HAVANIN KONDİSİYALAŞDIRILMASI – Bağlı yerlərdə (bina
daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin
parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və
təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq,
avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin
yaradılması və onların avtomatik olaraq saxlanılması. H.k.
sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye
binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi
tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və
s.-də istifadə edilir. H.k. sistemi, əsasən, havanı tozdan təmizləmə,
qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun
parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə
təchiz edilir. H.k. üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.
Dostları ilə paylaş: |