Maldarlıq və atçılıq. Əkinçiliklə yanaşı, maldarlıq da təsərrüfatın ən mühüm
sahələrindən biri idi.
Cənubi Azərbaycanın şimal-qərb hissəsi - Qaradağın ətəklərinin Muğan düzü
ilə qovuşduğu yerlər yaxşı qış otlağıdır. Zaqros dağları sistemində geniş təbii otlaqlar
vardır və burada ayaqaltı yemlə milyonlarla mal-qara saxlamaq mümkündür.
Manna ərazisində qaramal, davar, at saxlanılması mixi yazılardan bəllidir.
Burada köçəri (yaylaq-qışlaq) - maldarlıq inkişaf etmişdi, mal-qara yazda dağlara
sürülür, payızda vadilərə gətirilirdi. Ola bilsin ki, Urartu çarlarının yürüş vaxtı yaylaq
maldarlığı ilə bağlı imiş. Daha çox qənimət ələ keçirmək mümkün olsun deyə
yürüşlər ya mal-qara sürülənə qədər, ya da dağdan qaytarılandan sonra edilirdi. Bu
mülahizənin düzgünlüyünü o da təsdiqləyir ki, Həsənli ərazisinə yürüş və qədim
qalanın dağılması yayın sonuna təsadüf etmişdi: burada üzümlə dolu qablar
tapılmışdı. Görünür, üzüm şərab çəkmək üçün hazırlanıbmış.
II Sarqon bildirmişdi ki, duuzu ayı (iyun-iyul aylarına müvafiqdir) "qoşun
yığmaq və düşərgə salmaq üçün" buyurulubdur. Yürüşlərin təsvirinin sonunda adətən
çoxlu qaramal və davar aparıldığı haqqında məlumat verilirdi.
II Aşşurnasirapal Daqara ölkəsindən və bütün Zamuanın çarlarından bac olaraq
"at, qaramal və davar" tələb edirdi.
III Salmanasar Mannanın adını ilk dəfə çəkəndə buradan saysız-hesabsız
qaramal və qoyun" ələ keçirir.
I Argişti də Mannada külli miqdarda mal-qara ələ keçirir. O, məlumat verir ki,
buradan 2411 baş qaramal, 5149 baş davar, 170 at və 62 dəvə aparmışdı.
I Argiştinin oğlu II Sardurinin yazısında bir neçə vilayətdən, o cümlədən
Puluadidən ələ keçirilən mal-qara sadalanır və sayı göstərilir. Puluadi ölkəsinin
payına təkcə bir yürüş zamanı ələ keçirilən təqribən 1400 at, 1200 başdan çox
qaramal və 18 min başdan çox davar, 115 baş dəvə düşür.
Düşmən qoşunları hücum edəndə yerli əhali var-yoxundan heç olmazsa, bir
qismini - qarətdən xilas etmək üçün adətən mal-qarasını dağlara ötürürdü. Aşşur
çarları dağlara sürülən mal-qaranı ələ keçirib geriyə, yəni vadilərə qaytardıqlarını tez-
159
tez xəbər verirlər. V Şamşi-Adad Messi vilayətində, Mannanın özündə və başqa
vilayətlərdə qaramal, davar, qatır, qoşqu atları və dəvələr ələ keçirmişdi.
Manna çarlığının vilayətlərində atçılığa xüsusi, çox böyük əhəmiyyət verilirdi.
Qafqazda və Ön Asiya vilayətlərində at ən azı e.ə. III minillikdən məlum idi, lakin
qədim Şərqdə atçılığın geniş yayılması, atla xüsusi məşq sənəti, atın döyüş arabalarına
qoşulması e.ə. II minilliyin birinci yarısına aiddir. E.ə. II-I minilliyin ayrıcında və
xüsusilə I minilliyin əvvəlində minik atından hərbi məqsədlərlə istifadə edilməsi,
süvariliyin yayılması irandilli əhalinin məskunlaşması ilə əlaqədar idi. Görünür,
qonşu xalqların süvari qoşunları məhz öz silahlı süvariləri ilə güclü olan irandilli
tayfalarla mübarizədə təşəkkül tapmışdı.
Atçılıq sürətlə yayılır, iqtisadiyyatda və hərbi işdə getdikcə daha böyük yer
tuturdu. Bəzi vilayətlər at yetişdirməkdə ixtisaslaşmağa başlayırdılar.
Aşşur mənbələrində Urmiyaboyu vilayətlərdən alınan bac sadalanarkən
tədricən at birinci yerə keçir, bəzi vilayətlərdən bac olaraq ancaq at alınırdı. Mannaya
yürüş etmiş çarların demək olar ki, hamısı belə məlumat verirdi: "Mannalılardan bac
kimi qoşqu atları aldım". Zamuadan, Gilzandan, Messidən, Gizilbundadan Aşşur
çarına qoşqu atları göndərirdilər. I Rusa zamanında urartulular tərəfindən tutulan,
lakin Aşşur çarının köməyi ilə yenidən Mannaya qaytarılan Manna vilayəti Subinin
əhalisi at yetişdirməkdə xüsusilə mahir idi. II Sarqonun kitabəsində bu barədə ətraflı
danışılır: "Həmin vilayətdə yaşayan adamların süvari qoşun üçün ata təlim vermək
sənətində tayı-bərabəri yoxdur. Öz geniş ölkəsində öz çar alayı üçün bəslədiyi və hər
il bac kimi aldığı kiçik dayçaları böyüməyincə minmirdilər, gərdişə gəlməyi, dövrə
vurmağı, dönməyi, döyüş üçün vacib olan bütün vərdişləri öyrətməyincə bu dayçaları
yəhərləmirdilər".
Subi vilayətinin Sanqibutu ilə həmsərhəd zonasında Uşkaya ilə Tarmakisa
(indiki Təbriz) qalaları arasında Aniaştaniya məskəni var idi. II Sarqon onu "ilxılar
evi" adlandırır.
Gizilbunda vilayəti yaşayış məskənləri rəisləri Mannanın Zirdiakka qalasına II
Sarqona qoşqu atları, sayagəlməz qaramal və davar gətirirdilər. Ullusunu da II
Sarqona "qoşqu ləvazimatı ilə birlikdə qoşqu atları" bəxş etmişdi.
Həsənlidən tapılan müxtəlif əşyaların üzərindəki rəsmlərdə görünür ki, təkərli
nəqliyyat da, atminmə də geniş yayılmışdı. Qızıl və gümüş camların üzərindəki
təsvirlər biratlı və ikiatlı arabaların mövcud olduğunu göstərir. Hər iki arabanın
təkərlərində Aşşur və Urartu arabalarında olduğu kimi altı dəndə vardı.
Həsənlidə e.ə. IX əsr layının üzərində ağacdan hazırlanmış və atlı təsviri olan
relyef tapılmışdır. Qazıntı zamanı aşkar edilmiş əşyalar arasında at, qoç və buzov
formasında məharətlə hazırlanmış ritonlar vardır. Buradan gəm və bər-bəzəkli qoşqu
şeyləri ilə birlikdə dəfn edilən at qalıqları da tapılmışdır. At dəfn etmək Naxçıvan
diyarında da geniş yayılmış bir adət idi. Şahtaxtı qəbiristanının bir çox qəbirlərində
160
çoxlu qab-qacaqla birlikdə at skeletlərinə də rast gəlinir. Marlik və Kaluraz
mədəniyyəti daşıyıcılarının dəfn adətlərində də ata xüsusi münasibət bəslənildiyini,
ona hətta sitayiş edildiyini görmək olar. Döyüşçülərin məzarları ilə yanaşı, atlar üçün
ayrı-ayrı dəfn kameraları qurulurdu. Bu kameralardan at dişləri və tunc gəmlər
tapılmışdır. Kalurazda da ayrı-ayrı at qəbirləri aşkar edilmişdir. Hər bir qəbirdən
bütün ləvazimat və bəzək şeyləri ilə birlikdə üç at skeleti çıxmışdır.
Dostları ilə paylaş: |