Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
#16311
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Şarl de Qoll 
İnsan  üçün  ən  yaxşı  qələbə  özünə  qalib  gəlməkdir.  Başqası  tərəfindən 
məğlub olmaq biabırçılıqdır və hər şeydən pisdir. 
Platon 
Baxışın məlum genişliyində bütün qorxulu vəziyyətlər yoxa çıxır. 
Şarl Monteskye 
Şarl  de  Qoll  iki  dəfə  öz  ölkəsini  bədbəxtlikdən  xilas  etmiş,  onun  siyasi  və 
konstitusional  normallığını  bərpa  etmiş  və  ardıcılları  olan  vətəndaşlarının 
çoxluğunun dəstəyinə artıq malik olmadığı aydın olduqda isə iki dəfə özəl həyata 
yollanmışdı.  Siyasi  həyatda  əgər  yeganə  deyilsə,  nadir  şəxsiyyət  olmaqla  o,  bu 
nailiyyətlərini özünün yazıçılığı və hərbi nəzəriyyəçi kimi istedadı ilə birləşdirirdi. 
Əlbəttə, o, 50 yaşına yaxın olana qədər siyasi şəxsiyyət kimi meydana çıxmamışdı, 
baxmayaraq  ki,  onun  əvvəllər  hərbi  xadim  və  yazıçı  kimi  artıq  bəzi  mənəvi, 
intellektual, siyasi və digər xarakterik keyfiyyətləri üzə çıxmışdı. Bu onun sonrakı 
karyerasında  özünü  göstərdi.  Birincisi,  qalib  gələn  Fransanın  lideri  və  onun 
müharibədən  sonrakı  müvəqqəti  hökumətin  başçısı  kimi;  ikincisi,  Beşinci 
respublikanın  banisi  və  birinci  prezidenti  kimi;  üçüncüsü,  özünün  iştirak  etdiyi 
hadisələrin tarixçisi və avtobioqrafik əsərin müəllifi kimi. 
Şarl-Andre-Mari-Jozef  de  Qoll  22  noyabr  1890-cı  ildə  Lilldə  anadan 
olmuşdur.  Katolik,  vətənpərvər  və  millətçi,  orta  sinfin  yuxarısından  olan  ailənin 
ikinci  oğlu  olmaqla,  erudisiya  atmosferinə  düşmüşdü.  Ailədən  tarixçilər  və 
yazıçılar çıxmışdı, onun atası isə fəlsəfə və ədəbiyyat professoru idi. Lakin Şarl de 
Qoll  uşaq  kimi  artıq  hərbi  işlərə  ehtiraslı  maraq  göstərirdi.  Sen-Sir  hərbi 
akademiyasında oxudu və 1913-cü ildə gənc ikinci leytenant kimi polkovnik Filipp 
Petenin piyada polkuna götürüldü. Sonralar de Qoll öz gəncliyini belə xatırlayırdı: 
“Mən hesab edirdim ki, həyatın mənası Fransa naminə böyük igidlik göstərməkdir 
və  elə  gün  gələcəkdir  ki,  mənə  belə  imkan  qismət  olacaqdır”.  Onda  ölkəsinə 
xidmət barədə mistik bir vəzifə, borc hissi meydana gəlmişdi. 
Hərbi  karyerası  onun  fərasətli,  zəhmətkeş,  qızğın  gənc  zabit,  orijinal  ağla 
malik  olan  bir  adam,  özünə  yüksək  dərəcədə  güvənən  olduğunu  və  qeyri-adi 
igidliyə malik olacağını biruzə verirdi. Birinci Dünya müharibəsində o, Verdendə 
vuruşmuşdu, üç dəfə yaralanmış və iki il səkkiz ayı müharibə əsirliyində keçirmiş, 
bu  vaxt  altı  dəfə  qaçmağa  cəhd  etmiş  və  adı  üç  dəfə  rəsmi  məlumatlarda  qeyd 
olunmuşdu. Əsirlik ərzində alman müəlliflərini mütaliə edir, Almaniya barədə daha 
çox  şey  öyrənir.  Məhz  o  vaxtlar  o,  yeni  kitabı  olan  “Düşmənin  ölkəsində  nifaq” 
əsərini yazır və 1916-cı ildə çap etdirir. De Qoll əsirlikdən yalnız 11 noyabr 1918-
ci  ildə,  sülh  razılaşmasından  sonra  azad  edilir.  İki  il  Polşada  hərbi  məktəbdə 
taktikadan  dərs  deyir.  Vətənə  döndükdən  sonra,  1921-ci  ildə  aprelin  əvvəlində 
evlənir  və  ilin  sonunda  onun  oğlu  olur.  Uşağı  onun  gələcək  antoqonisti  marşal 
Petenin şərəfinə Filipp adlandırır. 

