Ayrılıq belə düşdü
191
Bacarsanız dost eyləyin düşməni,
Siyasətlə süst eyləyin düşməni.
Süfrə açın, məst eyləyin düşməni,
Əl atmayın yersiz-yerə silaha,
Hər bir işdə siz sığının Allaha.
Axirətə gedənləri yad edin,
Hər cümədə ruhlarını şad edin.
Məzarını ziyarətlə yad edin,
Dörd yanına əkin lalə, qərənfil,
Unutmayın, bunu edin hər fəsil.
Göyçəm viran qalıb, köçkünəm özüm,
Dizimdə taqət yox, canımda dözüm.
Ay nəvə-nəticəm, ay görən gözüm,
Oxuyun, tarix tək əsərlərimi,
Görün bu sənətdə hünərlərimi.
Düşsə güzarınız Göyçəyə əgər,
Deyin inləmişəm onsuz nə qədər.
Ay Şiruyə, vəsiyyətin ta yetər,
Sözlərini ümid ilə tamamla,
Vidalaş, get, axirətə inamla.
|