Milli Kitabxana
315
onun məvacibini kəsməyirdi ki, şikayət etməsin. Sağalandan sonra bir şey
verməyib atamı küçəyə atdı. Məhkəməyə düşdülərsə də, nəticədə məhkəmə işi
zavod sahibinə tərəf kəsdi. Əlil atam aralıqda xırdavatçılıq edərək artıq əziyyət ilə
gündəlik çörəyimizi qazana bilirdi. Burada mən məktəbə daxil olub sonra "Maarif'
cəmiyyətinin yardımı ilə orta təhsil bitirərək Leninqrada getdim. Orada
darülfünunun tibb fakültəsinə girdim. Şahbaz bəy ilə görüşdük. Əski dostluğumuz
yenə təzələndi. O vaxt Şahbaz institutda memarlıq oxuyurdu. Məni Şahbaz bəydən
ayıran bir şey var idisə, o da sinif ayrılığı idi. Get-gedə bu ayrılıq dərinləşirdi. Mən
orta təhsillə oxuyan zaman bolşevik firqəsinə girmişdim. Buraya gəldikdə firqə
təşkilatında çalışmağa başladım. Bunu Şahbaz bilirdi. Bir dəfə bu barədə
mübahisəmiz oldu.
- "Kommunizm utopyadır" - deyə Şahbaz mən ilə bəhs etdi.
- Proletariat hökumət qurmağa qadir deyil, o vurar, dağıdar, bəlkə, də
padşahlığı yıxar, lakin üç gün də olsa hökumət apara bilməz...
- Nə üçün?
- ...Çünki tarixdə işçi-kəndli hökumət sürdüyü görülməmişdir.
- Görülməmişdir, indi isə görülər, - deyə mən cavab verdim.
- Sən bir çocuq kimi bəhs edirsən, - deyə Şahbaz hayqırdı.
- Şahbaz, hirslənmək lazım deyil, mənə məntiqli sübutlar gətir. Keçmişdə çox
şeylər görünməmişdi, indi görünür. "Tarixdə görünməmişdir, ona görə olmaz" bu
bir dəlil deyil ki, sən gətirirsən. Məncə, sən həqiqəti gizlədirsən, qəlbindəkini açıb
deməyirsən.
- Mən nəyi gizlədirəm? - deyə Şahbaz sordu.
- Sən hökm sürən bir sinfə mənsubsan, ağalıqdan düşmək istəməyirsən, mətləb
buradadır.
- Dogru deyirsən, fəqət mən fikrimi gizlətməyirəm; çünki aydın inanıram ki,
hökumət siz kommunistlərin əlinə düşsə, insanları böyük fəlakətə salacaqsınız. İş
silah gücünə gəlirsə, məni öz sıranızda yox, müqabilinizdə görərsiniz.
Bu bəhslərdən sonra mən Şahbazdan çəkilməyə başladım.
Bir gecə firqə yoldaşımızın mənzilində gizli müşavirə edirdik. Qəflətən qapı
döyüldü. Biz təşvişə düşdük, kim isə məni səslədi. Qapını açdıq. Şahbaz içəri girib
dedi:
- Tez olun kağızlarınızı tələf edin, jandarmlar gəlirlər...
Biz cəld kağızları sobaya atıb yandırdıq. Bir azdan sonra jandarmlar evi əhatə
etdilər. İçəriyə soxulub aramağa başladılar. Ələ heç bir şey düşmədi. Jandarmların
biri Şahbaza diqqətlə baxıb dedi:
Milli Kitabxana
316
- Bu studenti mən buraya gələn gördüm. Yəqin bunlara bizim gələcəyimi xəbər
vermiş.
Şahbazı tutub apardılar. Hərçənd əldə bir sübut yox idi, mən yenə təşvişə
düşdüm. Şahbazı bir gecə həbsdə saxlayıb buraxdılar. Mənim ilə görüşdükdə
gülərək dedi:
- Hökumət əleyhinə işləyənlər siz, həbsə alınan mən.
Bu ittifaq yoldaşlar arasında Şahbazın ehtiramını artırdı. Mən üçüncü kursda
olanda ata və anam vəfat etmişdi. Sağ qalan bacım Tahirə idi. O da ali ibtidai
məktəbi bitirmişdi. Onu hazırlaşdırıb özüm ilə Peterburqa gətirdim, mamaçalıq
kursuna qoydum.
Şahbaz Tahirəni tez-tez teatrlara, konsertlərə aparardı. Onun namuslu bir cavan
olduğu mənə məlum idi. Ona görə də bacım ilə gəzmələrinə mane olmazdım. Get-
gedə Şahbaz ilə Tahirə arasında məhəbbət törədi. Bunu bildikdə qorxuya düşdüm;
çünki bunların evlənməsi qeyri-mümkün idi. Hərgah Şahbazın özü və əmisi
Həsənqulu ağa da rəy versəydi, mən razı olmazdım. Ona görə Tahirəni ondan
ayırıb görüşməyini qadağan etdim. Bu İttifaq bizim dostluğumuzu pozdu. Tahirə
mamaçalıq kursunu bitirib vətəninə qayıtdı. Bu vaxt Fevral inqilabı başlandı. 4-cü
kurs tibb tələbələrinə şahadətnamə verib Almaniya cəbhəsinə göndərdilər.
Göndərilənlər sırasında mən də var idim. Cəbhədə əsgərlər arasında bolşevizm və
müharibəni yatırmaq propağandası apardığım üçün məni tutub həbsxanaya saldılar.
Oktyabr inqilabı məni həbsdən azad etdi. Sonra vətəndaş müharibəsi başlandı. Üç
il Sibirdə, axırda Cənub cəbhələrində Qızıl Ordu içərisində həkimlik vəzifəsini icra
edirdim. İyirminci ildə Qızıl Ordu ilə Azərbaycana daxil olduq. İyun əksinqilabi
üsyanda mən hərbi lazaretdə həkimlik, bacım Tahirə isə şəfqət bacısı vəzifəsini ifa
edirdi. Bacım Tahirə yoldaş Niyazi kimi həmin il bolşevik firqəsinə namizəd
olmuşdu. Bir gün yaralılara baxıb yenicə odama girmişdim ki, bir qədər istirahət
edəm, Tahirə daxil olub dedi:
- Yeni bir yaralı gətirmişlər, gəl bax.
- Yaxşı, get, bu saat gələrəm, - dedim.
- Xəstənin yarası ağırdır, hər dəqiqəsi xətərlidir, - deyə bacım yalvancı bir
nəzərlə üzümə baxdı.
Qalxıb getdim. Yaralı bihuş idi. Üzündən qan qaçıb meyit rəngini almışdı.
Yarasına diqqətlə baxdıqda xətərsiz bir yara olduğunu bildim, lakin xəstənin
bədəni qayət zəif idi. Yeni azardan durmuş adamın
|