Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə10/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   274
 

M Ö V Q E 

 

(məqalələr, müsahibələr, müraciətlər) 

 

 



AZƏRBAYCANÇILIQ HAQQINDA DÜŞÜNCƏLƏR 

 

(1999-cu ilin noyabr ayında Bakıda 



Amerika Universitetində oxunan mühazirə) 

 

Bir ay və bir neçə gün keçəcək - təqvimlərimiz dəyişəcək. Yanvarın 1-də ilk dəfə 

olaraq təqvimlərimizdə 2000 rəqəmini görəcəyik, yəni son əsrdə ilk dəfə dörd rəqəmlik 

tarixin ikinci ədədi 9 yox, 0, son min ildə ilk dəfə birinci rəqəm 1 deyil, 2  yazılacaq. 

Gözümüzün hələ alışmadığı bu 2000 tarixi çoxlarını çaşdırır, yeni yüz illiyin, yeni min 

illiyin  gəldiyini  zənn  edirlər.  Belə  deyil.  1999-cu  ildə  də,  2000-ci  ildə  də  hələ  XX 

əsrdəyik.  XXI  əsr  -  Üçüncü  Minillik  2001-ci  il  yanvarın  1-də  başlayacaq.  Doğrudur, 

bütün planeti nəzərə alsaq, bu tarix də şərtidir. Bir çox müsəlman ölkələri hicri tarixiylə 

yaşayır,  çinlilərin  və  neçə-neçə  başqa  xalqın  öz  təqvimi  var.  Amma  hər  halda 

bütünlükdə  dünya  miladi  təqvimiylə  hesablaşır  və  gələn  il  əsrin  də,  minilliyin  də 

dəyişməsini qəbul edir.  

Tarixin  başqa  bir  şərtiliyi  də  var.  Təqvim  öz  yerində,  hər  əsrin  mənası,  siması, 

ruhu müəyyən təqvim günlərinə, illərinə bağlı deyil. XX əsr saydığımız zaman kəsiyinin 

tarixi  tutumu  1905-06-cı  illərdə  yüz  ilin  sifətini  müəyyənləşdirən  inqilablar  dövründə, 

ya da 14-cü ildə - ilk cahan hərbinin top səsləriylə başladı, 1991-ci ilin dekabrında SSRİ 

adlanan bir məmləkətin, sosialist düşərgəsi deyilən bir dünyanın süqutuyla bitdi. Bəlkə 

buna  görə  mənə  elə  gəlir  ki,  XX  əsr  artıq  on  ildir  bitib-tükənib,  amma  XXI  əsr  hələ 

başlanmayıb,  tarixdə  yeri  baxımından  2001-ci  il  yanvarın  birində  başlanıb-

başlanmayacağı da hələ məlum deyil.  

Tarix  özü  müəyyən  mənada  şərti  anlayış  deyilmi?  Müxtəlif  ictimai-siyasi 

hadisələr baş verir, liderlər ortaya çıxır, ucalır, parlayır və sönüb gedirlər. Müharibələr, 

çaxnaşmalar,  üsyanlar,  qiyamlar,  inqilablar,  çevrilişlər,  elmi  ixtiralar,  sənət  kəşfləri  - 

bütün  bu  pərakəndə,  dağınıq,  çox  vaxt  insan  şüuruyla  və  məntiqlə  anlaşılmayan 

ardıcıllığı tarixçilər bir sistem üzrə düzməyə, bu, ya digər ideolojiyə əsaslanaraq dərk və 

izah etməyə çalışırlar. Bu anlamda Tarix elə bir növ tarixçilərin əsəridir.  



Bəlkə də heç Tarix yoxdur, müəyyən hadisələr haqqında tarixçilərin kitabları var. 

Fəqət hadisələrin müəyyən zaman ardıcıllığına tarix deyilirsə, onda Tarix, doğrudan da 

Allahın səbridir. Yaşadığımız zaman bizə məntiqsiz, ədalətsiz, haqsız görünən bir çox 

olayların  cavabları  illər,  bəzən  əsrlər  keçəndən  sonra  verilir,  Allah  tarixdə  hər  şeyi 

yerbəyer  edir.  Allahın  yalnız  tək  bir  özünə  məlum  olan  hökmünün,  səbrinin 

gerçəkləşmiş  bəlirləri  insanları  Tarixə,  onun  məntiqinə  və  insafına  inandırır.  İnsan 

Tarixin mövcudluğunu qəbul edir. Və tarixçilər bu yolda bizim bələdçimiz olur.  

Hər insanda, tarixçi olsa da, olmasa da qanrılıb geriyə baxmaq ehtiyacı var - həm 

özünün  yaşadığı  həyatı,  həm  içində  ömür  sürdüyü  zaman  kəsiyini,  həm  də  mənsub 

olduğu xalqın, millətin keçmişini yada salmaq, bilmək, anlamaq istəyir.  

Mən də özümdən qabaqkı və sonrakı neçə-neçə nəsillər kimi XX əsrin övladıyam. 

Azərbaycan  türküyəm.  Yüz  illiyin  sonunda,  ömrümün  son  aşırımında,  xalqımın  bir 

minillikdən  başqa  minilliyə  keçid  məqamında  istər-istəməz  xatirələr  və  düşüncələr 

aləminə  dalıram:  mənim  sinnimdə  xatirələr  elə  düşüncələrdir  və  düşüncələr  də  yalnız 

xatirələrə,  olub  keçənlərə  dayanır.  Eyni  zamanda  ömrümün  bu  axır  çağı  -  ağır  çağı 

əsrlərin,  minilliklərin  yol  ayrıcına  düşdüyündən  fikirlərim  öz  həyatımın  xatiratından 

daha artıq xalqımın taleyi və tarixi haqqında düşüncələrə çevrilir.  

Azərbaycan  xalqının  taleyi  və  tarixi  haqqında  düşünərkən,  çeşidli  illərin  çeşidli 

olaylarını xatırlayarkən gözlərim önündə ayların Qara təqvimi canlanır.  

Yanvar, 1990-cı il - 19-dan 20-sinə keçən qanlı gecə.  

Fevral,  1988-ci  il  -  Əskəranda  iki  gəncin  -  Əlinin  və  Bəxtiyarın  öldürülməsi  - 

Qarabağ  faciəsinin  ilk  qurbanları.  Ermənistandan  azərbaycanlıların  qovulmağa 

başlanması, Sumqayıt hadisələri və 1992-ci ilin Xocalı müsibəti.  

Mart, 1918. Daşnakların Bakıda xalqımıza qarşı törətdikləri soyqırımı.  

Aprel,  1920-ci  il.  Ayın  28-i.  XI  ordunun  müstəqil  Azərbaycan  cümhuriyyətini 

yerlə yeksan etdiyi gün.  

May, 1992. Şuşanın ermənilərə xaincəsinə verilməsi.  

İyun, 1992. Laçının işğalı.  

İyun,  iyul,  avqust,  sentyabr,  oktyabr  (1990-1993).  Baqanis-Ayrım  qətliamı. 

Kəlbəcərin,  Qubadlının,  Ağdamın,  Füzulinin,  Cəbrayılın,  Zəngilanın  işğalı,  Gəncə 




qiyamı,  vətəndaş  müharibəsi  həddi,  Talış-Muğan  respublikası  yaratmaq,  Azərbaycanı 

parçalamaq cəhdi.  

Noyabr,  1991.  Qarabağ  səmasında  dikuçarın  (helikopterin)  vurulması,  Tofiq 

İsmayılovun başçılıq etdiyi bütün dəstənin həlak olması.  

Dekabr,  1988.  Ermənistanın  Qukark  rayonunda  azərbaycanlıların  vəhşicəsinə 

qətlə yetirilməsi. 

Bu hələ mənim yaddaşımda yaşayanlardır. Tarixi araşdırmalara, sənədli əsərlərə, 

qəzetlərə, məlumat, soraq kitablarına bir də baxsam, bu Qara təqvimi xeyli genişləndirə 

bilərdim.  

Tarixi varlığının müxtəlif dövrlərində başı bəlalar çəkməmiş xalq yoxdur və mən 

də azərbaycanlıların bu cəhətdən müstəsna fəlakətzədə olduğunu iddia etmək niyyətində 

deyiləm.  Özlərini  ən  çox  iztirab  çəkmiş  xalq  kimi  qələmə  vermək  ermənilərin  milli 

xüsusiyyətidir.  Əlbəttə,  ermənilər  də,  bütün  başqa  xalqlar  kimi  tarix  boyu  az  əziyyət 

çəkməyiblər.  Amma  məsələn,  min  illər  boyu  təqiblərə,  mənəvi  işgəncələrə,  həqiqi 

soyqırımına  qat-qat  artıq  dərəcədə  məruz  qalmış  yəhudilər  heç  də  yeri  gəldi-gəlmədi 

bəlalarından, müsibətlərindən gileylənmirlər. Biz də tarix boyu başımıza gələn bəlaları 

heç vəchlə unutmadan, onlara ağlamaqla, yas tutmaqla, müxtəlif janrlarda ağı deməklə 

yetinməməliyik, bu bəlaların səbəbləri haqqında düşünməliyik, onların qarşısını almaq 

üçün yollar aramalıyıq.  