100 
 
Sen-Sirdə oxuduğu illərdən və iki illik xüsusi strategiya və taktikanı öyrədən 
hərbi kollecdə oxuduqdan sonra marşal Peten tərəfindən 1925-ci ildə Ali Müharibə 
Şurasının qərargahına irəli çəkilmişdi. 1927-1929-cu illərdə və yenidən 1936-38-ci 
illərdə Reynlandı işğal edən orduda mayor kimi xidmət edəndə o, alman təcavüzü 
təhlükəsini və fransız müdafiə cəhdinin adekvat olmadığını görməyi bacarmışdı. O, 
həmçinin iki ili Orta Şərqdə keçirmiş, dörd il Milli Müdafiə Şurasının katibliyinin 
üzvü kimi çalışmışdı. 
Onun  yazıçılıq  karyerası  Almaniyada  mülki  və  hərbi  hakimiyyətlərlə 
əlaqədar  öz  təəssüratlarını  təhlil  etdikdə  başlanmışdı.  1932-ci  ildə  “Gələcəyin 
ordusu”  əsərini  yazmışdı.  O,  professional,  yüksək  dərəcədə  mexanikləşmiş  və 
mobil kiçik ordu ideyasını müdafiə edirdi. Statik nəzəriyyə isə Majino xəttinə (bu 
fransızların 
Almaniya 
sərhədində 
980 
kilometr 
məsafədə 
uzanan 
möhkəmləndirilmiş müdafiə sistemi idi, Müdafiə naziri olmuş general Majinonun 
adını  daşıyırdı)  arxalanırdı.  Bu  xətti  tikməkdə  başlıca  məqsəd  Fransanı  alman 
hücumundan müdafiə etmək idi. Ancaq de Qollun belə orijinal baxışları onu hərbi 
rəhbərlik  arasında  qeyri-populyar  etmişdi  və  1938-ci  ildə  yazdığı  tarixi  əsər  olan 
“Fransa və onun ordusu” kitabı onu hətta marşal Petenlə mübahisə etməyə aparıb 
çıxarmışdı. Bunlardan əlavə o, “Şpaqanın ucunda” əsərini yazmışdı. 
İkinci  Dünya  müharibəsinə  bir  gün  qalmış,  31  avqust  1939-cu  ildə  o, 
yazırdı:  “Mənim  üzərimə  dəhşətli  mistifikasiyada  rol  oynamaq  düşüb.  Bir  neçə 
yüngül tank, hansılara ki, mən komandanlıq edirəm, yalnız tozcuqdur. Biz hərəkət 
etməsək, bu müharibəni biabırçı qaydada uduzacağıq”. 
İkinci  Dünya  müharibəsi  başlandıqda  o,  5-ci  fransız  ordusuna  bağlı  olan 
Saardakı tank briqadasının komandiri idi. Müharibə başlamamışdan bir gün əvvəl 
o,  bu  vəzifəyə  təyin  olunmuşdu.  1940-cı  ilin  mayında  4-cü  zirehli  divizionda  o, 
müvəqqəti briqada generalı oldu, bu rütbəni o, ömrü boyu saxladı. İki dəfə öz tank 
müharibəsi  nəzəriyyəsini  tətbiq  etmək  üçün  imkana  malik  oldu.  Nəticədə  o,  baş 
komandan  general  Maksim  Veyqan  tərəfindən  2  iyun  tarixli  depeşada  “yüksək 
enerjili  və  igid  lider”  kimi  xatırlanmışdı.  İyunun  6-da  o,  Pol  Reyno  hökumətinə 
Müdafiə  və  Müharibə  nazirinin  müavini  kimi  daxil  oldu  və  müharibənin  davam 
etdirilməsi  imkanlarını  öyrənmək  üçün  bir  neçə  dəfə  tapşırıqla  İngiltərəyə  getdi. 
Reyno  hökuməti  marşal  Peten  hökuməti  ilə  əvəz  edildikdə,  axırıncı  almanlarla 
atəşkəs axtarmaq məqsədini güdürdü, ona görə də de Qoll İngiltərəyə yollandı. 
Hələ  22  iyun  1940-cı  ildə  Almaniya  ilə  Fransa  arasında  sülh  müqaviləsi 
imzalanmamışdan  əvvəl  general  de  Qoll  Londondan  radio  ilə  çıxış  edəndə  (18 
iyun) fransızları natsist Almaniyası ilə mübarizəni davam etdirməyə çağırdı. O, bir 
gün  əvvəl  Fransanı  tərk  etmiş  və  həmin  vaxtdan  Londondan  fransız  müqavimət 
hərəkatına  başçılıq  etməyə  başlamışdı.  De  Qoll  Böyük  Britaniyada  fransız  Milli 
Komitəsini  yaratdı  və  həmvətənlərini  işğalçılarla  mübarizəni  dayandırmamağa 
çağırdı.  De  Qoll  öz  həmvətənlərindən  dəstək  aldı.  Fransada  güclü  müqavimət 
hərəkatı formalaşdı. 
De  Qoll  “Ümid  memuarları”nda  bunu  belə  təsvir  edir:  “Öz  ruhumu  və 
şərəfimi xilas etmək üçün digər hansısa bir köməkdən məhrum olmaqla, heç kəsə 
məlum  olmayan  bir  de  Qoll  Fransa  üçün  məsuliyyəti  öz  üzərinə  götürməli  idi”. 

101 
 
Radio  ilə  müraciətində  belə  sözlər  işlətmişdi:  “Heç  nə  itirilməmişdir,  çünki  bu 
müharibə  dünya  müharibəsidir.  Bir  gün  gələcək  ki,  onda  Fransa  azadlığını  və 
əzəmətini qaytaracaqdır. Bax buna görə də bütün fransızlara hərəkət etmək, özünü 
qurban  vermək  və  ümid  naminə  mənim  ətrafımda  birləşmək  barədə  müraciət 
edirəm”. O, Peten hökumətini xəyanətdə ittiham etdi. 
Fransanın faktiki təslimçiliyindən və sülh imzalandıqdan bir neçə gün sonra 
Vişi kurort şəhərində çağırılmış fransız Milli Məclisi 74 yaşlı marşal Filipp Petenin 
17 iyunda yaradılmış hökumətinə bütün Konstitusiya səlahiyyətlərini verdi (10 iyul 
1940-cı il). Bu hökumət alman qoşunları tərəfindən işğal edilmiş Vişidə yerləşirdi. 
Marşal  Peten  Almaniya  ilə  danışıqlar  aparmaq  imkanı  axtarırdı.  Fransa  siyasi 
rəhbərliyi  hələ  Almaniya  ilə  sülh  bağlamamışdan  əvvəl  kollaboratsionistlərə  və 
müqavimət tərəfdarlarına bölünmüşdü. 
Populyar  əfsanəyə  baxmayaraq,  o,  çıxışında  məşhur  “Fransa  döyüşü 
uduzmuşdur,  lakin  müharibəni  uduzmamışdır”  sözlərini  deməmişdi.  Bu  kəlmə 
İngiltərə  poçtunda  meydana  çıxmışdı.  Lakin  vurğu  tam  eyni  idi:  müharibə 
uduzulmamışdır, Fransa tək deyildir. 
General  de  Qoll  Londondan  fransız  müqavimətinə  başçılıq  edəcəkdi.  2 
avqust  1940-cı  ildə  fransız  hərbi  məhkəməsi  onu  öz  iştirakı  olmadan  mühakimə 
etdi  və  ölümə  məhkum  etdi,  həm  də  hərbi  rütbəsindən  məhrum  etdi  və 
mülkiyyətinin müsadirə edilməsinə göstəriş verdi. 
De  Qoll  döyüşkən  ruhda  idi,  müharibə  dövrü  karyerasına  siyasi  lider  kimi 
nəhəng vədlərlə başladı. Bu vaxt o, bir ovuc siyasi tərəfdarlarına və volyuntorlara 
malik  idi.  Bunlar  Azad  Fransız  Qüvvələrini  əmələ  gətirməli  idi.  Onun  heç  bir 
siyasi  statusu  yox  idi  və  faktiki  olaraq  İngiltərədə  və  Fransada  tanınmırdı.  Nəyə 
nail olmuşdusa, yalnız fərdi qaydada bunları etmişdi. Öz missiyasına mütləq inamı, 
liderlik  keyfiyyətinə  yiyələnməsi  barədə  özünü  inandırmasını  yazılarında  səmimi 
şəkildə  təsvir  edir.  Memuarlarında  onun  özünü  Fransaya  bütöv  qaydada  həsr 
etməsini, Fransa maraqları naminə vuruşmaq üçün möhkəm xarakteri (İngiltərədə 
tez-tez həmçinin üzə çıxan inadkarlığı), həm də sərəncamında olan bütün resursları 
aydın şəkildə göstərilir.  
De Qoll Londonda çox sayda çətinliklərlə üzləşməli oldu: “Mən əvvəllər öz 
timsalımda  heç  nəyi  təmsil  etmirdim...  Fransada  heç  kəs  yox  idi  ki,  mənim 
barəmdə zəmanət versin, ölkədə heç bir şöhrətə malik deyildim. Xaricdə mənə heç 
bir  etimad  və  mənim  fəaliyyətimə  haqq  qazandıran  nəsə  bir  şey  yox  idi”.  Buna 
baxmayaraq,  de  Qoll  Çörçillin  dəstəyini  qazana  bildi.  O,  de  Qollu  “bütün 
fransızların başçısı” kimi tanıdı. 
Hərbi  məsələyə  gəldikdə,  başlıca  vəzifədə  “Fransız  imperiyasını”  – 
Afrikadakı,  Hind-Çindəki  və  Okeaniyadakı  geniş  müstəmləkə  ərazilərini  fransız 
vətənpərvərlərinin  tərəfinə  keçirmək  idi.  De  Qoll  öz  hərəkatının  milli  və  tarixi 
köklərini nəzərə çarpdırır. O, “Azadlıq” ordeni təsis edir, orden fransız millətinin 
simvolu olan Lotaringiya xaçını təsvir edir. 
Ser Uinston Çörçill özünün “Onların ən yaxşı saatı” əsərində öz unudulmaz 
qonaqları ilə toqquşmalarını belə təsvir edir: “O, britaniyalılara kobud olmalı idi ki, 
fransızlara əyani şəkildə sübut etsin ki, o, britaniyalıların marionetkası deyildir. O, 

102 
 
bu siyasəti yorulmadan həyata  keçirirdi. O, bir  gün hətta bu texnikanı mənə izah 
etdi.  Mən  onun  probleminin  qeyri-adi  qaydada  çətin  olduğunu  anlayırdım.  Mən 
həmişə onun güclü möhkəmliyinə valeh olurdum”. 
Onun qabiliyyətlərinin öz həmvətənlərinin gözündə böyüməsinin faktı onda 
idi  ki,  həm  sol  siyasətçilər,  katolik  dininə  sitayiş  edən  karyera  qulluqçuları  onun 
siyasi  liderliyini  tezliklə  qəbul  etdilər,  həm  də  sağda  olanlar  üçün  bu  adam  milli 
qəhrəman  və  o  vaxtlar  fransızların  yeganə  feldmarşalı  olan  Filipp  Petenə  qarşı 
qiyam  qaldırmış  bir  şəxs  idi.  Ancaq  müharibənin  gedişi,  Londondan  radio  ilə 
çıxışı,  Azad  Fransız  Qüvvələrinin  fəaliyyəti  və  Fransada  müqavimət  qruplarının 
əlaqələri tədricən onun liderliyinin milli qaydada tanınmasına gətirib çıxardı. Lakin 
onun müttəfiqləri tərəfindən tam tanınma yalnız Parisin azad olmasından və zəfər 
nümayişindən sonra gəldi. Bütün şübhələrin arxasında fransız xalqı onu qəbul etdi. 
Londonda de Qollun Britaniya hökuməti ilə əlaqələri heç də asan olmamışdı 
və o, özü də bu gərginliyə çox hallarda əlavələr edirdi. 1943-cü ildə o, qərargahını 
Əlcəzairə  köçürdü,  burada  o,  Fransa  Milli  Azadlıq  Komitəsinin  prezidentinə 
çevrildi. Bu Azad Fransızların müharibə cəhdlərinə başçılıq edən mərkəzi təşkilat 
idi.  İlk  əvvəllərdə  general  Henri  Jiro  ilə  birgə  prezidentlik  edirdi.  1943-cü  ilin 
noyabrında  Jiro  Komitənin  tərkibindən  çıxarıldı.  4  iyun  1944-cü  ildə  Çörçill  de 
Qollu Londona çağırdı ki, ona müttəfiq qoşunlarının iki gün sonra Normandiyaya 
çıxarılması  barədə  məlumat  versin.  De  Qolla  başa  saldılar  ki,  onun  xidmətinə 
ehtiyac duymurlar. Bu, əslində ABŞ-ın Ruzvelt hökumətinin yeritdiyi xəttdən irəli 
gəlirdi. De Qoll qəti etirazını bildirdikdə, ona fransızlar qarşısında radio ilə ayrıca 
çıxış  etmək  hüququ  verildi.  General  müraciətində  “Döyüşən  Fransa”nın  təmsil 
etdiyi hökumətin legitimliyini bəyan  etdi  və onun amerikan komandanlığına tabe 
edilməsi planlarına qarşı qətiyyətlə çıxış etdi.  
6 iyun 1944-cü ildə müttəfiq qoşunları uğurla Normandiya sahillərinə çıxdı, 
beləliklə  Avropada  İkinci  cəbhə  açıldı.  De  Qoll  azad  edilmiş  Fransa  torpağında 
qısa müddətdə qaldı, sonra Vaşinqtona yollandı ki, Ruzvelt hökuməti ilə danışıqlar 
aparsın. Ruzveltlə görüşdən sonra de Qoll bu fikrə gəldi ki, “əgər Fransa özünün 
əvvəlki yerini tutmaq istəyirsə, yalnız özünə güvənməlidir”. 
Müqavimət  üsyançıları  Çadın  hərbi  qubernatoru  Leklerkin  tank  qoşunları 
üçün  Parisə  yolu  açdıqda,  de  Qoll  azad  olunmuş  paytaxta  gəldi.  25  avqustda 
amerikan  qoşunları  ilə  birlikdə  de  Qollun  hərbi  hissələri  Parisə  daxil  oldu. 
Möhtəşəm  tamaşa  baş  verdi  –  de  Qoll  camaatla  dolu  Paris  küçələri  ilə  təntənəli 
qaydada  gəzirdi.  O,  yazır:  “Atdığım  hər  addımda,  dünyanın  ən  məşhur  yerlərinə 
qədəm  basarkən  mənə  elə  gəlir  ki,  keçmişin  şöhrəti  elə  bil  ki,  bugünkü  günün 
şöhrətinə qarışır”. 
9 sentyabr 1944-cü ildə o, və onun kölgə kabineti Əlcəzairdən Parisə köçdü. 
O, iki müvəqqəti hökumətə başçılıq etdi. Hələ 1945-ci ilin fevralında fransız Milli 
Məclisi  Şarl  de  Qollu  Baş  nazir  təyin  etmişdi.  20  yanvar  1946-cı  ildə  de  Qoll 
istefaya getdi, çünki Milli Məclis geniş səlahiyyətləri olan prezident barədə onun 
təklifini  qəbul  etmədi.  De  Qoll  Fransanın  müvəqqəti  hökumətinə  1944-cü  ildən 
başçılıq  etmişdi,  1945-ci  ildə  isə  Milli  Məclis  tərəfindən  həmin  vəzifəyə  təsdiq 
edilmişdi. 

