Milli Kitabxana
204
DÖRDÜNCÜ PƏRDƏ
Səhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa,
üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.
Q ə m ə r (məktubu əlinə götürüb). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv
edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda məlum olar. Yox,
özgənin məktubunu oxumaq qəbih şeydir. Qoy başını açıb oxuyum, onda məlum
olar, dalını oxumaram. (Məktubu paketdən çıxarıb oxuyur.) "Ey qəlbimin sultanı,
sevgili Çingizim!" Paho, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir.
Gərək oxuyam. (Oxuyur.) "Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan
çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, dəxi səbir edə
bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə
rəhmin gəlisin". Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən
mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə
bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə
imiş. Çingizə ah çəkdirən nə imiş. (Məktubu gizlədib kağız yazır.) Zöhrə xanım,
məktubu belə yazarlar, özü də şeir ilə.
Y a s ə m ə n (içəridən). Qəmər, Qəmər!
Q ə m ə r. Gəlirəm.
Gedir, Çingiz otaqdan çıxır, masaya tərəf gəlir, Qəmərin yazdığı kağızı əlinə götürür.
Ç i n g i z. Bunu kim yazmış. Qəmərin xəttinə oxşayır. Görüm bacım nə yazıb.
Deyəsən şeirdir. (Oxuyur.)
Ey gərdişi ədalı Şəmsi,
Ey fəzanın nazlı sultanı.
Kainatı şad edən sənsən,
Cahana nur verən sənsən.
Ziyan ilə yaşar.
Qəmə mübtəla Qəmər.
Ha-ha-ha...
Qəmər daldan gəlib kağızı onun əlindən dartıb alır.
Milli Kitabxana
205
Q ə m ə r. Başqasının məktubunu oxumaq qəbih şeydir. Belədirmi, bəradərim
Çingiz?
Ç i n g i z. Elədir, bacım Qəmər.
Q ə m ə r. Bəs nə üçün oxuyursunuz?
Ç i n g i z. Çünki məktub deyil, şeirdir. Şair şeir yazır ki, insanlar onu oxuyub
ləzzət aparsınlar, hissləri incələnib zərif olsun. Bacım Qəmər, bu şeirlərlə sən
ədəbiyyatımızda yeni bir cığır açırsan. Daha bundan sonra şeirdə nə qafiyə, nə
məna lazım deyil.
Q ə m ə r. Necə? Mənim şeirimdə məna yoxdur?
Ç i n g i z. Mən ki tapa bilmirəm. Bəlkə, özünüz o pünhan mənanı izhar
edəsiniz.
Q ə m ə r. Ey qəlbimin sultanı Çingiz, Qəmərin şeirinin mənasını anlamağa sən
hələ xamsan, püxtə olmağa çox səfər gərək...
Ç i n g i z. Qəmər!
Q ə m ə r. Bəli.
Ç i n g i z. Gözlərimə bax.
Q ə m ə r (onun gözlərinə baxarkən). Ah, bəradərimin gözləri nə gözəldir.
Şahin baxışlı. İndi o gözlərdə bir iztirab, bir həyəcan görünür. Fəqət gülümsünəndə
başqa lətafət, basqa məlahət... Ey bu gözlərə aşiq olan parlaq ulduz, Qəmər sənə
həsəd aparır.
Ç i n g i z. Ha-ha-ha...
Q ə m ə r. Bax belə, yoxsa qaşqabağını tökəndə üzün Cəbi lələnin
gülümsəməsinə bənzəyir.
Ç i n g i z. Qəmər, güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə.
Q ə m ə r. Oy, məndən nə çox böyüksən, heç hesab edə bilməyəcəyəm. Sən
məndən min səkkiz yüz saniyə böyüksən.
Ç i n g i z. Ha-ha-ha... Qəmər bu gün mən sənlə bacarmayacağam. Ona görə
rica edirəm bəndənizi əfv edəsiniz, buradan təşrif aparasınız. Mənə dərs oxumağa
mane olmayasınız.
Q ə m ə r. Çingiz, daha zarafatı buraxdım.
Ç i n g i z. Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm.
Q ə m ə r. Məsələn...
Ç i n g i z. Məsələn, irəlilərdə sən məndən heç bir şeyi gizlətməzdin, ürəyində
nə olsa açıb mənə söyləyərdin. Məndən gizlin bir sirrin olmazdı, indi isə onu
görmürəm.
Q ə m ə r. Mən də səndə təğyir görürəm.
|