Azərbaycanın  başına  gələn  bəlaların  səbəbləri  bir  deyil,  beş  deyil,  çoxdan  da 

çoxdur.  Təbiətin  bizə  bəxş  etdiyi  nemət  -  torpağımızın  cənnət  gözəlliyi  -  meşələr, 

dağlar, dərələr, vadilər, çaylar, çəmənliklər, bağ-bağat, dəniz - doqquz iqlimin səfası və 

şəfası.  Torpağımızın,  dənizimizin  üstündəki  və  altındakı  sərvətlər  və  ilk  növbədə 

əlbəttə,  neft…  Bütün  bunlardır  uzaq  və  yaxın  tamahkarların  iştahlarını  qıcıqlandıran. 

Başqa  bir  cəhət  Azərbaycanın  Asiyayla  Avropa  arasında  geostrateji  mövqeyi,  yollar 

ayrıcında  yerləşməsidir.  Quzeydən  Güneyə,  Doğudan  Batıya  açılan  qapıların  bir  açarı 

da Azərbaycandır. Hər bir qolu zorlu bu açarı öz cibində saxlamağa hərisdir. İskəndər 

Kəbirin  dövründən,İran-yunan  müharibələrindən,  İran-Turan  savaş-larından,    ərəb, 

monqol istilalarından ta XVIII əsrə,  - I Pyotrun cənuba, isti dənizlərə, Qafqaza tamah 

salmasına  qədər  Azərbaycan  adlanan  ərazi  daima  yad  basqınlarına  məruz  qalmış  və 




milli varlığını, özlüyünü, mənliyini qat-qat güclü qəsbkarlardan qorumalı olmuşdur. Son 

iki əsrdə Azərbaycanın taleyi və tarixi varlığı əsasən Rusiya faktoru ilə bağlıdır. Əgər 

XIX  əsrin  birinci  çərəyində  Azərbaycan  xanlıqları  Rus-İran  rəqabətinin  diplomatik 

mərhələdən  qanlı  müharibələrə  keçmiş,  sonunda  yenə  diplomatik  mühadilələrlə 

nəticələnmiş rəqabətin mərkəzində dururdusa, XIX əsrin axırı, XX əsrin əvvəllərində - 

neft məsələsinin ortaya çıxmasıyla ölkəmiz Qərbin də maraq dairəsinə düşdü. XX əsrdə 

siyasi  təcavüz  qədər  önəmli  olan  iqtisadi  ekspansiya  1920-ci  ilə  kimi,  Azərbaycanın 

sovetləşməsinə  kimi  davam  etdi.  Siyasi  recim  və  ekonomik  sistemdən  başqa  üçüncü 

(əslində birinci) amil isə milli münasibətlər məsələsidir ki, Azərbaycan xalqının taleyi 

XIX  əsrdən  başlayaraq  və  demək  olar  ki,  bütün  XX  əsr  boyu  rus-erməni  faktorunun 

cazibə  dairəsi  ilə  bağlıdır.  Bunu  erməni-rus  faktoru  adlandırmaq  daha  düzgün  olardı, 

çünki  Rusiya  əhalisinin  sayca  da,  güc  etibarilə  də  daha  üstün  olmasına  baxmayaraq, 

Azərbaycana  qarşı  rus  siyasətini  əsasən  erməni  təsiri  müəyyənləşdirirdi  və  indinin 

özündə də müəyyənləşdirir.  

1905 və 1918-ci illərin erməni-müsəlman davalarını xatırlayaq. Xalq bu olaylara 

məhz belə ad verib, yəni bu hadisələri adicə toqquşma kimi deyil, əsl dava, müharibə 

kimi  qavrayıb.  “Müsəlman”  kəlməsi  bu  təbirdə  dini  mənsubiyyət  deyil,  millət  kimi 

anlaşılır.  Və  müsəlman-erməni  deyil,  məhz  erməni-müsəlman  davası  deməklə,  yəni 

erməninin  adını  birinci  çəkməklə  bu  davanın  kimin  tərəfindən  başlanması,  bu  qanlı 

qırğına  kimin  ilkin  səbəbkar  olduğu  da  vurğulanır.  Bu  davada  çar  rus  hökumətinin 

təhrikedici,  ya  ən  azı  seyrçi  mövqeyini  Cəfər  Cabbarlı  “1905-ci  ildə”  əsərində  böyük 

ustalıqla  modelləşdirib.  Dövrün  normativ  tələblərinə  uyğun  olaraq  səhnəyə  gətirilən 

sxematik  Əsriyan  və  Volodin  surətlərini  ciddiyə  almasaq,  Qubernator,  Salamov  və 

Ağamyan  obrazlarında  dramaturq  bu  situasiyanın  aparıcı  personajlarını,  “atan 

kazaklardır” sözlərində isə hadisələrin mahiyyətini açıb.  

Sovet  dövrünə  qədər  ermənilərin  azərbaycanlılara  düşmənçiliyi  ağlasığmaz 

qəddarlıq və zülmkarlıqla törədilən qanlı toqquşmalarda meydana çıxırdı. Görünməmiş 

qəddarlığa  qarşı  intiqam  və  qisasçılıq  hissinin  azərbaycanlıları  da  bəzi  hallarda 

zorakılığa  sövq  etdiyini  inkar  etmirəm,  amma  bu  həmişə  yalnız  cavab  aksiyası  olub, 

“gəl  dalaşaq”  təşəbbüsü  həmişə  erməni  tərəfindən  edilib.  Və  ən  amansız  zülmkarlığa 




qarşı  Azərbaycan  mentalitetinə  xas  olan  kinsizlik,  yaraları  unutqanlıq,  mərhəmət, 

rəhmdillik  Mirzə  Cəlil  Məmmədquluzadənin  “Kamança”  pyesində  dahiyanə  bir  təsir 

gücüylə qələmə alınıb.  

Sovet dövründə azərbaycanlılara qarşı erməni ədavəti açıq davam edə bilməzdi, 

odur  ki,  gizli  şəkildə,  pərdə  arxasında  həyata  keçirilməyə  başladı.  Yenə  də  rusların 

vasitəsilə.  Vacib  deyil  ki,  indi  bunlar  ancaq  sırf  ruslar  deyildi.  Sovet  Rusiyasını,  az 

sonra  Sovet  İttifaqını  ruslarla  yanaşı  (və  bəzən  ruslardan  daha  artıq)  idarə  edən 

yəhudilər,  polyaklar,  gürcülər  və  əlbəttə,  böyük  miqdarda  elə  ermənilərin  özü  idi. 

Ümumittifaq partiya, sovet, NKVD orqanlarının Azərbaycana (və əhəmiyyətli dərəcədə 

Türkiyəyə)  aid  siyasəti  erməni  təsiriylə  yönəldilirdi.  Məqamında  gizli,  üstüörtülü, 

məqamında  (özəlliklə  bizim  indiki  günlərdə)  açıq  şəkildə  rus  qafasına  ermənilərin  və 

ermənipərəstlərin  təlqin  etdikləri  fikir  ondan  ibarətdir  ki,  Türkiyə  Rusiyanın  əbədi  və 

əzəli düşmənidir. Azərbaycanlılar da adlarını dəyişdirsək belə, ürəklərində  türk olaraq 

qalır  və  Rusiyaya  deyil,  Türkiyəyə  sadiqdirlər,  yəni  məqam  düşən  kimi  onun  tərəfinə 

keçəcəklər.  Azərbaycanla  Türkiyənin  birləşməsi  Rusiyanın  bütün  Qafqazı  və 

Türküstanı,  Volqa  boyunda  türk-tatar  qövmlərinin  yaşadıqları  torpaqları,  az  qala 

Yaqutiya-Saxanı  belə  itirmək,  nəticədə  məmləkətin  parçalanması  və  dağılması 

deməkdir.  Bunun  qarşısını  isə  yalnız  Rusiyanın  Qafqazda  yeganə  etibarlı  dostu 

ermənilərin  vasitəsilə  almaq  mümkündür.  Vəssalam.  Budur  loru  dillə  ifadə  etdiyimiz 

erməni siyasətinin əsas konsepsiyası və budur rus siyasi təfəkkürünün erməni fitvasına 

uyub qəbul etdiyi siyasi mövqe.  

Çar dövründə ermənilər mayalarını neftə, ticarətə qoyur, Çar hökumətinin naziri 

və  hətta  baş  naziri  vəzifəsinə  qədər  yüksələ  bilirdisə,  bolşevik  recimi  zəfər  çalarkən 

daşnak xislətli kommunistlər meydana çıxdı. Və yazıq Nərimanov da məhz buna görə 

bu iki, guya ki, zidd anlayışı defislə bir yerdə yazırdı - “Kommunist-daşnaklar”.  

Azərbaycan  ərazisində  ilk  bolşevik  rejim  Stepan  Şaumyanın  başçılıq  etdiyi  və 

əsasən ermənilərdən ibarət olan Bakı Kommunası idi. Şimalda Azərbaycan Kommunist 

partiyasının  yaradıcısı  Anastas  Mikoyan  oldu,  cənubi  Azərbaycanda  Kommunist 

firqəsini  erməni  Sultanzadə  (Mikailyan)  təşkil  etmişdi.  Sovet  Azərbaycanının  və 

Bakının  partiya  rəhbərləri  Levon  Mirzoyan,  Sarkis  və  başqaları  idi.  37-ci  ildə 




Azərbaycan xalqına, ilk növbədə ziyalılara divan tutan cəza orqanlarının başında Ruben 

Markaryanlar, Xoren Qriqoryanlar dururdu.  

37-ci  il  faciəsinin  özülləri  hələ  20-ci  illərin  birinci  yarısında  Nəriman 

Nərimanovun formal şəkildə olsa da, Azərbaycan hökumətinin başçısı sayıldığı illərdə 

qoyulmuşdu  və  bunun  həm  o  vaxtkı  durumunu,  həm  də  gələcək  nəticələrini  görən 

Nərimanov Moskvaya, Leninə, Stalinə, Trotskiyə fəryad dolu məktublar göndərirdi.  

Nərimanovun fəaliyyətinə indi bəziləri sırf mənfi qiymət verir. Halbuki, idealist 

mövqedən  deyil,  tarixi  və  siyasi  gerçəklik  şərtləri  içində  baxılarsa,  Nərimanov 

Azərbaycanın  milli  varlığını  saxlamaq  üçün  əlindən  gələni  edirdi.  Ermənilərin  Rusiya 

və Sovet İttifaqı iqtidarının beyninə yeritdiyi fikirləri (yuxarıda qeyd etdiyim fikirləri) 

aradan  qaldırmaq  və  Azərbaycanı  qorumaq  üçün  yeganə  vasitə  Şərqin  də  kommunist 

inqilabçılığı  yoluyla  addımlayacağını  və  Azərbaycanın  bu  yürüşün  öncülü  olduğunu 

isbat etmək idi. Nərimanov eyni zamanda onun özünü millətçilikdə ittiham edən milli 

satqınların,  “kraldan  artıq  kralçıların”,  “papadan  artıq  katoliklərin”  hücumlarına  sinə 

gərməliydi.  

Nərimanovdan  sonra  Azərbaycanın  ilk  azərbaycanlı  rəhbəri  M.C.Bağırovun 

qarşısında  bu  vəzifə  daha  artıq  kəskinliklə  və  daha  mürəkkəb  tarixi  dövrdə  dururdu. 

M.C.Bağırovun  patoloji  əzazilliyini,  Azərbaycan  xalqının  ən  yaxşı  övladlarını 

amansızcasına  tələf  etdiyini  bir  an  belə  unutmadan,  bu  cinayətləri  heç  vəchlə  ona 

bağışlamadan,  yenə  də  tarixi  baxımdan  onun  hərəkətlərinin  müəyyən  gerçəkliklərlə 

şərtləndiyini də bilməliyik. Nərimanovun taleyi M.C.Bağırovun yaxşı yadındaydı, onun 

aqibətini görmüşdü və təcrübəsindən nəticələr çıxarmışdı. Erməni məkrlərinə də yaxşı 

bələd idi, ətrafındakı “özününkülərin” onu və milləti hər an satmağa hazır olduqlarından 

da  yaxşı  xəbərdar  idi.  Elə  buna  görə  də  həm  ermənilərin,  həm  milli  manqurtların, 

mənəvi  dürəklərin  əsas  kozırlarını  heçə  endirməliydi.  Kozır  Azərbaycanda  millətçilik, 

türkçülük təmayülləri haqqında Moskvaya verilən danoslar idi.  

Həmin  problem  bu  ya  digər  şəkildə,  zamanın  şərtləri  dəyişdikcə  çeşidli 

formalarda  sovet  vaxtında  Azərbaycana  rəhbərlik  edənlərin  hamısının  qarşısında 

dayanıb. Hər biri dövrün verdiyi imkanlar daxilində bu məsələləri həll etməyə çalışıb, 

müəyyən uğurlar qazanıb və uğursuzluqlara da düçar olublar.  




Qəribə  görünsə  də,  bu  gün  belə  Azərbaycan,  bəli,  müstəqil,  suveren,  dünya 

dövlətləri tərəfindən tanınmış, beynəlxalq təşkilatlara üzv olmuş Azərbaycan yenə eyni 

problemlərlə  qarşılaşır.  Rusiya  duması  Belovej  sazişlərinin  ləğv  olunmasına  səs  verir, 

yəni SSRİ-nin dağılmasını tanımır, dolayı yolla bu dövlətin yenidən bərpa olunmasını 

rəsmən  sənədləşdirir.  Yadımdadır,  Bakıya  gələn  duma  deputatlarının  bəziləri,  o 

cümlədən  spiker  G.Seleznyov  yaxasına  deputat  nişanı  kimi  Rusiya  Federasiyasının 

indiki bayrağını yox, SSRİ bayrağını sancmışdı.  

Çeçenistana  qarşı  antiterrorizm  adı  altında  aparılan  müharibənin  Azərbaycan 

üçün də nə qədər təhlükəli olduğunu dərk edirikmi? Basayevlə Xəttab üzərində qələbə 

çalmalarıyla  az  qala  Napoleona  qalib  gəlmişlər  kimi  qürrələnən,  hər  xırda  aulun 

alınmasını Berlinin süqutu kimi təmtəraqla qeyd edən və çoxdan bəri hərbi zəfərlərdən 

yadırğamış rus generallarının bu eyforiyası yenidən SSRİ-ni silah gücünə bərpa etmək 

cəhdinə çevrilə bilər. Axı 45-ci ildə faşist Almaniyasını məğlub edən sovet marşalları da 

Parisə  qədər  (Napoleon  vaxtı  çar  I  Aleksandr  sayağı)  yürüş  etmək  xülyalarına 

qapılmışdılar. Bu mümkün təcavüzün KİV-də ideoloci zəmini və təbliğat hazırlığı artıq 

başlamışdır. “Azərbaycan çeçenlərə arxadır, Azərbaycanda çeçenlərin hərbi düşərgələri, 

bazaları var, silahlar tranzit olaraq Azərbaycandan keçir, Azərbaycanda islam fanatizmi 

güclənir,  təməl  dinçilik  (fundamentalizm)  təmayülləri  artır,  radikal  dinçi  mərkəzlər 

fəaliyyət göstərir və s.” kimi iftiralar Moskvanın televiziya kanallarından axın-axın axır.  

Azərbaycanın  Çeçenistanla  sərhəddi  yoxdur.  Sual  olunur,  əgər  Azərbaycandan 

Çeçenistana silah keçirilirsə, deməli, Dağıstandan, yəni Rusiya ərazisindən keçirilir və 

əgər Rusiya öz ərazisinə nəzarət edə bilmirsə, Azərbaycanı nədə günahlandıra bilər?  

Başqa  bir  “günahımız”  öz  iqtisadi  mənfəətimizi  bilməyərək  neftimizi  Rusiya 

ərazisindən  deyil  Bakı-Gürcüstan-Ceyhan  boru  xəttiylə  nəql  etməyimizdir.  Bu  isə 

burada  ABŞ  nüfuzunun  artması  və  Rusiya  nüfuzunun  azalması  deməkmiş.  Aman, 

qoymayın, Qafqaz əldən getdi. Və yenə də bu böyük fəlakətin qabağını yalnız və yalnız 

rusların yeganə dostları  - ermənilər ala bilər. Ona görə də Ermənistanı silahlandırmaq 

lazımdır.  Çeçenistan  Rusiyanın  ayrılmaz    tərkib  hissəsi  sayılsa  da,  Dağlıq  Qarabağ 

Azərbaycanın  ayrılmaz  hissəsi  kimi  deyil,  qeyri-müəyyən,  dünyada  analoqu  olmayan 

özəl  statusa  malik  dövlət  vahidi  kimi  dəstəklənməlidir.  Hər  şey  yenə  də  əski  erməni 




ssenarisi  üzrə  planlaşdırılır  və  rus  siyasəti  bu  erməni  niyyətlərinin  yalnız  ifaçısı 

rolundadır. Yazıq Rusiya... cırtdanın oyuncağına çevrilmiş div.  

Bəs Azərbaycan? Ona da yazıq deyəkmi? Ya bu tarixi çıxmazdan bir çıxış yolu 

var. 1987-88-ci illərdən içinə girməyə  məcbur olduğumuz tunelin sonunda bir işıq ucu 

görünür?  

Ermənistandakı erməniləri və həqarətlə “şurtva” (dönmə) adlandırdıqları Qarabağ 

ermənilərini, kaliforniyalı erməni milyoneri və Rostovdakı erməni cibgiri, Moskvadakı 

erməni akademiki və Tiflisdəki erməni çəkməçini, Parisdə Şarl Aznavuru və Beyrutdakı 

“Asala”  terrorçusunu  nə  birləşdirir?  -  Dil?  Yox,  müxtəlif  ölkələrə  səpələnmiş 

ermənilərin  əksəriyyəti  erməni  dilini  bilmir.  Din?  Qismən,  çünki  erməni-Qreqoryan 

kilsəsində də haçalanma var, heç bir dinə tapınmayan ermənilər də mövcuddur.  

Ərazi? Əlbəttə yox, dünyanın beş qitəsində yaşayan insanları hansı torpaq hissləri 

birləşdirə bilər? Bəs onda nə? Nədir birləşdirən erməniləri?  

Yalnız  bir  hiss  -  ta  körpəlikdən,  beşikdən  hər  bir  erməni  uşağına  təlqin  edilən 

intiqam,  qisas  hissi,  tarix  boyu  ədalətsizliyə,  zülmə  məruz  qalmaları  haqqında  miflər, 

əfsanələr  və  mütləq  bunun  əvəzini  başqa  xalqlardan,ilk  növbədə  türklərdən  çıxmaq 

ehtirası.  Belə  bir  ehtirasın,  belə  bir  kinin  körpəlikdən  beyinlərə  pərçim  edilməsinin 

sonucda  öz  xalqına  belə  yalnız  ziyan  gətirəcəyi  bir  yana  dursun,  hər  halda  bu  bir 

gerçəklikdir, real bir faktordur.  

Bəs bizi - azərbaycanlıları nə birləşdirməlidir, bizim milli ideyamız nədən ibarət 

olmalıdı?..  Bizi  birləşdirən  və  ayıran  tarixi  amilləri,  torpaqlarımızın  bütövlüyünü  və 

Cənuba-Şimala  parçalanmasını,  dinimizin  təriqətlərə  ayrılmasını  və  başqa  amilləri 

nəzərə almaqla bizi vahid bir ideologiya çətiri ya çadırı altında toplamaq olarmı?  

Milli  ideologiyamızın  yaranması  haqqında  ara-sıra  söhbətlər  qalxır  və  doğrusu, 

mən bunun tərəfdarı deyiləm.  Tək ona görə yox ki, bir yazıçı kimi ideologiya sözünə 

müəyyən  allergiyam  var.Ötən  dövrlərin  kommunist  ideologiyası  və  onun  qarşımıza 

qoyduğu  tələblər  hələ  yaddaşlarımızdan  silinməyib.  Bir  də  ki,  hər  hansı  vahid 

ideologiya  zənnimcə,  insanın  düşüncə  azadlığını  buxovlayır,  onun  dünyagörüşünü, 

həyata  baxışlarını  müəyyən  çərçivələrə  salmağa,  qəliblərə  uyğunlaşdırmağa  çalışır. 

Amma  bu  da  bir  həqiqətdir  ki,  hər  kəs  özü  özüyçün  müəyyən  siyasi-ictimai,  fəlsəfi, 




ideoloji  mövqe  seçir  və  əqidəsində  sabit,  inancında  dəyişməzdirsə,  bu  seçdiyi  və 

bəyəndiyi prinsiplərlə yaşayır. Bu cəhətdən təbii ki, mənim də öz həyat, əxlaq, davranış 

prinsiplərim  var  və  ömrüm  boyu  onlara  sadiq  qalmağa  çalışıram.  Amma  indi  söhbət 

mənim  dünyagörüşümdən  yox,  azərbaycançılıq  haqqında  düşüncələrimdən  gedir. 

Mənim Azərbaycan vətəndaşı, ziyalı və yazıçı kimi bu barədə də müəyyən fikirlərim və 

görüşlərim var. Təbii ki, baxışlarımı heç kəsə təlqin etmək niyyətində deyiləm. Yalnız 

azərbaycançılıq  ideallarını  necə  gördüyüm  və  duyduğum  barədə  bir  neçə  söz  demək 

istəyirəm.  Azərbaycançılıq  amalını  beş  sözlə  ifadə  etmək  və  sonra  bu  beş  sözün 

mənimçün hansı anlam daşıdığını açmaq istərdim. Beş söz bunlardır:  

AZADLIQ, MÜSTƏQİLLİK, BƏRABƏRLİK, QARDAŞLIQ, DOSTLUQ. 

Bilənlər  dərhal  görəcək  ki,  bu  beş  kəlmənin  üçü  Fransa  inqilabının  təməl 

şüarlarındandır: Azadlıq, Bərabərlik və Qardaşlıq sözləri. Amma mən bu sözləri də bir 

qədər başqa mənada alıram.  

AZADLIQ sözünü mən ilk növbədə insan azadlığı kimi dərk edirəm. Bu mənada 

insan  azadlığı  indi  çox  dəbdə  olan  insan  haqları  anlayışına  uyğun  gəlir.  Amma  insan 

haqları  deyəndə  bu  ifadədə  bir  hüquqi  çalar  var.  Azadlıq  isə  -  insanın  yalnız  yuridik 

haqları deyil, həm də düşüncə hürriyyətidir. Yəni, mənim fikrimcə, azad insan yalnız öz 

hüquqlarını  dərk  etmiş  insan  deyil,  o  həm  də  fikir,  fantaziya  sərbəstliyinə  yetmiş 

insandır. Düşüncənin, təxəyyülün, fantaziyanın hüdudsuz azadlığı olmadan nə elmdə, nə 

sənətdə, nə siyasətdə, nə istehsalatda, ümumən həyatın heç bir sahəsində heç bir önəmli 

uğur qazanmaq olmaz. Hər hansı bir xalqı da, ümumən bəşəriyyəti də irəli aparan işlər 

görməyə  yalnız  azad  insan  qadirdir.  Stereotiplərin,  standartların,  qəliblərin  əsiri 

olmayan sərsbəst insan.  

İNSAN AZADLIĞI - düşüncə, söz, KİV azadlığı, toplantılar, piketlər, mitinqlər 

keçirmək,  müxtəlif təşkilatlar, qurumlar, o sıradan siyasi partiyalar  yaratmaq azadlığı- 

demokratik cəmiyyətin təməl prinsipidir. Ona görə də yuxarıda saydığım beş anlayışın 

birincisidir. İnsan azadlığı olmayan ölkələr də müstəqil ola bilər. Məsələn, Ənvər Xoca 

dövründə Albaniya,ya Şimali Koreya, bəzi müsəlman, Afrika, Latın Amerikası ölkələri. 

Amma  insan  azadlığı  olan  ölkə  qeyri-müstəqil  ola  bilməz.  Çünki  Azad  insan  öz 

ölkəsinin  də  azadlığı  və  müstəqilliyi  uğrunda  mübarizə  etmək  və  qələbə  çalmaq 




imkanını  bulur.  İngiltərədə  və  Fransada  demokratik  quruluşların,  yəni  insan 

azadlıqlarının  olması  bu  ölkələrin  müstəmləkələrində  də  azad  fikirli  insanların  milli 

müstəqillik uğrunda mübarizə aparmasına imkan verdi. Sonucda Hindistan da, Pakistan 

da, Əlcəzair də, neçə-neçə ərəb və Afrika ölkəsi də müstəmləkə zəncirlərindən qurtula 

bildi.  

MİLLİ  MÜSTƏQİLLİK.  İkinci  və  çox  vacib  şərtdir.  Dünya  cameəsi  tərəfindən 

qəbul  olunmuş  sərhədləri  içində,  ərazi  bütövlüyü  və  toxunulmazlığı  şəraitində  öz 

müstəqil,  suveren  dövlətini  qurmaq,  yaşatmaq  hər  xalqın  təbii  arzusu  və  qanuni 

haqqıdır.  Bəzən  sovet  təbliğatı,  hətta  postsovet  dövrünün  bir  para  politoloqları  belə 

absurd  bir  müddəa  irəli  sürürdülər  ki,  keçmiş  sovet  respublikaları  müstəqil  yaşaya 

bilməz, guya kiçik xalqların belə imkanları yoxdur və ona görə də SSRİ-nin dağılması 

ilk  növbədə  bu  biçarə  balaca  xalqların  fəlakətidir.  Əvvəla  keçmiş  sovet  respublikaları 

sırasında bir milyon əhalisi olan Estoniyayla bir sırada 40 milyonluq Ukrayna da var. 

Belorusiya, Qazaxıstan, Özbəkistan bir yana dursun, yeddi milyondan artıq əhalisi olan 

Azərbaycan  da  kiçik  ölkə  deyil.  Və  nəyə  görə  Lüksemburq,  Andorra,  Küveyt,  Nepal, 

yaxud  Seyşel  adaları  müstəqil  dövlət  kimi  yaşaya  bilər,  amma,  tutalım  Gürcüstan,  ya 

Litva yox? Keçmiş sovet respublikalarının müstəqilliyinə qarşı çıxanlar belə deyirlər ki, 

guya dünyada tam müstəqil ölkə yoxdur. Hətta ən böyük ölkələr də, tam müstəqil deyil. 

Bu iddialar ancaq və ancaq ucuz demoqogiyadır.  

Əlbəttə,  hər  bir  xalq  Yer  kürəsi  adlandırdığımız  planetdə  yaşayır,  hər  ölkə 

dünyanın qəbul etdiyi birgəyaşama qanunlarına və şərtlərinə, imza atdığı əhdnamələrə, 

müqavilələrə, üzvü olduğu xalqlararası təşkilatların nizamnamələrinə əməl etməlidir.  

Xalqların birgə yaşaması ayrı-ayrı insanların, ailələrin yazılmamış, amma nəzərdə 

tutulan məişət öhdəlikləri kimidir. Sən öz mənzilinin sahibisən, ailənin işinə kənardan 

heç kəsin qarışmasını istəmirsən... Amma sən “kefim belə istəyir” deyə evində nəfəsli 

orkestr çaldıra, ya partlayış edə bilməzsən. Yanğın da törədə bilməzsən. Su kranlarını 

açıq  qoyub  aşağı  qonşuların  başına  sellər  də  axıda  bilməzsən.  Hələ  etik  anlayışlar, 

nəzakət  normaları  da  var.  Qonşuların  matəmlidirsə,  onların  yas  günlərində  öz 

mənzilində  toy-büsat  qurmamalısan.  Bu  mənada  ailələrin  də,  dövlətlərin  də 

müstəqilliyinin müəyyən hüdudları əlbəttə, var. Mədəni davranış qaydalarına əməl edən 




ailə  də,  ölkə  də  qonşularını  incitməz.  Yaxud  ancaq  öz  milli  maraqlarını  düşünərək 

özgələrin milli maraqlarına etinasız yanaşmaz. Çay bir ölkədən başqa ölkəyə axıb gedir, 

amma  sən  onun  qabağını  kəsib  qonşu  məmləkəti  susuz  qoya  bilməzsən.  Milli 

müstəqillik də, insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət deməkdir. O cümlədən 

öz xalqının taleyi qarşısında məsuliyyət.  

