Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfğanım,
Qara bəxtim oyanmazmı?
Bu muzeydə bir guşə də var. Dairəvi salondur. Ortada, döşəmədə mis bir dairə -
qalxan kimi. Ətrafında dairəvi divarlar. Divarların üzərində böyük sənətkarlarımızın
sözləri. Nəsimidən, Xətaidən, Vaqifdən, Vidadidən, Hadinin:
Dağa dersən eşidər, sonra verər əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım -
beytinəcən, Sabirin:
Ey dərbədər gəzib ürəyi qan olan cocuq,
Ey ehtişami-milləti talan olan cocuq -
misralarına qədər.
Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Yekə bir
millətin dili, namusu, hüququ, vətəni təhlükədədir. Axıtmalı qanımız, ehsan etməli
pulumuz varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı
durur" (Mirzə Cəlil).
Bu sarsıdıcı sözlərdən çağdaş şairlərimizin, yazıçılarımızın təsirli kəlamlarınacan
- bütün mətnləri dairəvi divarlarda həkk etmək olar, mərkəzdə, mis dairənin üstündə isə
məncə ikicə sətir yazılmalıdır. Bu sətirlərin müəllifi - gənc şəhid şair dahilərin, uluların,
böyüklərin məclisində mərkəz yeri öz halal qanıyla, taleyilə, qismətiylə qazanıb! Onun
sətirlərinin saf həqiqəti qarşısında baş əyməliyik:
Həyat üçün doğulmuşduq,
Vətən üçün ölməliyik.
***
Şəhidlər dağı, ürəklərə dağdan ağır dağ çəkən Şəhidlər dağı... Xalqın matəmi,
hüznü, dərdi. Xalqın mütilik, köləlik, əsarət üzərində qələbəsi...
Şəhərin aşağı məhəllələrindən, dəniz sahilindən başımızı qaldırıb yuxarı
baxacayıq - çətin anlarımızda ucalardan uca tanrıya üz tutacayıq. Bir də Şəhidlər dağına,
onun əbədi məşəllərinə tapınacayıq...
…Və bu saflaşma, təmizləşmə, müqəddəsləşmə anlarında qəlblərimizə kədərlə
bərabər ümid, işıq, həyat duyğuları da dolacaq...
Yanvar, 1991
|