142
Təqdirəlayiq cəhət bir də budur ki, İ.Həbibbəyli bu problemi sadəcə M.Arazın
adı çəkilən ustadlara həsr etdiyi, poetik ehtiramını bildirdiyi əsərlərinin nəzərdən
keçirilməsi ilə məhdudlaşdırmır. Fikrini ən müxtəlif bədii mətnlərin ideya-bədii
arxitektonikasında, semantik yaddaşında yer alan ədəbi bağlılıqların aşkarlanması
əsasında diqqətə çatdırır. Alimin əhatəli elmi təhlillərdən sonra gəldiyi haqlı
qənaətinə görə,
“Ustad Məhəmməd Füzulinin müdriklik və məsuliyyəti, Sabir
sənətinin vətəndaşlıq cəsarəti, Səməd Vurğun şeirinin yüksək ilhamı və milliliyi
özünəməxsus şəkildə Məmməd Araz poeziyasında cəmləşmiş, yeni keyfiyyətlərlə
zənginləşmişdir. Məmməd Araz adları çəkilən ustad sənətkarlardan yaradıcılıqla
öyrənmiş, onların heç birini təkrar etməmişdir. Nəticə etibarı ilə millilik və müasirlik,
dərin və incə lirizm, fəal vətəndaşlıq mövqeyi və bəşərilik Məmməd Araz şeirinin
özünəməxsusluğunu müəyyən edir”
[92, s.303].
M.Arazın, ümumən onun mənsub olduğu ədəbi nəslin müasir ədəbiyyatımızın
inkişafında göstərdiyi xidmətləri əsaslı keyfiyyət dəyişikliyi kimi xarakterizə edən
akademik yazır ki, 1930-50-ci illərin poeziyasındakı zamanın tələblərindən doğan
poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyl kimi
qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin
istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır [92,s.299-300]. Bu
prosesdə Məmməd Arazın rolunu xüsusi qiymətləndirən, onun
yaradıcılığını
“tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidin dolğun ifadəsi” kimi
səciyyələndirən, şairi “mili şeirdə düşüncə lirikası komandasının baş kapitanı” sayan
[92, s.303] tənqidçinin bu elmi ümumiləşdirmələri də ədəbi həqiqəti ifadə edir.
Məmməd Arazın əsərlərindəki mövzu genişliyi, fikir təzəliyi, aydın qayə,
orijinal duyum və deyim tərzi də İ.Həbibbəylinin ədəbi təhlillərində özünün layiqli
elmi qiymətini almışdır. Tənqidçi fikrini belə ümumiləşdirir:
Dostları ilə paylaş: