AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ
KOMEDİYA TEATRI (1938 - 1949)
Operetta trupppası OBT-nin nəzdində olanda, 1938-ci il aprelin 5-dən 15-dək SSRİ-nin
paytaxtı Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirilib. Ongünlükdə Üzeyir
bəy Hacıbəyovun "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz", Reynqold Qlierin "Şahsənəm"
operaları ilə bərabər, Üzeyir bəyin "Arşın mal alan" operettası da göstərilib. Tamaşa Moskvada
böyük uğur qazanıb. Bu elə vaxt idi ki, teatrın operettaya meyilli aktyorları tədricən musiqili
komediya truppası kimi fəallaşmışdılar. Rus bölməsi isə Rus Musiqili komediya Teatrı kimi daha
müstəqil yaradıcılıq yolu tutmuşdu.
Moskvada musiqili teatr rejissoru ixtisasına yiyələnmiş Soltan Dadaşov bəstəkar Zülfüqar
bəy Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk
tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət
parkinda göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili
Komediya Teatrı" sözləri yazılmışdı. Əslində Azərbaycan hökumətinin 14 may 1941-ci il tarixli,
1937 saylı qərarı ilə Stalin prospektində yerləşən (indiki Neftçilər prospekti) "Oborona"
kinoteatrının (keçmiş "Fenomen") binası MKT-yə verilib. Bu teatrın az müddət məskunlaşdığı
Yəhudi Dövlət Teatrının binasına Azərbaycan Dövlət Kukla Teatrı köçüb.
1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə
teatrın fəaliyyət - iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya
Teatrı) funksiyası verildi. Teatr cari repertuarını saxlamaqla, bədii kompozisiyalar üzərində
işləməyə başladı. 1942-ci ilin aprelində isə "Aqitteatrın" nəzdində kiçik səyyar truppa ("Səyyar
teatr" da adlanırdı) yaradıldı. Həmin truppanın başlıca funksiyaları rayonlara getmək, hərbi
qospitallarda döyüş üçün hazırlıq keçən əsgərlər arasında təbliğati tamaşa oynamaq idi. Azərbaycan
Dövlət Aqitasiya Teatrı (afişalarda bu sözlərdən yuxarıda Azərbaycan Dövlət Musiqili Komediya
Teatrı yazılırdı) əksər vaxtlarda hərbi qospitallarda, əsgərliyə çağırış məntəqələrində çıxışlar edirdi.
Kollektiv bir il səyyar təbliğat teatr truppası kimi fəaliyyət göstərib. Dəstə yığcam alındığına
görə bəzi aktyorlar başqa teatrlara getməli olublar. Nəhayət, hökumət 29 avqust 1942-ci ildə təbliğat
teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə əmr verdi.
Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi. Fevral ayının 19-da
Üzeyir bəyin "Arşın mal alan" operettası yeni quruluşda repertuara daxil edildi. Avqustun 28-də
Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", sentyabrın 15-də isə Üzeyir bəyin "Məşədi İbad"
operettaları Şəmsi Bədəlbəylinin əsaslı bərpasından sonra tamaşaçılara göstərildi. İl ərzində Üzeyir
bəyin "Ər və arvad" operettası təzə quruluşda oynanılıb. Səttar Axundovun "Çətin dərə" (12 may),
Karlo Haldoninin "İki ağanın bir nökəri" (12 dekabr) komediyaları musiqili komediya janrında
işlənib tamaşaya hazırlandı. Əsilində hər iki tamaşa musiqisi çox olan komediya idi və operetta
janrının estetik prinsiplərinə cavab vermirdi.
ADMkT-yə 1943-cü ilin avqust ayında nasir-dramaturq, publisist, "Molla Nəsrəddin"
jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi. Teatrın afişa və proqramlarında, qəzet
elanlarında Mirzə Cəlilin adından sonra mötərizədə "Molla Nəsrəddin" sözləri də yazılırdı.
1943 - 1945-ci illərdə teatrda Mirzə Fətəli Axundzadənin eyniadlı məsxərəsi əsasında
"Dərviş Məstəli şah" (musiqi tərtibçisi Şəmsəddin Fətullayev. Quruluşçu rejissor Şəmsi Bədəlbəyli),
Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" (quruluşçu rejissor Şəmsi Bədəlbəyli), Fikrət
Əmirovun "Ürəkçalanlar" (libretto müəllifi Məmməd Səid Ordubadi, rejissor Şəmsi Bədəlbəyli,
rəssam Nüsrət Fətullayev, dirijor Şəmsəddin Fətullayev, rəqslərin quruluşçusu Qəmər Almaszadə),
"Toy kimindir?" (rejissor Həsən Əliyev, rəssam Gülməmməd Əliyev, dirijor Hacı Xanməmmədov),
"Beş manatlıq gəlin" (rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov, dirijor Hacı Xanməmmədov),
"Qızılgül" (rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov, rəqslərin quruluşçusu Əlibaba
Abdullayev, dirijor Süleyman Ələsgərov), Vladimir Dolidzenin "Keto və kote" (tərcüməçi Tələt
Əyyubov, rejissor N.Yediqarov, rəssam Nüsrət Fətullayev, rəqslərin quruluşçusu Əlibaba
Abdullayev, dirijorlar Aleksandr Lixovitski və Süleyman Ələsgərov), "Məşədi İbad" (rejissor Şəmsi
Bədəlbəyli, rəssam İsmayıl Axundov, rəqslərin quruluşçusu Əlibaba Abdullayev, dirijor Süleyman
Ələsgərov), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (libretto müəllifi Hüseyn Muxtarov, rejissorlar
Şəmsi Bədəlbəyli və Niyaz Şərifov, rəssam Nüsrət Fətullayev, dirijor Süleyman Ələsgərov) musiqili
komediyaları tamaşaya hazırlanıb.
"Məşədi İbad" tamaşası daha uğurlu olub. Rejissor və dirijor Üzeyir bəyin partiturasından
heç bir parçanı ixtisara salmamışdılar. Orkestrin heyəti də təkmilləşmişdi, əlavə musiqiçilər qəbul
olunmuşdu. "Məşədi İbad" operettasının yeni quruluşunda əsas partiyaları Aliyə Terequlova və Azər
Talıbova (Gülnaz), Kamal Kərimov (Sərvər) oxuyurdular. Xarakterik rollarda Əlihüseyn Qafarlı
(Məşədi İbad), Nəsibə Zeynalova (Sənəm), Əhməd Anatollu (Həsən bəy), Yusif Yusifzadə
(Həsənqulu bəy), Fateh Fətullayev (Rza bəy), Ağəli Məstanov və Əliimran Şirvanski (Rüstəm bəy),
Lütfəli Abdullayev (Hambal), Abbasağa Hüseynov (Qoçu Əsgər) iştirak edirdilər. Tamaşanın ən
canlı, şirəli və dinamik aktyor oyunu Əlihüseyn Qafarlıya, Nəsibə Zeynalovaya və Lütfəli
Abdullayevə məxsus idi.
1946-1949-cu illərdə müasir mövzular istiqamətində axtarışlar aparan teatr müəyyən
nailiyyətlər qazana bilib. Teatrın repertuarına 1946-cı ildə dramaturq Məhərrəm Əlizadənin və
bəstəkar Fikrət Əmirovun "Gözün aydın" (17 iyul. Rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov,
rəqslərin quruluşçusu Ələsgər Hənifəzadə, dirijor Süleyman Ələsgərov), 1947-ci ildə dramaturq
Süleyman Rüstəmlə bəstəkar Səid Rüstəmovun "Durna" (28 aprel. Rejissor Şəmsi Bədəlbəyli,
rəssam Əsgər Abbasov, dirijor Süleyman Ələsgərov, baletmeyster Ələsgər Hənifəzadə), 1948-ci ildə
Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" (30 dekabr. Rejissor Şəmsi Bədəlbəyli, rəssam
Əsgər Abbasov, dirijor Xəlil Cəfərov) musiqili komediyaları daxil edilib.
"Gözün aydın" tamaşasında maraqlı aktyor ansamblı seçməyə müvəffəq olmuş Niyaz Şərifov
əsas rolları Kamal Kərimova (Alay), Aliyə Terequlovaya və Nəcibə Behbudovaya (Sevgili), Əhməd
Səfayiyə (Əlimərdan), Nuriyyə Rəcəbovaya (Leyla), İbrahim Hüseynova (Fantanov), Abbasağa
Hüseynova (Səlyanski), Nəsibə Zeynalovaya və Cahan Talışinskayaya Nargilə), Lütfəli
Abdullayevə (Qəhrəman) tapşırmışdı. "Gözün aydın"ın 1957-ci il quruluşunda Mama obrazı
Gövhər, Fantanov surəti Tellon, Sevgili isə Gülər adlandırıldı.
Aliyə Terequlovanın ilhamla oynadığı açıqürəkii, şən və mehriban Durna obrazı aktrisanın
yaradıcılığına yeni əlvanlıq gətirdi. Vokalçı-aktyor Kamal Kərimovun partiyalarını şövq və aydın
səslə oxuduğu Aşıq Murad, Ağəli Məstanovun təbii cizgilərlə rəsm etdiyi Kərim kişi, Cahan
Talışinskayanın avazla oxuması ilə yumorlu oyunun ahəngdar vəhdətində yaratdığı Lalə "Durna"
tamaşasının dinamik, canlı və rəğbətlə qarşılanan obrazları idi. Əlihüseyn Qafarlı və Lütfəli
Abdullayev Dursun rollarında rejissorun səhnə təfsirinin üslub xüsusiyyətlərinə uyğun gələn ifa
tərzini tamaşa boyu qorumağa çalışırdılar.
"Ulduz" tamaşasında Bəxtiyar və Ulduz partiyalarını Kamal Kərimov (Bəxtiyar), Firəngiz
Şərifova və Aliyə Terequlova (Ulduz) musiqi və mətnin poetik vəhdətində ifa edirdilər. Tamaşanın
bütün komizmınin şəhdi-şirəsi, təravəti və canı isə Züleyxa və Məhəmməd duetində cəmləşmişdi.
Nəsibə Zeynalova ilə Lütfəli Abdullayevin ifasında bu duet tamaşanın ən həyati, koloritli obrazlarını
tamaşaçılara sevdirirdi.
1948-ci il sentyabrın 25-də teatrın Azərbaycan bölməsi İmre Kalmanın dünya şöhrətli
"Bayadera" operettasına öz repertuarında yer verdi. Operettanın mətnini dramaturq Sabit Rəhman
orijinala uyğun tərzdə tərcümə etmişdi. Tamaşanın quruluşunu Şəmsi Bədəlbəyli, bədii tərtibatını
rəssamlar Əsgər Abbasov və Mirra Panaliadi vermişdilər. Dirijor Süleyman Ələsgərov idi.
"Bayadera" tamaşası görkəmli səhnə ustaları, xalq artisti Abbasmirzə Şərifzadənin və SSRİ xalq
artisti Mərziyə xanım Davudovanın övladları, konservatoriyanın vokal sinifini yenicə bitirmiş gənc
aktrisa Firəngiz Şərifovanın parlaq istedadının yeni tərəfini üzə çıxartdı. O, baş rol olan Odettanın
partiyasını ifa edirdi. Tamaşada Nəcibə Behbudova (Marietta) və Əlihüseyn Qafarlı (Filipo) da
maraqlı obrazlar təqdim edirdilər.
Teatrın truppasının yaradıcı heyəti 1948-ci ildə aşağıdakı sənətkarlardan ibarət idi: direktor
və bədii rəhbər Şəmsi Bədəlbəyli, musiqi hissə müdiri Süleyman Ələsgərov, dirijorlar Süleyman
Ələsgərov və Hacı Xanməmmədov, baletmeyster Əlibaba Abdullayev (o, müqavilə ilə çox az
işlədi), rəssam Əsgər Abbasov, quruluşçu rejissor Niyaz Şərifov, rejissor Əsəd Cəfərov, balet
quruluşçusu Ələsgər Hənifəzadə.
A k t y o r 1 a r: Əlihüseyn Qafarlı, İbrahim Hüseynov (Şünasi), Ələkbər Hüseynzadə,
Lütfəli Abdullayev, Kamal Kərimov, Əhməd Anatollu (Səfərov), Ağəli Məstanov, Abbasağa
(Abbas) Hüseynov, Əliimran (Əli) Şirvanski (Dəmirov), Əliklənsur Quliyev, Semyon (Simon)
Aqaronov, Əhməd Səfayi (Əhmədov), Sənan Ağabəyov, Əlihüseyn Hüseynov, Əli Quliyev, İslam
Şərifov, Əlibala Şərifov, Kərim Kərimov, Ənvər Mahmudov, Kazım Zeynalov, Tofiq Qasımov,
Yusif Quliyev Gülağa Məmmədov.
A k t r i s a 1 a r: Aliyə (Alya da yazılıb) Terequlova Xalidə Hüseynova, Fəxrəndə Ağayeva
(Ağazadə), Nəsibə Zeynalova, Firəngiz Şərifova, Nuriyyə Rəcəbova, Azər (Azəri) Talıbova, Cahan
Talışinskaya, Elmira Axundova, Nina Mironova, Fizzə Seyidbəyova, Nəcibə Məlikova.
Teatrın rus bölməsi kollektivin fəaliyyət göstərdiyi on bir il ərzində müxtəlif tamaşalarla öz
repertuarını zənginləşdirib. Kollektiv 1939-cu ildə Boris Aleksandrovun "Malinovkada toy", Üzeyir
bəyin "Arşın mal alan", Ferents Leqarın "Şən dul qadın", 1940-cı ildə İmre Kalmanın "Monmartr
bənövşəsi", "Bayadera", "Silva", "Holland qız", "Sirk Kraliçası" ("Sirk şahzadəsi" adı ilə), Matvey
Blanterin "Amur sahilində", Aleksey Ryabovun "Kolombina" və "Soroçin yarmarkası", Anton
Rubinşteynin "Qarşılıqlı məhəbbət", 1941-ci il-də Valentin Valentinovun "Od möbidəsi", İmre
Kalmanın "Vətənə məhəbbət" (23 oktyabr), 1945-ci ildə "Borcianın bazubəndi", 1946-cı ildə
"Əngin dəniz", "Bir saatlıq sehrbaz", 1947-ci ildə Ferents Leqarın "Qraf Lüksemburq" və avqustda
Oskar Feltsmanın "Özgə qızı", 1948-ci ildə İsaak Dunayevskinin "Azad ruzigar", "Dənizdəkilərin
eşqinə", "Əyalət valisi", "Günəşli çiçək", Karl Tsellerin "Quşsatan", Ferents Leqarın "Qaraçı
məhəbbəti" ("Qaraçının eşqi" kimi də yazılıb), 1949-cu ildə Sidni Consun "Keyşa" operettalarına
quruluşlar verib. Teatr 1949-cu və 1956-1960-cı illərə qədər yay aylarından öz tamaşalarını
Ordubadi adına, Cabbarlı adına Yay teatrlarında və Yay bağında oynayıb. Bununla bərabər,
Muskomediya yay mövsümlərində Dağüstü, Nizami, Dzerjinski (İndiki Şuşa) parklarında da
tamaşalar göstərirdi.
1946-1948-ci illərdə teatrın rus bölməsi müstəqil Azərbaycan Dövlət Rus Operetta Teatrı
kimi qış aylarında Azadlıq (indiki Səməd Vurğun) küçəsində yerləşən Zabitlər evində, yay
mövsümündə isə müxtəlif yay teatrlarında tamaşalar oynayıb.
* * *
SSRİ hökumətinin qərarı ilə 1948-ci ilin sonlarından bütün dövlət teatrları özünü
maliyyələşdirmə (təsərrüfat hesabı) iş üsuluna keçdi. Azərbaycanda bir-birinin ardınca Şəmkir,
Şamaxı, Şəki, Qazax, Ağdam, Qapyagin (Füzuli), Ağdaş, Salyan, Sabirabad, Lənkəran, Qazax,
Zaqatala, Ordubad, Göyçay, Şuşa dövlət teatrları fəaliyyətlərini dayandırmağa məcbur oldular.
Azərbaycan SSR Nazirlər Sovetinin 25 may 1949-cu il tarixli, 613 saylı qərarı ilə Cəlil
Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da bağlandı. Rus Operetta
Teatrı isə Ordubadi adına Yay teatrı ilə birləşdi.
Aktyorlardan Lütfəli Abdullayev, Azər Talıbova, İbrahim Hüseynov, rəssam Əsgər (Ələsgər)
Abbasov AMDT-yə, Firəngiz Şərifova, Nəcibə Behbudova GTT-yə, Məmmədsadıq Nuriyev Gəncə
Dövlət Dram Teatrına, Əhməd Səfayi Göyçay teatrına (az sonra o teatr da bağlandı), Abbasağa
Hüseynov, Kamal Kərimov, Əlihüseyn Qafarlı Opera və Balet Teatrına keçdilər. Əhməd Anatollu
və Nina Mironova təqaüdə çıxdılar. Şəmsəddin Fətullayev konservatoriyaya təhsilini davam
etdirməyə göndərildi. Baletmeyster Ələsgər Hənifəzadə, Ağəli Məstanov və Əliimran Şirvanski
(Dəmirov) Xalq Yaradıcılığı Evinin, Azərbaycan Dövlət Filarmoniyasının, Aliyə Terequlova,
Nuriyyə Rəcəbova, Nəsibə Zeynalova, İslam Şərifov və başqaları İncəsənət İşləri İdarəsinin
sərəncamında qaldılar.
Dostları ilə paylaş: |