Maddə 129. Maddi sübutların və digər əşyaların
saxlanılması
129.1. Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş
halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara,
müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa
verilə bilər.
129.2. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış
keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7
(yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan
dövlət bankına təhvil verməlidir:
129.2.1. qiymətli metallar və daşlar, mirvari, onlardan
hazırlanan zərgərlik əşyaları;
129.2.2. milli və ya xarici valyuta ilə nağd pullar, çeklər,
qiymətli kağızlar, istiqraz vərəqələri və lotereya biletləri.
129.3. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici
valyuta ilə nağd pul, həmçinin digər qiymətli kağızlar cinayət təqibi
üzrə icraatın materiallarında o halda saxlanılır ki, onların fərdi
əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir.
|