BAX MƏN BUNA YOXAM
İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum
kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yolurmuşdu. Mənzilinə
qayıdarkən, rəfiqi Qulamgildə bir qədər dincini almağı və onun xəstə oğlunu
yoluxmağı qət etdi.
Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60-
70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü.
Qulam ilə salamlaşıb xəstə çocuğunun halını sordu.
- Mədəni hücum kampaniyanız nə cür keçdi? – deyə Qulam sordu.
- Çox gözəl və şənlikli keçdi, - deyə İbrahim cavab verdi. Doktor üzünü ona
çevirib dedi:
- Məncə küçələrə düşüb "çadra daloy" deməyin heç mənası yoxdur. Belə şeylər
öz-özünə məhv olub gedəsidir. Burada inqilab yox, təkamül yolu ilə getmək
lazımdır. Yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də,
xəta gələ bilər. O ki qaldı, papaq məsələsinə, bunda mən heç yoxam.
Ümumiyyətlə, bir tayfanın milli libasını dəyişdirməyi mən tarixi səhv hesab
edirəm, istər onu dəyişdirən dəli Petro olsun, istər Mustafa Kamal.
İbrahim:
- Möhtərəm doktor, - dedi, - fikrinizdən çox əskilik qoxusu gəlir! Mənim az
olmuş olsa, nəbatat elmindən bir qədər məlumatım vardır. Min ildən ziyadə
meyvəsi dəyməyən nəbat eşitməmişəm. Hərgah elə meyvə varsa, onun dəyməsi
çox uzun və bəlkə də müşkül olduğu üçün dərib heyvanlara atılması lazım gəlir. O
ki qaldı papaq məsələsinə, həkimlərdən papaq tərəfdarı olan şəxsi indiyə kimi
eşitməmişdim, biləks, onlar papağın zərərindən söyləmişlər...
- Yoldaş, onlar da sizin kimi mətləbə dərin, geniş və ətraflı baxmamışlar. Libas
hər torpağın təbiətinə görə yaranmışdır. Ərəbistanda - aba, əmmamə; Dağıstanda -
yapıncı, başlıq; bizim Azərbaycanda - siz deyən yosma papaq, çuxa. Həmin yosma
papaq - kəndlilərimizi yağmır vaxtı yağışdan, qış vaxtı qardan qoruduğu kimi, yeri
gəldikdə yastıq vəzifəsini də ifa edir. Bu papağı kepka və ya şlyapa ilə əvəz etmək
mümkündürmü? - deyə həkim, dəyərli məlumatını isbat etdi.
Qulam doktora cavab verərək:
Milli Kitabxana
327
- Nə üçün mümkün deyil, - dedi, - yay fəsli Muğan və Mil düzlərinin təndir
kimi üzü qarsan istisində yosma papağın altında tər çeşmə kimi axıb türk
kəndlilərini oda yaxarkən həmin yerdə malaqanlar yüngül güləş papaqla başlarını
günəşin yandırıcı şöləsindən mühafizə edirlər.
Doktor məsələyə ancaq praktiki tərəfdən yanaşırdı, onu da sübuta yetirə
bilməyirdi. İbrahim Qulama müraciətlə dedi:
- Doktor, papağın zərərini, kəsafətini bizdə ona bir "namus" və "müqəddəs"
kimi baxılmağı və ekonomiya cəhətincə kəndliyə əlverişli olmadığını unudub,
fəqət bir millətçilik nöqteyi-nəzərindən baxır...
Söhbətin bu yerində doktor saata baxıb:
- Yoldaşlar, söhbətimiz çox maraqlıdır, fəqət naxoşlar məni gözləyir, - deyə
ayağa qalxdı və xudahafiz edib getdi.
Bu vaxt Səlimə nənə podnosda üç stəkan çay içəri girdi.
- Xoş gəlmişsən, oğlum, çoxdan bəri bizi yad etməyirsən, - deyə Səlimə nənə
İbrahimi məzəmmət etdi.
- Səlimə nənə, şuğlum çoxdur, vaxt tapmayıram ki, gəlib səninlə söhbət edəm...
- Əlbəttə vaxtınız yoxdur... Gündə bir hoqqa çıxardırsınız... Bunu eşitdikcə
Qulam gülməyə başladı.
- Heç bu gün anamın başına gələn qəziyyədən xəbərin varmı?
- Səlimə nənə, nə olmuş? Söyləyiniz, - deyə İbrahim rica etdi.
- Nə söyləyim? Abır-həya çıxdı getdi...
- Səlimə nənə, bircə mənim bu yanımda otur, bu çayı da içə-içə mənə nağıl et,
görüm bu gün başına nə iş gəlmiş? Yoxsa sənin canına, bu saat durub gedərəm.
- Otur, otur, oğlum, söylərəm. Bu səhər uşaqlar üçün yumurta almağa dükana
getmişdim. Yumurtaları alıb çarşafımın ucuna bükdüm. Evə qayıdanda sizin
dəstələrə rast gəldim. Onlar yanımdan keçəndə bir dəcəl uşaq "çadra daloy" deyə
çarşafımı başmıdan dartıb yerə saldı. Yumurtalar çilik-çilik oldu. Ağzıma gələni
dedim. Hayasız adamlar da "çadra daloy", - deyə gülməyə başladılar...
Bunu eşitcək İbrahim qəhqəhə ilə gülməyə başladı. Qulam da ona qoşuldu.
Sonra Səlimə nənə dedi:
- Dediniz: padşah olmasın.
- Dedik: olmasın.
|