Vətən və millət təəssübkeşliyi, dünənimiz, bu günümüz və sabahımızla bağlı
düşüncələrdə dünyada yaranan yeni dəyərlərə köhnə meyarlarla yanaşılması ucbatından
süni münaqişələrə cəlb olunmuş vətənimizin sabahına, xalqımızın taleyinə olan
narahatçılıq müdrik bir ziyalı qələmində ifadə edilmişdir. Azərbaycan müstəqillik
qazandıqdan sonra onun gedəcəyi yol, söykənəcəyi mənəvi-əxlaqi prinsiplər, müasir
dünya düzənində tutacağımız yer Anarın azərbaycançılıq düşüncələrinin mayasını təşkil
edir. Fikrimizcə, ideya axtarışları sorağında vətənimizin sabahını təmin edəcək gənclik
Anarın yaradıcılığının əhatə dairəsi geniş olduğu kimi, onun əsərlərinin yayılma
coğrafiyası da çox genişdir. Onun mövzularının hüdudları milli-mənəvi sərhədlərimiz
daxilində olsa da, yaradıcılıq uğurları çoxdan bu sərhədləri aşıb. Bir vaxtlar azərbaycan
gəncliyinin şirin bir röya kimi oxuduğu «Mən, sən, o və telefon» hekayəsi dünyanın
hansı ölkələrində yayılmadı? Amerika, Kanada, Yaponiya, Finlandiya, Ərəb dünyası,
keçmiş SSRİ-nin bütün respublikaları və onlarla digər ölkələrin oxucuları bu həzin
hekayənin cazibəsinə düşdülər. Əslində bu kiçik hekayə Azərbaycan ədəbiyyatının,
Anarın yazıçı qüdrətinin, onun intellektual potensialının dünya tərəfindən böyük etirafı
idi. «Ağ liman», «Dantenin yubileyi», «Əlaqə», «Beşmərtəbəli evin altıncı mərtəbəsi»,
«Otel otağ»ı da Azərbaycan ədəbiyyatının yayılma coğrafiyası baxımından belə uğurlu
taleyi yaşadı. Əgər bu əsərlər haqqında yazılan dəyərləndirmələrə diqqət yetirsək, tam
əsasla deyə bilərik ki, Anarın yaradıcılığı beynəlxalq tənqidin süzgəcindən uğurla keçdi
və sovet dövrünün tələblərinə görə hər hansı bədii əsərin qəhrəmanları olmağa layiq
olmayan, öz gündəlik həyatlarını yaşayan, güzəranlarını keçirən Nemət, Feyzulla
Kəbirlinski, Təhminə, Zaur və digər sadə azərbaycanlıların təhkiyyəsində dünya
vətəndaşlığı qazandılar. Dünyanın müxtəlif dillərinə tərcümə olunan bu əsərlər bir
böyük həqiqəti ortaya qoydu ki, BİZ VARIQ!
Anar heç şübhəsiz ki, böyük ziyalıdır. Millətimizin tarixində və taleyində,
mənəvi-mədəni həyatında müstəsna rolu olan bir fikir adamı kimi o, Axundovdan
başlanan milli dirilik missiyasının daşıyıcısıdır. Mirzə Cəlilin «Anlamaq dərdi», Üzeyir
bəyin millətləşmə davası, Cavid əfəndinin acı taleyi Anarın içindən keçdi və milləti diri
saxlayan bu böyük kişilərin şirinli-acılı həyat hekayətlərini öyrəndikcə, o özü də milli
diriliyin bir nümunəsinə çevrildi. Anar haqqında gözəl rejissorumuz Ramiz
Həsənoğlunun bu yaxınlarda çəkdiyi son dərəcə səmimi təsir bağışlayan gözəl filmə
baxdıqca bir daha buna əmin olursan. Tam əminliklə demək olar ki, son yarım əsrdə
millətimizin diriliyi Qara Qarayevin və Fikrət Əmirovun notlarından, Tahir Salahovun
və Səttar Bəhlulzadənin fırçasından, Rüstəm İbrahimbəyovun və Anarın qələmindən
keçir.
«Azadlıq» qəzetində dərc
edilib
3 sentyabr 2009