TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə61/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   57   58   59   60   61   62   63   64   ...   157
Sənətkarlıq.  Təsərrüfatçılığın  əsas  növlərinin  mükəmməl  mənimsənilməsi 

müxtəlif sənət sahələrini inkişaf etdirməyə imkan verirdi. Əhali metal hasil etməyi və 

ondan əşyalar qayırmağı çox yaxşı öyrənmişdi. Tunc məmulat həm təsərrüfatda, həm 

də  hərbi  işdə  geniş  tətbiq  olunurdu.  Misdən  tunc  xəlitəsi  almaq  üçün  aşqar  kimi 

cürbəcür  metallardan  istifadə  edilirdi.  Əsas  aşqar  kimi  qalay  işlədilirdi.  Bu  ərazidə 

qalayın  olmaması  və  görünür,  onun  fasilələrlə  gətirilməsi  sənətkarları  xəlitələrin 

alınması üçün qurğuşun, sürmə, arsen kimi əvəzedicilər işlətməyə məcbur edirdi. 

E.ə.  II  minilliyin  sonunda  mis-arsen  ərintilərindən  hazırlanan  əşyalar 

Kültəpədə  (Naxçıvan  MR)  aşkara  çıxarılmışdır.  Mingəçevirdə  çoxlu  mis-sürmə 

xəlitələri  tapılmışdır.  Həsənlidə  az  miqdar  kalsium  və  maqnezium  qarışığı  olan 

tunclar aşkar edilmişdir. 

Qalayın idxalı məsələsinə dair tədqiqatlar güman etməyə əsas verir ki, qədim 

tunc  metallurgiyası  üçün  qalay  mənbəyi,  ehtimal  ki,  Malay  arxipelaqının  və 

həmsərhəd ölkələrin zəngin qalay  yataqları imiş. Regionun  ərazisində xalis qalaydan 

olan əşyalar çox az tapılmışdır və tapılanlar da ancaq bəzək şeyləridir. 

Aşşur  çarları  metallarla  birlikdə  metal  məmulat  da  zəbt  edir  və  bac  olaraq 

alırdılar. II Aşşurnasirapal məlumat verir ki, zamualı Amekanın "çoxlu mis əşyasını, 

mis güyümlərini,  mis camlarını, mis məcməyilərini, onun sarayının xəzinəsini, onun 

var-dövlətini"  zəbt  etmişdi.  III  Salmanasar  bac  olaraq  Gilzandan  gümüş,  qızıl, 

qurğuşun  və  mis  qab-qacaq  alırdı.  Şamşi-Adad  isə  Gizilbundada  gümüş  qab-qacaq, 

əla qızıl və mis ələ keçirmişdi. 

Həsənlidə, Marlikdə, Ziviyədə, Naxçıvan zonasında qazıntı zamanı tapılan e.ə. 

I  minilliyin  əvvəlinə  aid  olan  sənətkarlıq  məmulatı  bu  ərazinin  əhalisi  arasında 

sənətkarlığın  yüksək  səviyyədə  olması  haqqında  mixi  yazılara  əsasən  yaranmış  rəyi 

təsdiq edir. Üstəlik, aşkarlanmış  məmulatın bir qismi  son  dərəcə nəfis  və zərifdir ki, 

bu da sənətkarların incə bədii zövqündən xəbər verir. 

Hələ  II  Aşşurnasirapal  məlumat  verirdi  ki,  öz  paytaxtı  Kalxuya  bu 

vilayətlərdən  sənətkarlar  aparırmış.  Tapıntılar  göstərir  ki,  sənətkarlar  əl  çatan  bütün 

material  növlərindən  istifadə  edir,  metal,  ağac,  sümük,  gil  və  daşdan  məmulat 

hazırlayırdılar.  Buradan  tapılan  əşyaların  bəzisində  Aşşur,  Urartu  və  ya  skif 

sənətlərinin təsiri nəzərə çarpır, ayrı-ayrı məmulatlar isə naşı təqliddən başqa bir şey 

deyildir.  Yaxın  Şərqin  böyük  bir  hissəsində  yayılmış  təsvirlərin  ümumi  mürəkkəb 

süjetləri var idi. 



