Tıqqıldatma (Percussio). Sağlam şəxslərdə böyrəkləri perkussiya
etmək mümkün deyil, çünki böyrəklərin yerləşmə xüsusiyyəti və
həm də öndən böyrəklərin bağırsaq ilgəkləri ilə örtülü olması buna
mane olur (bağırsaq perkussiyada timpanik səs verir). Böyrəklər
həddən artıq böyümüş olduqda bağırsaq ilgəklərini kənara itələyir və
onda böyrək üzərində küt səs eşidilir.
Döyəcləmə simptomu böyrək xəstəlikləri haqqında daha çox
məlumat verir. Həkim sol əlini xəstənin bel nahiyəsinə,böyrəyin
proyeksiyasına qoyur və sağ əlin barmaqları və ya kənarı ilə qısa,
çox da möhkəm olmayan zərbələr vurur. Əgər xəstə bu zaman ağrı
hiss edirsə, onda döyəcləmə simptomu müsbət sayılır və əsasən
böyrəkdaşı xəstəliyi, paranefrit, pielonefritdə və s. müşahidə olunur.
Döyəcləmə simptomunun müsbət olması çox zaman böyrək xəstə-
liklərinin olması kimi səhv fikrə səbəb olur, çünki miozit, radikulit
və s. xəstəliklərdə də bu simptom müsbət ola bilər.
Perkussiya vasitəsilə sidik kisəsində sidiyin olub-olmaması, onun
ölçülərini təyin etməklə çox lazımi məlumat almaq olur. Bunu təyin
etmək üçün barmaq plessimetri qasığa paralel qoyub göbəkdən aşağı
getməklə ağ xətt üzrə perkussiya edilir.
Dinləmə (Auscultatio). Böyrək xəstəliklərində az istifadə edilir.
Amma böyrək arteriyalarının stenozu zamanı göbək səviyyəsində
qarnın yan tərəflərində və yaxud böyrək arterio-venoz fistulası
zamanı sistolik küyün eşidilməsi həkimin diqqətindən yayınmama-
lıdır.