Manna çarlığının qüvvətlənməsi və geniĢlənməsi. E.ə. VIII əsrin 40-cı
illərində Aşşur dövlətinin qüvvətlənməsi beynəlxalq vəziyyəti xeyli dəyişdi.
E.ə. 744-cü ildə III Tiqlatpalasar Urartu çarı Sarduri ilə baş verəcək
toqquşmada cinahını möhkəmləndirmək üçün şimal-şərqə yürüşə başlayır, çünki
cəngavər Mada hakimləri əlverişli vaxtda urartuluların təbii müttəfiqi ola bilərdilər.
Aşşur çarının əsil Mada vilayətlərinə soxula bilmədiyinə baxmayaraq, yürüş
ümumiyyətlə uğurlu oldu. III Tiqlatpalasar şərqdə iki yeni əyalət - Parsua və Bit-
Xamban vilayətlərini yaradır.
743-cü ildə Aşşur çarı Urartu çarını birinci güclü məğlubiyyətə uğradır.
Sardurinin qüvvələrini tamam əzmək mümkün olmadı. Buna görə də 739-cü ildə
Tiqlatpalasar daha qəti tədbirlərə başlayır. III Tiqlatpalasar ömrünün son on ilində
əsasən öz qorxulu düşmənini-Urartulu Sardurini qəti darmadağın etməklə məşğul idi.
Uzun sürən bu inadlı mübarizə, nəhayət, 735-ci ildə Aşşurun xeyrinə qurtardı. Sarduri
məğlub edildi. III Tiqlatpalasar məqsədinə çatdı. Bunun ardınca o, qərbə üz tutdu və
bir sıra uğurlu müharibələrdən sonra "bütün Qərbin süzereni" oldu, "dənizə gedən yol
onun üzünə açıldı". Cənubda Babilistan ələ keçirildi. Beləliklə, Aşşur Ön Asiyanın
şərqində yenidən birinci oldu.
Manna beynəlxalq vəziyyətin dəyişməsindən istifadə etdi. III Tiqlatpalasarın
öz Şərq yürüşlərində Manna ərazisinə girməməsi həm aşşurluların Manna ilə dostluq
münasibətlərinə, həm də, görünür, Manna çarlığının gücünə sübut ola bilər.
İki qüdrətli rəqib arasında gedən mübarizə mannalıların əl-qolunu açdı və
onlar ayrı-ayrı vilayətləri bir-bir öz torpaqlarına qataraq Manna çarlığını xeyli
gücləndirdilər. Şübhəsiz, Sardurinin darmadağın edilməsi bütün Cənubi Azərbaycan
ərazisini Mannanın tabeçilyinə keçirdi. Bunu ondan görmək olar ki, sonralar II Sarqon
dövründə, Mannadan ayrılmış Zikertu, Uişdiş, Messi və digər vilayətlər bir vaxtlar
Manna çar xanədanına tabe idilər və qədim mətndə deyildiyinə görə, "Manna çarının
canişinləri" sayılırdılar.
Mannanın güclənməsi, görünür, VIII əsrin 20-ci illərinin axırlarınadək davam
etmişdi. Bu vaxtdan Urartunun köməyi sayəsində Mannanın "böyük canişinləri"
ondan qopub ayrılmağa başlamışdılar.
Mannanın gücləndiyi və genişləndiyi dövrdə yarımmüstəqil ucqar hakimlərin
torpaqları ona tabe idi. Mənbələr Marağa-Səhənd rayonunda yerləşən Uişdiş
(urartulularda - Uqişti) vilayətinin, cəngavər bir tayfa yaşayan, cənub-qərbdə Parsua
ilə qonşu, şimal-şərqdə Gizilbunda ilə həmsərhəd olan çox geniş Messi (Mesu, Missi)
vilayətinin adını çəkir. Messi Mannaya çar Ullusunu zamanında birləşdirilmişdi.
Mannalılar onun sərhədində Sirdakka (Zirdiakka) qalasını tikmişdilər.
169
Andia Mannadan ən uzaqda olan vilayət idi. O, Səfid-Rud çar vadisinin aşağı
və orta hissəsində yerləşir, "qürubda olan Böyük dənizə" (Kaspi dənizi nəzərdə
tutulurdu) qədər uzanırdı. Mannalılar Andianı Manna çarlığının qüdrətli vaxtında
istila etmişdilər. Doğrudur, vilayətin hökmdarları ayrılmağa can atır və Mannanın
düşmənləri ilə ittifaqlar bağlayırdılar.
Göstərilən vilayətlərdən əlavə, Urmiya hövzəsinin şimal-şərq hissələrində,
Manna və Urartunun şimal sərhədlərinin qovşağında Subi və Bari vilayətləri də vardı,
bunlara Sanqibuti də deyilirdi. II Sarqon Bari vilayətində iki möhkəmləndirilmiş
qalanın - at tövlələri və arpa ilə dolu anbarları olan Tarui və Tarmakisa qalalarının
adını çəkir.
Asılı vilayətlər də daxil olmaqla Manna Urmiya gölünün bütün cənub
hövzəsini, Urmiya ilə Araz arasındakı suayırıcınadək gölün şərq sahilini, habelə
Qızılüzən çayı hövzəsinin xeyli hissəsini və ondan cənubda yerləşən rayonları əhatə
edirdi. Güman etmək olar ki, Manna ərazisi gələcək Mada Atropatenası –
At
a
/
u
rpatakana, yəni Cənubi Azərbaycana təxminən uyğun gəlirdi.
Çox ehtimal ki, Mannanın ən böyük tərəqqisi çar İranzunun sələflərinin
hökmranlığı dövrünə və onun hökmranlığının başlanğıcına təsadüf edir. İranzunun
sələflərinin adları bizə məlum deyil.
İranzu zamanında Mannanın Qədim Şərqdə güclü dövlətlərdən birinə
çevrilməsi yarımmüstəqil ucqar çarlıqları narahat etməyə və Urartu dövlətini təşvişə
salmaya bilməzdi. Mannanın öhdəsindən gələ bilməyən Urartu onun hakimiyyəti
altında olan vilayətləri ona qarşı qaldırmağa cəhd edir. İranzunun hökmranlığının axır
vaxtlarında onun mövqeləri zəifləyir.
E.ə. VIII əsrin 20-ci illərinə yaxın Mannanın vəziyyəti artıq ağır idi. Mannadan
ayrılmış Zikertu, Uişdiş, Misi, Andia hökmdarları, habelə Aşşur dövləti ərazisinə
hücum etməyə cürət edən Urartu çarı I Rusa tərəfindən sıxışdırılan Manna çarı
İranzunun bircə çarəsi qalırdı: Neynəva hökmdarlarının ali hakimiyyətini tanımaq və
beləliklə, vəziyyəti az da olsa düzəltmək.
İranzunun açıq-aşkar II Sarqonun tərəfinə keçməsi I Rusanın və Zikertu "çarı"
Metattinin ona qarşı düşmənçiliyini daha da şiddətləndirdi. Metatti Aşşur əleyhinə
koalisiyanın ən fəal başçılarından biri idi. Müttəfiqlərin ikisi də İranzunu sıxışdırmağa
başladı. 719-cu ildə İranzunun öz şəhərləri - Şuandaxul və Durdukka onun əleyhinə
üsyan qaldırdılar. Metatti onlara hərbi yardım göstərdi. Sukka, Bala, Abitikna
şəhərləri də ayrılıb düşmənlərin tərəfinə keçdilər.
Manna çarı İranzu aşşurluların köməyini axtarmağa məcbur oldu. Urmiyaboyu
rayonda Aşşurun mövqeləri elə bir təhlükə qarşısında qalmışdı ki, II Sarqon dərhal
əks-tədbir görmək qərarına gəldi, xüsusilə də ona görə ki, cənubda Elam
vilayətlərində və ondan şərqdə də qüdrətli Aşşur dövlətinin siyasətindən narazılıq
170
artırdı və bu torpaqlar hər an Neynəva hökmdarının düşmənlərinin cəbhəsində
mühüm yer tuta bilərdi.
II Sarqon, çox ehtimal ki, öz təşəbbüsünün verə biləcəyi nəticələrdən ehtiyat
edərək, yuxarıda adları çəkilən, Mannadan üz döndərib Rusanın və Metattinin tərəfinə
keçən şəhərlərə qarşı hələlik cəza ekspedisiyası ilə kifayətlənməyi qərara aldı. Aşşur
çarının bu yürüşü 719-cu ildə baş verdi. Qiyamçı şəhərlər dağıdıldı və əhalinin bir
hissəsi Aşşur dövlətinin qərb torpaqlarına köçürüldü.
Sarqon gedəndən sonra Urmiyaboyu zonada böyük dəyişiklər baş verdi və
bunlar Aşşurun mənafeyinə ciddi xələl gətirdi. Aşşur dövlətinin sadiq və dəyanətli
müttəfiqi olan çar İranzu (719-cu və 716-cı illər arasında) vəfat etdi.
Kimmerlilərin zərbəsindən toxtayıb özünə gəlmiş I Rusa Urmiyaboyu zonada
Aşşura qarşı yenidən fəaliyyətə başlayır.
Manna taxt-tacına sahib olan Aza da, atası İranzu kimi, Aşşur dövlətinə
arxalanmağa çalışırdı ki, bu da, əlbəttə, 1 Rusanı və onun müttəfiqi Metattini Azaya
düşmən etməyə bilməzdi. Vəziyyət həm də ona görə pisləşdi ki, Manna "canişini"
uişdişli Baqdatti də düşmənlərin tərəfinə keçdi. Aza qısa müddət hökmranlıq edəndən
sonra "əlçatmaz Uauş dağına" çəkilib müdafiə mövqeyi tutmağa məcbur oldu. Lakin
o, düşmənlərinə üstün gələ bilmədi və öldürüldü. Manna taxt-tacına Azanın qardaşı
Ullusunu yiyələndi: o, Aşşurun düşmənləri tərəfinə keçdi. Allabria çarı İtti və karallalı
Aşşurle də bu cəbhəyə qoşuldular.
Aşşurun mənafeyi üçün çox təhlükəli olan belə gərgin bir anda e.ə. 716-cı ildə
II Sarqon Urmiyaboyu rayona, xüsusən Mannahlar ölkəsinə yürüş edir. Aşşur çarının
salnaməsində bu yürüşlə əlaqədar olaraq deyilir: "Əllərimi qaldırıb tanrım Aşşura
yalvardım ki; Mannalılar ölkəsinin qisasını alsın və onu Aşşur (dövləti) hüdudları
içərisinə qaytarsın, Uauş dağında, o yerdə ki, onlar Azanın meyitini tullamışdılar, mən
Baqdattinin dərisini soydum və mannalılara göstərdim".
II Sarqon daha sonra yazır: "Hiddətimdən... əkinlərə daraşan çəyirtkələr kimi
bu ölkələrin üstünü aldım. Mannalılar ölkəsində onun (yəni Ullusunun) çar şəhəri
İzirtunu quzğun kimi çaldım və onlara əməlli-başlı divan tutdum. İzirtunu yandırdım,
sonra Zibia və Armaid şəhərlərini tutdum. Ullusunu və onun bütün ölkəsi bir nəfər
kimi yığışıb ayaqlarıma döşəndilər: mən onları əfv etdim. Ullusununun günahlarından
keçdim və onu atasının çar taxtında əyləşdirdim".
Allabrialı İtti köç-külfəti ilə Aşşur torpaqlarına sürgün olundu, karallalı
Aşurlenin isə dərisi soyuldu. Karalla Aşşurun Zamua (Lullume) əyalətinə birləşdirildi.
Mannanın iki rayonu Aşşurun başqa bir vilayətinə - Parsuaya qatıldı.
Sonra II Sarqon bir neçə vilayəti və qalanı, o cümlədən mühüm qala sayılan
Kişessunu işğal etdi. Xarxar da tutuldu və sakinləri əsir edilib aparıldı. İşğal edilmiş
vilayətlərdə II Sarqon daha iki əyalət - Xarxar və Kişessu əyalətlərini yaratdı.
171
Urartu çarı I Rusanın və Manna "canişini" Dayaukkunun çar Ullusunuya qarşı
təcavüzə başlayıb, onun 22 qalasını işğal etməsi II Sarqonun Urmiyaboyu rayona
növbəti yürüşünə (715-ci ildə) səbəb oldu. Bu münasibətlə Aşşur çarının
salnaməsində deyilir: "Mənim hökmranlığımın yeddinci ilində urartulu Rusa mannalı
Ullusunuya xəyanət etmək fikrinə düşdü və onun 22 qalasını əsir etdi. O, Manna
canişini Dayaukkuya Ullusunu haqqında yalan danışıb şübhə oyatdı və onun oğlunu
girov götürdü".
II Sarqon öz düşmənlərinə zərbələr endirib Mannaya məxsus qalaları Rusanın
əlindən alıb, Dayaukkunu ailəsi ilə birlikdə əsir tutub Suriyaya, Hamata göndərdi.
Sonra Aşşur çarı şərq vilayətlərinin içərilərinə doğru irəliləyib Andiaya yiyələndi.
Andia hökmdarı Telusina Aşşur əleyhinə koalisiyanın nümayəndələri ilə ittifaqda idi.
Andiadan 4200 əsir və çoxlu mal-qara aparıldı.
Aşşur əleyhinə koalisiyanın darmadağın edilməsi Manna üçün müsbət
nəticələr verdi. II Sarqonun "Təntənəli kitabə" adlanan kitabəsində məlumat verilir ki,
"mannalı Ullusunu mənim gördüyüm işlərdən əlçatmaz dağlarda xəbər tutunca quş
kimi uçub yanıma gəldi və ayağıma döşəndi. Mən onun sayagəlməz günahlarından
keçdim, cinayətlərini unutdum, mərhəmət göstərib onu çar taxtına əyləşdirdim.
Ursanın (Rusanın) və Metattinin əlindən aldığım 22 qalanı və 2 möhkəmləndirilmiş
şəhəri ona verdim və onun zülm görən ölkəsini bərpa etdim. Öz çar surətimi həkk
edib üstündə mənim hakimim Aşşurun qələbələri haqqında yazı yazdım və gələcək
zamanlar üçün onun çar şəhəri İzirtuda dikəltdim".
Aşşur mənbələrində dəfələrlə məlumat verildiyi kimi, Manna çarı Ullusunu
sonralar da Aşşurun müttəfiqi olaraq qalırdı.
Aşşur silahının qələbələrinə baxmayaraq, Urmiyaboyu vilayətdə vəziyyət yenə
də gərgin idi və öz dövrünə görə mükəmməl, geniş şaxələnmiş kəşfiyyatı olan
aşşurlular bunu diqqətlə izləyirdilər. Nəhayət, hökmranlığının səkkizinci ili olan 714-
cü ildə II Sarqon Urartu, Zikertu və Andiaya qarşı cəza ekspedisiyası kimi nəzərdə
tutulan öz məşhur yürüşünə çıxdı. II Sarqon e.ə. 714-cü ilin təxminən iyun-iyul
aylarında yürüşə başlayaraq tezliklə Zaqros-Kullar uca dağ silsiləsinə, "Zamua
adlanan Lullume ölkəsinin uca dağına" çatır, "qoşununa baxış düzəldir" və "dağların
içərilərinə, Zikertuya və Andiaya" yollanır. Lakin çar hələ bundan əvvəl Manna
ərazisinə, "Karalla ilə Allabrianı birləşdirən" Surikaş vilayətinə girir. Manna çarı
Ullusunu haqqında II Sarqon belə bir məlumat verir: "Hər il qisasını aldığıma görə
mənim yürüşə çıxıb yaxınlaşdığımı eşitcək, o, öz ulu ağsaqqalları, müşavirləri, oğul-
uşağı, ölkəsini idarə edən canişinləri və başçıları ilə birlikdə öz ölkəsindən və öz çar
şəhəri İzirtudan yola düşüb hüzuruma gəldi, bac olaraq bütün ləvazimatı ilə birlikdə
qoşqu atları, qaramal və davar gətirdi, ayaqlarımdan öpdü".
172
Aşşur çarı sonra Allabriada və Parsuaşda (Parsuada) olmuşdu. "Namru,
Sanqibutu, Bit-Abdadani ölkələrinin və madalılar ölkəsinin məskən rəisləri" itaət
etdiklərini bildirmək üçün Parsuaşa gəlmiş, bac-xərac da gətirmişdilər.
II Sarqon Parsuaşdan Mannanın Misi vilayətinə keçir; çar belə məlumat verir:
"Öz ölkəsinin adamları ilə birlikdə Ullusunu mənə sidqi-ürəkdən xidmət etməyə hazır
vəziyyətdə özünün Sirdakka (və ya Zirdiakka, Durdukka) qalasında yolumu
gözləyirdi. Mənim inanılmış Aşşur vilayət rəislərim kimi o da mənim qoşunumu
yedizdirib-içirtmək üçün un və şərab anbarları düzəltmiş, böyük oğlunu ehtiram
əlaməti olaraq bəxşiş və sovqatla hüzuruma göndərib mənim himayəmə vermiş, öz
çarlığını möhkəmlətmək üçün stelasını mənə ithaf etmişdi. Mən onun bac olaraq
verdiyi iri qoşqu atlarını, qaramalı və davarı qəbul etdim".
