TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə42/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   38   39   40   41   42   43   44   45   ...   157
Sənətkarlıq.  Orta  Tunc  dövründə  metallurgiyanın  inkişafında  yeni  mərhələ 

başlanır.  Əvvəllər  məlum  olmayan  alət,  silah,  bəzək  formaları  yaranır,  alətlərin 

hazırlanma texnikasında bəzi yeniliklər tətbiq olunur, tunc məmulatı istehsalında yeni 

elementlərin  qatılmasından  istifadə  olunur.  Məhz  bu  dövrdən  başlayaraq  metal 

əşyaların  hazırlanmasında  qalay  qatımlı  tuncdan  (qalay  5-10  %)  daha  çox  istifadə 

olunur. Belə tuncdan, məsələn, Üzərliktəpədən, Göytəpədən və Qobustandan tapılmış 

xəncərlər  hazırlanmışdır.  Qatma  element  kimi  qalayla  birlikdə  mərgmüş  və  sürmə, 

həm də qurğuşun işlənirdi  və beləliklə, ərinti çoxkomponentli olurdu.  Ancaq  yüksək 

keyfiyyətli tunc istehsalını qatma element kimi qalay təmin edirdi. 



112 

 

Müxtəlif  tipli  məmulat,  misəritmə  istehsalı  qalıqları,  metal  əşyaların 



tökülməsində  istifadə  olunan  formalar  metallurgiyanın  və  metalişləmənin  geniş 

inkişafını aydın sübuta yetirir. 

Əsas  xammal  mənbələrini,  görünür,  yerli  mədənlər  təşkil  edirdi.  Demək  olar 

ki,  hər  bir  yaşayış  yerində  metal  əşyaların  istehsalı  ilə  məşğul  olurdular.  Misəritmə 

istehsalı  ilə  əlaqədar  qalıqlar  Üzərliktəpədə  aşkar  olunmuşdur.  Orada  posa  (şlak) 

parçası,  həm  də  piyalə  formalı  gil  buta  tapılmışdır.  II  Kültəpədə  və  Qobustan 

Böyükdaş yaşayış yerində gil çömçələrə rast gəlinmişdir. Həftəvan yaşayış yerində ox 

ucluğu tökülən daş qəlibin tapılması böyük əhəmiyyət kəsb edir. 

Metal  məmulatı  adətən  çoxlu  miqdarda  dəfn  abidələrdən  əldə  edilir. 

Əliköməktəpə  qəbirləri  belə  abidələrdəndir.  Onlardan  balta,  nizə  ucluqları,  xəncər 

tiyəsi, borulu qarmaq,  mis qazan, dördtilli bizlər, çoxlu düymələr, sürmədən bikonik 

muncuqlar,  qızıl  və  gümüşdən  asmalar  və  s.  tapılmışdır.  Öyrənilən  dövrdə  silah  və 

alətlər  tökmə  üsulu  ilə  hazırlanır,  sonra  isə  onların  ağız  hissəsi  qismən  döyülür  və 

yararlı  işlək  hala  salınırdı.  Əvvəllər  olduğu  kimi,  indi  də  mumdan  və  ya  başqa 

tezəriyən  materialdan  istənilən  əşyanın  modeli  düzəldilir,  üzəri  gillə  suvanır  və 

əridilmiş  metal  modelə  tökülərkən  onun  formasını  alırdı.  Əşyanı  çıxarmaq  üçün  gil 

forma sındırılmalı idi. Bu üsulla əşyanı yalnız bir dəfə almaq olar. 

Orta Tunc dövründə xəncər və borulu nizələr geniş yayılmış silah tiplərindən 

idi.  Bəzi  hallarda  onların  hazırlanma  texnologiyası  mürəkkəb  olurdu.  Tərtər 

rayonunun Borsunlu kurqanından  əldə  edilən bir  xəncərin  tiyəsinin içərisində  məftil 

olduğu  müəyyən  edilmişdir.  Modelə  əridilmiş  metal  tökülməzdən  əvvəl  məftil  onun 

ortasına  qoyulmuşdur.  Bundan  da  məqsəd  xəncərin  möhkəmliyini  təmin  etmək  idi. 

Analoji üsullar Son Tunc dövründə də tunc silahların (xəncər, bıçaq) hazırlanmasında 

tətbiq olunurdu. 

Şəki  rayonunda  bir  kurqandan  məlum  olan  xəncərin  hazırlanmasında  başqa 

üsuldan  istifadə  olunmuşdur.  Onu  tunc  təbəqədən  düzəltmişlər.  Tunc  təbəqədə 

uzunsov  üçbucaq  formasında,  baş  tərəfdə  dilçək  yeri  qoymaqla  xəncər  tiyəsini 

kəsmişlər. Ağzı əlavə olaraq işlənib itilənmiş və ucu şişlənmişdir. 

 

Xəncər və başqa silah növlərindən fərqli olaraq, borulu nizələrin hazırlanması 



daha  mürəkkəb  proseslə  əlaqədar  yüksək  ustalıq  vərdişi  tələb  edirdi.  Əvvəldən 

hazırlanmış  tunc  lövhəni  elə  əymək  və  düzəltmək  lazım  idi  ki,  onun  bir  yarısı  boru, 

digər  yarısı  yarpaqvari  formanı  alsın.  Bütöv  tökülmüş  borulu  nizələrin  hazırlanması 

orta tunc dövründən başlanır, ancaq geniş inkişafını sonrakı dövrdə e.ə. II minilliyin 

ikinci yarısında tapır. 

Orta Tunc dövründə rast gəlinən asimmetrik tunc baltalar Qafqazda çox azdır. 

Onlara  Talış-Muğan  zonasında  nisbətən  çox  rast  gəlinir.  Belə  baltalardan  ibarət  bir 

dəfinə Astara rayonunda Lovain kəndindən təsadüfən tapılmışdır. 

Orta tunc dövrü abidələrində metaldan xırda məmulata da rast gəlinir. 



113 

 

Şəki  kurqanlarından  və  Ordubad  rayonunun  Plovdağ  nekropolundan  çoxlu 



tunc  sancaqlar,  Göytəpədə  Orta  Tunc  dövrü  təbəqəsindən  göbələkvari  başlıqlı 

sancaqlar  da  tapılmışdır.  Onlara  oxşar  nümunələr  Naxçıvanın  qəbir  abidələrindən 

məlumdur. 

Tunc  məftildən qeyri-adi qıvrım bəzək əşyaları Quba rayonunda və Daşkəsən 

rayonunda Xaçbulaq kurqanlarının birindən tapılmışdır. Onlar belə düzəldilirdi: məftil 

iki  dəfə  yarım  dairə,  sonra  bütöv  dairə  və  bundan  sonra  yenə  də  iki  yarım  dairə 

şəklində  əyilirdi.  Bu  qıvrım  əşyalar  saç  bəzəyi  kimi  istifadə  olunurdu.  Eyni  formalı 

tunc bəzək İranda Qodintəpə qəbrindən məlumdur. 

Azərbaycanda  və  Zaqafqaziyada  metallurgiyanın  və  metalişləmənin  sonrakı 

inkişafı ona gətirib çıxarır ki, orta tunc dövründə əmək aləti və silah hazırlamada daş 

və  sümük  material  kimi  öz  əhəmiyyətini  itirir.  Bununla  belə,  çaxmaqdaşı  bəzi  alət 

növlərinin  hazırlanması  üçün  istifadə  olunurdu.  Hələ  də  yığma  oraq  dişləri 

çaxmaqdaşından  hazırlanırdı.  Əvvəllər  olduğu  kimi,  dənin  üyüdülməsi  daşdan 

hazırlanmış  alətlərlə  aparılırdı.  Buna  görə  də  hər  yaşayış  yerində  dən  daşlarına, 

sürtgəclərə rast gəlinir, daş həvəng və dəstəklər isə azdır. 

Metal  silahların  çoxdan  meydana  gəlməsinə  baxmayaraq,  ox  ucluqları 

çaxmaqdaşından və dəvəgözündən hazırlanırdı. 

Azərbaycanın  orta  tunc  dövrü  abidələrində  ağacişləmə  və  toxuculuğun 

inkişafına dair mühakimə yürütməyə əsas verəcək dəlillərə olduqca məhdud miqdarda 

rast  gəlinmişdir.  Bununla  belə,  bir  sıra  dolayısı  dəlillər  həmin  istehsal  sahələrinin 

inkişafını göstərir. Məlumdur ki, balta, nizə, xəncər dəstələri və başqa əşyalar ağacdan 

hazırlanır,  damları  örtməkdə  tirlərdən  istifadə  olunur,  arabanın  gövdəsi  və  təkərləri 

ağacdan  düzəldilirdi.  Şübhə  etmədən  demək  olar  ki,  orta  tunc  dövründə  ağacişləmə 

sənəti və toxuculuq istehsalı inkişafda olmuşdur. 

Orta  tunc  dövründə  toxuculuq  dəzgahının  tətbiq  olunması  haqqında  dəqiq 

məlumatımız  yoxdur.  Ancaq  Azərbaycanın  həmin  dövr  abidələrindən  (II  Kültəpə, 

Üzərliktəpə)  gildən  və  sümükdən  iy  baslıqlarının  tapılması  toxuculuğun  inkişafını 

sübuta yetirir. Onlar, öz formalarına görə, Zaqafqaziyada həm əvvəl, həm də sonrakı 

dövrlərdə yayılmış alətlərdən heç cür seçilmir. 

Azərbaycanın  orta  tunc  dövrü  əkinçi-maldar  əhalisinin  sənət  sahələrindən  ən 

geniş  yayılmış, eyni zamanda  ən vaciblərindən biri dulusçuluq olmuşdur. Ötən dövr 

dulusçuluq məmulatının bir sıra xüsusiyyətlərinin davam etməsinə baxmayaraq, indi 

xeyli  yeniliklər  meydana  gəlir.  Urmiyaətrafı  ərazidə,  Kür-Araz  ovalığında, 

Naxçıvanda  orta  tunc  dövründə  boyalı  qablar  istehsalı  geniş  yayılır.  Qablar  əldə  və 

eləcə də dulus çarxında hazırlanırdı. Azərbaycanın şimal rayonlarında və Xəzərsahili 

ərazidə  boyalı  qablara,  demək  olar  ki,  rast  gəlinmir.  Burada,  əvvəllər  olduğu  kimi, 

qab-qacaq əl üsulu ilə hazırlanırdı. 



114 

 

Orta  tunc  və  əvvəlki  dövr  dulus  məmulatı  bir-birindən  fərqlənir.  Bu  dövrün 



qablarında  Kür-Araz  mədəniyyəti  dulus  məmulatı  üçün  səciyyəvi  olan  naxış  və 

yarımkürə  qulplara  təsadüf  olunmur.  Gil  manqallar,  sacayaqlar,  qab  qapaqları 

məişətdə  artıq  istifadə  olunmur.  Qırmızı  bişimli  həm  də  qara,  boz  rəngli  qabların 

gövdəsi adətən naxışla yaraşıq üçün ağ maddə ilə doldurulurdu. 

Boyalı  qablarda  naxış  adətən  bir  rənglə  vurulurdu,  çox  rənglə  naxışlanmış 

qablar  da  vardır.  Qabların  yuxarı  yarısında  qırmızı  və  sarı  şirə  (anqob)  üzərində 

müxtəlif  həndəsi  naxışlar  çəkilirdi.  İnsan,  heyvan,  quş  təsvirlərinə  olduqca  az  rast 

gəlinir.  Qara  və  boz  qablarda  canlı  təsviri  heç  yoxdur.  Onlarda  naxışlanma  cızma 

üsulu  ilə,  həm  də  dişli  qarqara  ilə  aparılmışdı.  Naxışlama  kompozisiyalarında  əsas 

yeri tağvari fiqurlar, bir-birinin içərisində yerləşən asma yarımdairələr tutur, sınıq və 

dalğavari  xətlərə,  bəzən  də  meandr  (həndəsi  ornament)  və  qıvrım  təsvirlərinə  rast 

gəlinir. Bəzən qablar cızma bəzəklərlə bəzədilirdi. 

Ümumiyyətlə, bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da ayrı-ayrı 

zonaların tunc dövrü dulusçuluq sənətkarlığında müxtəliflik çox nəzərə çarpır. 

Azərbaycanın dulus ustaları tunc dövrünün bütün inkişaf mərhələlərini keçərək 

zəmanəmizə qədər gəlib çatan gil nehrələrin hazırlanmasını davam etdirirdilər. 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin