Mənəvi mədəniyyət və ideologiya. Azərbaycan ərazisində Son tunc və İlk
Dəmir dövrünə aid tədqiq olunan qəbir abidələri axirət dünyası ilə bağlı dəfn
mərasimi, adət və etiqadlar haqqında mühakimə yürütməyə imkan verir. Təəssüflər
olsun ki, dövrün yaşayış məskənlərinin zəif öyrənilməsi nəticəsində yerli əhalinin
məişət, istehsal və mənəvi həyatını səciyyələndirən dini obyektlər və mərasimlər
haqqında az danışa bilirik. Bu baxımdan yanğın nəticəsində dağılmış Sarıtəpə
məbədinin qalıqları böyük maraq doğurur. Yaşayış yerinin mərkəzində inşa olunmuş
məbəddə arxa divardan bir qədər aralı, yapma təsvirlə bəzənmiş, üz tərəfi qapıya
baxan stela yerləşirdi. Onun arxasında duran kahin məbədə daxil olan hər şəxsi
dördkünc gözdən müşahidə edə bilirdi. Stelanın qurtaracağı bir ucda qoç və donuz
başları, o biri ucu isə öküz başı formasında düzəldilmişdir.
Məbəddən çatal gövdəli, qulpu üzərində yapma ilan təsviri olan kuzə
tapılmışdır. Döşəmədə çiy gildən yastı nimçələr var idi. Onların bəzilərində içərisində
qurban gətirilmiş qab qoyulmuşdur. Qablardan birində yanıb kömürlənmiş yarpaqlı
üzüm salxımı qalmışdır.
Sarıtəpə yaşayış yerində dini mərkəz bir neçə otaqdan ibarət olmuşdu. İkinci
otaq tam qalmasa da, orada daxili tərtibatdan çoxlu gil yapmalar, o cümlədən ilan
fiquru var idi. Maraqlıdır ki, məbəd otaqlarında ocaq və ev avadanlığı yox idi.
Bütün arxeoloji materiallar bu obyektin dini xarakter daşımasına dəlalət edir.
Yaşayış yerinin sakinləri məbədə yeni məhsulun barından gətirir, burada kahinlərin
başçılığı ilə şənlik mərasimi keçirirdilər.
Sarıtəpədə tapılan gil möhürlər müqəddəs əşyalara aiddir. Onların hamısındakı
naxışlar günəş təsvirlərindən, şüalı günəş dairəsindən ibarətdir. Bu möhürlər, yəqin ki,
bayram günlərində müqəddəs çörəklərə naxış vurmaq üçün işlədilirmiş. Ola bilsin ki,
günəşlə çörəyin sehrkarlıqla birləşməsi, əcdadlarımızın təsəvvürlərinə görə, məhsul
bolluğunu təmin etməli idi.
Son Tunc və İlk Dəmir dövrü əkinçi qəbilələrin ideologiyasında heyvanlara
pərəstiş müəyyən yer tuturdu. Sarıtəpə məbədindəki ağac dirəklərin uclarında gildən
heyvan başlarının (qoç, donuz, öküz) düzəldilməsi məhz bununla izah edilməlidir.
Sarıtəpədə bir qab qulpları heyvan fiqurlarını təqlid edir, burada beldən asmaq üçün
ilgəyi olan tunc at fiquru tapılmışdır.
Sarıtəpə məbədində kuzə qulpundakı ilanın relyef təsviri qədim əkinçi əhalinin
dini təsəvvürlərində suya sitayişlə bağlı olmalı idi.
İbtidai icma quruluşunun dağılması ərəfəsində əhalinin dini təsəvvürlərinin
öyrənilməsində saxsı qablar üzərində çoxsaylı təsvirlər xüsusən maraqlıdır. Qablar
üzərində çoxlu rəmzi işarələr və heyvanların, bəzən adamın sxematik fiqurları, həm
də müxtəlif etiqad, pərəstiş və ayinlərlə bağlı təsvirlər vardır. Xanlar rayonunda
Killikdağdan əldə edilən cam üzərində iki nəfərin əllərini göyə qaldırılmış vəziyyətdə
heyvanların qarşısında durması, yəqin ki, məhsuldarlıq və heyvan artımı ideyası ilə
135
bağlıdır. Həmin rayonda məlum olan bir qrup camlar üzərində verilən ov səhnəsi
kainat haqqında təsəvvürlərlə əlaqədardır; qabın boğazını əhatə edən dalğavari xətt üç
yerdə dairə ilə kəsilir, Günəş işarəsi - dairələrdən biri nöqtələrlə ovçunun oxu, ikincisi
ovçu, üçüncüsü isə keçi fiquru ilə birləşir.
