Sənətkarlıq. E.ə. II minilliyin ikinci yarısında ayrı-ayrı sənətkarlıq növlərinin
xüsusi inkişafı müşahidə olunur. Bu dövrdə Azərbaycan əhalisi metallurgiya və
metalişləmənin inkişafında yüksək səviyyəyə qalxmışdı. Məhz bu dövrdə
Azərbaycanın zəngin mis mədənlərinin geniş istismarı başlanır.
Metalın əridilməsi xüsusi kürələrdə aparılırdı. Belə kürələrin qalıqları
Mingəçevirdə aşkar olunmuşdur. Kiçik sahədə bir-birinə yaxın beş kürə vardır. Onlar
planda dairəvi və ellipsvari olmuşdur. Kürələrin ətrafında metal çıxarına, yanmış
suvaq parçalarına, kül yığıntılarına, həm də üzərində metal qalığı olan puta qırığına
rast gəlinmişdir. Mingəçevirdə misgər dəfinələri tapılmışdır. Onlardan biri 5 kiloqram
çəkidə, kürələrdən biri ilə yanaşı idi. Dəfinədə istifadədən düşmüş müxtəlif əşya
hissələri var idi (qolbaq, bıçaq, barmaqcıq, metal lövhələr, qıvrım asmalar və s.). Bu
əşyalar qəsdən toplanır və onlardan yeni tunc məmulat hazırlanırdı. Yastı balta
tökmək üçün istifadə edilən daş qəlibin tapılması Mingəçevirdə metalişləmə
emalatxanasının varlığı barədə dəlilləri tamamlayır. Metalişləmə emalatxanaları
Azərbaycanın başqa yaşayış yerlərində də olmuşdur. Şamxor rayonunda təbərzin balta
tökmək üçün qırmızı qumsal daşdan düzəldilmiş ikiüzlü qəlibin bir üzü tapılmışdır.
Təbərzin balta üçün eyni formalı daş qəlibin bir parçası Gədəbəy rayonunun Böyük
Qaramurad siklop qalaçasından əldə edilmişdir. Misgər emalatxanalarda yalnız
sakinlərin özlərinin ehtiyacı üçün deyil, həm də mübadilə üçün məmulat hazırlanırdı.
Bunu A
ZƏR
baycanın müxtəlif rayonlarından tapılmış təbərzin balta dəfinələri təsdiq
edir. Belə ki, Dəvəçi rayonunda Meşrif dəfinəsində mis qazanda yeddi təbərzin balta,
Xankəndi yaxınlığında Kərkicahan dəfinəsində altı təbərzin balta olmuşdur.
Qədim ustalar misə qatqı kimi mərgmüş, sürmə, əsasən, qalay, az hallarda
qurğuşun əlavə edirdilər.
Ustalar tunc əşyaların texniki və texnoloji cəhətdən istehsalına yaxşı bələd
idilər. Tunc əşyaların istehsalında müxtəlif üsul və qaydalar tətbiq edirdilər. Buraya
daş qəliblərdə və mumdan düzəldilmiş modellərdə metaltökmə, metalı isti və soyuq
döymə, bəndvurma, qaynaqlama, kəsmə, cızma və s. daxildir.
128
Silahların əksəri metaltökmə yolu ilə düzəldilirdi. Bu, tunc baltalara, qılınclara
və xəncərlərə aiddir. Mumdan düzəldilmiş modellər vasitəsi ilə demək olar ki, bütün
xırda tunc əşyalar - quş, heyvan, insan fiqurları və müxtəlif bəzəklər - asmalar,
barmaqcıqlar və diademlər (alınlıq) hazırlanırdı. Mürəkkəb formaya malik əşyalar
hissə-hissə hazırlanır, sonra birləşdirilir və bənd edilirdi. Balıqqayadan və Xanlardan
tapılmış tunc hərbi yabalar belə hazırlanmışdır. Bir çox hallarda xəncərlərdə və
qılınclarda dəstək başlığı ayrılıqda hazırlanırdı. Kiçik Qafqaz və ona qonşu ərazilərdə
xəncər başlıqları əsasən şəbəkəli düzəldilir, ağacla inkrustasiya olunurdu. Pasta,
sümük və sədəflə inkrustasiyaetmə halları da məlumdur. Qəliblərdə tökülən tunc
əşyalar zərbetmə və cızma üsulu ilə bəzənirdi. Enli tunc kəmərlərdə insan, heyvan,
quş, balıq, müxtəlif nişanlar, həm də dini xarakter daşıyan bütöv səhnələrə təsadüf
olunur. Metalişləmə sənətində tunc əşyaları inkrustasiya etmədə müxtəlif rəngli
metallar tətbiq olunurdu. Dovşanlı kurqanlarından əldə edilmiş tunc halqa və toqqa
başlığı elə tökülmüşdür ki, onlardan qıvrım çökəkliklər vardır. Həmin çökəkliklərə
sonra həmin metalın daha açıq rənglisi doldurulmuşdur. Bu dövrdə tuncdan müdafiə
üçün qalxan, dəbilqə (Dovşanlı) və qazan (Çovdağ, Xocalı, Meşrif) hazırlanırdı.
Hər qəbilə birliyi ərazisində metallurgiya ocağı özünəməxsus tunc əşyalarla
səciyyələnir. Məsələn, Talış-Muğan mədəniyyətinin qılınc və xəncəri Xocalı-Gədəbəy
mədəniyyətinin eyni məqsəd daşıyan materiallarından tamamilə seçilir. Xocalı-
Gədəbəy mədəniyyəti abidələrindən yaxşı məlum olan tunc təbərzin baltalar, enli
qılınclar Naxçıvan ərazisindən məlum deyildir.
E.ə. II minilliyin sonlarında dəmir yalnız xırda əşyaların hazırlanmasında
istifadə olunur və olduqca az rast gəlinir. Sonralar dəmir silah və alət hazırlanırdı.
Müvafiq dəlillər göstərir ki, tunc və dəmir metallurgiyasının inkişafında varislik
olmuşdur.
Talış-Muğan mədəniyyət abidələrindən dəmir tiyəli xəncər və qılınclar,
Xocalı-Gədəbəy mədəniyyətindən dəmir nizələr eyni tunc əşyaların formasını təkrar
edir.
Azərbaycanda və ümumən Zaqafqaziyada dəmir metallurgiyasının inkişafı ilə
tunc baltaların, qılıncların və bir sıra başqa əşyaların istehsalı kəsilir.
Son tunc və ilk dəmir dövründə bütün Zaqafqaziyada dulusçuluq sənəti
inkişafını davam etdirir. Saxsı qab istehsalı əvvələ nisbətən genişlənir və müxtəlifliyi
artır.
Dövrün dulus kürələri bu sənətkarlığın qədim yerli ənənələrini saxlayır. Qədim
Mingəçevir yaşayış yerindən öz quruluşuna görə Azərbaycanın eneolit dulus kürələri
ilə çox oxşarlıq təşkil edən kürələr aşkar olunmuşdur. Mingəçevir dulus kürələrinin
ölçüləri demək olar ki, eynidir: uzunluğu 4 m, eni 2 m. Məhz belə kürələr çoxlu
miqdarda müxtəlif ölçülü qabların, o cümlədən dövrün hər yaşayış məskənində
129
təsadüf olunan iri küplərin istehsalına imkan verirdi. Ötən dövrlərdə iri qablar
hazırlanmırdı.
Mingəçevir kürələrinin odluğu və qabbişmə kameraları vardır. Onlarda alov
çəkməni gücləndirmək və lazımi hərarəti almaq üçün odluqdan qab bişən kameraya
səkkiz boru qol qalxırdı. Kürələrdə və onların ətrafında 450-500 dərəcədə bişirilmiş
boz və qara qab parçaları var idi. Ancaq Naxçıvan və Cənubi Azərbaycan ərazisində
boz qab-qacaqla yanaşı qırmızı bişimli, boyalı saxsı məmulatı da istehsal edilirdi.
Dulus məhsulatında yaraşıqlı qablar diqqəti cəlb edir. Onlar heyvan, quş
fiquru, uzunboğaz çəkmə, həm də keçidli qoşa qablar formasında hazırlanırdı.
Mingəçevir, Xocalı, Gədəbəy, Gəncəçay hövzəsi və başqa ərazi abidələrində daş
qablar - cam, nimçə, kubok formalı gözəl nümunələr əldə edilmişdir. Mingəçevirdən
əldə edilən camın qoşa qoç başı formasında qulpu vardır. Eyni formalı, ancaq bir
qulplu cam Gəncə yaxınlığında Alabaşlı kəndindən əldə edilmişdir.
Daşişləmə sənətində gümüşdən inkrustasiya vurmaq yenilikdir. Oyuq
nöqtələrə gümüş zərrələri doldurmaqla həndəsi fiqur əmələ gətirən təsvir və heyvan
rəsmi maraq doğurur. Belə naxışlar qədim Mingəçevir kurqanlarında tapılmış daş
nimçə və badəvari qabları bəzəyir.
Son tunc və ilk dəmir dövründə mərmərdən və hematitdən toppuz, əqiqdən və
xalsedondan bəzək əşyaları hazırlanırdı. Ağacişləmə və toxuculuq sənətkarlıqda
mühüm yer tuturdu. Ancaq bu sənət sahələrinin məhsulları arxeoloji abidələrdə
qalmır. Məişət və dəfn abidələrində ağac geniş tətbiq olunurdu.
Ağır arabalarla yanaşı, yüngül dəndəli təkərli arabalar da hazırlanırdı. Belə
çətin və mürəkkəb nəqliyyat vasitəsinin hazırlanması yeni bir texniki proses olmaqla
onun müxtəlif hissələrinin düzəldilməsi ağacişləmə sənətinə yaxşı bələd olmağı tələb
edirdi.
Dövrün abidələrində dəfələrlə parça izlərinə, həm də qalıqlarına təsadüf
edilmişdir. Bəzi hallarda materiya qalıqlarında boya izi müşahidə olunmuşdur.
Boyanmış parça qalıqlarına Mingəçevirdə təsadüf edilmişdir. İy başlıqlarının
tapılması əldə ipəyirməyə dəlalət edir. Toxuculuq dəzgahına gəldikdə isə bu dövrdə o
barədə də danışmaq olar.
Dəri işləmə sənəti də inkişaf edir. Uzunboğaz çəkmə və burnu yuxarı əyilmiş
çarıq modellərinin, həm də tunc bizlərin tapılması bunu sübut edir. Dəridən paltar
tikilirdi. Atın minikdə və qoşquda istifadəsi ilə əlaqədar at əsləhəsi üçün göndən
müxtəlif əşyaların hazırlanması zərurəti yaranır.
Beləliklə, Son Tunc və İlk Dəmir dövründə sənətkarlığın bəzi sahələrinin
inkişafında xeyli tərəqqi müşahidə olunur. Ölkə iqtisadiyyatının ümumi vəziyyəti
sənətkarlıqda yeni sahələrin yaranmasına şərait yaradır, bu da ibtidai icma
quruluşunun dağılma və dövlətin yaranma ərəfəsində mübadilənin və ticarətin
genişlənməsinə və güclənməsinə təkan verir.
|