161 

 

Oxşarlıq əlamətləri və təqlid ünsürləri müxtəlif vilayətlər və dövlətlər arasında 



qədimdən  mövcud  olan  qarşılıqlı  əlaqənin  qanunauyğun  nəticəsi  idi.  Mövcud  quru 

yollarından  başqa,  Diala  və  Xabur  çayları  kimi  su  yolları  da  Aşşur  ilə  əmtəə 

mübadiləsinə, şübhəsiz, çox kömək edirdi. Yaxın Şərqi Egey sahilləri ilə birləşdirən 

yollar arasında Azərbaycandan Trabzona, oradan da Qara dənizlə qərbə gedən yollar 

böyük  əhəmiyyətə  malik  idi.  Azərbaycandan  Kiçik  Asiyanın  qərb  sahillərinə  gedən 

yol münasib, asan yoldur və bu yolda mədəni mübadilə üçün, hətta təkərli nəqliyyat 

üçün də elə bir maneə yoxdur. 

Sənətkarlıq  məmulatının  əsas  qismi  mükəmməlliyi  və  forma  rəngarəngliyi 

etibarilə  ən  qədim  vaxtlardan  burada  inkişaf  edən  yerli  sənətin  özünəməxsusluğunu 

göstərir. 

Həsənlidəki qədim qalanın ərazisində sənətkar emalatxanası, emalatxanada isə 

tökmə üsulu ilə tunc dirəkciklər, baltalar hazırlamaq üçün qəliblərin qırıqları, habelə 

bəzək şeyləri hazırlamaq üçü qəliblər tapılmışdır. 

Mannanın  metal  üzrə  sənətkarlarının  iş  texnikasına  birtaylı  və  ikitaylı  açıq 

qəliblərdə tökmə işləri, döymə, naxışvurma, ştamplama və həkkaklıq daxil idi. 

Kənd  təsərrüfatında  həm  tunc,  həm  də  dəmir  toxalardan,  dəmir    tiyəli 

oraqlardan istifadə edilirdi. 

Qəbirlərdə  və  Həsənli  qalasında  silahlar  tunc  və  dəmirdəndir,  bəzisi  qızıl  və 

gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdir. 

Tuncdan  və  dəmirdən  hazırlanmış  yarpaqvari  ox  ucları  bu  dövr  üçün 

səciyyəvidir.  Tiyəsinin  yuxarı  hissəsində  qabarıq  aypara  təsviri  verilmiş  xəncərlər 

Həsənli  qızıl  camının  üzərində  təsvir  edilmiş  xəncərlərə  bənzəyir.  Döymə  üsulu  ilə 

dəmirdən hazırlanan "açıq aypara" tipli iri xəncərlər və qılınclar da geniş yayılmışdı. 

Bəzi xəncərlərin dəstəkləri məharətlə bəzədilmiş sümük və ağacla naxışlanmış, metal 

məftillə köbələnmişdir. 

Həsənli  xarabalıqlarında  iki  tip  -  sivri  və  şırımlı  döyüşçü  dəbilqələri 

tapılmışdır. Sivri, konusvari dəbilqələr Aşşur və Urartu üçün səciyyəvi idi. 

Güman etmək olar ki, şırımlı dəbilqəni yerli əhalinin döyüşçüləri qoyurmuşlar. 

Bunu ondan da yəqin etmək mümkündür ki, III Salmanasarın Balavat darvazasındakı 

təsvirdə  şırımlı  dəbilqəli  dağ  camaatı  ilə  vuruşan  sivri  dəbilqəli  aşşurlular 

göstərilmişdir. 

Marlikdə nadir bir dəbilqə tapılmışdır. Güman edilir ki, bu dəbilqə hansısa bir 

çara məxsus ola bilərdi və cah-calallı dekorativ görkəminə baxmayaraq ondan əməli 

surətdə  istifadə  olunurdu.  Dəbilqə  özü  tuncdan  idi,  onun  üstünə  çəkilmiş  qızıl  və 

gümüş quramada şərab nəziri vermək ayinini icra edən saqqallı allah, əllərini qaldırıb 

ibadət edən ilahələr və onların  başı üzərində qanadlarını açmış quş təsvir edilmişdir. 

Dəbilqənin arxa tərəfində lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik 



162 

 

vardır. Bu dəbilqənin formasında e.ə. VII əsrin ortalarına aid Aşşur relyefındə təsvir 



edilən Elam döyüşçüsünün başından yerə düşmüş dəbilqəyə oxşarlıq tapırlar. 

Döyüşçünün geyiminə dəriyə və parçaya bənd etmək üçün deşikləri olan tunc 

çiyinliklər də daxil idi. 

Metal  məmulat  parçalara  sancılan  xeyli  miqdarda  müxtəlif  qabarıq  bəzək 

şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və s. ilə təmsil olunmuşdur. 

Qızıl  və  gümüş  məmulat  da  sənətkarların  yüksək  məharətinə  gözəl  misaldır. 

Yuxarıda  adını çəkdiyimiz  qızıl cam, bir də  gümüş qədəh  xüsusilə  maraqlıdır. Qızıl 

camın üzərində allahlara qurbanvermə mərasimi, miflərdən və görünür, əhali arasında 

geniş  yayılmış  dastandan  ayrı-ayrı  səhnələr  təsvir  edilmişdir.  Gümüş  qədəhin 

üzərindəki təsvirlər, ehtimal ki, qələbə səhnəsini əks etdirir. Cəng arabasının ardınca 

məğlublar  gedirlər,  hər  iki  məmulatdakı  təsvirlərdə  eyni  kompozisiya  üsulundan 

istifadə edilmişdir. 

Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Marlik qızıl 

qabları  maraqlıdır.  Birinin  üzərində  dirilik  ağacının  yanlarında  qanadları  olan  dörd 

öküzün təsviri vardır; onların 2 santimetr qabağa çıxan relyefli başları, qabın gövdəsi 

ilə birlikdə, döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir. 

Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq edilirdi. 

Marlikdə  gövdəsi  gümüş,  lüləsi  qızıl  qab  tapılmışdır.  Ziviyə  dəfinəsinin  əşyaları 

arasında qızıl inkrustasiyalı gümüş boşqab vardır. Həsənlidə qoç başı formasında bir 

mis riton tapılmışdır. Qoçun gözləri, qaşları və burun pərələrinin üzərindəki zolaqlar 

mavi pasta ilə inkrustasiya edilmiş, buynuzları gümüş folqa ilə örtülmüşdür. Ritonun 

çənbəri heyvan təsvirlərindən ibarət olan gümüş frizlə bitir. 

Zərgərlik  məmulatından  mis,  tunc,  gümüş  və  qızıl  boyunbağılar,  sırğalar, 

bilərziklər,  kəmərlər,  qızıldan,  serdolikdən  (əqiqdən),  balıqqulağından  düzəldilmiş 

çoxlu  muncuq  vardır.  Bu  bəzək  şeyləri  müxtəlif  üsullarla:  ştamplama,  yivaçma, 

tökmə,  deşmə  üsulları  ilə  hazırlanır,  həmçinin  burulmuş  tunc  və  qızıl  məftildən 

istifadə olunurdu. 

Həm  qəbirlərdən,  həm  də  yaşayış  yerlərindən  tapılmış  keramika  sayca  çox, 

forma və keyfiyyətcə rəngarəngdir. Həsənlidə qazıntı zamanı aşkar edilmiş "Sənətkar 

evi" adlandırılan tikilidə metal məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa, 

həyətdə  keramika  bişirmək  üçün  soba  da  tapılmışdır.  Hazır  məmulat  həmin  evin 

damında qurudulurmuş. 

Bu  dövrdə  qapalı  sobalarda,  azaldılmış  atmosfer  təzyiqi  altında  qara-boz 

keramika bişirmək ənənəsi davam etdirilirdi. 

Sadə  həndəsi  rəsmlərlə  bəzədilmiş,  ilgəkvari  qulpu  olan  uzun  lüləli 

pardaqlanmış  qara  rəngli  "çaydanlar",  badələr,  piyalələr  və  kuzələr  o  dövr  üçün 

səciyyəvidir. 



163 

 

Oxşar  çaydanlar  qazıntı  zamanı  Həsənlidən,  Göytəpədən,  habelə  Naxçıvan 



MR-də Qızılvəngdən, Muncuqlu təpədən də tapılmışdır. 

E.ə.  I  minilliyin  əvvəlindən  Urmiya  hövzəsi  vilayətlərinin  Aşşur  ilə  qarşılıqlı 

münasibətlərinin  intensiv  vaxtında  şirli  keramikadan  hazırlanan  əşyalar  da  meydana 

gəlir. Məlum olduğu  kimi, aşşurlular bu  növ  keramika  hazırlamaqda hələ orta  Aşşur 

dövründən kamilləşmişdilər. 

Daşişləmə  sənəti  üçayaqlı  dövrə,  mərmərdən  hazırlanmış  əsa  başı,  gözəl 

alebastr  qabla  təmsil  olunmuşdur.  Daşdan  yonulmuş  silindrşəkilli  möhürlər  incəliyi 

ilə fərqlənir; bunların bir qismində ov  səhnələri, diz çökmüş oxatanların və  müxtəlif 

heyvanların  fiqurları  təsvir  olunmuşdur.  Həmin  möhürləri  son  Aşşur  dövrünə  aid 

edirlər.  Dirilik  ağacı  və  yanlarında  keçilər  təsvir  edilən  başqa  tip  möhürləri  e.ə.  II 

minilliyin  ortalarından  I  minilliyin  əvvəlinədək  Yaxın  Şərqin  əksər  hissəsində 

yayılmış Mitanni üslubu deyilən üslubla əlaqələndirirlər. 

