ƏLÖVSƏT SADIQOV (22.12.1906-17.10.1970)
Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə
konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist
götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları
Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.
Əlövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn
Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq
Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy
Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa"
(Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad"
(Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.
Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.
Bakıda vəfat edən (17. oktyabr 1970) Əlövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Dostları ilə paylaş: |