Materiallarda heyvan obrazları və simvolik işarələrlə həmin dövr əhalisinin üç
aləm - Səma, Yer və Su haqqında təsəvvürləri əks olunur. Şəmkir rayonundan
tapılmış sürmə düymənin orta hissəsində günəş işarəsi, kənarlarında quşlar, onların
arasında üçbucaqlar (dağlar), maral və keçi təsvirləri verilmişdir.
Gil qablarda, tunc kəmərlərdə verilmiş müxtəlif səhnələrdə, eləcə də gil
möhürlərdə günəş işarəsinin olması qədim əhalinin ideologiyasında Günəşə pərəstişin
böyük əhəmiyyət daşıdığını təsdiq edir.
Son Tunc və İlk Dəmir dövrü dəfn abidələri axirət dünyası ilə bağlı çox
cəhətləri aşkar edir. Dəfndə başlıca olaraq ölübasdırma tətbiq olunur, bəzi hallarda ölü
parçalanırdı, bəzən də ölüyandırma adətinə təsadüf olunur. Ölülərin müxtəlif
avadanlıqla birlikdə basdırılması öləndən sonra həyatın davamına inamla əlaqədardır.
Dəfn abidələri qəbirlərin tiplərinə görə də müxtəlifdir. Gəncəçay hövzəsində bəzi
qəbirlərin içərisi ağac tirlərlə iki-üç yarusa bölünürdü. Hər bir yarusda insan skeletinə
rast gəlinir. Ayrı-ayrı hallarda aşağı yarusda ölü, yuxarı yaruslarda qəbir avadanlığı,
heyvan cəsədləri yerləşirdi.
Əksər hallarda ölüləri bükülü vəziyyətdə böyrü üstə müxtəlif istiqamətlərdə
basdırırdılar. Oturdulmuş və yaxud uzadılmış vəziyyətdə basdırılmış ölülərə də rast
gəlinir. Kür çayının sağ sahilində Mingəçevir qəbiristanlığında ölülər sadə torpaq
qəbirlərində yalnız bükülü vəziyyətdə dəfn olunmuşlar. Görünür, onlar adi adamlar
imiş. Yaxınlıqda nəsli - qəbilə cəmiyyətinin adlı-sanlı nümayəndələri basdırılmış
kurqanlar yerləşir. Bəzi hallarda ölülərin üzərinə qırmızı oxra səpirdilər. Göygöl və
Tərtər rayonlarında kurqan qəbirlərində divarlara qırmızı rəng çəkilməsi müşahidə
edilmişdir.
Dəfn abidələrindəki fərqə adətən etnik əlamət kimi baxılır. Ancaq bir vaxtda
eynitipli əşyalarla müxtəlif adətlə basdırılanlara da rast gəlinir. 1 nömrəli Dovşanlı
kurqanının qəbrində ölülərdə, biri düz uzadıldığı halda, üçü başlarında tunc dəbilqə
bükülü vəziyyətdə basdırılmışdır. 2 nömrəli Dovşanlı kurqanı qəbirlərinin hərəsində
uzadılmış vəziyyətdə bir ölü çox zəngin avadanlıqla (qılınc, iki xəncər, tuncdan nizə
ucluğu və heyvan təsvirləri zərb olunmuş qızıldan boru və s.) dəfn olunmuşdur.
Dovşanlı kurqan qəbiristanlığı, hər şeydən əvvəl, dəfn olunmuş şəxslərin ictimai
vəziyyətindəki fərqi nümayiş etdirir. Daha iri qəbirli nəhəng kurqanlar imtiyazlı
şəxslər və yaxud qəbilə başçıları üçün düzəldilirdi. Belələri Qarabağda - Füzuli,
Ağdam, Tərtər və Xanlar rayonlarında tədqiq olunmuşdur. Tərtər rayonundakı
Borsunlu kurqanındakı qəbir öz ölçüsü ilə (32x8 m) nəinki Azərbaycanda, hətta bütün
136
Qafqazdakı oxşar abidələri üstələyir. Yəqin ki, belə dəfn abidələrinin qurulması
mərhumun nəinki ictimai və mülki vəziyyəti, həm də ona pərəstişlə bağlıdır.
Beləliklə, Azərbaycanın Son Tunc və İlk Dəmir dövrü abidələri qəbilələrin
mənəvi mədəniyyətinin və ideoloji aləminin müxtəlif sahələrini aşkar edir.
Ümumilikdə bu dövr yerli əhalinin inkişaf tarixində mühüm bir mərhələni,
yeni ictimai quruluşa keçid ərəfəsini bütün dolğunluğu ilə əks etdirir.
Dostları ilə paylaş: |