Mənəvi mədəniyyət və dini etiqadlar. Qədim dövrün müxtəlif xalqlarının
mənəvi mədəniyyətində dini etiqadlar və ayinlərin icrası xüsusi yer tutur. Əhalinin
dini etiqadları ilə tanışlıq onun mədəniyyətini və incəsənətini, onun dünyagörüşünün
inkişafını başa düşmək üçün zəruridir.
Yerli əhalinin dini baxışları haqqında yazılı mənbələrin məlumatı son dərəcə
məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş
etdikləri allahların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir neçə
məlumat belə güman etməyə əsas verir ki, mannalıların şəhərlərində ayrı-ayrı
məbədlər varmış və bu məbədlərdə allahların heykəlləri qoyulubmuş. II
Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı
Zamridə ələ keçirilən bütlərdən də xəbər verir. II Sarqon deyir ki, mannalılar çar
Ullusunu ilə birlikdə Aşşura və öz allahlarına təşəkkür duası oxumuşlar: "Onlar
mənim səltənətimə Aşşurun və yaşadıqları ölkənin allahlarının hüzurunda xeyir-dua
vermişlər".
Arxeoloqlar Həsənlidə qazıntı zamanı aşkara çıxarılmış məskənin binalarından
birini məbəd hesab edirlər; bu binanın ortasında kərpic meydança vardı, güman ki,
gətirilən qurbanları burada yandırırlarmış. Divarlardan birinin dibində pilləkanlı səki
aşkar edilmişdir; səkiyə üçayaqlı dəmir çıraq qoyulmuşdu.
Biz yerli əhalinin dini görüşləri haqqında maddi mədəniyyət abidələrindən
daha çox məlumat ala bilərık. Dəfn adətləri, keramika və metal məmulatının, silindrik
möhürlərin və digər əşyaların üzərindəki təsvirlər əhalinin mənəvi həyatının
xüsusiyyətlərini əks etdirir.
Həsənlidən tapılmış qızıl camın yuxarı registrindəki təsvirlər allahlara sitayişi
və qurbanlar verilməsini xüsusilə parlaq şəkildə nümayiş etdirir. Qatırlar və öküz
qoşulmuş üç döyüş arabasını ətəyi uzun, qolu qısa olan saçaqlı paltar geymiş allahlar
sürürlər. Onların saçları bellərinə çatır. Allahlara tərəf iki fiqur gəlir, ehtimal ki,
177
kahinlərdir - biri qədəhdən şərab tökmək mərasimini icra edir, digəri ibadət edirmiş
kimi əllərini qabağında tutmuşdur. İki xidmətçi onların ardınca qurbanlıq qoyunlar
gətirir. Onlar da allahlar və kahinlər kimi geyinmişlər, lakin saçları çiyinlərinədək
kəsilmişdir.
Bu təsvir kompleksi allahlara şərab (?) nəziri vermək mərasiminin icrasından,
havaların məhsul üçün əlverişli olması naminə yalvarış və qurbanlar kəsilməsindən
bəhs edən məhsuldarlıq mifləri ilə əlaqələndirilir.
'
Camın üzərində təsvir edilmiş allahların baş geyimində qanadlara və
buynuzlara bənzər şeylər vardır. Həsənlidə minalı divar üzərində buynuzlu allahın
başının relyefli təsviri aşkar edilmişdir. Qanadların olması bu ərazidə geniş yayılmış
hurri ənənəsi sayılır.
Qızıl camın üzərində təsvir edilmiş, öküz qoşulu döyüş arabasını sürən ilk
allahı tufan, hərb allahı ilə eyniləşdirmək olar ki, onun da atributu öküzdür. Bu allah
aşşurluların allahı Adada, urartuluların allahı Teyşebaya, hurrilərin allahı Teşşəba
(Teşuba) uyğundur. Qatırlar qoşulmuş döyüş arabalarının sürücüləri Mesopotamiya
allahları olan Günəş allahı Şamaş və Ay allahı Sin ilə tutuşdurulur. Mesopotamiya
təsvirlərindən göründüyü kimi, bu allahlar tez-tez Adad allahı müşayiət edirlər.
Bunlar üçü birlikdə təbiətin xeyirxah qüvvələrinin təcəssümü olan allahlar üçlüyünü
təşkil edirlər. Adətən mifik rəvayətlərdə xeyirxah qüvvələr şər qüvvələrlə
qarşılaşdırılır və şər qüvvələrlə daim mübarizə aparılır.
Urmiyaətrafı rayonda aşkara çıxarılmış qədəhlərdən birinin üzərində şər
qüvvələrin təcəssümü olan ikibaşlı ilana qarşı təbiətin xeyirxah qüvvələrinin
mübarizəsi təsvir edilmişdir. Bu motiv Həsənli camı üzərində də əks olunmuşdur;
burada düşmən qüvvələr üçbaşlı əjdaha surətində çıxış edirlər.
Qədim əhali vəhşi və ev heyvanlarına fövqəltəbii qüvvələr kimi isnad edir,
bəzilərini allahların rəmzi, müttəfiqi və ya əksinə, düşməni sayırdılar.
Mesopotamiya və Kiçik Asiya allahları ilə yaxınlıq, əlbəttə, Urmiya gölü
hövzəsinin vilayətləri ilə həmsərhəd ərazilər arasında mövcud olmuş qonşuluq
münasibətləri və əlaqələr sayəsində müınkün ola bilər. Lakin nəzərdən keçirilən
ərazidə Aşşur və ya Urartu allahlarının tam eyni olan allah təsvirləri tapılmamışdır.
Məlumdur ki, qədim xalqların demək olar ki, hamısında təbiət qüvvələrinə sitayiş
geniş yayılmışdı, lakin bu qüvvələr hər dəfə yerli şəraitə və adətlərə müvafiq olaraq
təsvir edilirdi.
Nəzərdən keçirilən ərazinin qədim əhalisinin etiqadlarında dirilik ağacına
sitayiş böyük yer tuturdu. Bu, Həsənlinin, Marlikin, Ziviyənin qədim əhalisinin
incəsənətində də öz əksini tapmışdır. Sənətkarların hazırladıqları bir çox metal və
sümük əşyalarda, möhürlərdə dirilik ağacı və yanlarında ayaq üstə durmuş və yaxud
diz çökmüş heyvanlar təsvir olunur. Həsənlidən tapılmış qab parçalarından birində,
Marlikdən tapılmış möhürlərdə ağacın qabağında dayanan dağ keçisinin təsviri vardır.
178
Marlikdə aşkara çıxarılmış qədəhin üzərindəki təsvirdə də dirilik ağacının yanında
qanadlı öküzlər dayanmışdır. Ziviyədə aşkara çıxarılmış qızıl pektoralın yuxarı
registrində stilləşdirilmiş dirilik ağacı, onun yanında qabaq ayaqlarını qaldırmış dağ
keçiləri, aşağı registrdə qanadlı öküzlər təsvir edilmişdir.
Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Dirilik ağacı
təbiətin ölməsi və dirilməsi ideyasını, qədim əhalinin əhyaya və axirətə inamını
təcəssüm etdirirdi. Müvafiq dövrün dəfnləri də buna sübutdur. Ölünü sağlığında
nədən istifadə eləmişdisə və o dünyada ömrünü davam etdirmək üçün nə lazımsa
hamısı ilə təmin edirdilər. Qəbirlərə silah, bəzək şeyləri, içində yemək-içmək olan
çoxlu qab-qacaq qoyulurdu; bəzən qazıntı zamanı bu yemək-içməyin qalıqları tapılır.
Qəbirlərə hökmən qoyulan əşyalardan biri də, ehtimal ki, dini mərasimlərdə işlədilən
və içərisinə müqəddəs su doldurulan uzunlüləli qablar idi. Mərhumun baş tərəfində
qurbanlıq heyvanlar yerləşdirilirdi.
Bu dövrdə əhalinin həyatında at xüsusi yer tuturdu. At, sözsüz, ilahiləşdirilirdi.
Marlik, Kaluraz və Şahtaxtı nekropolundan tapılmış materiallar sübut edir ki, atlar
ayrıca qəbirlərdə basdırılırdı.
Əfsanəvi xüsusiyyətlərə malik olduqları güman edilən atların təsvirlərinə
sənətkarların qayırdıqları əşyalarda da rast gəlinir.
Materiallar göstərir ki, Urmiyaətrafı vilayətlərdə allahlar panteonu varmış,
əhali allahlara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini ayinlər
icra edilirmiş.
179
IX F Ə S İ L
Dostları ilə paylaş: |