Bütün  bunlar  məlum  həqiqətlərdir  və  bu  anlamda  əlbəttə,  ən  böyük  müstəqil 

dövlətlər  belə  başqaları  qarşısında  məsuliyyətdən  azad  deyillər.  Amma  məhz  bu  adla 

keçmiş  sovet  respublikalarının  müstəqillik  niyyətlərini  əsassız  saymaq  cığallıqdır, 

bilərəkdən kartları tay-dəyişik salmaqdır. Deyirsiniz, Hollandiya, İsveç, yaxud Avstriya 

da  tam  müstəqil  deyil?  Olsun.  Elə  bizə  də  bu  dərəcədə  müstəqillik  yetər,  artığını 

istəmirik.  

BƏRABƏRLİK. Sözdə deyil, işdə, həqiqətən, gerçəkdən əhalinin sinfi, milli, irqi, 

dini,  cinsi  bərabərliyi  demokratik  cəmiyyətin  başqa  bir  təməl  prinsipidir.  Sovet 

cəmiyyətində  hamının  bərabər  olmasından  danışılırdı  və  eyni  zamanda  bir  sinif  - 

proletariat - hegemon elan edilirdi. Kəndli sinfi hegemonun böyründə yer alırdı, ziyalı 

zümrəsi isə bu ikisinin xidmətçisi sayılırdı. (Bu naqis düşüncə tərzi bir çox beyinlərdən 

indiyəcən  çıxmayıb,  ziyalıların  rolunu  yenə  də  kiməsə  -  iqtidara,  müxalifətə,  lap  elə 

xalqa  xidmətdə  görürlər.  «Ziyalı  xalqına  xidmət  eləməlidir»-  deyirlər.  Belə  çıxır  ki, 

ziyalı  xalqın  bir  hissəsi  deyil,  xalqın  qapıda  xidmətçi  kimi  saxladığı  əcaib-qəraib  bir 

məxluqdur.) 

Bərabərliyi bəyan etmiş sovet cəmiyyətinin bu sinfi mövqeyinin - hansı nəticələrə 

gətirdiyini  tarix  göstərdi.  Əslinə  qalsa,  proletariatın  hegemonluğu  da  yalnız  bir 

zümrənin  -  sovet  bürokratiyasının-hegemonluğunu  təmin  edən  riyakar  formul  idi.  O 

dövrün bir çox başqa mətləbləri kimi bu mövzu da anekdotlarla dəqiq ifadə olunurdu. 

Sovet  adamı  xarici  ölkədə  avtomobil  zavodunun  qarşısında  bu  zavodun  fəhləsindən 

xəbər alır: -Bu zavod kimindir? -Sahibkarın,- cavabını alır.-Bəs o avtomobil kimindir? 

Fəhlə:- Mənim- deyir.  

Eyni mükalimə sovet şəhərində təkrar olur. Əcnəbi turist sovet fəhləsindən:  -Bu 

zavod  kimindir?  -deyə  xəbər  alır.  Fəhlə  qürurla:-Mənim-deyir.  -Bəs  zavodun 

qarşısındakı o avtomobil kimindir? Fəhlə məyus-məyus:- Müdirindir- deyir.  




Qara  fəhləlikdən  başlayıb  milyoner  olmuş  Tağıyevlərin,  Nağıyevlərin  ömür 

pillələri  sovet  quruluşunda  imkansızdı.  Bacarıqları,  qabiliyyətləri  sahibkarlıq, 

təşəbbüskarlıq, kommersiya, ticarət, biznes sahəsində meydana çıxanlar ya təqib və tələf 

edilir, ya da gördükləri işi, məşğul olduqları peşəni gizlətməli, ayrı adla təqdim etməli 

olurdular. İşini bilən, varını-malını zəhmətiylə, bacarığıyla qazanan kəndli də qolçomaq 

adlandırılır, müflis və məhv edilirdi. Cəmiyyət isə yalnız hərənin öz peşəsiylə, bacardığı 

və uğur qazana biləcəyi işlə məşğul olması şəraitində normal inkişaf edə bilər. Heç kəsi 

çıxdaş  etmədən,  heç  kəsə  qarşı  ayrı-seçkilik  yapmadan  ilkin  bərabərlik  şərtləriylə 

hərənin  öz  şansından  istifadə  etməsinə,  öz  bacarığına,  imkanlarına,  ya  ən  azı  bəxtinə 

güvənməsinə imkan yaradılmalıdır.  

Sinfi  bərabərliklə  bir  sırada  milli,  irqi,  dini  bərabərlik  də  demokratik  quruluşun 

əsas şərtlərindəndir. Hər hansı millətin ölkədə yaşayan başqa millətlərə, irqlərə nisbətən 

hakim  mövqedən  çıxış  etməsi,  sayca  çoxluğundan  istifadə  edərək  onların  milli 

heysiyyətini  alçaltması,  milli  dəyərlərinə  etinasızlığı,  hər  hansı  təqib,  təzyiq  formaları 

dözülməzdir və belə davranışın acı nəticələri hakim millətin öz başında partlayır. Faşist 

Almaniyasının  aqibəti  bəşər  tarixinin  faciəvi  və  ibrətamiz  dərslərindəndir.  İlk 

addımlarını atan, hələ də körpəlik çağlarını yaşayan Azərbaycan demokratiyasının əsas 

prinsiplərindən  biri  bərabərlik  prinsipi  siniflərə  şamil  edildiyi  təkin,  milli  azlıqlara  da 

aid  olmalıdır.  Xalqımızın  milli  mentalitetinə  xas  olan  dözümlülük,  tolerantlıq 

ölkəmizdəki bütün milli və dini azlıqlara münasibətdə açıq-aydın həyata keçirilməlidir. 

Əlbəttə,  bu  dözümlülük  istər  Azərbaycan  türklərinin,  istər  milli  azlıqların,  istərsə  də 

müsəlman  və  qeyri  müsəlman  dindarların  ana  yasamıza  zidd  ola  biləcək  radikal-

ekstremist  təmayüllərinə  yol  açmaq  kimi  qavranmamalıdır.  Bəzən  ən  demokratik 

ölkələrdə  belə  radikal  dinçilər,  ifrat  sol,  yaxud  ifrat  sağ  qüvvələr  demokratik 

konstitusiyalardan  yararlanaraq  iqtidara  gəlir  və  sonra  bu  qanunların  özlərini  ayaqlar 

altına atırlar. Odur ki, bərabərlik prinsipi bərabərliyin düşmənlərinə aid edilə bilməz.  

Cinsi  bərabərlik  ilk  növbədə  qadının  cəmiyyətdə  kişilərlə  bərabər  mövqe 

tutmasını,  o  cümlədən  siyasət  sahəsində  də  mühüm  mövqelər  qazanmasını  təmin 

etməlidir.  Keçmiş  SSRİ-də olduğu kimi,  yalnız  formal  statistika  baxımından qadınları 

irəli çəkmək bu bərabərlik prinsipinin bayağılaşdırılması deməkdir. Amma qadınlar Ana 




kimi,  övladlarının  ilk  tərbiyəçisi  kimi,  ailənin  məişət  qayğılarını  əsasən  öz  çiynində 

daşıyan  varlıq  kimi  kişilərə  nisbətən  ictimai  həyatda  əlavə  imtiyazlara  və  güzəştlərə 

malik  olmalıdır.  Bu  bərabərlik  prinsipinin  sözdə  yox,  əməldə  ədalətli  tənasübünü 

müəyyənləşdirər.  

Hər hansı idarədə, istehsalatda, təşkilatda çalışan qadınların kişilərlə bərabər tam 

maaşını  saxlamaqla    iş  gününün  müəyyən  saatlarını  ailəsinə,  balalarına  ayırması  da 

təmin olunmalıdır.  

QARDAŞLIQ  deyəndə  türk  qardaşlığı  nəzərdə  tutulur.  Tarixi  kökləri,  dil 

qaynaqları,  düşüncə və davranış tərzi,  adət-ənənələri, sənət,  gözəllik,  əxlaq  anlayışları 

bir olan türk xalqlarının, ilk növbədə Oğuz mənşəli Azərbaycan və Anadolu türklərinin 

münasibətləri dostluqdan daha artıq qardaşlıq sözüylə səciyyələnə bilər.  

Türk  qardaşlığının  mühüm  amillərindən  biri  və  ən  çox  mübahisə  doğuranı  dil 

məsələsidir.  Bu  barədə  mən  mövqeyimi  dəfələrlə  açıqlamışam,  bir  daha  açıqlamağa 

hazıram.  Tarixi  kökləri  bir  olsa  da,  bu  gün  nəinki  bütün  türk  xalqlarının,  hətta  Oğuz 

qrupuna  daxil  olan  Anadolu  və  Azərbaycan  türklərinin,  türkmənlərin  və  qaqauzların 

dilləri bir-birindən müəyyən dərəcədə fərqlənən müstəqil dillərdir. Ləhcələr yox, məhz 

dillər. Bu dillərin yerinə vahid türk dili yaratmaq gələcəyin vahid kommunizm dilinin 

rus  dili  olacağı  haqqında  xülyalar  qədər  qeyri-realdır.  Heç  bir  millət  əsrlər  boyu 

formalaşmış doğma dilindən əl çəkmək istəməz. Amma türk xalqlarının bir-biriylə daha 

da yaxınlaşması üçün türk dövlətləri və muxtar cümhuriyyətləri vahid  dil siyasətlərini 

müəyyənləşdirə  bilərlər.  Bu  siyasət  bir-birilərinin  dillərini  öyrənmək,  ali  və  orta 

məktəblərdə  tədris  etmək,  bir-birinin  mətbuatını,  televiziya  kanallarını  və  radiolarını 

daha  yaxından  izləmək,  şagird,  tələbə  mübadiləsi,  bədii  və  elmi  ədəbiyyatın  tərcümə 

işini  fəallaşdırmaq,  ümumi  nəşrlər,  ensiklopedik  kitablar,  lüğətlər,  ümumi  tarix  və 

ədəbiyyatşünaslıq araşdırmaları, ortaq terminlərin qəbul edilməsi və s. aspektlərdə ola 

bilər.  Hər  bir  türk  xalqının  öz  dilini  qoruyub  saxlamaqla  yanaşı,  bu  xalqlar  arasında 

anlaşma dili kimi Türkiyə türkcəsi qəbul edilə bilər. Türk dünyasının ümumi  mədəni-

mənəvi məkanı, informasiya, elm, sənət məkanı yaranmalıdır, amma heç bir türk xalqı, 

sayca ən kiçiyi belə ümumi və mücərrəd Turan anlayışı içində əriyib getməməlidir. Bu 

real  da  deyil.  Mən  yenə  də  əvvəllərdə  olduğu  kimi,  dilimizin  Azərbaycan  türkcəsi, 




yaxud Azəri türkcəsi adlanmasının tərəfdarıyam. “Azərbaycan türk dili” və “Azəri türk 

dili” söz birləşmələrini də məqbul hesab edirəm. Bu söz birləşmələrində “türk” kəlməsi 

dilimizin  əsrlərdən  gələn  ənənəvi  adıyla  bağlıdırsa,  “Azərbaycan”,  yaxud  “Azəri” 

kəlmələri  dilimizi  Türkiyə  türkcəsindən  fərqləndirmək  üçündür.  “Azəri”  kəlməsinin 

haçansa  İran  qrupuna  aid  olan  bir  dil  olması  bizi  qulaqlarımızda  artıq  çoxdan 

doğmalaşmış  sözdən  çəkindirməməlidir.  Slavyan  bolqarlar,  Qafqazdilli  avarlar 

xalqlarının  vaxtilə  türk  qövmünə  aid  olan  adından  imtina  etmirlər.  “Azəri  türkcəsi” 

müəyyən  dərəcədə  “Azərbaycan  türkcəsi”ndən  də  uğurludur,  çünki  yalnız  ərazi 

prinsipinə  əsaslanmır.  “Gürcüstanlı  azərbaycanlılar,  dağıstanlı  azərbaycanlılar, 

ermənistanlı  azərbaycanlılar”  kimi  məntiqsiz  ifadələrin  yerinə,  Gürcüstanda,  yaxud 

Ermənistanda  yaşayan  Azəri  türkləri  desək,  daha  düzgün  olmazmı?  Dərbənddən 

Həmədana,  İqdirdən  Zəncana,  Borçalıdan  Kərkükə  qədər  danışılan  dilimizi  də  Azəri 

türkcəsi adlandırmağımız hər cəhətdən daha uğurludur.  

DOSTLUQ  deyəndə  bu  ibarə  sovet  təbliğatı  tərəfindən  ispatdan  çıxarılsa  da, 

xalqlar  dostluğu  nəzərdə  tutulur.  Çünki  bu  yıpranmış  ifadənin  mahiyyəti,  məğzi 

xalqımızın  taleyi  üçün  son  dərəcə  vacib  və  önəmlidir.  Xalqlar  dostluğu  -  həm  ərazi, 

tarixi  tale,  adət-ənənə  baxımından  bizə  yaxın  olan  qonşu  xalqlarla  mehriban 

münasibətlərinə, həm də Azərbaycanın öz içində yaşayan müxtəlif millətlərin doğmalıq 

əlaqələrinə  aid  edilməlidir.  Türk  xalqlarıyla  qardaşlıq  telləri  barədə  yuxarıda 

dedim.İslam  ölkələriylə  dostluq  münasibətlərinə  gəldikdə,  əlbəttə,  Nigeriya  və 

İndoneziya kimi uzaq müsəlman xalqlarıyla da yaxşı münasibətlərimiz olmalıdır, amma 

ən  mehriban,  ən  məhrəm  əlaqələri  qonşu  müsəlman  ölkələriylə  -  İranla,  Pakistanla, 

Əfqanıstanla,  Tacikistanla,  Ərəb  dövlətləriylə  qurmalıyıq.  İran  istisna  olmaqla  bu 

ölkələrin  heç  biriylə  aramızda  problem  yoxdur.  Hər  iki  ölkəni  -  İranı  və  Azərbaycanı 

narahat  edən  problem  Cənubi  Azərbaycan  məsələsidir.  Bu  problemin  çözülməsi  üçün 

xəyalpərəstlikdən  əl  çəkib  Güney  Azərbaycanın  bu  gün  İran  dövlətinin  tərkib  hissəsi 

olduğunu  fakt  kimi  qəbul  etməliyik.  Əgər  bütün  başqa  dövlətlər  kimi,  biz  də  ərazi 

bütövlüyümüzə belə həssaslıqla yanaşırıqsa, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz 

hissəsi  olduğunu  bütün  dünya  tərəfindən  birdəfəlik  təsdiq  edilməsinə  çalışırıqsa,  İran 

dövlətinin də bu haqqını tanımalıyıq. Amma, əlbəttə, heç kəs bizdən Güneydəki 25, ya 




30  milyon  soydaşımızın  taleyinə  biganə  qalmağımızı  tələb  edə  bilməz.  Azərbaycan 

türkləri İranda milli azlıq deyil, İran dövlətinin sayca farslarla tən gələn əsas ünsürüdür. 

Belə  olan  surətdə  bu  ünsürün  dili  də  rəsmi  siyasət  qurumlarında,  mətbuatda,  radio  və 

televiziyada, tədris, elm və mədəniyyət sistemində layiq olduğu yeri tutmalıdır. Quzey 

və  Güney  Azərbaycanın  mədəni  ilişgilərinin  genişlənməsi  üçün  şərait  yaranmalıdır. 

Əlifba fərqlərimiz bu əlaqələri müəyyən dərəcədə əngəlləyirsə, televiziya efiri və radio 

dalğaları  musiqimizi,  şeirimizi,  sənətimizi  doğma  dilimizdə  Arazın  bu  tayından  o 

tayına, o tayından bu tayına çatdıra bilər. Bu İran dövlətçiliyinin də xeyrinə olar: açıq, 

ya  üstüörtülü  qadağalar  problemləri  tıxacla  qapayırsa,  bir  gün  bu  tıxacın  partlayışla 

sıçrayıb  kənara  atılması  daha  real  təhlükədir.  İranın  dövlət  bütünlüyünə  xələl 

gətirməyən haqlar  - Ana dilində danışmaq, yazmaq, oxumaq, yaşamaq azadlığı böyük 

bir  xalqa sədəqə kimi  deyil,  qanuni və təbii vicdan borcu  kimi  verilməlidir.  Bu sorun 

aradan  qalxarsa,  İran  və  Azərbaycanın  tarixi,  ənənəvi  yaxınlığı,  mədəniyyət,  sənət, 

ədəbiyyat,  musiqi,  məişət  doğmalığı  tam  mənasında  hər  iki  müstəqil  dövlətin  yeni 

müstəvidə  qarşılıqlı  zənginləşməsini  təmin  edər.  Əlbəttə,  İrandakı  bəzi  qafaların  da, 

Rusiyadakı bəzi qafalar kimi keçmiş imperiya havasından azad olması şərtdir. Heç kəs 

və  heç  yerdə  bugünkü  müstəqil  Azərbaycana  keçmiş  İran şahlarının,  o  cümlədən türk 

mənşəli  İran  şahlarının  vassalı  olmuş  xanlıqların  cəmi  kimi,  yaxud  keçmiş  Sovet 

Sosialist  Respublikası  kimi  yanaşmamalıdır.  Nə  açıqda,  nə  gizli  xülyalarda.  “Örtülü 

bazar dostluğu pozar”. 

Bu  cəhətdən  Rusiya  ilə  münasibətlərimiz  də  son  dərəcə  önəmli  və  taleyüklü 

məsələdir.  Heç  bir  vaxt  Çar  Rusiyasının  müstəmləkəçilik  siyasətini  və  SSRİ 

rəhbərliyinin  şovinist  ağalığını  rus  xalqına,  rus  mədəniyyətinə,  elminə,  ədəbiyyat  və 

sənətinə,  təhsilinə  və  səhiyyəsinə  münasibətimizlə  eyniləşdirməməliyik.  Mədəni 

tərəqqi,  Şərq  ətalətindən  qurtulub  Qərb  dinamizminə  yaxınlaşmamız  baxımından 

Rusiyayla  iki  əsrlik ünsiyyətimizin xeyli müsbət  cəhətləri də var və  bunu  kimsə  dana 

bilməz. Bəzi başqa qonşu müsəlman ölkələriylə müqayisə bunu əyani sübut edir. Rusiya 

öz  daxilindəki  ziddiyyətlərdən  yaxa  qurtara  bilsə,  bəyan  etdiyi  amma  hələ  ki,  tam 

mənada  gedə  bilmədiyi  demokratiya  yoluyla  irəliləsə,  xülyalara  qapılıb  hər  hansı 

formada tarixin arxivinə verilmiş İmperiyanı yenidən ayrı adla bərpa etməyə çalışmasa, 




Türkiyəylə  qardaşlığımızın  köklərini  və  mahiyyətini,  heç  də  Rusiyaya  qarşı 

yönəlmədiyini dərk edə bilsə, Amerikayla münasibətlərimizə qısqanclıqla yanaşmasa və 

nəyahət,  ermənilərlə  qarşıdurmamızda  daha  obyektiv  mövqe  tutsa,  bu  böyük 

qonşumuzla ən sıx və ən mehriban əlaqələrimiz ola bilər. Azərbaycan hələ uzun zaman 

dünyanın mənəvi dəyərlərinə qovuşmaq üçün rus dilinin vasitəçiliyindən istifadə edəcək 

və  hələ  çox  illər  rus  mədəniyyətinin  cazibə  dairəsində  qalacaqdır.  Öz-özlüyündə  bu 

təhlükəli  və  mənfi  bir  şey  deyil.  Amma  burda  bir  məsələnin  də  üstündə  durmaq 

istəyirəm.  

Müəyyən tarixi şərtlər nəticəsində bəzi Azərbaycan ziyalılarının doğma dillərini 

yetərincə  bilməmələrini  onlara  irad  tuturlar.  Əlbəttə,  ideal  halda  hər  bir  ziyalı  ilk 

növbədə öz Ana dilini mükəmməl bilməlidir. Amma insaf naminə onu da deyək ki, öz 

dilində təəssüf ki, istənilən səviyyədə və istənilən sərbəstliklə danışa bilməyən bir çox 

bəstəkarlarımız,  rəssamlarımız,  hətta  yazıçılarımız  Azərbaycan  mədəniyyətinin 

ucalması, onu dünya sənətinin çağdaş örnəklərinə boy verəcək bir səviyyəyə yüksəlməsi 

uğrunda dili bilib, əfsus ki, ayrı heç nə bilməyən bəzilərindən qat-qat artıq xeyirli işlər 

görüblər. Azərbaycan türkü olub Azəri türkcəsini yetərincə bilməyənlərə yazıq. Amma 

Azəri  türkcəsini  bilib  bu  dildə  Azərbaycan  türklərinə  küfr  edənlərə,  türk  dilində 

türklüyün əleyhinə yazanlara, danışanlara nə deyəsən?  

Gürcüstan həm yaxın qonşumuz, həm də bu gün strateji müttəfiqimizdir. Coğrafi 

mövqelərimiz elədir ki, bu müttəfiqliyin məhz strateci məqsəd daşıması, yəni müvəqqəti 

deyil,  uzun  müddətli  olması  faktdır.  Gürcü  mədəniyyətinin  özəlliyi,  üzünün  Qərbə 

baxması  vaxtilə  Tiflisin  internasional  Qafqaz  şəhəri  olmasıyla  da  bağlıdır  və 

Azərbaycanın  bir  neçə  önəmli  simasının,  bir  neçə  mühüm  hadisəsinin  bu  şəhərdə 

meydana çıxması da təbiidir. Gürcüstanla dostluq münasibətlərimiz bu ölkədə yaşayan 

yarım  milyon  soydaşımızın  taleyinə  də  təminat  verməlidir.  Tarixin  inkişaf  yollarında 

büdrəmələri  də  olur  və  sabah,  allah  göstərməsin,  hər  hansı  bir  yeni  Qamsaxurdiyanın 

Gürcüstandakı Azəri türklərinə qarşı zorakılıq siyasətini büs-bütün istisna etmək olmaz. 

Buna  hər  halda  biz  də    və  daha  artıq  gürcüstanlı  soydaşlarımız  da  bərai-ehtiyat  hazır 

olmalıyıq  ki,  Ermənistandakı  Azəri  türklərinin  aqibətini  nə  onlar  özləri,  nə  də 

Azərbaycan bir daha yaşamalı olmasın. 




Bu  qədər  qan  töküləndən,  bu  qədər  qəddarlıqdan,  sağalmaz  yaralardan, 

milyonlarla  insanın  faciəsindən,  söndürülmüş  ocaqlardan,  talan  olmuş  evlərdən, 

tapdanmış məzarlardan sonra Ermənistanla, ermənilərlə münasibətimiz necə olmalıdır? 

Paradoksal  bir  fikir  söyləyəcəm:  ermənilərin,  hətta  99  faizinin  barışmaz  düşmənimiz 

olduğunu qəbul etsək belə, erməni xalqını bir xalq kimi düşmən saymamalıyıq. Çünki 

dünyada  heç  bir  xalq  başqa  bir  xalqa  düşmən  deyil.  Xalqların  bir-birinə  düşmən 

olmaması  prinsip  məsələsidir,  bəlkə  də  idillik  bir  aldanışın  simvolik  ifadəsidir. 

Hökumətlər, siyasi quruluşlar, ordular, var-dövlət sahibləri, mətbuat işçiləri, adını ziyalı 

qoymuş əhli-qələmlər başqa xalqa nifrət hisslərini, düşmənçiliyi, ədavəti, kini təbliğ və 

təlqin  edə  bilər.  Amma  xalq  öz-özlüyündə  düşmən  ola  bilməz.  Faşist  Almaniyasıyla 

müharibə  aparmış  fransızlar,  ingilislər  almanları  yağı  saymadıqları  kimi,  Amerikanın 

Pirl  Harbor  hərbi  bazasını  darmadağın  etmiş  yaponlar  və  Xirosimaya  atom  bombası 

atmış  amerikalılar  bu  gün  bir-birinə  düşmən  olmadıqları  kimi,  yunanlarla  Türkiyə 

türkləri,  fələstinlilərlə  israillilər  dil  tapmağa  çalışdığı  kimi,  bir  gün  -  Dağlıq  Qarabağ 

məsələsi  ədalətlə  həll  edildikdən,  Azərbaycanın  ərazi  bütövlüyü  bərpa  olunandan, 

qaçqınlar  doğma  yurd-yuvalarına  dönəndən  sonra,  hələ  qövr  eləyən  yaralar  bir  az 

ovunandan  sonra  Azərbaycanla  Ermənistanın  da  normal  qonşuluq  münasibətləri  qura 

biləcəklərinə inanmaq istərdim. Çünki ermənilər də axı yaşadıqları yerlərdən köçüb aya 

getməyəcək,  deməli,  tarixən  qonşuluğa  məhkumuq  və  “Qonşun  pisdir,  köç  qurtar” 

məsəli  ailələrə  aid  olsa  da,  xalqlara  aid  edilə  bilməz.  Erməniləri  rəqib  sayırıqsa,  bu 

düşməni  daha  yaxından  öyrənməliyik.  Erməni  tarixi,  dili,  siyasi  partiyaları,  bugünkü 

mətbuatı  və  ictimai  durumu  haqqında  mükəmməl  bilgilərə  malik  olan  mütəxəssislər 

yetişdirməliyik.  Türk  dilçiliyinin  ən  görkəmli  simaları  sırasında  ermənilər  yer  alıb- 

Ermənistanda  Açaryan,  Türkiyədə  Akop  Dilaçar,  Rusiyada  Lazarevlər,  Budaqovlar, 

Sevortyanlar.  İnanmıram  ki,  türk  dilini  türklərə  xüsusi  məhəbbətləri  olduqlarına  görə 

belə dərindən öyrəniblər. Soyuq müharibənin şıdırğı vaxtlarında Amerikada, Avropada 

sovetologiya,  kremlologiya  üzrə  mütəxəssislərin  yetişdirilməsi  və  fəaliyyəti  də  Sovet 

İttifaqına  və  Kreml  rəhbərlərinə  sevginin  ifadəsi  deyildi,  düşməni,  rəqibi  daha  yaxşı 

tanımaq,  onun  zəif-güclü  yerlərini  bilmək  və  mübarizədə  istifadə  etmək  məqsədi 

güdürdü.  




Dağlıq  Qarabağda  Azərbaycan  dövlətçiliyinin  bərpa  olunmasına  inanırıqsa  və 

burada  ermənilərin  yaşayacaqları  bir  gerçəkdirsə,  həmin  elə  Qarabağ  erməniləri 

arasındanAzərbaycanın suveren haqlarına, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə loyal 

münasibət bəsləyən və Dağlıq Qarabağı Azərbaycanın tərkibində bir qurum kimi idarə 

edə  biləcək  kadrların  hazırlanması  işini  sabaha  qoymadan,  bu  gündən  başlamaq 

dazımdır. Demirəm ki, ermənilərdən Qarabağda bizə işləyən casuslar hazırlayaq. Yox. 

Dağlıq Qarabağın inzibati işlərini Azərbaycan ana yasasına görə yönəldən, bu ərazinin 

Azərbaycana  bağlı  olduğunu  fakt  kimi  qəbul  edə  biləcək  yerli  kadrlar  haqqında 

düşünməli,  onları  axtarıb  tapmalı  və  indidən  hazırlamalıyıq.  Belələri  yəqin  ki,  var, 

qorxub  üzə  çıxmırlar.  Bu  cür  düşünən  adamların  fəaliyyətlərinin  yalnız  Azərbaycan 

üçün deyil, Qarabağ erməniləri üçün də faydalı və gərəkli olacağına onları inandırmaq 

lazımdır.  

Qarabağ problemini layiqli şəkildə həll etmək üçün biz bir xalq kimi məğlubluq 

kompleksindən də azad olmalıyıq.  Qarabağda  hərbi  zəfər  çala bilməməyimizin  acısını 

duymamaq  üçün  gözlərimiz  önündə  cərəyan  edən  hadisələri  yada  salmaq  kifayətdir. 

Dünyada  ən  böyük  orduya  malik  olan,  ən  yeni  və  dəhşətli  silahlarla  təchiz  olunmuş, 

çoxəsrlik  savaş  ənənələrindən  bəhrələnən  və  mükəmməl  hərbi  təhsil  almış  səriştəli 

sərkərdələrə,  generallara,  zabitlərə  malik  nəhəng  Rusiya  balaca  Çeçenistanın 

öhdəsindən  neçə  ildir  gələ  bilmirsə,  Gürcüstan  kiçik  Abxaziyanı  ram  edə  bilmirsə, 

yüksək  hazırlıqlı,  döyüşkən  və  cəsur  Türk  ordusu  PKK-çıların  kökünü  kəsə  bilmirsə, 

milli  silahlı  qüvvələri  yeni-yeni  yaranan  Azərbaycanın  Qarabağdakı  uğursuzluğunu 

faciə kimi  qəbul etmək və xalqa məhz ümidsizlik örnəyi kimi təqdim etmək düz deyil.  

XIX  əsrdə  Prusiyayla  müharibədə  məğlub  olmuş  Fransa  Elzas  və  Lotaringiya 

əyalətlərini itirmişdi. Parisdə Barışıq meydanında bütün fransız əyalətlərini təmsil edən 

rəmzi  heykəllər  var.  Bu  əyalətlər  itiriləndən  sonra  Elzas  və  Lotaringiya  heykəllərinin 

üstünə örtük  çəkiblərmiş.  Ta  Birinci  Dünya  hərbində  Fransa Almaniyanı  məğlub edib 

və  əyalətləri  yenidən  qaytarana  qədər  bu  örtüklər  açılmayıb.  Almaniya  məğlubiyyət 

aktına qol çəkdiyi vaqon tarixi bir yer kimi qorunub saxlanırmış və hikkəli Hitler İkinci 

Dünya müharibəsi illərində Fransanı işğal edərkən təslimçi Peten hökuməti məğlubiyyət 

aktını  həmin  o  vaqonda  imzalayıb,  alman  qoşunları  Parisin  Yelisey  çöllərində  zəfər 




marşıyla  addımlayıblar.  Beş  il  sonra  isə  Almaniya  darmadağın  olub  və  Hitler 

bunkerində  intihar  edib.  Paris  də,  Elzas  da,  Lotaringiya  da,  bütün  Fransa  da  yenidən 

azad  olub.  Tarix  -  Allahın  səbridir.  Hər  xalqın  taleyində  qara  günlər  olur.  Rusiya 

biabırçı  Brest  müqaviləsini  imzalamağa,  Türkiyə  alçaldıcı  Mudros  anlaşmasına  qol 

çəkməyə  məcbur  olublar,  amma  vaxt  keçib,  ədalət  qalib  gəlib  və  bu  imzalanmış 

sənədlər tarixin zibil qutusuna atılıb. 

Azərbaycanın  gələcək  taleyində  mühüm  rol  oynayacaq  amillərdən  biri  də 

Amerikayla, Avropayla münasibətlərdir. Əli bəy Hüseynzadənin ilk dəfə ortaya atdığı, 

sonralar  Ziya  Göyalpın  da  qəbul  etdiyi  məşhur  üçlüyü  yada  salaq:  türkləşmək, 

islamlaşmaq,  müasirləşmək.  Bu  son  anlayışı  qərbləşmək,  avropalaşmaq  kimi  də  ifadə 

edirlər.  Hər  halda  müasirləşmək  əsas  etibarilə  Qərb  dəyərlərinin  mənimsənilməsi 

anlamındadır.  Amma  müstəqil  Azərbaycanda  türkləşmək  ön  plana  çəkilirsə,  islami 

dəyərlərə  qayıtmamağımızın  vacibliyi  vurğulanırsa,  üçüncü  ünsürə-çağdaşlaşmağa, 

müasir  dünyanın  inkişaf  səviyyəsinə  qalxmağa  çox  da  əhəmiyyət  verilmir.  Nədənsə 

çağdaşlaşmağı, Qərb, Avropa dəyərlərini mənimsəməyi milliliyimizə ziyan vura biləcək 

təhlükə  kimi  qavrayırıq.  Əlbəttə,  bu  gün  qəzet,  jurnallarımızın,  özəl  televiziya 

kanallarımızın və radio studiyalarımızın adları yabançı sözlərdirsə, Bakının küçələrində 

əcnəbi dillərdə yazılar, reklamlar doğma dilimizdəkilərdən çoxdursa, gənclərimiz hətta 

Azərbaycan  dilində  rus  ya  ingilis  aksentiylə,  intonasiyalarıyla,  ibarələriylə  danışırsa, 

belə qərbləşməyi, belə müasirləşməni heç cür qəbul etmək olmaz.  

Cəlil  Məmmədquluzadə  “Anamın  kitabı”nda  bu  üçlüyün  ifrat  şəkillərinə  acı-acı 

istehza  edirdi.  İslamlaşmağı,  türkləşməyi  (osmanlılaşmağı),  ruslaşmağı  anamızın 

kitabından  yadırğamaq  kimi,  milli  dəyərlərin  itirilməsi  kimi  suçlayırdı.  Amma  axı 

dünyanın,  o  cümlədən  Qərb  dünyasının  həqiqi  və  bizə  bu  gün  çox  gərəkli  mənəvi, 

fəlsəfi,  mədəni,  estetik,  bədii  dəyərləri,  nəhayət,  demokratik  siyasi  dəyərləri  var.  Biz 

məhz  bu  dəyərlərdən  yararlanmalıyıq.  «Əcnəbi  seyrə  balonlarla»  deyil,  kosmik 

raketlərlə  çıxdığı  bir  dövrdə  ən  son  “Mersedes”  avtomobillərinə  minməyimizlə 

qürurlanıb qala bilmərik.  

Xalqlar  dostluğundan  danışanda  əlbəttə,  bu  anlayışın  ən  vacib  tərəfi 

Azərbaycanın  öz  içində  yaşayan  müxtəlif  xalqların  doğmalığıdır.  Azərbaycanda 




yaşayan  xalqların  özlərini  azərbaycanlı  sayması  ədalətli  və  düzgündür.  Amma 

azərbaycanlı  olmaqla  yanaşı,  ləzgi  ləzgiliyini,  talış  talışlığını,  avar  avarlığını,  tat 

tatlığını,  kürd  kürdlüyünü  danmamalıdır  və  danmır.  Eyni  cür  Azərbaycan  türkü  də 

azərbaycanlı  olmaqla  bərabər,  türklüyünü  danmamalıdır.  Bir  şərtlə.  Vaxtilə  müəyyən 

kontekstdə deyilmiş “Türkün türkdən başqa dostu yoxdur” sözlərini birdəfəlik unutmaq 

şərtilə.  Sovet  vaxtında  yasaq  olunmuş,  açıq  ya  gizli  daşıyıcıları  təqiblərə,  cəzalara, 

ölümə,  sürgünə  məhkum  edilmiş  türkçülük  ideyalarının  bu  gün  dirçəlməsini  təbii  hal 

kimi  qəbul  etmək  lazımdır.  Amma  bu  işdə  də  ifrata  varmaq  olmaz.  Türkçülüyü  sırf 

filoloci  qavramda  qəbul  edərək  real  tarixi  gerçəklərə  göz  yummaq  mənasızdır.  Yəni 

dilimizin tarixi kökləri baxımından qazax, ya başqırd mənə nə qədər yaxın olsa da, ayrı 

dil  sistemində  danışan  talışdan,  ləzgidən,  ya  kürddən  yaxın  deyil.  Əsrlər  boyu  adət-

ənənələri, məişət özəllikləri, əxlaq anlayışları, nəhayət,  mətbəxləri bir olmuş tat, avar, 

mənə eyni dil sisteminə malik olduğum xakasdan, ya yakutdan doğmadır. Ailə bağları 

da  Azəri  türklərini  çuvaşlarla,  ya  tuvalılarla  deyil,  talışlarla,  kürdlərlə,  ləzgilərlə  və 

özünə  qürurla  “Azərbaycanlıyam”  deyən  bütün  başqa  millətlərlə  bağlayır.  Tarixi 

araşdırmalar, dil, ədəbiyyat tədqiqatları baxımından son dərəcə önəmli olan bir sahə  - 

türkçülük  məkanı  bizi  azərbaycançılıq  məkanından  ayıra  bilməz.  Azərbaycan  türk 

dünyasının bir parçasıdır, amma Azərbaycanın içində ayrıca bir Azərbaycan dünyası da 

var və bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, şərəfli yerə malikdir.  

Və inanıram ki, bu vətənin övladları əl-ələ verib çiyin-çiyinə, ürək-ürəyə, beyin-

beyinə gələcəyin - XXI əsrin - Üçüncü Minilliyin Azad, Müstəqil ölkəsini, Bərabərliyin, 

Qardaşlığın və Dostluğun hökm sürəcəyi xoşbəxt Azərbaycanı quracaqlar.  

Xəyallarımda  yaşatdığım,  bəlkə  də  görə  bilməyəcəyim  bu  gələcək 

Azərbaycanımın  isə  yuxarıda  anlatmağa,  izah  etməyə  çalışdığım  beş  təməl  üzərində  - 

İnsan  Azadlığı,  Milli  Müstəqillik,  sinfi,  milli,  irqi,  dini,  cinsi  Bərabərlik,  Türk 

qardaşlığı,  Xalqlar  dostluğu  -  bünövrəsində  duracağını  arzulayır,  uca  Tanrıdan 

diləyirəm.  

 

 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin