirən hər bir xəstəxana və ya doğum evində həmin mütəxəssislərin sayı uyğun olmalıdır.
Neonatal reanimasiya üçün tələb olunan avadanlıq Yenidoğulmuşlara tibbi qayğının göstərilməsi üçün müvafiq reanimasiya avadanlığı əlçatan və işlək vəziyyətdə olmalıdır.
Doğuşa yardım göstərən tibb mütəxəssisi neonatal reanimasiya üçün tələb olunan avadanlığın lokalizasiyasını (yerləşdiyi
yeri) bilməli və onun işlədilmə qaydaları ilə tanış olmalıdır. Neonatal reanimasiyaya ehtiyacın yaranacağını əvvəlcədən
müəyyən etmək mümkün olmadığından, doğuş otağında neonatal reanimasiya üçün minimum tədbirlərin əvvəlcədən
görülməsi əhəmiyyət kəsb edir. Belə ki, hər bir doğuşda yenidoğulmuşun isidilməsi üçün şüalandırıcı istilik cihazı hazır
vəziyyətə gətirilməli və yenidoğulmuşun qurulanması üçün isidilmiş əskilər əl altında olmalıdır. Neonatal reanimasiya
zamanı istifadə edilən dərmanların dozaları və digər faydalı məlumatdan ibarət plakatlar doğuş otağının müvafiq yerlərində
(məs., isidicinin yanında) yerləşdirilməlidir.
Doğuşa yardım göstərən tibb mütəxəssisi oksigen borularının qoşulmuş vəziyyətdə olduğuna və tələb olunduqda dəqiqədə
5 l O2 axınını təmin edə biləcəyinə əmin olmalıdır. Reanimasiya üçün oksigen kisəsi və maskanın işlək vəziyyətdə olduğu
yoxlanılmalı və müvafiq ölçüdə maskalar əlçatan olmalıdır. Aspirasiya üçün müvafiq borular qoşulmuş vəziyyətə gətirilməli
və tələb olunduqda 80-100 mm c.s. təzyiqi ilə aspirasiyanın aparılmasını təmin etməlidir. Larinqoskopun müvafiq ölçüdə
tiyələri (tiyə No1 vaxtında doğulmuş körpələr və tiyə No0 vaxtından əvvəl doğulmuş körpələr üçün nəzərdə tutulub) əlçatan
və hər birinin işıqlandırma sistemi işlək vəziyyətdə olmalıdır.
Əgər respirator funksiyası pozulmuş körpənin doğulması gözlənilirsə, neonatal reanimasiya üçün bütün avadanlıq
əvvəlcədən tam hazırlıq vəziyyətinə gətirilməli və doğuş otağında yerləşdirilməlidir.