İlk vaxtlar, hər halda e.ə. IX əsrin sonuna kimi Manna Zamua vilayətinin digər
"ölkələrindən" az fərqlənirdi. Lakin birləşmə prosesi nəticəsində Manna tezliklə çox
167
iri siyasi quruma çevrildi. Əhalisi oturaq həyat sürürdü. Eyni "çar şəhəri" İzirtu (Zirta)
uzun müddət Manna çarlığının paytaxtı olaraq qalırdı. Bu, giriş yolları Zibia və
Armait qalaları ilə qorunan xeyli dərəcədə möhkəmləndirilmiş bir şəhər idi. Ölkədə
"çar şəhəri" adlanan başqa şəhərlər də vardı.
Manna yüksək dərəcədə inkişaf etmiş struktura malik olan əmlak
təbəqələşməsinin və sosial təbəqələşmənin geniş miqyas aldığı bir cəmiyyət olsa da,
hər halda ilkin sinfi cəmiyyət idi. Qaynaqlarda "ölkənin adamları" adlandırılan geniş
xalq kütlələri ölkənin siyasi həyatında fəal rol oynayırdılar. Manna çarı Ahşerinin
hakimiyyəti istibdad forması almağa başlayanda, məhz, "ölkənin adamları" ona qarşı
çıxdılar.
Ölkədə çar hakimiyyəti ibtidai icma quruluşunun qalıqları olan müxtəlif
orqanlar tərəfindən məhdudlaşdırılsa da, çox güclü idi. Gilzan çarı Asu (Sua) III
Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə" çıxdığı halda, Manna çarı
Ullusunu II Sarqonun pişvazına "öz ölkəsindən onun ölkəsini idarə edən ulu
ağsaqqallar, müşavirlər, oğul-uşaqları, canişinlər və başçılarla birgə çıxmışdı".
Deməli, güman etmək olar ki, Manna çarı ölkəni tam hakimi - mütləq kimi
idarə etmirdi. Sarqonun mətnində sadalanan əyanlardan, canişinlərdən və
başqalarından ibarət ağsaqqallar şurası onun hakimiyyətini məhdudlaşdırırdı. Lakin
mənbələrdən bəlli olur ki, çarlar müstəqil hökmranlığa can atırdılar, bunun
nəticəsində çar siyasətinin tərəfdarları ilə əleyhdarları arasında daimi mübarizə
gedirdi.
Mannada nəsli əyanlar, habelə hərbi və xidmətçi əyanlar təbəqəsi güclü idi.
Qeyri-məhdud hakimiyyətə can atmaq bəzən faciə ilə nəticələnirdi. Çar
Ahşerinin öldürülməsi buna misal ola bilər.
Hərçənd Mannada çar hakimiyyəti qəbilə-tayfa başçısının hökmranlığından
törəmişdi, lakin artıq e.ə. VIII əsrdə o, irsi idi. İranzudan sonra hakimiyyət onun
oğullarının - ölkəni ardıcıl idarə edən Azanın və Ullusunun əlinə keçir. Ahşeridən
sonra Mannanı onun oğlu Ualli idarə edirdi.
Maraqlıdır ki, II Sarqonun "Relyasiya"sında deyilir ki, Sarqonun pişvazına
çıxanda Ullusunu nəinki öz təhlükəsizliyini qorumaq üçün girov almamışdı, hətta
əksinə "böyük oğlunu ehtiram əlaməti olaraq bəxşiş və sovqatla" Aşşur çarının
"hüzuruna göndərib onun himayəsinə vermişdi".
Manna çarlığı "mahallara" bölünürdü, onları çar "canişinləri" idarə edirdilər.
Tayfaların, yaxud qəbilə və ərazi icmasının başçıları olan "məskən hakimləri"
Mannanın inzibati həyatında xarakterik sima idilər. Mannada müəyyən dərəcədə etnik
konsolidasiya əlamətləri meydana gəlir ki, bu da öz ifadəsini etnik mənlik şüurunun
yaranmasında tapır. Belə ki, mənbələrin şəhadətinə görə Manna çarı Urartu çarının
işğal etdiyi torpaqların sadəcə geri alınmasına deyil, həm də "...pərən-pərən düşmüş
mannalıların öz yerlərinə qaytarılmasına" çalışır.
168
Beləliklə, e.ə. I minilliyin ikinci rübünə yaxın Manna sabit dövlət qurumu idi
və sonralar uzun bir zaman boyunca çox geniş bir ərazini birləşdirib Yaxın Şərqdə iri
dövlətlərdən biri oldu.
Dostları ilə paylaş: