Maddə 127. Ekspertin rəyi
127.1. Ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş
elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə
əsaslanmış:
127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət
prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş
materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid
digər halların araşdırılmasına dair nəticələridir;
127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın
təsviridir.
127.2. Ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş
sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü
ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər
hallar ekspertin rəyində öz əksini tapmalıdır.
127.3. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya
məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət
prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün
halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə
razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır.
|