Ullusunu ilə danışıqlarında Sarqon Manna çarına söz vermişdi ki, Mannanın
itirilmiş torpaqlarını alıb ona qaytarmaq məqsədilə Urartuya qarşı yürüşə
başlayacaqdır. Sarqonun "Relyasiya"sında bu münasibətlə deyilir: "...o (Ullusunu) öz
qisasının xatirinə qabağımda üzüqoylu düşdü yerə. İstəyirdi ki, qəddar düşmənləri
olan kakmiyalıların ayağı onun ölkəsinə dəyməsin, çöl döyüşündə Urs (Rusa) məğlub
edilsin, pərən-pərən düşmüş mannalılar öz yurdlarına qaytarılsın, o öz düşmənlərini
qalibiyyətlə ayaqlayıb öz ürək arzusuna çatsın".
Danışıqlar zamanı Ullusununun və mannalıların şərəfinə ziyafət düzəldilmişdi.
"Çar Ullusunuya... süfrə açdım, taxtını atası, valideyni İranzunun taxtından yüksəyə
qaldırdım; onları aşşurlularla birlikdə şən süfrə başında əyləşdirdim və onlar mənim
çarlığıma Aşşur qarşısında, öz ölkəsinin allahları qarşısında xeyir-dua verdilər".
Sarqon Mannada ikən Gizilbunda vilayətinin məskən rəislərindən bac alır; o
rəislərdən ki, onlar "uzaq yerdə uzaq dağlarda yaşayır, Mannalılar ölkəsi və madalılar
ölkəsi boyunca yolları kəsirlər, bu məskənlərdə yaşayan adamlar isə öz qüvvələrinə
güvənir və başqalarının hakimiyyətini tanımırlar, - məndən əvvəl gəlib getmiş çarların
heç biri onların yurdlarını görməmiş, adlarını eşitməmiş, onlardan vergi almamışdır, -
dağlı knyazları itaətə gətirmək və onlardan bəxşişlər almaq ixtiyarını mənə əta edən
mənim hakimim Aşşurun böyük kəlamına görə, mənim qoşunumun yürüşündən xəbər
tutub qorxuya düşdülər, öz ölkələrində onları dəhşət bürüdü: bac vermək üçün qoşqu
atları, sayagəlməz qaramal və davar topladılar və Mannanın Zirdiakka qalasına -
mənim hüzuruma gətirdilər; yalvarıb, and-aman edirdilər ki, onları öldürməyim,
divarlarını uçurtmayım; ayaqlarımı öpürdülər".
Sarqon Urartulu Rusa ilə müharibəyə başlayacağını vəd etdiyinə baxmayaraq,
nədənsə Zikertu üzərinə gedir.
Sarqon yazır: "Mannanın Zirdiakka qalasından yola düşdüm... Mannalılar
ölkəsinin, Bit-Kapsinin və qüdrətli Madalılar ölkəsinin arasında sürətlə irəlilədim və
onun (Ullusununun) böyük qalası Panzişə gəldim; bu qala Zikkertudan və Andiadan
qorunmaq üçün, bir də qaçanlar olmasın və düşmən ayaq basa bilməsin deyə bu iki
173
vilayətin qarşısında ucaldılmışdı. Mən qalanın istehkamını gücləndirdim, əmr edib
oraya arpa, yağ, şərab gətirtdim".
Sarqon sonra Zikertu ərazisinə soxulur. Dəhşətli təhlükə qarşısında Metatti öz
paytaxtı Pardanı tərk edir. Sarqonun verdiyi məlumata görə, "Metatti öz sarayının
əmlakını atıb kənara çıxdı. Atlarını və döyüşçülərini yığıb Ursanın (Rusanın)
köməyinə göndərdi". Aşşur çarı talanlar edir, qalaları, məskənləri dağıdır. "Onların
(yəni qalaların) divarlarını uçurtdum, qalalardakı evləri yandırdım, tufan kimi dağıdıb
yerlə yeksan etdim" - deyə zəhmli hökmdar məlumat verir.
