Son iki onillikdə Anar haqqında mətbuatda çox yazılar gedib. Onun yaradıcılığını
bir etik çərçivəyə sığmayan təhqir edənlər də. Bu yazılarda ona «mənəviyyat dərsi»
vermək istəyənlər də, Azərbaycan ziyalısının «əxlaq kodeksi»nin konturlarını cızanlar
da bir həqiqəti görmək istəmirlər ki, Anar millətimizin mənəvi yükünü öz çiyinlərində
aparan, öz tarixi missiyasına görə milləti diri saxlayan, heç kəsin cızdığı çərçivəyə
sığmayan söz, fikir və əməl adamıdır. Anarın yaradıcılığını, onun keçdiyi həyat yolunu
izləyənlər yaxşı bilirlər ki, indi «gənclər» tərəfindən, yumşaq desək tənqidlərə məruz
qalan bu böyük yazıçı, bir vaxtlar gənclik illərində də «yaşlıların» amiranə tənqidlərinin
əsas hədəfi idi. Fəqət, zaman təkzibedilməz şəkildə bir həqiqəti ortaya qoydu ki, milli
taleyimizdəki roluna görə elə həmin vaxtlar Anar onu tənqid edən «yaşlılardan» daha
yaşlı olduğu kimi, bu gün də onu inkar edən «gənclərdən» daha gəncdir. İctimai fikirdə,
ədəbiyyatda kimisə inkar etməyin yolu, kimisə ədəbi mühitdən sıxışdırıb çıxarmağın
yolu yaxşı əsərlər ortaya qoymaqdan keçir. Əgər belə bir hadisə baş versəydi bunu
şəksiz ədəbiyyatımızın böyük uğuru hesab etmək olardı. Lakin hələ ki, bu uğur son dövr
ədəbiyyatımız üçün böyük hadisə sayılan «Ağ qoç, qara qoç»la müəyyən olunur.
Bu yazının qayəsi son illərdə Anar haqqında yazılan və sözün tam mənasında
ürək ağrıdıcı təsir bağışlayan yazılara cavab olmadığı üçün heç kəs bunu özünə qarşı
hesab etməsin. Tam əminliklə demək istəyirəm ki, bizim bu məsələ ilə bağlı
mülahizələrimiz fərdi xarakter daşımayıb ictimai məzmun kəsb edir. O səbəbə ki, Anar
kimi fikir adamlarımızın, ziyalılarımızın sayı say məvhumunun özündən belə azdır, o
səbəbə ki, millətimizin mənəvi siması və milli diriliyi Anar kimi ziyalılarımızın adı ilə
bağlıdır.