ÜÇÜNCÜ BÖLMƏ
146
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLK
DÖVLƏTLƏR
VIII F Ə S İ L
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLKĠN SĠYASĠ
QURUMLAR. MANNA DÖVLƏTĠ
Urmiya gölü hövzəsində ilk siyasi qurumlar. E.ə. II minilliyin sonunda - I
minilliyin əvvəlində Cənubi Azərbaycanda və qonşu vilayətlərdə yaşamış tayfaların
tarixi haqqında başlıca olaraq mixi yazılara əsaslanan biliyimiz burada aşkar edilmiş
çoxlu arxeoloji material sayəsində zənginləşmişdir. Bu, İlk Dəmir dövrü, yaxud son
boz keramika dövrüdür. O vaxtın əsas abidələri Həsənli IV, Dingətəpə II, Göytəpə,
Amlaş, Naxçıvan zonasının abidələri və başqalarıdır.
Bu zaman dəmir istehsalatda böyük yer tutur. Dəmir silahın miqdarı artır, lakin
bimetal və xalis tunc silahdan da istifadə edilir. Təsərrüfat həyatında, xüsusən hərbi
işdə at getdikcə daha böyük rol oynayır ki, bu da mifologiyada və mərasimlərdə çox
aydın bir şəkildə öz əksini tapır.
İçqalaları və mürəkkəb daxili tikililər sistemi olan yaxşı möhkəmləndirilmiş
yaşayış məntəqələri aşkarlanmışdır. Həsənlitəpədə tapılmış, e.ə. 1000-800-cü illərə
aid olan şəhərqala məhz belə məntəqələrdən idi. Yəni ki, bu şəhər-qalalar mixi
yazılarda adı çəkilən "ölkələrin" mərkəzləri imiş. Çoxlu qədim qəbiristan aşkara
çıxarılmışdır.
Bu dövrdə sosial təbəqələşmə və əmlak təbəqələşməsi prosesi xeyli
dərinləşmişdi. Sıravi qəbirlər arasında varlıların məzarları aydın seçilir.
Şimali və Cənubi Azərbaycan vilayətlərinin sosial və iqtisadi mənzərəsində
böyük fərq yox idi.
E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə
dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir.
E.ə. I minilliyin əvvəlində Urmiyaboyu rayonda fərqləndirici əlamət daha
qəbilə-tayfa bölgüsü deyil, ərazi bölgüsündən ibarət olan mövcud xırda vahidlərlə
bərabər, nisbətən iri siyasi qurumların da yaranması idi.
Aşşurlular Urmiyaboyu rayonun bəzi vilayətlərinin hökmdarlarını bel älänu-
dan ("məskən hakimləri"ndən) fərqli olaraq sarrani, yəni "çarlar" adlandırırlar.
Urmiyaboyu hövzə zonasında janzu titulu da qeydə alınmışdır ki, bu da kaşşu (kassit)
dilində
"çar"
deməkdir.
'
147
Mixi yazılardan bəlli olduğu kimi, e.ə. I minilliyin əvvəlində Cənubi
Azərbaycan ərazisinin özündə aşşurlularla mübarizə aparan bir neçə "çarlıq" var idi,
burada ayrı-ayrı "çarlıq"ların birləşmə prosesi gedirdi və bunun sayəsində onlar uzun
müddət Aşşur işğalçılarına müqavimət göstərə bilirdilər.
Həmin birləşmələrin meydana gəlməsi müəyyən dərəcədə xarici təhlükə ilə
bağlı idi.
Aşşur dövlətinin güclənməsinin yeni dövrü e.ə. X əsrin sonundan - IX əsrin
əvvəlindən başlanır. E.ə. IX-VIII əsrlərdən etibarən aşşurlular şimala və şimal-şərqə
xüsusilə tez-tez yürüşlər edir, bu torpaqları tutmaq və onların sakinlərini əsarət altına
almaq üçün cəhdlər göstərirlər. II Adadnerarinin (e.ə. 911-890-cı illər) və II Tukulti-
Ninurtanın (e.ə. 890-884-cü illər) ardınca II Aşşurnasirapal (e.ə. 883-859-cu illər)
Urmiyaboyu vilayətlərə yürüş edir. II Aşşurnasirapal ilk Aşşur çarı idi ki, öz
sələflərindən xeyli uzaqlara - Urmiyaboyu rayonun içərilərinə gedib çatmışdı. E.ə. IX
əsrin 80-ci illərindən aşşurlular bu vilayətlərə müntəzəm olaraq qarətçilik
basqınları və uzunmüddətli yürüşlər etməyə başlayırlar.
Aşşur qaynaqlarında adına hələ e.ə. X əsrin sonunda təsadüf edilən Zamua
ölkəsi Urmiyaboyu rayonda ən iri siyasi birləşmə idi. Artıq e.ə. IX əsrin əvvəlində
burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə
vardı ki, onun başında Daqara vilayətinin tayfa başçısı, Akkad adı daşıyan Nur-Adad
dururdu. Daqara vilayəti Şimal-Şərq və Şərq ölkələrinin bir növ qapısı idi, buna görə
də aşşurlular onu işğal etməyə xüsusi maraq göstərirdilər.
881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal məlumat verir ki,
zamualılar istilaçıların yolunu kəsmək üçün Babite aşırımında (indiki Dərbənd-i
Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilmədilər və II
Aşşurnasirapal Daqara "ölkəsinin" Birutu, Uze və Laqalaqa qalalarını ətraf
məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub
aparmışdı. Aşşurlular Daqaraya tərəfdar olan qonşu vilayətlərə də hücum edib, Bara,
Bunasi və Larbusa şəhərlərini tuturlar. Fürsətdən istifadə edən Nur-Adad öz
mövqelərini möhkəmləndirir. Lakin asşurlular yenidən qalib gəlib, bu dəfə Birutu
qalasını yandırırlar.
Aşşurlular Zamua rayonlarını çapıb-talayandan sonra bu vilayətdən bac olaraq
qaramal, davar, at, arpa, şərab, mis və misdən hazırlanmış məmulat, gümüş və qızıl
tələb etməklə kifayətlənməyib, ertəsi il (e.ə. 880-ci ildə) Zamua üzərinə yenidən yürüş
edirlər. Bu zaman Zamuanın başında artıq çar Ameka dururdu. Basqın nəticəsində
yalnız Amekanın çarlığı deyil, habelə hakimlərdən Araştua, Kirtiara və başqalarının
vilayətləri də darmadağın edildi. Məğlubiyyətə uğradığına və paytaxtı "çar şəhəri"
Zamrinin işğal edildiyinə baxmayaraq, Ameka istilaçılara inadlı müqavimət
göstərirdi. O, paytaxtı tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II
Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da, çarın özünü ələ keçirə
148
bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini
möhkəmləndirmişdi. Görünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və
Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir
çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Aşşurlular nəticə etibarilə
Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku,
Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından
danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir.
Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.
Möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua aşşurlulara qarşı Ameka
ilə birgə çıxış edir.
Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha
bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar Sabininin idarə etdiyi Kisirtu şəhəri və
onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi.
Ehtimal ki,
onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi
bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb
getmişdi. Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi,
aşşurlular yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ
keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və
daha rəngarəng idi.
Aşşurlular dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakı və
mülkiyyəti", çoxlu "mis əşyalar, mis vazalar, camlar, mis məcməyilər, qızıl suyuna
çəkilmiş sinilər, onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir.
Zamualılar hər il bac verməli idilər.
Aşşurnasirapalın salnamələrindən görünür ki, Zamua cəmiyyəti artıq sinfi
cəmiyyətdir; Ameka çarlığında şəhər-qalalardan əlavə, mərkəzi "çar" şəhəri Zamri də
var idi. Ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünür ki, Zamua
vilayətlərində yüksək dərəcədə inkişaf etmiş professional sənətkarlar varmış.
II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada
düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir.
Aşşurlular Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün
Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya
Mazamua adlandırırdılar; vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi.
[Xarici] Zamua rayonlarını işğal etməyin və orada əyalət yaratmağın
aşşurlular üçün çox böyük əhəmiyyəti vardı. Məhz bu dayaq nöqtəsindən aşşurlular
Şərqə yürüşlər etməyə başladılar.
II Aşşurnasirapal Zamua yürüşündən danışarkən Ata çarlığını darmadağın
etdiyini və Sipirmena ölkəsindən hədiyyələr aldığını bildirir.
Daxili Zamuada ən iri siyasi vahidlər Nikdimanın və Nikdaranın (və ya
Mekdiaranın) torpaqları idi. Nikdiaranın ölkəsində hakimiyyət irsi çar hakimiyyəti idi.