Gil kimi ağac və sümük də təsərrüfatda istifadə edilən əsas materiallardan idi. 

Qalıqların tədqiqi göstərir  ki, burada  qovaq,  sərv, qarağac,  yemişan, alma  və  armud 

ağaclarından  istifadə  edilirmiş.  Bərk  oduncaq  növlərindən  yaşayış  evləri  tikintisində 

tir  kimi  istifadə  olunur,  nizə,  toppuz  və  ox  sapları  hazırlanırdı.  Müxtəlif  əşyaların 

gövdəsi ağacdan yonulur, sonra üstünə metaldan üz çəkilirdi. 

Ağacdan  yonulmuş  atlı  heykəlciyi  Həsənlidə  ağac  oymaçılığı  sənətinin 

nümunəsidir.  Ağacdan  düzəldilmiş  adam  başı  da  qalmışdır;  uzun  ensiz  sifəti,  çox 

qabağa çıxan burnu vardır, qaş-gözü inkrustasiyalıdır. 

Həsənlidən  həmçinin  bir  neçə  müxtəlif  parça  qırığı,  o  cümlədən  zərif  və  cod 

parça  qırıqları  tapılmışdır.  Tədqiqat  nəticəsində  müəyyən  edilmişdir  ki,  bu  parçalar 

qoyun və ya keçi yunundandır. Parça əriş və arğac saplarını bir-birinə keçirmə metodu 

ilə toxunurdu. Parçaların bir qismi xovlu idi - saçaqlısı da olurdu, saçaqsızı da. Bəzən 

xovun uzunluğu üç santimetrə çatırdı. Parça nümunələrindən birinin saçağı ilməkvari 

düzəldilmişdir. 

Marlikdə də kiçik parça kəsikləri, adi və eşmə kəndir qalıqları tapılmışdır. 

Həsənlidə  və  Marlikdə  aşkar  edilmiş  parça  qalıqları  öz  vaxtına  və  yaxşı 

qalmasına  görə  Ön  Asiya  parçaları  arasında  nadir  tapıntılardır.  Yazılı  qaynaqlardan 

bilirik  ki, e.ə. IX  əsrdə II Aşşurnasirapal Zamuadan bac olaraq yun və  yun parçadan 

tikilmiş  əlvan  paltar  alırdı.  Belə  şeylərin  bac  olaraq  alınmasına  çox  nadir  hallarda 

təsadüf  edilir  və  yalnız  II  Sarqon  Musasirdə  "Urartu  və  Xabxi  ölkəsinin  ala-bəzək 

kətan  geyimlərini,  tünd-bənövşəyi  rəngdə  boyanmış  yun,  al-qırmızı  paltar  üçün 

yununu" ələ keçirməyindən danışırdı. 

Həsənli  sakinlərinin  geyimi  bizə  bəzək  şeylərində  təsvir  edilmiş  şəkillərdən 

tanışdır. Görünür, məşğuliyyət növündən və sosial vəziyyətdən asılı olaraq adamların 

geyimi  də  müxtəlif  idi.  Adətən  ətəyi  topuğa  çatan  qısaqol  paltar  geyirdilər;  paltarın 

ətəyi  və  qolları  saçaqlı  olurdu.  Üstdən  bellerinə  enli  kəmər  bağlayırdılar. 




164 

 

Döyüşçülərin  də  geyimi  uzun  idi,  ətəyə  doğru  genəlirdi,  parçadan  və  ya  dəridən 



olurdu, üzərinə kiçik metal lövhəciklər tikilirdi. Başqa bir növü ətəyi dizdən olan qısa 

xirqə idi. Döyüşçülərin kürəyini sol çiyinə bənd edilən heyvan dərisi örtürdü. 

Marlik sakinlərinin geyimi haqqında gümüş qədəh üzərində çəkilmiş rəsmlərə 

görə  mühakimə  yürütmək  olar:  onlar  ətəyi  dizə  qədər  olan  qısaqol  xirqə  geyir, 

üstündən  enli  kəmər  bağlayırdılar.  Qəbirdən  tapılmış  paltarın  ön  hissəsinə  tikilmiş 

uzun  bir  cərgə  qızıl  düymələrə  əsasən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  Marlik 

sakinləri uzun paltar geyirmişlər. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin