Mənim üçün Anarın «Qobustan»dan başlayan mənəvi, ədəbi, əxlaqi və siyasi
akkordları»ndan, Mirzə Cəlilin acı taleyinin göründüyü «Qəm pəncərəsi»ndən və 37
istibdadını yaşamış «Cavid ömrü»ndən keçir. Halbuki, mədəniyyətimizin böyük
hadisəsi olan «Qobustan»a qədər Anar tanınmış bir yazıçı və bizim sevə-sevə
oxuduğumuz tanınmış nasir idi. Hələ 60-cı illərdə «Molla Nəsrəddin-66»nın necə əl-ələ
gəzdiyinin, xüsusilə gənclər arasında necə geniş yayıldığının mən şahidi olmuşam. O
illərdə qısa sücetləri, hədəfə dəyən güclü satirik deyimləri, sözün oynamaq qüdrətini
özündə əks etdirən «Molla Nəsrəddin-66»nın gənc nəslin fikrinə və qəlbinə hakim
kəsilməsi bir həqiqət idi. Əslində janrı belə bəlli olmayan bu əsər sözün tam mənasında
bir sıra qadağaları aşmış və yeni bir gəncliyin formalaşmasında müstəsna rol oynamışdı.
M.Ə.Rəsulzadə «Milli dirilik» silsiləsində yazır: «həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır
ki, mühitin ehtiyaclarına cavab versin və millətin həyatını və həyati yaralarını, necə ki,
lazımdır təsvir etsin». Bax «Molla Nəsrəddin - 66»sözün tam mənasında bu ideyanı
özündə ehtiva edirdi. Sanki ötən əsrin 50-ci illərinin ikinci, 60-cı illərinin isə birinci
yarısında gedən tarixi proses oxucu auditoriyasını bu əsər üçün hazırlamışdı. Bu
baxımdan «Molla Nəsrəddin - 66» vaxtında yarandı və milli diriliyimizin təkzibedilməz
bir nümunəsinə çevrildi. «Ağ liman» da, «Dantenin yubileyi»də, «Beşmərtəbəli evin
altıncı mərtəbəsi» də təxminən belə bir ədəbi tale yaşadı, belə bir ictimai qayə kəsb etdi.
Cəmiyyəti hərəkətə gətirmək baxımından «Molla Nəsrəddin -66»dan sonra Azərbaycan
ədəbiyyatında zaman fərqi nəzərə alınmaqla buna bənzər ikinci uğurlu taleyi Sabir
Rüstəmxanlının «Ömür kitabı» yaşadı. İctimai proseslərə təsir imkanlarına görə birinci
başlanğıc, ikinci isə yekun idi.
Anarın keçdiyi həyat yolu, onun ədəbi-ictimai fəaliyyəti xalqımızın bədbinlikdən
yaratdığı «el üçün ağlayan göz kor olar» deyimini alt-üst etdi. O öz fəaliyyətində belə
bir həqiqəti ortaya qoydu ki, el üçün ağlamayan göz ümumiyyətlə bünövrədən görmür
və hələ dünyaya baxmaq onu görmək deyildir. Bu mənada bütün ədəbi və ictimai
fəaliyyətində Anar millətimizin ən ağrılı problemlərini ictimai müzakirəyə təqdim edib,
ictimai fikrin düzgün məcraya yönəlməsində müstəsna rol oynayıb. Eyni zamanda, o
özünü heç vaxt bu problemlərin məsuliyyətindən kənarda hiss etməyib. Hələ sovetlərin
çöküşü zamanı dediyi bu sözlər onun fəal vətəndaş mövqeyinin aydın ifadəsi idi. Anar
yazırdı: «Altı və üstü talan edilmiş torpağımız, azdırılmış tariximiz, unutdurulmuş
adımız, dəyişdirilmiş əlifbamız, illər boyu kürül-kürül axan yalanlar, boş vədlər, təbiətin
kor qoyulması, şəhərlərimizin zəhərlənməsi, mənəviyyatın pozulması, riyakarlıq,
saxtakarlıq, rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq -cəmiyyətimizdə yer almış bütün bu
bəlalara görə heç birimiz məsuliyyət , cavabdehlik və təqsir yükünü boynumuzdan ata
bilmərik». Bu bəlaların məsuliyyətinə şərik olmaq hissi heç şübhəsiz ki, Anarın yüksək
mədəniyyətindən irəli gəlirdi. Halbuki, o çox az qələm sahiblərindən idi ki, milləti
uçuruma aparan bu bəlalara qarşı öz əsərləri ilə ardıcıl mübarizə aparmışdı. «Adamın
adamı»nda harınlıqdan pul cıranlarla «Dantenin yubileyi»ndə bir tikə çörək pulu
qazanmaq üçün min bir əziyyətə qatlaşan Feyzulla Kəbirlinskinin namuslu həyatı
arasında uçurumu ilk görənlərdən biri məhz Anar oldu. Anarın əsərlərini oxuduqca bu
uçurumun dərinləşməsinin, pulun tədricən cəmiyyətdə mənəvi dəyərləri arxa plana
keçirməsinin, Kəbirlinski kimi zəhmətlə dolanmağa alışmış adamların faciəsinin daha
da dərinləşməsinin şahidi olursan. Pul bu gün cəmiyyətimizdə elə açar olub ki, bütün
qapılara düşür. Əgər kimsə son əlli ildə bunun təkamül prosesini izləmək istəyirsə,
Anarın əsərlərini oxusun.
Dostları ilə paylaş: