İqlimi və hidroqrafiyası. Qətərdə tropikdən subtropikə keçid
xarakterli iqlim hakimdir. Ölkədə bütün ilboyu havalar isti və
rütubətli keçir. Yayda üzücü istilər olur. İyul-avqust aylarının orta
temperaturu 44 dərəcə olsa da, Ərəbistan və İranın səhra və
yarımsəhralarından gələn hava axını temperaturun əksər hallarda 50
dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda temperatur aşağı düşür.
Dekabr və fevral aylarının orta temperaturu 10-20 dərəcə arasında
tərəddüd edir.
Yay və qış aylarında gündəlik temperatur fərqi 10 dərəcəyə
çatır. Qətərdə ilin on ayında şimal-qərb (yerli əhali bunu «şemal»
küləkləri adlandırır) küləkləri əsir. Bu küləklər qışda yağıntı, yayda
isə qonşu ərazilərin səhra və yarımsəhralarından toz və qum gətirir.
Yağıntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. İlin
başqa vaxtlarında yağıntı düşmür. Ölkənin cənubunda il ərzində
düşən yağıntıların miqdarı 60 mm, şimalına isə 130 mm-dir.
Yağıntılar noyabrdan marta qədər olan dövrdə də qeyri-bərabər
düşür. Bəzən bütün ilboyu düşən yağıntı bir-iki gün ərzində düşür.
Qətərdə çay, göl və digər yerüstü su mənbəyi yoxdur. Ərazidə
kiçik quru yataqlar (vadilər) vardır. Yağışlardan sonra su ilə dolan bu
vadilərdəki su ya tezliklə buxarlanır, ya da torpağa hopur. Paytaxtın
yaxınlığında yerləşmiş Məşrib ölkənin ən böyük vadisidir. Qətərdə
yeraltı suların əhəmiyyəti böyük olsa da, bu sərvət tükənmək üzrədir.
Ölkənin şimalı cənuba nisbətən yeraltı sularla yaxşı təchiz
olunmuşdur. Şimalda yeraltı sular atmosfer mənşəli olduğundan
şirindir. Cənuba getdikcə yeraltı sular həm şorlaşır, həm də onların
debiti azalır.
XX yüzilliyin əvvəllərində ölkədə 25 min əhali yaşayan zaman
20-30 su quyusu olduğu halda, 50-ci illərdə 286, 60-cı illərdə 433,
70-ci ildə 1205, 1980-cı ildə 1589 artezian quyusu qazılmışdır. Buna
134
uyğun olaraq çıxarılan suyun miqdarının artmasına baxmayaraq 70-ci
illərin ikinci yarısından «su qıtlığı» daha kəskin problemə çevrilir.
Qətər hökuməti dəniz suyunun təmizlənməsinə də xüsusi fikir verir.