Milli Kitabxana
23
Q u l u. Yəni gündə hər səhər-axşam samovarı təzələyib xanım kimi altı-yeddi
istəkan salma çay içdiyini də yalan deyirəm.
N a b a t. Ağa, vallah, yalan deyir, inanma Quluya. Mən də sənin kimi gizlin,
gündə ocaqda yumurta bişirib yeyirəm?
Q u l u. Ağa. Nabat qəndi doğrayanda ciblərinə doldurur.
H a c ı M u r a d. Dayanın, kafir usaqları, siz mənim evimə quldurluğa
gəlmisiniz, mənim evimi tar-mar etmişsiniz. Mənim xəbərim yoxdur, bu saat sizin
divanınızı edəcəyəm.
Qalxıb istəyir ki, ağacına tərəf getsin, Qulu və Nabat qaçırlar. Hacı Murad da ayağının
ağrısından ufultu ilə yerə yıxılır.
Pərdə
İKİNCİ PƏRDƏ
Səhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvverdir, otağın pəncərəsi
bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib.
İmran isə gəzinir.
İ m r a n. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi
zülmə davam edib səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O
günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi,
pul ver həkim gətirim. Deyir həkim zad lazım deyil. İkicə gün ac qalsın sappasağ
olsun ayağa dursun. Hamı azar, deyir, yeməkdəndir. Az yesin, qanı da az olsun.
Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özgədən borc
alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, allahın belə
birəhm ata yaratdığına təəccüb edirəm.
G ü l z a r. İmran, bir ata ki qızını bu mal-dövlətlə on iki il bacı evində qoya ki,
xərc çıxmasın, daha ondan nə ummaq olar?
İ m r a n. Gülzar, əbəs yerə indiyə kimi ümid bağlamışıq.
G ü l z a r. Necə, atam sənə nə deyib?
İ m r a n . Nə deyəcək? Vaxtı ki, karvansaranı və dükanları satmamışdı,
oğlumsan və qızım da sənindir deyə məni əlindən buraxmırdı, amma elə ki, onların
hamısını satıb pul elədi və sandıqlara doldurdu, daha mənə ehtiyacı qalmadı. İndi
sözünü dəyişdirib deyir ki, mən heç vaxt öz qapımdakı nökərimə qızımı vermərəm.
Milli Kitabxana
24
G ü l z a r. Yəni bu sözləri özü dedi?
İ m r a n. Xeyr, sən azarlı olan vaxtı bazarda Hacı Qəhrəmanın dükanında
oturubmuş. Hacı Qəhrəman məni tərif edirmiş: deyirmiş ki, Hacı Murad, sən çox
xoşbəxtsən ki, İmran kimi kürəkənin var. O vaxtı, o da həmin cavabı vermişdi.
Bundan əlavə, özüm də görürəm ki, məni çox incidir ki, təngə gəlib gedəm.
G ü l z a r. Xudaya, ata-anaya ehtiram edib sevməyi övlada vacib etmisən. Mən
belə atanı necə sevim?
İ m r a n. İndiyədək mənim adım sənin üstündə olduğuna görə hər kəsin qabağı
alınmışdı. Bundan sonra buradan elçilərin ayaqları kəsilməz.
G ü l z a r. İmran, səhv edirsən. Belə iş olmaz. Cəmi şəhər bilir ki, mən sənə ad
olunmuşam, heç kəs cürət edib bu qapıya gələ bilməz.
İ m r a n. Gülzar, o səni mənə heç vaxt verməyəcəkdir. Onun fikri odur ki, səni
bir dövlətli adama verə ki, ondan nəfbərdar ola.
G ü l z a r. İmran, buna heç inana bilmərəm. Yəni atamın fikri odur ki, mənlə
alış-veriş edib qazanc eləsin?
İ m r a n. İnanmamağa haqqın var, çünki sən atanla az olmusan. Onu yaxşı
tanıya bilməzsən.
G ü l z a r. İmran, atam o qədər zalım ola bilməz. Bizim məhəbbətimizə rəhmi
gəlib bir-birimizdən ayırmaz.
İ m r a n. Gülzar, özün bilirsən ki, məni burada saxlayan məhz sənə olan
məhəbbətimdir. Amma bunu atana qandırmaq mümkündürmü? Onun məşuqəsi
puldur. Onun namazı sandıqdır ki, gündə beş dəfə durub baş çəksin. Onun Kəbəsi
mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. Gülzar, çox çəkməz ki, atan səni
bir dövlətliyə verməyi aşkar edər və heç bir qanlı göz yaşı onun qət etdiyini poza
bilməz. O vaxtı mənim ilə getməyə razısanmı?
G ü l z a r. Əlbəttə razıyam. Sənsiz mənə dirilik yoxdur.
Nabat daxil olur
N a b a t. Xanım, Dürrə xanım gəlib səni görmək istəyir. Gülzar və Nabat
çıxırlar.
İ m r a n (yalqız). Zavallı qız, çox böyük müsibətdir ki, atan ola, özün yetim
sayılasan. Dövlətin ola, kasıb kimi hər şeyə möhtac olasan.
|