TÜRKİYƏDƏ VƏ KİPRDƏ ÇIXIŞLAR
İSTANBULDA AZƏRBAYCAN KECƏSİNDƏ ÇIXIŞ
Sayın Bakan! Sayın Başqan! Dəyərli qonaqlar!
Bu gecənin təşkil olunmasında böyük qeyrətlər göstərmiş Türkiyə Yazarlar
Sindikasına, gecədə iştirak etmək üçün xüsusi olaraq Ankaradan gəlmiş sayın bakana,
burda toplaşanların hamısına şükranlarımı, sevgilərimi və sayqılarımı sunarım.
Bu gecə Türkiyənin və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlandıqlarının
daha bir örnəyidir. Türkiyənin Azərbaycan üçün nə demək olduğunu bəlkə sonunacan
duymaq imkansızdır. Azərbaycan da, başqa türk məmləkətləri kimi öz istiqlaliyyətini qeyb
edəndən sonra Türkiyə Türk dünyasının yeganə baxımsız dövləti tək soydaşlarımız üçün
bir qürur və güvənc yeri, bir ümid çırağı, işığı çox uzaqlardan gəlsə də, bizləri isidən bir
məşəl idi.
Düz yetmiş beş il bundan öncə, 18-ci ilin elə bax bu mart günlərində Bakı
kommunası dövründə daşnakların əliylə Bakıda və başqa şəhərlərimizdə, kəndlərimizdə
minlərlə məsum, günahsız Azəri türkü vəhşətlə öldürüldü və xalqımız böyük qətlamın,
soyqırımının təhlükəsindən türk ordusunun yardımıyla qurtuldu. Sonrakı illərdə qəlbində
Türkiyəyə bu minnətdarlıq və sevgi hisslərini yaşatdığı üçün yüz minlərlə azəri qurşuna
düzüldü, güllələndi, həbsxanalara atıldı, Sibiryaya sürgün olundu, mənəvi təqiblərə və
təzyiqlərə məruz qaldı.
…Bu gün hörmətli dostumuz Oqtay Ağbalın - Ağabalanın əcdadlarının şəhəri
gözəllər gözəli Şuşamız düşmən əlindədir.
Mən bura - qan tökülən, matəm, yas içində inləyən, həqiqətlərini dünyaya duyura
bilməyən, yaxud dünya bu həqiqətlərini qəbul etmək istəmədiyi bir ölkədən, torpaqları zəbt
olunmuş, amma yenilməmiş və heç bir zaman yenilməyəcək bir məmləkətdən gəlmişəm.
Bu məmləkətin bu günü faciəlidir, amma bu məmləkətin böyuk keçmişi var və buna
inanıram, böyük gələcəyi var. Bu gələcək keçmişə də daha ədalətli və gerçəkçi qiymət
verəcəkdir, sanıram.
233
Totalitar rejimin 70 ilində çox şeylər itirdik, amma çox şeylər də qazandıq. XX əsrdə
Azərbaycan mədəniyyəti bəlkə də tarixdə çox az örnəyi olan bir əməliyyata məruz qaldı -
60 il ərzində əlifbamız üç dəfə dəyişdirildi və hər belə dəyişiklik keçmişlə indini
birləşdirən körpüləri yandırmaq deməkdi. Amma körpülər yandırılsa da Dünənlə Bu günü
bağlayan ip qırılmadı, bu ipin ucundan tutub ədəbiyyatımızı, sənətimizi, dilimizi
uçurumdan dartıb çıxardıq, yaşatdıq. Azəri türklüyumüzü dandılar, tariximizi tərs
yozdular, dilimiz basqılar altında qaldı, dözdük, çünki düzdük. Qaldıq və qalxdıq, çünki
xalqdıq.
Türklüyümüzü də unutmadıq, gerçək tariximizi də, dilimizi də. «Kitabi Dədəm
Qorqud» azəri xalqına yaddır, yabançıdır - dedilər, amma bunu deyənlərin adları belə
unudulmuş, Ulu Qorqud isə yeni nəşrlərdən, yeni araşdırmalardan, musiqi və rəsm
əsərlərindən, ekrandan, efirdən və səhnədən bu gün də bizimlə danışır. 37-ci ildə
Azərbaycan aydınlarının böyük qismi məhv edildi, amma onların əlindən düşən məşəli
qalanların ən layiqliləri, yeni nəsillər qaldırdı və mənəviyyat çırağımız heç zaman
sönmədi.
Yetmiş ildə Azərbaycan xalqı çox zülmlər çəkdi, amma elə bu yetmiş ilin içində bir
çox Doğu və Batı ölkələrinə örnək ola biləcək şeir və nəsr, musiqi, rəssamlıq,
heykəltəraşlıq, memarlıq əsərləri yaratdı. Zülmə qarşı dirənərək, müqavimət göstərərək
yaratdı, keçmişini yaşatmaq və gələcəyinə yol açmaq üçün yaratdı. Nə keçmişimizə
xəyanət etdik, nə gələcəyimizə. Ədəbiyyatımız, sənətimiz əski sovetlər Birliyinin ən
sayılan mədəniyyət sahələrindən biri oldu, Xalqlararası Sinema festivallarında mükafatlar
aldıq, vokal və piano ifaçılarımız Beynəlxalq yarışlarda zəfərlər qazandılar, çağdaş
musiqimiz dünyanın məşhur dirijorlarının təfsirində Avropanın, Amerikanın, Moskvanın,
Leninqradın-Peterburqun konsert salonlarında alqışlandı.
Nə yazıq ki, Türkiyədə bu qabaqcıl Azərbaycan sənətini, yumşaq desək, yetərincə
tanımırlar, bir az sərt desək az tanıyırlar və daha da sərt desək, heç tanımırlar. Hətta bəzi
çevrələr Azərbaycan kültürünə yuxarıdan-aşağı baxır, Azərbaycanı bir «Məşədilər
234
məmləkəti» kimi düşünürlər. Amma Azərbaycan Məşədi İbadlar məmləkəti deyil, «Məşədi
İbad»ı yaradan dahi Üzeyir bəylər məmləkətidir.
Paradoksal hal odur ki, Türkiyəylə əlaqələrimiz böyük təzyiq altında olduğu
dövrlərdə belə, hələ indini demirəm, Azərbaycanda biz Türkiyə ədəbiyyatını, Türkiyədə
Azərbaycan ədəbiyyatının tanınmasından daha çox, daha yaxşı tanıyırdıq. Əlbəttə, bu gün
çağdaş Turkiyə ədəbiyyatını, gözəl sənətlərini daha geniş tanımalı və tanıtmalıyıq. Eyni
zamanda Türkiyədə də Azərbaycan ədəbiyyatını daha dərindən bilməlidirlər, həm də bütün
çeşidlı yönləriylə, müxtəlif qolları, istiqamətləri, məktəb, üslub fərqləriylə bilməlidirlər.
Eyni kökdən olan, eyni milli qaynaqlardan qidalanan, eyni ruhdan doğulan bu iki
mədəniyyətin qaynayıb-qarışması mənəvi həyatımıza yeni rənglər, çalarlar gətirər və XXI
əsrin Böyük ortaq Türk sənətinin inkişafına yol açar.
Bilirəm ki, ortaq türk mədəniyyətindən bəhs edəndə Türkiyənin müəyyən
çevrələrində bunu irqçilik, turançılıq, macaraçılıq kimi anlar və bundan qorxarlar. Niyə
eyni və ya yaxın dillərdə danışan Latın Amerikası ölkələrinin mədəni inteqrassiyası, yaxın
təmasları, kültürlərinin iç-içə inkişafı - bu ədəbiyyatlara dünya miqyasında şöhrət
qazandırır, heç bir siyasi hegemonluğun kabusu kimi qavranılmır, yaxud ərəb
məmləkətlərinin sıx mədəni bağlantıları böyük ərəb imperiyasının təməli sayılmır, amma
türk xalqlarının, özəlliklə də bir-birinə ən sıx şəkildə yaxın olan Azərbaycan və Türkiyənin
mənəvi ünsiyyəti kimlərdəsə vahimə doğurur? Məncə bu cahillikdən doğan bir xofdur. Bir
zamanlar «Qobustan» adlı sənət toplusunda redaktor olduğum vaxt «çağdaş», «ayrıntı»,
«duyum» və bir neçə bu cür yeni sözlər işlətdiyimizə görə məni pantürkizmdə
suçlayırdılar. Elə o zamanlar əlimə keçən bəzi Türkiyə dərgilərində oxudum ki, bu tipli
yeni sözlərin Türkiyə türkcəsinə girməsini Moskvanın barmağı və kommunist təsiriylə
bağlayırlar. Onda başa düşdüm ki, çox şeyimiz ortaq olduğu kimi abdallarımız da ortaqdır.
Mən Türkiyədə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, sənətinə maraq göstərən
bütün insanlarla, təşkilatlarla, onların ictimai baxışlarından, siyasi meyllərindən asılı
olmayaraq, təmas qurmaq, iş birliyi yapmaq istəyirəm. Çünki mən bir politikaçı deyiləm,
bir ədəbiyyat adamıyam və qısa bir sürədə millət vəkili kimi siyasətlə məşğul olduğum
235
üçün yaxşı bilirəm ki, siyasət insanları ayırır, ədəbiyyat, sənət isə birləşdirir. Mayısın
sonuna qədər burada, İstanbulda olacam. Memar Sinan Universitetində Azərbaycan
ədəbiyyatından dərs deməyimlə öyünsəm də, buradakı ən böyük görəvimi, vəzifəmi, işimi
klassik və çağdaş Azərbaycan mədəniyyətini Türkiyədə daha geniş tanıtmaqda görürəm.
Bu yolda əlimdən gələni edəcəm və Sizin hamınızın da yardımlarına, dəstəyinizə ehtiyacım
var. Bu işdə yardımlarınızı əsirgəməyəcəyinizə inanır və diqqətinizə görə təşəkkür edirəm.
1993 mart
|