YADDAŞ BORCU
Qədim el mahnısında belə sözlər var:
Əyil üzündən öpüm,
Dünya ölüm-itimdir.
Xalq təfəkküründə itki, itkinlik, itkin düşmək ölümə bərabər bir dərd sayılır. Ölüm
hər bir həyatın qaçılmaz sonluğudur, itkinlik isə daha çox müharibələr dövrünün faciəvi
əlamətidir.
İkinci Dünya Müharibəsi tarixin ən qanlı,ən çox ölümə səbəb olan fəlakəti olmaqla
bərabər, bəlkə də itkin düşmüş insanların sayına görə də əsrlərin ən böyük müsibətidir.
Bütün davalarda əsgərlərin arasında əsir düşənlər olur. Amma Sovet sistemində əsir
düşmək - həm də itkin düşmək idi. Bunun nəzəri əsasını Stalin muəyyənləşdirmişdi.
"Bizim əsirlərimiz yoxdur, Vətən xainləri var" demişdi və insaf naminə etiraf etmək
lazımdır ki, həmin düsturu ilk öncə öz doğma oğluna tətbiq etmişdi.
Müharibə vaxtı itkin düşmüşlərin evinə çox vaxt onların «qara kağız»ları gəlirdi. By
da məncə təsadüfi deyildi. Əsir-itkin düşmüş adamın sağ qalıb-qalmamasından asılı
olmayaraq o, artıq sovet sistemi üçün ölmüş sayılırdı. Əsir-itkin düşmüş insanın özünü
cəzalandırmaq mümkün olmadığı üçün ailəsini, yaxınlarını çəzalandırırdılar - ölüm
xəbəriylə cəzalandırırdılar. Dava qurtarandan sonra bu «ölülərin» böyük bir hissəsi
"dirildi", qanları-canları bahasına müdafiəsinə qalxdıqları Vətənə qayıtdılar.
Və onda da onların özlərini məhkum etdilər. Tarixin bütün dövrlərində davada əsir
düşmüş və sonra vətənə qayıtmış əsgərləri gül-çiçəklə qarşılayıblar. Sovet İttifaqında isə
əsirlikdən dönənləri QULAQ, Sibir sürgünləri və Beriyə məhbəsləri gözləyirdi.
Uşaqlığımda bu amansız rəftarın bir örnəyinə də öz ailəmizdə şahid olmuşam. Atamın
xalası oğlu neftçi-mühəndis Niyazi Məmmədxanlı (xalq yazıçısı Ənvər Məmmədxanlının
kiçik qardaşı) 1941-ci ildə, müharibənin ilk günlərində cəbhəyə getmişdi. Günlərin birində
ailəmiz onun "qara kağızını" aldı, yasını tutdu. Demə, Niyazi yaralı halda əsir düşübmüş,
faşist zindanlarının ən ağır işgəncələrindən, aclıqdan, min bir əzab-əziyyətdən keçib.
425
Müharibə qurtarandan sonra Niyazinin sağ qaldığını bildik. Vətənə qayıtmasının sevincini
bayram etdik. Amma bu sevinc uzun sürmədi, az sonra başqa əsirlik yoldaşları -
rəssamlardan Həsən Haqverdiyev, Habil Əliyev və başqalarıyla bir yerdə on il cəzaya
məhkum edilərək Sibirə sürgün edildi. Eyni tale yazıçı Süleyman Vəliyevə, şair Məzahir
Daşqına və on minlərlə başqa günahsız insanlara da nəsib oldu.
Müharibənin sərt qanunlarına görə müxtəlif səbəblərdən əsir düşənlərin taleyi də
müxtəlif cür olub. Ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı almış Mehdi
Hüseynzadə, Fransanın qəhrəmanı Əhmədiyyə Cəbrayılov və neçə-neçə başqaları
partizanlara, müqavimət hərəkatının iştirakçılarına qoşularaq alman faşistlərinə qarşı
silahla vuruşublar. İgidliyinə görə Fransanın ən yüksək ordeni ilə təltif olunmuş, general
Şarl de Qollun şəxsən tanıdığı Əhmədiyyə Vətənə dönəndən sonra təhqirlərə, təqiblərə
məruz qalıb. Bu barədə mərhumun özü mənə acıdan-acı xatirələrini danışırdı. Yəqin ki,
əfsanəvi "Mixaylo" - Mehdi Hüseynzadə də həlak olmasaydı, Vətənə dönsəydi Stalin
dövründə onu eyni aqibət gözləyərdi.
Əsir düşənlərdən bir qismi bunu gözləri önünə alıb Vətənə qayıtmayıblar və bütün
qalan ömürlərini qürbət ölkələrdə, hətta Türkiyə kimi doğma bir məmləkətdə belə
Azərbaycan həsrətiylə qovrula-qovrula yaşayıblar. Türkiyədə Abay Dağlı təxəllüsiylə
şeirlər və dram əsərləri yazan şuşalı Cəmil Ağayev belə didərginlərdən biridir.
Əsirlərdən bir qismi - məşhur Əbdürrəhman(Abo) Düdəkinski-Fətəlibəyli və
başqaları əldə silah Sovet Ordusuna qarşı almanlar tərəfində vuruşublar. Müxtəlif taleli
əsirlərin - itkinlərin o illərdəki hərəkətlərinə, tutduğu mövqeyə, yer aldıqları səngərlərə tez-
tələsik qiymət verməzdən öncə - istər qəti ittiham, istər tam bəraət olsun - bütün faktları,
hər bir konkret insanın tale dönüşlərini bilməliyik. Bu mühüm və nəcib tarixi işin ilk
addımı kimi əsirlərin-itkinlərin mümkün qədər tam siyahısı tərtib olunmalıydı. Yəni
itkinlər - itginlikdən çıxarılmalıydı, minlərlə insana adları, olum-ölüm illəri, yaşadıqları acı
ömrün tam mənzərəsi qaytarılmalıydı. Bu baxımdan qarşımızdakı nəşrin böyük əhəmiyyəti
var. Bündan qabaq nəşr olunmuş xüsusi buraxılışda 1920-1940-cı illərdə Sovet represiya
426
sisteminin qurbanlarının siyahısı verilmişdi. İndi də müharibə dövrünün acı taleli
insanlarının siyahısıyla tanış oluruq.
Bir neça il bundan qabaq verdiyim təklifi bir daha yada salmaq istərdim: Bakıda,
Şəhidlər dağında (mən bu dağüstü parkı belə adlandırmağı da təklif etmişdim), keçmiş
"Drujba" restoranında yerləşən Beynəlxalq Əlaqələr İnstitutuna başqa yerdə münasib
otaqlar ayırmaqla, burada Şəhidlər muzeyi təşkil etmək vacibdən vacib məsələdir. Bura
Sovet dövrünün, o cümlədən, müharibə illərinin günahsız qurbanlarının, 90-cı il Qara
Yanvar şəhidlərinin, Xocalı müsibətinin, Qarabağ faciəsinin, bir sözlə xalqımızın XX əsrin
müxtəlif dönəmlərində yaşadığı ağır günlərin xatirələrini əks etdirən eksponatlar
toplanmalıdır. Bu eksponatlar içində "Yaddaşın bərpası" nəşri də layiqli yer tutmalıdır.
Mənə elə gəlir ki, xalqımızın tarixində ağır məqamları yığcam və əyani şəkildə
nümayiş etdirən belə bir muzey həm şəhərimizin qonaqlarına, həm də gələcək nəsillərimizə
acı həqiqətləri göstərən çox mühüm bir məbəd olardı. Bu muzeyin təşkilini - tariximizin
faciəvi səhifələri haqqında ən çox faktlara, məlumatlara və materiallara malik olan Milli
Təhlükəsizlik Nazirliyi öz üzərinə götürsə bu həm də tarixi ədalətin bərpası demək olardı.
Ölüm-itim dünyamızda günahsız qurbanları, fədakar şəhidləri unutmamaq
yaddaşımızın müqəddəs vəzifəsi, vicdani borcumuzdur.
Dostları ilə paylaş: |