Rusa Metattinin köməyinə çatmağa tələsirdi. O, görünür qərbdən Sarqonun
arxasına keçib yolunu kəsməyə çalışırdı. Sarqon düşmənin niyyətini duyub birdən-
birə yolunu dəyişib qərbə burulur, urartuluların vaxtilə tutduqları Manna vilayəti
Uişdişi ələ keçirir və burada Rusanın planları haqqında Allabria çarından məktub alır.
Sarqon həlledici döyüş ərəfəsindəki vəziyyəti xarakterizə edərək məlumat verir
ki, Rusa "özünün və müttəfiqlərinin çoxsaylı qoşununu topladı, zikertulu Metattinin
hayıfını almaq üçün döyüş qüvvələri yaratdı, təcrübəli döyüşçülərini... sıraya düzdü,
yelqanadlı atlara mindirdi, əllərinə silah verdi. [Rusaya] çoxdan bəri kömək etmiş,
ətrafda nə qədər dağlı çar var hamısını onun köməyinə çağırmış və özü yardım
görmüş zikertulu Metatti qoşununun çox olmasına, köməyə güvənib onları ayrılmağa
vadar etdi".
Düşmənlərin döyüşü Uauş (indiki Səhənd) dağında oldu, o "böyük dağda ki,
başı buludlara çatır, dünya yaranandan ins-cins görməyib, yolçusu olmayıb,
göylərində quşlar uçmayıb, qoynunda quşlar balalamayıb, yuva qurmayıb, o uca
dağda ki, dikəlmiş xəncər tiyəsinə bənzəyir, dibsiz uçurumlar və uzaq dağ dərələri
görünür; bərk istilərdə və şiddətli şaxtalarda bu dağ ölüm deməkdir, səhərlər və
axşamlar şəfəqə bürünür, gündüzlər və gecələr aravermədən qar yağır, ətəyindən
zirvəsinədək buz bağlamışdır; kim bu dağa qədəm basırsa, qasırğaya düşür, bədəni
(soyuqdan) qarsalanır".
Aşşur çarı Uauş dağında öz düşmənlərini dəhşətli məğlubiyyətə uğratdı,
darmadağın etdi. Sarqon məlumat verir: "Qoşunu əzdim, zikertulu Metattinin və
qonşu çarların alayını pərən-pərən saldım. Qatı düşmənim Urartunun və
müttəfiqlərinin qoşunlarını məğlubiyyətə uğratdım, Uauş dağında onları qaçmağa
məcbur etdim. Mənim hakimim Aşşurun Urartu üzərində qələbəsini əbədi bərqərar
etdim... Andianın və Zikertunun adamlarını ölüm girdabına saldım".
Zəhmli hökmdar belə bir məlumat verməyi də unutmur: "Qəddar düşməni
Mannalılar ölkəsinə yaxın qoymadım, mannalıların hökmdarı Ullusunuya yaxşılıq
etdim və onun əzabkeş camaatını işıqlı günə çıxartdım".
Sarqon bu parlaq qələbədən sonra Urmiya gölünün şərq sahili boyunca sürətlə
şimala doğru irəliləməyə başladı. Düşmən nizamsız halda geri çəkilirdi. "Urartu
ərazisinin girəcəyində... Urartu adamlarının "Mannalılar ölkəsi" adlandırdıqları...
174
Subinin ucqarında yerləşən böyük Uşkayya qalası (görünür, müasir Uski nəzərdə
tutulur, Təbrizdən qərbdə Səhənd dağının şimal yamacındadır - məsul red.)" döyüşsüz
ələ keçirildi.
Mannanın bir az əvvəl urartulular tərəfindən işğal edilmiş Subi vilayəti
haqqında "Relyasiya"da məlumat verilir ki, "bu vilayətdə yaşayan adamların... süvari
qoşun üçün at təlimində misli yoxdur".
Uşkayya haqqında deyilir: "Mən (Sarqon - məsul red.) onun qayada 8 qulac
qalınlığında bünövrə üzərində tikilmiş möhkəm divarını diş-diş olan üst hissəsindən ta
hündür özülünədək birdəfəyə söküb yerlə yeksan etdim. Qalanın içindəki evləri alova
bürüdüm, evlərin uzun tirlərinə od vurdum. Qalanın ətrafındakı 115 məskəni tonqal
kimi yandırdım, tonqalların tüstüsü qasırğa şiddəti ilə göyün üzünü bürüdü. Qalanın
ərazisini bir kökə saldım ki, elə bil tufan qopub onu məhv etmiş, yaşayış məskənlərini
daş-torpaq altında qoymuşdu. Mən Aniaştanianı, onun (Urartu çarının - məsul red.)
Sanqibutu sərhədində Uşkayya ilə Tarmakisa arasında tikilmiş ilxılar evini ətrafındakı
17 məskənlə birlikdə dağıdıb yerlə yeksan etdim, damların uzun tirlərinə od vurdum.
Zəmilərin məhsulunu, küləşi yandırdım, dolu-dolu anbarları açdım və qoşunuma o ki
var arpa yedirtdim. Onun otlaqlarına mənim mal-qaramı çəyirtgə sürüsü kimi
buraxdım. Mal-qara onun ümid yeri olan ot-ələfi yeyib zəmilərini viran qoydu".
Bundan sonra Sarqon Bari "ölkəsinə" soxulur. Əvvəllər mannalılara məxsus
olmuş bu ərazi, görünür, hələ Menua zamanında urartulular tərəfindən işğal edilmişdi.
Belə bir məlumat verilir ki, "Tarui və Tarmakisa dalaylar ölkəsində, onun
(yəni Rusanın) zəngin arpa evinin (görünür, "dən anbarının") ətrafında tikilmiş güclü
istehkamlardır - divarları möhkəmləndirilmiş, sədləri davamlı, xəndəkləri dərin idi,
dövrəsinə hasar çəkilmişdi, orada çar alayının ehtiyat atları tövlələrə salınmışdı. Hər
gün yemlənirdi; bu vilayətdə yaşayan adamlar mənim ətraf məskənlərdə törətdiyim
əməlləri gördükdə canlarına titrətmə düşdü, məskənlərini atıb səhraya qaçdılar... Bu
vilayətin hər yerini tor kimi bürüdüm, onların möhkəmləndirilmiş şəhərləri arasında
müharibə qızışmasına imkan verdim. Onların möhkəm divarlarını (diş-diş olan yuxarı
hissəsindən başlayıb) bünövrəsinədək dağıdıb yerlə yeksan etdim, onların içində olan
evləri alova bürüdüm, uzun tirlərinə od vurdum. Onların bol məhsulunu alışdırdım,
dolu-dolu anbarları açdım, qoşunuma o ki var arpa yedirtdim. Onların 30 ətraf
məskənini tonqal kimi yandırdım, tonqalların tüstüsü ilə göyün üzünü tozanaq kimi
örtdüm".
Çox keçmədən Ulxu şəhəri (görünür, Mərənddən şimaldadır) işğal edildi.
Urartu çarının sarayı bu şəhərdə idi. "Relyasiya"da deyilir ki, orada çiçək açan bağlar,
üzümlüklər, kanallar və i.a. vardı. Bütün bunlar qılıncdan keçirildi və yandırıldı.
Darmadağın edilib ruhdan düşmüş Rusanın ordusu qaçdı. Sarqon Qərbə tərəf
hərəkət edərək Kətur aşırımı rayonunda Urartu ərazisinə soxuldu.
175
Aşşurlular bütün Urartu ərazisindən qılınc və odla keçdilər. Sarqon öz ölkəsinə
qayıdanda Urartunun dini mərkəzinə - Urmiya gölündən cənub-qərbdə indiki
Rəvanduz rayonunda yerləşən Musasirə basqın etdi. Musasir işğal və qarət olundu,
Urartu çarı I Rusa özünü öldürdü.
Mannanın ən təhlükəli düşmənlərinin darmadağın olunmasından istifadə
edərək, Manna çarı urartulular tərəfindən tutulmuş torpaqlar üzərində öz suverenliyini
bərpa etdi. Aşşur çarının özü bu işdə ona kömək göstərdi, "Ursadan və Metattidən
alınan 22 qalanı və 2 möhkəmləndirilmiş şəhəri" Ullusunuya qaytardı, "Mannalılar
ölkəsinin Uişdiş vilayətini" ona verdi. Görünür, urartuluların "Mannalılar ölkəsi
adlandırdıqları" Subi vilayəti də qaytarılmışdı.
Lakin, çox ehtimal ki, mannalılar bununla kifayətlənməmiş və öz
hakimiyyətlərini Urmiya gölündən şimaldakı rayonlarda urartuluların əvvəllər
tutduqları başqa torpaqlara da yaydılar. Təsadüfi deyildir ki, "Mannalılar ölkəsinin
adamları" Sarqonun "Relyasiya"sında onun Sanqibuti vilayətində qalaları tutması ilə
əlaqədar olaraq xatırladılır; Sanqibuti vilayətindən sonra Urartunun öz ərazisi
başlanırdı.
Sarqon Andianı, Zikertunu və Urartunu darmadağın edəndən sonra, Manna
Cənubi Azərbaycan ərazisinin az qala hər yerində və ya böyük bir hissəsində
hakimiyyəti yenidən ələ keçirir.
II Sarqon Mannanın itaətkarlığını dönə-dönə qeyd etsə də, mannalılara "öz
yurdlarında arxayın yaşamaq" imkanı verdiyini bildirsə də, "Mannalılar ölkəsini
sakitləşdirmişəm", "səpələnmiş mannalılar ölkəsini bir yerə toplamışam" desə də,
Manna əslində Aşşurun tabeliyindən çıxır. Maraqlıdır ki, Ullusunu Aşşura 714-cü ildə
iki dəfə bac verdiyi halda, 713-cü ildə ancaq bircə dəfə, necə deyərlər, "pay" verməklə
kifayətlənmişdi. Həm də Sarqon Manna çarının müttəfiqliyini xüsusi qeyd edir, ona
kətan və yun paltarlar, xəncər və üzüklər bağışlayır.
Manna o zamanın qüdrətli dövlətlərindən birinə çevrilir, tezliklə cürətlənib
Aşşur torpaqlarına basqın etməkdən çəkinmir.
E.ə. VIII əsrin lap sonunda tarix meydanına yeni bir qüvvə - kimmerlər çıxır.
Düşünmək olar ki, Asarxaddon zamanında kimmerlərin şəxsində mannalılar özlərinə
müttəfiq qazanmışdılar. Kimmerlər Aşşur ilə Manna arasında gedən mübarizəyə fəal
surətdə qarışır, bu mübarizədə Mannanın tərəfini saxlayırdılar.
E.ə. VIII əsrin sonunda - VII əsrin əvvəlində Mannanın həm aşşurlular, həm də
urartulularla münasibətləri qatı düşmənçilik münasibətləri idi.
Artıq Sarqonun varisi Sinaxxerib (e.ə. 705-681) mannalıların, onun
hakimiyyətinə itaətkarlıqla boyun əyməməsindən şikayətlənir və öyünür ki, boyun
əyməyən mannalıları əsir aparıb kərpic daşımağa məcbur etmişdir. Keçıniş
müttəfiqlərin sonradan bir-birinə düşmən kəsilməsi o zamanın sənədlərində dəfələrlə
xatırladılır. Sənədlərin birində deyilir ki, zalipilərin bac olaraq Aşşura apardıqları
176
atları mannalılar ələ keçirmişlər. Cənubi Azərbaycan vilayətlərinə Argiştinin (e.ə.
718-685) yürüşləri həmin dövrə aiddir. Çarın indiki Sərab rayonunda aşkara
çıxarılmış iki kitabəsində haqqında danışılan bu yürüşlər Cənubi Azərbaycan
vilayətlərinə urartuluların son yürüşləri idi.
Urartuluların bu rayonlarda neçə müddət qaldıqlarını söyləmək çətindir. Lakin
güman etmək olar ki, çox qalmamışdılar, çünki Manna o dövrdə kimmerlər, skiflər və
madalılarla ittifaq sayəsində kifayət qədər güclü idi. O dərəcədə güclü idi ki, çar
Asarxaddon (e.ə. 680-668) kitabələrinin məlumatına görə, Aşşuru sıxışdırmağa və
onun torpaqlarını əlindən almağa başlamışdı. Bu zaman Urmiyanın qərbində
Mannanın hüdudları bəlkə də Xubuşkiyaya qədər uzanırdı. Aşşur hakiminin Şamaş
allahının orakuluna sorğularından birində Assarxaddonun qasidinin Xubuşkiyaya
səyahətindən bəhs olunur və onun mümkün düşmənləri sırasında "Mannalılar
ölkəsinin sərhədində" sakin olan skiflərin də adı çəkilir.
Dostları ilə paylaş: |