Arzu SEyİdovA,
“İctimai fənlər” kafedrasının
əməkdaşı
XALqIN qAN YADDAŞI-31 MART
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq
imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa
qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl
qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin
açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi
torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının
bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı.
Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin
kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata
keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir
hissəsinə çevrildi.
«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni
qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin
Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan
ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış
məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı
vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin
mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət
verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını
yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda,
Zəngəzurda,
Naxçıvanda,
Lənkəranda
və
Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb
məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-
ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq
komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya
mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri
araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün
Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və
1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində
bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən
artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə
ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq
Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün
istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın
bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər.
Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya
edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni
vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23
dekabr 1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və başqa
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü
illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət səviyyəsində nail oldular.
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin
mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından
qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-
konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi
İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən
çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi
aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada
keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə
pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl
çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar
ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə
Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst
edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk
olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Azərbaycanın XIX - XX əsrlərdə baş verən bütün faciələri
torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı
siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin
yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək
cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə
bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Dostları ilə paylaş: |