149
E.ə. 855-ci ildə, Nikdiaranın hökmranlığı dövründə, Urmiya gölündə onun
döyüşçüləri ilə aşşurlular arasında döyüş olmuşdu. Nikdiara hələ IX əsrin 20-ci
illərində də ölkəni idarə edirdi. Sonra hakimiyyət başına Nikdiaranın oğlu Şarsina
keçdi. Aşşurlular onun 300 məskənini tutmuşdular.
Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti var idi. Ölkə
hökmdarlarının adları Akkad və kaşşu adları idi. Bu, çox güman, həmin rayonda
Akkad və kassit mədəni ənənələrinin mövcud olduğunu göstərir.
Allabrianın adı ilk dəfə IX əsrin ortalarında III Salmanasarın kitabələrində
çəkilir. Bu çarın salnamələrində hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti
haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Aşşur
dövləti Allabrianı sonralar özünə tabe etmişdi. Hərçənd məlum olduğuna görə, II
Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya
xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Asşura qarşı üsyan qaldırmışdı.
Lakin Aşşur dövləti əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə Suriyadakı
Amatu şəhərinə sürgün edilmişdi. Allabrianın başına Aşşurun əlaltısı Belapaliddina
qoyulmuşdu. Sonralar Aşşurbanipalın zamanında və ya hətta bir az əvvəl Allabria
Mannaya qatılmış, lakin tezliklə yenə də Aşşur tərəfindən istila edilmişdi.
Adətən qaynaqlarda Allabria ilə Karalla ölkəsi yan-yana qoyulur. Aşşur çarı II
Sarqonun zamanında Karalla ölkəsi Aşşur əleyhinə koalisiyada xüsusi fəallıq
göstərmişdi. Elə Aşşur çarının özü belə bir məlumat da verir ki, "Karalla ölkəsinin
sakinləri mənim adamımı qovub yerinə Amitaşşini qoymuşlar". II Sarqon itaətsizlik
üstündə Karalla çarı Aşşurlenin dərisini diri-diri soydurmuş, torpaqlarını isə Aşşur
ərazisinə qatmışdı.
Allabriadan və Karalladan qərbdə yerləşən, adı ilk dəfə hələ e.ə. X əsrin
əvvəlində II Aşurnasirapalın salnaməsində çəkilən Kirruri çarlığı var idi. Onun
haqqında son dəfə e.ə. IX əsrin ortalarında III Salmanasarın kitabəsində məlumat
verilir.
Aşşurlular Kirruridən və ona qonşu olan digər vilayətlərdən bac olaraq "at,
qatır, şərab, tunc qablar" alır və onların başı üstündə "bac toplayanlar" qoyurlar.
E.ə. IX əsrdə Urmiyaboyu rayonda mühüm bir siyasi qurum çar II Tulukti-
Ninurtanın salnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi. O, Kirruri və
Xubuşkia ilə qonşu idi. Aşşur hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş
etmələri bu ölkənin onlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Ölkəni çarlar idarə edirdilər. Burada e.ə. IX əsrin birinci yarısında və
ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmdarlıq etmiş Asu III
Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki,
Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdar idi, elə bir hökmdar ki, onu
aşşurlular da "çar" adlandırırdılar.
150
Gilzanlılar öz müstəqilliyini qoruyub saxlayaraq aşşurlulara yalnız bəzi
hallarda bac verirdilər və beləliklə, Gilzan çarları bac verərək qarətlərin, dağıntının,
kütləvi qırğının qarşısını alırdılar. Bu ölkə aşşurlular tərəfindən bir dəfə də
dağıdılmamışdı. Mənbələrdə yalnız bir dəfə III Salmanasarın Gilzandakı məbədə
qoyulmuş zəfər stelası haqqında məlumat verilir. Lakin aşşurlular elə bu dəfə də
ölkəni qarət etməmiş, bac olaraq davar, qaramal, at, ikihürgüclü dəvələr, şərab və s.
almaqla kifayətlənmişdilər.
Güclənmiş Urartu dövləti IX əsrin axırlarında Gilzanı işğal edib öz ərazisinə
qatdı.
Bir çox onilliklər ərzində Aşşur və Urartu qaynaqlarında Parsua ölkəsinin də
adına rast gəlinir. Aşşur mətnlərində adı çəkilən Parsua tam üst-üstə düşməyən üç
vahidə - e.ə. IX əsr Parsua ölkəsi, e.ə. VIII əsrin ortalarınadək mövcud olmuş Parsua
"çarlığı" və Aşşurun Parsua əyaləti - uyğun gəlib əsas özək kimi eyni bir ərazini
tuturdu. Qaynaqlara görə, vilayət yuxarıda adını çəkdiyimiz Allabria ilə yan-yana və
Misi ilə qonşu idi, deməli, belə hesab etmək lazımdır ki, o, Zamuadan şərqdə,
Mannadan cənubda və cənub-qərbdə, Bit-Xambandan şimalda yerləşirmiş.
Parsuanın adı ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın salnamələrində çəkilir.
834-cü ildə bu çarın kitabələrində Parsua ölkəsinin 27 "çarından" bac alınmasından
bəhs olunur. Aşşurluların bu vilayətə yürüşlər etməsi və ondan bac alması haqqında
sonralar da məlumat verilir. Buraya urartulular da yürüşlər edirdilər.
E.ə. VIII əsrin ortalarına yaxın Parsua bəzi qonşu rayonları, o cümlədən Bit-
Abdadananın və Gizilbundanın bir sıra rayonlarını da işğal etmiş hökmdar Tunakinin
vahid mülkü idi. Lakin bu çarlıq tezliklə III Tiqlatpalasar tərəfindən darmadağın
edilmiş və Aşşurun əyalətinə çevrilmişdi.
Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər
tayfanın (və ya tayfaların) yaşadığı Mes[s]i (Misi, Misu) "ölkəsi"nin böyük
əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir.
Daha sonrakı mənbələrdən məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında
idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları
onda da özlərini müstəqil aparmağa cəhd etmişdilər.
Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun
adını II Aşşurnasirapal e.ə. IX əsrin 80-ci illərində çəkir. Bu ölkəyə sonra III
Salmanasar, V Şamşi-Adad, III Adadnerari yürüşlər etmişlər. Aşşurluların verdiyi
məlumata görə, vilayətin ərazisi olduqca geniş idi. Messinin çarlar və ya tayfa
başçıları tərəfindən idarə edildiyi haqqında bizim qaynaqlarda heç bir məlumat
yoxdur.
Aşşurlular adətən Messini işğal edir və talayır, ondan bac alınması haqqında
isə heç bir məlumat vermirlər. Onların bu ölkədə qarət etdikləri əmlak içərisində
əkinçilik məhsullarının adı bir dəfə də çəkilmir, lakin "saysız-hesabsız" davar və
151
qaramal, qatır, ikihürgüclü dəvə və at ələ keçirildiyi bildirilir. Demək lazımdır ki,
Messi atları sonralar da tez-tez xatırlanır.
Messi, Parsua, Maday və Zikertu ilə həmsərhəd olan Gizilbunda vilayətinin
əhalisi Aşşur kitabələrinin birində "başının üstündə hökmdarlıq tanımayan və öz
qüvvəsinə güvənən" bir əhali kimi səciyyələndirilirdi. Etnik mənzərəsi lazımınca
aydın olmayan bu dağlıq diyar - Kafelan-kuh rayonu - əkinçilik-sənətkarlıq ölkəsi idi.
E.ə. IX-VIII əsrlərdə bu ölkənin əhalisi ola bilsin, iri tayfa ittifaqından ibarət idi və
aşşurlular onun başçısı Pirişatini "çar" adlandırırdılar.
Artıq e.ə. IX əsrin son rübündə aşşurlular bu ölkədə olmuşdular. Gizilbunda
hakimləri arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hakimləri bac verərək
Şamşi-Adadı rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə
davam edirdi. Aşşur hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf
məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi,
"şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar
Pirişatini 1200 döyüşçusü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını,
var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan
qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi, dağıtdı, viran qoydu, od vurub
yandırdı...".
III Adadnerarinin kitabələrindən birində onun başqa ölkələrlə bərabər,
"Gizilbundanı ta hüdudlarınadək" istila etdiyi haqqında məlumat verildiyinə
baxmayaraq, Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı.
Ön Asiyamn qədim tarixində sonralar çox böyük rol oynayacaq Amaday
vilayətinin adı ilk dəfə elə bu vaxt (e.ə. 834-cü ildə) çəkilir. Amaday vilayəti
Gizilbundadan şərqdə və Zikertudan cənub-şərqdə Qızılüzən çayının vadisində (çayın
cənubdan şimala axan hissəsində) yerləşib, cənuba və şərqə tərəf uzanırdı.
Amaday (Maday) tayfa ittifaqı Mada xalqının əsası, ölkə isə gələcək Mada
çarlığının özəyi oldu. Mada çarlığı tayfa ittifaqının yaşadığı ərazidə və ya sərhəd
rayonlarında yerləşən Kiyandan, Xurvindən, Mərlikdən, Sialkdan və başqa yerlərdən
əldə edilmiş arxeoloji materiallar həmin vilayətin əhalisinin təsərrüfat və
mədəniyyətinin nisbətən yüksək inkişaf səviyyəsindən xəbər verir. Əhali maldarlıqla,
əkinçiliklə və müxtəlif sənətlərlə məşğul olurdu.
E.ə. IX əsrin 20-ci illərində aşşurlular Maday tayfa ittifaqının ərazisinə
yenidən soxuldular, "paytaxtı" Saqbitu olan "çar" Xanaziruka ilə toqquşdular. Ağır
vuruşmalarda 2300 döyüşçü öldürüldü, 140 süvari döyüşçü əsir tutuldu. Neynəva
hökmdarı bu ölkədə 1200 məskəni viran qoydu.
Gizilbundadan şimalda Andia ölkəsi yerləşirdi. O, müasir Boqrovdağ silsiləsi
rayonunu, Qızılüzən (Səfidrud) çayının vadisini əhatə edirdi. Bu ölkənin adı III
Salmanasarın, III Adadnerarinin, II Sarqonun salnamələrində çəkilir. Tədqiqatçılar
güman edirlər ki, Andialılar hurridilli və ya Qafqazdilli tayfadır. E.ə. VIII əsrin
152
sonunda Andia artıq Mannaya tabe idi, amma özünü separatistcəsinə aparır,
Mannanın düşmənləri ilə ittifaq bağlayırdı.
Cənubi Azərbaycan vilayətlərinin həyatında uzun müddət mühüm rol oynamış
çox böyük bir tayfa ittifaqı Zikertu idi. E.ə. VIII əsrin son rübündə Zikertu təqribən
indiki Marağa ilə Ərdəbil arasındakı ərazini tuturdu. Zikertunu və zikertuluları
Əhəməni (Haxamanişi) və antik qaynaqlardan məlum olan Saqartiya və saqartiyalılar
ilə eyniləşdirirlər. Əhəmənilər dövründə zikertuluların sakin olduqları ərazi təqribən
gələcək Atropatenaya uyğun gəlirdi. E.ə. VIII əsrdə zikertulular həm Manna
hökmdarlarını, həm də Aşşur fatehlərini az narahat etməmişdilər.
Cənubi
Azərbaycan
ərazisində yuxarıda adlarını çəkdiyimiz tayfa
ittifaqlarından və ölkələrdən başqa, bir çox daha xırda siyasi vahidlər də var idi.
Bunların sırasına Ninni "çarlığını" aid etmək olar. Onun mərkəzi olan
möhkəmləndirilmiş Aridu şəhərində aşşurlular hələ III Salmanasar zamanı insan
kəlləsindən qüllə qurmuş, cavan oğlan və qızları tonqallarda yandırmışdılar. Daha
sonra yenə də III Salmanasar zamanında bac olaraq qoşqu atları verməyə məcbur
edilən Haruna "çarlığı", bac olaraq at, qatır, mal-qara, şərab, tunc qab-qacaq və i.a.
verən Şurdira, Simesi, Ulmania, Adauş, Xarmasa və başqaları, Urartu mənbələrində
adları çəkilən Sanqibuti, Puluadi və bir çox başqaları da bu qəbilədəndir.
Bu vaxt, eləcə də bir qədər sonra Aşşur ilə Urartu arasında mübarizə əsasən
Urmiyaboyu vilayətlərə yiyələnmək uğrunda gedirdi. Çox güman ki, artıq e.ə. IX
əsrin sonuna yaxın urartulular Urmiyaboyu rayona ilk yürüşlər edirlər.
Beləliklə, e.ə. IX əsrin ilk onilliklərində Urmiyaboyu - Zaqros zonasında
müxtəlif birləşmələr yaranmağa başlayır və onlar burada ilk iri siyasi birləşmənin -
Manna çarlığının meydana gəlməsi üçün zəmin hazırlayırlar.
Dostları ilə paylaş: |