NAMİQ KAMAL ZEYBƏK
Türkiyənin sabiq Mədəniyyəit naziri,
sabiq Millət vəkili,
Ankarada Anarın yubiley tədbirində çıxışından.
Anara baxanda mən hər zaman onun üzündə bir hüzn görürəm. Çox illər əvvəl ilk
tanışlığımızda onun içinin hüznlə dolu olduğunu sezdim, sonra kitablarını oxuduqda da
bu hüznü gördüm. Amma bu hüznün içindən dərin ehtiras və etiraz çıxır və sonucda
böyük zövq verir. Dünyanın qəribə işləri var. Birisinin kitabları çıxır, hətta Nobel də
qazanır, amma bəhs olunan şəxsin kitablarını aldım, oxumağa başladım, iki-üç səhifə
oxuyub ardını oxuya bilmədim. Amma Anarın əsərləri insanı elə cəlb edir ki,
başladınmı, bitirmədən yerə qoya bilmirsən. Anar sadəcə Azərbaycanın deyil, bütün
türk dünyasının böyük yazarıdır. Anar bir şeirində yazır:
Mən əsrimin əsəriyəm,
Mən əsrimin əsiriyəm.
Şairlər hər sözü doğru söyləməzlər. Söz ox kimi kamandan çıxdımı onun hədəfi
artıq biz, oxucularıq və onu istədiyimiz anlamda anlaya bilərik. Anar heç haman əsrin
əsiri olmamışdır. Sovet dönəmində yazdığı bütün əsərlərini bu gün olduğu kimi basa
bilir, çünki onlarda nə sovet propoqandası, nə sovet havası var. Bu isə yalnız böyük
sənətçilərə xas olan özəllikdir. Belə yazarlardan biri də 70 yaşını bayram etdiyimiz
Anardır.