103 
 
İstefaya  getdiyi  vaxtdan  1958-ci  ilə  kimi  1946-cı  ilin  noyabrında  təşkil 
edilmiş  Dördüncü  Fransız  respublikasına  müxalif  oldu.  O,  yeni  Konstitusiyaya 
qarşı  kampaniya  aparırdı.  1947-ci  ilin  aprelində  Fransız  Xalqının  Birliyini  (RPF 
adlı  kütləvi  hərəkat)  yaratdı  və  o  tezliklə  gücləndi.  1951-ci  il  seçkilərində 
Assambleyada  120  yerə  sahib  olanda  siyasi  partiyaya  çevrildi.  Hərəkat 
Konstitusiyaya,  partiya  sisteminə  qarşı  de  Qollun  düşmənçiliyini  ifadə  edirdi.  O, 
fransız  kommunistlərini  separatçılar  kimi  qiymətləndirirdi,  onlara  qarşı  xüsusən 
düşmənçilik hissləri bəsləyirdi. O, parlament qrupunu bəyənmirdi, ancaq 1953-cü 
ildə  parlament  təşkilatı  ilə  onun  əlaqəsi  kəsildi.  1955-ci  ildə  RPF-nin  ölkədəki 
təşkilatı dağıldı. 
1955-ci ildən 1958-ci ilə kimi generalın özü heç bir yerdə görünmədi, ancaq 
Kolombe-le-döz-Eqlizdəki evində istirahət edirdi, burada o, memuarlarını yazırdı. 
1954-cü illə 1969-cu il arasında onların üç cildi çap olundu. Sonuncu “Xilas” əsəri 
1958-ci ildə hakimiyyətə qayıtdıqdan sonra başa çatdırıldı. 
Əlcəzair  böhranının  kəskinləşdiyi  şəraitdə  -  28  may  1958-ci  ildə  Fransa 
prezidenti Rene Koti Şarl de Qollu Baş nazir təyin etdi. De Qoll siyasətdən 1955-ci 
ildə  getmişdi,  malikanəsində  tənha  yaşayır  və  memuarlarını  yazırdı.  Milli  Məclis 
de  Qollun  təyinatını  və  Baş  nazirin  səlahiyyətlərini  artıran  Konstitusiya 
düzəlişlərini təsdiq etdi. Sentyabrda de Qoll ölkədə Beşinci (prezident) respublika 
rejimini  təsdiq  edən  referendum  keçirdi.  31  dekabrda  isə  onun  birinci  prezidenti 
seçildi. 
Onun  vəzifəyə  qayıtması  məsələsində  həmvətənləri  dərin  qaydada 
bölündülər.  Onların  tərəddüdünün  səbəbi  dövrün  siyasi  tarixinə  borclu  idi.  Lakin 
onu tanıyanlar üçün səbəblər bu baxışlara haqq qazandırmağa kömək etdi ki, onlar 
özünü  1958-ci  ilin  mayında  biruzə  verdi.  Əlcəzairdə  başlanan  qiyam  Fransanı 
vətəndaş müharibəsi ilə qorxudurdu. De Qollu bu, həyatın ehtiyatla tarazlaşdırılmış 
hesablaşmasına  aparacaqdı.  O,  ehtiyatla  hərəkət  edirdi,  lakin  öz  qərarı  üzərində 
möhkəm dayandı, yalnız leqal yolla hakimiyyətə gəlmək istəyirdi. Geri qayıtmaq 
üçün onun hansısa bir qiyam planı yox idi. 
Digər  tərəfdən  onun  ehtiyatlı  sözlərdən  ibarət  bəyanatı  qiyamçılara  kömək 
etdi. İyunda prezident Rene Koti de Qollun təklif olunan hakimiyyətə dönməyəcəyi 
təqdirdə istefa hədəsi ilə çıxış etdikdən üç gün sonra o, özünü Milli Assambleyada 
baş nazir kimi təqdim etdi və tələb etdiyi kimi Konstitusiyanı islahata uğratmaqdan 
ötəri və xüsusi hakimiyyət üçün parlament ona səlahiyyətlər verdi. 
Hökumətin başçısına çevrilən bu adam 21 dekabr 1958-ci ildə respublikanın 
prezidenti  seçildi.  O,  müharibə  vaxtındakı  sürgündən,  müharibədən  sonrakı 
təcrübəsindən,  həmçinin  hökumətdə  və  müxalifətdə  olanda  bu  məsələləri 
öyrənmişdi. 
Yeni  Konstitusiyada  prezidentə  verilən  hakimiyyətlər  28  sentyabr  1958-ci 
ildə  keçirilən  referendum  tərəfindən  bəyənildi.  O,  belə  düşünürdü  ki,  möhkəm 
dövlət, qərarlar qəbul etməyə qadir olan lider tələb edir. Öz “legitimliyinə” onun 
inamı – bunu o, lider olmağa onun iddiasının mahiyyətcə düzgünlüyü və Fransanın 
inkarnasiyası  kimi  başa  düşürdü,  -  vətəndaşların  onun  baxışlarına  şərik  olması 
məqsədini  güdürdü.  O,  prezident  vəzifəsinə  faktiki  olaraq  davam  edən  seçki 

104 
 
kampaniyasına  görə  nail  oldu.  Əyalət  səfərlərinə  çıxaraq,  hər  bir  departamentə 
getdi və bunların ərzində yerli kübarlarla yanaşı adi vətəndaşlarla da görüşdü. Milli 
Assambleya hökuməti buraxmağı yalnız 5 oktyabr 1962-ci ildə həyata keçirdi. 
1881-ci  il  qanununa  görə  respublika  prezidentinin  təhqir  olunması  ona 
hücum kimi qiymətləndirilirdi, lakin bu, qollist siyasətçiləri siyasi cəhətdən tənqid 
etməyə mane olmurdu. Əksinə, prezidentin siyasi hərəkətlərinin və bəyanatlarının 
tənqidi davam edir və genişlənirdi. 
Prezidentliyinin  ilk  dörd  ilində  de  Qolla  şübhə  edilməməsi  Əlcəzair 
müharibəsinin,  vətəndaş  qarşıdurması  baş  vermədən  başa  çatmasına  ümidi 
dəstəkləyirdi,  onu  opponentlərinin  ciddi  çağırışlarından  qoruyurdu.  Əlcəzair 
müharibəsinin tələbləri  gələcək  üçün pozitiv siyasətçi rolunu hazırlamaqdan ötəri 
onu  çox  şeylər  etməkdən  saxlayırdı.  Bu  illəri  o,  ölkədə  iqtisadi  situasiyanı 
möhkəmləndirmək,  müstəqil  nüvə  silahının  qorxu  yaratmasını  inkişaf  etdirmək, 
gələcəkdə  təzə  “əlcəzairlilər”  probleminin  qarşısını  almaq,  dənizin  o  tərəfindəki 
ərazilərdə  olan  müstəmləkələrin  siyasi  cəhətdən  12  müstəqil  dövlətə  çevrilməsi 
üçün  istifadə  etdi.  Axırıncılar  Fransa  ilə  dil  və  mədəniyyət  sapları  ilə  bağlı  idi, 
onlar həm də fransızların texniki, maliyyə və inzibati köməyinə möhtac idilər ki, 
özlərinin  siyasi  cəhətdən  dirilmələrinə  əmin  olsunlar.  1962-ci  ilin  ortalarında 
Əlcəzair  dövlətinin  müstəqilliyi  tanındı.  Bu  hadisədən  de  Qoll  elektoratdan  təzə 
səslər  əldə  etməklə  öz  mövqeyini  konsolidə  etmək  üçün  istifadə  etdi.  Artıq  o, 
siyasi cəhətdən şübhə edilməyən bir dövlət rəhbərinə çevrilmişdi.  
Onun 
müharibə 
dövrünün 
təcrübəsindən 
və 
RPF 
hərəkatının 
uğursuzluğundan  öyrəndiyi  bir  dərs  o  idi  ki,  onun  fərdi  mövqeyi,  ən  azı  nəzəri 
cəhətdən  siyasi  və  partiya  döyüşlərindən  yuxarıda  dayansaydı,  heç  şübhəsiz, 
möhkəm olacaqdı. Ona görə də 1958-ci il seçkilərindən əvvəl 25 iyun 1958-ci ildə 
keçirilən  mətbuat  konfransında  o,  öz  tərəfdarlarına  onun  adından  “hətta  bir 
qrammatika sifəti formasında” da hansısa qrupun və ya namizədin istifadə etməsini 
qadağan etdi. 
1962-ci ildə o, öz istefası və ya konstitusional düzəlişlər etmək məsələsində 
seçim  etməyi  seçicilərə  təklif  etdi.  28  oktyabrda  seçicilər  ona  13,2  milyon  səslə 
düzəlişin xeyrinə, 8 milyon səslə əleyhinə qaydasında iradələrini bildirməklə cavab 
verdilər.  Qollistlər  parlamentdə  əlavə  64  yer  qazandılar,  30  mühafizəkar 
deputatdan ibarət qrupun köməyi ilə Milli Assambleyada çoxluğu əldə etdilər. 
O,  çalışırdı  ki,  Fransa  dünyadakı  statusunu  bərpa  etsin,  özünün  “anqlo-
sakson”  adlandırdığına  bənzərlərdən  heç  bir  vəchlə  heç  də  aşağı  olmayan  böyük 
gücə  çevrilsin.  Sərkərdə  kimi  o,  daim  hərbi  problemləri  siyasətdən  ayrı  hesab 
etmirdi.  Dövlət  xadimi  kimi  o,  özünün  siyasi  döyüşlərində  hərbi  kampaniyadakı 
kimi vuruşurdu. Fransanın müharibədən sonrakı zəifliyini möhkəmliyə çevirməyə 
çalışırdı,  həm  də  bundan  vətənindəki  planlarına  müxalif  mövqeyi  dəf  etmək 
istəyirdi. 
Onun bu ixtirası öz ardıcılları olan vətəndaşlar tərəfindən: “eqoizm, iftixar, 
uzaqda  dayanmaq,  hiyləgərlik”  kimi,  Raymond  Arona  görə  isə  “empiritsizm, 
intuisiya, könülün deyil, zəkanın güzəştə getməsi” kimi təsvir edilirdi.  

105 
 
Özünün sonrakı karyerasının birinci mərhələsi ərzində, 1962-ci ildən 1965-
ci ildə yenidən prezident seçilməsinə qədər o, Avropa İqtisadi Birliyindən (EEC
Fransanın,  xüsusən  ölkənin  kənd  təsərrüfatının  mənafeyinə  xidmət  edən  bir  alət 
kimi istifadə etdi. O, çalışırdı ki, Avropa siyasi birliyinin qurulması ilə Fransa lider 
olsun.  Fransa,  fövqəlmilli  müdafiə  təşkilatı  olan  Şimali  Atlantika  Müqaviləsi 
Təşkilatında  (NATO)  iştirakdan  gələcəkdə  geri  çəkiləcəkdi,  çünki  de  Qollun 
Fransa üçün siyasəti “milli müstəqilliyə” və beynəlxalq koordinasiyaya əsaslanırdı. 
1966-cı  ildə  o,  Fransanın  bütünlüklə  NATO-dan  geri  çəkilməsini  elan  etdi, 
baxmayaraq ki, Atlantik Alyansın üzvlüyündə qalırdı. 
1 iyul 1966-cı ildə Fransanın NATO-nun hərbi təşkilatından çıxmasını elan 
edən  prezident  Şarl  de  Qoll  öz  ölkəsini  beynəlxalq  məsələlərdə  daha  müstəqil 
etməyə  çalışırdı.  Fransız  silahlı  qüvvələri  artıq  NATO-nun  birləşmiş 
komandanlığına tabe deyildi. Öz hərbi qüdrətini artırmaq üçün Fransa hələ 1960-cı 
ildə nüvə silahı yaratmağa başlamışdı. 
Prezidentliyinin ikinci müddətində o, diqqətini daha geniş sahələrə yönəltdi. 
Sovet İttifaqı və Şərqi Avropa ölkələri ilə ticari və mədəni əlaqələri genişləndirdi, 
Hind-Çində  bütün  millətlərlə  neytrallıq  siyasətini  müdafiə  edirdi.  O,  Birləşmiş 
Ştatlar  qoşunlarının  Vyetnamdan  çıxarılmasına  tərəfdar  idi.  Səfər  etdiyi 
Meksikaya,  Latın  Amerikasının  bütün  ölkələrinə,  Kanadaya  və  Uzaq  Şərqdəki 
ölkələrə Fransanın təsirini artırmaq  üçün onlarla əlaqələr  qururdu.  Onun sxeminə 
görə Fransa özünün mühüm rol oynayacağına ümid edə bilərdi. Amerika Birləşmiş 
Ştatları kimi Sovet İttifaqı ilə də yaxşı münasibətlər qurmağa qadir idi. Orta Şərq 
və  Şimali  Afrika  ölkələri  onun  baxışlarına  görə  Fransanın  təbii  təsir  zonasına 
məxsus  idilər.  Əlcəzairin  müstəmləkəçilikdən  azad  olması  barədə  demişdi  ki, 
“Təşkil olunmuş qitələrin erası müstəmləkə erasını əvəz edir”. 
Şəraitlər  isə  onun  uğurunun  əleyhinə  idi.  Onun  təsir  altına  alacağına  ümid 
bəslədiyi ölkələrin çoxunda anti-amerikanizm hissi populyar idi. O, da özünü anti-
amerikan  münasibəti  bəsləməyə  borclu  sayırdı.  Avropadakı  partnyorları  ilə 
münasibətdə  populyar    deyildi.  Sovet  qoşunları  1968-ci  ildə  Çexoslovakiyaya 
müdaxilə  edəndə  Fransa  buna  heç  bir  təsir  göstərə  bilməmişdi.  1968-ci  ilin 
mayında  siyasi  və  iqtisadi  böhran  başladıqda  Fransa  elə  bir  maliyyə  imkanlarına 
malik  deyildi  ki,  lider  rolunu  oynaya  bilsin.  De  Qollun  işlətdiyi  “Atlantik 
okeanından Ural dağlarına qədər Avropa” kəlməsi tez-tez təkrar olunurdu, əslində 
isə reallıqdan uzaq olan bir məsələni mantraya çevirməkdən başqa bir şey deyildi. 
1968-ci  ildə  müharibədə  olduğu  kimi  ümumi  düşmən  yox  idi.  Qayda 
birdəfəlik bərpa edilmişdi. Tələbələrin və fəhlələrin qaldırdıqları üsyan müvəqqəti 
hiddət  əlaməti  idi.  Onların  problemlərinin  həlli  sakit  danışıqlar  aparmağı  tələb 
edirdi. Narahatlıqlar vaxtı ilk çıxışında o, digər bir referendum keçirməyə çağırdı, 
bunda  iştirak  etmək  vədi  səmərəsiz  oldu.  İkincisi,  mayın  30-da  seçkilərdə 
qollistlərin  qələbəsi  kütləvi  dəstək  nümayişinə  çevrildi.  Bu  qələbə  prezidentə  və 
onun siyasətinə görə deyil, sülh və normal həyat üçün əhəmiyyətli idi. 
Heç bir şübhə yox idi ki, bu uzun müddətdə 1968-ci ilin may qiyamı ilə de 
Qollun mövqeyi zəifləmişdi. 1969-cu ilin aprelində o, yenidən referendum istədi, 
görünür  özünün  hakimiyyətdə  qalıb-qalmamasını  istəməsi  o  qədər  də  aydın 

106 
 
deyildi.  Bu  vaxt  o,  üç  böyük  səhv  buraxdı.  Birincisi,  referendum  regional 
yenidənqurmanın  və  Senatın  islahatının  həllini  seçicilərin  üstünə  atırdı,  həm  də 
söhbət  hər  iki  məsələnin  qəbul  edilməsi  ilə  onun  özünün  istefası  arasındakı 
seçimdən  gedirdi.  İkincisi,  birinci  müddət  ərzində  diplomatik  metod 
alqışlanmışdısa, lakin sonrakı bir neçə ildə böyük dövlətlər arasında münasibətlər 
çətinləşmişdi. Fransa Atlantika Alyansına nə fəal cəlb olunurdu, nə də ondan rəsmi 
qaydada  tam  uzaqlaşırdı.  Üçüncüsü,  “De  Qolldan  sonra  kim?”  sualına  prezident 
özü  cavab  vermişdi.  Jorj  Pompidunu  o,  altı  il  baş  nazir  işlətdikdən  sonra  həmin 
vəzifədən azad edəndə, prezidentliyə güman edilən və qəbul edilən bir varis kimi 
ona öz namizədliyini sərbəst qaydada irəli sürmək imkanı yaratmışdı. 
27  aprel  1969-cu  ildə,  referendumda  məğlub  olduqdan  sonra  de  Qoll  öz 
qərarını verməli idi. Bir gün sonra Şarl de Qoll qədəhdən bir az bordo şərabı içib, 
qəmli şəkildə demişdi: “Fransa məndən yorulub. Mən də fransızlardan”. Heç vaxt 
hakimiyyət kürsüsünə yapışıb qalmağa çalışmayan de Qoll bu dəfə də öz prinsipinə 
xilaf çıxmadı və Beşinci respublikanın prezidentliyindən istefa verdi. 
De Qollun mövqeyi 1968-ci ilin may həyəcanları vaxtı zəifləmişdi. Əvvəlki 
seçkilərdə  o,  fransızların  əksəriyyətinin  ölkənin  stabilliyində  və  qayda-qanunda 
maraqlı  olduğu  səbəbindən  qalib  gəlmişdi.  Referendumdakı  cavabla  fransızlar 
onun  əleyhinə  səs  verməklə  de  Qollun  istefasına  razılıqlarını  bildirdilər.  Onun 
təklifinin  ikinci  maddəsi  –  Senatın  islahatı  əhalidən  neqativ  cavab  aldı.  Artıq  de 
Qollun siyasəti fransızların onu artan dərəcədə anlamamaları və mənfi münasibəti 
ilə üzləşirdi. 
Fransanın  NATO-nun  hərbi  təşkilatından  çıxması  (1  iyul  1966-cı  il) 
gözlənilən  nəticəni  vermədi.  Fransanın  “Atlantika  okeanından  Urala”  qədər  olan 
Avropada  da  aparıcı  yer  tutması  barədə  de  Qollun  iddiası  əsasən  havadan  asılı 
qaldı. Çünki, bunun üçün ölkədə nə siyasi razılıq, nə də maliyyə imkanları var idi. 
Özünün  nüvə  proqramı  da  böyük  vəsait  tələb  edirdi,  hətta  sosial  və  iqtisadi 
islahatları keçirməyə də vəsait çatmırdı. 
Beşinci respublikanın ikinci prezidenti gözlənildiyi kimi de Qollun silahdaşı 
Jorj Pompidu oldu. 
Bəziləri üçün de Qoll XIX əsr ənənəsini davam etdirən və ya millətçi idi. O, 
həqiqətən  də  Fransanın  statusunu  dirçəltmək  istəyirdi.  O,  yazırdı  ki,  “Mən 
Fransanın  nə  düşündüyünü  bilmək  istəyəndə,  bunu  özümdən  soruşuram”. 
Digərlərinə  görə  isə  o,  uzağı  görən  dövlət  xadimi  idi,  ayıq  və  fərasətli  adam  idi; 
sadəcə  populyar  mifdən  istifadə  edirdi,  öz  həmvətənlərini  inandırırdı  ki,  onun 
liderliyini qəbul etsinlər. De Qollun ideyalarının özü də həmçinin ən azı, özünün 
müəyyən qədər istifadə etdiyi populyar bir mif idi. Siyasi alət kimi o, şəraitlərdən 
maksimum  fayda  götürməyə  qadir  idi.  İnqilab  dövründən  sonra  ilk  dəfə  bütün 
rejimlərin  ondan  uzaq  qaçdığı  siyasi  stabilliyə  nail  olmaq  üçün  o,  yalnız  ümid 
təklif edirdi. 
Tarix onun inkar edilməz keyfiyyətlərini dəqiq şəkildə tanıdı. Prezident kimi 
o,  respublika  qanunçuluq  rejimini  dəstəklədi.  O,  Əlcəzair  problemini  həll  etdi, 
bunu  yəqin  ki,  heç  kəs  edə  bilməzdi.  O,  Fransa  Afrikasının  ərazilərinin  dinc 
qaydada  “dekolonizasiyasına”  –  müstəmləkəlikdən  azad  olmasına  nail  oldu. 

107 
 
Bunların  hər  biri  siyasi  və  fərdi  risqlə  əlaqədar  idi.  Ancaq  həm  də  post-qollist 
dövlət xadimləri üçün problemlər yaratdı. O, komandaya və ya müşavirlərə ehtiyac 
duyan adam deyildi, tənha adam idi. O, hətta hakimiyyəti və etimadı nazirləri ilə, 
parlamentlə və partiyalarla bölüşməyi sevmirdi. 
Memuarlarında  açıb  göstərdiyi  kimi,  onun  şəxsiyyəti  dövlət  xadimi  və 
liderlikdə üzə çıxmışdı. Onun müasirləri də de Qollu məhz belə görürdülər. Onun 
şəxsiyyəti  həmin  dövrün  “qaranlıq  saatında”  digər  milli  qəhrəmanla  kəskin 
kontrastda  idi.  Uinston  Çörçill  karyeralı  siyasətçi,  parlamentə  dərin  inamı  və 
müdafiədə  ehtiraslı  marağı  ilə  seçildiyi  halda,  ekspansiv,  hərarətli  ürəyə  malik, 
həm  də  şıltaq  adam  olduğu  halda,  Şarl  de  Qoll  karyeralı  hərbçi  idi,  siyasətdə 
ehtiraslı  olduğu  halda,  siyasətçi  karyerasına  dərin  nifrət  bəsləyirdi.  O,  kənarda 
dayanan  uzaq  adam  idi,  öz  sözləri  ilə  dediyi  kimi  “hakimiyyət  prestij  tələb  edir, 
prestij isə uzaqda dayanmağı”. Gələcək təcrümeyi-hal yazanlar onun əcdadlarının 
nə etdiklərini tapmaqla yanaşı, de Qollun “özəl sifətinin” naməlum olaraq qalan və 
güman ki, dərk edilməyən olduğu qənaətinə gələcəklər.  
3  noyabr  1970-ci  ildə  general  de  Qoll  79  yaşında  vəfat  etdi.  Onun  ulduzu 
siyasi  üfüqdə  Fransa  1940-cı  ildə  natsist  Almaniyasına  təslim  olandan  sonra 
Müqavimət  hərəkatına  başçılıq  edəndə  parladı.  Beşinci  respublikanın  prezidenti 
kimi  (1959-1969-cu  illər)  de  Qollun  idarəçiliyi  adətən  avtoritar  üsul-idarə  kimi 
qiymətləndirilir. Xarici siyasətdə o, Fransanın dünya dövləti kimi nüfuzunu bərpa 
etməyə  cəhd  edirdi.  Nümayişkaranə  qaydada  ABŞ-dan  uzaqlaşaraq  o,  milli  nüvə 
qüvvələrini yaratmaq niyyətini bəyan etmişdi. Əlcəzair müharibəsinə 1962-ci ildə 
son qoymuşdu. 
Böyük  liderin  matəmi  ilə  əlaqədar  televiziya  ilə  çıxış  edən  prezident  Jorj 
Pompidu demişdi: “General de Qoll ölmüşdür. Fransa dul qalmışdır”. Həqiqətən də 
o,  Fransaya  sədaqətli  oğul,  fransız  xalqına  qayğıkeş  ata  olmuşdu.  Onu  millətçi 
adlandırsalar  da,  başqa  millətlərə  o,  loyallıqdan  başqa  heç  bir  hiss  bəsləmirdi. 
Müstəmləkə  xalqlarının  mübarizəsinə  onun  vicdanlı  münasibəti  bunu  bir  daha 
sübut  edir.  O,  imperiyanın  deyil,  doğma  Fransanın  mühafizəçisi  idi.  Əgər  Hitler 
özünün  irqçilik  siyasətini  hələ  1922-ci  ildə  natsistlərin  yığıncağında  “Burada  heç 
bir güzəşt ola bilməz, burada yalnız iki imkan vardır: ya arilərin qələbəsi, yaxud da 
arilərin  məhv  edilməsi  və  yəhudilərin  qələbəsi”.  Hitler  qəddar  irqçiliyi  ilə 
Almaniyanın vətəndaşları olan yəhudilərə divan tutacağını az qala iki onillik əvvəl 
vəd edirdisə, de Qoll yalnız Fransa uğrunda ölümcül mübarizəyə atılmış, sonradan 
da  müstəmləkə  ölkələrinin  xalqlarına  irqçilikdən  çox-çox  uzaq  olan  hərarətli 
münasibət göstərmişdi. 
Fransada tarixi müharibədən sonrakı əsrin bir rübünə bərabər olan dövr bir 
adamın  –  Şarl  de  Qollun  aparıcılıq  rolu  ilə  əlamətdar  idi.  Müharibə  dövründəki 
nəhəng fəaliyyəti ilə yanaşı o, qələbədən sonrakı illərdə də öz dövlətinin stabilliyi 
və inkişafı üçün yorulmadan mübarizə aparırdı. Parlament sisteminə keçirilməsi ilə 
Dördüncü  respublikanın  elan  edilməsi  de  Qollun  nisbətən  zəif  olduğu  partiyalar 
sisteminə əsaslanırdı və onu siyasətdən geri çəkilməyə vadar etdi. O, Fransa Xalq 
hərəkatını  yaratdı,  bu  tam  sağ  təmayüllü  təşkilat  idi.  Hərəkat  Fransanın  siyasi 

108 
 
qarışıqlığına  görə  partiyaları  məzəmmət  edirdi  və  güclü  prezidentliyin 
yaradılmasına səsləyirdi. Bu məqsədə isə de Qoll 1958-ci ildə nail oldu. 
Dördüncü respublikanın kövrək siyasi stabilliyi Əlcəzair böhranı tərəfindən 
güclü  surətdə  silkələndirildi.  Fransız  ordusu  1954-cü  ildə  Hind-Çindəki 
məğlubiyyətdən  əzab  çəkirdi  və  əlcəzairlilərin  müstəqillik  tələblərinə  müqavimət 
göstərməyi  qərara  almışdı.  Lakin  fransız  ziyalıları  və  kilsə  liderləri  arasında 
möhkəm  anti-müharibə  hərəkatı  acı  bir  bölünməyə  aparıb  çıxardı  və  Fransada 
vətəndaş  müharibəsinin  mümkünlüyünə  qapıları  açdı.  Panika  qaydasında  qorxan 
Dördüncü  respublikanın  liderləri  təklif  etdilər  ki,  qoy  de  Qoll  hökumətə  başçılıq 
etsin və hətta Konstitusiyanı təftişə uğratsın. 
1958-ci ildə de Qoll ləngliyə yol vermədən Beşinci respublika üçün layihəni 
hazırladı, bu sənəd prezidentin hakimiyyətini artırırdı. Prezident baş naziri seçmək, 
parlamenti  buraxmaq,  müdafiə  və  xarici  siyasət  məsələlərinə  nəzarət  etmək 
hüququna  yiyələnəcəkdi.  Yeni  prezident  kimi  de  Qoll  Fransanı  böyük  dövlət 
mövqeyinə  qaytarmaq  yollarını  arayırdı.  O,  inanırdı  ki,  özünə  məxsus  milli 
qaydada rolunu oynamaqla Fransanın statusu qalxacaqdır. Bu səbəbdən o, Fransanı 
NATO-nun yüksək komandanlığından çıxardı. Dünya dövləti statusunu qazanmağa 
yönəlmiş baxışı ilə de Qoll nüvə silahları üzrə yarışa ağır investisiya qoydu. Fransa 
ilk  nüvə  bombasını  1960-cı  ildə  sınaqdan  çıxardı.  Öz  uğurlarına  baxmayaraq  de 
Qoll dünya dövləti barədə öz ambitsiyalı məqsədlərinə real olaraq çatmadı. Onun 
varisləri Fransanı ABŞ-dan və Sovet İttifaqından sonra üçüncü nüvə dövləti kimi 
saxlasalar da, həqiqətdə Fransa belə qlobal ambitsiyalar üçün çox kiçik idi.  
Nüvə  proqramının  xərci  müdafiə  büdcəsini  şişirtməsinə  baxmayaraq,  de 
Qoll  fransız  iqtisadiyyatının  inkişafına  da  biganə  deyildi.  İqtisadi  qərarlar 
mərkəzləşdirilmişdi.  1958-ci  və  1968-ci  illər  arasında  fransız  milli  daxili 
məhsulunun  artımı  hər  il  5,5  faiz  təşkil  etmişdi,  bu  Birləşmiş  Ştatların  inkişaf 
səviyyəsindən sürətli idi. 
De  Qoll  erası  başa  çatdıqda  Fransa  başlıca  sənaye  məhsulları,  xüsusən 
avtomobil  qayırma  və  silah  sahələri  üzrə  güclü  istehsalçı  və  ixracçı  idi.  Buna 
baxmayaraq,  problemlər  də  qalırdı.  Ənənəvi  sənaye  sahələrinin,  məsələn,  daş 
kömür,  polad  və  dəmir  yollarının  milliləşməsi  (dövlətin  mülkiyyətinə  keçməsi) 
büdcə  defitsitinin  böyüməsinə  səbəb  oldu.  Qalan  Avropa  ölkələrinə  nisbətən 
yaşayış  xərcləri  də  artmışdı.  İstehlak  qiymətləri  1968-ci  ildə  on  il  əvvəl 
olduğundan 45 faiz yuxarı idi. 
De Qoll hökumətinin bu problemləri həll edə bilməməsindən artan narazılıq 
daha  zorakı  hərəkətlərə  aparıb  çıxardı.  1968-ci  ilin  mayında  bir  sıra  tələbə 
etirazları  həmkarlar  təşkilatlarının  baş  təbilinin  arxasınca  hökuməti  silkələdi.  De 
Qollun  qaydanı  bərpa  etmək  cəhdlərinə  baxmayaraq,  1968-ci  ilin  may  hadisələri 
fransız  xalqının  öz  möhtəşəm  prezidentinə  olan  hörmətini  ciddi  surətdə  zədələdi. 
Yorulan  və  narazı  olan  de  Qoll  1969-cu  ilin  aprelində  istefa  verdi  və  bir  ilin 
içərisində öldü. 
2013-ci il. 
 
 

109 
 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin